среда, сентября 24, 2008

UYUŞDURUCU VERİLƏN YARALI ƏSGƏR

Bismilləhir-Rahmənir-Rahim



- Nəyə görə yaralı aydındır - QARABAĞ, ZƏNGƏZUR, GÖYÇƏ, İRƏVAN, BORÇALI və s. yaraları var bu əsgərin. Hərçənd ki Qarabağdan başqa digərlərinin ağrısı bu gün unutdurulub.

- Nəyə görə əsgər? Ona görə ki, tarix boyu bəxtinə düşmüş heç bir cəng meydanından yayınmayıb və elə bir zaman kəsiyi olmayıb ki şəhidlərin mübarək qanı ilə bərəkətlənməsin bu torpaqlar.

- Və nəhayət ən əsası - Nəyə görə uyuşdurucu verilən? Uyuşdurucu verilən ona görə ki, biz unutsaq da yaxın və uzaq keçmişimizi, nəzərlərdən uzaq, gizli kabinetlərdə, məxfi dosyelərdə hələ də vahimə ilə saxlanılır imperiyaya üsyan edən xalqın, 20 yanvar şəhidlərini dəfn edən, tərpənən Diri şəhərin rəsmləri, kadrları.

Qorxurlar onlar, çox-çox qorxurlar huşunun özünə gəlməsindən bu yaralı əsgərin. Onun çün də sırıyırlar bu uyuşdurucu çirkabını bizlərə. Bu yuxulu, gicəllənən əsgərin, hər gün qəsb edirlər haqqını, hər gün qoparılar cismindən bir parça.

Hər gün bayram, şoular, konsertlər, hər evdə, hər küçədə, hər meydanda, nəqliyyatda, əlləri çatan hər yerdə səslənir əxlaqsızlığa çağırışlar. Saxta ideallar sıranır gənclərə. “Ulduz” yağmuruna tutmuşlar bu xalqı. Adiləşdirilib azərbaycanlının, bu əsgərin ayıqlıqda heç cür qəbul edəməyəcəyi hallar. Bəli, lazım deyil bizə daha mühəndislər, kosmonaftlar, ixtiraçılar. Bunlardan qat-qat asan və ən əsası perspektivli «ulduz» olmağa sövq edilir, stimullaşdırılır gənclərimiz.

Çökdürülmüş iqtisadiyyat, məhv edilmiş sənaye. Ancaq uyuşdurucu – şərab, araq, pivə və sair nəcis istehsal edir zavodlarımız silah yerinə. Nə ilə yaşayırıq bizlər? Kimdir bizim ideallarımız? Qələbə çalıblarmı onlar? Nail olublarmı istədiklərinə? Qələbənin dərirlərmi bəhrəsini? Nə vaxtadək bu belə davam edəcək? Görünür hələ dirənməyib bıçaq sümüyə, hələ daşmayıb səbr kəsası bu xalqın.

Qoy etsinlər nə bacarırlar! Bir gün gələr bu əsgərin gəlbinin dərinliklərindən, nəsillərdən-nəsillərə ötürülən haqqın səsi, Hüseyn (ə) eşqi baş qaldırar, ayıldar qəflət yuxusundan bizləri. Yada salıb Seyyiduş-Şuhada dərdini. Baxarıq özümüzə, qəmlənərik, ağlayarıq, ləğv edərik saxta bayramları, saxta şadlıqları göz yaşı ilə, ram edərik bizi zəlil etmiş nəfsimizi, sağaldarıq yaralarımızı əzadarlıqla.

Doğma Sadiqimizin (ə) “Hər gün Aşuradır, hər yer Kərbəla” hədisini əməldə şuar edərik özümüzə. İbrət götürərik Kərbəla səhnələrindən, yaşadarıq Hüseynin(ə) qəhramanlıq səlnaməsini, tezləşdirərik zühurunu İmamımızın (ə.f). Çox yaxındır o gün, İNŞAALLAH!

Allah bizlərə həqiqi ruhi hürriyyət nəsib etsin!

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: