понедельник, декабря 22, 2008

Meracın məqsədi

(təfsir-nümunə əsasında)

Merac haqqında Qurani Kərimin «Əsra» surəsində bəhs olunmuşdur. Bu səfər haqqında alimlərin çoxu da öz fikirlərini bildiriblər. Lakin onların bəziləri Peyğəmbərimizin(s) cismi və ruhu ilə meracda olduğunu qəbul edə bilmirlər və bunu bir yuxuya bənzədirlər.

Ancaq Peyğəmbərin (s) cismi meracı nə ağıla, nə də elmə ziddir. Onun təfsiri də «Əsra» surəsində geniş verilir.

Bəs meracın məqsədi nə idi? Peyğəmbərin (s) batini şuhuda çatması bir tərəfdən və Allahın əzəmətini öz gözləri ilə görmək başqa bir tərəfdən buna cavab ola bilər. Eyni zamanda mələklər, cənnət əhli, peyğəmbərlərin ruhları və cəhənnəm əhlini müşahidə etmək mühüm məsələlərdən biridir ki, mübarək ömrü boyunca Allahın bu təlim-tərbiyəsindən ilham almışdı.

İslami hədislərdə merac məsələsi müxtəlif cür verilib. Elə ona görə də bu hədisləri 4 qrupa bölürlər:

1. O hədislər ki, dövrü olduqları üçün qətidir. (yəni səhihdir).

2. O hədislər ki, onların qəbul edilməsinə heç bir əqli mane yoxdur.

3. O hədislər ki, zahiri Quran ayələri və İslam hədisləri ilə ziddiyyət təşkil edir, ancaq izah olunandır.

4. O hədislər ki, batil və əsassız mövzulara aiddir ki, heç cür qəbul oluna bilməz.

Bu hədislərdən məlum olur ki, Peyğəmbər(s) bu səma səfərini bir neçə mərhələdə qət etmişdir.

Meracın birinci mərhələsi Məscidül-Həram ilə Məscidül-Əqsa arasında olmuşdur. Bəzi hədislərə əsasən Peyğəmbər (s) Mədinəyə enir və orada namaz qılır. O, həmçinin Məscidül-Həramda böyük peyğəmbərlərin - İbrahim, Musa və İsa (ə) kimi peyğəmbərlərin ruhları ilə namaz qılır və bu namazda imam-camaat Həzrət Peyğəmbər (s) olub. Ondan sonra Peyğəmbərimizin (s) səma səfəri başlayır. Və yeddi qatlı asimanı bir-birinin ardınca geridə qoyur və hər bir qatda yeni bir səhnənin şahidi olur. Peyğəmbərlərə, mələklərə və başqa qatda cəhənnəm əhlinə, başqa yerdə cənnət əhlinə rast gəlir. Peyğəmbər (s) onların hər birindən öz mübarək zehnində qiymətli xatirələr saxlayır. Və yeri gəldikcə öz ümmətinin təlim-tərbiyəsində bunlardan misallar gətirərdi.

Və bu onu göstərir ki, bu səfərin ən mühüm məqsədlərindən biri tərbiyəvi əhəmiyyət daşımasıdır.

Əlbəttə, Peyğəmbərimizin (s) bu səfərdə müşahidə etdiyi cənnət və cəhənnəm Qiyamət cənnət və cəhənnəmi deyil, bərzəx cəhənnəm və cənnətidir. Çünki Qurani-Kərim Qiyamət cəhənnəm və cənnətinin ancaq Qiyamət günündən sonra olacağına şəhadət verir.

Və nəhayət ki, yeddinci qat gəlib çatır və orada nur hicablarını müşahidə edir. Peyğəmbər (s) o nur aləminə daxil olur və Allah Təala ilə ünsiyyət edir. Allah Təala ona bir çox tövsiyələr və əmrlər verir ki, bizim dövrümüzə onlar "Qüdsi Hədislər" şəklində gəlib çatmışdır.

Və bu nöqtəyə diqqət edək ki, Peyğəmbər(s) bu səfərin bəzi yerlərində Həzrət Əlini (ə) yanında müşahidə edir. Bu hədisi belə təfsir edirlər ki, bu, peyğəmbərdən (s) sonra Əlinın (ə) məqamının aliliyinə dəlalət edir.

Bütün bu hədislərdə əsrarəngiz sözlər çoxdur və onların məzmunu kəşf etmək heç də asan deyildir. Ona görə də bu hədislərin həqiqi təfsirini Məsumlar (ə) ediblər.

Beləliklə, mövzumuzu İmam Sadiqdən (ə) gələn hədislə nəticələndirə bilərik. İmama (ə) meracın səbəbi haqqında verilən suala o Həzrət (ə), belə cavab verir: «Allahın heç vaxt məkanı, yeri yoxdur və zaman onun üçün işləmir. Ancaq O istədi ki, mələklər və səma əhli, peyğəmbərin (s) onların arasına gəlməsinə ehtiram göstərsinlər. Və əzəmətlərinin heyrətini Peyğəmbərə (s) göstərsinlər ki, o, qayıdandan sonra bu haqda ümmətinə danışsın».

Allah cəmi iman əhlinə islam maarifini əldə etməkdə tofiqatını nəsib etsin. Amin!

Məşhədi Xanım,

«Dəyərlər»

Комментариев нет: