суббота, сентября 13, 2008

Unudulan Unudulmazlar

“Qoy mən mən olum şöhrətim illərlə qorunsun,
Şöhrətlilərin adları tamam unudulsun.”
Fəxri Təkəbbürlü.

Bir gün metroda gedirdim. Bir anlıq fikrimi həm məzəli, həm də həyatımıza birbaşa aidiyyəti olan bir şəkil cəlb etdi. Adi halda reklam xarakterli şəkillərə baxmaram, amma bu şəkilin üzərində yazılmış söz marağımı o qədər artırdı ki, baxmaya bilmədim. Bu şəkillərin üzərində yazılan yazı belə idi: “Axtarılır”. Bu şəkillərdə keçmiş nəsilə aid geyimdə üç kişinin şəkili təsvir edilmişdi. Mən bu axtarılanları elə dərhal tanıdım. Və belə bilirəm siz də tanıyardız. Nəyinki siz, bu insanları bütün Azərbaycan xalqı tanımalıdır. Bunlar xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, Mirzə Ələkbər Sabir və Məmməd Əmin Rəsulzadə idi. Hə, bir şeyi unutmuşdum. Bu şəkillərin üstündə axtarılırdan əlavə daha iki kəlmə yazılmışdı: “Belə oğullar”. Tam desək cümlə bu cürə idi: “Belə oğullar axtarılır”.
Anlayanlar üçün necə də təsirli sözlər idi bunlar! Bunları oxuduqda bir anlıq fikirə getdim. Keçirdiyim hisslər dərhal məndə belə fikirlər oyatdı.
Doğurdan da xalqın böyük hissəsinin iqtisadi çətinlikdə olduğu dönəmdə necə də hansısa xeyriyyəçilərin onlara əl tutması yerli olardı?! Bir çox sahələrdə “monopoliya” anlamının inkişaf etdiyi bir vaxtda necə olardı ki, insanlara əl tutmağı da bir kimsə öz təkəlçiliyinə alardı?! Çox şişirtmə görünür, deyilmi?! Amma bu sahəni xalqını sevə-sevə yaradan və yaşadan kişi olmuşdur Hacı Zeynalabdin Tağıyev və ətəyindəki sonuncu tikəni belə qoymuşdu bu sahəyə...
Azərbaycan Milli Elmlər Akademiyasında işləyən tanışlarımdan biri mənə bir hadisəni danışmışdı. ”Bir dəfə dəhlizdə bir yaşlı xanımla rastlaşdım. Əynindəki paltardan elmi işçidən çox universitetin təmizlik işləri ilə məşğul olan birinə oxşayırdı. Bu xanımın vəziyyəti o dərəcədə ürək ağrıdan idi ki, mən onun kim və nə üçün belə imkansız olması barədə maraqlandım. Soruşduğum insanlar mənim onu tanımadığıma çox təəccübləndilər. Elə mən də təəccübləndim özü də daha çox. Amma məni təccübləndirən başqa şey oldu. Bu xanımın Hacı Zeynalabidin qızı Sara xanım olması...”.
Bəli, yanılmadız, həmin kişinin qızı. O kişinin qızı ki, atası xalqın qızlarını cəhalətdən, zəiflikdən, elmsizlikdən çıxardı. Həmən kişinin qızı ki, millətinin ağır vaxtlarında bir an ondan köməyini əsirgəmədi.Yox, yox,.. Mən demirəm o xanıma kömək edən yoxdur. Bəlkə də var, bəlkə götürməyə çəkinir... Amma sizcə bu xanıma ən yaxşı kömək onun atasına xalqın verəcəyi qiymət olmazmıdı?! Məgər atasının adı gələndə ruhuna salavat onun qəlbini istədiyindən daha çox zinətləndirməzdimi?! Eh, nə isə.. Kişinin heç adı çəkilir ki, ruhuna salavat göndərmək də yada düşsün…
Mən hələ digər iki şəxsdən danışmıram. Onda gərək mən saatlarla yazım, siz isə yaxınlığınızda bir neçə dəsmal hazır edəsiz. Amma bəlkə gələn dəfələrdə. Hələliksə gəlin bu insanları yaddaşlarımızda həkk edək və məhz bu kimi el oğullarından dərs almağı bacaraq. O insanlardan ki, Peyğəmbər (s) və Əhli-beytinin (ə) məhəbbəti ilə yoğrulmuş vücudları.
Sonda bu insanların ruhuna salavat göndərməyi unutmayın...

Nuran Mikayıloğlu,
«Dəyərlər»

Комментариев нет: