Bu gün başlarına sığal çəkib alnından öpdüyümüz uşaqlar sabahın yeniyetməsi, gənci, kişiləri və qadınlarıdır. Deməli gələcək onlarındır. «Uşaqlar bizim gələcəyimizdir» deyimi bu mənada son dərəcədə diqqətəlayiqdir. Gələcəyimizin necə olması bizim bu uşaqlara verəcəyimiz tərbiyədən asılıdır. İşıqlı sabahların, nurlu gələcəyin olması üçün ən ümdə məsələ - uşaqlara verdiyimiz TƏRBİYƏDİR.
...Elə Ələmdar dayı ilə söhbətimiz də bu mövzuda oldu. Biz uşaqların səs-küyünə küçəyə çıxmışdıq.Uşaqlardan bir az sakit olmalarını xahiş etdik. Uşaqlar da xətrimizə dəyməmək üçün "oldu" dedilər. Amma yenə həmin səslər, həmin "part-part"- lar. İnsafən uşaqlardan bir neçəsi bu hay-küyə qoşulmur, hətta dostlarına böyüklərə qulaq asmaq məsləhətini verirdilər. Yaxınlığımıza düşən "part-part"-ın səsi Ələmdar dayıya heç də xoş təsir bağışlamadı və başını qaldırıb mənalı baxışlarla uşaqdan soruşdu: «Ay bala sən kimin oğlusan?».
Ələmdar dayıya sanki təsəlli verirmiş kimi dilləndim: «Hələ uşaqdır, böyüyəndə düzələr». Ələmdar dayı dərindən köks ötürüb dilləndi: «Ay oğul, uşaq oynamaqla nəfəs alır. Oynamaq uşağın həyatının bir hissəsidir. Bəlkə də mən onların haqqını pozdum. Düzü uşaqların belə böyüməsinin günahını mən həm valideyndə, həm də televizorda, məxsusən uşağa aid olmayan o kinolarda görürəm.Düzü o kinolar böyüklərə də aid deyil. Azərbaycan kişisi, müsəlman kişisi gərək başqasının da qeyrətini çəksin, oğul».
Dedim «Ay Ələmdar dayı, radio, televizor həyatımızın bir hissəsidir. Uşaqlar da hər gün kompüter oynamasalar rahat olmurlar,axı KOMPÜTER ƏSRİDİR». Ələmdar dayı qayıtdı ki, «Ay oğul televizorda indi uşağa aid nə var ki, uşaq gecə kriminala baxıb, səhər ağlayır ki mənə avtomat alın. Nə deyim, belə filmə baxan uşaq böyüyəndə yer üzünə qənim kəsilir axı! Bir də görürsən okeanın o tayından gəlib, okeanın bu tayındakı dinc insanların külünü göyə sovurur».
Televizordan danışdıqca bu dünya görmüş ağsaqqalın sanki dərdi təzələnirdi. Deyir «oğul, mən Allah adamıyam. Peyğəmbərimiz buyurub ki, qohumları tez-tez yad edin. Mən də bu sözü əziz tutub getdim bir qohumum var onlara. Amma getməyimə də peşman oldum. Gördüm ki, uşaq, böyük hamı yığışıb televizorda filmə baxırlar. Film, nə film! Deyirəm o televizorda "oturanlar" nə ağılla belə filmi efirə verirlər! Evin sahibinə dedim ki, «Ay filankəs, sənin evində axı qız uşağı var! Kişi sözümü başa düşdü, rəngi dəyişdi. Amma anası dilləndi ki,"müasirlikdi"».
Ələmdar dayının səsi titrəyirdi: "Oğul qeyrətimizi əlimizdən alırlar. Biz bu filmlərlə, bu tərbiyə ilə Vətəni qoruyacağıq, yoxsa Qarabağ azad edəcəyik?!". Düzü Ələmdar dayının sözləri ilə razı olmaya bilməzdim. Çünki televiziyada yayımlanan namünasib filmlər uşaq psixologiyasında, uşağın tərbiyəsində güclü mənfi təsirlər qoyur.
Söhbətimizin bu yerində məhəllədə hamının çox istədiyi Cəfər Sadiq adlı bir oğlan əlində məktəb çantası bizə yaxınlaşdı salam verdi. Salamın cavabını verib, Ələmdar dayı əyilib uşağın alnından öpdü. «Allah səni adına layiq böyütsün» - söylədi. Uşaq bizə "Allah amanında" deyib evə yollandı. Uşağın bu nəzakəti Ələmdar dayının əvvəlki gərginliyini aradan götürdü. Ələmdar dayı üzündə təbəssüm halda söhbətini davam etdirdi: «Hə oğul, əvvəlcə gərək uşağa yaxşı ad qoyasan, bax elə bu Cəfər Sadiq kimi. Bu uşağın atası ilə yaxın dostam.Uşağın nəyi oxumasına, nə oynamasına, televizorda nəyə baxmasına şox ciddi nəzarət edir. Ancaq uşaq filmlərinə baxmağa icazə verir, idman verlişlərinə baxmağa həvəsləndirirlər. Atası dini kinolar gətirəndə məni də çağırırlar. Bizim millətin ruhiyyəsinə uyğun kinolara, filmlərə ailəliklə baxırlar. Sonra filmin müsbət və mənfi cəhətlərini müzakirə edirlər. Atası qəti icazə verməz ki, uşaq qətl, oğurluq, cinayət törədən səhnələrə baxsın. Çünki uşaq seyr etdiyi səhnənin "qəhrəmanına" oxşamaq istəyir. Düzü valideynləri deyir ki, biz uşaqlarsız da elə filmlərə baxmırıq. Çünki uşaq valideyninin baxdığı filmə daha çox meyl edir. Uşaqların tərbiyəsində çox ciddi olmaq lazımdır.Yoxsa bu televizorlar, bu komputerlər düzgün istifadə edilməyəndə uşaqlara...». Ələmdar dayı sözünə ara verib – «...ay bala nəinki uşaqlara, elə böyüklərə də mənfi təsirlər qoyur!».
Ələmdar dayı «namazın vaxtıdır» - deyib mənimlə sağollaşdı. Amma hiss olunurdu ki, deyiləsi sözü cox idi.
Ələmdar dayının dedikləri real həqiqətlər idi. Bu gün televiziyada verilən verlişlər, filmlər çoxlarını narahat etsə də, bunun fərqinə varan, uşaqların televizora baxmağına ciddi nəzarət edənlər azdır. Kompüter və texnologiyalar əsridir. Bunlara yiyələnmək vacibdir. Amma yiyələnməyin keyfiyyəti barədə düşünmək gərək. Vətənə layiqli övladlar təhvil vermək üçün çalışmaq gərək. Uşaqlarımızın düzgün tərbiyələnməsi mövzusunda Ələmdar dayı bir çox mətləblərə işarə vurdu. Elə isə uşaqlarımızı elə tərbiyələndirək ki, hər yerdə bizə baş ucalığı gətirsin. Axı uşaq ailənin aynasıdır.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Təbiət Hüseynov
Təbiət Hüseynov
2 комментария:
Maraqli uslubda yazilib ve maraqla oxunur. Meqalenin mezmunu meqalenin adinin yukunu dashiyir.
Meqale xususi bedii uslubda yazilmishdir.Qenaetbexsh hesab etmek olar.
Отправить комментарий