вторник, сентября 30, 2008

Fürsətdir


Fürsətdi, yetək Xaliqə, mehman ramazanda

Zəncirlənər,eylər sükut, şeytan ramazanda

Nemətdi bu ay, batinini dərk edə bilsək

Məhbustəki, azad olar, insan ramazanda

Bihudə keçən ömrünü, yandır orucunla

Əfh eyləyər inşallah ki,Rəhman ramazanda

On bir ay üçün, möcüzə, sultan seçilibdir

Aləmlərə rəhmət gəlib Quran ramazanda

Mömündü o kəs, göz-qulağı, dili orucdur

Təcəlla edər imanına, nurdan ramazanda

İslahi-məğfirətilən əhvin məqamıdır,

Vasitə qoyub məqamını, Subhan ramazanda

Adəm bu cahan içrə olub, Faili-Muxtar

Nəhy eylə,qoru cismini oddan ramazanda

Həsrətlə Əli Məşuqə qovuşmaq həvəsiylə

Vüsalına çatmış, o vücud can ramazanda

İlahi ziyafətdədir müşkülləri həlli

Nəsib olar, Zəvvarına fürqan ramazanda

Ey Qəmgüzar, kaş əlbir ola

Əhli-müsəlman cahan içrə

Vəhdət edə on iki ayı hər yan ramazanda
Qiyas Qəmgüzar

Çexiyada islam

Bu gün Çexiya müsəlman imiqrantlarının sayının çox da olmadığı Avropa ölkələri siyahisına daxildir. İlk öncə bu vaxtı ilə koloniyalaşdırma siyasətinin olmaması, habelə Asiya və Afrika ölkələrindən gələnlərin çətinliklə buralara adaptasiyası ilə izah olunur. Bununla belə bəzı ıstısnayi hallar da mövcuddur. (islam ru)

Qeyd olunanlarla yanaşı, Çexiyanın məxsusi etnik tərkibinin də olmasını qeyd etmək lazimdır.

İlk olaraq Çexiya digər Avropa ölkələrindən fərqli olaraq az sayilmayacaq sayda slavyandilli müsəlmanlar var. Bunlara əsasən Makedonoya, Xorvatiya, Bosniya və Herseqovina, Yuqaslaviyanın digər əyalətləri, Bolqariya və keçmiş SSRİ dövlətlərinin millətlərinə aid müsəlmanlar aiddir.

Bir çox müsəlmanlar İraqdan, Əfqanıstandan, Livandan siyasi qaçqın olaraq Çexiyaya pənah gəyiriblər.

Bir hissə müsəlmanları isə o zümrə təşkil edir ki, onları bu ölkəyə biznes maraqları çəkib gətirib və ya Qərbə getmək üçün tranzit dayanacaq olaraq bu ölkəni seçiblər.

Nəhayət müsəlman camiəsinin bir hissəsini isə etnik çexlər təşkil edir. O çexlər ki, İslama yeni müraciət ediblər və ya çex müsəlman ailələrində dünyaya gəliblər.

Qeyd etmək lazımdır ki, İslamın Çexiyaya gəlişi zəngin tarixin daha öncələrinə gedib çıxır.

Çexiya qeyri-teokratik dövlətdir. Burada müsəlman çexlərin sayını dəqiqləşdirmək mümkün deyil. Lazim gəlir ki, bu işlərdən ötrü islami cəmiyyətlərin məlumatlarına əsaslanaq. Hansı ki, ölkənin əsas olaraq Praqada, Teplisdə, Brnoda yerləşən 3 məscidi ətrafında fəaliyyət göstərirlər. Müxtəlif statistikalara görə, onların sayı 10-20 min arasında qeyd olunur.

Quranın ilk sözü "OXU! YARADAN RƏBBIN ADIYLA OXU!"olub. Bu baxımdan islam ilk olaraq "təhsil" şüarı və anlam olaraq genişlənirdi. Həzrət Peyğəmbər (ə) buyurub: "Elmi öyrən, hətta Çində də olsa". Heç də təəccüblü deyil ki, dünyaya bəxş olunmuş islam mütəfəkkirləri əsasən o ölkələrdən çıxırdı ki, hansılar ki, silah gücünə deyil, məntiq və elm gücünə fəth olunmuşdu. Bura əsasən böyük islam cameəsini təşkil edən Malaziya və İndoneziya də daxildir. Bu ssenarini biz Çexiyada da müşahidə edirik.

İslamın bu ölkədə yayılması hələ Asiya, Afrika və Qərbi Avropa emiqirantlarindan çox əvvəl başlayıb. Hər şeydən əvvəl yerli intellekt sahiblərinin təşəbbüsləri sayəsində və bunlarin parlaq nümayəndəsi Şilxavi (1937-cı ildə tələbə vaxtlarında islamı qəbul edib və adını dəyişərək Muhamməd Əli qoyub) olmuşdur. Habelə digər simalar: 1930-cu il çex müsəlmanlarının əsasını təşkil edən şərqşünas İrji Bıcka, Qurani-Kərimin çex dilinə tərcüməçisi İvan Qarbikin, general Fondrjuxun səyləri nəticəsində İslam Çexiyada faşıst qəsbikarlarının və kommunist diktatura illərini arxada qoymağı bacardılar. Bu baxımdan kommunist rejiminin cixmasından sonra ölkədə yaranan mənəvi vakuumun fonunda 10-20 min etnik çexin İslamı qəbul etməsı heç də təəççüblü deyil.

80 faiz əhali özlərini ateist hesab edirlər. Kilsələr Çexiyada ən az ziyarət olunan yerlərdəndir.

İslam özünün zəngin elmi və mədəni irsi ilə burada istisna təşkil etmir. Zira burada qədimdən yəhudilik və xristianlıq kök sala bilimişdir.

Nə qədər çex müsəlmanları tək dini deyil, ictimai həyatda da öz həmvətənlərinə nümunə olacaqlar, bir o qədər İslamın Çexiyada qonşu ölkələrə nümunə olmaq şansı coxalacaq. Hansi ki, çağdaş Avropanın can atdığı müxtəlif dünyagörüşlü svilizasiyaların dialoq və ümumi prinsiplər əsasında təşkil olunmuş nümunəvi bir dövlət modelinə çevriləcək.

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

İftar və imsaklara diqqət edilməli

Əsasən qazlı sulardan uzaq durmalı, xəmir xörəkləri və balıq məhsulları digər qidalarla əvəz edilməlidir. Xüsusən də isti vaxtlarda ayran, süd və meyvə sularından bolluca istifadə etmək məsləhətlidir.

Artıq hamılıqla mübarək bir İlahi ziyafətdəyik. Dinimiz insanlara bu ayda oruc tutmağı əmr etmişdir. Hər bir inanc insanı bu aydan yetərincə faydalanmağa can atır. Oruc insanın mənəvi saflaşması ilə yanaşı onun fiziki sağlamlığına da öz müsbət təsirlərini edir.

Məlumdur ki, insan orqanizmində şəkər, yağ və zülal maddələri ilə təmin edilmək üçün ehtiyat mənbələri mövcuddur. Onların işə düşməsi nəticəsində bədəndəki orqanların yenidənqurma prosesi gedir. Alimlər sübut etmişlər ki, oruc tutmaqla orqanizmdəki həmin ehtiyat qüvvələr işə düşür. İnsanın həzm sistemi dincəlir və özünü yeniləşdirir. İl ərzində fasiləsiz olaraq işləyən, bədəndəki yağları həzm edən ödü hazırlamaqdan tutmuş, bir çox digər funksiyaları yerinə yetirən qaraciyərə kimi orqanlar dincəlir, köhnə maddələri buraxıb lazımi yeni maddələr qəbul edir. Oruc tutmaq nəticəsində bağırsağın selikli qişasındakı bəzi köhnə hüceyrələr məhv olur, yenilər yaranır. Selikli qişa təzələndiyi üçün həzm prosesi də yaxşılaşır.

Oruc dalaq, ürək, qan-damar sisteminin yeniləşməsinə, ifrazat sisteminə də müsbət təsir göstərir. İfrazatla bağlı əsas orqan olan böyrəklər çox qida qəbul edərkən yüklənir və “yorulur”. Oruc tutmaq nəticəsində böyrəklər dincəlir və norma fəaliyyətini bərpa edir. Oruc tutmaq maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır; nəticədə orqanizm tullantılardan və toksik maddələrdən təmizlənir.

Amma bizlər əksər hallarda bu ayda düzgün qidalanmamağımız nəticəsində fikizi çətinliklərlə üzləşirik. Bu əksər hallarda artıq piylənmədə (və ya zəiflikdə) və mədə-bağırsaq sisteminin korlanmasında özünü göstərir. Bu cür xoşagəlməz halların baş verməməsi üçün mübarək dinimizdə bir sıra tövsiyələr vardır. Xüsusən bu il və bundan sonra gələcək olan Ramazan aylarının yay fəslinə təsadüf edəcəyini nəzərə alaraq qidalanmaya daha da diqqət yetirmək lazımdır.

İsti vaxtlarda oruc tutarkən bəzi şeylərə diqqət yetirilməlidir. Burada əsasən qazlı sulardan uzaq durmalı, xəmir xörəkləri və balıq məhsulları digər qidalarla əvəz edilməlidir. Xüsusən də isti vaxtlarda ayran, süd və meyvə sularından bolluca istifadə etmək məsləhətlidir. Bundan əlavə gün ərzində (imsak və iftarda) 8-10 stəkan su içilməlidir.

Oruc tutarkən diqqət edilməli digər bir şey isə tərkibində kalsiumu və proteini çox olan qidaların qəbuludur. Bunun üçün ən gözəl vasitə məhz süd məhsulları, göyərti və meyvələrdir. Gün ərzində itirdiyimiz kalsium və proteinləri iftardan imsaka qədər ödənilməlidir.

Allah oruclarınızı qəbul etsin!

Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Buşun xələfi,

yaxud missiya etibarlı əllərdədir


(əgər hakimyyətə gələrsə təbii ki.)

Sizə kimdən deyim, kimdən deməyim? Sələfindən uzaq qaçan Makkeyindən fərqli olaraq sələfinin əziz xələfi Sara Palindən. Makkeynin sələfi Buşdan ildırım sürətilə qaçmasına baxmayaraq onun vitse-prezidentliyə namizədi xanım Palin sələfinin xəttini davam etdirməkdə özünü "inamlı" göstərir.

ABŞ-da respublikaçıların vitse-prezidentliyə namizədi Sara Palin amerikan əsgərlərinin İraqa "Tanrı tərəfindən" göndərildiyini iddia etdi. O, bunu Alyaskadakı kilsədə toplanan keşiş məktəbi şagirdlərinə xitab olaraq etdiyi çıxışında bildirib. Maraqlıdır, deyilmi?

Çox yaxın keçmişdə C.Buş İraqa müdaxiləsini ona "səmadan gələn səslərlə" əlaqələndirmişdi. Deyəsən Alyaska goburnatının da qulağına eyni səslər gəlməyə başlayıb. Belə getsə bu səslərin sədası digər müsəlman ölkələrindən gələcək… Allah eləməmiş, Makkeyn hakimiyyətə gələrsə.

Vitse-prezidentliyə namizədin internetdə nümayiş olunan video görüntülərində rahiblərdən İraqdakı amerikan əsgərləri üçün duaçı olmalarını istəyir: "Qadın və kişi əsgərlərimiz üçün dua edək; onlar "haqq" üçün çalışırlar. Bu ölkə üçün, idarəçilərimiz üçün, milli rəhbərlərimiz üçün dua edək. Onlar "Tanrıdan gələn bir vəzifə üçün"(?!) əsgər göndərir. Bu Tanrının planıdir".

Daha sonra Palin şagirdlərdən Alyaskada tikiləcək 30 milyard dollarlıq təbii qaz boru kəməri üçün dua etmələrini istəyir və "Təbii qaz kəmərini tikmək üçün şirkətləri və şəxsləri bir araya gətirəcək olan Tanrının iradəsidir. Onun üçün dua etməliyik" deyir.

Həşəmətli demokratiya carçısının "müqəddəslik libasındakı" əziz xələfi Palinin tarixi çıxışını ehtiva edən video görüntü 2002-ci ilə qədər üzvü olduğu "Wasilla Assembly of God" kilsəsinin internet saytında nümayişə qoyuldu. Onun bu üzvlüyü də sayta töhfəsiz ötüşməyib. Ona olan "inamın bəhrəsi" nəticəsində sayt internet istifadəçilərinin hücumu qarşısında bağlanıb.

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

BUŞ MAKKEYNİN EVİNİ YIXDI

Son günlər Obamanın dəstəkçiləri sırasına biri də daxil oldu. Bu "Bizə lazım olan prezident – Makkeyndir" deyə hayqıran Corc Buşdur. ABŞ tarixində daim "respublikaçı sülhpərvər demokratiya ixracatçısı"* kimi qalacaq Buş "sevgilərlə" tarixin gül baxçasına qovuşmaqdadır. Respublikaçı olsa da, indi "becərdiyi demokratiya bağçasına" yeganə bağbanın Con Makkeyn olduğunu buldirməklə Makkeynin özunü belə çaş-baş qoyub. Bünunla Buş dünyaya son töhfəsini vermiş oldu.

Buşun «bəşəri nailiyyətləri» 11 sentyabr hadisələri ilə başlamışdır. Az sonra "uca göylərdən ona səslər gələrək" ona Əfqanıstana, İraqa "demokrtatiya aparmasını" bildirildiyini təvazökarcasına izhar etdi və arzularını reallaşdırdı…

Qəribədir bu dünyanın işi. Zamanında Hitler də ona mavı səmalardan məhz belə ilhamların olunduğunu, bunun nəticəsində ikinci dünya müharibəsini başladığını izhar etmişdi.

Qəribədir bu dünyanın işi. Nankor Makkeyn indidən öz sələfindən işıq sürətilə qaçmağa başlayıb. Deyir sənin "nurun" mənim "ziyamı" azaldır. Qəribədir deyilmi? Insanlar artıq səmimi dəstəyi də qəbul etmirlər, özü də kimdən – öz ilhamverici sələfindən….

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Səndədir


Ey Xuda mən ki, zəliləm.

Hər gümanım Səndədir.

Köksümü aç, bəhrələnsin ki,

imanım Səndədir.

Qoyma tənha çün məni,

Dönnəm günahkar kimsəyə

Qəlb olar rahət

Əgər bilsəm,hər anım Səndədir.

Doğma yurda bənzərəm

Hərçənd müsafir bəndəyə,

Nuruna ruhum mühacirdir

Həyanım Səndədir.

Lövhi-məhfuzdan yetirmiş

Cəbrayıl hər ayəni

Xaliqim sənsən yeganə

Çün Quranım Səndədir.

Şakirəm ki, cüt bahar

Olmuş nəsib, naməmdədir

Rəhm elə lütvünlə əhv

Xəzanım Səndədir.

Məyusi-hicrani möhnətə

Giriftar bəndəyik.

Qeybini zahir elə

Sahibi- Zamanım Səndədir

"Beytul-əhzan"sahibin

Fəryadının xatirinə

Ərmağan et, hövzeyi-Kövsər

Məkanım Səndədir.

Qəmqüzaram təqib etmişdir

Qəmi həsrət məni

Sabir ollam zillətə

Rüsxət rəvanım Səndədir.
Qiyas Qəmgüzar

Et nəzər


Et nəzər,qəlbin gözüylə,

gör nə halət içrəyik

Yurdda yurdsuz qalmışıq

güya ədalət içrəyik

Dini satdıq dinarə

keçmişmizə lağ etmişik

Əqlə hakim,nəfsimizdir,

çün cəhalət içrəyik

Olmuşuq biganə

Təvəlla-təbərra əhlinə

Səmti zülmətdə arıb,

zülmi zəlalət içrəyik

De qəbul eylərmi Rəbb

təqsirini iqrar eyləsən

Gözlərin şahid, duyan

qəlbinlə ayət içrəyik

Bir şəhadət kəlməsidir

fərqimiz müşrük ilə

Çün uzaq düşdük

Firuiddindən xəcalət içrəyik

Qəmgüzar, xeyrul-əməllə,

nəhy-əz münkər ilə ol

Yəqin et ,çün qalmasın

şübhən dəlalət içrəyik
Qiyas Qəmgüzar

Change in Ramadan

"Change", - indi bu şuar ən çox ABŞ-da eşidilməkdədir. Dəyişmək, dəyişilmək arzusunda olan amerikan xalqı üçün bu fenomen kifayət qədər aktuallıq kəsb edir. Bu Amerika üçündür. Bəs Azərbaycan?

"Change" (oxunuş: Çeync - müəl.) dilimizdə dəyişmək, dəyişilmək, dəyişmə, dəyişiklik kimi mənaları ehtiva edir. Nədir bəşərin bu dəyişiklik tələbinin səbəbi və mahiyyəti? Nədən və nə zaman insan dəyişikliyə zərurət hiss edir? Bu sualların zehnlərdə yaranması belə artıq insanın bir çox stereotiplərinin, zərərli komplekslərinin, qaxsayıb qalmış ətalətlərinin dağılmasına, mənəvi-vücüdi halının dəyişilməsinə gətirib çıxara bilər. Əgər bu sualların tədqiqində bir qədər də elmi yanaşma, vücudi təsirlər və digər əhəmiyyətli rəngləri qata, əlavə edə bilərsə, lap yəqin həyatında bir "Change" etmiş olar. Dəyərli oxucu, bunun üçün Rəbbimizin təqdim etdiyi ən bərəkətli, ən mübarək zamandayıq, səncə vaxtı deyilmi?

Fenomenin özüylə gətirdiyi süallardan bəzisi də "NECƏ DƏYİŞƏK? NECƏ DƏYİŞMƏLİ? NƏ ETMƏLİ? HARADAN BAŞLAMALI?" kimi əhəmiyyətli suallardır.

İnsan yer üzünün xəlifəsi olaraq yaradılmışdır (Xatırla ki, Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə yaradacağam", - dedi. (Bəqərə 30)). Öncə özümüzdən başlayaq. Özümüzü tanıyaq, haradan gəlib hara gedəcəyimizi araşdıraq, nə üçün gəldiyimizi bilək. Nələrə qadir ola biləcəyimizi öyrənək, haralara enib və ya yüksələ biləcəyimizi dərk edək.

Sonra qəlbimizə, qəlb evinin otaqlarına, köşələrinə, künc-bucaqlarına nəzər salaq. Onun daxilini və xaricini tutmuş hisi, pası, qəsavəti, paxırı təmizləyək. Onun həqiqi Sahibini məskun edək orada. Qovaq, rədd edək, xaric edək qəlbən təkəbbürü, riyanı, ucbu, yersiz kin-küdurəti və digər şeytani xislətləri. Daxil edək ora ülvi hissləri, Allah xofunu və ümidini. Gücləndirək qəlbdə ali sevgilərimizi, təftiş edək qarşılıqlı etimadımızı, inamımızı, etibarımızı. Daxil edək qəlbimizə Allaha xatir olan vətən, torpaq sevgisini, Ona xatir insani sevgilərimizi, artıraq ilahi sevgilərin çalarını, keyfiyyətini. Dəyişək qəlimizdə yerləşdirdiyimiz anti-dəyərləri, bərpa edək ali dəyərləri, onlara olan eşqimizi, hörmət və ehtiramımızı.

Ruhumuza nəzər salaq. Sağaldaq, paklayaq cismimizdə qonaq olan ruhumuzu. İslahat aparaq, dəyişək ruhumuzu ucalığa, yüksəlişə, böyüklüyə doğru. Uzaq tutaq onu qaranlıqlara qərq edən əməllərdən, zəlalətə aparan günahlardan. Heç təsadufi deyildir ki, bəşərin ən çox ehtiyac duyduğu dəyişiklik ruhundakı dəyişiklikdir. Yalnız doğru dəyişiklik aparır ruhu inkişafa, tərəqqiyə.

Dəyişiklik həm də bir iradə, səy, bacarıq, çalışqanlıq tələb edəndir. O həm ətalətdə, durğunluqda olanlara nisbətdə, həm də yenilik, novatorluq olduğun cəmiyyətə görə deyil, Yaradıcıya xatir cəmiyyət və fərd üçün olmalıdır.

Artıq mübarək Ramazan ayındayıq. Bu digər əlamətləri ilə yanaşı həm də "CHANGE"-ə, - "DƏYİŞİKLİYƏ" müstəsna imkanlar və fürsətlər təqdim edən aydır. Bu imkan və fürsətləri qənimət bilək, qətiyyətli və ardıcıl addım ataq dəyişikliyə doğru!

Biz dəyişməsək Uca Allah qədərimizi dəyişən deyil. Gəlin DƏYİŞƏK bu mübarək Ramazanda!


Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Rəhmətlə dolu ay

Bismilləhir rahmənir rahim!

Artıq mübarək üç aylıqdan Rəcəb və Şaban ayları arxada qaldı. İlahi mərhəmətlə dolu bu aylar Allah ayı olan mübarək Ramazan ayına bir növ hazırlıq idi. Allah Təala bütün aylardan üstün tutduğu, şərəfli etdiyi bu aya bəndələrinin layiqli bir halda daxil olmasını istər. Belə ki, bütün aylar Allahın ayıdır, lakin bu ay özünün malik olduğu əhəmiyyətə görə «Allah ayı» adlandırılmışdır. Bu ad həmin aya xüsusi mənəvi məqam və imtiyaz bağışlamışdır. Bu ayda ən son səmavi kitab olan Qurani-Kərim nazil olmuşdur.

İslam peyğəmbəri (s) Şəban ayının axırıncı cüməsində Allah ayının əzəmət və dəyəri barəsində belə buyurmuşdur: ”Ey insanlar! Allah ayı bərəkət, rəhmət və məğfirətlə sizə tərəf gəlmişdir. Bu ay Allahın dərgahında ayların ən yaxşısıdır. Onun günləri günlərin ən yaxşısı, gecələri gecələrin ən yaxşısı, saatları saatların ən yaxşısıdır. Bu ayda siz Allah dərgahına qonaq dəvət olunaraq, lütf və kəramətə layiq görülmüsünüz. Bu ayda sizin çəkdiyiniz nəfəsə Allahın zikri və təsbih savabı, yuxunuza da ibadət savabı verilir.

Bu ayda əgər Allah dərgahına gəlib Onun astanasında otursanız, Allah sizin duanızı qəbul edər. Belə isə səmimi, pak və səfalı qəlb ilə Allahı çağırın ki, bu ayın orucunu tutmaq, Quran oxumaq sizə inayət eləsin. Çünki bədbəxt o kəsdir ki, bu ayda Allahın feyz, bərəkət, bağışlanmaq və rəhmətindən məhrum olsun”.

Bu ayda oruc vacib edilmişdir. Əgər Rəcəb və Şaban aylarında oruc müstəhəbdirsə, Ramazan ayında vacibdir. Bəqərə surəsinin 183-cü ayəsində Allah Təala buyurur: ”Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə (bunun vasitəsilə) siz (Allahın əmr və nəhyləri qarşısında) təqvalı olasınız”.

Allah Təalanın bütün əmrləri, eləcə də oruc insanın kamala çatması, təqvalı olub qürbi-ilahiyə çatması üçün gözəl fürsətlərdir. İnsanın yaranmasının məqsədi Allahın yer üzündəki nümayəndəlik məqamına və xilafətə çatmasıdır. ”Necə qaşıq xörəyi yemək üçün, fincan çay içmək üçündür, insan da yalnız adam olmaq üçün yaradılmışdır”. Bu məşhur bir İslam arifinin sözləridir.

Ramazan ayı ilə bağlı oruc ayələrinə diqqət etdikdə aydın olur ki, oruc tutma çətin və məşəqqətli olduğuna görə sübhan Allah oruc tutan bəndəsilə çox şəfqətli davranır, öz bəndəsinə şərəf və təriflə “iman gətirənlər” deyə müraciət etmişdir. ”Vacib edildi” kəlməsini məchul zamanda qeyd etmişdir. Bu da məzmuna yumşaqlıq bəxş edir. Həmçinin buyurur ki, bu oruc yalnız sizə deyil, sizdən öncə olanlara da vacib edilmişdir. İnsana bəyan edir ki, ey insan, bunun faydası yalnız sənin özünə olacaq və səni təqva zinəti ilə zinətləndirib o yüksək zirvəyə çatdıracaq.

Beləliklə, hər bir mükəlləf şəxsə oruc tutmaq, yəni Yaradanın əmrinə itaət etmək üçün sübh azanından gün batana qədər orucu batil edən şeylərdən çəkinmək vacibdir. Orucun müxtəlif dərəcələri vardır. Adi insanların orucu sadəcə yeyib-içməkdən və digər orucu batil edən şeylərdən çəkinməkdirsə, xüsusi şəxslərin orucu, orucu batil edən işlərdən çəkinməkdən savayı, bütün günahlardan uzaqlaşmaqdır. Xüsusilərin xüsusisinin orucları isə, orucu batil edənlərdən və günahlardan əlavə Allahdan başqa qəlbdə olan bütün istəkləri qəlbdən kənarlaşdırmaqdır.

Oruc bir növ insanı mələklərə bənzədir. Bu mənada ki, mələklər yemək-içməkdən və şəhvətdən uzaq olduqları kimi oruc tutan şəxs də oruc tutduğu müddətdə bu halda olur.

Oruc özünəməxsus olan şərtlərlə insanı arzu və həvəslərin, nəfsin şəhvətlərin qulu olmaqdan azad etməkdə və nəfsi günah aludəliklərindən təmizləməkdə son dərəcə əhəmiyyətlidir. İmam Sadiq (ə) buyurub: ”Oruc tutdunuzsa gözünüz, qulağınız, tükləriniz, hətta dəriniz də oruc tutmalıdır”.

İslam peyğəmbəri (s) Cabir ibn Abdullah Ənsariyə buyurdu: ”Ey Cabir! Bu Ramazan ayıdır, hər kəs onun oruclarını tutsa və gecələr də Allahı yad edərək oyaq qalsa, qarnını haramdan qorusa, dilini saxlasa, bu aydan çıxanda bütün günahlardan xaric olur”. Cabir dedi: ”Ya Rəsulullah! Bu necə də gözəl bir xəbərdir”. Həzrət Peyğəmbər (s) buyurdu: ”Ey Cabir! Onun şərtləri nə qədər də ağırdır”.

Bu baxımdan orucun mükafatı və savabı o qədər mühümdür ki, Mütəal Allah əvvəlcədən orucun savabının qədərini təyin etmədən onun savabını özünə mənsub edir. İslam Peyğəmbəri (s) buyurub: ”Allah Təala buyurur: Oruc mənim üçündür və Mən onun əvəzini verəcəyəm”.

Sonda demək olar ki, orucun hədəflərindən ən mühümü insan şəxsiyyətində olan iradəni gücləndirməkdir. Deyilənlərdən belə nəticəyə gəlirik ki, oruc səbrə, səbr isə təqvaya gətirir.

Oruc tutmağın nəticələrini sizin diqqətinizə çatdırırıq:

- iradə və səbr yaratma,

- vərdiş olunmuş pis adətlərdən qurtulma,

- çarəsizlərlə həmdərd olma,

- nemətlərin qədrini bilmə,

- sağlamlığa tərəf yönəlmə,

- hesab gününü xatırlama,

- işləri yalnız xaliscəsinə Allah üçün həyata keçirməyi qüvvətləndirmə,

- intizama riayət olunmasına adət etmə,

- insanlar arasında məhəbbəti yayma,

- əmanətçiliyə riayət etmə,

- müsəlmanların vəhdətdə olmalarına şərait yaratma,

Nəhayət İmam Cəfəri Sadiqin(ə) hədisi ilə yazımızı bitiririk: ”Oruc cəhənnəm odu qarşısında möhkəm bir sipərdir”.

Oruc tutaq ki, öz günahlarımız ilə alışdırdığımız odu söndürək. Allah orucunuzu qəbul etsin.

Allah amanında.

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, сентября 24, 2008

Hollivudda Bosniya müsəlmanlarının başlarına gələnlər barədə kino çəkməyə hazırlaşır

“Karib dənizinin quldurları” kinofilmində baş rollardan birində çəkilmiş Orlando Blum jurnalistlərə müsahibəsində 1990-cı illərin əvvəllərində Sarayevonun blokadası zamanı yaşanmış dramatik olaylar barədə kinoya koprodüserlik edəcəyini və rollardan birini ifa edəcəyini bildirib /Reuters/.

Ayın əvvəlində Sarayevoya gələn aktyor filmin Bosniyanın paytaxtında çəkiləcəyinə ümidvar olduğunu vurğulayıb. “Biz güman edirik ki, filmi bu ilin sonuna qədər təqdim edə biləcəyik, - deyə o, jurnalistlərə bəyan edib, - “Bura gəlib, filmi də elə burada çəkmək çox yaxşı olardı”.

Film mühasirə müddətində Sarayevoda yaşamış amerikan yazıçısı Bill Karterin “Axmaqlar … tələsir” (“Fools Rush In”) kitabındakı memuarlar əsasında çəkiləcək.

Çəkilişinə amerikalı və braziliyalı mütəxəssislər cəlb olunmuşdur.

Sarayevonun meri, öz növbəsində filmə maliyyə və digər çəkildə dəstək göstərəcəyini vəd edib.

Xatırladaq ki, Sarayevonun 1992-1996-cı illərdə Bosniya serblərinin hərbi qüvvələri tərəfindən blokadası zamanı minlərlə bosniyali müsəlman qətlə yetirilmişdi.

Leyla Abbasova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

“ÇOXBİLMİŞLƏR“ DİYARI

(və ya 8 milyon qoçun başı bir qazanda qaynamaz)

Axir ki tapdım. Çox fikirləşəndən sonra məmləkətimizin niyə inkişaf edə bilmədiyini tapmışam. Bilmirəm, bu tapıntıma görə mənə Nobel mükafatı verərlər, ya yox. Amma deyəsən fikirləşməkdən yata bilmədiyim yuxusuz gecələrim bəhrəsini verdi.

Artıq bir neçə ildir ki, ölkəmizin nəyə görə geridə qalması düşüncəsi məni boğurdu. A kişi, on beş ildən çoxdu ki, müstəqilik, amma hələ də iməkləyirik. Belə də şey olar? Bizimlə bir vaxtda müstəqil olan ölkələrdən nə əksiyimiz var axı? Hətta artığımız var - neft artıqlığı. Artıqlığımız niyə özümüzə ziyan vurur? Ümümiyyətlə, biz niyə bu vəziyyətdəyik?

Bilirəm ki, bunlar çox çətin suallardır. Əslində bunların cavabları çox sadədi. Elə mənim Nobel tamahında olduğum tapıntı da məhz bu sualların cavablarındandır. Nəhayət başa düşmüşəm ki, bizdə unikal adamlar çoxdu. Ona görə də ölkə inkişaf edə bilmir.

Bu ölkədə hamı hər şeyi danışır. Bir sözlə hamı elin dili ilə desək “çoxbilmişdı”. Heç kimin ixtisası bir deyil, iki deyil. Sonsuz saydadı. Məsələn əgər sən iqtisadiyyatçısansa, deməli, həm də siyasətçisən, eyni zamanda jurnalistsən, hətta sən din haqqında, musiqi haqqında da danışa bilərsən. Yox, əgər sən siyasətçisənsə, deməli, həm də iqtisadiyyatçısan və ona aid sadalanan peşələrin hamısını sən mükəmməl dərəcədə bilirsən. İşdi, əgər sənin “Ayaqqabı təmiri” və ya “Bərbərxana” adlı ofisin varsa, deməli, sən həm iqtisadiyyatçısan, həm də siyasətçi. Hətta sən istəsən Amerikanın 30 illik proqnozunu verə bilərsən. İndi prezident seçkilərində kim qalib gələcək, niyə məhz o qalib gələcək suallarının ən dolğun cavabların sən bilirsən.

Bax bu “çoxbilmiş”lərın yığıldığı məmləkət necə inkişaf etsin? Atalarımız deyib axı “iki qoçun başı bir qazanda qaynamaz”. İndi mən də atalarımıza istinadən bu deyimi müasirləşdirib deyirəm ki, 8 milyon qoçun başı bir məmləkətdə qaynamaz (düzdür, əgər nəzərə alsaq ki, əhalinin bir hissəsi özünü dolandırmaq üçün xaricə gedib, bu rəqəmi bir az kiçildə bilərik).

Hamı hər şeyi bildiyi üçün, daha doğrusu özünü bu cür apardıği üçün ölkə inkişafdan geridə qalıb. Hər şeyi bilmək yaxşıdı, amma mümkün deyil . Mümkün olmayanı mümkün eləmək istəsən, ya məhv olarsan, ya da məhv olarsan. Vəssalam.

Neçə vaxdır televizora baxmırdım. Əlim qırılaydı, keçən dəfə zəhrimara qalmış “pultu” götürüb ölkə kanallarından birinə çevirdim. Bir müğənni İslam dini haqqında danışırdı . Elə sözlər deyirdi ki, lap mat-məətdəl qaldım. Vallah əgər onu tanımasaydım, deyərdim bu adam BDU-nun İlahiyyatını qurtarıb. Əxlaqdan, mərifətdən dəm vuran bu “çoxbilmiş” cəmi iki-üç dəqiqədən sonra mahnı oxumağa başladı. Oxumağı bir yana. Oxuya-oxuya bayaqdan danışdıqlarının tam əksinə çıxdı. Elə bil, başıma bir vedrə isti su tökdülər. Mən də başladım bunun oxumağına irad tutmağa. Dedim filan notu düz demədi. Filan notu belə deməli idi. Bir sözlə, mən də “çoxbimiş”lik edib heç başım çıxmadığı sahədə peşkarlar kimi rəy verməyə başladım.

İndi özünüz fikirləşin də, ölkədə 8 milyon mənim kimi “çoxbilmiş” var. Bu “çoxbilmiş”ləri yığıb ya Antraktidaya aparmaq lazımdı, bəlkə oranı abad edələr, ya da üzü Xəzərə aparmaq. Pis mənada başa düşməyin. Axı Xəzərin ekologiya problemi var. Qoy “çoxbilməş”liklərindən istifadə edib bu problemi həll etsinlər. Axır ki, bu qazanda olmasınlar. Çünki onların başı olanda bu qazan qaynamaq bilmir. Qazanın da qaynamadı, deməli qaldın ac-yalavac. Düşərsən o qonşunun, bu qonşunun qapısına.

Amma bu “çoxbilmişlik” xəstəliyi dəyəsən bizdə hələ lap qədimdən mövcud olub. Hardan bilirəm. Əlbətdə ki, yazıçıların əsərlərindən. Əsrlər əvvəl dahi Nizami yazırdı ki, «yarımçıq papaqçı olmaqdansa, kamil palançı ol». Yəqin ki Nizami bilsəydi ki, indiki dövrün palançıları “çoxbilmiş” olacaq , elə yarımcıq papaqçılığa üstünlük verərdi.

Nə isə, mən əlimdən gələni elədim. Həm dərdi tapdım, həm çarəsin dedim. Qalanı qaldı “çoxbilmiş”lərin ixtiyarına. Qaldı ki, Nobel məsələsinə. Gərək dədə-babadan mənə ötürülüş dəyərlərimə qarşı çıxım, sonra versinlər. Yoxsa hər yerindən duran “çoxbilmiş”ə mükafat versəydilər, onda biz birincilərdən olardıq...

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Görəsən nə vaxt bitəcək və ya ağıllı məmurlar

Bir Amerika, yapon və Azərbaycan şirkəti tunel tikintisinə görə əcnəbi dövlətə layihələr verir.

Amerikan şirkəti: "Tunelin iki tərəfdən qazıntısına başlayırıq. Ortada bir metr fərq ilə tuneli birləşdiririk və o fərqi də öz hesabımıza aradan qaldırırıq".

Yapon şirkəti də eyni layihəni təqdim edir, amma 50 sm fərq ilə tuneli mərkəzdə birləşdirəcəklərini bəyan edirlər.

Azərbaycan şirkəti: "Biz də iki tərəfdən qazıntını başlayacağıq. Ortada görüşdük - görüşdük, görüşmədik - iki tuneliniz olacaq".

Məni bir başa salan olacaqmı ki, bu körpülərin tikintisində məqsəd nə idi? Bəli,siz bildiyinizi mən də bilirəm – tıxacların qarşısını almaq.A kişi, bu olmadı, bunu boşla. Deyəsən lətifədə olduğu kimi, alınar xub alınmaz da bu qədər iş yerləri açılıb, neçə-neçə ailə telefonuna kontur yükləyir – bu azdır? Əşşi nə olsun ki, büdcə(miz)nin hər iki qapısını açıb, qoyublar "skviyaznyakda". Qorxmayın, büdcə sətəlcəm olmaz. Məmurlar bu problemi əvvəlcədən fikirləşib həlli yolunu tapıblar. Onlar həm də ağıllıdılar axı. Transmilli layihələrdən başqa büdcədə pul nəyə lazım? Büdcənin ən yaxşı yeri ....ay sağ ol, cibişdandı, cibişdan!

Yaxşı yadıma düşdü: görəsən "BUQATTİ" avtomobilinin qiyməti neçəyədir? Bunu elə-belə məzə üçün soruşdum. Məmurların cibi il əqtiyyən əlaqəsi yoxdur bu sualın. Necə? 50 il gərək yemədən-içmədən pul yığsın bu maşın üçün?! Nə olsun? Bəlkə 50 məmur atışıb, 1 il yığıb, alıblar. O biri il – o biri məmur üçün. Beləcə 50 il sürəcək. O bəzi kollektivlərdə «lotereya» adlı pul yığmaq üçulu kimi. Sizi qoyalar elə gecəsi-gündüzü işi-gücü sizə xidmət etmək olan biçarə məmurların pulunu sayasınız! Nankorluq pis şeydir.

Qayıdaq körpülərə. Dedilər A.Sultanova yaxınlığındakı "analoqu olmayan" körpüyə qişda buz bağlamasın deyə spiral qoyulub. Qurbanı olduğum körpü açılışından bir neçə gün sonra analoqu olmayan bir qar yağdırdı. Əşşi,körpünün üstündə bir vur-çatlasın var idi ki.

Üzr istəyirəm dedilər Mazandaranda ulaqlar ağaca dırmaşır, biri dedi: bu ağac, bu da ulaq dırmaşsın görək necə dırmaşır.

Xalqlar Dostluğu metrosunun yaxınlığındakı adını körpü qoyduqları o, beton yığınağı bilirsız nə üçün xoşuma gəlir? Həmişə Cingiz Abdullayevin əsərlərin oxuyanda sonunda əsərlərinin baş qəhrəmanı Dronqonun final hissədə cinayətkarı tamamilə ağlagəlməz bir üsulla ifşa etdiyindən bu hissəsini xüsusı bır maraqla oxuyurdum. Bu beton yığınağını da necə bitirəcəkləri məni Dronqonun final səhnəsini yada salır. "Görəsən necə bitəcək".

Mürəkkəbə heyfim gəlir, yoxsa yazardım.

Dəvəyə dedilər boynun nə üçün əyridir, dedi … göz qaytarıram.


Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Maddi və mənəvi xəstəliklər və ya Mövlasız keçən Ramazan ayı

Bismillahir rəhmanir rəhim.

Bir gün şeytan (l) Həzrət Yəhyaya (ə) deyir: "Sənin kimi insanlar məni dünyada ən çox məyus edən insanlardır. Amma sənin bir əməlin var ki,o məni çox xoşhal edir". Peyğəmbər (ə)çox narahat olur, onun hansı əməlidir ki, məlun şeytanı sevindirir? Məlun sözlərinə dəlil olaraq peyğəmbərin aşı çox sevdiyini və hər dəfə ki, axşamlar çoxlu aş yeyir, sübh namazina əziyyətlə qalxdiğını deyir. "Bax bu məni həddən ziyadə sevindirir" - deyə şeytan bir daha öz hədəfini sərgiləyir.

"Tox qarın bütün xəstəliklərin məskənidir" deyə bildirən Məsumlar (ə) xəstəliyin tək fiziki mənasından bəhs etmir. "İnsan şübhəsiz dikbaşlıq edir. Onda ki, özünü ehtiyacsız görür" («Ələq», 5-6).

Nəzərə alsaq ki, bu surənin ilk ayələrində insanin yaraniş fəlsəfəsindən bəhs edir, onda bu mövzunun aktuallığı artır. Alimlər nəfsi saflaşdırma düsturlarında ən cox nəfsi komplekslərin müalicəsindən bəhs edirlər. Çünki, hər bir günahın əsli səbəbləri var. Misal üçün biz tər-təmiz yerə bir damcı bal tökək. Az sonra ətrafında qarişqalarin toplaşdığını görərik. Biz oradan qarışqaları uzaqlaşdırmaq üçün cürbəcür üsullardan istifadə edə bilərik. Lap onların hamısını məhv etsək də bu dəfə başqa həşəratlar gələcək çünki,onları ora çəkən səbəb var. Həmin səbəb aradan getməyənədək məsələ köklü həllin tapmayacaq.

Bİr cavan bır alimin yanında tələbəlik etmək istəyir. Alim ona sabah gəlməyi və əlində bır az ət gətirməyi tapşırır. Sabah alimin tapşırığını yerinə yetirən gənc müşküllə üzləşir. Alimin yolunun üstündə gəzişən ac kücə itləri ətdən qopartmaq üçün tələbənin üstünə cumurlar. Özünü itlərdən güclə qurtaran tələbəyə alim "İbrət götür. Şeytanı sənə müsəllət edən dünya malından qurtulmayınca o səni rahat buraxmayacaq" deyir. Həzrət Əli (ə) Kumeyl duasında deyir "İlahi! Dualarımı həbs edən günahlarımı bağışla! İlahi mənim ismət pərdələrimi yırtan günahlarımı bağışla!". Mövla bu duasında "hidayət limiti" qurtarmış insanlara bildirir ki, bu – onların günah etmələrinin səbəbi yox, nəticəsidir.

Əslində tarix boyu bu mövzu öz aktuallığını qoruyub saxlamaqdadır. İspaniyadan tutmuş Çinə qədər bir ərazını əhatə edən islam dünyasının indi necə olur ki, Fələstin, İraq, Qarabağ kimi viran olan torpaqları var? Necə olur ki, "Hər bir müsəlman kişi və qadına təhsıl almaq vacibdir" deyən Peyğəmbər (s )ümmətiə bu gün "hicabın varsa, təhsil ala bilmərsən" deyilir? Bunların hamsını bır-birinə köklü səbəblər bağlayır. "Nəbadə Qurana əməl etməkdə kimsə sizi qabaqlaya...." - Bunlar Həzrət Əlinin (ə) son sözləridir. Səbəbləri mücərrəd şeylərdə axtarmayaq. Allahın qırılmaz ipi olan QURANdan ayrı düşmüşük. Quranı mağarlardan, məscidlərdən çıxarıb həyatımızın bütün sahələrinə tətbiq etmək lazımdır.

Qarşıdan İlahi ziyafət ayı gəlir. Allah mərhəmət süfrəsini bu ayda açıb. Zəbur,Tövrat, İncil, Qurani-Kərim bu ayda nazil olub.

Allah bu ayda bir lütf də edir. Bizə xəstəliklərimizin bir müalicə üsulunu da başa salır. "Ey iman gətirənlər, sizdən öncəkilərə də yazıldığı kimi, sizə də oruc vacib olundu. Bəlkə təqvalı olasınız". Təqvanı Həzrət Əli (ə) belə başa salır: "Əgər əməllərini bir məcməyinin içinə yığıb da dünyani dolaşsalar, orada səni utandıracaq bir əməlin belə olmamalıdır". Ramazan ayi Allahın insanlara hədiyyəsidir. Ramazan ayı bir ceşmədir ki, hər qurtumunda bərəkət var. Ramazan ayi yəqza (oyanış) ayidır.

Allahım, Ramazan ayının hörmətinə müsəlman cameəsinə oyanış bəxş et! Allahım, nəfsinə hakim olan bəndələrə olan məhəbbətin xatirinə məni də nəfsimə hakim et! Allahım, Fələstində, İraqda və digər müsəlman torpaqlarında tökülən qanların intiqamını ZƏMANƏ SAHİBİNİN əli ilə al! Allahım, bizi bu Ramazan ayını da MÖVLAsız keçirənlərdən etmə! AMİN!

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Müdrik xalq

Hər dəfə bir müdrik söz eşidəndə özümün də müdrik bir xalqın övladı olduğuna düşünəndə, üzümə bir sağlam təbəssüm qonur. Eləcə də disputların birində mən xalqımızın müdrikliyindən bəhs etmək istəyirdim ki, məni keçmişi qurdalamğa görə"ittiham" etdilər. Dedilər ki, sənin sadaladığın qalıb odu eyy… keçmişdə. Elə bu arada sözümü qüvvətləndirib xalqımızın zəngin keçmişindən bəhs etmək istəyirdim ki, həmkarım növbəti "ittihamı" dilə gətirdi. Düzdür həmkarımın sadaladığı bəzi tənqidlərlə razılaşmamaq da olmurdu. Ancaq nədənsə çox vaxt mənim müdrik xalqımı nədəsə tənqid etmək istəyənlər bu xalqı Avropa ilə müqayisə edirlər (yeri gəlmişkən, bəziləri isə xalqın gözə dəyən eybəcərliyinin günahını Avropada görür).

İcazənizlə mətləbdən kənar düşməyim. Yadımdadır ki, həmin disputda xalqımızın müdrikliyindən danışarkən xalqımızın müdrik deyimlərinə, atalar sözünə daha çox istinad etmişdim. İndi isə bu məsələyə toxunmağımın səbəbi ölkəmizdə səlahiyyətlərini başa vurmuş ABŞ səfirliyinin nümayəndəsi Conatan Henik müəllimin işlətdiyi müdrik bir söz oldu. Deməli Conatan müəllim özünün vida görüşündə Azərbaycanda mətbuatla bağlı fikirlərini belə ifadə edib: "Burada jurnalistlər həm jurnalist peşəkarlığına, həm də siyasi maraqlara xidmət edirlər. Bir əldə iki qarpız tutmaq olmaz..."

Hə indi deyin görüm hansı söz sizə daha doğmadır? Əhsən! "Bir əldə iki qarpız" sözü bizim müdrik babaların kəlamıdır. Eh bu müdrik xalqın axı nəyi yoxdur...

Bəziləri bu kəlamın düzgün işlədilmədiyini desədə, bəziləri Henik müəllimi qınamır. Deyirlər onda günah yoxdur "hoydu-hoydu var dağa dırmandırır, hoydu-hoydu var dağdan endirir". Conatan müəllimin digər "ABŞ Azərbaycanda mətbuat azadlığını daim dəstəkləyəcək" ifadəsinə isə azadlıqda olan yazarlar təşəkkürlərini bildirsələr, də məhbəsdə olan Qənimət Zahid, Eynulla Fətullayev və Mirzə Sakit kimi yazarlar "təşəkkürlərini" bildirmək üçün ulu babalarımızdan müdrik kəlam tapa bilmirlər.

Müdrik babalarımızın bir çox kəlamları var ki, onu dərk etmək üçün gərək Ustada üz tutasan. Bu minvalla düşmənin bir gün sənə dost olmağına inanmaq istəyirsənsə, üz tut erməni rejissoru ilə birgə film çəkən xalq yazıçısı Rüstəm İbrahimbəyovun yanına. Bu xalqın müdrik amallarla yaşaması həyatımızın bütün anlarında özünü təzahür etdirir. Can deyib-can eşidən bu millətin bir-birinin cibinə girməsi, «Kriminal» verilişində göstərildiyi kimi bir-birinin evlərini yarması - "Dost evini sil-süpür düşmən qapısına isə getmə" kimi müdrik kəlamlardan qaynaqlanır.

Təbiət Hüseynov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

UYUŞDURUCU VERİLƏN YARALI ƏSGƏR

Bismilləhir-Rahmənir-Rahim



- Nəyə görə yaralı aydındır - QARABAĞ, ZƏNGƏZUR, GÖYÇƏ, İRƏVAN, BORÇALI və s. yaraları var bu əsgərin. Hərçənd ki Qarabağdan başqa digərlərinin ağrısı bu gün unutdurulub.

- Nəyə görə əsgər? Ona görə ki, tarix boyu bəxtinə düşmüş heç bir cəng meydanından yayınmayıb və elə bir zaman kəsiyi olmayıb ki şəhidlərin mübarək qanı ilə bərəkətlənməsin bu torpaqlar.

- Və nəhayət ən əsası - Nəyə görə uyuşdurucu verilən? Uyuşdurucu verilən ona görə ki, biz unutsaq da yaxın və uzaq keçmişimizi, nəzərlərdən uzaq, gizli kabinetlərdə, məxfi dosyelərdə hələ də vahimə ilə saxlanılır imperiyaya üsyan edən xalqın, 20 yanvar şəhidlərini dəfn edən, tərpənən Diri şəhərin rəsmləri, kadrları.

Qorxurlar onlar, çox-çox qorxurlar huşunun özünə gəlməsindən bu yaralı əsgərin. Onun çün də sırıyırlar bu uyuşdurucu çirkabını bizlərə. Bu yuxulu, gicəllənən əsgərin, hər gün qəsb edirlər haqqını, hər gün qoparılar cismindən bir parça.

Hər gün bayram, şoular, konsertlər, hər evdə, hər küçədə, hər meydanda, nəqliyyatda, əlləri çatan hər yerdə səslənir əxlaqsızlığa çağırışlar. Saxta ideallar sıranır gənclərə. “Ulduz” yağmuruna tutmuşlar bu xalqı. Adiləşdirilib azərbaycanlının, bu əsgərin ayıqlıqda heç cür qəbul edəməyəcəyi hallar. Bəli, lazım deyil bizə daha mühəndislər, kosmonaftlar, ixtiraçılar. Bunlardan qat-qat asan və ən əsası perspektivli «ulduz» olmağa sövq edilir, stimullaşdırılır gənclərimiz.

Çökdürülmüş iqtisadiyyat, məhv edilmiş sənaye. Ancaq uyuşdurucu – şərab, araq, pivə və sair nəcis istehsal edir zavodlarımız silah yerinə. Nə ilə yaşayırıq bizlər? Kimdir bizim ideallarımız? Qələbə çalıblarmı onlar? Nail olublarmı istədiklərinə? Qələbənin dərirlərmi bəhrəsini? Nə vaxtadək bu belə davam edəcək? Görünür hələ dirənməyib bıçaq sümüyə, hələ daşmayıb səbr kəsası bu xalqın.

Qoy etsinlər nə bacarırlar! Bir gün gələr bu əsgərin gəlbinin dərinliklərindən, nəsillərdən-nəsillərə ötürülən haqqın səsi, Hüseyn (ə) eşqi baş qaldırar, ayıldar qəflət yuxusundan bizləri. Yada salıb Seyyiduş-Şuhada dərdini. Baxarıq özümüzə, qəmlənərik, ağlayarıq, ləğv edərik saxta bayramları, saxta şadlıqları göz yaşı ilə, ram edərik bizi zəlil etmiş nəfsimizi, sağaldarıq yaralarımızı əzadarlıqla.

Doğma Sadiqimizin (ə) “Hər gün Aşuradır, hər yer Kərbəla” hədisini əməldə şuar edərik özümüzə. İbrət götürərik Kərbəla səhnələrindən, yaşadarıq Hüseynin(ə) qəhramanlıq səlnaməsini, tezləşdirərik zühurunu İmamımızın (ə.f). Çox yaxındır o gün, İNŞAALLAH!

Allah bizlərə həqiqi ruhi hürriyyət nəsib etsin!

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

понедельник, сентября 15, 2008

Susmaq qızıldı


(və ya bir nəfər yetmış milyonu sevindirdi)

Nil Armstronqu yəqin ki, hamı tanıyır. O ilk dəfə Aya səfər edən astronavtdır. Özü də amerikalıdır. Həmən o amerikalı kişi ilk dəfə kosmik gəmidən Aya ayaq basanda indi də çox məşhur olan belə bir söz demişdi: “bu insanlıq üçün adi, bəşəriyyət üçün böyük bir addımdır”.
Nəyə görəsə axır vaxtlar Türkiyədəki hadisələr mənə bu sözü xatırlatdı. Ola bilsin ki, bu sizə qəribə gəlsin və tez öz-özünüzə deyəsiniz ki, Nil Armstronqla Türkiyənin nə əlaqəsi var? İndi mən sizə Türkiyə ilə bu məhşur ifadənin nə əlaqəsi olduğunu izah edim, siz də baxın.
Yaxın zamanda Türkiyədə baş vermiş hadisələr hamıya məlumdur. Məlum olmayanlara da xatırladım ki, neçə vaxdir ki, türklərin qirx yeddi faizinin səs verib iqtidara çıxartdığı Ədalət və Inkişaf partiyasının bağlanması mövzusu bütün ölkəni bürümüşdü. Bu partiyanın bağlanıb-bağlanmaması haqqında çoxlu söz-söhbət gedirdi. Nəhayət bir neçə müddət əvvəl məhkəmə oldu və konstitusiya məhkəməsinin sədri Yalçın Kılıc məhkəmənin qərarını media qarşısında açıqladı. Hamı diqqətlə Yalçın bəyin nitqinə qulaq asırdı. Elə mən də. O da qərarı deməmişdən əvvəl eləməyib tənbəllik bir kitab söz danışdı. Elə mənim səbrim tükənirdi ki, birdən məhkəmənin sədri keçdi əsas məsələyə. Deməli belə məhkəmənin on bir üzvündən altısı Ədalət və İnkişaf partıyasının bağlanması istiqamətində, dördü büdcədən yardımın kəsilməsi istiqamətində, bir nəfər isə rədd edilməsinə səs vermişdi. Bilməyənlərə bildirim ki, Türkiyə qanunvericiliyinə görə gərək konstitusiya məhkəməsinin on bir üzvündən yeddisi bağlanması lehinə səs verəydi. Yalnız bu halda Ədalət və Inkişaf partiyası bağlanacaqdı. Ancaq altı nəfər olduğundan partiya bağlanmadı. Nəticədə isə büdcədən yardımın yarısı kəsildi.
Yalcın Kılıcdan bu sözləri eşidəndən sonra sevindim. Ancaq məni düşündürən bir sey oldu. Bir nəfər də səs versəydi partiya bağlanacaqdı. Çox qəribədir.
Deyirəm Allah bizim atalarımıza rəhmət eləsin. Kişilər nahaq yerə deməyiblər ki, susmaq qızıldı. Bir nəfərin səssizliyi, o boyda Türkiyəni fırtınadan qorudu. Bir nəfər gör nələrə qadirmiş.
Əgər Ədalət və Inkişaf partiyası bağlansaydı, Türkiyə çox böyük bir labirintin içinə girəcəkdi. İndi Türkiyədə onsuz da şərait çox qəribədir. Bir yandan “PKK”, bir yandan da “Ergenekon”. Deyilənə görə Türkiyədə qulaq gündə bir dəfə “PKK” eşitməsə kar olur. Hətta nağıllarda da mənfi qəhrəmanlar PKK-çılar olur. Cırtdan divlə yox, PKK-çılarla savaşır. Analar öz uşaqlarını yatırmaq üçün “xortdan gələr” demir. Ya PKK-çıların, ya da “Ergenekon”-çuların gələcəyini deyir.
Mənə qəribə gələn isə o həmin bir nəfər idi. Bilmirəm bu hadisəni necə qiymətləndirim. Qanunvericilikdə olan catışmamazlıq yoxsa... ? Çünki özünüz fikirləşin də, bir nəfər o böyda Türkiyəni xaosa apara bilərdi. Axı necə ola bilir ki, sonda ölkənin taleyi bir nəfərdən aslı olur. Vallah mən başa düşə bilmirəm.
Hələ bunlar bir yana, mütəxəsislər də deyir ki, türk hakimlər hüquqi qərar çıxarmasına baxmayaraq siyasi şəraiti nəzərə alıblar. Guya əgər hüququ nəzərə alsaydılar Ədalət və İnkişaf partiyası bağlanacaqdı. Burdan belə bir nəticəyə gəlmək olar ki, türkiyəli hakimlər həm də yaxşı siyasətçi olmalıdı. Çünki qərarlar çıxaranda hüquqi götür-qoyla yanaşı , həm də bir siyası götür-qoy edirlər (mütəxəsislərin məntiqində)
Axırda da bəlli oldu ki, elə həmin bir nəfər Yalcın Kılıcın özü imiş. Məhşur qəhraman “bir nəfər”. Türkiyəni xaosdan çıxardan. Bəli, o, susdu. Sadəcə səs vermədi və .... İnsanlıq üçün sadə, Türkiyə üçün böyük bir addım atdı. Elə Aya ilk ayaq basmış Nil Armstronq kimi...



Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

суббота, сентября 13, 2008

Ramazan ayı bir vasitə oldu

Allahı həqiqi mənada sevib, ona yaxınlaşmaqda mübarək Ramazan ayı bir vasitə oldu. Həmişə bu ayda çox narahat olurdum. Ozümü danlayır: zəifsən, iradəsizsən, gücsüzsən, aclıq nədir axı, ona dözə bilmirsən, deyə ürəyimdə danışırdım. Digər aylara nisbətən bu ayda Allahın nemətlərindən doyunca istifadə edirdim. Mənə elə gəlirdi ki, bu şeytan əməlidir. O sanki mənə əmr edirdi.
Günlərin bir günü istədiyim gün yetişdi. Şeytanın vəs-vəsini qırıb Allahın vacib buyurduğu mübarək Ramazan ayında oruc tutdum. Düzdür bəzi hökmləri dərindən bilmədiyim üçün əziyyət çəkir, lakin yenə də bu əziyyətlər mənə xoş təsir bağışlayırdı. Mənim körpə uşağın ilk addım atmağına bənzəyən halım, gələcəkdə də daha çox addım atacağıma ümid verirdi. Oruc tutmaqla, digər vacib əməllərin yerinə yetirilməsi haqqında da ciddi şəkildə düşünürdüm. İftar süfrəsi bu vacib əməllərin gercəkləşməsinə səbəb oldu. Yaxınlarımdan birinin öz evində belə məclis qurub və məni dəvət etməsi, edilən söhbətlər mənim qəlbimdə Allaha sevgini daha da artırdı. Məsumların nurlu kəlamlarından olan "Saleh insanların məclisi ınsanı islaha vadar edər".
Lakin yenə də daxilimdə nə isə məni narahat edirdi. Elə bil kimsə mənə peşman olarsan, səhv yoldasan bu yoldan çəkin, deyə əmr edirdi. Bunun şeytan vəs-vəsəsi olduğunu yəqinləşdirmişdim. Amma Ramazan ayına aid oxuduğum kitabların birində rastlaşdığım əziz Peyğənbərimizin (s) xütbəsindən olan "bu ayda şeytanlar zəncirlənmişlər, Allahdan istəyin ki, onları sizə hakim etməsin" deyə müraciəti məni çox düşündürürdü. Bəs yaxşı, Ramazan ayında bizi yolumuzdan azdıran nədir?
Bu sualın cavabını axdarıb, tapdıqdan sonra belə bir nəticəyə gəldim. Hər bir insanın daxilində şəhvət, qəzəb və bu kimi qüvvələr var. İnsanın günaha düşməsində bu qüvvələr amildir. Şeytan isə bu qüvvələri günaha istiqamətləndirməkdə insanı təhrik edir. Və insan, şeytan olmasa belə bu qüvvələrin səbəbi ilə günaha düşə bilər. Məhz şeytanın olmaması bu ayda həmin qüvvələrin islahı üçün bir fürsətdir. İslamın rəhbərləri buyurmuşlar: İnsanların ən yaxşısı oz nəfsi ilə mübarizə aparanı, ən qüvvətlisi isə bu nəfslərə qalib gələndir. Bu yolda addımlamaq ilk anlarda çox çətin olurdu. Buna gorə mənim ilk qazandığım şey səbr oldu. Əziz Peyğəmbərimiz də (s) səbrli olmağımızı tövsiyə etmişdir. Düşməni olan kəsin səbri olmasa, heç vaxt qalib gələ bilməz. Səbr dözüm, möhkəmlik gücünü artırır. Qurani-Kərim səbri belə ifadə edir: «Səbr, oruc və namazdan ancaq xeyir görmək olar».
Əziz peyğəmbərimiz Həzrət Muhəmməd (s) Ramazan ayını səbr ayı adlandırmışdır: «Ramazan səbr ayıdır və səbrin mükafatı behiştdir».
Bu mübarək ayda Allah mənə bir neçə hədiyyə bəxş etdi. Bu ayda Quran oxumağın mənə çox köməyi oldu. Ümumiyyətlə Ramazan ayında oruc tutmaq və Quranın bu ayda nazil olması, Ramazan ayının üstünlüyündən xəbər verir. İslami rəvayətlərdən məlum olur ki, bütün səmavi kitablar bu ayda nazil olublar. İmam Sadiq (ə) buyurur: «Tövrat Ramazan ayının 6-da, İncil 12-də, Zəbur 18-də, Quran isə Qədr gecəsində nazil olub».
Bu o qədr gecəsidir ki mən ilk namazımı həmin gün başladım. Doğrudan da Ramazan ayı bağışlanmaq, tövbə, dua, Allaha dönüş və qayıdış ayıdır. Əziz Məsumlarımız (ə) buyurmuşlar ki, möminlər bu ayda dualarının sayını artırar, Allahın köməyi ilə get-gedə Ona yaxınlaşarlar.
Bu ayda mən orucu, hicabı, namazı tapdım. Bu ayda mən Quranı, Peyğəmbərləri (ə), əziz İmamlarımızı (ə) tanıdım. Sanki gözlərimin önündən qaranlıq bir pərdə götürülmüşdür. Peyğəmbərimiz Həzrət Muhəmmədin (s) Mübarək Ramazan ayının gəlişi ilə bağlı xütbəsinə toxunmaq yaxşı olardı. "Ey camaat, həqiqətən Allah -Təalanın ayı öz rəhmət, mərhəmət və bərəkəti ilə sizlərə sarı gəlib. Bu elə bir aydır ki, günləri Allahın yanında ən gözəl günlər, gecələri ən gözəl gecələr, saatları ən gözəl saatlar, özü də ayların ən gözəlidir. Bu ayda sizlər Allah qonaqlığına dəvət olunub, kəramət əhlinə çevrilmişsiniz. Bu ayda aldığınız nəfəslər zikr, yatmağınız ibadət, əməlləriniz və dualarınız müstəcəb olar. Elə isə, Allah Təaladan saf niyyətlə və sidq ürəklə istəyin ki, günah və pis əməllərinizdən keçib sizlərə bu ayda oruc tutmağı, Quran tilavət etməyi qismət etsin. Ramazan sözünün mənası yandıran deməkdir,yəni bu ayda günahlar yanar, aradan gedər. Bədbəxt o şəxsdir ki, bu ayda Allahın rəhmətindən kənar qalıb bağışlanmaya. Bu ayda ac-susuz qalmaqla Qiyamət gününün aclıq və susuzluğunu xatırlayın, yoxsullarınıza sədəqə verməklə kömək edin, qocalarınıza hörmət, uşaqlarınıza rəhm, qohum-əqrəbanıza yaxşılıq edin. Həqiqətən də Mübarək Ramazan ayı Allaha yaxınlaşmaqdan ötrü ən böyük vasitədir".
Allah Təbarəkə və Təala buyurmuşdur: «Adəm övladının orucdan başqa bütün əməli ona məxsusdur, oruc isə Mənə məxsusdur və Mən özüm onun əvəzini verərəm».

Zeynəb Aslanova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

YOL QEYDLƏRİ


İsti yay aylarında hərəkət etmek olmur. Bir yandan gün, bir yandan tənbəllik adamı lap süsləşdirir. Edilə bilinəcək ən yaxşı şey sərin rayonlara üz tutmaqdı. Elə camaat da bunu edir. Kimə baxırsan, ya hansısa rayona gedib, ya da ölkədən kənarda istirahətdədir. Amma yazıq kasıb həmişə olduğu kimi, bütün bunlardan məhrumdu. Neyləsin axı? Elə adamlar tanıyıram ki, xəstələnmirlər. Ona görə yox ki, sağlamdırlar, ona görə ki, xəstələndiyi gün ailə-usağı ac qalır. İndi siz fikirləşin bu kasib ac istirahət edə bilərmi?
Siz bu sualın cavabin axtarın, mən söhbətimə davam eləyim. Həə, elə isti yay günlərindən birində dostlardan biri cənub bölgəsinə bizi qonaq dəvət etmişdi. Biz də Bakıdakı istini nəzərə alıb istirahət bəhanəsi ilə bu dəvəti qəbul elədik.
Qatarla getmək fikrində idik. Ona görə də iki manat əlli qəpiklik biletlərimizi alib səfərə hazirlaşdiq.
Yola düşəcəyimiz gün havalar nisbətən sərin idi. Amma bürkü hələ də adamı boğurdu. Bütün bunlara baxmayaraq, yenə də səfərə çıxacağımıza görə çox sevinirdik. Mən də çox sevinirdim. çünki bu cür səfər mənim üçün ilk dəfə idi. Odu ki, jurnalist eynəyini taxıb qatara mindim.
Əvvala onu deyim ki, baxmayaraq ki, qatarlar sovetdən qalma idi, oturacaqlar çox rahat idi. Budan əlavə, sərinləşdirici qurğu da vardı. Bir sözlə, qatar mənim konfort testimdən beş aldi. Sərnişinlərin rahatlığı üçün hər şey fikirləşilmişdi.
Amma diqqətimi çəkən bir məqam oldu. Bizim vaqonda divarda Səməd Vurğunun şəkli var idi. Biləmədim niyə? Bir az fikirləşdim ki, bəlkə Səməd Vurğunun dəmir yol sahəsində nəsə bir naliyyəti olub, tapa bilmədim. Bəlkə də sadəcə bir dekor aləti idi. Bu halda bir sual yaranır “niyə məhz Səməd ? “ Nə isə, keçək başqa məsələlərə.
Hər vaqonda bir televizor quraşdırılmışdı. Yol boyunca sərnişinlərin xidmətində olan bu televizorlarda əxlaqdan kənar, ancaq «müasir» və öz kökündən uzaq düşmüş azərbaycanlının normal qəbul etdiyi görüntülər göstərilirdi. Düzdü, bizim dostlar öz haqlarını bildiyinə görə, demək olar ki, bizim vaqonun sərnişinləri üçün ayrılmış televizor yolun çox hissəsi keçili oldu. Bizimlə birgə olan qırxdan çox sərnişinlər də nə baş verdiyini anlamamırdılar. Ancaq digər vaqonlardakı televizorlar yol boyu qeyd etdiyim əxlaqdan kənar görüntüləri verməyə davam eləyirdi.
Qatarda servis çox da yaxşı deyildi. İstər yeməkxana, istər də fərdi servisi həm çox bahalı, həm də keyfiyyətsiz idi. Belə ki, əgər sən susayıb çay işmək istəsən, gərək bir manatından keçəsən. Yox əgər acmış olsan, ən yaxşı halda beş manat xərcləməlisən. Hələ bunlar bir yana qalsın, verdiyin sifarişi ən azı yarım saat gözləyirsən. Bir sözlə, servisin keyfiyyəti ürək açan deyildi.
Dayanacaqlarda fürsətdən istifadə edib, qatardan enirdik. Vağzalda dayanmış rayon camaatı ilə söhbətləşirdik. Əksəriyyəti təqaüdçülərdən ibarət olan bu insanların nəyə görə günün günorta vaxtı vağzalda oturub çay içdiyini bilmədik. Açığı soruşmadıq da. Çünki yəqin bilirdik ki, şikayətlənməyə başlayacaqdılar. Dərdlərı açılacaqdı. Biz də istəmədik ki, beş-altı dəqiqəlik qonaq olduğumuz rayon camaatının dərdini təzələyək... Elə ona görə də daha ümumi mövzularda danısırdıq.
Qatarda keçirdiyim bir neçə saat mənə çox sey öyrətdi. İndi başa düşürəm ki, nəyə görə “çox oxuyan yox, çox gəzən çox bilər” deyiblər. Müxtəlif insanlar və müxtəlif düşüncələr səni düşünməyə vadar edir.
Elə mən də o səfərdən sonra elə hey fikirləşirəm. O cümlədən, çayxanada oturmuş rayon camaatını və vaqonun divarındakı şəkli də…

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Xəzinəmizi qoruyaq

Ailə hər bir insanın həyatında önəmli addımlardan biridir. Amma bəzən tərəflərin səhlənkarlığı, diqqətsizliyi, düşünülməmiş atılan addımları ucbatından ailə münüsibətləri sarsılır. Elə məhz bu sarsılmalar nəticəsində boşanma halları meydana çıxır.
Məlumdur ki, boşanmalar son illər daha çox artmaqdadır və gündəmin aktual məsələlərindən biridir. Mütəxəssislər boşanma hallarını bir çox səbəblərdə görürlər. Onlar bu səbəbləri gənclərin təcrübəsizliyi, ailə quran cütlüklərin yaş həddinin düzgün seçilməməsi, valideynlərin qurulan ailələrə qarışması, həmçinin ailə qurduqdan sonra ailəyə müdaxilələri, qısqanclıq, tərəflər arasında bir-birinə qarşı hörmətsizlik, qarşılıqlı anlaşılmazlıq, diqqətsizlik və s. ilə əlaqələndirirlər. Statistika göstərir ki, valideynlərin məsləhəti ilə qurulan ailələrə nisbətən müstəqil seçim edərək qurulan ailələrdə boşanma halları daha çoxdur. Qeyd etmək lazımdır ki, boşanmalara səbəblər içərisində, xüsusilə hal-hazırdakı dövrdə pis vərdişlər və maddi çətinlik də qaçılmaz hal deyil.
Statistik göstəricilərə əsasən hal-hazırda Azərbaycanda məhkəməyə müraciət edənlər arasında qadınlar üstünlük təşkl edir. Bəzi mütəxəssislər qadınları təhsilli və təhsilsiz kateqoriyalara bölərək hər bir kateqoriyanın özünəməxsus boşanma səbəblərini aydınlaşdırmışlar.
Türkiyənin Ailə və İctimai Araşdırmalar Ümumi Müdirliyi tərəfindən yaradılan Ailə Quruluşu belə bir nəticəyə gəlib ki, təhsilli qadınlar aldanma və təziqə məruz qalma, təhsilsiz qadınlar isə uşaq sahibi olmama və yoldaşının ailəsi ilə dolana bilməməsi kimi səbəblərə görə boşanırlar. (anspress.com)
Miçiqan universitetinin əməkdaşları son vaxtlarda hətta belə bir nəticəyə gəliblər ki, boşanmalar ekologiyaya ciddi zərbə vurur. Hesablamalara görə boşanmış şəxsin təsərrüfatı ailənin təsərrüfatından orta hesabla 40-50% azdır. Amma buna baxmayaraq, bir çox sərf olunan enerjinin miqdarı eynidir. Məsələn, evin qızdırılması üçün sərf olunan enerji.
Boşanmaların ictimai və fərdi zərərlərindən əlavə, daha böyük bir zərbəsi günahsız, onu gələcəkdə atılan bu addım nəticəsində nələr gözləyəcəyindən xəbərsiz olan uşaqlara dəyir. Bu addımı atan ata və ana ailədə öhdəsinə düşən məsuliyyəti layiqincə icra etsə, boşanma halları heç vaxt ortaya çıxmaz.
İslam şəriətində ailənin qorunması və davamlılığı naminə bəzi hallarda təlağa (boşanmaya) ağır şərtlər qoyulmuşdur. Lənətlik şeytanın ən çox xoşlandığı hallardan biri də ailənin dağılmasıdır. İdeal ailə nümunəsi olan Həzrət Əli (ə) və Həzrət Fatimə (s.ə) ailəsi bizim üçün ən gözəl örnəkdir. İmam Əli (ə) buyurub: “Qadınlar sizin əlinizdə ilahi əmanətləridir. Onlara ziyan vurmayın, onları sıxışdırmayın”.
İnsan hər hansı xəzinəyə, dövlətə sahib olduqda onun dəyərliliyinin fərqinə yetərincə varmır. Amma xəzinə itirildikdə, əldən çıxdıqda dəyəri daha çox anlanılır. Ailə də bir xəzinə, böyük bir İlahi nemətdir. Əldən çıxmamış qədrini bilmək lazımdır. Peyğəmbər (s) buyurub: “İnsanların iman cəhətdən ən layiqlisi ailəsinə qarşı xoşxasiyyətli və mehriban olanıdır. Sizlərin arasında ailəsinə qarşı ən mehriban olanı mənəm”.


Zemfira Nəsrullayeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Seçkilər astanasında olan ölkə

Ölkələrdə keçiriləcək seçkilərə artıq çox az müddət qalıb. Bir anlıq istərdim beş il öncəki seçkiqabağı tarixə ekskursiya edim. Çoxlarının yadındadır ki, beş il öncəki hazırlıqlar çox çalarları ilə fərqlənirdi. Bu elə hər iki cəbhədəki və həmçinin münsiflik mövqeyinde çıxış edən MSK-nın fəaliyyətində sezilirdi. MSK bu anlarda artıq namizədlərin siyahılandırılmasını yekunlaşdırır, müxalifət və iqtidar isə öz seçki qərərgahlarını və seçki platformalarını hazırlamağa başlayırdı.
Hələlik iqtidarı qoyaq bir kənara və xalqın rifahına və müxalifətin fəaliyyətinə nəzər salaq. Əvvəla hələlik aparıcı müxalifət partiyaları çox durğun vəziyyətdə görünür. Belə ki, özlərinin gəldikləri müxtəlif qənaətlərə görə onların bir çoxu seçkilərdə iştirakdan imtina edib. Habelə onlar öz cəbhələrində gördükləri partiyaları da eyni addımı atmağa çağırıb. Lakin bütün boykotlara baxmayaraq adı hələ təsdiqlənməmiş bir neçə «müxalifət namizədi» də tapılıb.
Xalqın ümumi vəziyyətinə gəldikdə isə, insanların tamamən seçkilərə marağı sönüb. Mən hələ inamı demirəm. Düzdür bu şərhləri seçkiöncəsi vermək bəlkə də hələ tez olardı. Amma insanların sosial və ictimai vəziyyətini nəzərə alsaq onların heç də seçki durumunda olmadığı qənaətinə gəlmək olar. Ölkədə insanların iqtisadi həyatının günü-gündən ağırlaşması onlara nəinki seçkilər barədə, gündəlik yaşayışlarını təmin etməkdən başqa digər bir şeyi düşünməyə imkan vermir. Halbuki, hər hansı normal şəraitdə əhali məhz seçkilər vasitəsilə öz rifahına təsir edə bilir…
Bütün iqtisadi çətinliklərdən başqa əhalinin giriftar olduğu çətinliklərdən biri də son vaxtlarda işə düşən “yolların bərpası strategiyası”dır. Deyəcəksiz bunun məsələyə nə aidiyyatı? Əvvəla, böyüklərimizin deyimində vardır ki, yol mədəniyyətdir. Bu həqiqətən də belədir. Bu gün bu yolları gedib-gələn insanın əhval-ruhiyyəsi onun mədəni inkişafınada çox ciddi təsir bağışlayacaq. Təsəvvür edin, bu gün “kartof kimi atlanaraq” bu yolları gedən və ya havanın istisində yolun yararsızlığı ucbatından saatlarla yollarda yubanan insanın mədəni durumu nə hala gəlməlidir?!
Düzdür bu fikir səbirlilərə aid deyil. Həm də deyimlərdə vardır ki, bizim xalq “dözümlü” xalqdır. Amma gəlin gözlərimizi yumaraq deyil, açıq gözlə baxaq bu məsələyə. Hər şey bir qırağa, sabah seçkilərdə iştirak etmək niyyətində olan əhalinin bu yoldan keçərkən hansı qənaətlərə gələcəyi sösüz məlumdur.
Nə isə, yoldan keçək əsas məsələmizə. Seçkilərin yaxınlaşdığı vaxtlarda bəlkə də nəticələr başa düşüləndir. Ümumilikdə xalq seçkilərə inamını, müxalifət qələbə əminliyini, iqtidar isə məğlubiyyət anlamını tamailə itirib. Və bütün tərəflər inamlarının verdiyi nəticələr uğrunda “səylərini” davam etdirirlər. Nəticə isə bunu göstərir ki, ümumilikdə məğlub olan yenidən təəssüf ki, xalq tərəfi olacaq.

Nuran Mikayıloğlu,
«Dəyərlər»

Unudulan Unudulmazlar

“Qoy mən mən olum şöhrətim illərlə qorunsun,
Şöhrətlilərin adları tamam unudulsun.”
Fəxri Təkəbbürlü.

Bir gün metroda gedirdim. Bir anlıq fikrimi həm məzəli, həm də həyatımıza birbaşa aidiyyəti olan bir şəkil cəlb etdi. Adi halda reklam xarakterli şəkillərə baxmaram, amma bu şəkilin üzərində yazılmış söz marağımı o qədər artırdı ki, baxmaya bilmədim. Bu şəkillərin üzərində yazılan yazı belə idi: “Axtarılır”. Bu şəkillərdə keçmiş nəsilə aid geyimdə üç kişinin şəkili təsvir edilmişdi. Mən bu axtarılanları elə dərhal tanıdım. Və belə bilirəm siz də tanıyardız. Nəyinki siz, bu insanları bütün Azərbaycan xalqı tanımalıdır. Bunlar xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, Mirzə Ələkbər Sabir və Məmməd Əmin Rəsulzadə idi. Hə, bir şeyi unutmuşdum. Bu şəkillərin üstündə axtarılırdan əlavə daha iki kəlmə yazılmışdı: “Belə oğullar”. Tam desək cümlə bu cürə idi: “Belə oğullar axtarılır”.
Anlayanlar üçün necə də təsirli sözlər idi bunlar! Bunları oxuduqda bir anlıq fikirə getdim. Keçirdiyim hisslər dərhal məndə belə fikirlər oyatdı.
Doğurdan da xalqın böyük hissəsinin iqtisadi çətinlikdə olduğu dönəmdə necə də hansısa xeyriyyəçilərin onlara əl tutması yerli olardı?! Bir çox sahələrdə “monopoliya” anlamının inkişaf etdiyi bir vaxtda necə olardı ki, insanlara əl tutmağı da bir kimsə öz təkəlçiliyinə alardı?! Çox şişirtmə görünür, deyilmi?! Amma bu sahəni xalqını sevə-sevə yaradan və yaşadan kişi olmuşdur Hacı Zeynalabdin Tağıyev və ətəyindəki sonuncu tikəni belə qoymuşdu bu sahəyə...
Azərbaycan Milli Elmlər Akademiyasında işləyən tanışlarımdan biri mənə bir hadisəni danışmışdı. ”Bir dəfə dəhlizdə bir yaşlı xanımla rastlaşdım. Əynindəki paltardan elmi işçidən çox universitetin təmizlik işləri ilə məşğul olan birinə oxşayırdı. Bu xanımın vəziyyəti o dərəcədə ürək ağrıdan idi ki, mən onun kim və nə üçün belə imkansız olması barədə maraqlandım. Soruşduğum insanlar mənim onu tanımadığıma çox təəccübləndilər. Elə mən də təəccübləndim özü də daha çox. Amma məni təccübləndirən başqa şey oldu. Bu xanımın Hacı Zeynalabidin qızı Sara xanım olması...”.
Bəli, yanılmadız, həmin kişinin qızı. O kişinin qızı ki, atası xalqın qızlarını cəhalətdən, zəiflikdən, elmsizlikdən çıxardı. Həmən kişinin qızı ki, millətinin ağır vaxtlarında bir an ondan köməyini əsirgəmədi.Yox, yox,.. Mən demirəm o xanıma kömək edən yoxdur. Bəlkə də var, bəlkə götürməyə çəkinir... Amma sizcə bu xanıma ən yaxşı kömək onun atasına xalqın verəcəyi qiymət olmazmıdı?! Məgər atasının adı gələndə ruhuna salavat onun qəlbini istədiyindən daha çox zinətləndirməzdimi?! Eh, nə isə.. Kişinin heç adı çəkilir ki, ruhuna salavat göndərmək də yada düşsün…
Mən hələ digər iki şəxsdən danışmıram. Onda gərək mən saatlarla yazım, siz isə yaxınlığınızda bir neçə dəsmal hazır edəsiz. Amma bəlkə gələn dəfələrdə. Hələliksə gəlin bu insanları yaddaşlarımızda həkk edək və məhz bu kimi el oğullarından dərs almağı bacaraq. O insanlardan ki, Peyğəmbər (s) və Əhli-beytinin (ə) məhəbbəti ilə yoğrulmuş vücudları.
Sonda bu insanların ruhuna salavat göndərməyi unutmayın...

Nuran Mikayıloğlu,
«Dəyərlər»

Türkiyədə din amili, AKP-nin irəliləyişi


Hal-hazırda dövrümüzün islam aləminin nümunələri sayılan ölkələr içərisində iqtisadi inkişaf, sənaye, elm və digər sahələrdə başqa dövlətlərə nisbətən müəyyən qədər öz sözünü deməyi bacaran Türkiyənin daxilində mürəkkəb proseslər gedir. Bu proseslər göstərdi ki, islami kimliyi olan insanlara qarşı dayanan qüvvələr müxtəlif formalarda birləşib guya dini inanclara qarışmayan, Avropa müasirliyini özündə təcəlli etdirən, "laik" saydıqları dövlət prinsiplərinin sarsılmaması üçün əllərindən gələni etdiər. İstər Ədalət və İnkişaf partiyasının (AKP) qapadılmasından tutmuş inanclı xanimların universitetlərdə hicab yasağına qədər, hətda Avropa çempionatında iştirak edən Türkiyə komandasının oyunçularına "bunlar ana və bacılarının hicab yasağının ortadan qaldırılması üçün belə yaxşı oynayırlar" deməkdən belə çəkinmədilər.
Çox gülməli məsələdir. Amma axı 98-99 % əhalisi müsəlman olan bu xalqa sırf dinin ziddinə olan qanunları necə tədbiq etmək olar?! Halbuki Osmanlı imperiyası dağılandan və Atatürk rejimi qurulandan bu yana xalq bu qanunlardan tam olaraq üzərlərində uyğulanmamasına baxmayaraq, artıq cana doyub. Amma Osmanlı dövründə əhalinin 40%-i xristian idi. Lakin əhali islam adət-ənənəsinə sadiq bir şəkildə yaşayırdı.
Ekspertlərin fikrinə görə, Türkiyədə din amili 90-cı illərdən xüsusi olaraq önə çəkilməyə başladı. Xalq istər parlamentdə, istərsə də prezidentlikdə dinə mülayim yanaşan partiyanın və şəxslərin hakimiyyətə gəlməsini istəyirdilər. Belə bir partiya Rifah partiyasından ayrılmış Rəcəb Teyyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyası idi.
Lakin siyasi qarşıdurmanın sakitləşməsi və ekspertlərin dili ilə desək, Türkiyədə demokratiyanın təməlini qoruyan faktorlardan biri olan ordunun müdaxiləsi ilə Demokratik sol partiyasının nümayəndəsi Bülənd Əcəvid əvvəlki partiyalarında yerlərini ona verməsi nəticəsində birillik siyasi fiqur kimi hakimiyyətə gətirilir. Lakin PKK-nın lideri olan Abdulla Öcalanın tutulması və Kipr hərəkatı, yəni Kipr adasına ordu çıxartması və inadlı olaraq Kipr adasından əl çəkməməsi onun reytinqini artırır və bir müddət hakimiyyətdə qalmasına səbəb olur.
Araşdırmalar güstərir ki, 1984-cü ildən yaradılmağa başlamış PKK teror təşkilatının Türkiyədə törətdikləri terrorlar və digər fəaliyyətləri olmasa idi, bu ölkə öz iqtisadi inkişaf tempinə görə dünyada liderliyi ələ ala bilərdi. Bununla belə son bir neçə ildə Türkiyənin ticarət mübadiləsi 100 milyard dollara çatdı. Görünür Türkiyənin belə güclü inkişafından narahat olan bütün qüvvələr PKK-ya dəstək verərək əllərindən gələn köməyi əsirgəmirlər. Hələ bir neçə ay əvvəl mətbuatdan da müşahidə etdik ki, İsrailin xüsusi hərbi məktəblərində uzun müddət döyüş təcrübəsi keçmiş PKK əsgərləri dəstə-dəstə şimali İraqa göndərilirdi. Tam olaraq nəyin uğrunda mübarizə apardıqlarını bilməyən "Ergenekon" əməliyyatının nümayəndələri də PKK ilə yanaşı bəlkədə özləri də bilmədən Türkiyənin siyasi və iktisadi inkişafına ciddi şəkildə mənfi təsirlər qoymuşlar.
Ərdoğanın özünəməxsus xarizması və çalışqanlığı ilə xalq arasında geniş nüfuz qazanması nəticəsində 2002-ci il parlament seçkilərində partiyası üstünlük qazandı, özü isə baş nazir postuna yiyələndi. Hələ Ərdoğanın İstambulda bələdiyyə başkanı işlədiyi dövrdə şəhərin abadlaşdırılması, işıq və qaz sisteminin, yolların bərpası, əvvəlki "zibilli şəhər" anlayışını aradan qaldırması onyn nüfuzunun xalq arasında sürətlə artmasına səbəb oldu. Əsas amillərdən biri olaraq AKP-nın islamyönlü olması və hicab məsələsini həll etməyi boynuna götürməsi 98-99 faizi müsəlman olan turk xalqını özünə çəkməyə bilməzdi.
Son zamanlar Türkiyənin müsəlman ölkələri ilə yaxınlaşması, müttəfiqi olan Amerikanı da çox narahat edirdi. Bir neçə gün əvvəl İran prezidenti Əhməd Nejatın Türkiyəyə səfər etməməsi üçün çox səy göstərdilər lakin səfər baş tutdu. Hətta "Sultan Əhməd" camisini ziyarət edən İran prezidentini xalq "Allahu Əkbər" sədaları altında qarşılamışdılar. İki güclü musəlman ölkəsinin bir-birinə yaxınlaşması nəinki Amerikanı, Avropa ölkələrini də təşvişə saldı. Hələ Amerikanın İraqa yenicə qoşun yeritdiyi dövrdə - 2003-cü ilin iyul ayının 4-də baş verən "çuval əməliyyatı" (həmin vaxt amerikalı əsgərlər türk bölüyünün əsgərlərinin başına çuval keşirərək geri yollamışdılar) deyilən hadisədən sonra Türkiyə başa düşdü ki, Amerika ona müttəfiq olmasına baxmayaraq hansı mövqedədir. O zamandan bu yana Türkiyənin müsəlman ölkələri ilə münasibətində ciddi şəkildə müsbət irəlləyiş sezilir.
İstər Qarabağ məsələsində, istər Fələstin məsələsində, istərsə də İraq məsələsində bu irəliləyiş özünü açıq-aydın göstərir. Marağında olan ölkələrin nail olduqları islam ölkələri arasında nifaq, laqeydlik və daxili qarşıdurmaların aradan qaldırılması iqtisadi, elmi və digər sahələrdə nailiyyətlər əldə etmək üçün müsəlman ölkələrinin bir-birinə yaxınlaşması həddindən artıq zəruri məsələdir. Allah dünya müsəlmanlarını vəhdətdə qərar versin!

Tural Ağamirzəzadə
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, сентября 10, 2008

İlk orucum

O gün Şaban ayının 30-u idi. Ertəsi gün isə Mübarək Ramazan ayı daxil olacaqdı. O Ramazan ayı ki, o ayda oruc tutmaq bütün müsəlmanlara vacib edilib. Bu günün axşamına niyyət axşamı deyilir. Bu axşam sabah başlayacaq ayın orucunu tutmaq üçün niyyət edilir. Əslində bu gün də mübarək gün hesab edilir. Çünki məhz bu gündən sonra mübarək bir ay başlanır.
Mən də bir müsəlmanam. Ancaq heç vaxt oruc tutmamışdım. Sabah da oruc tutmaq niyyətim yox idi. Ancaq orucun nə olduğunu və sabah Ramazan ayının biri olduğunu bilirdim.
Evimizin yanında balaca bir park var idi. Adətən axşamlar keçmiş sinif yoldaşım Hüseynlə həmin parkda əyləşib söhbət edirik. Hüseyn çox ağıllı uşaqdır. Məktəb vaxtı yoxlama yazı işi olanda hamı onun başına yığışardı. O, həm də dindardır. Namaz qılır və hər Ramazan ayında oruc tutur. Məni də həmişə dinə dəvət edər, ancaq heç vaxt məcbur etməzdi.
Bu gün də Hüseyn mənə sabah oruc tutacağı barəsində danışır və məni də sabah oruc tutmağa çağırırdı. Mən isə orucun mənlik olmadığını təkidlə deyirdim.
Söhbətimizin sonunda ayrılıb evə gedəndə o mənə - Allah buyurub: “Oruc Mənim üçündür və mükafatını da Özüm verəcəm” - dedi və sağollaşdıq.
Evə gəldim. Ancaq dostumun dediyi sözlər yadımdan çıxmırdı. Elə hey o sözləri fikirləşirdim. Yəni oruc bu qədərmi vacibdir, yoxsa bu adi sözdən başqa bir şey deyil? Bunu fikirləşə-fikirləşə yuxuya getdim.
Gecənin bir vaxtı yuxudan oyandım. Nə qədər etdimsə də gözümə yuxu girmədi. Yatağımda hey fırlanırdım. Birdən Hüseynin oruc tutan haqqında dediyi sözlər yadıma düşdü. Yerimdən durub otağımda hərəkət etməyə başladım. Elə hey o sözləri fikirləşırdim.
Bir müddət sonra otaqdan çıxıb mətbəxə keçdim. Soyuducunu açdım. Orada anamın axşamdan hazırladığı salatdan qalmışdı. Həmin salatdan bir qaşıq daddim. Sonra onu soyuducudan götürüb yeməyə başladım.
Artıq mən doymuşdum. Ancaq mən hələ də oruc tutmaq niyyətində deyildim. Birdən gözüm pəncərədən çölə sataşdı. Pəncərəyə yaxınlaşıb qarşıdakı binaya baxdım. Binadakı evlərin bəzilərinin işığı yanır, bəzi evlərdə isə qaranlıq idi. Öz-özümə fikirləşdim ki, yəqin işığı yanlı olanlar oruc tutmaq üçün oyananlardı. Yoxsa camaat niyə bu vaxt oyanıb? Yəni onların da mənim kimi yuxusu qaçıb? Sözsüz ki, belələri belə sayda ola bilməz.
Çox qəribə mənzərə var idi. İki qonşunun biri yatır, digəri isə Allahın ona vacib buyurduğu üçün gecənin bu vaxtı durub oruc tuturdu. Elə bunu fikirləşirdim ki, birdən gözümdən bir damla yaş gəldi. İndi Hüseynin dediyi sözləri daha yaxşı başa düşürdüm. Allahım, doğurdan da sən Özün onların əvəzini verərsən. Axı Allah gecənin bu vaxtı durub oruc tutan qonşu ilə yatan divar qonşusuna eyni mükafat verə bilməz...
Bir də özümə baxdım. Mən heç vaxt gecənin bu saatında durub yemək yeməmişdim. Bu hal məndə birinci dəfə idi. Özü də bunun Ramazan ayına təsadüf etməsi çox qəribədir. Yəqin ki, bu Allahın mənə bir hədiyyəsidır. Deməli, mən də bu gün oruc tutmalıyam.
Amma çox susuz idim. Stolun üstündə ki, qəfədandan iki stəkan su içdim. Bir az fikirə getmişdim ki, qulağıma bir səsi gəldi:
Allahu Əkbər! Allahu Əkbər! ...
Bəli, bu azan səsi idi. Artıq mən oruc tutmuş hesab olunurdum. Elə bil mən indiyənədək qaranlıq otaqda idim, indi işıqlığa çıxdım...
Oturub azana qulaq asdım. Mən əvvəllər də azan eşitmişdim. Ancaq bu azan o birilərindən fərqlənirdi. Bəlkə də mənə elə gəlirdi.
Azan qurtardıqdan təxminən iyirmi dəqiqə sonra yatmağa getdim. İçimdə böyük bir sevinc var idi. Qanadım olsaydı uçardım...
Səhər açıldı. Atam işə getmək üçün hazırlaşırdı. Elə məni də atamın ayaq səsləri oyatdı. Gözlərimi açan kimi gülümsəməyə başladım. Mən çox xoşbəxt idim. Özümü böyük bir cəmiyyətin kiçik bir üzvü kimi hiss edirdim.
Təxminən yarım saatdan sonra mən də evdən çıxmalı olduğumdan yatağımdan qalxıb hazırlaşmağa başladım. Evdən çıxıb birbaşa Hüseyngilə getdim. Mənə elə gəlirdi ki, yolda hər kəs mənə baxır. Sanki, onlar mənim bu gün birinci dəfə oruc tutduğumu bilirbilər.
Birdən Hüseynlə rastlaşdım. Elə o da bizə gəlirmiş. O, məni görən kimi gözlərimin güldüyünü və həmişəkindən fərqli olduğumu dedi. Sanki mənim oruc olduğumu bilirdi.
Bəlkə də bilirdi. Axı Hüseyngilin də evləri bizim binanın qarşısındakı binada idi...


Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Ramazan ayının fəzilətləri

Allahın adı ilə!

Fəzilətli üç ayların sonuncusu olan mübarək Ramazan ayının astanasındayıq. On bir ayın sultanı sayılan bu şərafətli ay öz rəhmət və bərəkətiylə bizə doğru üz tutub. Ramazan ayı haqqında müqəddəs Qurani-Kərimin «Bəqərə» surəsində bizə bəyan edilir: «Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz təqvalı olasınız!».
Allah Təala Hədisi-Qüdsdə buyurur: «Oruc mənə aiddir, mükafatını da özüm verəcəyəm».
İslam peyğəmbəri Həzrət Mühəmməd (s) buyurur: «Allah yanında ən gözəl ay olan mübarək Ramazan ayının günləri və gecələri o qədər üstündür ki, hətta oruc tutan adamın nəfəs çəkməyi, yatmağı belə zikr, ibadət sayılır. Bu ayda olunan dualar və ibadətlər məqbul, hacətlər müstəcəb olur.
Günahların bağışlanması üçün ən münasib aydır. Bədbəxt o adamdır ki, bu aydan özünü məhrum etsin.
Siz bu ayın aclığı, susuzluğu ilə Qiyaməti yada salın, fəqirlərə sədəqə verin, qocalara ehtiram, uşaqlara mərhəmət, yetimlərə isə nəvaziş göstərin. Gözünüzü, qulağınızı, dilinizi haramlardan qoruyun. Günahlardan tövbə edin və Allaha tərəf qayıdın. Namaz vaxtı əllərinizi duaya qaldırın. Allah bəndələrini öz ziyafətinə dəvət edir. Belə isə ondan istəyin ki, sizi oruc tutmağa və Quran oxumağa müvəffəq etsin.
Allah onu çağırana cavab verir və rəhmət nəzəri ilə öz bəndələrinə baxır, nemətlərini ikram edir. Ey insanlar! Oruc tutanlara iftar verməklə cəhənnəm atəşini söndürün, hətta yarım xurma ilə olsa belə!».
Həzrət Əli (ə) buyurur: «Ey bu ayda oruc tutanlar, görün kim üçün oruc tutursuz?».
Yəni insan bu əməlin mahiyyətinə varsa, dərk edər ki, bu ayda dəqiqə və saniyəsi belə qiymətlidir. Bəndə öz Xaliqinin əmrini yerinə yetirir, nəfsini cilovlayır. Ruhunu paklayır, ən əsası isə kasıbların halını dərk edir, acıyır. Tibbi cəhətdən də insanın cismi: mədəsi, qara ciyəri və digər üzvləri sanki dincəlir, zərərsizləşir.
İnsan oruc vaxtı özünü Xaliqinə tam təslim etsə, iki dünyanın səadətinə nail olar. Necə ki, xəstənin sağalması üçün, həkimin yazdığı resept - acı dərmanlar onun xeyrinə olur. Əgər xəstə istədiyini yeyib içsə, dərmandan imtina etsə, nəticəsi pis olar. Biz bu xəstə timsalındayıq. Əgər Allahın əmrlərini qoyub, öz nəfsimiz istəyəni etsək, mütləq zərərini görəcəyik. İmtahanda o tələbə yaxşı qiymət alar ki, il boyu çalışıb, oxuyub, özünə zəhmət verib. İlahi əmrlər: namaz, oruc, hicab və s. bizim xeyrimizədir.
Allahın Rəsulu (s) və məsum İmamlar (ə) isti Ərəbistan kimi ölkədə qızmar yay günlərində çox vaxt oruc tutardılar. İftar zamanı isə çox sadə: süd, xurma və quru arpa çörəyi ilə keçinərdilər.
Belə bir hədis nəql olunur ki, Həzrət İsa (ə) və anası Həzrət Məryəmi (ə) Allah Təala çox sevərdi. Quranda İsanın (ə) adı 25 dəfə gəlir. Onlar - ana-bala dağda məskunlaşmışdılar və müntəzəm oruc tutardılar. Bir gün İsa (ə) deyir: «Ana, gedim yeməyə bir şey tapım gətirim, iftar edək» və gedir. Qayıdanda görür ki, anası dünyadan köçüb. İsa (ə) çox pərişan olur ki, anası dünyadan ac getdi. O, anasını qüsul-kəfən edərək, çoxlu ağlayır və onu yuxu aparır. Röyada görür ki, anası çox şad-xürrəmdir. Oğluna deyir ki, oğlum sən məndən ötrü nigaran qalma. Burada mən Allahın elə gözəl nemətlərindən faydalanıram ki, o, dünya ilə müqayisədə çox üstündür. Sən Allahla çox ünsiyyətdə ol, darıxma. İsa (ə) deyir: «Anacan bir arzun varmı?» Məryəm (ə) deyir ki, kaş bir gün də olsa dünyaya gəlib, oruc tutaydım və qayıdaydım.
Bu hədis orucun nə qədər əhəmiyyətli olduğunu bəyan edir. Təqvanin əlamətlərindən biri də az yeyib, az yatmaqdır. Oruc insanın əxlaqını da paklayır. Həzrət Əli (ə) buyurub: «Nə çoxdur oruc tutanlar ki, aclıq və susuzluqdan başqa onlara heç nə qalmaz».
Mömin bacı və qardaşlar, çalışaq ki, bu gözəl aydan səmərəli istifadə edək. Allah hamımıza bu aydan bağışlanmış halda çıxmağı nəsib etsin, inşallah. Amin.


Əzəmət İbrahimova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Curnalistika Məktəbinin dinləyicisi

Salavatla zinətlənən ömür

Pəhrizkar və zahid alimlərindən biri buyurub: «Mən əhd etdim ki, hər gecə yatmazdan əvvəl müəyyən miqdarda Həzrət Muhəmməd (s) və Ali Muhəmmədə (ə) salavat göndərim. Bir gecə dost və yaxınlarımdan bir dəstəsi hücrəmə gəldilər. Hücrəmdəki sıxlığa, vaxtın gec olmasına və yorğunluğuma baxmayaraq, hər gecəki kimi salavatları göndərdim və yatdım. Allahın Rəsulunun (s) hücrəmə daxil olduğunu yuxuda gördüm. O Həzrətin (s) müqəddəs vücudu ilə hər yer nura qərq oldu. Həzrət (s) mənə yaxınlaşaraq buyurdu: Haradadır o ağız ki, mənə salavat göndərib? Onu öpmək istəyirəm.
Həzrətin (s) qarşısında «mən» deməyə ləyaqət tapa bilmədim. Lakin o böyüklüyü sayəsində mübarək üzünü mənə yaxınlaşdırıb üzümdən öpdü. Sevinc içində yuxudan elə oyandım ki, bütün dostlarım, yaxınlarım da oyandılar»
Ey Rəbbim! Şükürlər olsun Sənə! Şükür Sənə ki, salavat göndərənin «ziyarətinə» sevgili Peyğəmbərimizin (s) özü gəlir!
Məgər insan üçün Peyğəmbər (s) busəsindən gözəl bir şey ola bilərmi? Bəs bu ziyarətə, bu sevgiyə ləyaqətimiz çatırmı? Ya salavatdır ki, bizi öz bərəkətiylə zinətləndirir və izzətli edir?! Ya Peyğəmbər (s) və Əhli-Beytin (ə) əzəmətidir ki, salavat göndərəni əziz edir?! Nədir salavat? Mənası nə? Hikməti nə? Faydası nə?
Əslində «salavat» - Allah-Təala tərəfindən bütün müsəlmanlara əta edilmiş ən gözəl İlahi nemətlərdən biridir. Həzrət Muhəmməd (s) və onun Əhli-Beytinə (ə) salavat göndərmək elə bir İlahi dəyər və köklü əməllərdəndir ki, hər gün hər bir müsəlman ən azından 9 dəfə vacib namazlarında onu zikr edir. Salavat elə bir İlahi lütf və rəhmət mənbəyidir ki, ağızları xoş ətrli, qəlbləri sevincli, vücudları Peyğəmbər (s) sevgisinə qərq edir.
Salavatın mənaları
Salavatın mənasına gəlincə lüğətdə «dua» deməkdir. Duaya şamil olduğu üçün namaz «səlat» adlanır. Salavat iki cür mənalandırılır: Birincisi «salam»dır ki, bu, ucalmaq, yüksəlmək, Allaha yaxınlaşmağı istəmək mənasına gəlir.
İkincisi isə «namaz»dır ki, bu halətdə insanın bütün bədən üzvləri Rəbbinə diqqətlə yanaşmalıdır. «Səlat» sözü atəşə daxil olmağa da deyilir, yəni namaz qılarkən bəndə sanki Xaliqin nurlu təcallasından əriyir. Salam göndərəndə də Allahın həbibinin məhəbbətinə qərq olur. Bu isə tabeçilik mənasına gəlir. Odur ki, namaz qılan da, salam göndərən də Allah-Təalaya tabe olur.
Bəzi alimlər belə hesab edirlər ki, salavatdakı «ص » (sad) hərfi «saməd», «ل » (lam) hərfi «lətif», «و » (vav) hərfi «vahid», «ح» (ha) hərfi isə «hadi» kəlməsindən ibarətdir və yalnız bu adların həqiqətindən xəbərdar olan kəs salavatın əzəmətini dərk edə bilər. Bəziləri isə salavatı 5 mənada izah ediblər: «rəhmət», «məğfirət», «səna», «təmizlənmə və kəramət».
Salavatın hikməti əslində ümmətin Həzrəti Muhəmmədlə (s) birləşməsi deməkdir. Həzrət Muhəmmədin (s) məqamı isə o qədər uca və əzizdir ki, hətta Allah-Təala və mələklər belə Qurani-Kərimdə ona salavat göndərirlər: «Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın!» («Əhzab» surəsi, ayə 56)
Vilayət günəşinin şahı Həzrət Əli (ə) bu ayənin şərhində buyurmuşdur: «Bu ayənin zahiri «səllu ələyh» (ona salavat göndərin!), batini isə «səllimu təslima» (ona təslim olun!) kəlməsidir, yəni Peyğəmbərin (s) «sizə vəsi və xəlifə seçdiyi kəsə təslim olun, ona tapşırdığı şeydə tabeçilik edin! Budur mənim verdiyim mətləb!».
Peyğəmbərin (s) əzəmətini tanımaq üçün təkcə «Muhəmməd» kəlməsinin mənasına nəzər yetirmək kifayətdir. Alimlərin fikrincə, «Muhəmməd» və «Əhməd» «Həmid» sözündən götürülüb. «Həmid» isə «Hamid» - yəni «səna edən» deməkdir. «Məhmud» isə «həmd-səna olunan» mənasındadır.
Allah-Təala Hamid və Məhmud adlarını Peyğəmbərə (s) aid etmişdi ki, o, Allahı həmd-səna edən məqamda Əhməddir - hamıdan daha çox Allahı həmd-səna edəndir, həmd-səna olunan məqamda isə Muhəmməddir - yəni hamıdan daha çox həmd-səna olunub.
Bəs sonuncu Peyğəmbərin üstünlüyü nədədir?
Allah-Təala hər bir peyğəmbərə bir kəramət vermişdir. Adəmə (ə) mələklərin səcdə etməsini, İbrahimə (ə) «Xəlilullah» (Allahın dostu) adının verilməsini, İsaya (ə) xəstələrə şəfa verməyi, Peyğəmbərimizə (s) isə salavat göndərilməyi nəsib etmişdir. Bu İlahi zikri Peyğəmbərə (s) bəxş edən Allah onu digərlərindən üstün qərar vermişdir. Bu barədə İmam Kazım (ə) buyurmuşdur: «Bir yəhudi Həzrəti Əlinin (ə) yanına gəlib sonuncu peyğəmbərin başqa peyğəmbərlərdən üstün olduğu barədə soruşdu, sonra dedi: «Allah-Təala mələkləri Adəmə (ə) səcdə etməyə əmr etmişdir». Həzrət buyurdu: «Düzdür, lakin bundan da artığını Həzrət Muhəmmədə (s) kəramət etmişdir. Çünki, Allah-Təala özü ona salavat göndərmiş və mələklərə də bunu əmr etmişdi. Bundan əlavə Qiyamət gününə qədər bəndələrinin ibadətini Peyğəmbərə (ə) salavat göndərməklə tamamlamışdır. Hər kəs Həzrətin sağlığında, yaxud vəfat edəndən sonra ona salavat göndərsə, Allah-Təala 1 salavatın yerinə həmin şəxsə 10 salavat göndərər, ona 10 savab bağışlar. Hər kəs Həzrətin (s) vəfatından sonra ona salavat göndərsə, Həzrət (s) bundan xəbərdar olar və o şəxsə salavat göndərər. Bu, Adəm (ə) peyğəmbərə veriləndən daha böyükdür. Adəmə (ə) ruh üfürüləndən sonra mələklər səcdə etməyə məmur oldular. Onların təsəvvüründə belə idi ki, Həzrət Muhəmmədin (s) də pak bədəninə ruh gələndə səcdə etməyə məmur olacaqlar. Lakin Həzrət dünyaya gəldikdə bu iş baş vermədi. Allah-Təala Adəmin Həzrət Muhəmməddən (s) üstün olması barədə olan şübhəni dəf etmək üçün ona salavat göndərdi, mələklərə və möminlərə də bu işi əmr etdi. Bununla da O, bildirdi ki, əgər mələklər o zaman səcdə etməyə məmur idilərsə, indi də Allah-Təala Özü, mələklər və möminlər sonuncu peyğəmbərə salavat göndərirlər. O zaman mələklərin səcdəsi 1 dəfədən artıq deyildi, lakin indi Yaradan və yaradılmışların hamısı həmişəlik olaraq Həzrətə (s) salavat göndərməyi İlahi varlığa şəhadət verməyə bənzətmişdir. Belə ki, əvvəl öz zatına, sonra mələklərə və alimlərə şəhadət vermiş, mələklərin, möminlərin və alimlərin şəhadətinin ardınca demişdi. Demək sonuncu peyğəmbərin hamıdan fəzilətli olması aydındır».
Salavat göndərməyin fəzilət və faydaları
Salavatın dünya və axirət faydalarına gəlincə, bu faydalar o qədər çoxdur ki, saymaqla qurtarmaz. Peyğəmbər (s) buyurub: «Allah-Təala 1 mələk yaratmışdır ki, 1 qanadı məşriqdə, o biri qanadı isə məğribdədir, ayağı 7-ci yerdə, başı isə ərşin altındadır. İnsanların, cinlərin, heyvanların, səhra və dənizlərin sayı qədər, həmin yaranmışların çəkdikləri nəfəsləri qədər, yağışların damlaları,
ağacların yarpaqları, səmaların ulduzları, çöllərin qumları qədər bu mələkdə qanad vardır. Ümmətimdən biri mənə salavat göndərəndə Allah-Təala həmin mələyə əmr edir ki, nur dənizinə baş vursun, sonra qanadlarını çırpsın. Onun hər qanadından tökülən qətrələr qədər Allah-Təala mələk yaradar və hamısına əmr edər ki, Qiyamət gününə qədər bu bəndə üçün istiğfar etsinlər. Həmin böyük mələyin özü də salavatdan yaranmışdır».
Salavat göndərmək Allaha və Həzrət Muhəmmədə (s) yaxılaşma səbəbidir. «Rövzətul-üləma» kitabında deyilir: «Allah-Təala Musaya (ə) vəhy etdi: «İstəyirsənmi sənə kəlamının dilinə, nəzərinin gözünə, eşitməkliyinin qulağına, ruhunun bədəninə, fikrinin qəlbinə yaxın
olmasından da yaxın olum?» Musa (ə) dedi: «Əlbəttə, istiyirəm. Onu kim istəməz?» Allah-Təala buyurur: «Bu səadəti və kəraməti axtarırsansa, dostum Muhəmmədə (s) salavat göndər. Çünki ona salavat göndərmək rəhmət, nur və hidayətdir».
Salavat göndərən əslində bu əməli ilə tövhid, nübuvvət və imaməti qəbul etdiyindən xəbər verir. Çünki, salavatın hikməti məhz Allah və Əhli-Beytinə (ə) tabe olmaq mənasındadır.
Salavat insanın Peyğəmbər (s) və Əhli-Beytinə (ə) olan məhəbbətinin, bağlılığının təzahürüdür və öz sevgisinin sübutu olaraq insanın salavat zikr etməsi təbiidir. Axı birinin sevgisini qazanmaq üçün ona çatmağa kömək edən vasitələrdən möhkəm yapışmaq lazımdır. Əhli-Beytə (ə) sevgi nümunəsində isə bu vasitə salavatdır. O salavat ki, Əhli-Beytə (ə) məhəbbətin nişanəsidir və bu sevgi Peyğəmbər (s) risalətinin muzdudur. Ona görə də bəndə salavat göndərməklə Allahı və Əhli-Beyti (ə) özündən razı salmış olur.
Gəlin, salavatı həyat proqramımızın bir hissəsi qərar verək və salavat göndərməklə ətraf mühitimizin fəzasını daima təravətli və ətirli etməyi özümüzə borc bilək.
Allahım, səni and verirəm, Əhli-Beytinin (ə) haqqına, bizi razı olduğun bəndələr sırasında qərar ver!
Allahım bizi salavatın - bu İlahi feyz mənbəyinin bərəkətlərindən faydalananlardan qərar ver!
Allahım, bizi salavat əhlindən qərar ver ki, Qiyamət günü Əhli-Beytin (ə) şəfaətinə nail olaq!
Amin!
Ömrümüzü salavatla zinətləndirmək diləyilə...

Nübar Lalayeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Mübarək Ramazan ayında Quranla mənəvi bağlılıq

“Ramazan ayı insanlara doğru yol göstərən, bu yolu açıq-aydın dəlillər ilə aydınlaşdıran və haqqı batildən ayıran və Quran nazil edilmiş aydır...” (Bəqərə surəsi, ayə 185)

Mübarək Ramazan ayı ilin ayları içərisində ən fəzilətli aydır. Ramazan ayının başqa aylarla müqayisədə üstünlüklərindən biri də Qurani-Kərimin bu ayda nazil olmasıdır. İslami rəvayətlərdən məlum olur ki, bütün səmavi kitablar - Tövrat, İncil, Zəbur, Suhuf və Qurani-Kərim - hamısı bu ayda nazil olub. İmam Sadiqdən (ə) nəql olunan hədis də deyilənləri bir daha təsdiqləyir: “Tövrat Ramazan ayının 6-da, İncil 12-də, Zəbur 18-də, Qurani-Kərim isə Qədr gecəsində nazil olub”.
Deməli, mübarək Ramazan ayı bütün səmavi kitabların nazil olma, təlim və tərbiyə ayıdır. Əslində oruc tutmaqla həyata keçirilən tərbiyə proqramı səmavi kitabların göstərişləri ilə həmahəng olmalıdır ki, insanın nəfsi günah çirkinliyindən təmizlənsin, bütün vücudu paklansın və bununla da səadətə yetişsin. Bu baxımdan Qurani-Kərimin mübarək Ramazan ayında, Allah-Təalaya dönüş və qayıdış ayında nazil olması əslində İlahi bir hikmətin, İlahi rəhmət və lütfün nişanəsidir. Elə bu səbəbdəndir ki, bu ayın ən gözəl ibadət və əməllərdən biri məhz Qurani-Kərimin tilavətidir.
Həzrət Peyğəmbər (s) Mübarək Ramazan ayının gəlişiylə əlaqədar olaraq buyurduğu xütbədə Qurani-Kərimlə mənəvi bağlılığın bərəkətlərinə xüsusilə toxunmuşdur: “Ey camaat, doğrudan da, Allah-Təalanın ayı öz rəhmət, mərhəmət və bərəkəti ilə sizlərə üz gətirib. Bu elə bir aydır ki, günləri Allahın yanında ən gözəl günlər, gecələri ən gözəl gecələr, saatları ən gözəl saatlar, özü də ayların ən gözəlidir. Bu ayda sizlər Allah qonağlığına dəvət olunub, kəramət əhlinə çevrilmisiniz. Bu ayda aldığınız nəfəslər zikr, yatmağınız ibadət, əməlləriniz qəbul və etdiyiniz dualar müstəcəb olar. Elə isə Allah- Təaladan saf niyyət və sidq ürəklə istəyin ki, günah və pis əməllərinizdən keçib sizlərə oruc tutmağı, Quran oxumağı qismət etsin...”
“...Bu ayda Qurandan bir ayə oxuyan şəxsə Allah-Təala başqa aylarda bir Qurani-Kərimi oxumuş şəxsin savabını verər...”
Bütün bu deyilənlərdən aydın olur ki, Qurani-Kərimi oxumağın fəzilətləri, dünya və axirət faydaları olduqca çoxdur və üstəlik mübarək Ramazan ayında Allah-Təala Quran əhlini öz rəhmət nəzərləri ilə əhatə edər və onların savablarını qat-qat artırar. Çünki Allah-Təala bütün bəşəriyyətə Qurani-Kərim kimi dəyərli nemət bəxş etməklə bu ayın mübarəkliyini, əzəmətini artırmış və bütün ayların sultanı qərar vermişdir.
Bu ay bütün zamanları əhatə edən, ən şərəfli və ən əzəmətli İlahi kitabın nazil olduğu aydır. Elə bir kitab ki, ondan möhkəm yapışanı bu dünyada xoşbəxt həyata, axirətdə isə cəhənnəm odundan amanda qalaraq cənnətə qovuşacağına zəmanət verməklə müjdələyir. Elə bir kitab ki, bizləri düz yola hidayət edir, azğınlıqdan çəkindirib imana yönəldir, haqqı batildən ayırmaqda yardımçımız olur.
Qurani-Kərim bütün dünya və axirət nemətlərindən dəyərli və üstün olan İlahi bir nemətdir. Qurani-Kərim bütün varlıq aləminin Yaradıcısının kəlamıdır. Bu İlahi kəlam insanın həqiqi xoşbəxtliyini aydın şəkildə bəyan edir. İnsanın Qurani-Kərimdən faydalanması ali məqamlara ucalmasına və Allaha yaxınlaşmasına səbəb olur. Qurani-Kərimlə ünsiyyət insan həyatına fövqəl dərəcədə böyük quruculuq, canlılıq, dirilik gətirir. Qurani-Kərimin ayələri haqqında düşünmək, onlara əməl etmək insanın fərdi və ictimai həyatda xoşbəxtliyini təmin edir. Həqiqi xoşbəxtlərdən olmağımız üçün mübarək Ramazan ayından böyük fürsət ola bilərmi? Bir halda ki, Allah-Təala özü bu ayda bizi İlahi ziyafətə dəvət edib və saysız-hesabsız nemətlərlə bəzədiyi geniş məğfirət süfrəsindən lazımınca bəhrələnməyə imkan yaradıb. Ona görə də bu ayda Quranla mənəvi bağlantımızın daha da güclənməsi üçün bəzi hədislərə nəzər yetirmək lap yerinə düşərdi:
İmam Səccad (ə) buyurmuşdur: “Quran Allah-Təalanın xəzinəsidir. Bu xəzinə açılanda yaxşı olar ki, orada olanlara nəzər salasan” .
İmam Sadiq (ə) buyurmuşdur: “Quran Allah ilə bəndə arasında olan bir əhddir. Müsəlman şəxs yaxşı olar ki, öz əhdinə vəfa etsin və hər gün ondan 50 ayə oxusun” və başqa bir hədisdə: “Mömin hesaba çağırılarkən Qurani-Kərim ən gözəl surətdə onun qarşısına gələr. Deyər ki, ey Rəbbim! Sənin bu bəndən məni oxumaqla özünü zəhmətə saldı, məni oxumaqla gecəni oyaq qaldı, ibadət edəndə gözləri yaşla doldu. Məni şad etdiyi kimi onu da şad et. Allah- Təala buyurur: “Ey bəndəm! Əlini aç!” Allah- Təala onun ətəyini rəhmətlə doldurar. Sonra ona deyilər ki, bu cənnət sənə mübahdır, oxu və yuxarı get”.
Həqiqətən də Qurani-Kərimi gözəl surətdə tilavət edənlər və onu sinələrində daşıyanlar İlahi rəhmətlə, nurla əhatə olunan kəslərdir. Qurani-Kərim ən gözəl İlahi əxlaq, aşkar nur, təsirli şəfa verəndir, arxalanmaq istəyən kəs üçün arxa, onun ardınca gedənlər üçün nicatdır. Qurani-Kərim elə bir kitabdır ki, əql onun haqqında şəkk-şübhəyə düşməz, dil onun tilavəti ilə dolaşmaz, onun zənginlikləri qurtarmaz və onun kimi elm dəryası tapılmaz. Kim Qurani-Kərimə əsaslanarsa, doğru danışar, əməl edərsə, mükafatlanar və ondan möhkəm yapışarsa, doğru yola hidayət olunar.
İlahi, Səndən acizanə şəkildə istəyirik ki, bizi həqiqi oruc tutanlardan, Quran oxuyub ona əməl edənlərdən qərar ver!
İlahi, qəlblərimizi Quran nuru ilə dirilt, bizi Quran pənahında yaşat və Qiyamət günü Quran əhli ilə məşhur et!

Nübar Lalayeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Ana əmanəti - Mübarək Ramazan həsrəti


Müqəddəs və Mübarək Ramazan ayı bizə döğru gəlməkdədir. Yenə də vücudum Allah ziyafətinin yetişəcəyi, o mənəvi səfərin başlanacağı günü həsrət və intizarla gözləməkdədir. Amma bu həsrət və intizara bu dəfə bir nisgil əlavə olunub; hər il bu möhtəşəm ziyafəti onunla qarşılayıb birgə yola saldığımız varlığın yoxluğu. Daha dəqiq ifadə etsəm fiziki yoxluğu. Bu yazıda sizinlə bəzən onunla olan xatirələrimi bölüşəcək, bəzən də onunla ünsiyyətə çalışacağam.
Həyatımda fərqinə vardığım nigarançılıqlarımdan bir də hər il mübarək Ramazanı başa vuran kimi həmən "növbəti mübarək Ramazanın həsrətində olmaq"lığımdır. Bəzən "görəsən necə oldu ki, mən oruc tutmağa qərar verdim" deyə düşünərdim. Tədricən bu düşüncələr məni növbəti suala doğru istiqamətləndirirdi: "Görəsən İslamla ilk tanışlığım haradan və haçan başlamışdır"? Bu sual bir zamanlar məni çox düşündürərdi. İndi onun olmadığı günlərdə mən bu suallara daha dəqiq cavablarımı tapmışam.
İlk ilklər
İndi də xatirlayıram, hələ balaca uşaqkən ilk dəfə anamı üzərində göy rəngli xırda güllərlə haşiyələnmiş ağ rəngli çarşabında müxtəlif əl hərəkətləri edən, bəzən təzim və səcdə edən, bəzən də ağlayan görərdim. Bu hərəkətlərini anlamadığımdan gəlib dizləri üzərində oturar, bəzən ağlamağını istəmədiyimdən onu güldürmək istəyər, çox nadir hallarda isə mən də ona qoşularaq birlikdə göz yaşı tökərdik. Sanki bu günümə mesaj verirdi anam; "Oğulcan, bəndəlik həm də Xaliqin qarşısında ona xaliscəsinə təslimiyyətdən, xalis göz yaşlarından keçir".
Anamın hər gecə yuxuya getməmişdən öncə dediklri hələ də qulağımdadır. Çöx sonralar isə anlayacaqdım ki, anamın yatmamışdan öncə dediyi və bizə də (övladlarına - müəl.) təlqin etdiyi "Fatihə" və "İxlas" surələri, Kəlmeyi-Şəhadət və başqa dualar imiş. Özüm də fərqinə varmadan İslam və Qurani-Kərimlə ilk tanışlığım beləcə baş tutub. Beləcə məndə İslama maraq oyandı və mən yazıb-oxumağı əxz edənədək ona baxar, onun etdiklərini bacardığım tərzdə təkrarlamağa çalışardım. Allahın insan fitrətində qoyduğu kamilliyə can atma meylinin sayəsində, həmçinin anamın məni yazıb-oxumağa, maariflənməyə həvəsləndirməsiylə sonralar Allah dininə daha sıx bağlanmağa çalışacaqdım. Mənə aldığı ilk kitablardan olan 3 cildlik "Uşaq ensiklopediyası"nı uşaqkən daha çox şəkillərinə görə sevirdimsə, indi bu sevgiyə daha aliləri əlavə olub. Bütün övladlarına təhsil vermək, onları elmli görmək onun ən ümdə həyat qayələrindən idi. Universitetə qəbul olunduğum gün isə dayanmadan ağlamış, şükür və sevincli göz yaşlarını axıtmışdı. Çox arzuladığı, dua etdiyi gunlərdən birini yaşatmış Rəbbi ona. Yaradanına həmdlər və şükranlıq edərdi dualarına icabət olunduğundan ötəri. Bu həm də onun üçün axirət imtahanına doğru yol alan övladının dünya həyatındakı növbəti imtahanın uğuru idi…
Ehtiyatlı və qənaətli həyat tərzi ilə ətrafındakılardan fərqlənərdi, həm zahiri, həm də batini xüsisiyyətləri ilə. Beləcə qarşılayardıq mübarək Ramazanı. Allahın tofiqatı və onun himayəsilə ilk mübarək Ramazanımı yenə də Rəbbimin nemətləri sayəsində cöx gözəl xatırlayıram. Obaşdana azandan saatyarım-iki saat əvvəl qalxar və birlikdə sahur yeməyini yeyərdik. İntizarla sübh azanını gözləyərkən bəzən Türkiyənin "A" tv, "SHOW" tv və kanal "D"-sindən islami filmləri seyr edər, "Əl-Cəzirə"-dən Allah evi - "Kəbə"nin canlı yayımla görüntülərinə tamaşa edərdik. Bəzən də mən radioda müxtəlif islami söhbələri dinlərkən anam vəfat etmiş valideynləri və mərhum həyat yoldaşını da unutmaz, həyatda olan əzizləri ilə birgə onlar üçün də dua edər, "Yasin" surəsi oxuyaraq savabını onlara hədiyyə edər, çoxlu salavatlar dediyinin şahidi olardım. Elə ki, Təbriz radiosundan müəzzinin azan sədaları eşidilər-eşidilməz səccadələr üzərində qiyam halını alaraq namazları qılar və birlikdə dulalar edərdik. O zamanlar məni düşündürən işlərdən biri də anamın işlərinin çoxluğuna rəğmən gün çıxanadək yatmayaraq ibadətlə məşğul olması, hətta kitab oxumağa zaman ayırması idi. Bununla özünü maarifləndirməklə bərabər, həm də övladların da kitaba olan hörməti və məhəbbəti formalaşdıra bilmişdi.
Nimeyi-Şaban
Özünün Müqəddəs Ramazan hazırlıqları sırasında anam bir günü xüsusi hazırlıqla qeyd edərdi. Çox sonralar mənə məlum oldu ki, bu zəmanənin imamı İmam Zamanın (ə.f.) mövludu günü - Şəbanın on beşını növbələşən günlərimizdən fərqləndirərdi. Belə günlərdə ehsan süfrəsi açar, süfrəyə bizimlə yanaşı qonşudan, qohumdan dəvət edərək birlikdə mövlüdü keçirərdik. Mübarək Ramazan sahurlarında mən bu mövzuda ona çoxlu suallar ünvanlayar, o, da bildiklərindən danışar, müxtəlif rəvayət və hədisləri nəql edər, onların hikmət və ibrətlərini öyrədərdi. Hər zaman ibadətlərində zamanın sahibini yad edər, hər an gəlişinin intizarında olardı. Beləcə "İntizar" adlı bir fenomenlə bizi tanış edərdi. İndi övladların zəmanə İmamının (ə.f.) gözləntisində olmaqla yanaşı, həm də o Həzrətin (ə.f.) gəlişinə aktiv hazırlaşmaqdadırlar.
Maraqlı "son və sonun başlanğıcı"
İnancımız baş verənlərin, yaşananların bir qanunauyğunluq olduğunu deyir bizə. Bu da bir qəribə uyğunluqdur ki, sənsiz ilk qeyd etdiyimiz sənin dünyaya göz açdığın gün - 16 avqust bu il Zəmanə İmamın (ə.f) mövlud gecəsinə uyğun gəldi. Allahdan istədik ki, bu günün bərəkətinə xatir ruhunu şad, hesabatını asan, yerini behişt etsin. Yaşamış olsaydın 71 yaşına adlayacaqdın, lakin Allahın məsləhəti hər şeydən daha üstündür.
Növbəti qəribəlik bu dünyaya gözlərini yumduğun tarix oldu - 20 mart 2008-ci il. "Novruz" dilimizə tərcümədə "yeni gün" mənasını bildirməklə həm də insan həyatının yeni bir ilinin, yeni bir dövrünün başlanğıcının ifadəsidir. Bu novruzu səni son mənzilinə yola salarkən sən öz yeni həyatına, biz isə sənsiz davam edəcək öz yeni həyatımıza qədəm basdıq. İnşaallah, bu novruz bizi Allah dərgahına yaxınlaşdıracaq yeni mərhələ olar, zatən bu həm də sənin həyat amallarından növbətisi idi.
Qarşıdan daha bir bağışlanma fürsətimiz, daha bir bəndəlik olmaq imkanlarımız yaxınlaşmaqdadır. Anacan, sənsiz bu Mübarək Ramazanı qarşılamaq nə qədər çətin olsa "Malik"imizin (Əl-Malik - həqiqi sahibimiz olan Allahın mübarək adlarından biri nəzərdə tutulur, - müəl.) təqdiratına tabe və razı olmaq bizim bəndəlik vəzifələrimizdəndir.
Allah səni öz rəhmətində qərq etsin! Amin!
Son mənzilimizdə bir daha görüşmək intizarıyla mənzil sahibinə əmanət ol!

Mehdi Fərəc İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi