Biz Qurani Kərimdə çətinliklərə qalib gəlməyin ən əsas yollarından birinin səbir olduğuna dəfələrlə rast gəlirik. Quranda 70 dəfədən çox səbr haqqında danışılmışdır ki, onların 10-a yaxını şəxsən Peyğəmbərə (s) aid gəlmişdir.
Tarixdəki görkəmli şəxsiyyətlərin çoxu boyunlarına alırdılar ki, onların qələbələrinin mühüm amili səbr və dözüm olmuşdur. O kəslər ki, bu xüsusiyyətdən məhrumdurlar, çətinliklər qarşısında tez bir zamanda təslim olurlar. Onu da qeyd etməliyik ki, bu xüsusiyyətin insanların inkişafındakı rolu, nə imkanlara, nə də istedadlara bağılıdır. Ona görə də Quran Kərim bu mövzuya çox təkid etmişdir. Belə ki, buyrulur: "Ey o kəslər ki, iman gətiriblər, səbr və namazdan kömək alın" («Bəqərə» surəsi). Və sonra buyrulur: "Bu iki qüvvə ilə çətinliklər və ağır hadisələrin savaşına gedin ki, qələbə sizinlə olsun, çünki Allah səbr edənlərlədir".
Səbir heç də bədbəxtliklər qarşısında dözmək və özünü zillətə təslim etmək deyildir, əksinə səbir dedikdə hər çətinlik qarşısında göstərdiyimiz dözüm və mətanət nəzərdə tutulur. Və İslam hədislərində ən ali mərtəbəli səbir odur ki, asilik və günah üçün şərait yarandığı bir vaxtda insan müqavimət göstərib, günahın ləzzətinə göz yumsun.
Bəzi alimlər səbiri üç şaxəyə bölüblər: itaət zamanı səbir, günah qarşısında səbir və müsibət qarşısında səbir.
Səbir haqda İmam Sadiq (ə) maraqlı bir hədis nəql edir ki, o Həzrət (ə) dostlarından birinə buyurur: «O kəs ki, səbir edir, çox az bir müddətə səbir edir. Və o kəs ki, dözür, çox az müddətə dözür». Sonra buyurur: «Bütün işlərində səbrli və dözümlü ol, çünki Allah Təala da Muhəmmədi (s) peyğəmbərliyə seçdi və ona səbr etməyi və mehriban olmağı əmr etdi. "Onların dediyi hər sözün qarşısında səbrli ol və vacib olan zaman onlardan ayrıl, Ancaq bu ayrılma onları həqqə çağırmağa mane olmasın". O, yenə buyurdu: «Yaxşılıq etməklə pisliklərə qarşı dur ki, səninlə düşmən olanlar, bu vaxt səmimi dost olacaqlar. Və bu məqama səbir edənlərdən və imandan böyük bəhrə götürənlərdən başqa heç kim çatmayacaqdır».
Sonra əlavə etdi: «Peyğəmbər (s) səbr etdi, o vaxta qədər ki, bir çox töhmət oxları onu sancmağa başladı və onun ürəyi bu sözlərdən çox sıxıldı və Allah bu ayəni ona nazil etdi: "Bilirik ki, ürəyin onların sözündən çox sıxılıbdır, ancaq Allaha təsbih və həmd et və səcdə edənlərdən ol!"
Onu yenə də inkar etdilər və o çox qəmgin oldu və Allah bu ayəni nazil etdi: "Bilirik ki, onların sözləri səni çox qəmgin edir, ancaq bunu bil ki, onların məqsədləri səni inkar etmək deyildir. Bu zalımlar Allah ayələrini inkar edirlər. Səndən əvvəlki peyğəmbərlər də inkar olunublar, ancaq səbir ediblər. Onlar əziyyət olundular, ancaq səbir etdilər. O vaxta qədər ki, bizim köməyimiz onalara yetişdi" Peyğəmbər (s) yenə səbir etdi, o vaxta qədər ki, onlar hədlərini aşıb, Allaha pis sözlər deməyə başladılar və onu inkar etdilər.
Peyğəmbər (s) buyurdu: «Allahım! Mən özümə, ailəmə, abrıma görə səbir etdim. Amma Sənin müqəddəs məqamına edilən pis sözlər qarşısında səbir edə bilmirəm». Allah ona yenə səbrli olmağı əmr etdi və buyurdu: "Hər nə deyirlərsə, onların qarşısında səbrli ol!"
Sonra Həzrət (ə) əlavə edir: «Peyğəmbər (s) bütün çətinliklərin və müşkillərin qarşısında səbrli oldu və elə bu da səbəb oldu ki, Allah ona peyğəmbərin (s) nəslində imamların və rəhbərlərin olacağı müjdəsini verdi. Və bu imamlara da səbrli olmağı tövsiyə etdi...»
Bu yerdə peyğəmbər (s) buyurur: «Səbir imanın qarşısında sanki bədən qarşısında dayanan başa bənzəyir (yəni bədəni başsız təsəvvür edə bilmədiyimiz kimi, imanı da səbrsiz təsəvvür edə bilmərik). Və nəhayət bu dözüm və səbir müşriklərə qələbə çalmağa səbəb oldu. Və hidayət olunmayan bu müşriklərin intiqam alınma əmrini verdi. Bu onların bu dünyadaki mükafatı idi və bundan başqa axirətdə də onlar üçün mükafat hazırlayır."
Sonra İmam Sadiq (s) buyurur: "O kəs ki, səbr edə və onu Allaha tapşıra, bu dünyadan gedənə qədər düşmənlərinin məğlubiyyətini görər və bundan başqa axirətdə də onun üçün mükafatlar toplanar."
İmam Sadiq(ə) başqa hədisdə deyir:"O vaxt ki, dünya qəmləri ilə qarşılaşırsınız, dəstəmaz alın və məscidə gedin, namaz qılıb, dua edin, çünki Allah buyurub: Səbrdən və namazdan köməklik alın"
«Səbir» kəlməsi bəzi hədisələrdə oruc mənasında gəlir. Belə ki, insan bu böyük ibadət qarşısında səbir göstərir və iradəsi möhkəm, imanı güclü olur. Ona görə də bu ayənin təfsirində bəzi alimlər buyurur ki, Peyğəmbər (s) nə vaxt ki, çətinliklə üzləşirdi onu namaz və oruc sakit edərdi.
İmam Əlinin (ə) səbri tarixdə hamıya məlumdur. O səbrli şəxsiyyət həmişə çətinliklərlə üzləşdiyi zaman namaz qılar və bu ayəni tez-tez təkrar edərdi.
Beləliklə bu bəhsimizdən belə nəticəyə gələ bilərik ki, səbir biz müsəlmanların başlıca xüsusiyyətinə çevrilməlidir. Çünki peyğəmbər (s) və İmamlarımız (ə) da bu xüsusiyyətin sayəsində ali məqamlara çatmışdılar. Səbir etmək imanı gücləndirər və hətta peyğəmbərimiz (s) belə imanı səbrsiz təsəvvür edə bilmir və onu başsız bədən olmadığı kimi səbrsiz imanın olmadığını da xatırladırdı.
Məşhədi Xanım, «Dəyərlər»
Комментариев нет:
Отправить комментарий