Bütün mömin və möminələr sənin mövludunu qeyd edir, sənin üçün, sənin şərəfinə bayram edir, sevinir. Ancaq bilmirəm sevinməyə, bayram etməyə nə dərəcədə haqqımız var. Biz sənin irs qoyub getdiyin iffətə, ismətə, izzətə, qeyrətə nə dərəcədə sahib çıxa bildik? Biz bu gün həyatımızda, seçimimizdə, davranışımızda hər vaxt sənə layiq olduqmu? Hər vaxt hər işimizdə, atdığımız addımda səni nümunə götürüb sənin bu vəziyyətdə nə edəcəyini fikirləşdikmi?!
Biz səni yaşatmağı, sənin kimi yaşamağı unutduq. Əlbəttə sənin doğum günün bəşəriyyət üçün şərəfdir, çünki sən bizə əsl qadınlıq nümunəsi bəxş etdin və necə olmalı olduğumuzu bəyan etdin. Biz isə bir çox hallarda örpəyimizə belə sahib çıxa bilmədik. Bu gün bütün müsəlmanlar səni tanıyır, ancaq bütün müsəlman qadınları hicablarına yiyələniblərmi?! Bəs hicablı möminələrin hamısı daşıdıqları məsuliyyətin fərqindədirlərmi?! Səni insanlığın ən üstünü olaraq tanıdığımız halda, həyatımızın ən ucqar küncündə yaşadırıq. Çünki bu gün müsəlman qadınına dünyanın bər-bəzəyindən ayrılıb sənin kimi olmaq çətindir. Naməhrəm bilmədən, halal-haram demədən hərəkətlərinə müasirlik donu geyindirməyə çalışan müsəlman qadınlarımıza səni örnək götürmək çətindir.
Görünür biz hələ sənin kim olduğunu dərk etməmişik və ya özümüzün kimliyini unutmuşuq. Ey Rəsulullahın (s) gözünün nuru əziz Fatimə (s.ə)! Bilirəm sənin ürəyin parçalanır bizim halımızı gördükcə. Bəlkə də bizim sənin mövludunu bayram etməyə özümüzdə hünər tapmağımız təəccüblü bir haldır. Bağışla! Bağışla ki, səni ömrümüzdə yalnız doğum günlərində xatırlayıb, sənin bizdən razı olub-olmadığını bilməyərək gülüb-şənlənməyə cürət tapırıq. Əslində vicdan gözü ilə özümüzə nəzər salsaq, nə dərəcədə hicabla yiyələndiyimizi, qərarlarımızı, fikirlərimizi ilk öncə sənin idrak süzgəcindən nə dərəcədə keçirtdiyimizi, danışarkən, gülərkən nə dərəcədə sənin ismətini, iffətini düşündüyümüzü, hər zaman rahatlığa meyl edən, cihaddan, müharibədən qorxan bu qadın ürəyimizə sənin qeyrətini nə dərəcədə izah etdiyimizi görərikmi?! Əgər durumumuzdan utanıb, səndən üzr istəsək belə nə xoş halımıza. Çünki sənə dönməyə, qaranlığa yuvarlanan bu qəlbimizi işıqlandırmağa heç olmasa şansımız olar. Amma yəqin, çoxumuz hələ də səndən nə qədər uzaq olduğumuzun, əslində səni yalnız dildə sevdiyimizin fərqində deyilik və bu sözlərin bizə aid olmadığı düşüncəsi ilə qəflətimizdə inad edirik.
Allahım, bütün müsəlman kişi və qadınına Xanım Fatimə (ə.s) qeyrətini, namusunu nəsib et! Çünki mən əminəm ki, əgər biz izzətimizə sahib çıxsaq, bu gün də Kərbəla yaşamarıq və hər gün, hər saat namərd düşmən gülləsindən şəhid olan müsəlmanlarımızın haqq uğrunda ölümlə mübarizəsinə yalnız seyirçi qismində tamaşa etmərik. Allah Təala Quranda dəfələrlə müsəlmanlara kafirlərlə mücadilədə vəhdətdə olmağı əmr edir. Biz müsəlmanlar heç Qurana - Allahın kəlamına da qulaq asmırıq, lazımınca itaət etmirik. Quran o ayələrdə sanki bizlərdən bəhs edir və bizim aqibətimizi təsvir edir, biz isə əslində Qurandan və özümüzdən uzaq düşmüşük.
Allahım, bütün müsəlman qadınlarına əsl qadın olmağı, həyatlarının hər sahəsində çox qısa, lakin qısa olduğu qədər də uzun-uzadı təfsilata, izahata ehtiyac duyan ömrü ilə əsl gözəlliyin portretini çəkən gözəllik mücəssiməsi Xanım Zəhranı (s.ə.) özlərinə örnək götürmələrini nəsib et!
Allahım, bizi onun qədrini layiqincə bilmədiyimizə, onu lazımınca sevmədiyimizə görə bağışla!
İlahi, inşəallah bizi onun üçün yaşayanlardan, ürəyi onun eşqi ilə döyünənlərdən, özümüzü və hər şeyimizi onun üçün və onun özünü fəda etdiyi o ülvi dəyərlər üçün həsr etməyi nəsib et! Bizi bu özümüzdən xəbərsizlikdən, qafillikdən, zülmətdən aləmlərin nurundan bir nur olan Həzrət Fatimənin (s.ə.) iman çeşməsindən yararlanmağı, onun nuru ilə həyatımızı, yolumuzu aydınlatmağı, işıqlandırmağı nəsib et! Amin.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий