понедельник, декабря 22, 2008

Sədəqə nədir?

İnsanlarla ünsiyyət, həqiqətdə Allah ilə ünsiyyət və rabitənin nəticəsidir. O insan ki, Allaha bağlıdır və bütün ruziləri özündən deyil, Allahdan bilir və ona verilən bu canı əmanət olaraq qəbul edir. Bir əmanət ki, nə vaxtsa ondan alınacaqdır. Belə insan Allah yolunda bəxşiş verməkdən heç də narahat olmaz, əksinə xoşhal olar.

Belə ki, Allahın ona verdiyi malı Allah bəndələrinə verər və əvəzinə Allah Təala ona maddi və mənəvi bərəkət əta edər. Bu təfəkkür tərzi insan ruhunu paxıllıqdan və həsəddən pak edər və bu dünyada ki, hər kəs qonaqdır, ixtiyarında olan ruzidən ehtiyacı olanlara verər. Elə bil ki, günəşdir, öz nurunu verir, ancaq əvəzində heç bir bəxşiş gözləmir.

İmam Sadiqdən (ə) gələn hədislərin birindən deyilir: «Elm və biliklərdən ki, onlara təlim verdik nəşr edib, ehtiyacı olanlara öyrədirlər».

Bu hədisdə göründüyü kimi söhbət elmin infaqından (xərclənməsindən) gedir, amma biz daha çox malın infaqı haqqında eşitmişik. Və İmam (ə) mənəvi infaq haqqında danışaraq, onun mənasının genişliyini göstərmək istəmişdi. Yəni alim də elmin zəkatını verməlidir.

Həzrət Peyğəmbərdən (s) belə bir hədis nəql olunur: «Sədəqə kasıbın əlinə keçməzdən əvvəl Allahın əlinə çatır».

İmam Səccaddan (ə) gələn hədisdə isə deyilir: "Allahın əlinə keçən sədəqə bəndənin əlindən düşməz".

Hətta bəzi rəvayətlərdə verilir ki, bu bəndələrin hər bir əməli mələklərə təhvil verilir, ancaq sədəqə birbaşa Allaha çatar.

İmam Sadiqdən (ə) gələn hədisdə deyilir: "O kəs ki, zəkat verir – paxıllıq və hirsdən azad olar".

Bundan başqa hədislərdən bunu da öyrənirik ki, infaq günahların bağışlanmasına səbəb olan amillərdən biridir. Eyni zamanda Allah verilən hər bir sədəqəni bir neçə dəfə artırar.

Bütün bu hədislərdən belə nəticəyə gələ bilərik ki, sədəqə müsəlmanların Allaha yaxınlaşmasının, yəni qurbi-İlahiyə çatmağın yollarından biridir. Sədəqə paxıllığı, həsədi aradan aparar, sədəqə günahların bağışlanılmasına bir vasitə ola bilər. Sədəqə elə bir əməldir ki, birbaşa Allaha çatar. Ona görə Allahın bizə verdiyi nemət və bərəkətlərdən biz də ehtiyac sahiblərinə verək.

Ancaq gəlin bizim dövrümüzdə verilən sədəqələrə nəzər salaq, görəsən bu sədəqələr Məsumlarımızın (ə) bizlərə söylədiyi həmin sədəqədirmi? Məscidlərimizin girişində birinci rast gəldiyimiz şey sədəqə qutusudur. Küçələrdə cavanından tutmuş qocasına qədər, qaraçısından tutmuş yalançı şikəstlərinə qədər hamı sədəqə istəyir. Sədəqənin bu qədər şişirdilməsi düzdürmü? Və həmin bu sədəqələr görəsən doğrudandamı ehtiyacı olanlara çatır, qeyri-məchul yerlərə deyil?!

İnsanların Allah dərgahında bağışlanılmasının tək yolunun sədəqə olduğunu söyləmək də düz olmazdı. Belə ki, müasir insanlar bütün sahələrdə rahatlıq axtardıqları kimi dində də rahatlıq axtarırlar. Belə ki, çoxlu sayda günah edir və onun bağışlanmasının tək yolunu sədəqə verməkdə görürlər. Bunu da qeyd etmək lazımdır ki, hədislərdə oxuduğumuz kimi sədəqə o zaman öz həqiqi mənasını tapar ki, verən insan onu səmimi qəlbdən verir, alan isə ehtiyac sahibi olmalıdır. Və günahların bağışlanmasının tək yolunun da bu olmadığına da işarə etmək istəyərdik. Bəs tövbə, bəs istiğfar, bəs günahdan peşman olub ona qayıtmamağa verdiyimiz sözlər, bəs insanlardan halallıq almaq?! Bunlar necə günahlamızın bağışlanmasını yolları deyilmi? Ona görə sədəqə Allah dərgahında xüsusi məqama malik olduğu kimi tövbəni, istiğfarı da gərək yaddan çıxartmayaq və ehtiyac sahiblərinə sədəqə verək.

Allahım, bizləri infaq edənlərdən qərar ver!

Məşhədi Xanım,

«Dəyərlər»

Bir xəyalım var

(Malkolm X-ın amalları, M.L.Kinqin ağ-qarasız yuxusu reallaşır)

"Bizlər inqilab dövründə yaşayırıq. Amerika zəncilərinin qiyamı bu inqilabın bir hissəsıdır. Bu qiyamı sadəcə qaranın ağa qarşı irqçilik mübarizəsi və ya amerikalıların problemi kimi qiymətləndirmək doğru deyil. Əksinə, bizlər bu gün kölələrin kölə sahiblərinə, yəni hər şeyi qəsb edilən insanların qəsblərinə qarşı bütünlüklə üsyanlarını görməkdəyik. Bunlar inkişaf etmişlərdən tərəqqi haqqını istəyənlərdir", - zamanında həcc ziyarətindən sonra əl-Həcc Malik Əl-Şaabaz adını götürən Malkolm X deyirdi.

Dünya dağıdıcılıq dönəmindən quruculuğa yön almaqdadır. Hələlik qəti olan budur ki, bu gözlənilməz və yeganə nümunə özündən əvvəlkindən fərqli olaraq bütün dünyanı proqressiv, sülhpərvər, praqmatizmə köklənmiş və insanlıqsevər tərzdə nümayiş etdirəcəkdir. Amma bu dəyişikliyin təməlinin günümüzdə qoyuldu, bunu yalnız Obama etdi kimi zənn edənlər əslində, ABŞ-dakı uzun bir yolu, mücadiləni unutmalarından xəbər verir. Bu dəyişikliyi yalnızcamı Obama etdi? Bu yalnız onunmu qələbəsidir?

Əlbəttə ki, xeyr. Bu Amerikada ilk dəfə avtobuslarda yalnız ağların əyləşməsinə ilk etiraz edən zənci qadının qələbəsidir. Bu ağ-qarasız Amerikası üçün şəhid olmuş Malkolm X-ın qələbəsidir. Bu belə Amerikanı yuxularında görən Martin Lüter Kinqin qələbəsidir. Bu bütün dünyaya, baş verənlərə hər cür ikili standartların, hətta çoxüzlü yanaşmanın əleyhdarlarının qələbəsidir.

Bu demokratik dəyərlərin, həqiqi dəyişiklərin intizarında olanların qələbəsidir. Bu dünyaca haqqları uğrunda mübarizə aparanların qələbəsidir. Bu həm də Harlemdən başlanan bir yolun qələbəsidir.

Qısa tarixi ekskurs: ABŞ-da irqçiliyə qarşı real mübarizənin əsası 50-ci illərin əvvəlində Malkomun X tərəfindən qoyulur. 1955-ci ilin 1 dekabr günü Roza Parks Cim Krou qanuna görə avtobusda yerini bir ağa verməkdən imtina etdiyi üçün həbs olunur. Bundan sonra 382 gün davam edən Montqomeri avtobus boykotu həyata keçirilir. Nəticədə Amerika ali məhkəməsi ştatlararası avtobuslarda və digər nəqliyyat vasitələrində irqi ayrı-seçkiliyi qeyri-qanuni elan edir. Boykot M.Qandinin qeyri-zorakı vətəndaş itaətsizliyi fəlsəfəsinin təqibçisi olan Kinq tərəfindən həyata keçirilirdi. İmam Hüseyni (ə) öz mübarizəsində mənbə götürən Qandinin bu fəlsəfəsini M.L.Kinq nümayişlərdə tətbiq etdi.

Sonda bu mübarizələr Amerika hüququnun bir parçası olan Mülki Haqlar Qanunu (Civil Rights Act, 1964) və Səsvermə Haqları Qanunu (Voting Rights Act, 1965) kimi mütərəqqi aktların qəbuluna gətitb çıxarır.

Dəyişikliyin məkanı Çikaqodur.

1952-ci ildə Malcolm Çikaqoda bir məbəddə ilk dəfə mübarizə çıxışını etməklə mübarizəsinə başlayır. 1966-cı ildə də Kinqin ilk hədəfi Çikaqo idi. O, buradakı çıxışlarında Vyetnam müharibəsinin əleyhinə çıxırdı.

2008-in 4 noyabr Çikaqosu isə "56 ilin dəyişikliyi"nin davamını gətirdi. İlk dəfə bir qaradərili ABŞ prezidentliyinə yüksəlir.

Yüksəlişin adı Barak Hüseyn Obamadır.

Dəyərlər aradan getmir, onu yaşadanlar şəhid olsalar da belə!

"Bizim kitabımız Quranda belə bir şey yoxdur. Səssiz-səmirsiz əzab çəkmək kimidir. Bizim dinimiz nəzakətli olmağı əmr edir, sülhpərəst olmağı, qanunlara hörmətlə yanaşmağı, qaydalara uymağı əmr edir. Hər kəsə hörmət göstərməyi də; lakin biri qalxıb da səni əzməyə çalışsa... Onu məzara göndər"! (Malkolm X)

Allah amanında!

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

“AĞ EV”İN QARA SAHİBİ

Yəqin ki, çoxunuzun xəbəri var. O gün ABŞ özünə yeni prezident seçdi. Özü də bu seçkilər o biri seçkilərə bənzəmir.

Düz iyirmi bir aydır ki, Con Makkeyn ilə Barak Obama marafona çıxmışdılar. Az getdilər, düz getdilər, axırı o gün finişə birinci Obama çatdı. Rəsmi olmayan nəticələrə görə Obama qazanmaq üçün lazım olan 270 nümayəndənin səsindən daha artığını, 338-ni qazanaraq Amerikanın ilk qara prezidenti oldu.

Məni ən çox maraqlandıran ağ amerikalıların qara dərili namizədə səs verməsidir. Bir zamanlar kölə olaraq istifadə edilən qara zəncilərin insan olub-olmadığını müzakirə edən Amerika bu gün özünə qaradərili prezident secir. Deyəsən dünya tərsinə dönür. Ya da indiyədək tərsinə dönürdü, indi düzəlib. Çünki Amerikada qaradərili-ağdərili söhbəti azərbaycandakı “dedovşina” hadisələrindən daha aktualdır.

Amerika heç vaxt özünə qara dərili prezident istəməyib. Siz heç özünüzə sual vermisiniz ki, nəyə görə ABŞ-da prezident iqamətgahı “Ağ ev” adlanır? Mən vermişəm. Cavabında özümsayağı tapmışam. ABŞ-da prezident iqamətgahı ona görə “Ağ ev” adlanır ki, oranın sahibinin rəngi həmişə ağ olur. Amerika yaranandan belədir. Onlar adam yerinə qoymadıqları qara dərililəri heç vaxt o evin sahibi ola biləcəklərini fikirləşməyiblər. Necə ki, “azərbaycanlı məmur mütləq rüşvət almalıdır” stereotipi var. Amerikada da “prezident ağ olmalıdır” stereotipi mövcuddur.

Öz aramızda qalsın, demokratiya, seçilmək hüqüqü bunlar boş şeylərdir.

Əsas məsələ rəng məsələsidir. Rəngin ağdır - gəl gir öz rəngində olan bu Ağ evə. Yox rəngin qaradısa - uzan öl.

Əvvəldə qeyd etdiyim kimi, bu seçkilər mahiyyət etibari ilə o birilərindən fərqlənir. Amerikada istər prezident, istər qubernator bir sözlə bütün seçkilərində “Bredli Effekti” baş verirdi. Bu ifadə Kaliforniya qubernatoru postuna seçkilər zamanı qaradərili Tom Bredlinin rəy sorğularında rəqibindən xeyli qabaq olmasına baxmayaraq, uduzmasından sonra qəbul olunub. Yəni seçkidən əvvəl qara dərəlilərin reytinq üstünlüyü olsada adətən bu seçkilərdə özünü doğrultmurdu. Ancaq indi Obamanın reytinqi gözlənildiyindən də çox oldu. Barak Obama “Bredli Effekti”-ni sındırdı.

Dostlarım həmişə deyirdi ki, “əşi bu amerikalılar nə qədər Obama-Obama desə də axırda seçki vərəqəsini əlinə alanda deyəcək ki, yox eee bu qara dərilidi qoy o birinə səs verim.”

Nə isə hələ rəsmi açıqlama olmadığından bəlkə də danışmaq tezdir. Çox güman ki, rəsmi nəticələr qeyri-rəsmi nəticə ilə üst-üstə düşər.

“Ağ ev”, gözlə qara dərili sahibini. O çantasını hazırlayır. Bəlkə də gələndə ilk işi Ağ evi qara rəngə boyamaq olacaq.

Çünki, “Ağ ev”-in ağ sahibi olar, “Qara ev”-in qara. Ağ evin qara sakini olması, Qara evin ağ sakini olması qədər absurddur...

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Unudula bilən günlər

Özlərinə, uşaqlarına ad gün edənlər, bəzi vaxtlar mən «Əhli-Beyt aşiqiyəm» söyləyənlər, nədənsə bu əzizlərin mövlud gününü unudur. Unutqan insanı başa düşmək olar. Çünki insan sözü unutqan deməkdir. Hər birimiz diqqətsizlik edib, əsl, köklü, islam tarixindən yan ötsək, demək dinimizi unutmuş olarıq. Allahın seçdikləri, bizlər üçün əziz və daima yaddaşlarımıza həkk olunmalıdır. Və o, əzizlərin doğum günləri bizlərə bayram, vəfat və şəhadət günləri isə kədər, hüzn, olmalıdır. İslam tariximizə, təqvimlərə nəzər salıb, gündəlik maraqlansaq yəqin ki, xeyrli olar. Təbliğ üçün ən faydalı yollardan biridir. Əzbər bilib, başqalarına da bu günləri xəbər versək, hamı yadda saxlayar. Balacaları təbrik etmək xüsusən vacibdir. Günahsız körpələrə öz tarixi keçmişlərini unutmaq zülmdür. Əgər hər il ad günlərimizi qeyd etdiyimiz kimi, Peyğəmbərlər və İmamlarımızın mövlud, şəhadətlərini xatırlatsaq, ədalət öz yerini tapar.

Yaxşı olardı səhər sübh tezdən insan yuxudan duranda, özü-özünə desin:" Görəsən bu gün mən Allah üçün nə edəcəm". Bu sözdən sonra yəqin ki, insan dinini sevər və Allah yolunda, Ona xatir iş görər.

Bildiyimiz kimi, tarixi məlum olmayan və yersiz keçirilən bayramlardan uzqlaşmaq, xüsusən bu məsələdə uşaqlara qarşı diqqətli olmaq lazımdır. Məhz belə günlərdə balalarımıza qayğı göstərməli, köklü bayramlarımızı qeyd etməli və uşaqların da orada iştirak etmələrini bilməliyik. Belə günlərdə hədiyyə alıb, körpələrimizi sevindirməliyik. Untqanlıq üzündən bu günləri unudanlar sonradan peşman olur. Və gələcəkdə öz balasının, "Ana, ata məni Şaxta babanın yanına apar" deyəndə çox çətin olur. Lakin həmin an gec olur.

Kiçik həşəratlar, yəni qarışqalar qışa tədarük görüb, özünə yem toplayır ki, ac qalmasın. Biz də uşaqlara qarşı qarışaqaların, qış tadarükünə hazırlaşdıqları kimi davranmalıyıq ki, sonra peşman olmayaq. Uşaqlar saf, təmiz və həssas olur. Onlara pisi yaxşı, yaxşını pis göstdərdiyin kimi də qəbul edirlər. Biz bu günlərdə çalışıb, ilk növbədə ailədə və qohumlar arasında sileyi-rəhm edib, qohumları təbrik edir, şəhadətlərdə isə daxilən bunu onlara hiss etdirməliyik. Bu yolla əziz İslam dinimizin əbədi qalmasına nail olarıq.

Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Meracın məqsədi

(təfsir-nümunə əsasında)

Merac haqqında Qurani Kərimin «Əsra» surəsində bəhs olunmuşdur. Bu səfər haqqında alimlərin çoxu da öz fikirlərini bildiriblər. Lakin onların bəziləri Peyğəmbərimizin(s) cismi və ruhu ilə meracda olduğunu qəbul edə bilmirlər və bunu bir yuxuya bənzədirlər.

Ancaq Peyğəmbərin (s) cismi meracı nə ağıla, nə də elmə ziddir. Onun təfsiri də «Əsra» surəsində geniş verilir.

Bəs meracın məqsədi nə idi? Peyğəmbərin (s) batini şuhuda çatması bir tərəfdən və Allahın əzəmətini öz gözləri ilə görmək başqa bir tərəfdən buna cavab ola bilər. Eyni zamanda mələklər, cənnət əhli, peyğəmbərlərin ruhları və cəhənnəm əhlini müşahidə etmək mühüm məsələlərdən biridir ki, mübarək ömrü boyunca Allahın bu təlim-tərbiyəsindən ilham almışdı.

İslami hədislərdə merac məsələsi müxtəlif cür verilib. Elə ona görə də bu hədisləri 4 qrupa bölürlər:

1. O hədislər ki, dövrü olduqları üçün qətidir. (yəni səhihdir).

2. O hədislər ki, onların qəbul edilməsinə heç bir əqli mane yoxdur.

3. O hədislər ki, zahiri Quran ayələri və İslam hədisləri ilə ziddiyyət təşkil edir, ancaq izah olunandır.

4. O hədislər ki, batil və əsassız mövzulara aiddir ki, heç cür qəbul oluna bilməz.

Bu hədislərdən məlum olur ki, Peyğəmbər(s) bu səma səfərini bir neçə mərhələdə qət etmişdir.

Meracın birinci mərhələsi Məscidül-Həram ilə Məscidül-Əqsa arasında olmuşdur. Bəzi hədislərə əsasən Peyğəmbər (s) Mədinəyə enir və orada namaz qılır. O, həmçinin Məscidül-Həramda böyük peyğəmbərlərin - İbrahim, Musa və İsa (ə) kimi peyğəmbərlərin ruhları ilə namaz qılır və bu namazda imam-camaat Həzrət Peyğəmbər (s) olub. Ondan sonra Peyğəmbərimizin (s) səma səfəri başlayır. Və yeddi qatlı asimanı bir-birinin ardınca geridə qoyur və hər bir qatda yeni bir səhnənin şahidi olur. Peyğəmbərlərə, mələklərə və başqa qatda cəhənnəm əhlinə, başqa yerdə cənnət əhlinə rast gəlir. Peyğəmbər (s) onların hər birindən öz mübarək zehnində qiymətli xatirələr saxlayır. Və yeri gəldikcə öz ümmətinin təlim-tərbiyəsində bunlardan misallar gətirərdi.

Və bu onu göstərir ki, bu səfərin ən mühüm məqsədlərindən biri tərbiyəvi əhəmiyyət daşımasıdır.

Əlbəttə, Peyğəmbərimizin (s) bu səfərdə müşahidə etdiyi cənnət və cəhənnəm Qiyamət cənnət və cəhənnəmi deyil, bərzəx cəhənnəm və cənnətidir. Çünki Qurani-Kərim Qiyamət cəhənnəm və cənnətinin ancaq Qiyamət günündən sonra olacağına şəhadət verir.

Və nəhayət ki, yeddinci qat gəlib çatır və orada nur hicablarını müşahidə edir. Peyğəmbər (s) o nur aləminə daxil olur və Allah Təala ilə ünsiyyət edir. Allah Təala ona bir çox tövsiyələr və əmrlər verir ki, bizim dövrümüzə onlar "Qüdsi Hədislər" şəklində gəlib çatmışdır.

Və bu nöqtəyə diqqət edək ki, Peyğəmbər(s) bu səfərin bəzi yerlərində Həzrət Əlini (ə) yanında müşahidə edir. Bu hədisi belə təfsir edirlər ki, bu, peyğəmbərdən (s) sonra Əlinın (ə) məqamının aliliyinə dəlalət edir.

Bütün bu hədislərdə əsrarəngiz sözlər çoxdur və onların məzmunu kəşf etmək heç də asan deyildir. Ona görə də bu hədislərin həqiqi təfsirini Məsumlar (ə) ediblər.

Beləliklə, mövzumuzu İmam Sadiqdən (ə) gələn hədislə nəticələndirə bilərik. İmama (ə) meracın səbəbi haqqında verilən suala o Həzrət (ə), belə cavab verir: «Allahın heç vaxt məkanı, yeri yoxdur və zaman onun üçün işləmir. Ancaq O istədi ki, mələklər və səma əhli, peyğəmbərin (s) onların arasına gəlməsinə ehtiram göstərsinlər. Və əzəmətlərinin heyrətini Peyğəmbərə (s) göstərsinlər ki, o, qayıdandan sonra bu haqda ümmətinə danışsın».

Allah cəmi iman əhlinə islam maarifini əldə etməkdə tofiqatını nəsib etsin. Amin!

Məşhədi Xanım,

«Dəyərlər»

Payızda evlərə qış gəlib

Payızın sonlarında havaların dəyişməsi, bir sözlə, soyuqların düşməsi ölkəmizin kənd və qəsəbələrində narahatçılığa səbəb olmuşdur. Bildiyimiz kimi payız fəslinin vidalaşmağına az bir vaxt qalıb. Bu fəsildə evlərə soyuğun dolması, qışda həmin evlərdə yaşamağın mümkünsüz olacağını göstərir. Havaların dəyişməsi ilə verilən qaz və enerji təchizatının dəyişilməsi prosesi camaata baha başa gəlir. Öz doğma evindən didərgin düşməyə məruz qalan camaat, qaçqın həyatı sürür. Soyuqdan qorunanlar, təki isti bir guşə tapmaq ümidi ilə ya evindən çıxmalı, ya da donub, xəstələnməlidir.

Allah göstərməsin! Əgər bərk soyuqlar düşərsə, axırıda kimsə öləcək. Bir halda qışın soyuqlu, şaxtalı vaxtlarında qazı, işığı kəsib, yox edərlərsə, axırı belə nəticələnər. Bu ona bənzəyir ki, bir şəxsin evində hər cür bol nemət ola-ola, özü acından ölsün. Bir çox ölkələri qaz və neftlə təmin edən, Azərbaycanın sadə insanları bu misala bənzəyir. Uca Yaradana əl açıb diləyək ki, qışın soyuğunundan bizləri qoruyub, amanda saxlasın. İlahi, amin!

Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

"Səxavətli" Sem dayı

Bu yaxınlarda eşitdiyim bir xəbər məni baş verən olaylara başqa bir prizmadan baxmağa vadar etdi. ABŞ hökuməti Gürcüstanda baş verən dağıntıları aradan qaldırmaq üçün bu ölkəyə $4,5mlrd yardım ayırıb. Rusiya ilə baş verən bir neçə günlük müharibənin fəsadlarının aradan qaldırılması üçün ABŞ bu qədər vəsait təmənnasız olaraq Gürcüstana veriləcək.

Yadımdadır ki, İraq hökuməti Küveytə girdiyi vaxt baş verən müharibədə isə ABŞ hökuməti İsrailə səbr etdiyinə görə $30mlrd vəsait ayrılmışdır. Bəli elə belə də qeyd olunurdu "Səbr etdiyinə görə". Bura qədər, necə deyərlər, xub. Məni başqa şey düşündürür. Görəsən bu "səxavətli" hökumət, «Sem dayı» adlandırılan bu ABŞ çetesi Əfqanıstana, İraqa və digər "qayda-qanun" yaratdığı dövlətlərə nə qədər ianə ödəyəcək? Çünki, ABŞ dövləti iddia edir ki, apardığı "mübarizə" həmin dövlətlə yox, o dövlətdə yaşayan bir qrup terroristlədir. Sizcə İraqda öldürülən hər günahsız uşaq müqabilində bu "səxavətli" dövlət nə qədər ödəmək niyyətindədir? Əfqanıstanda atasının meyiti üzərində ağlayan uşağı nə ilə ovutmaq fikri var? Neçə-neçə ailələri birdəfəlik yer üzündən silən bu"islahatçı" dövlət hansı təzminatla bu cinayətini ödəmək istəyir?

Ay verdi aa! Ciblərinizi geniş saxlayın, yoxsa «Sem dayının» verdiyi pullar kənara tökülə bilər. Hələ gözlə ki, Buş administrasiyasının dəstəyi sayəsində saysız cinayətlər törədən sionistlərin blokadada saxladığı qəzzalılara da, hər gün təhqir olunan qüdslülərə də, qanlarına qəltan edilən livanlı körpələrə də mütləq təzminat ödəniləcək. Dəvənin boynu kimi düzdür bu xəbər!

İlahi, müqəddəs islam torpaqlarını öz sahiblərinə qaytar! İlahi, Mövlanın (ə.f.) zühuru arzusu ilə qəlbləri oyat! Amin!

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Firon və Həzrət Musanın (ə) bilərziyi

Bir gün birisi bir dostunun evinə qonaq gəlir. Ev sahibi cox varlı imiş. Qonaq evə daxil olandan başlayır ki, bu əşyanın qiyməti belə, o xalçanın qiyməti elə, o mebel xalis fisdıqdan və sair. Qonaq çox narahat olur və istəyir ki, ev sahibinə yaxşıca dərs versin. Başa düşür ki, ev sahibi öz "dəyərli" əşyaları ilə özünü qonağa "dəyərli" bir şəxs kimi təqdim etmək istəyir. Qonaq birdən ev sahibinin gözləmədiyi halda ağzının suyunu onun üzünə atır. Ev sahibi bərk əsəbləşir və qonağa "bu nə ədəbsizlikdir?" deyə çımxırır. Qonaq sakit halda: "Ağzımın suyunu bir yerə atmalıydım, amma bu qədər dəyərli əşyalar arsında ən dəyərsizini seçməliydim və seçdim" deyə cavab verir.

İnsanda olan fitri meyllər onu məqsədinə aparan enerji mənbələridir. Bu meyllərin istiqaməti insanın məqsədindən xəbər verir. Hər kəs məqsədinə uyğun olaraq bu meyllərindən bəhrələnir. Bu meyillərdən biri də insanın özünü dəyərli edəcək fenomenləri özundə cəm etməsidir. Hər bir insanın məqsədini onun dəyər verdiklərindən anlamaq olar. Fitri meyillər insan tanımaq üçün bir meyardir. Belə rəvayət edirlər ki, Allah Təala Həzrət Musaya vəhy edir ki, get Fironun yanına və onu haqqa dəvət et. Əmrə tabe olan Musa (ə) Fironun yanına daxil olur, ona yalnış yolda olduğunu və onu haqqa dəvət etdiyini bəyan edir. Bildirir ki, o, Allahın mürsəl peyğəmbəridir. Firon Musaya (ə) cox həqarətlə baxaraq: "Əgər iddia etdiyin kimi sən Allahın peyğəmbərisənsə, bəs hanı sənin qızil bilərziklərin, malın, mülkün?".

Fironun dəyərlər sistemi onun kamalının göstəricisidir. Bəli, hətta ateistlərin belə etiraf etdiyi bir məsələdir kı, əxlaqi keyfiyyətlər fitri bir məsələdir. Amma hər bir nemət kamalına uyğun istifadə olunduqda insanı səadətə çatdirır. Hər bir insan özünü dəyərli bir şəxs kimi görmək istəyir. Bir çoxları özünə diqqət cəlb etmək istəyir. Saç uzadır, yaraşmasa belə əndirabadi geyimlər geyir, üzr istəyirəm, hətta cəmiyyətdə fasid bir qadın kimi tanınan birisini özünə həyat yoldaşı kimi seçməkdən belə çəkinmir – təki «şöhrətli» olsun! Əslində cəmiyyətin nəyə dəyər verməsi çox mühüm bir mövzudur. O dərəcədə mühümdür ki, prezident, deputat seçkilərinin seçki kompaniyası bu məsələyə bağlıdır.

Məsələn bu yaxınlarda Amerika prezidentliyinə namizəd Barak Obama "mən bir az seçki kompaniyasına ara verərək, Havay adasındakı nənəmin ziyarətinə gedəcəyəm. Çünki mənim böyüyüb, boya-başa çatmağımda onun müstəsna rolu var. İndi o xəstədir və onun ziyarəti mənim üçün çox önəmlidir" deyə KİV-lərə açıqlama verib. Amerika tarixinin ən bahalı seçkiləri kimi tarixə düşən bu seçkidə sizcə kim düşünülməmiş addım atar? Əslində bu addım Obamanın seçki kampaniyasının heç də önəmsiz olmayan bir hissəsidir. Bu xalqa: "Mən, mənə əziz olan və mənə dəyər verən heç kimi unutmuram" mesajıdir. Bir də görürsən xəstə bir heyvanı, kücə bomjlarını belə ziyarətdən cəkinmirlər. Çünki seçicilərinin nəyə dəyər verdiyini gözəl anlayırlar.

Özünün heç bir dəyərə malik olmadığını anlayan insan, özünün dəyərli etmə meylini təmin etmək üçün cinayətdən belə çəkinmir. Tarixdə belə bir hadisə oxumuşam ki, Yunanıstanda (yanılmıramsa) cox qədimi və tarixi əhəmiyyəti olan bir tikilini sırf tarixə düşsün deyə birisi yandırıb külə döndəribmiş…

Deyirlər Bəhlul Danəndə bir varlı şəxslə hamamda görüşür. Varlının əynində bahalı qətfə olur. O, Bəhluldan "səncə mənim dəyərim nə qədər olar?" deyə soruşur. Bəhlul fikirləşmədən qətfənin qiymətini deyir. Yəni sənin dəyərin malik olduğun əşya qədərdir...

İnsan var ki, bu kimi əşyalarla özünü dəyərli etmək istəyir,amma insan var ki, butun malik olduqları onunla dəyər tapır. Şükürlər olsun ki, bu kimi nümunələr çoxdur. Tarix boyu Yəsrib kimi tanınan şəhər Rəsuli-Əkrəmin (s)ziyarəyindən sonra onun bərəkətilə Mədinə kimi tarixə düşdü. Məsumların (ə) gəzdiyi torpaq, əlini vurduğu hər bir əşya, hətta ehtimal olunan saçları belə inanclı insanlar üçün ziyarət məskənləridir və dunyaya qarşılıq dəyərlidir.

İlahi, bizi izzətimizi qorumaq üçün dəyərlərimizə sahib çıxanlardan qərar ver! Bİzi Mövlanın (ə.f.) nəzərində böyüt və öz nəzərimizdə kiçilt! AMİN!

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Tövbənin həqiqəti

Mövzunu Quran ayəsi ilə başlamaq istəyirəm: "Ey o kəslər ki, iman gətirmisiniz. Allaha tərəf qayıdın və tövbə edin, xalis tövbə". Bəli nicat tapmağın tək yolu günahlardan tövbə etməkdir. Ancaq bu tövbə hər nəzərdən xalis olmalıdır. O tövbə ki, ictimai və dünyavi təsirlərin qorxusundan deyil, Allahın tövsiyələrinə və günahdan çəkinməyə görə olsun və insanı həmişə günahdan uzaq tutub və ona qayıdılmasın, bu halda xalis tövbələrdən olar.

Tövbənin həqiqəti günahdan peşman olmaqdır ki, gələcəkdə də ona qayıtmamalıyıq. Tövbəni dildə demək də buna daxildir. Beləliklə tövbəni beş qismə bölmək olar. 1.Günahı tərk etmək, 2. peşmanlıq, 3. gələcəkdə bunu tərk etməyi qərara almaq, 4.keçmişdən imtina etmək, 5.tövbə.

Bəs «nusuh tövbəsi» nədir? Bu haqda bir çox təfsirlər zikr olunmuşdu və bəziləri onların sayının iyirmi üçə qədər olduğunu söyləyirlər. Ancaq bütün bu təfsirlər təqribən bir həqiqətə qayıdır – tövbəyə.

Bəziləri nusuh tövbəsini 4 yerə bölürlər: Qəlb peşmanlığı, dildə tövbə, günahı tərk etmək və gələcəkdə onu tərk etməməyi qərara almaq.

Bəziləri isə hesab edirlər ki, nusuh tövbəsi odur ki, onda üç şərt olsun: az danışmaq, az yemək və az yatmaq.

Və ya nusuh tövbəsi odur ki, gözü yaşlı və qəlbi günahdan gana doymaq olsun. O zaman bu tövbə xalis olar.

Peyğəmbərimizdən (s) belə bir hədis vardır. O Həzrətə (s) sual verirlər ki, nusuh tövbəsi nədir? O Həzrət (s) buyurur: «Odur ki, tövbə edən şəxs heç vaxt günaha qayıtmamalıdır, o cür ki, süd sinəyə bir daha qayıtmayacaqdır».

Bu hədisdən görürük ki, nusuh tövbəsi insanda elə bir inqilab yaradır ki, keçmişə qayıdışı tamamilə bağlayır, necə ki, südün sinəyə bir daha qayıtması qeyri-mümkündür.

Nusuh tövbənin qoyduğu təsirlərə baxsaq 5 böyük səmərə görərik:

1. Günahların bağışlanması.

2. İlahinin bol nemətli behiştinə daxil olmaq.

3. Günah pərdələrinin qalxdığı gündə rüsvayçılığın olmaması ehtimalı.

4. İman nuru və onların əməli onlardan qabaq və sağ tərəflərində hərəkət edəcəkdir və onların behiştə yolunu aydınladacaqdır. O nur ki, qabaqda hərəkət edir "əməl nuru"dur.

5. Allaha olan diqqətləri çoxalacaqdır və onları Allah dərgahına tərəf yönəldəcəkdir.

Beləliklə, bu mövzudan belə nəticə çıxara bilərik ki, geniş mərhəmət sahibi olan Allah insanlara iradə verir, günahları tanıdır və onlardan uzaq olmağa dəvət edir. Lakin hər birimiz yaxşı bilirik ki, həyatımızda irili-xırdalı bir çox günahlar işlətmişik. Qeybətdən tutmuş, sui-zənnə qədər. Lakin o rəhmət sahibi olan Müqəddəs Varlıq, yenə də öz ucalığını göstərək, bizlərin bu bataqlıqdan qurtarmağın yollarını söyləyir. Bu yol tövbədir, özü də xalis tövbə. Elə insanlar vardır ki, rahat günah işlədir və fikirləşirlər ki, tövbə edəcək, vəssəlam. O böyük rəhmət sahibi də onu bağışlayacaqdır. Ancaq söhbət xalis tövbədən gedir. O tövbədən ki, Peyğəmbər (s) və İmamlarımız (ə) bizlərə onu tanıdıblar. İlk növbədə işlətdiyimiz günahdan peşman olmalıyıq, günahı tərk etməliyik, çalışmalıyıq ki, gələcəkdə həmin günahı bir daha təkrar etməyək, günaha aidiyyəti olan şəxslərdən halallıq almalıyıq və nəhayət dilimizdə həmin tövbə kəlməsi olan "Əstəğfirullahə Rəbbi və ətubu iləyh" deməliyik. Allah cümləmizin günahlarına əfv qələmi çəksin. Amin!

Məşhədi Xanım, Dəyərlər

Səbir bütün çətinliklərin açarıdır

Biz Qurani Kərimdə çətinliklərə qalib gəlməyin ən əsas yollarından birinin səbir olduğuna dəfələrlə rast gəlirik. Quranda 70 dəfədən çox səbr haqqında danışılmışdır ki, onların 10-a yaxını şəxsən Peyğəmbərə (s) aid gəlmişdir.

Tarixdəki görkəmli şəxsiyyətlərin çoxu boyunlarına alırdılar ki, onların qələbələrinin mühüm amili səbr və dözüm olmuşdur. O kəslər ki, bu xüsusiyyətdən məhrumdurlar, çətinliklər qarşısında tez bir zamanda təslim olurlar. Onu da qeyd etməliyik ki, bu xüsusiyyətin insanların inkişafındakı rolu, nə imkanlara, nə də istedadlara bağılıdır. Ona görə də Quran Kərim bu mövzuya çox təkid etmişdir. Belə ki, buyrulur: "Ey o kəslər ki, iman gətiriblər, səbr və namazdan kömək alın" («Bəqərə» surəsi). Və sonra buyrulur: "Bu iki qüvvə ilə çətinliklər və ağır hadisələrin savaşına gedin ki, qələbə sizinlə olsun, çünki Allah səbr edənlərlədir".

Səbir heç də bədbəxtliklər qarşısında dözmək və özünü zillətə təslim etmək deyildir, əksinə səbir dedikdə hər çətinlik qarşısında göstərdiyimiz dözüm və mətanət nəzərdə tutulur. Və İslam hədislərində ən ali mərtəbəli səbir odur ki, asilik və günah üçün şərait yarandığı bir vaxtda insan müqavimət göstərib, günahın ləzzətinə göz yumsun.

Bəzi alimlər səbiri üç şaxəyə bölüblər: itaət zamanı səbir, günah qarşısında səbir və müsibət qarşısında səbir.

Səbir haqda İmam Sadiq (ə) maraqlı bir hədis nəql edir ki, o Həzrət (ə) dostlarından birinə buyurur: «O kəs ki, səbir edir, çox az bir müddətə səbir edir. Və o kəs ki, dözür, çox az müddətə dözür». Sonra buyurur: «Bütün işlərində səbrli və dözümlü ol, çünki Allah Təala da Muhəmmədi (s) peyğəmbərliyə seçdi və ona səbr etməyi və mehriban olmağı əmr etdi. "Onların dediyi hər sözün qarşısında səbrli ol və vacib olan zaman onlardan ayrıl, Ancaq bu ayrılma onları həqqə çağırmağa mane olmasın". O, yenə buyurdu: «Yaxşılıq etməklə pisliklərə qarşı dur ki, səninlə düşmən olanlar, bu vaxt səmimi dost olacaqlar. Və bu məqama səbir edənlərdən və imandan böyük bəhrə götürənlərdən başqa heç kim çatmayacaqdır».

Sonra əlavə etdi: «Peyğəmbər (s) səbr etdi, o vaxta qədər ki, bir çox töhmət oxları onu sancmağa başladı və onun ürəyi bu sözlərdən çox sıxıldı və Allah bu ayəni ona nazil etdi: "Bilirik ki, ürəyin onların sözündən çox sıxılıbdır, ancaq Allaha təsbih və həmd et və səcdə edənlərdən ol!"

Onu yenə də inkar etdilər və o çox qəmgin oldu və Allah bu ayəni nazil etdi: "Bilirik ki, onların sözləri səni çox qəmgin edir, ancaq bunu bil ki, onların məqsədləri səni inkar etmək deyildir. Bu zalımlar Allah ayələrini inkar edirlər. Səndən əvvəlki peyğəmbərlər də inkar olunublar, ancaq səbir ediblər. Onlar əziyyət olundular, ancaq səbir etdilər. O vaxta qədər ki, bizim köməyimiz onalara yetişdi" Peyğəmbər (s) yenə səbir etdi, o vaxta qədər ki, onlar hədlərini aşıb, Allaha pis sözlər deməyə başladılar və onu inkar etdilər.

Peyğəmbər (s) buyurdu: «Allahım! Mən özümə, ailəmə, abrıma görə səbir etdim. Amma Sənin müqəddəs məqamına edilən pis sözlər qarşısında səbir edə bilmirəm». Allah ona yenə səbrli olmağı əmr etdi və buyurdu: "Hər nə deyirlərsə, onların qarşısında səbrli ol!"

Sonra Həzrət (ə) əlavə edir: «Peyğəmbər (s) bütün çətinliklərin və müşkillərin qarşısında səbrli oldu və elə bu da səbəb oldu ki, Allah ona peyğəmbərin (s) nəslində imamların və rəhbərlərin olacağı müjdəsini verdi. Və bu imamlara da səbrli olmağı tövsiyə etdi...»

Bu yerdə peyğəmbər (s) buyurur: «Səbir imanın qarşısında sanki bədən qarşısında dayanan başa bənzəyir (yəni bədəni başsız təsəvvür edə bilmədiyimiz kimi, imanı da səbrsiz təsəvvür edə bilmərik). Və nəhayət bu dözüm və səbir müşriklərə qələbə çalmağa səbəb oldu. Və hidayət olunmayan bu müşriklərin intiqam alınma əmrini verdi. Bu onların bu dünyadaki mükafatı idi və bundan başqa axirətdə də onlar üçün mükafat hazırlayır."

Sonra İmam Sadiq (s) buyurur: "O kəs ki, səbr edə və onu Allaha tapşıra, bu dünyadan gedənə qədər düşmənlərinin məğlubiyyətini görər və bundan başqa axirətdə də onun üçün mükafatlar toplanar."

İmam Sadiq(ə) başqa hədisdə deyir:"O vaxt ki, dünya qəmləri ilə qarşılaşırsınız, dəstəmaz alın və məscidə gedin, namaz qılıb, dua edin, çünki Allah buyurub: Səbrdən və namazdan köməklik alın"

«Səbir» kəlməsi bəzi hədisələrdə oruc mənasında gəlir. Belə ki, insan bu böyük ibadət qarşısında səbir göstərir və iradəsi möhkəm, imanı güclü olur. Ona görə də bu ayənin təfsirində bəzi alimlər buyurur ki, Peyğəmbər (s) nə vaxt ki, çətinliklə üzləşirdi onu namaz və oruc sakit edərdi.

İmam Əlinin (ə) səbri tarixdə hamıya məlumdur. O səbrli şəxsiyyət həmişə çətinliklərlə üzləşdiyi zaman namaz qılar və bu ayəni tez-tez təkrar edərdi.

Beləliklə bu bəhsimizdən belə nəticəyə gələ bilərik ki, səbir biz müsəlmanların başlıca xüsusiyyətinə çevrilməlidir. Çünki peyğəmbər (s) və İmamlarımız (ə) da bu xüsusiyyətin sayəsində ali məqamlara çatmışdılar. Səbir etmək imanı gücləndirər və hətta peyğəmbərimiz (s) belə imanı səbrsiz təsəvvür edə bilmir və onu başsız bədən olmadığı kimi səbrsiz imanın olmadığını da xatırladırdı.

Allahım, bizə səbr və mətanət əta etsin. AMİN!!!

Məşhədi Xanım, «Dəyərlər»

Sizə xatir

Xəlq etdi yeri, göyləri Rəhman sizə xatir

Lütfüylə məxfirət edər, Sübhan sizə xatir.

Bir rəsmə bənzəyər bu cahan, rəssama əhsən.

Hər cizgidə qüdrət tapıb, iman sizə xatir

Aləm yaranıb Xaliqə şükr etməkdədir

Amandadır, qəlblər təki, ümman sizə xatir

Nazil olan çox surənin gəl batinin arasaq

Vəsvindədir hər ayeyi-Quran sizə xatir.

Ulduz da, günəş, Ay öz dairəsində

Cəzbindədir qəlblərdəki vicdan sizə xatir.

Hər guşədə tədqis edir Allahı mələklər,

Rəhmindədir cənnətdəki qılman sizə xatir

Var rəğbətimiz sizlərə bu zahiri şərtdir,

Vəhdət edə qəlblərdəki lisan sizə xatir.

Ey Qəmgüzar, aç əllərini göylərə imdadə yetincə

Əfv eyləyər, inşallah, Yaradan sizə xatir.

Qiyas Qəmgüzar

Ya Qərib

Ey Rza, ya pakizə məsum olanım, ya Qərib,

Ruhu gülzar içrə cismindəm solanım, ya Qərib

Silsilətüz-zəhəbindən iqrar etdin bir hədis

Mərv, Nişapur vəcdə gəlmiş həqq yayanım, ya Qərib

Səqəleyndir əmanət çün dinər Məşhər günü

Möhtərəmdir,Əhli- Beyt ilən, ya Qərib

Zəvvarın olmuş, fəqirlər höccət etmiş Rəbbidən

Lütvü Allahdan şəfahətdir həyanım, ya Qərib

Vardır istək təffab etməkçün ziyarət qəbrini

Sönməyən parlaq hərəmində dolanım, ya Qərib

Sən Əli övladısan ki, taxtı- tacda yox gözün

Tac ola aləm edər hüsni nihanım, ya Qərib

Yox Nəbi, Həzrət Əli, halına Zəhra ağlasın

Qəsd olunmuş canıva, qurban bu canım, ya Qərib

Qəmgüzartək çoxdu hümmətlərdə rətbət sizlərə

Çün bitər həsrət, gələr Sahib-Zəmanım, ya Qərib.

Qiyas Qəmgüzar

Bağlanmış keçid ölümə səbəb oldu

"Olimp" mağazasının yanında asfalt yolla keçən bir qadını maşın vurdu. Şahid olanlar, qadını vuran maşının hadisə yerindən qaçdığını bildirmişlər. Və polislərin tibbi yardım maşınını çağırıb, xeyli vaxt gözləmələri qadının ölümünə səbəb olmuşdur. Bir nəfər şahid də, qadının hər gün buradan keçdiyini bildirdi. Əvəllər yeraltı keçidlə, bu dəfə isə məcburən maşın yoluyla yolu keçən qadın, şikayət edərək deyirdi: "Bu keçidi niyə bağlayıblar, heç deyəsən təmir işləri də aparmırlar". Bəlkə də elə son kəlmələri bu olub.

Yadıma Türkiyənin çəkdiyi "Kurdlar vadisi" adlı film düşdü. Filmdə Polad adlı bir qəhrəman, cəsur obrazında göstərilir. Bir sujetdə düşmənlə mübahisə edir. Həmin düşmən, "Mən dövlətimin inkişafı üçün minlərlə insanı, öz əllərimlə qurban verməyə hazıram. Hətta qundaqda olan körpəni belə. Mənə əsas dövlətimin gəlirinin artması və dünyada birincilər sırasına daxil olmasıdır. Sən isə heç bir körpə uşağa da qıymarsan". Sanki biz filmdə gedən obrazı modelləşdiririk. Verilmiş qurban. Kimə və nəyə görə?

Tez -tez rastlaşdığımız şəkilli hasarlar, gələcəkdə Bakının qala divarlarını əvəz edəcək. Təmir işləri aparılsa da, aparılmasa da bağlar, binalar, evlər və bir çox yerlər beləcə dövrəyə alınır. İş-güc dalınca gedən camaat da, başqa yolla irəliləməyə məcbur olurlar. Nəticə isə göz qabağındadır. Odur ki, yolu keçərkən ehtiyatlı olun!

Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Balıq quyruğundan da iylənərmiş

Haqqın necə pozulması həmişə məni düşündürürdü. Haqqın pozulması deyiləndə yadıma məşhur atalar sözü düşür: "Balıq başdan iylənər." Görəsən həqiqətən bu yalnız belədir? Bu yanaşmada nəsə bir natamamlıq, balaca uyğunsuzluq görürdüm. Bu yaxınlarda ictimai nəqliyyatda gördüyüm bir hadisə məni düşündürən suala haradasa cavab verdi.

Mənim minikdə müşahidə etdiklərimin xülasəsi belə idi. Aeroport yolu istiqamətində gedən sərnişin daşıyan sürücülər, sərnişinləri öz qanuni qiymətlərindən yuxarı aparmaq istədikləri üçün, dispeçirlər tələb etmədən, onlara artıq rüşvət verirdilər. Sərnişinlər də heç bir etiraz etmədən həmin pulu ödəyirdilər. Nəticə etibarı ilə həm kiçik məmurlara, özləri tələb etmədən rüşvət təklif etməklə, həm də sərnişinlərdən artıq pul aldıqlarına görə ikiqat zülm etmiş olurlar. Sərnişinlər də bu mənzərəyə sakit və laqeyd yanaşmaqla həm özlərinə, həm də sürücüyə etiraz etmədiklərinə, sürücü də müvafiq olaraq, öz işində cəsarət tapdığına görə sürücüyə zülm etmiş olurlar.

O an anladım ki, nəinki haqq, bu atalar misalında gətirilmiş prinsip tək "yuxarıdan aşağı" deyil, sən demə, "aşağıdan yuxarı" da pozulurmuş.

Bəlkə də Qiyamət günü zalım hakimlər onların tabeçiliyində olan insanlardan şikayət edəcəklər. Deyəcəklər: "İlahi, biz etdiyimiz günahda, zülmdə sərxoş və qafil olmuşduq. Bu insanlar bizə heç bir etiraz etmədiklərinə görə biz bir az da cürət tapmışdıq". Necə ki, Qurani-Kərim də buna işarə edərək buyurur: «(Allah, yaxud həmin mələk) deyəcək: "Siz də, sizdən qabaq ( gəlib) keçmiş cin və ins ümmətləri içərisində oda daxil olun". Hər bir dəstə daxil olan zaman öz dindaşlarını və tayfadaşlarını (yoldan azdırdıqları üçün) lənətləyər. Nəhayət orada hamısı toplandığı zaman sonrakılar (tabe olmuş dəstə) əvvəlkilər (rəhbərlər) barəsində deyərlər: "Ey Rəbbimiz, bizi azdıranlar bunlardır, buna görə onlara ikiqat cəhənnəm əzabı ver". Allah buyuracaq: "hər biriniz üçün ikiqatdır (rəhbərlər üçün yolu azmaq və başqalarını azdırmaq əzabı, tabe olanlar üçün isə azmaq və küfrü qüvvətləndirmək əzabı). Və lakin siz bilmirsiniz". Rəhbərlər öz tabeçilərinə " sizin bizdən heç bir üstünlüyünüz yoxdur (ki, əzabın azaldılmasına səbəb olsun), buna görə əldə etdiklərimizin cəzası olaraq dadın Allahın əzabını" deyəcəklər». («Əraf» surəsi, 38-39)

Nəcəf Abbaszadə,
«Dəyərlər»in oxucusu