понедельник, декабря 22, 2008

Sədəqə nədir?

İnsanlarla ünsiyyət, həqiqətdə Allah ilə ünsiyyət və rabitənin nəticəsidir. O insan ki, Allaha bağlıdır və bütün ruziləri özündən deyil, Allahdan bilir və ona verilən bu canı əmanət olaraq qəbul edir. Bir əmanət ki, nə vaxtsa ondan alınacaqdır. Belə insan Allah yolunda bəxşiş verməkdən heç də narahat olmaz, əksinə xoşhal olar.

Belə ki, Allahın ona verdiyi malı Allah bəndələrinə verər və əvəzinə Allah Təala ona maddi və mənəvi bərəkət əta edər. Bu təfəkkür tərzi insan ruhunu paxıllıqdan və həsəddən pak edər və bu dünyada ki, hər kəs qonaqdır, ixtiyarında olan ruzidən ehtiyacı olanlara verər. Elə bil ki, günəşdir, öz nurunu verir, ancaq əvəzində heç bir bəxşiş gözləmir.

İmam Sadiqdən (ə) gələn hədislərin birindən deyilir: «Elm və biliklərdən ki, onlara təlim verdik nəşr edib, ehtiyacı olanlara öyrədirlər».

Bu hədisdə göründüyü kimi söhbət elmin infaqından (xərclənməsindən) gedir, amma biz daha çox malın infaqı haqqında eşitmişik. Və İmam (ə) mənəvi infaq haqqında danışaraq, onun mənasının genişliyini göstərmək istəmişdi. Yəni alim də elmin zəkatını verməlidir.

Həzrət Peyğəmbərdən (s) belə bir hədis nəql olunur: «Sədəqə kasıbın əlinə keçməzdən əvvəl Allahın əlinə çatır».

İmam Səccaddan (ə) gələn hədisdə isə deyilir: "Allahın əlinə keçən sədəqə bəndənin əlindən düşməz".

Hətta bəzi rəvayətlərdə verilir ki, bu bəndələrin hər bir əməli mələklərə təhvil verilir, ancaq sədəqə birbaşa Allaha çatar.

İmam Sadiqdən (ə) gələn hədisdə deyilir: "O kəs ki, zəkat verir – paxıllıq və hirsdən azad olar".

Bundan başqa hədislərdən bunu da öyrənirik ki, infaq günahların bağışlanmasına səbəb olan amillərdən biridir. Eyni zamanda Allah verilən hər bir sədəqəni bir neçə dəfə artırar.

Bütün bu hədislərdən belə nəticəyə gələ bilərik ki, sədəqə müsəlmanların Allaha yaxınlaşmasının, yəni qurbi-İlahiyə çatmağın yollarından biridir. Sədəqə paxıllığı, həsədi aradan aparar, sədəqə günahların bağışlanılmasına bir vasitə ola bilər. Sədəqə elə bir əməldir ki, birbaşa Allaha çatar. Ona görə Allahın bizə verdiyi nemət və bərəkətlərdən biz də ehtiyac sahiblərinə verək.

Ancaq gəlin bizim dövrümüzdə verilən sədəqələrə nəzər salaq, görəsən bu sədəqələr Məsumlarımızın (ə) bizlərə söylədiyi həmin sədəqədirmi? Məscidlərimizin girişində birinci rast gəldiyimiz şey sədəqə qutusudur. Küçələrdə cavanından tutmuş qocasına qədər, qaraçısından tutmuş yalançı şikəstlərinə qədər hamı sədəqə istəyir. Sədəqənin bu qədər şişirdilməsi düzdürmü? Və həmin bu sədəqələr görəsən doğrudandamı ehtiyacı olanlara çatır, qeyri-məchul yerlərə deyil?!

İnsanların Allah dərgahında bağışlanılmasının tək yolunun sədəqə olduğunu söyləmək də düz olmazdı. Belə ki, müasir insanlar bütün sahələrdə rahatlıq axtardıqları kimi dində də rahatlıq axtarırlar. Belə ki, çoxlu sayda günah edir və onun bağışlanmasının tək yolunu sədəqə verməkdə görürlər. Bunu da qeyd etmək lazımdır ki, hədislərdə oxuduğumuz kimi sədəqə o zaman öz həqiqi mənasını tapar ki, verən insan onu səmimi qəlbdən verir, alan isə ehtiyac sahibi olmalıdır. Və günahların bağışlanmasının tək yolunun da bu olmadığına da işarə etmək istəyərdik. Bəs tövbə, bəs istiğfar, bəs günahdan peşman olub ona qayıtmamağa verdiyimiz sözlər, bəs insanlardan halallıq almaq?! Bunlar necə günahlamızın bağışlanmasını yolları deyilmi? Ona görə sədəqə Allah dərgahında xüsusi məqama malik olduğu kimi tövbəni, istiğfarı da gərək yaddan çıxartmayaq və ehtiyac sahiblərinə sədəqə verək.

Allahım, bizləri infaq edənlərdən qərar ver!

Məşhədi Xanım,

«Dəyərlər»

Комментариев нет: