понедельник, августа 11, 2008

BUMLAR ÖLKƏSİNDƏ


BUMLAR ÖLKƏSİNDƏ
Və ya neftdən sönrakı bumlar dalğasında skafandrlı həyat

Yaxın gələcəkdə ölkədə növbəti bumun yaşanacağı gözləntisindəyik. Neft və qaz bumundan sonra inşaat və tikinti, ardınca kanalizasiya və ardınca digər bumun yaşanacağı təxminlərimiz arasındadır. Bunlardan kanalizasiya bumunun daha tez gələcəyi özünü daha qabarıq biruzə verməkdədir. Ölkədə davam etməkdə olan tikinti bumunun gətirməkdə olduğu kanalizasiya fəsadı siyasət və televiziyalarımız kimi (cüzi istisnalar xaric) ətraf mütitimizi və həyatımızı öz üfunəti ilə bəzəməkdə qərarlı görünür.
Müxtəlif ekspertlərin xəbərdaredici rəylərini nəcasət lüklarına pərçimləyən «tikintişniklər» artıq paytaxt əhalisini də hava nəqliyyatından istifadəyə də yönləndirməkdədirlər. Keşlə kollektorundakı partlayışdan sonra Nizami rayonundakı «8 km bazarı» adı ilə tanınan ərazinin kanalizasiya borusunun partlaması vətəndaşı buna lap həvəsləndirib. İş adamları və biznesmenlərin diqqətinə: gəlirlərini sürətlə artırmaq istəyirsənsə ayıq-sayıq ol, bu dönəmdən də faydalan. Gözlərini iri aç və diqqətlə oxu. Lider iqtisadi göstəricilərimizi və iqtisadi qanunları nəzərə alaraq tam əminliklə proqnoz verə bilərəm ki, ölkənin yaxın gələcəyində ən «xod gedən» mal skafandr (özü də suda və quruda yararlı olanı) və aksessuarları, həmçinin hava şarları olacaq.
Buna şəkk etsəniz növbəti dəlili də göstərə bilərəm: «tikintişniklər»in yorulmaz, gecə-gündüz fəaliyyəti nəticəsində yaranan toz bumu da dediyimiz nəsnələrin həyatımızdakı rolunu daha da artırır. Nisbətən imkansızlarımız yerdə skafandrla, bərk gedənlərimiz isə havada şarla dolaşacaq. Bu arada, əziz iş adamları və biznesmenlərimizə onu da xatırladım ki, bayır suları ilə mayalanaraq çıçəklənən paytaxtımızda düşmən bağrı çatladan 55 mərtəbələr, 35 mərtəbələr və digər bizim də bilməməli olmalı olduğumuz çoxlu göydələnlər ucalacaq. Bir düşünün, hələ yaxın keçmişdə paytaxtın baş memarları siyasi üzaqgörənlikdən məhrum qaldıqlarından şəhərin baş planını hazırlayarkən bu günlərimizi düşünməyiblər. Məsələn, 800-1000 mm-lik borular əvəzinə 1600-2000 mm-lik borularla baş plan işləsəydilər indi skafandr bumunu yaşamaq gərəkməzdi.
Haydı, vətəndaş, sürətli iqtisadi uğurlarla skafandrlı yaşama doğru! Ura!Ura! Ura!

Allah amanında!

Mehdi Fərəc

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: