суббота, сентября 13, 2008

Seçkilər astanasında olan ölkə

Ölkələrdə keçiriləcək seçkilərə artıq çox az müddət qalıb. Bir anlıq istərdim beş il öncəki seçkiqabağı tarixə ekskursiya edim. Çoxlarının yadındadır ki, beş il öncəki hazırlıqlar çox çalarları ilə fərqlənirdi. Bu elə hər iki cəbhədəki və həmçinin münsiflik mövqeyinde çıxış edən MSK-nın fəaliyyətində sezilirdi. MSK bu anlarda artıq namizədlərin siyahılandırılmasını yekunlaşdırır, müxalifət və iqtidar isə öz seçki qərərgahlarını və seçki platformalarını hazırlamağa başlayırdı.
Hələlik iqtidarı qoyaq bir kənara və xalqın rifahına və müxalifətin fəaliyyətinə nəzər salaq. Əvvəla hələlik aparıcı müxalifət partiyaları çox durğun vəziyyətdə görünür. Belə ki, özlərinin gəldikləri müxtəlif qənaətlərə görə onların bir çoxu seçkilərdə iştirakdan imtina edib. Habelə onlar öz cəbhələrində gördükləri partiyaları da eyni addımı atmağa çağırıb. Lakin bütün boykotlara baxmayaraq adı hələ təsdiqlənməmiş bir neçə «müxalifət namizədi» də tapılıb.
Xalqın ümumi vəziyyətinə gəldikdə isə, insanların tamamən seçkilərə marağı sönüb. Mən hələ inamı demirəm. Düzdür bu şərhləri seçkiöncəsi vermək bəlkə də hələ tez olardı. Amma insanların sosial və ictimai vəziyyətini nəzərə alsaq onların heç də seçki durumunda olmadığı qənaətinə gəlmək olar. Ölkədə insanların iqtisadi həyatının günü-gündən ağırlaşması onlara nəinki seçkilər barədə, gündəlik yaşayışlarını təmin etməkdən başqa digər bir şeyi düşünməyə imkan vermir. Halbuki, hər hansı normal şəraitdə əhali məhz seçkilər vasitəsilə öz rifahına təsir edə bilir…
Bütün iqtisadi çətinliklərdən başqa əhalinin giriftar olduğu çətinliklərdən biri də son vaxtlarda işə düşən “yolların bərpası strategiyası”dır. Deyəcəksiz bunun məsələyə nə aidiyyatı? Əvvəla, böyüklərimizin deyimində vardır ki, yol mədəniyyətdir. Bu həqiqətən də belədir. Bu gün bu yolları gedib-gələn insanın əhval-ruhiyyəsi onun mədəni inkişafınada çox ciddi təsir bağışlayacaq. Təsəvvür edin, bu gün “kartof kimi atlanaraq” bu yolları gedən və ya havanın istisində yolun yararsızlığı ucbatından saatlarla yollarda yubanan insanın mədəni durumu nə hala gəlməlidir?!
Düzdür bu fikir səbirlilərə aid deyil. Həm də deyimlərdə vardır ki, bizim xalq “dözümlü” xalqdır. Amma gəlin gözlərimizi yumaraq deyil, açıq gözlə baxaq bu məsələyə. Hər şey bir qırağa, sabah seçkilərdə iştirak etmək niyyətində olan əhalinin bu yoldan keçərkən hansı qənaətlərə gələcəyi sösüz məlumdur.
Nə isə, yoldan keçək əsas məsələmizə. Seçkilərin yaxınlaşdığı vaxtlarda bəlkə də nəticələr başa düşüləndir. Ümumilikdə xalq seçkilərə inamını, müxalifət qələbə əminliyini, iqtidar isə məğlubiyyət anlamını tamailə itirib. Və bütün tərəflər inamlarının verdiyi nəticələr uğrunda “səylərini” davam etdirirlər. Nəticə isə bunu göstərir ki, ümumilikdə məğlub olan yenidən təəssüf ki, xalq tərəfi olacaq.

Nuran Mikayıloğlu,
«Dəyərlər»

Комментариев нет: