(və ya 8 milyon qoçun başı bir qazanda qaynamaz)
Axir ki tapdım. Çox fikirləşəndən sonra məmləkətimizin niyə inkişaf edə bilmədiyini tapmışam. Bilmirəm, bu tapıntıma görə mənə Nobel mükafatı verərlər, ya yox. Amma deyəsən fikirləşməkdən yata bilmədiyim yuxusuz gecələrim bəhrəsini verdi.
Artıq bir neçə ildir ki, ölkəmizin nəyə görə geridə qalması düşüncəsi məni boğurdu. A kişi, on beş ildən çoxdu ki, müstəqilik, amma hələ də iməkləyirik. Belə də şey olar? Bizimlə bir vaxtda müstəqil olan ölkələrdən nə əksiyimiz var axı? Hətta artığımız var - neft artıqlığı. Artıqlığımız niyə özümüzə ziyan vurur? Ümümiyyətlə, biz niyə bu vəziyyətdəyik?
Bilirəm ki, bunlar çox çətin suallardır. Əslində bunların cavabları çox sadədi. Elə mənim Nobel tamahında olduğum tapıntı da məhz bu sualların cavablarındandır. Nəhayət başa düşmüşəm ki, bizdə unikal adamlar çoxdu. Ona görə də ölkə inkişaf edə bilmir.
Bu ölkədə hamı hər şeyi danışır. Bir sözlə hamı elin dili ilə desək “çoxbilmişdı”. Heç kimin ixtisası bir deyil, iki deyil. Sonsuz saydadı. Məsələn əgər sən iqtisadiyyatçısansa, deməli, həm də siyasətçisən, eyni zamanda jurnalistsən, hətta sən din haqqında, musiqi haqqında da danışa bilərsən. Yox, əgər sən siyasətçisənsə, deməli, həm də iqtisadiyyatçısan və ona aid sadalanan peşələrin hamısını sən mükəmməl dərəcədə bilirsən. İşdi, əgər sənin “Ayaqqabı təmiri” və ya “Bərbərxana” adlı ofisin varsa, deməli, sən həm iqtisadiyyatçısan, həm də siyasətçi. Hətta sən istəsən Amerikanın 30 illik proqnozunu verə bilərsən. İndi prezident seçkilərində kim qalib gələcək, niyə məhz o qalib gələcək suallarının ən dolğun cavabların sən bilirsən.
Bax bu “çoxbilmiş”lərın yığıldığı məmləkət necə inkişaf etsin? Atalarımız deyib axı “iki qoçun başı bir qazanda qaynamaz”. İndi mən də atalarımıza istinadən bu deyimi müasirləşdirib deyirəm ki, 8 milyon qoçun başı bir məmləkətdə qaynamaz (düzdür, əgər nəzərə alsaq ki, əhalinin bir hissəsi özünü dolandırmaq üçün xaricə gedib, bu rəqəmi bir az kiçildə bilərik).
Hamı hər şeyi bildiyi üçün, daha doğrusu özünü bu cür apardıği üçün ölkə inkişafdan geridə qalıb. Hər şeyi bilmək yaxşıdı, amma mümkün deyil . Mümkün olmayanı mümkün eləmək istəsən, ya məhv olarsan, ya da məhv olarsan. Vəssalam.
Neçə vaxdır televizora baxmırdım. Əlim qırılaydı, keçən dəfə zəhrimara qalmış “pultu” götürüb ölkə kanallarından birinə çevirdim. Bir müğənni İslam dini haqqında danışırdı . Elə sözlər deyirdi ki, lap mat-məətdəl qaldım. Vallah əgər onu tanımasaydım, deyərdim bu adam BDU-nun İlahiyyatını qurtarıb. Əxlaqdan, mərifətdən dəm vuran bu “çoxbilmiş” cəmi iki-üç dəqiqədən sonra mahnı oxumağa başladı. Oxumağı bir yana. Oxuya-oxuya bayaqdan danışdıqlarının tam əksinə çıxdı. Elə bil, başıma bir vedrə isti su tökdülər. Mən də başladım bunun oxumağına irad tutmağa. Dedim filan notu düz demədi. Filan notu belə deməli idi. Bir sözlə, mən də “çoxbimiş”lik edib heç başım çıxmadığı sahədə peşkarlar kimi rəy verməyə başladım.
İndi özünüz fikirləşin də, ölkədə 8 milyon mənim kimi “çoxbilmiş” var. Bu “çoxbilmiş”ləri yığıb ya Antraktidaya aparmaq lazımdı, bəlkə oranı abad edələr, ya da üzü Xəzərə aparmaq. Pis mənada başa düşməyin. Axı Xəzərin ekologiya problemi var. Qoy “çoxbilməş”liklərindən istifadə edib bu problemi həll etsinlər. Axır ki, bu qazanda olmasınlar. Çünki onların başı olanda bu qazan qaynamaq bilmir. Qazanın da qaynamadı, deməli qaldın ac-yalavac. Düşərsən o qonşunun, bu qonşunun qapısına.
Amma bu “çoxbilmişlik” xəstəliyi dəyəsən bizdə hələ lap qədimdən mövcud olub. Hardan bilirəm. Əlbətdə ki, yazıçıların əsərlərindən. Əsrlər əvvəl dahi Nizami yazırdı ki, «yarımçıq papaqçı olmaqdansa, kamil palançı ol». Yəqin ki Nizami bilsəydi ki, indiki dövrün palançıları “çoxbilmiş” olacaq , elə yarımcıq papaqçılığa üstünlük verərdi.
Nə isə, mən əlimdən gələni elədim. Həm dərdi tapdım, həm çarəsin dedim. Qalanı qaldı “çoxbilmiş”lərin ixtiyarına. Qaldı ki, Nobel məsələsinə. Gərək dədə-babadan mənə ötürülüş dəyərlərimə qarşı çıxım, sonra versinlər. Yoxsa hər yerindən duran “çoxbilmiş”ə mükafat versəydilər, onda biz birincilərdən olardıq...
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий