Hər dəfə bir müdrik söz eşidəndə özümün də müdrik bir xalqın övladı olduğuna düşünəndə, üzümə bir sağlam təbəssüm qonur. Eləcə də disputların birində mən xalqımızın müdrikliyindən bəhs etmək istəyirdim ki, məni keçmişi qurdalamğa görə"ittiham" etdilər. Dedilər ki, sənin sadaladığın qalıb odu eyy… keçmişdə. Elə bu arada sözümü qüvvətləndirib xalqımızın zəngin keçmişindən bəhs etmək istəyirdim ki, həmkarım növbəti "ittihamı" dilə gətirdi. Düzdür həmkarımın sadaladığı bəzi tənqidlərlə razılaşmamaq da olmurdu. Ancaq nədənsə çox vaxt mənim müdrik xalqımı nədəsə tənqid etmək istəyənlər bu xalqı Avropa ilə müqayisə edirlər (yeri gəlmişkən, bəziləri isə xalqın gözə dəyən eybəcərliyinin günahını Avropada görür).
İcazənizlə mətləbdən kənar düşməyim. Yadımdadır ki, həmin disputda xalqımızın müdrikliyindən danışarkən xalqımızın müdrik deyimlərinə, atalar sözünə daha çox istinad etmişdim. İndi isə bu məsələyə toxunmağımın səbəbi ölkəmizdə səlahiyyətlərini başa vurmuş ABŞ səfirliyinin nümayəndəsi Conatan Henik müəllimin işlətdiyi müdrik bir söz oldu. Deməli Conatan müəllim özünün vida görüşündə Azərbaycanda mətbuatla bağlı fikirlərini belə ifadə edib: "Burada jurnalistlər həm jurnalist peşəkarlığına, həm də siyasi maraqlara xidmət edirlər. Bir əldə iki qarpız tutmaq olmaz..."
Hə indi deyin görüm hansı söz sizə daha doğmadır? Əhsən! "Bir əldə iki qarpız" sözü bizim müdrik babaların kəlamıdır. Eh bu müdrik xalqın axı nəyi yoxdur...
Bəziləri bu kəlamın düzgün işlədilmədiyini desədə, bəziləri Henik müəllimi qınamır. Deyirlər onda günah yoxdur "hoydu-hoydu var dağa dırmandırır, hoydu-hoydu var dağdan endirir". Conatan müəllimin digər "ABŞ Azərbaycanda mətbuat azadlığını daim dəstəkləyəcək" ifadəsinə isə azadlıqda olan yazarlar təşəkkürlərini bildirsələr, də məhbəsdə olan Qənimət Zahid, Eynulla Fətullayev və Mirzə Sakit kimi yazarlar "təşəkkürlərini" bildirmək üçün ulu babalarımızdan müdrik kəlam tapa bilmirlər.
Müdrik babalarımızın bir çox kəlamları var ki, onu dərk etmək üçün gərək Ustada üz tutasan. Bu minvalla düşmənin bir gün sənə dost olmağına inanmaq istəyirsənsə, üz tut erməni rejissoru ilə birgə film çəkən xalq yazıçısı Rüstəm İbrahimbəyovun yanına. Bu xalqın müdrik amallarla yaşaması həyatımızın bütün anlarında özünü təzahür etdirir. Can deyib-can eşidən bu millətin bir-birinin cibinə girməsi, «Kriminal» verilişində göstərildiyi kimi bir-birinin evlərini yarması - "Dost evini sil-süpür düşmən qapısına isə getmə" kimi müdrik kəlamlardan qaynaqlanır.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий