вторник, сентября 09, 2008

BRITANIYADA ŞƏRIƏT NORMALARI TƏTBIQ OLUNA BILƏR

“Böyük Britaniyada bəzi mübahisələrin həlli zamanı şəriət normalarından istifadə oluna bilər” - Bunu Böyük Britaniyanın ədliyyə rəsmilərindən olan lord Filips rəsmən bəyan etmişdir.
İngiltərə və Uelsin baş hakimi Ali ədliyyə məhkəməsınin Kral skamyası şöbəsinin sədri Lord Filips Londonun cənubundakı Uaytçepeldə yerləşən Müsəlman Mərkəzində çıxış edərkən bildirmişdir ki, “sülh razılaşmaları və mübahisələrin digər alternativ həlli yollarının şəriətə əsaslanaraq hazırlanmasına qarşı çıxmağa heç bir əsas yoxdur. Bununla belə bu hallar İngiltərə və Uels məhkəmələrinin yurisdiksiyasında olaraq qalacaq”.
Bundan bir qədər öncə anqlikan kilsəsinin ali ruhanisi Kentenberi arxiyepiskopu Rouan Uilyams bu mövzuda öz proqnozları ilə bölüşərək: “bir zaman şəriət qanunlarının bəzi məqamları qaçılmaz olaraq, Böyük Britaniyada da tətbiq olunacaqdır”, - deyə söyləmişdi. Doktor Uilyamsa görə şəriət nigah hüququ, maliyyə razılaşmaları kimi məsələlərin tənzimində və münaqişəli vəziyyətlərin həllində əhəmiyyətli rol oynaya bilər. Bununla belə altı ay öncə Ingiltərənin bəzi etatist qrupları bu bəyanatı narazılıqla qarşılamışdılar.
Hazırkı çıxışında isə lord Filips: “Bu ölkədə bu cür məhkəmələrin olması və bu cür sanksiyaların tətbiqinin mümkünlüyü heç bir sual doğura bilməz”, - deməklə din xadiminin söylədiklərinin əsaslı olduğunu rəsmən təsdiqləmiş oldu.
Lord Filips mərkəzdəki çıxışı zamanı onu da qeyd etdi ki, şəriət əsasında çıxarılan qərarlar ingilis qanunvericiliyi ilə uzlaşmalıdır. “Müəyyən fiziki cəza tədbirlərinın tətbiqi ümumiyyətlə, qeyri-məqbuldur. Tərəflər razılığa gələ bilməyəcəyi təqdirdə isə məhkəmə işinə İngiltərə və Uelsin qanunvericiliyi əsasında baxılacaq”, - deyə lord əlavə etmişdir.
Bir çox müşahidəçilər məsələyə münasibətində ehtiyatlarını gizlətməyərək, bunun, məsələn, boşanma kimi hallarda, tərəflərin haqlarının pozulmasına gətirib çıxara biləcəyini ehtimal edirlər.
Buna müqabil Lord Filips: “Ölkə sakınləri İngiltərə və Uelsin qanunlarının mühafizəsi və İngiltərə ilə Uels məhkəmələrinin yurisdiksiyası (hüquqi tabeçiliyi) altındadırlar”, - deyə bildirmişdir.
Böyük Britaniya ədliyyə sistemi rəsmisinin bəyanatı ilə bağlı açıqlama verən Britaniya Müsəlman Konsulluğu rəsmisi İnayət Bunglavala bildirmişdir ki, söhbət yalnız mülki məsələlərdə şəriət qanunlarının tətbiqindən gedir. Nümayəndə öz növbəsində bu addımı təqdirəlayiq hesab edərək, ingilis qanunvericiliyinin müsəlman vətəndaşlara doğru atdığı bu addıma dəstəyini bildirmişdir.
Eyni zamanda rəsmi onu da vurğulamışdır ki, söhbət qətiyyən paralel hüquqi sistemlərdən getmir: “Burada heç bir paralel hüquqi sistem (ehtimalı) yoxdur. Bu sistem ingilis qanunvericiliyini inkar etmir”.


Leyla Abbasova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: