"Change", - indi bu şuar ən çox ABŞ-da eşidilməkdədir. Dəyişmək, dəyişilmək arzusunda olan amerikan xalqı üçün bu fenomen kifayət qədər aktuallıq kəsb edir. Bu Amerika üçündür. Bəs Azərbaycan?
"Change" (oxunuş: Çeync - müəl.) dilimizdə dəyişmək, dəyişilmək, dəyişmə, dəyişiklik kimi mənaları ehtiva edir. Nədir bəşərin bu dəyişiklik tələbinin səbəbi və mahiyyəti? Nədən və nə zaman insan dəyişikliyə zərurət hiss edir? Bu sualların zehnlərdə yaranması belə artıq insanın bir çox stereotiplərinin, zərərli komplekslərinin, qaxsayıb qalmış ətalətlərinin dağılmasına, mənəvi-vücüdi halının dəyişilməsinə gətirib çıxara bilər. Əgər bu sualların tədqiqində bir qədər də elmi yanaşma, vücudi təsirlər və digər əhəmiyyətli rəngləri qata, əlavə edə bilərsə, lap yəqin həyatında bir "Change" etmiş olar. Dəyərli oxucu, bunun üçün Rəbbimizin təqdim etdiyi ən bərəkətli, ən mübarək zamandayıq, səncə vaxtı deyilmi?
Fenomenin özüylə gətirdiyi süallardan bəzisi də "NECƏ DƏYİŞƏK? NECƏ DƏYİŞMƏLİ? NƏ ETMƏLİ? HARADAN BAŞLAMALI?" kimi əhəmiyyətli suallardır.
İnsan yer üzünün xəlifəsi olaraq yaradılmışdır (Xatırla ki, Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə yaradacağam", - dedi. (Bəqərə 30)). Öncə özümüzdən başlayaq. Özümüzü tanıyaq, haradan gəlib hara gedəcəyimizi araşdıraq, nə üçün gəldiyimizi bilək. Nələrə qadir ola biləcəyimizi öyrənək, haralara enib və ya yüksələ biləcəyimizi dərk edək.
Sonra qəlbimizə, qəlb evinin otaqlarına, köşələrinə, künc-bucaqlarına nəzər salaq. Onun daxilini və xaricini tutmuş hisi, pası, qəsavəti, paxırı təmizləyək. Onun həqiqi Sahibini məskun edək orada. Qovaq, rədd edək, xaric edək qəlbən təkəbbürü, riyanı, ucbu, yersiz kin-küdurəti və digər şeytani xislətləri. Daxil edək ora ülvi hissləri, Allah xofunu və ümidini. Gücləndirək qəlbdə ali sevgilərimizi, təftiş edək qarşılıqlı etimadımızı, inamımızı, etibarımızı. Daxil edək qəlbimizə Allaha xatir olan vətən, torpaq sevgisini, Ona xatir insani sevgilərimizi, artıraq ilahi sevgilərin çalarını, keyfiyyətini. Dəyişək qəlimizdə yerləşdirdiyimiz anti-dəyərləri, bərpa edək ali dəyərləri, onlara olan eşqimizi, hörmət və ehtiramımızı.
Ruhumuza nəzər salaq. Sağaldaq, paklayaq cismimizdə qonaq olan ruhumuzu. İslahat aparaq, dəyişək ruhumuzu ucalığa, yüksəlişə, böyüklüyə doğru. Uzaq tutaq onu qaranlıqlara qərq edən əməllərdən, zəlalətə aparan günahlardan. Heç təsadufi deyildir ki, bəşərin ən çox ehtiyac duyduğu dəyişiklik ruhundakı dəyişiklikdir. Yalnız doğru dəyişiklik aparır ruhu inkişafa, tərəqqiyə.
Dəyişiklik həm də bir iradə, səy, bacarıq, çalışqanlıq tələb edəndir. O həm ətalətdə, durğunluqda olanlara nisbətdə, həm də yenilik, novatorluq olduğun cəmiyyətə görə deyil, Yaradıcıya xatir cəmiyyət və fərd üçün olmalıdır.
Artıq mübarək Ramazan ayındayıq. Bu digər əlamətləri ilə yanaşı həm də "CHANGE"-ə, - "DƏYİŞİKLİYƏ" müstəsna imkanlar və fürsətlər təqdim edən aydır. Bu imkan və fürsətləri qənimət bilək, qətiyyətli və ardıcıl addım ataq dəyişikliyə doğru!
Biz dəyişməsək Uca Allah qədərimizi dəyişən deyil. Gəlin DƏYİŞƏK bu mübarək Ramazanda!
Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий