26 iyun Azərbaycan Respublikası Silahli Qüvvələri günüdür və dövlət səviyyəsində bayram kimi qeyd edilir. İtirilmiş torpaqların hələ də geri qaytarıla bilməməsi ağır olsa da, tarixə nəzər salsaq görərir ki, doğrudan da xalqımızı bu tarixlə bağlı təbrik etməyə dəyər, çünki bu xalqın şərəfli, ləyaqətli, dəyərli oğulları bu yolda hər bir şeylərindən keçiblər və buna nail olub, bizlərin azad yaşamağımız üçün zəmin yaratmışlar.
Bu tarixi yola qısa bir nəzər salaq. Zaqafqaziya Seyminin sonuncu iclasından 2 gün sonra yəni 1918-ci il mayın 28-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan olundu, Milli Şura tərəfindən "İstiqlal Bəyannaməsi" qəbul edildi. Beləliklə də bütün Şərq, türk və İslam dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika quruluşu yaradıldı. Bu dövrdə Milli Şuranın sədri M.Ə.Rəsulzadə, ilk hökumət başçısı Fətəli Xan Xoyski, və digər görkəmli şəxsiyyətlər Həsənbəy Ağayev, Mirhidayət Seyidov, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Məmməd Həsən Hacınski və başqalarının səyi nəticəsində müstəqillik əldə edilmişdir.
Müstəqilliyimizi ilk tanıyan Türkiyə oldu və iyunun 4-də sülh və dostluq müqaviləsinin imzalanması ilə Nuru paşanın başçılığı altında Azərbaycana gələn türk ordusu buradakı könüllülərin iştirakı ilə "İslam Ordusu" adı altında nizami qoşun hissələri yaratdı və düşmənlərlə mübarizəyə başladılar.
Milli hökumətin qarşısında duran ən vacib tədbirlərdən biri ordu quruculuğu idi. Milli ordunun yaradılması müxtəlif çətinliklərlə müşayiət olunurdu. Çarizm dövründə müsəlmanları orduya çağırmır, əvəzində "can vergisi" alırdılar. Bu isə hərb işinin yadırğanmasına səbəb olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk dövrdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstədən ibarət idi.
Hökumət 1918-ci il iyun ayının 19-da respublika ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da Müsəlman korpusu, müsəlmanlardan ibarət "Əlahiddə Azərbaycan korpusuna" çevrildi. Artıq Türk ordusu da geri çağırılmış, yalnız könüllü türk zabitləri milli hərbi kadr yetişdirmək üçün qayıtmışdılar.
1918-ci il dekabr ayının 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman bəy Sulkeviç baş qərərgah rəisi təyin edildilər. Hökumət 1919-cu ildə 25 minlik ordu yaratmaq vəzifəsini irəli sürdü. Dövlət büdcəsinin 24 faizi bu məqsəd üçün sərf edildi. Oktyabr ayının 27-də üç hərbi məktəb yaratmaq məqsədi ilə hərbi nazirliyin sərəncamına 50 min manat vəsait ayrıldı.
1919-cu ilin yayında Azərbaycan Xəzər Donanması yaradıldı.
Həmin illərdə qırmızı ordu və erməni daşnaq orduları bir neçə dəfə məğlubiyyətə uğradıldı. Həmçinin Əsgəran döyüşündə və Qazaxdakı hərbi əməliyyatlarda daşnaq dəstələri tamamilə darmadağın edildilər.
Milli Ordunun və hərbi donanmasının formalaşması prosesi 1920-ci ilin əvvəlləri üçün əsasən başa çatdı. 40 min nəfərlik nizami ordu yaradıldı. Onun 30 mini piyada, 10 mini süvari idi.
Azərbaycan ordusunun qarşısında duran ən ağır problemlərdən biri atıcı (odlu) silahların çatışmamazlığı idi. Orduda istifadə olunan silahların çoxu 1917-18-ci ilin əvvəllərində Rusiya hərbi anbarlarına hücum və rus alaylarının tərkisilah edilməsi vasitəsi ilə ələ keçirilmiş, eləcə də osmanlı və ingilis ordusununun gedən zaman təhvil verdikləri silahlar idi. Gürcüstanla bağlanmış müqavilə əsasında oradan silah aldıqdan sonra ordu atıcı silahlarla 65 % təmin edilmişdi. General Denikin tərkisilah edildikdən sonra bütün hərbi hissələrdəki ştatlar silahla təmin edilmiş, anbarlarda silah ehtiyatı yaranmışdı.
Azərbaycan ordusunda istifadə olunmuş silahlar :
Tüfənglər: «Mauzer» - Türkiyə; «Lebel» - Fransa; «Arisaka 38» - Yaponiya; «Manlixer» - Avstrya-Macarıstan; «Mosin» - Rusiya; «Berdan-2» piyada tüfəngi - Rusiya.
Pulemyotlar: Göyyçay döyüşündə Azərbaycan dəstələri tərəfindən 21 pulemyotdan istifadə edilmişdir. 1920-ci il ştat cədvəlinə görə hər piyada taborunda bir pulemyot bölüyü, hər bölüyün 48 döyüşçüsü, 8 pulemyotu olurdu. Süvari hissələrdə nisbətən yüngül olan "Lyuis" və "Kolt", piyada hissələri isə "Maksim" pulemyotları ilə silahlanmışdı.
Soyuq silahlar: 1913-cü il nümunəsi draqun qlıncı; 1913-cü il nümunəsi süvari qılıncı; 1913-cü il Qafqaz növlü zabit şaşqası.
Artilleriya baxımından isə müxtəlif növ toplardan ibarət divizionlar, bir neçə zirehli maşın, bir zirehli qatar var idi. Bundan əlavə, bir dirjabl və aeroplan varidi.
23 ay yaşamasına baxmayaraq, ADR belə qısa bir müddətdə öz ordusunu yaratdı, silahlandı və demokratik quruluşu ilə Qərbin ən demokratik sayılan ölkələrinin təəccübünə səbəb oldu. Lakin beynəlxalq satqınlıq nəticəsində azadlığı boğuldu və qəsb olundu. Amma qəsb olunsa da, həqiqi azadlığın, doğru əqidənin nə oldunu dərk etdirən geniş bir iz buraxdı qəlblərimizdə…
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий