Yəqin ki, çoxunuzun xəbəri var. O gün ABŞ özünə yeni prezident seçdi. Özü də bu seçkilər o biri seçkilərə bənzəmir.
Düz iyirmi bir aydır ki, Con Makkeyn ilə Barak Obama marafona çıxmışdılar. Az getdilər, düz getdilər, axırı o gün finişə birinci Obama çatdı. Rəsmi olmayan nəticələrə görə Obama qazanmaq üçün lazım olan 270 nümayəndənin səsindən daha artığını, 338-ni qazanaraq Amerikanın ilk qara prezidenti oldu.
Məni ən çox maraqlandıran ağ amerikalıların qara dərili namizədə səs verməsidir. Bir zamanlar kölə olaraq istifadə edilən qara zəncilərin insan olub-olmadığını müzakirə edən Amerika bu gün özünə qaradərili prezident secir. Deyəsən dünya tərsinə dönür. Ya da indiyədək tərsinə dönürdü, indi düzəlib. Çünki Amerikada qaradərili-ağdərili söhbəti azərbaycandakı “dedovşina” hadisələrindən daha aktualdır.
Amerika heç vaxt özünə qara dərili prezident istəməyib. Siz heç özünüzə sual vermisiniz ki, nəyə görə ABŞ-da prezident iqamətgahı “Ağ ev” adlanır? Mən vermişəm. Cavabında özümsayağı tapmışam. ABŞ-da prezident iqamətgahı ona görə “Ağ ev” adlanır ki, oranın sahibinin rəngi həmişə ağ olur. Amerika yaranandan belədir. Onlar adam yerinə qoymadıqları qara dərililəri heç vaxt o evin sahibi ola biləcəklərini fikirləşməyiblər. Necə ki, “azərbaycanlı məmur mütləq rüşvət almalıdır” stereotipi var. Amerikada da “prezident ağ olmalıdır” stereotipi mövcuddur.
Öz aramızda qalsın, demokratiya, seçilmək hüqüqü bunlar boş şeylərdir.
Əsas məsələ rəng məsələsidir. Rəngin ağdır - gəl gir öz rəngində olan bu Ağ evə. Yox rəngin qaradısa - uzan öl.
Əvvəldə qeyd etdiyim kimi, bu seçkilər mahiyyət etibari ilə o birilərindən fərqlənir. Amerikada istər prezident, istər qubernator bir sözlə bütün seçkilərində “Bredli Effekti” baş verirdi. Bu ifadə Kaliforniya qubernatoru postuna seçkilər zamanı qaradərili Tom Bredlinin rəy sorğularında rəqibindən xeyli qabaq olmasına baxmayaraq, uduzmasından sonra qəbul olunub. Yəni seçkidən əvvəl qara dərəlilərin reytinq üstünlüyü olsada adətən bu seçkilərdə özünü doğrultmurdu. Ancaq indi Obamanın reytinqi gözlənildiyindən də çox oldu. Barak Obama “Bredli Effekti”-ni sındırdı.
Dostlarım həmişə deyirdi ki, “əşi bu amerikalılar nə qədər Obama-Obama desə də axırda seçki vərəqəsini əlinə alanda deyəcək ki, yox eee bu qara dərilidi qoy o birinə səs verim.”
Nə isə hələ rəsmi açıqlama olmadığından bəlkə də danışmaq tezdir. Çox güman ki, rəsmi nəticələr qeyri-rəsmi nəticə ilə üst-üstə düşər.
“Ağ ev”, gözlə qara dərili sahibini. O çantasını hazırlayır. Bəlkə də gələndə ilk işi Ağ evi qara rəngə boyamaq olacaq.
Çünki, “Ağ ev”-in ağ sahibi olar, “Qara ev”-in qara. Ağ evin qara sakini olması, Qara evin ağ sakini olması qədər absurddur...
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий