вторник, сентября 09, 2008

DAUN SİNDROMLU KUKLALAR

Bir sıra amerikan şirkətləri müxtəlif xəstəliklərin, o cümlədən, Daun xəstəliyinin simptomlarını daşıyan gəlinciklərin satışı ilə məşğul olur. Bu gəlinciklər xırda, başa yaprıxmış qulaqlara, qısaldılmış barmaqlara, bir qədər irəli çıxan dilə və badamvarı gözlərə malik formalarda olur. Bununla yanaşı, həmin gəlinciklərin sinələrində cərrahiyyə əməliyyatının “izləri” görünür, belə ki, xromosom xəstəliklərinə məruz qalmış uşaqların təqribən yarısı ürək qüsurlarına malik olur (Daily Telegraph).


Əlil uşaqların təlimi üzrə ixtisaslaşmış ABŞ-ın Cənubi Karolina ştatından olan Donna Mur (Donna Moore) təqribən 12 il bundan öncə bu cür gəlinciklərın istehsalı ilə məşğul olan özəl şirkətin əsasını qoydu. Hal-hazırda həmin şirkətin istehsal etdiyi gəlinciklərin hər biri 90 funt sterlinq qiymətinə satılır. Xanım Mur müsahibələrində şirkətinin fəaliyyətini belə əsaslandırır: “Əvvəllər Daun sindromlu uşaqlar özlərini heç nə ilə eyniləşdirə bilmirdilər. Onlar görürdülər ki, gəlinciklər zahirən onlardan fərqli görünür. Görürdülər ki, gəlinciklər tam başqa cürdür, onlar kimi deyil, və eynən bütün başqa uşaqlar kimi özlərini kiməsə bənzətmək, kiminləsə oxşarlıq tapmaq istəyirdilər”.
Bir çox valideynlər Barbi kuklalarına bu cür alternativ oyuncaqların əmələ gəlməsini alqışlayırlar. Belə ki, bir çox hallarda Barbi gəlinciyi uşaqlarda natamamlıq kompleksinin yaranmasına səbəb olur. Buna rəğmən bir çox digərləri bu layihəni həddən artıq mübaliğəli siyasi korrektlik və ya sadəcə aşkarcasına mənfəət əldə etmək meyli adlandırmışlar. Bundan əlavə, bəzi valideynlər hesab edirlər ki, belə gəlinciklər sağlam uşaqlar üçün əlavə istehza obyektinə çevrilə bilər. Bütün deyilənlərə rəğmən Böyük Britaniyada fiziki nöqsanları olan gəlinciklər artıq populyarlaşmaqdadır. Məsələn, artıq bir britaniya şirkəti əlil arabalarında gəzdirilən, eşitmə aparatı və ya bələdçi itləri olan gəlinciklərin istehsalı ilə məşğuldur.
Beləliklə, həm fiziki mükəmməl görünüşün təcəssümü olan barbi, həm də fiziki qüsurları olan gəlinciklər bir çox ölkələrdə ciddi etirazlar doğurmaqdadır. Barbi kuklasına gəlincə isə o, uşaqlara mənfi təsir göstərən gəlincik kimi, bir sıra ölkələrdə ümumən qadağan olunmuşdur.



Leyla Abbasova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: