среда, сентября 10, 2008

Mübarək Ramazan ayında Quranla mənəvi bağlılıq

“Ramazan ayı insanlara doğru yol göstərən, bu yolu açıq-aydın dəlillər ilə aydınlaşdıran və haqqı batildən ayıran və Quran nazil edilmiş aydır...” (Bəqərə surəsi, ayə 185)

Mübarək Ramazan ayı ilin ayları içərisində ən fəzilətli aydır. Ramazan ayının başqa aylarla müqayisədə üstünlüklərindən biri də Qurani-Kərimin bu ayda nazil olmasıdır. İslami rəvayətlərdən məlum olur ki, bütün səmavi kitablar - Tövrat, İncil, Zəbur, Suhuf və Qurani-Kərim - hamısı bu ayda nazil olub. İmam Sadiqdən (ə) nəql olunan hədis də deyilənləri bir daha təsdiqləyir: “Tövrat Ramazan ayının 6-da, İncil 12-də, Zəbur 18-də, Qurani-Kərim isə Qədr gecəsində nazil olub”.
Deməli, mübarək Ramazan ayı bütün səmavi kitabların nazil olma, təlim və tərbiyə ayıdır. Əslində oruc tutmaqla həyata keçirilən tərbiyə proqramı səmavi kitabların göstərişləri ilə həmahəng olmalıdır ki, insanın nəfsi günah çirkinliyindən təmizlənsin, bütün vücudu paklansın və bununla da səadətə yetişsin. Bu baxımdan Qurani-Kərimin mübarək Ramazan ayında, Allah-Təalaya dönüş və qayıdış ayında nazil olması əslində İlahi bir hikmətin, İlahi rəhmət və lütfün nişanəsidir. Elə bu səbəbdəndir ki, bu ayın ən gözəl ibadət və əməllərdən biri məhz Qurani-Kərimin tilavətidir.
Həzrət Peyğəmbər (s) Mübarək Ramazan ayının gəlişiylə əlaqədar olaraq buyurduğu xütbədə Qurani-Kərimlə mənəvi bağlılığın bərəkətlərinə xüsusilə toxunmuşdur: “Ey camaat, doğrudan da, Allah-Təalanın ayı öz rəhmət, mərhəmət və bərəkəti ilə sizlərə üz gətirib. Bu elə bir aydır ki, günləri Allahın yanında ən gözəl günlər, gecələri ən gözəl gecələr, saatları ən gözəl saatlar, özü də ayların ən gözəlidir. Bu ayda sizlər Allah qonağlığına dəvət olunub, kəramət əhlinə çevrilmisiniz. Bu ayda aldığınız nəfəslər zikr, yatmağınız ibadət, əməlləriniz qəbul və etdiyiniz dualar müstəcəb olar. Elə isə Allah- Təaladan saf niyyət və sidq ürəklə istəyin ki, günah və pis əməllərinizdən keçib sizlərə oruc tutmağı, Quran oxumağı qismət etsin...”
“...Bu ayda Qurandan bir ayə oxuyan şəxsə Allah-Təala başqa aylarda bir Qurani-Kərimi oxumuş şəxsin savabını verər...”
Bütün bu deyilənlərdən aydın olur ki, Qurani-Kərimi oxumağın fəzilətləri, dünya və axirət faydaları olduqca çoxdur və üstəlik mübarək Ramazan ayında Allah-Təala Quran əhlini öz rəhmət nəzərləri ilə əhatə edər və onların savablarını qat-qat artırar. Çünki Allah-Təala bütün bəşəriyyətə Qurani-Kərim kimi dəyərli nemət bəxş etməklə bu ayın mübarəkliyini, əzəmətini artırmış və bütün ayların sultanı qərar vermişdir.
Bu ay bütün zamanları əhatə edən, ən şərəfli və ən əzəmətli İlahi kitabın nazil olduğu aydır. Elə bir kitab ki, ondan möhkəm yapışanı bu dünyada xoşbəxt həyata, axirətdə isə cəhənnəm odundan amanda qalaraq cənnətə qovuşacağına zəmanət verməklə müjdələyir. Elə bir kitab ki, bizləri düz yola hidayət edir, azğınlıqdan çəkindirib imana yönəldir, haqqı batildən ayırmaqda yardımçımız olur.
Qurani-Kərim bütün dünya və axirət nemətlərindən dəyərli və üstün olan İlahi bir nemətdir. Qurani-Kərim bütün varlıq aləminin Yaradıcısının kəlamıdır. Bu İlahi kəlam insanın həqiqi xoşbəxtliyini aydın şəkildə bəyan edir. İnsanın Qurani-Kərimdən faydalanması ali məqamlara ucalmasına və Allaha yaxınlaşmasına səbəb olur. Qurani-Kərimlə ünsiyyət insan həyatına fövqəl dərəcədə böyük quruculuq, canlılıq, dirilik gətirir. Qurani-Kərimin ayələri haqqında düşünmək, onlara əməl etmək insanın fərdi və ictimai həyatda xoşbəxtliyini təmin edir. Həqiqi xoşbəxtlərdən olmağımız üçün mübarək Ramazan ayından böyük fürsət ola bilərmi? Bir halda ki, Allah-Təala özü bu ayda bizi İlahi ziyafətə dəvət edib və saysız-hesabsız nemətlərlə bəzədiyi geniş məğfirət süfrəsindən lazımınca bəhrələnməyə imkan yaradıb. Ona görə də bu ayda Quranla mənəvi bağlantımızın daha da güclənməsi üçün bəzi hədislərə nəzər yetirmək lap yerinə düşərdi:
İmam Səccad (ə) buyurmuşdur: “Quran Allah-Təalanın xəzinəsidir. Bu xəzinə açılanda yaxşı olar ki, orada olanlara nəzər salasan” .
İmam Sadiq (ə) buyurmuşdur: “Quran Allah ilə bəndə arasında olan bir əhddir. Müsəlman şəxs yaxşı olar ki, öz əhdinə vəfa etsin və hər gün ondan 50 ayə oxusun” və başqa bir hədisdə: “Mömin hesaba çağırılarkən Qurani-Kərim ən gözəl surətdə onun qarşısına gələr. Deyər ki, ey Rəbbim! Sənin bu bəndən məni oxumaqla özünü zəhmətə saldı, məni oxumaqla gecəni oyaq qaldı, ibadət edəndə gözləri yaşla doldu. Məni şad etdiyi kimi onu da şad et. Allah- Təala buyurur: “Ey bəndəm! Əlini aç!” Allah- Təala onun ətəyini rəhmətlə doldurar. Sonra ona deyilər ki, bu cənnət sənə mübahdır, oxu və yuxarı get”.
Həqiqətən də Qurani-Kərimi gözəl surətdə tilavət edənlər və onu sinələrində daşıyanlar İlahi rəhmətlə, nurla əhatə olunan kəslərdir. Qurani-Kərim ən gözəl İlahi əxlaq, aşkar nur, təsirli şəfa verəndir, arxalanmaq istəyən kəs üçün arxa, onun ardınca gedənlər üçün nicatdır. Qurani-Kərim elə bir kitabdır ki, əql onun haqqında şəkk-şübhəyə düşməz, dil onun tilavəti ilə dolaşmaz, onun zənginlikləri qurtarmaz və onun kimi elm dəryası tapılmaz. Kim Qurani-Kərimə əsaslanarsa, doğru danışar, əməl edərsə, mükafatlanar və ondan möhkəm yapışarsa, doğru yola hidayət olunar.
İlahi, Səndən acizanə şəkildə istəyirik ki, bizi həqiqi oruc tutanlardan, Quran oxuyub ona əməl edənlərdən qərar ver!
İlahi, qəlblərimizi Quran nuru ilə dirilt, bizi Quran pənahında yaşat və Qiyamət günü Quran əhli ilə məşhur et!

Nübar Lalayeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: