Ailə hər bir insanın həyatında önəmli addımlardan biridir. Amma bəzən tərəflərin səhlənkarlığı, diqqətsizliyi, düşünülməmiş atılan addımları ucbatından ailə münüsibətləri sarsılır. Elə məhz bu sarsılmalar nəticəsində boşanma halları meydana çıxır.
Məlumdur ki, boşanmalar son illər daha çox artmaqdadır və gündəmin aktual məsələlərindən biridir. Mütəxəssislər boşanma hallarını bir çox səbəblərdə görürlər. Onlar bu səbəbləri gənclərin təcrübəsizliyi, ailə quran cütlüklərin yaş həddinin düzgün seçilməməsi, valideynlərin qurulan ailələrə qarışması, həmçinin ailə qurduqdan sonra ailəyə müdaxilələri, qısqanclıq, tərəflər arasında bir-birinə qarşı hörmətsizlik, qarşılıqlı anlaşılmazlıq, diqqətsizlik və s. ilə əlaqələndirirlər. Statistika göstərir ki, valideynlərin məsləhəti ilə qurulan ailələrə nisbətən müstəqil seçim edərək qurulan ailələrdə boşanma halları daha çoxdur. Qeyd etmək lazımdır ki, boşanmalara səbəblər içərisində, xüsusilə hal-hazırdakı dövrdə pis vərdişlər və maddi çətinlik də qaçılmaz hal deyil.
Statistik göstəricilərə əsasən hal-hazırda Azərbaycanda məhkəməyə müraciət edənlər arasında qadınlar üstünlük təşkl edir. Bəzi mütəxəssislər qadınları təhsilli və təhsilsiz kateqoriyalara bölərək hər bir kateqoriyanın özünəməxsus boşanma səbəblərini aydınlaşdırmışlar.
Türkiyənin Ailə və İctimai Araşdırmalar Ümumi Müdirliyi tərəfindən yaradılan Ailə Quruluşu belə bir nəticəyə gəlib ki, təhsilli qadınlar aldanma və təziqə məruz qalma, təhsilsiz qadınlar isə uşaq sahibi olmama və yoldaşının ailəsi ilə dolana bilməməsi kimi səbəblərə görə boşanırlar. (anspress.com)
Miçiqan universitetinin əməkdaşları son vaxtlarda hətta belə bir nəticəyə gəliblər ki, boşanmalar ekologiyaya ciddi zərbə vurur. Hesablamalara görə boşanmış şəxsin təsərrüfatı ailənin təsərrüfatından orta hesabla 40-50% azdır. Amma buna baxmayaraq, bir çox sərf olunan enerjinin miqdarı eynidir. Məsələn, evin qızdırılması üçün sərf olunan enerji.
Boşanmaların ictimai və fərdi zərərlərindən əlavə, daha böyük bir zərbəsi günahsız, onu gələcəkdə atılan bu addım nəticəsində nələr gözləyəcəyindən xəbərsiz olan uşaqlara dəyir. Bu addımı atan ata və ana ailədə öhdəsinə düşən məsuliyyəti layiqincə icra etsə, boşanma halları heç vaxt ortaya çıxmaz.
İslam şəriətində ailənin qorunması və davamlılığı naminə bəzi hallarda təlağa (boşanmaya) ağır şərtlər qoyulmuşdur. Lənətlik şeytanın ən çox xoşlandığı hallardan biri də ailənin dağılmasıdır. İdeal ailə nümunəsi olan Həzrət Əli (ə) və Həzrət Fatimə (s.ə) ailəsi bizim üçün ən gözəl örnəkdir. İmam Əli (ə) buyurub: “Qadınlar sizin əlinizdə ilahi əmanətləridir. Onlara ziyan vurmayın, onları sıxışdırmayın”.
İnsan hər hansı xəzinəyə, dövlətə sahib olduqda onun dəyərliliyinin fərqinə yetərincə varmır. Amma xəzinə itirildikdə, əldən çıxdıqda dəyəri daha çox anlanılır. Ailə də bir xəzinə, böyük bir İlahi nemətdir. Əldən çıxmamış qədrini bilmək lazımdır. Peyğəmbər (s) buyurub: “İnsanların iman cəhətdən ən layiqlisi ailəsinə qarşı xoşxasiyyətli və mehriban olanıdır. Sizlərin arasında ailəsinə qarşı ən mehriban olanı mənəm”.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий