вторник, июля 22, 2008

davamı








Milli Mətbuat Günü

«Dəyərlər» Dini Jurnalistika Məktəbi Milli Mətbuat Gününü
E.Hüseynovun və N.Nəcəfovun məzarlarını ziyarətlə qeyd etdi
Milli Mətbuat Gününün 133-cü ildönümünü «Dəyərlər» Dini Jurnalistika Məktəbi milli mətbuatımızın bugünkü inkişafında əvəzsiz töhfələri olan simaların ziyarəti ilə qeyd etmişlər. Məktəbin 30-dan artıq dinləyicisi «Monitor» jurnalının baş redaktoru, qələm şəhidi Elmar Hüseynovun və Azərbaycan mediasının inkişafında misilsiz rolu olan Nəcəf Nəcəfovun məzarlarını ziyarət etmişlər. Hacı İlqar İbrahimoğlu buradakı çıxışında, o cümlədən, bildirmişdir: «Bu gün Azərbaycan insanı üçün mühüm və əlamətdar bir tarixdir. Və vurğulamalıyıq ki, 133 illik rəsmi mətbuat tarixinə malik olan bir xalqın öz gələcək perspektivlərinə daha nikbin baxmağa haqqı var. Çox təəssüflər olsun ki, bu il Mətbuat günü hələ də həbsdə jurnalistlərin olduğu bir şəraitdə qeyd olunur».
Sonra «Dəyərlər» qəzetinin redaksiyasında «Milli mətbuatımızın bu günü» mövzusunda müzakirələr keçirilmişdir. Müzakirələrdə ölkə mediasının qarşısında duran vəzifələr, mövcud prolemlər, inkişaf perspektivləri ətrafında rəy mübadiləsi aparılmışdır.
Tanınmış publisist və ekspert Zərdüşt Əlizadə tədbirdə «Azərbaycanda milli mətbuatın formalaşması və inkişafı prosesi» mövzusunda mühazirə oxumuşdur.
Tədbir, çay süfrəsi arxasında yekunlaşmışdır.
Xatırladaq ki, İmam Sadiq (ə) adına Azərbaycan İslam Akademiyasının nəzdində «Dəyərlər» Dini Jurnalistika Məktəbi İçərişəhər «Cümə» məscidinin dini icması, DEVAMM - Dini Etiqad və Vicdan azadlıqlarının Müdafiə Mərkəzi və Azerbaijan Islam News (www.deyerler.org) tərəfindən təsis edilmişdir.

Xəbər xidməti






воскресенье, июля 13, 2008

XEYLİ ZAMANDAN BƏRİDİR

Haqq dilimin əzbəridir, xeyli zamandan bəridir,
Xeyli zamandan bəridir, xeyli zamandan bəridir.

Əzbər olubdur dilimdə xoş, şirin sözüm Bakımız,
Dövlətin vuran ürəyi ay canım, gözüm Bakımız,
Kimsə bilirmi görəsən bəs nədən bizim Bakımız
İndi fəsad məzhəridir xeyli zamandan bəridir.

Müşkülə səbr eyləməyə taqətimiz çoxdu bizim,
Torpağımızla neftimiz, sərvətimiz çoxdu bizim,
Bizdə qalıb kimin gözü dəvətimiz çoxdu bizim,
Gəl, yenə kim müştəridir xeyli zamandan bəridir.

Arxayın etdin ki, məni sən, bunu dərd eyləməyim,
Torpağı zəbt eylədi düşmən, bunu dərd eyləməyim,
Siz bunu dərd eyləməyin, mən bunu dərd eyləməyim,
Bəs bu kimin dərd-səridir xeyli zamandan bəridir.

Keyfə istirahətə get, fikr eləmə zərrə qədər,
Lövbər ata bilməz axı siz tərəfə qüssə - kədər,
Bircə dəfə bax kasıba, ömr eləyir gör nə təhər,
Bir sümükdü, bir dəridir xeyli zamandan bəridir.

Ta unudandan Onu bu, bu unudubdur özünü,
Dil deyə bilmir sözünü, nəfsi deyir öz sözünü,
İştaha bəh-bəh eləyir, heç çəkə bilmir gözünü,
Hey yeyir, sökür, əridir xeyli zamandan bəridir.

Hey yedin, içdin demədin qonşu qalıb qəmdə mələr,
Vecinə də olmadı heç, baş verir ətrafda nələr.
Gizlin olanlar açılar, məhşərə birlikdə gələr,
Kim ki, kimin yavəridir xeyli zamandan bəridir.

Gər toxumun Sən səpəsən, bəhrəsi düzgün yetişər,
Elmi - kəramət bağının meyvəsi üstün yetişər.
Hiyləgərə hiylələri şahid olan gün yetişər...
Şahid əməl dəftəridir xeyli zamandan bəridir.


Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi







суббота, июля 12, 2008

Zəfər ordusu

Həzrəti Əli (ə) Malik Əştəri Misirə hakim təyin etdiyi fərmanında buyurur: "Ordu Allahın izni ilə xalqın qalası, valilərin zinəti, dinin qüdrət və izzət mənbəyi, əmin-amanlıq vasitəsidir. Xalq yalnız ordu mövcud olduqda öz ayağı üstə dayanar".
Əmirəlmömininin (ə) mübarək kəlamı ilə yazıya başlamğımın səbəbi Ordumuzun yaranmasının 90 illiyi bağlı keçirilən hərbi parad oldu. O gün Azadlıq meydanında keçirilən hərbi parad yəqin ki, çoxlarınızın diqqətindən yayınmadı. Elə mənim də. Mavi ekran qarşısında əyləşib ordumuzun qüdrətinə tamaşa edirdim. Əsgərlərimiz tribunanın qarşısından elə mehriban addımlayırdılar ki, hiss edirdin ki, bu keçən qoşun hissələrində daha "dedovşina", nə bilim "molodoy", "dembil" kimi söhbətlər yoxdur. Sizə zarafat gəlməsin, ordunun qüdrəti onun top-tüfəngi yox, vətənpərvər ruhunun olmasındadır.
Hərbi parad qüdrətli orduya malik olmağımız üçün keçirilsə də, bunu müxtəlif cür izah edənlər də oldu. Kimisi bu təntənənin vətənpərvər ruhun olması kimi dəyərləndirsə də, bəziləri bu təntənəni düşmənə xox kimi anlatmağa çalışdılar. Bu yerdə hərbi texnikanı təqdim edən diktorun titrək səsi isə sanki Xankəndindən səslənirdi. Təyyarələrimizin, tanklarımızın hətta motosikllərimizin düşmənə aman vermədiyini deyən diktorun ahəng səsi mənə Qarabağın azadlığı gününü xatırladırdı.
Mənim üçün maraqlı görüntülərdən biri isə qızıl şahinlərimizin Bakı səmasında Azərbaycan bayrağının şəklini təsvir etməsi oldu. Təyyarəçilərimizlə bağlı diqqətimi çəkən daha bir məqam isə pilotumuzun səmada hansı hərəkəti yerinə yetirəcəyini müdafiə nazirinin əli ilə işarə etməsi idi ki, pilotumuz da o an həmin traektoriyanı səmada cızmış oldu.
Torpaqlarının 20%-dən çoxu işğal olmuş məmləkətin qüdrətli orduya malik olması zamanın tələbidir. Hamımızı narahat edən isə biz hərbi paradımızı seyr edərkən düşmən Azərbaycanın işğal olunmuş ərazilərindən işğal olunmamış ərazilərimizi hədəfə götürməsi idi. Bu arada isə Bakıya «sülh göyərçinləri» qanad açmışdı. ATƏT-in təmsilçiləri yenə də öz "optimist" fikirlərini sırımaqdaydılar. Düzdür onlar hər dəfə Bakıya yeyib-içməyə gələrkən ortada mühüm işlər gördüklərin diqqətə çatdırırlar... Guya ki, ortada hansısa prinsip var və bunlar çalışır ki, bu prinsip reallaşsın.
Artıq Azərbaycan xalqı bu kimi cəfəngiyatlara inanmır.
Azərbaycandan Yerevana, Yerevandan isə Xankəndinə gedən "optimist" həmsədrlər Azərbaycan sərhədlərinə hörmətsiz yanaşmaqla bərabər, düşmən dəyirmanına su tökməklə məşğuldur. Gəlin inanaq ki, Qarabağın müdafiəsinə nəzarətini itirən müdafiə nazirinin şəhadət barmağı bir gün "optimist" həmsədirlərin başları üstündən Xankəndi səmalarına tuşlanacaq və o zaman qizil şahinlərimiz üç rəngli bayrağımızı Dağlıq Qarabag səmasında təsvir edəcəklər. Elə isə Zəfər Bayramı üçün dua edək!

Təbiət Hüseynov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



İnam açlığı

Bismilləhir-Rahmənir-Rahim!

Salam əziz dostlar. Bu günlərdə futbol üzrə Avropa çempionatında nələrin baş verdiyinin hamımız şahidi olduq. Məqsədim bununla əlaqədar vətənimizdə baş verənlərdir. Nə müşahidə etdik biz? Biz gənclərin bir yerə toplanıb gecə səhərə kimi küçələrdə hayqırışlarının şahidi olduq. İctimai asayişi pozmaqlarına görə cəzalanmaqdan qorxmadan və bunu gözləmədən hisslərini izhar edirdi gənclər. Bir-birlərini tanımayan, hətta bir-birilərini öncədən heç görməyənlər belə yad kimi baxmırdılar bir-birilərinə. Düşünmürdülər: “Allah bilir nə yuvanın quşudur” bir-biri haqda. Fərqi yox idi, hansı bölgədəndir, rayondandır, şəhərlidir və ya kəndli, qaçqındır ya yerlidir ordakılar. Yox idi orda aranlı, dağlı, bağlı. Orda ancaq bu torpaqların yetişdirdiyi vətən övladı, müsəlman, azərbaycanlı var idi. Eyni tərəfdə, eyni cəbhədə görürdü hamı bir-birini, polisi də, vətəndaşı da. Tam başqa ab-hava var idi orada, eyni hisslər, duyğular. Getmişdi aradan xof, qorxaqlıq. Gəlmişdi birlik, qardaşlıq. İmperiyaları silkələyən qəhraman xalqın ətri gəldi bir anlıq.
Aclıq biruzə verdi özünü bu günlərdə ölkəmizdə. Mənəvi aclıq idi bu aclıq. Ruh yüksəkliyinə aclıq idi bu aclıq. Susamışıq inama, səmimiyyətə, birliyə. Həqiqi inkişaf fonuna, bərpa edilib inkişaf edən iqtisadiyyata, dirçələn sənayeyə, öncədən olan zavodların, fabriklərin yeni texnoloqiya ilə bərpa edilib işləməsinə, ətrafında şəhərlər salınan yeni istehsalat müəssisələrinin salınmasına, idxalın minimuma endirilib, tərkibində təbii sərvətlərin, xam-malın miqdarı cüzi olan ixracın maksimuma yüksəlməsinə, korrupsiyanın, rüşvətxorluğun sərt cəzalandırılmasına, məmurların xalqa xidmət missiyalarını yerinə yetirməsinə, orduda rabitənin təminini həyata keçirmək üçün xususi olaraq ayrılmış güclü mobil operatorunun mövcudluğuna və bu kimi işlərə acımışda millət. Və bunların fonunda yüksəlmiş inama aclıq duyuldu bu günlərdə.
Nədən belə cılızlaşmışıq biz? Bu yaltaqlıq, bu qorxaqlıq, bu ikiüzlülük, bu süstlük hardan yoluxduruldu bizlərə? Bəlkə alınan maaşla aylıq xərclərin fərqliliyi bizi belə eyləyib? Bəlkə şəxsiyyətin ikiləşməsidir səbəb buna? Nədir bunun əlacı? Qarabağ! Bəli, ancaq cəng meydanında çalınan qələbələr, şəhidlərin pak qanları dirildər bizləri. Çıxacaq ortaya həqiqi əsgərlər. Yaranar inam. Bərpa olar bu ab-hava. Ayılacaq xalqımız. Əzəcək millətimiz yağı düşmənlərin başını. Ölülümdən qorxmayan bir xalqı nə ilə qorxutmaq olar?! Kölə olmaz birdə bu xalq düşmənə! Azadlığı, hürrlüyü yenə dadarıq, İNŞAALLAH!

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, июля 11, 2008

Azərbaycan Demokratik Cümhuriyyətinin İslam ordusu

26 iyun Azərbaycan Respublikası Silahli Qüvvələri günüdür və dövlət səviyyəsində bayram kimi qeyd edilir. İtirilmiş torpaqların hələ də geri qaytarıla bilməməsi ağır olsa da, tarixə nəzər salsaq görərir ki, doğrudan da xalqımızı bu tarixlə bağlı təbrik etməyə dəyər, çünki bu xalqın şərəfli, ləyaqətli, dəyərli oğulları bu yolda hər bir şeylərindən keçiblər və buna nail olub, bizlərin azad yaşamağımız üçün zəmin yaratmışlar.
Bu tarixi yola qısa bir nəzər salaq. Zaqafqaziya Seyminin sonuncu iclasından 2 gün sonra yəni 1918-ci il mayın 28-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan olundu, Milli Şura tərəfindən "İstiqlal Bəyannaməsi" qəbul edildi. Beləliklə də bütün Şərq, türk və İslam dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika quruluşu yaradıldı. Bu dövrdə Milli Şuranın sədri M.Ə.Rəsulzadə, ilk hökumət başçısı Fətəli Xan Xoyski, və digər görkəmli şəxsiyyətlər Həsənbəy Ağayev, Mirhidayət Seyidov, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Məmməd Həsən Hacınski və başqalarının səyi nəticəsində müstəqillik əldə edilmişdir.
Müstəqilliyimizi ilk tanıyan Türkiyə oldu və iyunun 4-də sülh və dostluq müqaviləsinin imzalanması ilə Nuru paşanın başçılığı altında Azərbaycana gələn türk ordusu buradakı könüllülərin iştirakı ilə "İslam Ordusu" adı altında nizami qoşun hissələri yaratdı və düşmənlərlə mübarizəyə başladılar.
Milli hökumətin qarşısında duran ən vacib tədbirlərdən biri ordu quruculuğu idi. Milli ordunun yaradılması müxtəlif çətinliklərlə müşayiət olunurdu. Çarizm dövründə müsəlmanları orduya çağırmır, əvəzində "can vergisi" alırdılar. Bu isə hərb işinin yadırğanmasına səbəb olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk dövrdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstədən ibarət idi.
Hökumət 1918-ci il iyun ayının 19-da respublika ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da Müsəlman korpusu, müsəlmanlardan ibarət "Əlahiddə Azərbaycan korpusuna" çevrildi. Artıq Türk ordusu da geri çağırılmış, yalnız könüllü türk zabitləri milli hərbi kadr yetişdirmək üçün qayıtmışdılar.
1918-ci il dekabr ayının 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman bəy Sulkeviç baş qərərgah rəisi təyin edildilər. Hökumət 1919-cu ildə 25 minlik ordu yaratmaq vəzifəsini irəli sürdü. Dövlət büdcəsinin 24 faizi bu məqsəd üçün sərf edildi. Oktyabr ayının 27-də üç hərbi məktəb yaratmaq məqsədi ilə hərbi nazirliyin sərəncamına 50 min manat vəsait ayrıldı.
1919-cu ilin yayında Azərbaycan Xəzər Donanması yaradıldı.
Həmin illərdə qırmızı ordu və erməni daşnaq orduları bir neçə dəfə məğlubiyyətə uğradıldı. Həmçinin Əsgəran döyüşündə və Qazaxdakı hərbi əməliyyatlarda daşnaq dəstələri tamamilə darmadağın edildilər.
Milli Ordunun və hərbi donanmasının formalaşması prosesi 1920-ci ilin əvvəlləri üçün əsasən başa çatdı. 40 min nəfərlik nizami ordu yaradıldı. Onun 30 mini piyada, 10 mini süvari idi.
Azərbaycan ordusunun qarşısında duran ən ağır problemlərdən biri atıcı (odlu) silahların çatışmamazlığı idi. Orduda istifadə olunan silahların çoxu 1917-18-ci ilin əvvəllərində Rusiya hərbi anbarlarına hücum və rus alaylarının tərkisilah edilməsi vasitəsi ilə ələ keçirilmiş, eləcə də osmanlı və ingilis ordusununun gedən zaman təhvil verdikləri silahlar idi. Gürcüstanla bağlanmış müqavilə əsasında oradan silah aldıqdan sonra ordu atıcı silahlarla 65 % təmin edilmişdi. General Denikin tərkisilah edildikdən sonra bütün hərbi hissələrdəki ştatlar silahla təmin edilmiş, anbarlarda silah ehtiyatı yaranmışdı.
Azərbaycan ordusunda istifadə olunmuş silahlar :
Tüfənglər: «Mauzer» - Türkiyə; «Lebel» - Fransa; «Arisaka 38» - Yaponiya; «Manlixer» - Avstrya-Macarıstan; «Mosin» - Rusiya; «Berdan-2» piyada tüfəngi - Rusiya.
Pulemyotlar: Göyyçay döyüşündə Azərbaycan dəstələri tərəfindən 21 pulemyotdan istifadə edilmişdir. 1920-ci il ştat cədvəlinə görə hər piyada taborunda bir pulemyot bölüyü, hər bölüyün 48 döyüşçüsü, 8 pulemyotu olurdu. Süvari hissələrdə nisbətən yüngül olan "Lyuis" və "Kolt", piyada hissələri isə "Maksim" pulemyotları ilə silahlanmışdı.
Soyuq silahlar: 1913-cü il nümunəsi draqun qlıncı; 1913-cü il nümunəsi süvari qılıncı; 1913-cü il Qafqaz növlü zabit şaşqası.
Artilleriya baxımından isə müxtəlif növ toplardan ibarət divizionlar, bir neçə zirehli maşın, bir zirehli qatar var idi. Bundan əlavə, bir dirjabl və aeroplan varidi.
23 ay yaşamasına baxmayaraq, ADR belə qısa bir müddətdə öz ordusunu yaratdı, silahlandı və demokratik quruluşu ilə Qərbin ən demokratik sayılan ölkələrinin təəccübünə səbəb oldu. Lakin beynəlxalq satqınlıq nəticəsində azadlığı boğuldu və qəsb olundu. Amma qəsb olunsa da, həqiqi azadlığın, doğru əqidənin nə oldunu dərk etdirən geniş bir iz buraxdı qəlblərimizdə…

Tural Ağamirzəzadə
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Həyat idealımız Xanım Fatimənin (s.ə.) həyatımızda rolu

Bütün mömin və möminələr sənin mövludunu qeyd edir, sənin üçün, sənin şərəfinə bayram edir, sevinir. Ancaq bilmirəm sevinməyə, bayram etməyə nə dərəcədə haqqımız var. Biz sənin irs qoyub getdiyin iffətə, ismətə, izzətə, qeyrətə nə dərəcədə sahib çıxa bildik? Biz bu gün həyatımızda, seçimimizdə, davranışımızda hər vaxt sənə layiq olduqmu? Hər vaxt hər işimizdə, atdığımız addımda səni nümunə götürüb sənin bu vəziyyətdə nə edəcəyini fikirləşdikmi?!
Biz səni yaşatmağı, sənin kimi yaşamağı unutduq. Əlbəttə sənin doğum günün bəşəriyyət üçün şərəfdir, çünki sən bizə əsl qadınlıq nümunəsi bəxş etdin və necə olmalı olduğumuzu bəyan etdin. Biz isə bir çox hallarda örpəyimizə belə sahib çıxa bilmədik. Bu gün bütün müsəlmanlar səni tanıyır, ancaq bütün müsəlman qadınları hicablarına yiyələniblərmi?! Bəs hicablı möminələrin hamısı daşıdıqları məsuliyyətin fərqindədirlərmi?! Səni insanlığın ən üstünü olaraq tanıdığımız halda, həyatımızın ən ucqar küncündə yaşadırıq. Çünki bu gün müsəlman qadınına dünyanın bər-bəzəyindən ayrılıb sənin kimi olmaq çətindir. Naməhrəm bilmədən, halal-haram demədən hərəkətlərinə müasirlik donu geyindirməyə çalışan müsəlman qadınlarımıza səni örnək götürmək çətindir.
Görünür biz hələ sənin kim olduğunu dərk etməmişik və ya özümüzün kimliyini unutmuşuq. Ey Rəsulullahın (s) gözünün nuru əziz Fatimə (s.ə)! Bilirəm sənin ürəyin parçalanır bizim halımızı gördükcə. Bəlkə də bizim sənin mövludunu bayram etməyə özümüzdə hünər tapmağımız təəccüblü bir haldır. Bağışla! Bağışla ki, səni ömrümüzdə yalnız doğum günlərində xatırlayıb, sənin bizdən razı olub-olmadığını bilməyərək gülüb-şənlənməyə cürət tapırıq. Əslində vicdan gözü ilə özümüzə nəzər salsaq, nə dərəcədə hicabla yiyələndiyimizi, qərarlarımızı, fikirlərimizi ilk öncə sənin idrak süzgəcindən nə dərəcədə keçirtdiyimizi, danışarkən, gülərkən nə dərəcədə sənin ismətini, iffətini düşündüyümüzü, hər zaman rahatlığa meyl edən, cihaddan, müharibədən qorxan bu qadın ürəyimizə sənin qeyrətini nə dərəcədə izah etdiyimizi görərikmi?! Əgər durumumuzdan utanıb, səndən üzr istəsək belə nə xoş halımıza. Çünki sənə dönməyə, qaranlığa yuvarlanan bu qəlbimizi işıqlandırmağa heç olmasa şansımız olar. Amma yəqin, çoxumuz hələ də səndən nə qədər uzaq olduğumuzun, əslində səni yalnız dildə sevdiyimizin fərqində deyilik və bu sözlərin bizə aid olmadığı düşüncəsi ilə qəflətimizdə inad edirik.
Allahım, bütün müsəlman kişi və qadınına Xanım Fatimə (ə.s) qeyrətini, namusunu nəsib et! Çünki mən əminəm ki, əgər biz izzətimizə sahib çıxsaq, bu gün də Kərbəla yaşamarıq və hər gün, hər saat namərd düşmən gülləsindən şəhid olan müsəlmanlarımızın haqq uğrunda ölümlə mübarizəsinə yalnız seyirçi qismində tamaşa etmərik. Allah Təala Quranda dəfələrlə müsəlmanlara kafirlərlə mücadilədə vəhdətdə olmağı əmr edir. Biz müsəlmanlar heç Qurana - Allahın kəlamına da qulaq asmırıq, lazımınca itaət etmirik. Quran o ayələrdə sanki bizlərdən bəhs edir və bizim aqibətimizi təsvir edir, biz isə əslində Qurandan və özümüzdən uzaq düşmüşük.
Allahım, bütün müsəlman qadınlarına əsl qadın olmağı, həyatlarının hər sahəsində çox qısa, lakin qısa olduğu qədər də uzun-uzadı təfsilata, izahata ehtiyac duyan ömrü ilə əsl gözəlliyin portretini çəkən gözəllik mücəssiməsi Xanım Zəhranı (s.ə.) özlərinə örnək götürmələrini nəsib et!
Allahım, bizi onun qədrini layiqincə bilmədiyimizə, onu lazımınca sevmədiyimizə görə bağışla!
İlahi, inşəallah bizi onun üçün yaşayanlardan, ürəyi onun eşqi ilə döyünənlərdən, özümüzü və hər şeyimizi onun üçün və onun özünü fəda etdiyi o ülvi dəyərlər üçün həsr etməyi nəsib et! Bizi bu özümüzdən xəbərsizlikdən, qafillikdən, zülmətdən aləmlərin nurundan bir nur olan Həzrət Fatimənin (s.ə.) iman çeşməsindən yararlanmağı, onun nuru ilə həyatımızı, yolumuzu aydınlatmağı, işıqlandırmağı nəsib et! Amin.

Pərvin Nəsirova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, июля 09, 2008

Qadınlar bayramı və Qadınlıq zirvəsi

Qadın. Ülviliyin və zərifliyin zirvəsi. Bəşərin ilham qaynağı. Bir əmanət nişanəsi. Bir hərəkətverici qüvvə. Ana obrazının özü. Yarıları tamamlayanlar...
Daima qadına cəmiyyətin aşağı təbəqəsi kimi baxılmışdır. Əslində bu baxanlar cəm olaraq kişilərdən ibarət idilər. Özlərinin fiziki üstünlüklərindən istifadə ederək əzmişlər, üstələmişlər öldürmüşlər. Qadın bir əşya. Qadın bir nəsil artırn maşını. Qadın başqa heç nə.
Özlərini postmodernçi sayanlar da hələ qadının nə olduğunu anlamamışlar. Əslində qadın anlayışı altında insanlıq anlayışından da qat-qat aşağıları başa düşmüşlər. Qondarma qadın fenomeni meydana gətirmiş və onun nümunə olduğunu fərz etmişlər.
“Mütəfəkkirlər” nəzəriyyələr yazmışlar. Ancaq bunların heç biri qadının anlayışının əsl özünü aça bilməmişdi. Bütün bu nəzəriyyələrdə unudulan və yaddan çıxa bir şey var idi- “bütövün iki hissədən ibarətliliyi” .
Əslində onlar unutmuşlar özlərinin bir yarı olduqlarını və tamlanmaları üçün digər yarıya- Qadına ehtiyacı olduqlarını. Unutmuşlar sevgili yar anlayışını. “Yarım mənim” ifadəsini ancaq sözdə olduğunu təsəvvür etmişlər. Unutmuşlar “yarım mənim “ deyəndə, əslində özlərinin məhz o “yarıya” ehtiyacları olduqlarını birbaşa etiraf etdiklərini. Qadına digər yarı kimi baxmamağın nəticəsidə kişi obrazın ikidə birliyində qalmış və bu qeyri-bütövlük riyaziliklə kifayətlənməmiş, onun yaşayışını natamamlamışdi.
Özü ilə hidayətlik nurunu gətirən İslam… Qırdı bütün ətalətlətri... Dəyişdirdi qadına baxış bucağını. Qadının əslində nə olduğunu öyrətdi bəşəriyyətə. Ancaq bu öyrətim nəzəriyyədən ibarət olmadı. Bir çox nümunələrdə göstərdi. Zirvə göstərdi. Sonsuzluq göstərdı. Hədəf göstərdı. Zəhra (s.ə) göstərdi. Zeynəb (s.ə) göstərdi.
Nə üçün? Özündən sonrakıların hədəfə doğru irəliləməsi üçün. Nə üçün? Qadın deyiləndə nə başa düşülməsi lazım gəldiyini bildirmək üçün. Nə üçün? Qondarma psevdo-qadın fenomenini yaranmaması üçün. “Mütəfəkkirlərə” dərs vermək üçün və daha nə qədər “nə üçün?”- lərin cavabın vermək üçün.
Həmişə olduğu kimi, yenə də bəşəriyyət azdı yolunu. Unutdu “qadınlığın” özünü. Bəlkə də qorxdu dərk etməyə. Bəlkə də qorxdu özünün yarı olduğunu qəbul etməyi. Bəlkə də qorxdu ehtiyaclı olmağından.
Ona görə də ortaya daha zəif, daha gücsüz qadın obrazı çıxardı. Bununla kifayətlənməyib bu obrazı daha ali bir nümunə kimi təqdim etdi. Qadın susuzluğu çəkən bəşəriyyət də bunu qəbul etdi. Ardınca qondarma qadın bayramlarını, qondarma qadın nağıllarını və sairələri qəbul etməyə məcbur edildi bəşəriyyət.
Qadın deyəndə ancaq fiziki qadın başa düşüldü. Bu cür dar düşüncəli bəşəriyyət İslamın təqdim etdiyi vücudi qadını anlaya bilməzdı. Elə anlamadı da. Əgər anlasaydı, bu gün «gözəllik müsabiqələri» adlandırılan diri hərraclar keçirilməzdi. Əgər anlasaydı reklamların baxımlılığını artırmaq üçün qadınlardan istifadə etməzdilər. Əgər anlasaydı, qadın bayramının ünvanı və fəlsəfəsındə səhv etməzdilər.
Qadın bayramı - yəni nə? Hər qadının bayramıdırmı? Bu suala sadəlövh yeni dünya adamları bəlkə də “hə” deməklə bir növ məsuliyyətdən qacırlar. Təəccüblü də deyil. Daha geniş fikirləşə bilməməyin nəticəsidir. Ətalətlər, ətalətlər.....
Qadınlar bayramı - QADINLARın bayramıdı. Fiziki qadın doğulmuşların yox. Bu gün o qadınların bayramıdir ki, özlərində vicudi qadınlıq yükünü daşıyırlar. Məhz bu vücudi qadınlıq onları fiziki qadınlıqdan daha yuxarıya qaldırır. Başqa sözlə desək “yar”lıq obrazından daha yuxarı - bütövləşdirici, tamamlayıcılıq zirvəsinə yüksəldir. Bu cür vücudi qadın bəşəriyyətin norma kimi göstərdiyindən çox-çox uzaqdır Əgər bəşər övladı “Əgər bəşəriyyət qadınsız olsaydı” deyə bilirsə… Axı vücüdi mənada götürdükdə “Əgər bəşəriyyət qadınsız olsaydı“ ifadəsi yoxdu. Çünki əgər bəşəriyyət qadınsız olsaydı, bəşəriyyət anlayışı olmazdı.
Bəli, bu gün məhz vücudi qadınların bayramıdi. Çünki bu gün vücudi qadınların zirvəsi Xanım Fatimeyi-Zəhranın (s.ə) mövlud günüdü. Ad günün mübarək ey Xanım Fatimeyi-Zəhra (s.ə)! Ad günün mübarək, ey üzünü görmədiyim anam! Qadınlar bayramın mübarək olsun Sənin və bütün vücudi QADINlıq şərəfini daşıyanların.
Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, июля 08, 2008

Futbol ehtirasları və futbol ətrafında haram ehtiraslar

Futbol üzrə Avropa Cempionatında oyunlar artıq bitdi. Nəfəsləri kəsən oyunlar, qalib gəlib sevinənlər və məğlub olub məyus olanlar... Məqsədim oyunlar haqda geniş məlumat vermək deyil. Maraq dairəsinin müxtəlifliyindən bu hamı üçün elə də maraqlı olmaya bilər. Toxunacağım mətləb isə futbola bağlı olmasından əlavə, ictimai fəsad nöqteyi-nəzərindən, çox mühüm olub hər birimizi narahat etməyə bilməz. Çoxdandır məni narahat edən məsələ - azarkeşlərin, futbolla az-çox maraqlananların və hətta ümumiyyətlə bu oyuna laqeyd olanların da yoluxduqları bir mərəz haqqındadır. Söhbət oyunöncəsi hər hansı komanda və ya komandaların göstərdiyi nəticələrə qoyulan pul məbləğlərindən gedir. Yəni proqnoz verməklə və hesab variantları yazmaqla gercəkləşən qumar növündən.
Adi vaxtda bəzi Avropa ölkələrinin cempionatları, klub səviyyəli avrokubokları səviyyəsində əhatə olunan bu qumar növü daha çox irimiqyaslı turnirlər keçirilərkən xüsusı olaraq kütləvi xarakter alır. Cempionatın startı ilə qumar cempionatının da startı verilir. Hər kəs azarkeşlik etdiyi, simpatiyası olduğu komandalara stastik göstəricilərinə, intuisiyasına və s. əsaslanıb, öz proqnozunu yazır, pul qoyub, pul götürür, udub-uduzur. Bir sözlə qumar adlı epidemiyaya yoluxub özünü həlakətə və uçuruma aparır.
Bütün şəhərdə genişmiqyaslı xarakter alan bu qumar növü çoxlarına süni sevinc bəxş etdirib, haram pullar qazandırır. İlk əvvəl müəyyən məbləğdə qazananlar, şirniklənib daha böyük məbləğlərdə pul qoyuluşları edirlər ki, bu da sonda faciələrə gətirib çıxarır. Lənətlik şeytanin bələdçi olub, neçə-neçə ailələri dağıdan, var-yoxdan çıxaran, pis yollara salan bu fəsad növünün acı həqiqətləri günümüzün realliqlarındandır.
Çoxlarını da dindirsən, məlumatsızlıqdan və ya bilərəkdən heç nə olmayibmış kimi əməllərinə bəraət qazandırar, bəxtlərini yoxladıqlarini, vaxt keçirdiklərini bəhanə etməyə çalışarlar. Bəzən etiqadlıların da onların arasında rast gəlınməsı təəssüf doğurmaya bilməz. Əlbəttə ki, bilməməzlikdən insan səhv edə, xətaya yol verə bilər və hər birimizin həyatında bu cür nümunmələr kifayət qədərdir. Lakin müsəlman bir insanın sözsüz ki, haram və halallları, məkruh və müstəhəbbləri bilməsı çox mühümdür.
Dünyada, xüsusilə də Qərbdə tamamilə leqal olan bu qumar növünə xüsusi bukmeker kontorları adlanan qurumlar nəzarət edirlər və hər oyunöncəsi edilən pul qoyuluşları və mükafat fondunun məbləğini elan edirlər. Ölkəmizdə isə bu prosses müxtəlıf cevrələrdə, müxtəlıf məbləğlərdə, həmçinin bu prossesə hesablanmış xüsusi mətbu orqanlarda geniş vüsət almış və təbliğ də olunmaqdadır. Manşetlərinə cəzbedici şəkildə böyük pul məbləğini yerləşdirən, müxtəlıf şüarlarla -məsələn"yalnız hobbi üçün oyna" kimi yazılarla və digər vasitələrlə insanları haram pul qazancına dəvət edənlər əslində hobbi adı altinda insanlara iyrənc vərdişlər təlqin edirlər. Bir o qalıb ki, bərbəzəkli şou düzəldib, bu qumar növünü digər qumar növləri kimi geniş tamaşaçı auditoriyasına çıxarsınlar, kütləviliyi artırsınlar.
Belə görünür ki, futbol idmanın şahı olması ilə yanaşı, insan mənəviyyatını qula cevirən vasitəyə də çevirilib. İnsanlardan bəziləri futbola bir idman növü kimi deyil, qoyduqları pullarla bağlı sonuclanan nəticələrə görə baxırlar. Bir idman mübarizəsi külli miqdarda dövr edən pul ehtiraslarına, ardı-arası kəsilməyən nəfsani istək təbliğatçısına çevrilib. Və bununla da Qərbin hər tör-töküntüsünə gül-çiçək təki ətirli bilib qucaq açan bizləri bir çox anti-dəyərləri dəyər hesab edib, tələmtələsik qəbul etməyə vadar edib.
Zatən qazananlar, verdikləri proqnozlarda nəticəni düzgün tapanlar - əslində iinsanlığını, mənliyinı, şərafətli məqamını uduzanlar, tapmalı olduğu kamilliyini itirənlərdir. Yaşadığı dünya həyatına mənəviyyat, alilik, bəndəlik, ruhi yüksəliş qazanmağa gələn insan övladı, təəssüf ki, ali dəyərlərini xərcləməklə, dəyərsizlikləri isə qazanmaqla məşğuldur. Nə qədər ki, nəyin qazanc, nəyin ziyan olmasını yaratdiqlarindan daha gözəl bilən UCA RƏBBİMİZİN əmr və nəhylərinə etina olunmur insanlıq adina hələ çox faciələr, fəlakətlər gözləniləndir. İnsanlıq adına bütün fəsadlardan amanda olmaq ümidi ilə. AMİN!
Əli Ağayarov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

суббота, июля 05, 2008

Xəbərlər

Dünyada işgəncəyə ziddiyyətli münasibət
«Pisləri olar» təfəkkürü


BMT-də "26 iyun-İşgəncədən Zərər Çəkmişlərə Dəstək Günündən" əvvəl təşkil edilən mətbuat konfransında WPO (İşgəncədən Zərər Çəkmişlər) tərəfindən aparılmış araşdırmanın nəticələri açıqlandı. Maryland Universiteti Beynəlxalq Siyasət Davranışları Proqramına (PIPA) bağlı WPO-nin direktoru Steven Kull, anketin dünyanın 19 ölkəsində doldurulduğunu və anket üçün 19 min insandan sual soruşulduğunu söylədi.
Kull, sorğunun aparıldığı 19 ölkənin 14-də sorğuya qatılan kəslərin əksəriyyətinin "işgəncənin heç bir vəziyyətdə qətiliklə tətbiq olunmaması lazım olduğunu" ifadə etdiyini, ancaq aralarında Türkiyənin də olduğu 4 ölkədə nəticənin daha fərqli olduğunu söylədi.
Kull, "günahsız insanların həyatlarının risk altında olduğu fövqəladə vəziyyətlərdə" Hindistan, Nigeriya, Türkiyə və Tailandda sorğuya qatılanların terroristlərə müəyyən bir nisbətdə işgəncə tətbiq oluna biləcəyi istiqamətində cavablar verdiyini söylədi. Anketə görə Hindistanda bu nisbət 59%, Nigeriyada 54%, Türkiyədə 51% və Tailandda isə 44%-dir.
İşgəncə istəməyənlərin nisbəti düşdü
Türkiyədə heç bir şərt altında işgəncə edilməməsi lazım olanların sayının nisbətinin isə 36% olduğu, bunun 2006-cı ildə edilən tədqiqatlarda 62% olduğu ifadə olundu.
Türkiyədə "ümumiyyətlə işgəncə tətbiq oluna biləcəyini düşünənlərin" nisbətinin isə 18 % olduğu, bunun Çin ilə birlikdə ən yüksək nisbət olduğu da ifadə olundu. Kull, sorğunun Türkiyədə Arı vəqfi-İnfakto araşdırma şirkəti tərəfindən edildiyini və sorğuda təmsilçi olaraq seçilən 1000 adama sual soruşulduğunu söylədi.




Masonların yenidənqurma iddiaları

Əvvəl bu yığıncağın ümumi xətlərinə nəzər salaq. Mason Konqresinə Fransa, İtaliya, Türkiyə kimi ölkələrin yanında Cənubi Amerika və Afrika ölkələrinin mason təşkilatından da nümayəndələr qatıldı. Ərəb camiələri isə Beyrutdan və Fəsdən gələn iki heyət ilə təmsil edildi.
Yığıncağın bəzi hissələri jurnalistlərə açıq elan edildi. Amma açıq hissələri "suya tirit" saya bilərsiniz. Ətraf mühit problemləri, köç, yoxsulluqla mübarizə növündən. Bunlar əhəmiyyətsiz mənasını verməsin. Əsl mövzunun yanında daha əhəmiyyətli görünürlər.
Yenə bu iclaslarda din-dövlət əlaqələri və təhsil, təhsil fəaliyyətlərinin mütləq dünyəvilik prinsipinə görə icra edilməsinin əhəmiyyəti barəsində görüşlər qarşıya qoyuldu. İrqçilik və dini ayrı-seçkiliklə mübarizənin tək yolunun dünyəvi təhsil olduğu vurğulandı.
Lakin "Avropa Üzərindən Dünyanı Yenidən Tikmək" adıyla təşkil edilən bu konqresdə jurnalistlər bağlı iclaslara buraxılmadı. Hətta bunlara yalnız müəyyən dərəcədən masonların girməsinə icazə verildi.
Son olaraq, konqresin bağlanış iclasında Avropa Birliyi Komissiyası Başçısı Jose Manual Barosso, "Avropa dəyərlərinə xidmətdən" ötəri iştirakçılara təşəkkür etdi.
Avropanı masonlar yığışdırarmı?
Bu geniş iştiraklı və maraqlı mason konqresinin ana oxu aydındır ki, Avropa Birliyi üzərinə qurulmuşdur. Detallarına girmədiyimiz nöqtələrdə də Avropa üzərindən nələr edilməsi lazım olduğu kiçik qeydlər halında əks olunub. Zatən Barossonun iştirakı və "Avropa dəyərlərinə xidmət" ifadəsi vəziyyəti kifayət qədər açıqlayır. Qaldı ki, masonluğun qanunlarının universal olduğu xatırlanıldığında, daha regional bir yanaşma üzərindən dünyanın quruluşlandırılması fikri xeyli təzad ehtiva edir. Bu an Avropa dəyərləri və AB üzərindən qlobal bir oxuma doğrusu xeyli çətin. Yəni AB-ni mərkəz götürərək, dünyanı şəkilləndirmə fikirinin çox əllə tutular tərəfi yoxdur. Çünki gerçək budur ki, AB-nin problemləri o qədər çox və dərindir ki, dünyanı qurmaq deyil, özünü saxlayacağı belə xeyli şübhəlidir.
Bunun detallarını verəcəyik əlbəttə, amma işdə bu səbəblə bu mason konqresini "qlobal" deyil, Avropanı yığışdırmaq olaraq qiymətləndirmək daha doğru dayanır. Yəni yığıncağın adının mənası yox, yığıncağın yeri, məzmunu, iştirakçıların ağırlıqlı seqmentinin gəldiyi yer və ana mövzu buna işarə edir.
Avropanın ilk problemi öz içində "qlobal tarazlıqlar" xüsusundə ciddi fikir ayrılıqlarının olmaları. Mərkəzi Avropa saya biləcəyimiz Fransa və Almaniya bunun ən yaxşı nümunələri. İki ölkə, iki ayrı teldən çalır. İtaliya və Skandinav ölkələrini də ayrı kasalara qoymaq mümkündur. İngiltərə isə öz başına ayrı bir fenomen. London işin başından bu yana ABŞ-ın AB içindəki davamı sayıldığından bu mövzudakı çatlaq ayrı bir fəsil ehtiva edir.
Amma bu təməl problemlər işin yalnız başı. Referendumlar məsələsi də əhəmiyyətli. Son olaraq İrlandiya etdiyi referendumla AB "dəyərlərini" xeyli üzdü. Arxasının gəlməyəcəyinin zəmanəti də yoxdur. Bir başqa problem genişləmə müddətidir. AB ölkələrinin bir çoxu genişləməyi artıq qaldıra bilmədiklərini zatən söyləyirdilər. Köhnə Varşava Paktının üzvlərinin sürətli iştirakları bu yaranı bir az daha qaşıdı.
Gözləyənlər də böyük problemdir. Türkiyə, AB nə cür yumşaq-ağız istifadə etsə də, Avropa dəyərlərini ikiyə bölmüş vəziyyətdə. Açıqca qarşı çıxanı da var, fərqli düstur tapanı da, mütləq qatılsın deyəni də.
Bunların çoxu siyasi məsələlər, lakin AB-nin demoqrafik, iqtisadi, enerji problemləri də yığınladır. Hamısını tək-tək yazmaq mason konqresi üçün lazımlı deyil. Amma bu qətidir, masonluğun ana arteriyalarını saxlayan Avropa ölkələri və dəyərləri, hazır masonlar əl atmışkən təmir istəyir. Masonlar buna görə əvvəl "evlərini" təmir etməyə çalışır. Yəni Avropa "dəyərlərini". Konqres bu mənanı verir.


Buşun adı kanalizasiyaya verilir

ABŞ başçısının adı tullantı toplama mərkəzinə (kanaizasyaya) veriləcək. ABŞ başçısının adı tullantı toplama mərkəzinə verilməsi üçün San Franciscoda 8,500 imza toplandı. İmzaçılar "Ancaq pisliyi təmizlənər" dedi.
Əvvəlki ABŞ prezidentlərinin adları şəhərlərdə, qəsəbələrdə, şoselərdə və parklarda yaşayarkən, 43-cü president Corc Buşun adının nəhəng bir tullantı toplama mərkəzində verilməsi təklif edildi. Bu təklifi gətirən Prezident Xatirələri Komissiyası Başçısı Brian McConell «New York Times»də nəşr olunan şərhində "Bütün siyasətçilər, narsist və egomanyak olma meylindədir. Bu səbəblə onların öz tarixlərini təyin etmələrinə icazə vermək yerinə həcvçilərin onların tarixlərini təyin etməsi daha uyğun olar" dedi.
Qrup bu təklif üçün bu an tam 8,500 imza yığdı. Noyabrda şəhər sakinlərinin layihəni təqdim edilə bilməsi üçün 1,500 imza kafidir. Başçı McConnell, " «Bəli», ya da «Xeyr» məsələsi olacaq. Heç bir maliyyə xərci də yoxdur, yalnız tullantı mərkəzinin tabeli xaricində". Təklifə qarşı çıxanlar yalnız Buşun adını heç bir yerdə görmək istəməyənlərin meydana gətirməsi də bir xeyli maraqlı doğurur. Əgər təklif qəbul edilsə, yeni prezidentin oval ofisə keçdiyi tarix olan 20 yanvar 2009-da tullantı mərkəzinə Buşun adı veriləcək.
Timetürk-ün xəbərinə görə, təklifi dəstəkləyənlər bu addımı, Buşun işləri üçün "uyğun bir abidə" olaraq xarakterizə edir. San Franciscoda gəzən ərizədə "Xarici əlaqələrdən maliyyə və ətraf mövzularına qədər Amerikan tarixindəki heç bir başçı bu qədər çox şeyi bacara bilmədi" ifadəsi açığca keçməkdədir. Abidənin girişinə təklif edilən şüarlar da bir xeyli maraqlıdır: "Buşun səbəb olduğu pisliyi təmizləyin", "Buradakı (lağım mərkəzi) pisliyin ən böyük məsulunu xatırlayırıq". Dəstəkçilər eyni zamanda yanvar ayında, minlərlə San Francisco tualetində sifonu çəkərək, lağım mərkəzinə hədiyyə göndərmə hərəkətini planlayır. İmzaçılardan Stacey Reineccius, "zehni boşaltmam üçün fiziki bir hərəkət etmək yaxşı bir yoldur" - deyir.
ABŞ prezidenti Buş Amerikanın tarixindəki ən aşağı nisbət olan 21%-lə ən sevilməyən lider olaraq tarixə keçdi. San Franciscolular, Buşun İraq, Əfqanıstan və dünyanın digər yerlərindəki etdiklərinin unudulmaması lazım olduğunu söyləyir. Ümid edirik dünya da unutmaz…

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



Gələcəyi birlikdə axtarmaq
"Abant"ın gündəmi Kürd məsələsi...

Budur böyük yığıncağa qatılacaq olan əhəmiyyətli adlar...
Abant Platforması Kürd problemini müzakirə etmək üçün Abant Palace Oteldə (Türkiyə) bir araya gələcək. Platformaya məmurlar, alimlər, jurnalistlər və iş dünyasının nümayəndələri qatılacaq. Daha əvvəl Diyarbəkirdə edilmək üzrə qərarlaşdırılan ancaq gündəmin sıxlığı səbəbiylə təxirə salınan Abant Platforması yenidən toplanır.
Jurnalistlər və Yazarlar Vəqfinin dəstəklədiyi platformada, Kürd problemi bütün ölçüləriylə danışılacaq. Yığıncaqda, tarixi arxa plan, ortaq miras və gələcəyin kəşfi, dünya praktikası: müqayisələr və modellər, keçmişin təftişi, axtarışlar və həllər mövzusunda iclaslar təşkil ediləcək.
"Barışı və Gələcəyi Birlikdə Axtarmaq" devizi ilə təşkil ediləcək yığıncağa qatılacaq bir-birindən əhəmiyyətli adlar arasında bunlar iştirak edir: Abdülmelik Firat, Əhməd Kök, Əli Fuad Bilkan, Əli Fuad Bucaq, Bəkir Karlığa, Celalettin Can, Cevat Öneş, Fuad Keyman, Qalib Ensarioğlu, Haşim Haşimi, Hüseyin Gülerce, Murad Yılmaz, Necdət Subaşı, Nevval Sevindi, Neyire Akpınarlı, Nezir Akyeşilmen, Sertaç Bucaq, Şennur Ciddi və Ümid Firat qatılacaq.


Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, июля 03, 2008

Xəbərlər

Marsda buz tapılıb

Amerikanin kosmik tədqiqatlar mərkəzinin (NASA) Mars planetində tədqiqat aparan Phoenix aparatından alınan fotolarda ağ maddənin buz olduğu dəqiqləşdi, haber3 saytı məlumat verir. Aparatın torpağı qazması nəticəsində aşkar edilən kütləni incələyən Arizona Universitetindən Piter Smit ilk əvvəl tapılan maddənin parlaqlığını nəzərə alıb onun duz olma ehtimalını irəli sürdüklərini, daha sonra isə buz olduğunu yəqin etdiklərini dilə gətirdi. Smit planetdə buzun aşkar olunması ilə canlı həyatın da var ola biləcəyini də vurğulayıb



Sony-Ericsson’dan Cyber-Shot modeli

Keçən həftə dünyanın məşhur mobil telefon istehsalçısı olan Sony-Ericsson alıcılarına yeni 8.1 meqapikselli C905 Cyber-Shot modelini təqdim etmişdir. Mobil telefon istehsalçıları tərəfindən 5 meqapikselli telefonların istehsalının rəqabəti getdiyi bir vaxtda, Sony-Ericssonun yarı professional rəqəmsal şəkil çəkən modeli bu rəqabətə yeni rəng qatmışdır. 2 gb yaddaş kartı, rəng və görüntü üstünlüklərı olan yeni model internetə naqilsiz qoşulmaq üçün WI-FI və digər naviqasiya texnalogiyalarını özündə əks etdirir.



Ən böyük canlı

Elm adamlarinin bu ana qədər apardığı araşdırmalara görə yer üzünün ən böyük canlısının mavi balina olduğu dəqiqləşdi, - Dünyabülteni xəbər verir. Tarixən bu böyüklükdə canlının yaşamadığını təxmin edən alimlər mavi balinanın nəslinin tükənmə təhlükəsini xüsusi olaraq qeyd ediblər. Araşdırmalar nəticəsində yer üzündə bu ana qədər 5 minə qədər mavi balina qaldığı təxmin edilir. Həddindən artıq böyük ölcülərə malik olub indiyə qədər ölcülməyən mavi balinanın hissələrinin cəminin ölcülməsinə əsasən o 180 ton ağırlığında və orta hesabla 30 metr böyüklüyündə olduğu təxmin edilir.
Mavi balinanın özəllıkləri:
Cəkisi- 150-180 TON (25-30 ədəd Afrika fili kimi)
Boyu- 27-33 METR
Dilinin ağırlığı - 2.7 ton
Ürəyi -600 kiloqram
Qaraciyəri - 1 ton
Qan damarinin eni - 23 sm
Ağzının sahəsi - 24 kv.m
Sürəti - 35 km/saat
Gücü - 500 at gücünədək
Ömrü - 50 il



Azərbaycan millisi zəifləməkdədir…

FİFA-nın milli komandalar üzrə açiqladığı yeni reytinq cədvəlınə əsasən Azərbaycan millisi öz mövqeyini xeyli zəiflədərək 191 xalla 139-cu yerə enmişdir.Azerisport xəbər verir. Belə ki, millimiz artıq 12 il bundan qabaqkı antirekorduna yaxınlaşmışdır. (1996-cı ildə 141-ci yer). Görünür son yoldaşlıq oynlarının nəticələri elə də yüksəlişə səbəb olmamış, millimiz Syerra-Leone, Liberiya kimi ölkələrin cərgəsində yer almışdır.
Bunlari nəzərə alsaq ölkəmiz Avropada yalnız Cernoqoriya, Lüksenburq, San-Marino, Andorra, Farer adaları kımı cırtdan dövlətləri qabaqlayaraq 48-ci pillədə qərar tuitmuşdur.
Avro-2008’də möhtəşəm oyunu ilə hamının qəlbini fəth edən qardaş Türkiyə millisi reytinqdə 6 pillə irəliləyərək 1010 xalla 14-cü pilləyə qalxmışdır. Qızıl merdallarin qalibi dünya reytinqində müvafiq olaraq 1. İspaniya (1557), 2.İtaliya (1404), və gümüş mükafatçı 3. Almaniya isə (1364) xalla ilk yerləri bölüşmüşlər.

Əli Ağayarov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi