Həzrəti Əli (ə) Malik Əştəri Misirə hakim təyin etdiyi fərmanında buyurur: "Ordu Allahın izni ilə xalqın qalası, valilərin zinəti, dinin qüdrət və izzət mənbəyi, əmin-amanlıq vasitəsidir. Xalq yalnız ordu mövcud olduqda öz ayağı üstə dayanar".
Əmirəlmömininin (ə) mübarək kəlamı ilə yazıya başlamğımın səbəbi Ordumuzun yaranmasının 90 illiyi bağlı keçirilən hərbi parad oldu. O gün Azadlıq meydanında keçirilən hərbi parad yəqin ki, çoxlarınızın diqqətindən yayınmadı. Elə mənim də. Mavi ekran qarşısında əyləşib ordumuzun qüdrətinə tamaşa edirdim. Əsgərlərimiz tribunanın qarşısından elə mehriban addımlayırdılar ki, hiss edirdin ki, bu keçən qoşun hissələrində daha "dedovşina", nə bilim "molodoy", "dembil" kimi söhbətlər yoxdur. Sizə zarafat gəlməsin, ordunun qüdrəti onun top-tüfəngi yox, vətənpərvər ruhunun olmasındadır.
Hərbi parad qüdrətli orduya malik olmağımız üçün keçirilsə də, bunu müxtəlif cür izah edənlər də oldu. Kimisi bu təntənənin vətənpərvər ruhun olması kimi dəyərləndirsə də, bəziləri bu təntənəni düşmənə xox kimi anlatmağa çalışdılar. Bu yerdə hərbi texnikanı təqdim edən diktorun titrək səsi isə sanki Xankəndindən səslənirdi. Təyyarələrimizin, tanklarımızın hətta motosikllərimizin düşmənə aman vermədiyini deyən diktorun ahəng səsi mənə Qarabağın azadlığı gününü xatırladırdı.
Mənim üçün maraqlı görüntülərdən biri isə qızıl şahinlərimizin Bakı səmasında Azərbaycan bayrağının şəklini təsvir etməsi oldu. Təyyarəçilərimizlə bağlı diqqətimi çəkən daha bir məqam isə pilotumuzun səmada hansı hərəkəti yerinə yetirəcəyini müdafiə nazirinin əli ilə işarə etməsi idi ki, pilotumuz da o an həmin traektoriyanı səmada cızmış oldu.
Torpaqlarının 20%-dən çoxu işğal olmuş məmləkətin qüdrətli orduya malik olması zamanın tələbidir. Hamımızı narahat edən isə biz hərbi paradımızı seyr edərkən düşmən Azərbaycanın işğal olunmuş ərazilərindən işğal olunmamış ərazilərimizi hədəfə götürməsi idi. Bu arada isə Bakıya «sülh göyərçinləri» qanad açmışdı. ATƏT-in təmsilçiləri yenə də öz "optimist" fikirlərini sırımaqdaydılar. Düzdür onlar hər dəfə Bakıya yeyib-içməyə gələrkən ortada mühüm işlər gördüklərin diqqətə çatdırırlar... Guya ki, ortada hansısa prinsip var və bunlar çalışır ki, bu prinsip reallaşsın.
Artıq Azərbaycan xalqı bu kimi cəfəngiyatlara inanmır.
Azərbaycandan Yerevana, Yerevandan isə Xankəndinə gedən "optimist" həmsədrlər Azərbaycan sərhədlərinə hörmətsiz yanaşmaqla bərabər, düşmən dəyirmanına su tökməklə məşğuldur. Gəlin inanaq ki, Qarabağın müdafiəsinə nəzarətini itirən müdafiə nazirinin şəhadət barmağı bir gün "optimist" həmsədirlərin başları üstündən Xankəndi səmalarına tuşlanacaq və o zaman qizil şahinlərimiz üç rəngli bayrağımızı Dağlıq Qarabag səmasında təsvir edəcəklər. Elə isə Zəfər Bayramı üçün dua edək!
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий