суббота, марта 29, 2008

HAKERƏ MƏKTUB

(Düşünçəsiz düşüncələr silsiləsindən)

Son zamanlar dünyada "Haker" mövzusu çox aktiv bir mövzuya çevrilib. Hansısa bankların sistemlərinin çökdürülməsində, internet saytlarının dağıdılmasinda, beynəlxalq fondlara müdaxilə etməkdə adları çəkilir.
Ölkəmizdə də internet saytlarına edilən haker hücümları məni çox narahat etdi. Özü də bu saytlarda islami ab-havanın hiss olunması nigarançılığımı birə-beş artırdı.
Mənim fikrimcə, əgər hər hansı internet saytına hakerlər hücüm edib onu dağıdırlarsa, elə həmin saytı mütəxəsis hakerlər tərəfindən bərpa edilir. "Dərzinin söküyün dərzi tikər" prinsipini əsas götürüb hakerləri zehnimdə iki yerə böldüm.
Birincisi dağıdıcı hakerlərdi ki, bunlar haqqında bir qədər şərh verdim.
Ikincisi isə yaradıcı hakerlərdi. Məhz bu cür hakerlər dağıdıcıların sökdükləri binaları bərpa edirlər.
Bu barədə bir qədər fikirləşəndım. Sonra dağıdıcı hakerlərin hərəkətlərinə haqq qazandırmaq istədim, ancaq bir dənədə olsun yaşıl nöktə görmədim bu hərəkətlərdə.
Məhz buna görə də onlara məktub yazmaq qərarına geldim.
Məktub çox uzun idi. Ancaq sizi onun qısa məzmunu ilə tanıs edəcəm.
Salam haker qardaş. Neçəsiniz?- Əslində mən sizə bu sualı elə-belə vermirəm. Çünki son vaxtlar sənin hərəkətlərinə baxanda bu sual meydana çıxır. Görəsən bu adamın nə problemi var?
Məktubu yazmaqda əsas məqsədim sənə məsləhət vermək deyil. Çünkü sən özün nəyin yaxşı, nəyin pis olduğun bilirsən. Amma yenə də dəcəllik edirsən.
Bəzən uşaq bilir ki, pəncərəni sındırmaq olmaz, bu - bir pis hərəkətdi. Amma yenə də həmin pəncərənin şüşəsin sındırır. Ona görə ki, uşaq dəcəldi. Sən də onun kimi hərəkətin səhv olduğun bilirsən, amma dəcəl uşaqlar kimi...
Haker qardaş, neçə gündür sənin Azərbaycandakı islami saytlara hücümunu fikirləşirəm. Amma heç cürə bəraət verə bilmirəm.
Axı məqsəd nədi?
"Bar verən ağaca daş atan çox olar" misalını əldə bayraq edib, hansısa dəyərlər sisteminə daş atmaqla onun bar verdiyini sübut etmək istiyirsən?
Əgər belədirsə, sənə "əhsən" deyə bilmərəm, bağışla. Çünki, öz fikrini çatdırmaq üçün düzgün yol seçməmisən.
Yoxsa daş atıb ağacdakı meyvələri "zay" etmək istəmisən?
Bax bu haqda düşünmək olar. Demək sən ağacın yox olmasının tərəftarısan.
Əvvəla bildirmək istəyirəm ki, təməli düzgün qoyulan və əksəriyyətin qəbul etdiyi dəyərlər sistemini silmək üçün bu çox cılız addımdır.
Haker qardaş, sən kompyuter viruslarını yaxşı bilə bilərsən. Amma toplumda sənin virus kimi gördüyün dəyərlər sistemini qətiyyən yaxşı bilmirsən.
Bu o dəyərlər sistemidir ki, hələ də açılmayan qatları var və açıldıqca insan övladı onun incəliyinə heyran olur.
Bu o dəyərlər sistemidir ki, insanlıqdan hər zaman və hər yerdə öndədir.
Bir də heç uzağa getmək lazım deyil. Yaxın tarixə nəzər salmaq kifayətdir.
Bu o dəyərlər sistemidir ki, 70 il hakerlər onun silmək üçün gecə-gündüz işlədilər , amma silə bilmədilər. Hanı indi o hakerler ? Heç izləri də yoxdu.
Bəs dəyərlər sistemi hanı? Hələ də yaşıyır, hələ də şaxələnir bu ağac…
Tarix boyu hakerlərin dəyərər sisteminə hücümundakı qalib tərəfi görürsən də? Yaxşı, sənə bir sual daha:
İnsanı kamil edən bilirsən nədi? - keçmişindən ibrət alması. Atalarının, babalarının buraxdığı səhvləri buraxmamasi. İnsan nə qədər buna diqqət etsə, o qədər həyatda qələbə qazanar.
İndi sən də dön bir keçmişə bax. Bax gör dəyərlər sistemi ilə mübarizə aparan hakerlerin axiri nə olub. Firondan tutmuş muasir dövrə qədər…
Bunları deməkdə məqsədim səni qorxutmaq deyil. Əslində məqsəd sənə kömək etməkdi. O mövzulardakı düşüncənin isiqamətini tapasan. Çünki mən sənin düşüncəli bir insan olduğunu bilirəm, amma bu düsüncənin istiqamətini bilmirəm. Düsüncəli düşüncədi, yoxsa düşüncəsiz düşüncə.
Bəs görəsən ümümiyyətlə sən özün bilirsən düşüncənin istiqamətini?
Bax ən dəhşətlisi bu olardı ki, insan etdiyi hərəkətin səbəbini bilməsin.
Unutma ki, “səbəbini bilmədiyin isin nəticəsi olmaz”. Əgər sən bu fikrin əksinin olacağına inanirsansa, artıq sənin düşüncənin istiqaməti mənə aydın oldu...
Sən düşüncəsizlik dəryasinda məhv olursan...

Hörmətlə, mən
Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

BİR GÜN

Salıb azğınlığı şeytan,
Tutub insanlığa divan.
İtib çoxdan ədəb-ərkan,
Qəriblikdə qalıb iman.
Zəlalət içrə hər bir yan,
Cəhalət qurbana qurban -
Qoşur bir-bir, udur min can.
Bu qaydayla itir səhman.
Bu dünyaya gələn mehman,
Taparkən bir qədər imkan,
Olur var-dövlətə heyran,
Gözəlliklər olur viran,
Gözə durmur xəta, nöqsan,
Ona düşmən olur vicdan,
Gözü qanlı, sözü hədyan...
O kəs gec-tez olar peşman,
Düşər dərdə, edər əfqan.
Nə çoxdur gözləri giryan?
Kimi acdır, kimi üryan.
Baxışlar qəm dolu ümman
Damarlarda donuşmuş qan.
Baxırsan, məzlumun asan -
Bu gün malı olur talan.
Bu gün fərman verir “Böhtan”,
Əcəb gərdiş, əcəb dövran?!
Bəşər məhbus, ömür zindan.
Nə çox olmuş “Ulu Xaqan”-
Ki, olmuş yer ilə yeksan.
Sən ey Allah, Rəhim-Rəhman,
Sənə məxluq deyil şayan,
Sənə möhtacıq hər bir an!
Bu gün zalim edir tüğyan,
Tutub meydan, edir cövlan.
Bu dərdə etgilən dərman,
Bizə göndər təbib, loğman.
Olar BİR GÜN də bir ELAN!
Bununla son tapar hicran,
Gələr dadə “Əsil - İnsan”.
Görər İNSANları nadan.
Qopar aləmdə bir tufan,
Çaxar şimşək, yağar leysan,
Qaranlıqlar olar əlvan,
Həqiqət, haqq deyən Sultan,
Ədalətlə verər fərman,
Qurar dünyada haqq mizan,
Bu dünyanı edər Rizvan.
Bunu təsdiq edir bürhan,
Bunu vəd eyləyir Quran!
Bunu vəd eyləyir uran!

Şahin Qurbanov,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

суббота, марта 22, 2008

SƏN TƏK DEYILSƏN!

Doğulan andan mübarizəyə atılır insan. Mövcudiyyətini təmin etmək, ayaqda durmaq, özünü tapmaq üçün elə hey çalışır, daim nələrsə edir. Ömür belə təlatümlərlə, mübarizələrlə ötüb keçir. Stresslər, depressiyalar, bəzən də çıxılmaz görünən şəraitlər, onların özüylə gətirdiyi bəlalar-intiharlar, özünə qəsdlər, həyatdan küsmələr və s.- bütün bunlar bizi təqib edən ən aktual bəlalardır. Insan bu düyünləri açarkən nə edim?, necə edim? deyib çarə axtaranda qəlbinin dərinliyindən bir səs ona - “Sən tək deyilsən” deyir.
Günümüzün zərurətinə çevrilmiş stresslər- biz onlara öyrənmişik, onlar da bizə. Səhər işə gecikmək kimi kiçik streslərdən tutmuş, yaxınların ölümü, qəzada, təbii fəlakətlərdə bədəninin bir hissəsini itirmək kimi ağır psixoloji zədələr insan həyatını əsl «cəhənnəmə» çevirə bilər.
Bütün xəstəliklərə qarşı immun sistemi olan insan mənfi psixoloji hücumlara nə ilə qarşı dursun? Haradan qidalandırsın ruhunu və beynini? Qəlbi narahatlıq, ruhi sarsıntılar kimi xəstəlikləri necə müalicə etsin?
Xəstəliyi müalicə etmək üçün onun səbəblərini araşdiraq. Psixoloqlar stress, depressiya yaradan amillər siyahısına gündəlik kiçik problemlərdən başlayaraq, arzuların həyata keçməməsi, planlaşdırılan işlərin baş tutmaması, əzizlərini itirmək, tək qalmaq, ətrafdakılarla münasibətlərdəki anlaşılmamazlıqlar kimi səbəbləri daxil edirlər. Daimi olaraq mənfi psixoloji hucumlara məruz qalan insan güclü iradə, ümid və inamla silahlanmazsa, bu həyati mübarizədə məhv olub gedər. Belə iradə, umid və inamın da həqiqi, sabit və qüdrətli mənbəyi Allahdır.
«Qəlblər yalnız Allahı zikr etməklə aram tapar». (“Rəd”, 28).
Allahsız bir qəlbə sahib olan insan həyata keçməsinə ümid etdiyi bir işdə yalnız özünü icraçı bildiyindən baş tutmayan işdən sarsılar, hər şeyi ölçüb biçdiyini güman edərək gözlənilmədən qarşılaşdığı mənfi sürprizdən stress kecirər, əgər güc tapıb məsələni həll edə bilməsə, uzunmüddətli depressiya halını yaşayar.
Lakin eynilə bu cür problemlə qarşılaşan imanlı şəxs bir işin həyata keçməsində yalniz özunun deyil, Allahın da iradəsinin mütləq var olduğunu bildiyindən baş tutmayan arzularına “Bu - Allahin məsləhətidir”- deyə rahat reaksiya verər, problem qarşısında sınmaz. Eynilə üzünə bağlanan qapıların mütləq nə vaxtsa açılacağına da böyük ümid bəslədiyindən səbr edər, həyat eşqi sönməz və o, yoluna davam edər. Çünki, o, öz hesablamalarından da, götür-qoylarından da üstün olan bir qərarvericinin - Allahın var olduğuna inanır.
Ölümu yox olma kimi anlayan şəxslə, onu bir dünyadan başqa dünyaya köçmə kimi qavrayan insan arasında nə qədər böyük fərq var! Biri onu dəhşətlə qarşılayıb hər şeyin sonu kimi qəbul edir, digəri isə bunu həyatın zərurəti hesab edib, insanın gəldiyi yerə qayıdışı kimi başa düşür.
Övladlarını itirən analar, valideynlərini itirən övladlar, müharibədə, qəzada əllərini, ayaqlırını itirənlər də Allahı tanıyanlar və tanımayanlar kimi iki qismə bölünüb eyni bəlaya, müsibətə müxtəlif cür reaksiya verirlər. Biriləri həqiqi mənada heç nəyə sahib olmadıqlarını, hər şeyin - hətta bədən üzvlərinin belə onlara əmanət verildiyini bilir. Belə insanların bu nemətlərin onların əlindən istənilən vaxt alınmasına da psixoloji hazırlığı olur. Digərləri isə var olanın haradan qaynaqlandığını bilmədiyindən, yox olanın da hara getdiyini bilmir. Bu səbəbdən də itki qarşısında aciz və caş-baş qalırlar. Bir çoxları ruhən ölür, bəziləri isə daha betər - fiziki cəhətdən də özlərinə qəsd edirlər. Bununla da iztirablardan qurtaracaqlarına və xilas olacaqlarına inanırlar. Lakin əzab cəkən ruh əbədi olduğundan, öz halını o biri dunyada davam etdirir. Üstəlik onun üstünə intihar kimi böyük günahın cəzası da yüklənir…
Mömin isə bədənin ruhuna örtük olduğunu bilir və bu vasitədən - cisminin ona əmanət verildiyi vaxtdan səmərəli istifadə edərək ötəri kədərli hallarını tez həll edərək ruhi halını sabit saxlayır.
Allahsız dünyanın üzləşdiyi bir problem də tənhalıq hissidir. Hətta fiziki cəhətdən tək olmayan insanlar belə bu hissi yaşayırlar. Onlar başqaları tərəfindən başa düşülmədiyindən, dərdini bölüşməyə bir kimsə tapmadığından, üzləşdikləri problemləri təkbaşına həll edə bilmədiklərindən özlərini qaranlıq bir quyuda yalnız, heç kim tərəfindən səsi duyulmayan insanlar kimi hiss edirlər. Allaha bağlı olan imanlı insanlar isə ikilikdə olanda özlərini üç bilər, üç olanda üzlərini dörd bilər, tək olanda isə daim onlarla həmsöhbət olan, dərdlərindən, ehtiyaclarından agah olan, həmişə üz tutub kömək istəyə biləcək və mütləq yardıma gələcək bir Rəbbin - Allahın olduğunu əminliklə bilirlər. Bu səbəbdən də, istənilən həqiqi iman sahibi bütün çətin anlarında “mən tək deyiləm”- deyib Ona sığınır. İnsanı da yaşadan, güclü edən də elə bu ümid, həqiqi qüdrət mənbəyinə bağlılıq və etimadın olmasıdır.

Qaranlıqlar cökən zaman həyatına,
Əngəllər, müşküllər çıxanda qarşına,
Sən qərq olma təlatümlü dəryalara
Tək deyilsən, tapın Ona, sığın Ona!

Puca çıxsa arzuların, ümidlərin,
Tərk etsə də yaxınların, sevdiklərin,
Yerdən-göydən üzülməsin qoy əllərin
Tək deyilsən, tapın Ona, sığın Ona!

Yalnız qalsan keşməkeşli bu yollarda,
Dərd əlindən zara gəlib boğulanda,
Tək bilsən də sən özünü bu meydanda
Tək deyilsən, tapın Ona, sığın Ona!

Qapansa da bütün qapılar üzünə,
Zülm hər yandan hücum çəksə üzərinə,
Elə bu an su çilənər ürəyinə -
“Bəndəm mənim, tək deyilsən, sığın Mənə”

Əbəs yerə «Quran dərdlərə dərmandır, ən gözəl təbibdir» - deyilməyib. Çünki, o, bizə Allahı tanıdir, çünki, O,
“…Harada olsanız, O, sizinlədir” («Hədid», 4) - deyə səslənir. Hər an Rəbbimizin himayəsində olduğumuzu bizə xatırladır, ruhumuzu qüvvətləndirir.
Allahı tanımaq heç də bəlalara, itkilərə laqeyd, bivec münasibət bəsləmək demək deyil. Insan yaradılarkən emosiyalarla - sevinc, kədər, qorxu kimi hisslərlə təchiz edilmişdir. Ona görə də bu hisslərin yaşanması onun üçün normal haldır. Vacib deyil ki, o enişli-yoxuşlu həyat yolunda büdrəməsin, əsas odur ki, büdrəyib yıxılarkən tez ayağa qalxmağı bacarsın.
Əgər özünü aciz bilib ayağa qalxmağa güc tapmırsansa, “əlbəttə ki, mənə çətin anlarımda hər an əl uzadan, nəzəri daim üstündə olan Rəbbim var” - deyib qalx və yoluna davam et! Çünki, SƏN TƏK DEYİLSƏN!

Günel Hüseynli,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, марта 20, 2008

"Qəfəs" əhvalatı

Bu günlərdə Bakıya 500 ədəd Fiat markalı maşın gətirildi. Göz aydınlığına Daxili İşlər Nazirliyinin işçiləri yığılmışdılar. Xeyli söhbətdən sonra aydın oldu ki, bu maşınlar polis işçilərinin ixtiyarına veriləcək - PPX-ya (post patrul xidməti). Deyilənə görə, bu texnika vətəndaşların rifahına xidmət edəcək. Orada cəm olanların simalarında "sevinc" dolu mimika müşahidə olunurdu. Problemlərin həlli üçün du hadisənin böyük təsirindən ağız dolusu söhbətlər səmada pərvaz edirdi. Bircə ağ göyərçinlərin yeri görsənirdi, sülh göyərçinlərinin.
Göyərçin dedim, bülbül yadıma düşdü.
Şadyanalığ qurub bülbülü təbrik edirlər ki, gözün aydın, a bülbül, sənin üçün təzə xarici qəfəs almışıq. Ful salon, ürəyin istəyən kimi, bir daha arxayın ol ki, bunlar sənin şəraitinın yaxşı olması və rifahın üçündür. Oxu bülbül, oxu!

Rövşən Fərhadoğlu,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
.

Müasir insanın mənəviyyatı

İnsan və mənəviyyat - bu iki anlayışı bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür. İnsan digər yaradılmış canlılardan məhz bu keyfiyyətinə görə fərqlənir. Bu səbəbdən insanların maraqlarının və araşdırmalarının mərkəzində həmişəlik qərar tutmuş mövzulardan biri də mənəviyyat məsələsi olmuşdur.
İnsanın mənəviyyata meylli olması ona öyrədilməmişdir. Bu fitri məsələdir və əgər üzərinə qəflət və unutqanlıq tozu yığılmamışsa, insan təbiətində yaşayan bir mövzudur. O, insanın daxilində parıldayır və cilvələnir. Qafillik pərdələri ilə örtüldükdə şölələri bir qədər azalır, lakin heç vaxt sönmür. Kiçik bir özünəqayıdış ilə yenidən şölələnməyə başlayır.
Dünyada müxtəlif sahələrdə böhran vəziyyəti mümkündür və olur. Lakin müasir dövrün ən böyük böhranı mənəvi böhrandır ki, bunu biz ən inkişaf etmiş ölkələrdə belə müşahidə edirik. Sənəyeləşmə, texnologiya, elm, intelektuallıq və s. adlar ilə özündən və həqiqətdən uzaqlaşan insan böran keçirir.
Bugünkü insan elmin inkişafı nəticəsində bir çox mümkün olmayan şeyləri mümkün etsə də, nə elm, nə texnologiya, nə də bu inkişafın ardınca yaranan ideyalar onun susuz ruhuna sakitlik bəxş etmişdir. Həqiqətdə bugünkü dünya insana asayiş bəxş etmiş, lakin onun ruhunun rahatlığını əlindən almışdır. Sadaladığımız heç bir qazanılmış nailiyyət bugünkü insanın mənəvi boşluğunu doldura bilməmişdir.
İnsanın insanlığı o dərəcədə ayaq altına atılmışdır ki, o bir qul kimi ixtiyarını nəfsinin əlinə vermiş, öz istək və meyllərinə çatmaq üçün utanc gətirən işlərə girişir, o cümlədən ağir cinayətlər törədir. Sanki manqurta çevrilərək nə eşidir, nə görür, nə də dərk edir.
Müasir dövrün ən böyük bəlalarına ilk növbədə intihar, nihilizmin artması, səmimiliyin azalması, əsəb xəstəliklərinin artması, bekarçılığın artması və s. daxildir. İntihar faktı müsəlman ölkələrində nəzərə çarpmayacaq dərəcədə aşağı, inkişaf etmiş ölkələrdə isə yuxarıdır. 45 ölkənin siyahısında birinci yerdə olan ölkələr - Litva, Estoniya, Finlandiya, Fransa, Yaponiya, İsveçrə, İsveçdir. Yeganə müsəlman ölkəsi isə Qazaxıstandır. Dünya statistikasına əsasən, hər 40 saniyədə 1 nəfər özünə qəsd edir.
İntiharın əsəs səbəbi depressiyadır ki, bu da mənəvi böhranın göstəricisidir. Araşdırmalar göstərib ki, intihar normal həyat tərzi keçirənlərin arasında 7 dəfə azdır. Buradan belə bir sual ortaya çıxır: ”İnsan cəmiyyəti, sivilizasiyası düzgün istiqamətdəmi getmişdir?”.
Axı niyə müsəlman ölkələrində bu hal aşağı səviyyədədir? Çünki müsəlman insanın dini var. Dini onun mənəviyyatını tozlanmağa qoymur, özünü tanıtdırır. İnsanın özünə bağlılığı onun özünə yadlaşmasına, biganəliyinə, özündən xəbərsizliyinə səbəb olmur və insanın öz dəyərlərini unutmasını tələb etmir, insan hərəkətinin dayanması və ətalətdə qalması ilə nəticələnmir. İnsan Allaha bağlananda özünü unutmur. İslam fəlsəfəsində hər bir şeyin yaradıcısının yaratdığı şeyə onun özündən yaxın olması çox aydın dəlillərlə bəyan olunub.
Hamı özünün özünə hamıdan yaxın olmasını deyir, amma Quran deyir ki, Allah hər bir şeyə onun özündən də yaxındır. İnsanın Allaha tərəf getməsi, onun özünə doğru getməsidir ki, bu da mənəviyyatın zənginləşməsinə səbəb olur.
Bütün dinlərdə mənəviyyata diqqət vardır. Bugünkü insan bütün dinlərdə, hətta insanın təbiətində yaşayan bir ümumi mənəviyyata inanır. Lakin, hərtərəfli geniş texniki və texnoloji nailiyyətlər, onların ardinca isə elmi yüksəlişlər qərb insanının daxili aləmini hiss və təcrübə ilə o qədər qarışdırmışdır ki, hətta İlahi və vəyh köklərinə malik olan dini də dəyişdirməyə də cəhd göstərir.
Müasir insan hər şeyi ağıl və təcrübə tərəzisində ölçmək istəyir. Lakin artıq belə bir inam əldə etmişdir ki, dünyada ağıl və təcrübə ilə yoxlanılması mümkün olmayan məsələlər vardır. Bunlar işlərin daxili və son mahiyyəti, qeyri-maddi işlər kimi məsələlərdir ki, dünyaya müraciət etməklə onlara cavab tapmaq olmur. Erik Frumun fikrincə, ”din “nə üçün”lərə cavab tapmaq üçün gəlmişdir, ”necə”lərə bəşər ağlı və bəşər elmi cavab verir”. Nitşe isə deyir ki, “biz nə üçün”ləri bildikdə yaşaya bilirik”.
Bugünkü insan onun “nə üçün”lərinə cavab verə biləcək və ona düzgün həyat yolu öyrədə biləcək bir sığınacaq axtarışındadır. Elə buna görə də Avropa İslama üz tutur.
Biz inkişaf etmiş ölkələrin elmi-texniki tərəqqisinə həsəd aparib, özümüzü o səviyyədə olmamaqda qınamamalıyıq. Görünən yalnız aysberqin üst tərəfidir. Biz dünyanın inkişaf etmiş ölkələrinin elmi-texniki tərəqqisindən, texnoloji inkişafından faydalanmalıyıq, lakin buradan gələ bilən mənfi cəhətlərindən imtina etməliyik. Müxtəlif səviyyəsiz şou və aşağı standartlı «əyləncəvi» layihələrin pərdəsi altında mədəniyyətsizliyin mədəniyyət adı altında sırınma cəhdlərini görməliyik və bunlara qarşı immunitetimiz olmalıdır.
Biz əlimizdə olan nemətin - düzgün həyat yolu öyrədə biləcək bir dinimizin qiymətini bilsək və mənəviyyatımızı unutmasaq, inşəallah, hər şey yaxşı olacaq.

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

ƏQL

«Dünya - gör-götür dünyasıdır» - deyirlər. Dünya durduqca və insan var olduqca bu belə olub, davam edir və edəcək də. Gör-götür dünyası yəqin ki, hər gördüyünü, hər rastlaşdığını mənimsəmək olsa, o zaman bu ibrətamiz məsəldən içərisindəki insanla birlikdə uçuruma yuvarlanan bir atəş-çənbərinə çevrilər. Qarşısına çıxan, özümüz də ora daxil olduğumuz, lakin özümüzü kənardan seyr edə bilmədiyimiz təlatümlü və səhvləri əfv etməyən adi insan həyatında yaxşını-pisi tanıyıb, seçib mənfəət əldə etməyə çalışırıq.
Bu - fitrətdən irəli gəlir. Özümüzə zərər vermərik. Çünki insan yaradılışdan digər məxluqlardan əql ilə fərqləndirilmişdir. Bu səbəbdən bəşər övladı hər şeyi gör-götür etmir, onu cəzb edən amilləri saf-çürük edir və lüzumsuz cəzbolunmadan özünü kənarda saxlayır. Və günlərin birində bir hadisənin şahidi olmaq elə bir təsir gücünə malik olur ki, insan o ana qədər sanki yuxudaymış, indicə oyanıb. Bütün tələsik işlərə, içi-boş, sonu-puç zənnlərə, aldadıcı bər-bəzəklərə, hətta bu qarışıqlıqda özünə belə “dur” deyir və düşünür.
Əgər... Birdən... Mən nə edərəm? Bu suallara cavab axtararkən gördüyünün təsiri zəifləyir və o məkandan və o andan bir daha üzləşməmək ümidi ilə ayrılmağa üz qoyur.
İnsan özündənmi qaçacaq? Bu, cavabı bəlli olan bir sualdır. Əlbəttə ki, xeyr. Niyə qaçırıq? Bəlkə ayaq saxlayıb dərindən bir nəfəs alaq? Özümüzü və gücümüzü tanıyaq. Özümüzü güzgüdəki görüntü gədər zənn edirik. Özünütanıma haqqda Həzrət Əlidən (ə) nəql olunan bir hədisdə buyurulur: “Təəccüb edirəm o insana ki, itirdiyini axtarır, bir halda ki, özünü itirib axtarmır”.
Özünü tanımayan insan əqli zirvələri fəth etmək iddiasındadır. İnsan əqli özü fəth olunmamış şah zirvədir. Bu əzəmət sahibi insan öz məhdudluğu qarşısında cılızlaşır. Gözləmədiyi anda qapı döyülərsə, min bir səksəkə içində qalır. Hələ gəlməmiş sabahın həqiqi nigarançılığını deyil, başqa nigarançılığı götür-qoy edir və bu hal onu dar bir dalanda sığışdırır.
Əbəs yerə deyilməyib: «Hər dərdin dərmanı var». Bu dərman, bu dalandan çıxış yolu əlbəttə ki, var. Bu sıxıntıdan qurtulmaq böyük hərflərlə “MƏN” deməyin əvəzinə kiçik, lakin mətin addımlarla qürurlanmadan üz çevirməkdədir. Budur düşünən insan əzəməti, öz həqiqətlərini tanıyanların yolu. Rahatlıq, əmin-amanlıq bəxş edən həyat yolu və ya həyat olan yol. Yol axtarışına bağlı-yaşayan xəlq olunmuş ən ali varlıq.
İnsan tələsən və rahatıq axtarandır. Tələskənlik fanilik nişanəsidir. “Vaxt qurtarar, mənə kifayət etməz” - düşünür insan.
Ey kaş, bu rahatlıqda nə axtardığını bilə insan! Nə gözəl olur nə istədiyini biləndə. Hədəfini təyin edə bilməyən dünəninə, bu gününə, sabahına nəzər salsa, düşüncəsi qaranlıqdan aydınlığa yönələr, hələ özünü görməsək belə, beynin təsəvvür gücü ilə sabahı ehtimal belə versək, bu - ona aparan yolları tanımağa həvəsləndirir.
Nə çox görmədən inandıqlarımız var? Sözü gedən həvəsə aydın düşüncəni və iradəni də əlavə etdikdə, artıq ibrətləri görməkdən, döyülən qapıdan, bu günün sabahından hürkmərik və düşünərik.
Peyğəmbərimizdən (s) nəql olunan bir hədisdə buyrulur ki, o Həzrət (s) ümmətin fikir fəqirliyindən narahatdır.
İnsan canlılardan düşünən olması ilə üstünlük təşkil edir. Bu əvəzsiz, böyük nemətdir. Hədisi-qüdsidə Allah yaratdıqlarından əqlə üstünlük verdiyini və əqllə cənnət-cəhənnəmi, cənnətə və cəhənnəmə gedənləri mükafatlandıracağını buyurur.
Hər kəs əqli miqdarında hesaba çəkilər.
Allahım, bizi əqlini hifz etdiyin bəndələrindən qərar ver! Amin!


ƏQL

Əqlə rəğbət bəsləyən insanə zinət əqldir.
Adəmi üstün qılan xilqətdə əlbət əqldir.

Əqli inkar eyləyən müşküldə acizlik edər,
Müşkülə qalib gələn aqildə şövkət əqldir.

Rəbbinə ol arxayın, səbrinlə əqli başda tut,
Çün zəkatı səbr olan insanda nemət əqldir.

Rəbbim aram eyləyəndir dalğalı ümmanlları,
Rəbbinə həmd eyləyən şakirdə izzət əqldir.

Dini kamil, neməti itmam edib bir gün Xuda,
Xəlqə qəbul etdirən bürhanı fitrət əqldir.

Məsləhətləşsən əgər xəlq ilə, sərvət tapmısan,
Çün Əlidən həqqi tapmış kani-sərvət əqldir.

Həsrətə səbr eyləyən aşiq yetər məhbubuna,
Bəndəyə zahir edən hər anı fürsət əqldir.


Şahin Qurbanov,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

понедельник, марта 17, 2008

Mən bloqa daxil oluram

azı gündə 1 dəfə
37 (74%)
azı həftədə 2 dəfə
12 (24%)
azı həftədə 1 dəfə
1 (2%)
azı ayda 2 dəfə
0 (0%)
azı ayda 1 dəfə
0 (0%)


Votes so far: 50
Poll closed

VƏTƏNİMİZDƏ İLK DƏFƏ --- MÖVLUD OLİMPİADASI

Bismilləhir-Rahmənir-Rahim!

Dəyərli həmvətənlərimizi qarşıdan gələn əziz İslam Peygəmbərinin, aləmlərin yaranış fəlsəfəsi olan – Həzrəti Muhəmmədin (s) mübarək mövludu münasibətilə təbrik etməkdən şərəf duyuruq.

Eyni zamanda, Siz əzizlərimizlə çox sevindirici bir xəbərlə də bölüşməkdən məmnunluq hissi keçirdiyimizi bildiririk. Bildirmək istəyirik ki, bu ildən başlayaraq Vətənimizdə yeni bir mübarək ənənənin əsasını qoymaq əzmindəyik.

Beləliklə, bu ildən etibarən İcərişəhər "Cümə" məsçidi dini icmasının, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin – DEVAMM-ın və İmam Sadiq (ə) adına İslam Maarıfi Akademiyasının təşəbbüsü və "Dəyərlər" AİN-nin informasiya dəstəyilə elmi-intellektual yarışa – Mövlud Olimpiadasına start verildiyini nəzərinizə çatdırırıq.



Mövlud Olimpiadasında iştirakın şərtləri:


Mövlud Olimpiadasının yarış mövzuları müxtəlif bilgi sahələrini əhatə edəcəkdir.

Mövlud Olimpiadasında iştirak etmək üçün, mevludolimpiadasi@gmail.com ünvanına yazaraq, burada öz iştirak istəyinizi, qısa tərcümeyi-halınızı, əlaqə telefonlarınızı, e-mail ünvanınızı bildirmək lazımdır.

Mövlud Olimpiadasında qeydiyyat yalnız mevludolimpiadasi@gmail.com ünvanına yazmaqla baş tuta bilər.

Mövlud Olimpiadasında iştirak üçün qeydiyyat müddəti mart ayının 23-nə qədərdir.



Və sonda bir daha üzümüzə gələn mübarək mövlud münasibətilə Sizləri təbrik edərək Mövlud Olimpiadasındakı yarışlarda Sizə uğurlar arzulayırıq.



Təşkilat Komitəsi


“Deyerler” AİN (www.deyerler.org)

пятница, марта 14, 2008

Büdcəyə ictimai nəzarəti təmin etməli

Belə bir qənaətə İqtisadi Təşəbbüslərə Dəstək Ictimai Birliyinin rəhbəri Azər Mehdiyev "Dövlət xərcləmələri: şəffaflıq və səmərəlilik müstəvisində" adlı dəyirmi masanın yekununda gəlmişdir. Dəyirmi masa "Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun" maliyyə, "Ekspert" iqtisad jurnalının informasiya dəstəyi ilə "Milli Büdcə Qrupu" və İctimai Birliklırin "Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiyası tərəfindən təşkil olunmuşdur. «Qrand Avropa» otelinin Bakı zalında baş tutan toplantını giriş sözü ilə açan koalisiyanın əlaqələndiricisi Q.İbadoğlu daha sonra dəyirmi masaya 90-dan artıq təşkilatın, o cümlədən, - milli məclisin, dövlət orqanlarının, rəhbər səviyyədə bir sıra aparıcı partiyaların (Musavat, AXCP, ADP, ASDP, VİP, ALP və s.), elektron KİV və çap mətbuatının, ictimai birliklərin, diplomatik korpusların nümayənələri və xarici qonaqların da qatıldığını bildirdi. O, dəyirmi masanın qurulmasinın məqsədini "dövlət xərcləmələrinə ictimai nəzarətə nail olmaq, problemi mətbuatın gündəmində saxlamaqla dövlətin məsuliyyətini və hesabatlılığı artırmaq, beynəlxalq reytinq cədvəllərində daha yüksək yerləri tutmaq" və s. amillərlə xarakterizə etdi.
Masanın motivini təşkil edən Rövşən Ağayevin (İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi) təqdimatı suallar və müzakirələrin əsas obyekti oldu. Onun təqdimatına görə büdcə investisiyalarının dövlət büdcəsindəki payı 2005-ci ildə 92,7% (157.7 mln. manat), 2006-cı ildə 76,8% (879.7 mln. manat), 2007-ci ildə 69,7% (1915.4 mln. manat) təşkil edib. Bu il isə həmin rəqəmin 66,6% (2841 mln. manat) olacağı gözlənilir. Gələn il isə bu rəqəm pik həddində - 3 mlrd. manat olacağı gözlənilir. Bildirildiyinə görə, 2006-2008-ci illər üzrə büdcə investisiyalarının sahə bölgüsü üzrə ilk üçlüyü nəqliyyat (1237 mln.manat), energetika və sənaye (916.4 mln.manat) və kommunal (483.3 mln.mant) sahələri tutur. Büdcə layihələrinin sayına toxunan təqdimatçı bu rəqəmin 978 ədəd olduğunu və layihələrin çoxluğunun da ictimai nəzarəti çətinləşdirən bir faktor olduğunu bildirdi. Daha sonra o, bildirdi: "Bu layihələrin 282-si təhsillə (1 yerdə), 87-si mədəniyyət və idmanla (2 yerdə), 85-si isə meliorasiya və irriqasiya (3 yerdə) ilə əlaqədar olmuşdur. 2007-2008-ci illərdə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu üzrə ən iri layihələrdə (meqa layihələr) ilk üçlükdə isə ardıcıl olaraq paytaxtda yol qovşaqlarının və yol ötürücülərinin tikintisi (327.1 mln manat), Prezident Aparatının İşlər İdarəsinin obyektlərində təmir-tikinti və yenidənqurma işləri (127 mln manat) və Əzizbəyov metro dairəsindən hava limanına gedən yolun tikintisi (120 mln. manat) kimi layəhələr nəzərdə tutulmuşdur. Budcəyə donorluq edən dövlət şirkətlərinə ayrılan vəsaitlərin məbləği isə (2007-2008 ci illər) aşağıdakı kimi olmuşdur:
"Azərsu" ASC - 177.3 mln.manat
"XəzərDəniz Gəmiçiliyi" - 27.7 mln.manat
"Azəriqaz" QSC - 83.6 mln.manat
"Azal" MAŞ - 52.3 mln.manat
"Azərenerji" ASC - 399.9 mln.manat
"Bakıelektrikşəbəkə" - 97.9 mln.manat
"Bakı metropoliteni" - 129.3 mln.manat
"Melorasiya və Su Təsərrüfütı" ASC - 151.7 mln.manat

Büdcə investisiyalarının tənzimlənməsilə bağlı qanunvericilikdəki boşluqlar isə əsasən aşağıdakılardan ibarət olmuşdur:
· Layihələrin seçimində "prioritetlik" və "xərc-fayda" prinsipləri nəzərdə tutulmamışdır.
· İnvestisiya layilərinin uzunmüddətli planlaşdırılmasının prinsip və meyarları ilə bağlı normalar yoxdur.
· Layihələrin ekspertizası ümümi şəkildə nəzərdə tutulsa da, bu cür ekspertizaya qarşı tələblər tamamən qeyri-müəyyəndir və s.

Daha sonra o, oxşar layihələrdəki fərqli məbləğlərlə bağlı koalisiyanın rəyini dəyirmi masa iştirakçılarının diqqətinə çatdırmışdır: "Əlillər üçün tikilən evlərə çəkilən xərclərin müqayisəsi zamanı məlum olmuşdur ki, Lənkəranda tikilən 24 mənzilli binaya 1355.7 mln. manat, Qazaxda tikilən 24 mənzilli binaya 621 mln manat vəsait xərclənmişdir. Hər iki bina 2006-2007-ci illəri əhatə etməklə aralarındakı fərq 734.7 mln.manat (2.2 dəfə) olmuşdur". Məruzəçi çıxışının sonunda büdcə investisiyalarına qarşı əsas tələb kimi effektivlik, şəffaflıq, hesabatlılıq kimi amillıari vurğulamışdır.
Faktlar və konkret rəqəmlərlə zəngin bu təqdimatdan sonra Azad İqtisadiyyata Yardım Mərkəzindən Zöhrab İsmayıl və İqtisdi Tədqiqatlar Mərkəzindən Qubad İbadoğlunun təqdimata verdikləri şərhlər dinləyicilərin iqtisadi rəqəmlərəki məchullarına daha da ayınlıq gətirdi. Daha sohra dəyirmi masa "Dövlət investisiya siyasətini necə təkmilləşdirməli?, Qəraların qəbulunda vətəndaş iştirakçılığına və ictimai təsirliyə necə nail olmalı"? və digər müvafiq suallar ətrafında sərbəst müzakirələrlə davam etdi. Aparılmış müzakirlərdən sonra, sonda rəylərini bölüşən təşkilatçılardan Azər Mehdiyev umümi nəticəni belə dəyərləndirmişdir: "İndi bu gördüyünüz rəqəmləri və sadalanan faktları dəhşətli durum kimi təhlil edirik. Lakin büdcəyə və dövlət xərcləmələrinə ictimai nəzarəti təmin edə bilməsək əsl dəhşət bundan sonra yaşanacaqdir" kimi açıqlaması ilə fikirlərini bölüşmüş və bununla da dəyirmi masa işin sona çatdırmışdır .
P.S. Dəyirmi masaya iqtadardan YAP, Ana Vətən partiyası və Sosial Rifah partiyasının funksionerləri dəvət olunsalar da, onlardan müzakirələrə qatılan olmamışdır. Onu da bildirək ki, bunun baş tutması üçün təşkilatçılar hətta YAP icra katibi Əli Əhmədiova 2 dəvətnamə yollamışlar.

MEHDİ FƏRƏC
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi





İMAM HÜSEYN (ə)



Hüseyn ibni Əli! Ya Rəbb, bu ad qəlbimdə məskundur.
Gözəllər vadisindən bir gözəl vardır ki, məhzundur.


Mənim Rəbbim bir - Allahdır ki, Ondan qeyri yox Məbud,
Rizası Kərbəladan keçmək olsa bəndə məmnundur.


Hüseyni sevməmək olmaz, HÜSEYN eşqə verib məna,
Bütün yer-göy olub heyran ona şaiqdi, məftundur.


Həqiqətdə Hüseyn kimdir, həqiqətdə Yəzid (L) kimdir?
Hüseyn məzlum, şəhid, rəhbər, Yəzid(L) zalimdi, məlundur!


Görənlər nəşin üstündə o zalimlik edən qövmü
Düşünmüş onlar haqqında: bəşər yox, qarğa-quzğundur.


Hüseynə ağlayan gözlər bəla görməz Qiyamətdə,
Əzəl gündən də əvvəldən olub təyin, bu qanundur.


Sənə üstün demək olmur, sən üstünlükdən üstünsən,
Sənin şəninlə: - acizdir, məgər üstünlük uyğundur?

Şahin Qurbanov,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


Çıxmadı

Üzdə it-bat oldu əsli, bu əsil üz - çıxmadı.

Nadürüstlər qarşısında çökdülər, diz çıxmadı.

Sən Xudanın əmrinə var olmusan ay naxələf,
Heç dilindən naşükürlükdən səva söz çıxmadı.

Yalquzaq iştahlıya yazıq deyib çəkdin sığal,
Gözdə aciz görsənib iştahda aciz çıxmadı.

Bir qədər pəhriz edərsən dərd də canından çıxar,
Ac-göz oğlu ac-gözə dərd oldu pəhriz, çıxmadı.

Hər şeyə qafil olub, hər çöhrəyə atmış ləkə,
Şəkk edib yəqinliyə, yəqində şəksiz çıxmadı.

Milli sərvətlər gətirdi çox bəlalər millətə,
Millətin sərvətlisi geç bircə faiz çıxmadı.

Çox ümidlər bəslədin yəqin edər haqqın difa,
Sən adın qoydun Mübariz, o mübariz çıxmadı.

Söylədik BİZ adətən, torpaq BİZİM, qeyrət BİZİM,
Getdi torpaq, getdi qeyrət, amma bir BİZ çıxmadı.

Sən qonaq gəldin, firəvan ömr edib lap bərkidin,
Fanilər mülkündə kimlər qaldı gec-tez çıxmadı?.

Harda gördün haqq gəlib meydanda haqla üz-üzə,
Orda heç qan axmadı, baş düşmədi, göz çıxmadı.

Ötdü illər, itmədi bir vaxt olan bir hadisə,
Axdı qanlar durmadan, qan üstə heç köz çıxmadı.

Şahin Qurbanov,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

«ALLAHU ƏKBƏR»i HƏQİQƏTDƏ ANLAYAQ…

Tez-tez rastlaşdığımız bir cümlə. Bəlkə də dilimizdən heç düşməyən bir ifadə. Milyonlarla insanın ən azı hər gün dilində səslənən cümlə. Eyni zamanda ən çox repressiyaya uğratdığımız bir ifadə - ALLAHU ƏKBƏR. Bu gün dünya müsəlmanlarının demək olar ki, hamısının bildiyi və iradi ya qeyri-iradi tez-tez təkrarladığı bir cümlə. Bizi böhranlardan çıxarmaq naminə Allahın bizə öyrətdiyi bu cümləni repressiyaya uğratmağımızla əslində elə özümüzü böhrana salmışıq.
Dildə "Allah böyükdür" deyirik. Lakin nə fayda?! Əgər hər gün bir çox işlərdə Allah Təalanın buyruğunu deyil, ən dəyərsiz şeyləri, öz nəfsimizi belə daha üstün tuturuqsa… Əgər hər gün o böyük dediyimiz Allahın sözlərini mövqeyimizi, məqamımızı itirməyək deyə bu dünyadakı "böyük" hesab etdiyimiz şeylərə qurban veririksə! Əgər dinin sütunu, imanın gözü, ruhun meracı olan namazda belə «Alllah böyükdür» deyərkən, Allahdan başqa hər şey gəlirsə ağlımıza! Nə fayda əgər «Allah böyükdür» deyir, ancaq Onun böyüklüyünü öz şəxsi mənafeyimizdən kiçik görürüksə!
Bəs, hanı bizim Allaha böyük dediyimiz! Niyə bu gün Böyük Allahın buyruqlarını kiçik görürük? Niyə bu dünyanın aldadıcı ləzzətlərindən başımız ayılıb Allaha doğru yönəlmirik ki, bəlkə düşdüyümüz bu aşağı səviyyədən Mütləq Kamala, Həqiqi Böyüyə, İzzət Məcmuəsinə (Həqiqətən bütün izzət Allaha məxsusdur), Elm Dəryasına (O hər şeyi biləndir) yönələrək insanlıq mərtəbəsinə yüksələ bilək?!
Nə oldu?! Yoxsa bu sözlər bizdə ikrah hissimi yaratdı? Allahı nə qədər kiçik gördüyümüzün fərqinəmi vardıq? Yoxsa tanıya bilməyirik özümüzü? Baxaq! Diqqətlə baxaq özümüzə daxili gözümüzlə!
Ey insanlar, ey müsəlmanlar, nə olar, gələk, öz adımıza sahib çıxaq! Buna yalnız Allahı həqiqi zikr etməklə çata bilərik. Əgər biz Allahı yeganə, Ondan başqa böyük olmayan bir Böyük kimi tanısaq və bu bizim bütün həyatımıza sirayət etsə, nə xoş bizim halımıza. Əslində mərifət olaraq bunu bilirik də. Ancaq qəlblərimiz hələ də qəflətdədir. Hələ də «Allahu Əkbər» deyəndə tir-tir əsib yerə düşmürük bu sözün BÖYÜKlüyündən. Niyə dilimiz bəçəriyyətin ən yüksək məqamında olarkən, qəlbimiz ən aşağı, rəzil səviyyədə donub qalır?! Donub qalmaqla yetinmir, daha da aşağı pillələrə enməklə nə üçün yaranmış olduğunu, yaşama qayəsini belə unudur? Axi, Allah insanı Ona ibadət üçün yaratmışdır. İtaət və ibadətin mənası həyatın hər səhnəsində Allahla olmaqdır. Əsl təslim olmuş insan həyatının hər bir səhnəsində Allahı görürmüş kimi yaşasa, (necə ki, Həzrət Əli (ə) buyurub: «Kor olsun o gözlər ki, Səni qarşısında görmür»), əsl ibadət etmiş, zikr etmiş olur.
Lakin bizlər hələ də Əsl Dostumuza, Vəlimizə (Allah müttəqilərin vəlisidir) tam mənasıyla etibar etmir, hələ də Onun bizə söz verdiyi məsələlərdə süstlük edir və Böyük, hər şeydən Böyük Allaha təvəkkül etməyi bacarmırıq. Çünki, "Allahu Əkbər"in nə demək olduğunun hələ də fərqində deyilik. Allah bizə Öz Dostluğunu, Köməyini vəd etdiyi halda, biz hələ nədənsə kimin, nəyin - Mütləq İradə və Qüvvət sahibi Rəhimli Böyük Allahınmı, yoxsa yalançı vədlər verən fani insanın, ötəri dünya ləzzətlərinin, nəfsani istəklərimizinmi tərəfində duracağımızı düşünürük.
Görəsən niyə?! Çünki Allahın nə qədər böyük olduğunu bir çox hallarda qəbul edə bilmirik. Ola bilsin ki, Allahın hər şeydən böyük olduğunu sübut etməkçün uzun-uzadı elmi mübahisələr, diskussiyalar aparılsın, kitablar yazılsın, ancaq bu böyüklüyün qəlbə hopması üçün bu kifayət deyil. Bununçün bizə hər gördüyümüzü və oxuduğumuzu ürək gözüylə görmək və oxumaq lazımdır. Çünki bir hadisə qarşısında bir insan bütün ömrünü, nəinki ömrünü, axirətini belə dəyişə bilər, kamilliyə doğru ucalar. Kimisi isə heç bir şey görmürmüş kimi, sadəcə, zahiri gözlə tamaşa edər və yüksəkliyə doğru gedən yolun sərhədindən yan keçər.
"Gözlər kor deyil, lakin sinələrdəki qəlblər kordur". Uca Allahın bildirdiyi kimi, bizə şeylərin həqiqətini görə bilmək, hadisələri düzgün analiz edə bilmək, nəticə çıxarmaq üçün hər şeyə zahiri gözlə deyil, ürək gözüylə də baxmaq lazımdır.
Belə olduğu təqdirdə biz Allahı düzgün ana, zikr edə bilərik. Əks halda bizim riayət etdiyimiz «Allahu Əkbər» zikri bizi həqiqətən Böyük olan Allaha yönəldib ucaltmaq əvəzinə, ən rəzil Şeytana tərəf yönəldərək nəfsimizə əsir düşməyi davam etdirməyimizə səbəb olar. Allah bizi Onun Gözəl İsimlərini Onun şəninə yaraşan - ən gözəl şəkildə zikr edənlərdən qərar versin, inşəallah.

Pərvin Nəsirova,
«Dəyərlər»in oxucusu

UŞAQ EVİ ƏHVALATI

(və ya uşaqlardan böyüklərə məsləhət)

Bir uşaq evinin kiçik bir otağı. Sadə və təmiz, az işıqlandırılmış və soyuq, kiçik pəncərəsi və qapısı olan bir otaq.
İçəridə on üç yaşlı Həsən üzü qibləyə durmuş və şam namazın qılırdı. Namazı qurtardıqdan sonra adəti üzə dua etməyə başladı.
Əvvəlcə Rəhman və Rəhim Allaha sükürlər etdi. Sonra ata, anasinin bağışlanmasını istədi öz Allahından. Axi hələ iki il əvvəl onları itirmişdi o. Hələ də həmin avtomobil qəzası yadından çıxmırdı Həsənin. Necə ola bilərdi ki, ata və anasının can vermə anını görən oğul onlar üçün dua etməsin? Hər gözünü yumanda yadına düşürdü o anlar, hər dua edəndə yadına düşürdü o anlar…
Sonra dostlarını da dua etməyə başladı. Hər kəsin bir-bir adını çəkdi. Onların da bağışlanmasını istədi Bağışlayandan.
Bir az sükut etdi.
Həsən yaxşı başa düşürdü, anlayırdı ki, dünyada acından ölən və zülm edilən insanlar var. Onları da dua etdi körpə dodaqları ilə. Həvəslə, riqqətlə dua etdi.
"Allahım! Sən özün dünyadakı zülm çəkən insanlara və aclından ölən insanlara kömək et…".
Elə bu vaxt Rəşad içəriyə daxil oldu. Gördü öz dostunun dua etməsini. Sakitcə oturub ona qulaq asdı. Dua elə edilirdi ki, «amin» deməmək olmurdu.
Rəşad Həsəndən 2 yaş böyük idi. Ancaq indiyə qədər heç vaxt bu cür dua eşitməmişdi. "indiyədək mən neyləmişəm?"-deyə təəssüf nidası keçdi ürəyindən. Dərindən bir ah çəkdi.
"Ah" səsindən Həsən otaqda kiminsə olduğunu hiss etdi. Arxaya çevrildi. Rəşadı görüb başı ilə salam verdi.
Sonra yenidən üzünü qilbləyə çevirib dodaqları altında «Fərəc» duasını oxudu. Ayağa qalxıb Rəşadın yaninda əyləşdi.
Bir neçə saniyə heç kəs danışmadı. Bu sükutu Rəşad pozdu.
-Həsən, nəyə görə hər kəsi dua etdin, halbuki, özünü daha çox dua edə bilərdin?
Həsən susdu. Bilmədi ki, nə desin. Bir təəssüf hissi var idi bu səssizlikdə. Bəlkə də Rəşad haqlı idi öz dünyagörüşünə görə.?
"Mən də Allahı tanımasaydım, yəqin ki, sənin kimi fikirləşərdim" - deyə cavab verdi.
Rəşad Həsənin bu cavabına etiraz olaraq - "Mən Allahı tanımıram? Allah - yəni, bizi yaradan", dedi.
-Bax, Rəşad. Mənim fikrimcə Allah bizi yaşadandır. Yaşadan - yəni, həyatda olma səbəbimiz. Deməli, ona şükür etmək lazımdı, bizi yaşatdığı üçün.
Qaldı ki, basqalarına görə dua etmək. Əlbəttə, bunu ilk növbədə müəlimlərin müəlimi əziz Peyğəmbərimiz öyrədib bizə. Hətta."dostun üçün edilən dua tez qəbul olar" - deyib.
Rəşad gözlərini qıyıb diqqətlə Həsənə qulaq asırdı. Onun üçün təzə idi bu sözlər.
- Bəs yaxşı, Həsən, dünyadakı insanları niyə dua elədin? Onlar ki, sənin dostun deyil? Sən heç onları tanımırsan!
- Bəli, Rəşad, tanımıram. Amma bilirəm ki, onlar acından ölür, mən isə burada rahat yatağımda yatıram. Ola bilsin ki, bir az soyuqdu və ola bilsin ki, yemək azdı, amma mənə yaşamağa kifayət edir. Onların isə heç bir tikə çörəyi də yoxdu ki, yaşasın.
Gərək hər bir müsəlman onlara dua etsin.
Dünyada dua ediləsi insanlar təkcə aclar deyil. Bu gün dünyada milyonlarla adamlara haqsiz yerə zülm edilir. Onlara da kömək etmək lazımdı.
Sən heç yanında yıxılan adama kömək etməzsən?
- Əlbəttə, edərəm. Amma saydığın insanlar mənim yanımda deyil axı. Onlara neçə kömək edim?
- Məhz dua ilə. Dünyanın harasında olursan-ol, dua etməklə hamiya kömək etmək olur.
- Həsən, məni çox təəccübləndirdin. Mən indiyədək elə bilirdim ki, insanlar güçsüzdü. Ancaq sənin danışdıqlarına görə insanlar heç özləri də təsəvvür edə bilməyəcəyi gücə malikdir.
Bir də, əgər hər şey sən deyən kimidirsə, nəyə görə insan zülm edir? Özü də həm özünə, həm də başqalarına?
- İnsanlar heç özləri də təsəvvür edə bilməyəcəyi gücə malik deyillər. Insanlara heç özləri də təsəvvür edə bilməyəcəyi güc verilib. Bax, elə səbəb budur. Səbəb budur ki, bəzi insanlar özündə olanlara "malik" olduğuna inanir. Ona görə də zülm edən insanlar meydana gəlir. Özlərini dünyanın mərkəzi hesab edirlər, başqalarını isə yox. Nəticədə zülm doğur bu ziddiyyətdən…
Rəşad susdu. Sanki peşman olmuşdu indiyədək etmədiyi dualara görə...
Sonra əlini Yaradana əl açdı və dua etməyə başladı. Dostları üçün dua etdi, insanlar üçün dua etdi…
P.S Gərək biz də dua edək. Dostlarımız üçün, dünyadakı dostlarımız ügün. Zülm görən dostlarımız üçün, aclıqdan ölən dostlarımız üçün. Iraqdakı dostlarımız üçün, Fələstindəki dostlarımız üçün...
Gərək biz də dua edək…

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



четверг, марта 13, 2008

Elmin ağacı və hicab

Hörmətli oxucu! Sizinlə bugünkü söhbətimiz hicab mövzusu ətrafındadır. Mövzumuzun obyekti isə tibb müəssisəsində çalışan hicablı qadındır (düzdür, mən özüm də tibb müəssisəsində işləyirəm, amma bu məqalədə söhbət məhz məndən getmir. Bu qadın bir çox yerlərdə rastlaşa biləcəyimiz ümumiləşdirilmiş bir obrazdır).
Bildiyimiz kimi, tibb işçilərinin standart geyim forması vardır. Hicablı qadın bu kollektivdə təbii ki, fərqlənir və istər-istəməz ətrafdakıların diqqəti ona tərəf yönəlir. Deyə bilərsiniz ki, burda dəhşətli, problemə çevrilə biləcək nə var ki? Əlbəttə, fərqlənən bir kəsin diqqəti cəlb etməsi böyük bir problem deyil. Əsl problem bundan sonra baş verir. Təsəvvür edin ki, hər hansı bir həkim (məs. cərrah-travmatoloq) - mollalığa başlamısan? - deyə kinayə ilə hicablı tibb işçisinə müraciət edir. Hədsiz təkəbbürlə, yuxarıdan aşağı, alçaldıcı nəzərlərlə həmin qadına baxır və bu baxışlar ətrafdakılara da sirayət edir.Təbii ki, bu qadın dini savadı olmayan, Qurandan bixəbər olan bu insanlara hicabın nə demək olduğunu anlatmaqda çətinlik çəkir və susmağa üstünlük verir. Amma susmağın da həddi var.
Hə, məqalənin əsl mövzusu da elə burdan başlanır (xahiş edirəm səbirli olasınız). Mən bu səhnəni analiz edib, elmi baxımdan kimin hansı səviyyədə olduğunu müəyyən etmək istəyirəm. Bunun üçün birinci növbədə təbabət elmi, onun növləri və İslam fəlsəfəsi ilə əlaqəsini araşdıraq. (Qeyd. Əslində nəticə baxımdan araşdırmaya hansı elm sahəsindən başlamağın heç bir fərqi yoxdur.Çünki, sonda bütün elmlər bir nöqtədə birləşir.)
Ümumiyyətlə, təbabət elminin iki əsas qolu var: 1.Qərb(Avropa) təbabəti; 2.Şərq təbabəti.
Müasir dövrümüzdə ən geniş istifadə olunan bunlardan birincisi - Avropa təbabətidir. Bunun da möhkəm fəlsəfi təməli demək olar ki, yoxdur. Elə burdan götürək ki, insanın hər orqanını bir mütəxəssis müalicə edir. Nəticədə sinir sistemini müalicə edən nevropatoloq xəstənin mədəsini daha pis vəziyyətə salır. Dar ixtisaslaşmalardan ibarət olan qərb təbabətində bütün bu orqanların vahid bədən üzərində yerləşdiyi və bu orqanlar arasında əlaqə olduğu sanki yaddan çıxarılır.
Şərq təbabəti isə, bundan fərqli olaraq, möhkəm təməl - Şərq fəlsəfəsi üzərində qurulmuşdur. Elə bunun nəticəsidir ki, bu təbabətin möcüzəvi nəticələri alınır. Özü də dərmansız. Şərq fəlsəfəsinin əsasını təbiətin 5 ilkin elementi təşkil edir. Yəni bu 5 ilkin element Şərq fəlsəfəsinin cövhərini - substansiyasını təşkil edir. Musiqinin 7 səsindən sonsuz sayda musiqi əsərləri yaradıldığı kimi, bu 5 ilkin elementin də müxtəlif cür qarşılıqlı münasibətindən sonsuz sayda fəlsəfi qanunlar yaradılıb. Hansı ki, elmin müxtəlif sahələrində - təbabətdə, idman sahəsində və s. inkaredilməz gözəl nəticələr alınmasında məhz bu qanunlar əsas hesab edilir.
Qədim Şərq mütəfəkkirlərinin təqdimatına görə, beş ilkin elementlərdən hər biri həyat proseslərinin simvoludur, hansı ki, həm təbiətdə, həm də insan orqanizmində aktiv (yan) və passiv (in) qüvvədən aslı olaraq dövr edir. Bu təqdimata əsasən, insan təbiətin mikromodeli kimi qəbul edilir və təbiətdə gedən proseslər insan orqanizminə də şamil edilir. Bu fikri hər bir kəs təsdiq edə bilər. Məsələn, hər bir sağlam insan təsdiq edə bilər ki, ilin fəslinə uyğun onun əhvali-ruhiyyəsi dəyişir. Yəni payızda nisbətən kədərli olur və yaxud əksinə, baharda elə bil ki, yenidən canlanır və s.
Bu ilkin elementlər hansılardır? Bunlar “su”; “torpaq”; “atəş”; “metal” və “ağac”dır. Bu təbiətdəki beşlikdir. İnsan orqanizmində də buna uyğun çox sayda beşliklər vardır. Məs, insanda beş hiss orqanı var: görmə, eşitmə, qoxu bilmə, dad bilmə, lamisə. İnsan beş əsas emosional vəziyyətdə olur: normal, sevincli, kədərli, qəzəbli, qorxmuş.
Bütün bunları sadalamaqda məqsədimiz Çin fəlsəfəsini təbliğ etmək də deyil. Sadəcə bütün bunların məqalənin əsas mövzusu ilə əlaqəsi var. Əslində burada təbliğ etməli bir şey də yoxdur. Çünki, bu fəlsəfənin özünün də bir qədər dərinliklərinə getdikdə başa düşürük ki, burda da nəsə çatmır. Axı hər oxuduğunun bütünlüklə düzgün olduğunu qəbul etməyə insanı heç kəs məcbur edə bilməz. Allah insana düşünmək, müqayisə etmək, seçmək qabiliyyəti verib. Belə ki, bu fəlsəfəyə də tənqidi nəzərlə baxdıqda görürük ki, bu sırf materiyaya xas olan qanunauyğunluqlar cəmidir. Lakin, bizə məlumdur ki, insan təkcə materiyadan ibarət deyil. İnsanda elm, həyat, qüdrət kimi xüsusiyyətlər var ki, bunlar sırf kamal xüsusiyyətlərdir. Yəni materiyaya aid deyil. İnsanı tam bir varlıq kimi - yəni, cismani və kamal xüsusiyyətlərin cəmi kimi qəbul edib, onu sözün həqiqi mənasında yer üzünün əşrəfi kimi qiymətləndirən həqiqi bir elm var ki, bu da İslam fəlsəfəsidir. Sual oluna bilər: - Nə üçün məhz İslam fəlsəfəsini həqiqi elm adlandırdıq? Çünki, bu elm başqalarından fərqli olaraq birbaşa Allahın bizə göndərdiyi Qurani-Kərimdən qaynaqlanır.
Söz bu məqama çatdıqda, mən yenidən Şərq fəlsəfəsinin beş ilkin elementinə qayıtmaq istəyirəm. Bu elementlərdən biri və ən əsası - ağacdır. Bildiyimiz kimi, bu materiyaya aid bir məfhum kimi qəbul edilib və Çin filosofları material nə varsa, hamısını bu məfhumla əlaqələndirib, bu quruluşda sistemləşdirib və kəşf etdikləri qanunlar da təcrübədə özünü doğruldub, müsbət nəticələr alınıb. Bəs nə üçün biz, necə deyərlər, bu hazır reseptdən qeyri-maddi aləmi, insanın kamal xüzusiyyətlərini öyrənmək üçün, onları sistemləşdirmək üçün istifadə etməyək? Dəqiqliklə olmasa da, az-çox mənə məlumdur ki, İslamda da “şəcərə” - «ağac» məfhumuna toxunulur.
İndi gəlin biz də insanda olan kamal xüsusiyyətlərdən biri sayılan “elm”i şəcərə strukturu üzrə qruplaşdıraq. Bunun üçün əvvəlcə bir balaca dəyişiklik aparmaq lazımdır və bu dəyişiklik zəruridir. Şərq fəlsəfəsinin istinad eydiyi “ağac” - elə gördüyümüz ağaclar kimidir. Yəni, kökü aşağıda, budaqları yuxarıda. Elm ağacının isə kökü yuxarıda, budaqları isə aşağıdadır (cisim və mücərrəd bir-birinin əksi olduğuna görə bu dəyişikliyi aparırıq). Əgər oxucu belə bir ağacı qəbul etmək istəmirsə, bunu cəfəngiyyat adlandırırsa, onda qoy bu quruluşda bir sxem təsəvvür etsin. Hər halda biz bu bölgünü ağac adlandırırıq. İndi isə gəlin elmləri bu ağacın budaqlarında elə paylaşdıraq ki, hərə öz yerini tutsun. Bunun üçün yenə təbabətə qayıdıram. Səbəbi də budur ki, həm bu sahə mənə başqa sahələrə nisbətən daha aydındır, və həm də axı biz məqalənin əvvəlindəki təkəbbürlü həkimə söz vermişdik ki, onun elm aləmindəki tutduğu yeri müəyyən edəcəyik.
Beləliklə, başlayırıq ortrologiya və ortopediyadan. Bunlar kamal ağacının ən nazik və ən aşağıda yerləşən budaqlarıdır. Bunlar travmatologiya adlı elmin budaqlarıdır. Yəni, travmatologiya nisbətən yuxarıda və təbii ki, nisbətən qalın budaq olacaq.Travmatologiya özü isə cərrahlıq adlı elmin budaqlarından biri sayılır. Cərrahlıq - Avropa təbabətinin, Avropa təbabəti - ümumi təbabətin, təbabət - təbiət elmlərinin budaqlarındandır. Təbiət elmləri fəlsəfələrdə, fəlsəfələr də səmavi kitablarda birləşir. Səmavi kitab kimi də zəmanəmizin bütün insanları üçün son hədd, son səmavi kitab sayılan “Qurani-Kərim”i götürürük.
Beləliklə, biz elmləri “ağac” rəmzi altında sistemləşdirdik. Kənardan bu sistemə baxanda biz nə görürük? Biz görürük ki, bütün fəlsəfələr Qurandan, bütün elmlər isə fəlsəfələrdən qidalanır. Düzdür, bəzi fəlsəfələrdə Qurandan kənar, səhv fikirlər də vardır və həmin fəlsəfələrdən qaynaqlanan elmlər bəşəriyyəti yanlış yola tərəf istiqamətləndirməkdədir. Fəlsəfələrdə Qurandan kənar, səhv fikirlərin olmasının səbəbi isə bizcə budur ki, Quran zatı ehtiyacsız, mütləq Alim olan Allah tərəfindən göndərilmişdir. Fəlsəfələr isə zatı ehtiyaclı mümkünəl-vücud olan insanlar tərəfindən yaradılmışdır. Elə ona görə də elm şəcərəsini Qurana uyğun olan, möhkəm və qalın kökü get-gedə, müasir elmlər səviyyəsinə çatana qədər incəlib nazik budaqlara çevrilib. Nazilib, amma qırılmayıb. Qirlsaydı, yaşamazdı o budaq. Yaşayırsa, deməli kökündən şirə çəkir.
Beləliklə, bütün yuxarıda deyilənlərə əsaslanıb deyə bilərik ki, məqalənin əvvəlində adı çəkilən təkəbbürlü həkim elm şəcərəsində yalnız iki pillə qalxıb və onun elminə uyğun gələn budaq çox nazikdir. Onun tənə eydiyi möminə qadın isə bu ağacın kökünə qədər qalxmışdır və həmin həkimin bu qadına yuxarıdan aşağı baxması çox gülüncdür. Çünki, bir insan Quranı, İslam elmini öyrənirsə, bu elm elmlərin elmi, həmin insan isə...
...Möminə qadının hicabına gülmək, isteza etmək isə cahillik və ağılsızlıqdır. Özü ilə həmin güldüyü adam arasında olan bu böyüklükdə təzadı görməyən adam da, əlbəttə ki, əqli geridəqalmışlığa iddialıdır əslində.
Sözlərim sizə çox kəskin görünə bilər. Hətta məni təkəbbürlü adlandıra bilərsiniz. Lakin bu belə deyil. Çünki, mən möminə qadın deyəndə özümü deyil, bütün əsl möminə xanımlarımızı nəzərdə tutmuşam.
Təkəbbürə gəldikdə isə, təkəbbür çox böyük bir günahdır. O qədər böyük günahdır ki, hətta deyirlər axirətdə cənnətin iyi də təkəbbürlü insanın burnuna dəyməyəcək. Hansı ki, 500 illik məsafədən cənnətin iyi hiss olunar. Elə burdan görünür ki, təkəbbür necə bir günahdır. Buna baxmayaraq bu məqaləni oxuduqdan sonra kiminsə qəlbində olan təkəbbür sınacaqsa, kimsə bu günahdan xilas olacaqsa, mövqesini tanıyıb təvazökar olacaqsa - şükürlər olsun! Mənsə “təkəbbür” adlı bu günahdan Rəbbimin rəhmətinə sığınıram. Qoy Qadir Allah bizə öz mövqemizi, dəyərimizi tanımaqda kömək olsun! Amin.

Bikəxanım Əzimova,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Qadın azadlığı bayrağı altında

Bismilləhir Rəhmanir Rəhim!
İnsan yarandığı dövrdən müxtəlif problemlərlə üzləşməli olur. Bu problemlərin həllində nəinki kişilərin, eyni zamanda qadınların da böyük rolu olmuşdur. Ümumiyyətlə, bəşər tarixində qadınlara müxtəlif nöqteyi-nəzərlərdən yanaşılmışdır. Qadın yaşadığı cəmiyyətdə öz mövqeyi baxımından müzakirə mövzusu olub. Müxtəlif dövrlərdə qadına müxtəlif cür münasibətlər olmüşdür. Onun haqqında gah ziddiyyətli, gah da ifrat dərəcədə danışılıb.
Məsələn, cahiliyyət dövründə qadına çox mənfi münasibət vardı. Hətta onun varlığı belə həqarət sayılırdı. Belə ki, İslamdan öncəki qədim dövrlərdə Çində, Hindistanda, ərəb ölkələrində birmənalı olaraq qadına anormal münasibət olubdur. Bu münasibət insanların cahilliyindən irəli gəlsə də, təəssüflər olsun ki, hal-hazırda da inkişaf etmiş bir çox ölkələrdə hələ də bu adət davam etməkdədir. Belə ki, bir qrup qadına az imtiyaz verərək onun cəmiyyətdə fəaliyyətini məhdudlaşdırır, digər qrup isə onun mövqeyində ifrata varırlar. Bu qrup ümumiyyətlə qadını «azadlıq» bayrağı altında bir alətə çevirərək ona həqarətlə yanaşır. Bir növ alçaldıcı mövqeyə doğru sürükləyir.
Bu gün dünyada minlərlə qadın satılır, təhqir olunaraq əxlaqsızlığa doğru məcbur edilir. Eyni zamanda, "qadın azadlığı" altında minlərlə qadının fəaliyyətini elə hala salıblar ki, sanki bir məhsuldur. Budurmu azadlıq? Əlbəttə ki, yox. Əgər bəzi dövlətlərdə cahiliyyə dövrünün adət-ənənəsi yaşanırsa, bu həmin ölkənin mədəni, sivil, demokratik bir dövlət anlamına gəlmir.
Qadının əsl mövqeyi İslam dini yarandığı andan bəyan olundu. Bəli, qadının dəyəri İslam dinində verilir. Çünki İslam haqq dinidir. Qadına ədalətlə yanaşmağı, onu qiymətləndirməyi bu din bizə aşılayır. Necə ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Cənnət anaların ayaqları altındadır".
Bəli, bir halda ki, İlahi qadına qiymət verdi, Quranda onu dəyərləndirdi, Peyğəmbəri də bunu təsdiqlədi, elə isə cəmiyyət də qadına necə yanaşmağın aspektlərini bu yolla tənzimləməlidir.
Bəs qadının əsl azadlığı nədir? Bu sualın cavabı çox sadə və təbiidir. Çünki, İslamın qadına buyurduğu əsl azadlıq onun HİCABIdır. O hicab ki, onu vaxtilə Xanım Zəhra (s.ə.), Xanım Xədiceyi-Kubra (r.ə.), Xanım Zeynəb (s.ə.) kimi möhtəşəm xanımlar təcəssüm etdirib. O hicab ki, qadını hər bir cəmiyyətdə düzgün mövqe tutmağa, o hicab ki, qadını azadlıq bayrağı altında addımlamağa yönəldib. Təəssüflər olsun ki, bu nəcib mövzunu hələ də bir çox insanlar dərk etmir. Hicabın vacibliyini dərk etməyənlər Quranu-Kərimin - "Möminə qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar, öz-özlüyündə görünən əl, üz istisna olmaqla zinətlərini naməhrəmə göstərməsinlər, baş örtüklərini yaxalarının üstünə çəksinlər" («Nur» surəsi,31) ayəsini oxusalar Allahın əmrini çox aydın şəkildə görə bilərlər. Əgər bunu da inkar edərlərsə, əlbəttə ki, özlərini İlahi əzaba düçar edərlər.
Bəli, qadın əxlaqı özündə nümunəvi simvol daşıyır. İlahi də bizə nümunəvi qadınlar bəxş edib ki, məhz onların əxlaqı bir simvol, rəmz kimi bizə yol göstərsinlər. Gəlin Həzrət Zəhra (s.ə.), Xanım Zeynəb (s.ə.) əxlaqını öyrənək, dünya və axirətimiz üçün örnək alaq.
Bütün müsəlman xanımlarına "Həzrət Zəhra (s.ə.) əmanəti olan hicab"a sahib çıxmaq diləyilə!

Allah amanında!
Yeganə Fərəc,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

MƏHƏRRƏM-SƏFƏR: düşüncələr və suallar.

Bismillahir Rəhmanir Rəhim!

Zaman dövr etdikcə, bir məhərrəm-səfər əyyamı yaşadır bizlərə. Yenə çöhrələrdə qəm və matəm. İlbəil Əhli-beyt (ə) sevərlər əqidəsinə, İmamına (ə) rəğbəti olanlar təzələyirlər beyətlərini, kimin tərəfində olduqlarını bəyan edirlər. Yad edirlər Şəhidlər Sərvərini, onun silahdaşlarını. Zeynəb təki (s.ə.), İmam Səccad təki (ə) bürünürlər qara libasa, əza saxlayırlar hürr insanlara.
Faydalanırlar aşiqlər bu mərasimlərdən, öyrənırlər qəhrəmanlığı, dönməzliyi, əsl bəndəçiliyi və sadalanmasi, deyilməsi mümkünsüz olan bir çox keyfiyyətləri əxz edirlər özləri üçün. Bu ayların gəlişi ilə bir təzələnmə, hərarət və eşq ilə döyünməyə başlayır qəlblər. Zülmün, istibdadin, köləliyin zəncirləri qırılır və azadlıqsevər insanların özünəqayıdışının, oyanışının baş verdiyi aylardır bu aylar.
Zatən məhərrəm-səfər əyyamının fəlsəfəsində bir donuqluq, məhdudluq və son yoxdur. Damarlarda axan qan təki qoymur bir donuqluq, ölülük yaransın bəşər qəlbində. Sanki hər il QAN verir bəşərə və yaşaması üçün bir vasitəyə çevrilir. Zaman və məkan anlamının da fövqündə olub, onlarla məhdudlaşmır. Adətən, zamanla dəyişən ayların, illərin, məkanla dəyişən hadisələrin, hərəkatların xüsusiyyəti yoxdur bu aylarda. Elə zamanı zaman qədər, məkanı məkan qədər qiymətli edən bu hərəkatın, bu hadisənin özüdür.
Çox vaxt sonluq bitmiş, tükənmiş məvhumlara aid edilir. Bu aylar isə bir növ elə başlanğıcın özu, ilkinin əvvəli, sonu görünməyən sonsuzluqdur. Ona gorədir ki, əhatə dairəsinin genişliyi hər mühitin, hər toplumun ondan faydalanmasına, ibrət götürməsinə və həyatında tətbiq etməsinə zəminə yaradir. Bəziləri üçün məhərrəm-səfər əyyamı elə onun gündəlik həyatı, bəziləri üçün iki aylıq, bir aylıq özünütanıma, bəziləri üçün növbəti Aşura, bəziləri üçün isə sıradan bir təqvim ayı.
Bəli, zaman dövr edir və məhərrəm-səfər əyyamı yaşadır bizləri. Dövr edirmi bu zamanın ayları qəlbimizdə? Duyuruqmu, hiss edirikmi onun gəlişini, gedişatını? Fərd olaraq, toplum olaraq nə qədər təsir edib, nə qədər ətalətdən çıxarıb bizi bu aylar? Həqiqi hərəkətverici vasitə olubmu?
Durumumuz dəyişibmi, həqiqi HÜSEYNÇİ (ə) ola bilmişikmi?
İki ay "Hüseyn, Hüseyn" (ə) deyib on ay lənətlik yezidlərə uyğun həyat tərzi keçirməmişikmi?
Yaşada bilmişikmi Hüseyn (ə) ideyalarını, hansi ki, İmam (ə) öz ölümü ilə yaşatdi?!
Diri saxlamışıqmı o ruhiyyəni ki, Hüseyn (ə) və silahdaşları diri saxlamişlar?!
Həqiqi onlar təki azad nəfəs almışıqmı, zülmə qarşi vuruşmuşuqmu, məzluma dəstək olmuşuqmu və həyatın bütün səhnələrinin qəhrəmanı ola bilmişikmi görəsən?!
Və ən əsası daim təkrarlanan və qəlbi parçalayan bir sual ki, o dövrün müasiri olsaydıq əgər, yetmiş iki qəhrəmandan biri ola bilərdikmi? Toplayardıqmi bütün gözəllikləri özümüzdə?! Bir cağırışla "LƏBBEYK YA HÜSEYN" deyib fırtına yaradardıqmı Kərbəla səhrasında?! İmam (ə) bizə qucaq açıb bağrına basar, bizi döyüşə yola salar və başımızın üstünə gələrdi, yoxsa o pak dəstəyə qoşulmamağı, onu tərk etməyi bizə məsləhət görərdi?
Son anda son məqamda HÜRR olardıq, qayıdardıqmı, yoxsa əvvəldən axıra qədər laqeyid, etinasız və dunya qulu olardıq?!
Çətin sualların ağırlığından da ağırdır onun cavabları. Daim düşündürən, düşüməyə vadar edən cavablarda tələsməməyı anladandır bu suallar. Buna baxmayaraq cavab verməliyik bu suallara və ilk növbədə Hüseynnin (ə) kamillik məktəbinin həqiqi tələbələrindən olmalıyıq. Tarixin bu məktəbi, bu hərəkatı yaşadanların bərəkətidir ki, əməli olaraq bizlərə insanlıq dərsi keçmiş və bu hərəkatın təravətliliyini nəsillərdən-nəsillərə ötürmüşlər.
Dövründən asılı olmayaraq, hər dövrün Hüseyni də var, Zeynəbi də var, lənətlik yezidi də. Adlar müxtəlif olsa da, daşıdıqları anlam eynidir. Əgər bir Hüseyn (ə) tələbəsi ki, baxışlarında yeni üfüqlər yaratmır, düşüncələrində qaranlıqları aydınlatmır, ölü qəlbinə dirilik gətirmirsə, «mən HÜSEYNÇİYƏM» deməyə haqqı yoxdur. Ağlamağın da, qəm-qüssəyə batmağın da, yalnız onda əhəmiyyəti olur ki, əməllə həmahəngliyi olsun və düşmənin də axıtdığı göz yaşlara bənzəməsin.
Hər kəs öz daxilində bir AŞURA yaratmalı, bütləri sındırmalı, zülmətləri nura çevirməlidir. Yezidləri, ibn ziyadları qəlbindən silib atmalı, ruhunda bir Hüseyn (ə), Zeynəb (s.ə.), Səccad (ə) ruhiyyəsi yaratmalı, "yox" deməli nəfsani istəklərə - o böyük maneələrə ki, onu ayrı salıb fitrətindən, izzətindən, şərəfindən. Qaldırmalı o günah pərdələrini ki, səbəb olmuş İmamından (ə.f.), Peyğəmbərindən (s), ALLAHından ayri düşməsinə. Ruhunu boyütməli, cism olan bədənində zindan etməməli onu. Bununla da nicat gəmisinin sərnişini, hidayət çırağının ardıcılı olmalı. Dövrümüzün nicat gəmisini hərəkət etdirən, hidayət çırağını nurlandıran ZƏMANƏ SAHİBİnin (ə.f) həqiqi müntəziri olmağa tələsməli. Tələsməli ki, nicat tapsın, nicat tapmalı ki, hidayət olsun. Və nəhayət həqiqi əsgər olub Zəmanə Sahibi (ə.f) ilə Hüseyn (ə) intiqamını almaq üçün dua etməli.

Zaman dövr edib bitsin,
Bu intizar sona yetsin
Məhərrəm-səfər əyyamında
İmam Zaman (ə.f.) zühur etsin


Əli Ağayarov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Ləkələnməyən PR

Bismilləhir Rəhmanir Rəhim!
Bir zaman oxuduğum kitablardan birində nəql olunurdu ki, şah Abbasın bir ənənəsi varmış, - şah verdiyi əmr və fərmanların icrasının vəziyyətini, öz rəiyyətinin (xalqının) həqəqi durumunu öyrənmək məqsədilə özünün yaxın ətrafından bir neçə nəfərlə dərviş paltarı geyinərək (təbii tanınmamaqdan və müşahidələrinin reallığı əks etdirə bilməsi üçün) çıxarmış camaatının içinə. Öz rəiyyətinin durumunu bizzat özü araşdırar, xalqının onun özü və yürütdüyü idarəetməsinə, verdiyi əmr və fərmanlara qarşı münasibətini öyrənərmiş.
İctimai rəyin öyrənilməsinin bu arxaik formuluna indi də tez-tez üz tutanlar var, lakin qəsdləri, niyyətləri şah Abbasınkı kimi deyil. Dövrümüzdə bu formul əski xalisliyindən uzaqlaşdırılaraq real ictimai rəyi dəyərləndirmək üçün deyil, bir çoxları tərəfindən yalnız imicmeykerləri tərəfindən seçki ərəfəsində ictimai rəyi yanıltmaq və onu öz istəyinə müvafiq formalaşdırmaq üçün bir PR (PR-public relations-ingilis dilindən tərcümədə mənası "ictimaiyyətlə əlaqələr" olan fəaliyyət növüdür. Son iki əsrdə marketinqin bir tədqiqat sahəsi kimi meydana çıxsa da, həm də ictimai fəaliyyətin bu növü kimi, son zamanlarda geniş miqyasda seçkilər öncəsi təbliğatın aktiv fazasına çevrilməkdədir) aləti kimi istifadə edirlər.
Son zamanlar xalq, ölkə vətəndaşları, camaat kimi ibarələrin yeni qarşılığı daha tez-tez işlədilməyə başlanıb - QARA CAMAAT. Qara camaat deyiləndə, əsasən sadə, hüqüqları daim tapdanan, sosial durumu dözülməz olan (amma "Azərbaycan xalqı dözümlü xalqdır" deyə dözdürüblər bu xalqa), maariflənmədiyindən müdafiə mexanizmlərindən xəbərsiz olan insanlar toplumu nəzərdə tutulur. Son zamanlar bu qara camaatın müşkülləri azmış kimi, üstünə biri də yüklənib. Bu, yaşadığı ölkədə adambaşına borclarının 270 dollara çatmasıdır. Belə ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin məlumatına əsasən, bu rəqəm artıq real göstərici rolunu oynamaqdadır.
Son bir ildə qonşularımızın hamısı prezident seçkilərində öz seçimlərini etdilər. Hərçənd ki, bəzilərində seçim yox, təyin etsələr də belə, prezidentləri bir yölla müəyyən edildi (Gürcüstan, Ermənistan və Rusiya örnəyində). Onlarda da şahlığa iddialılar öz camaatları ilə seçki ərəfəsində görüşdülər, çoxlu vədlər verdilər. Amma məni düşündürən bir ayrı nüansdır. Bizim seçimimiz hələ qarşıdadır və bizdə də hər dəfə olduğu kimi prezident, prezidentliyə potensialı olan və olmayanlar qara camaatı xatırlayacaq, onların görüşünə tələsəcəklər. Görən bu dəfə camaatı qara günə qoyanlar bu qaranlığın sirrlərindən danışacaqlarmı? Görən deyəcəklərmi ki, bu 270 $ hardan və necə yaranıb və onun taleyi necə olacaq? Görən deyəcəklərmi ki, dediklərinə görə 37% göstərici ilə iqtisadi inkişafına görə dünyada lider olan şanlı və qüdrətli ölkəmizin bu 270 $-ın altından çıxmağa şanı və qüdrəti çatacaqmı?

Nə isə, suallara davam etsək PR-mız ləkələnər. Qara camaatımıza ağ günə çıxmaq arzusu ilə Allaha əmanət olun!
Mehdi Fərəc,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Təəbbüd dəhşəti

Məhərrəm-səfər əyyamı günləri arxada qaldı. Amma hər zaman Kərbəla müsibəti haqda, onun törənmə səbəbləri və ümumiyyətlə zəncirvari bağlılıqla müsəlmanların bugünki duruma düşmələrinin səbəbləri haqda düşünəndə Təəbbüd dəhşəti göz önünə gəlir.
Axı necə olur ki imam Əli (ə) kimi bir şəxsiyyətin olduğu bir dövrdə lənətlik Muaviyə kimisi müsəlmanlara hökmranlıq etmə məqamına nail olur və güc toplayır? Bu sualın cavabı bizi Həzrət Peyğəmbərin (s) vəfatından sonrakı acı hadisələrə aparıb çıxartsa da, məqsədim ayrı-ayrı tarixi şəxslərin etdikləri çirkin əməlləri (hansılarının ki, nəticəsində Allahın nuru olan İslam dininə elə zərbələr vurulur ki, hələ də islam ümməti onlardan əziyyət çəkir) araşdırmaq deyil. Məqsədim o dövrki müsəlmanların çox mühüm olan əqidəvi məsələlərdə Təəbbüdə yol verməkləri idi.
Həmişə ümmətin gələcəyi haqda çox narahat olan Xatəmül-ənbiyanın (s) vəfatından cəmi 70 gün öncə Allahın əmri ilə 120 mindən çox müsəlmana özünün tezliklə onlardan ayrılacağına işarə edib özündən sonra nə edəcəklərini, kimin dalınca gedəcəklərini bəyan etmiş və sözlərinin orada olmayanlara çatdırılmasını tapşırmışdı. Bəs nə oldu o müsəlmanlar? Zalım hoqqabazlar İmam Əlini (ə) tutub öldurməklə hədələyərək beyyət etməsini tələb etdikdə, imam - "Əgər 40 nəfər köməkçim olsaydı, sizi pərakəndə edərdim" deyən o çox məsuluyyətli və həssas vaxtlarda hansı mövqe tutdu müsəlmanlar? Birinci xəlifənin elanından sonra yaranmış şok və onun məntiqi nəticələri nə səbəbə özünü lazımi səviyyədə bürüzə vermədi? Hansı məntiqlə yanaşdı müsəlmanlar olub bitənlərə? "Onlar lap əvvəldən Peyğəmbərin (s) yanındadırlar, onlar da orada idilıər, onlar daha yaxşı bilərlər" kimi düşüncələr islam ümmətinin çoxluğunu kökündəcə ALLAHIN İSLAM yolundan, kamil dindən sapdırmadımı və ümmətin bugünkü çətinliklərinin təməlini qoymadımı? Siyasi məsələlər ilə dini, elmi məsələləri ayırmadımı? Bu qorxunc Təəbbüd deyilmi ki, müsəlmanları "başbilənlər daha yaxşı bilər" deyə mühüm əqidəvi məsələlərdə araşdırmalardan saxlayan? Bu, "camaat necə, biz də elə", "palaza bürün, elnən sürün" kimi cəfəng məntiq ilə öz ağıllarını düşünmək kimi bir əziyyətdən "qoruyub", başını gündəlik həyatın qayğılarına qatıb, insanı ayılmaqdan, əbədi səadət yolundan saxlayan, cılızlaşdıran, bədbəxt edən yanaşma deyilmi? Allahın müqəddəs Quranda - "onlar heç düşünməzlərmi" - deyə dağıtmaq istədiyi ətalətli düşüncə bu deyilmi? Bu cür qeyri-passionar axının qarşısında ancaq saf Əhli-beyt çeşməsindən içmiş Əllamə Təbatəbai kimi dahi dühalar dayana bilər.
Bəli, düşünməyi başqalarının öhdəsinə buraxanda, sənin əvəzinə hər şeyi: necə yaşamağını, nəyə baxmağını, yollarda, küçələrdə nəyi ğörməli olduğunu, nə səviyyədə hüquq və azadlıqlara malik olmağını, uşaqların oynadıqları videooyunları və s. başqaları təyin edəcəklər.
Allah bizləri özü bəyəndiyi düşüncə tərzinə yönəltsin, o düşüncəyə ki, Yezid zabiti Hürrü həzrəti Hürr etdi.
Allahım! Bizim diriliyimizi mövla Əli əleyhissalamın diriliyindən, ölümümüzü də Əli əleyhissəlamın ölümündən qərar ver, inşəəllah. Amin!

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


MANİNİN TOYU

və yaxud meymun bəy meymun gəlinə nəyi irad tutdu

Salam ey imanını kamilləşdirib dininə xidmət edənlər!
İmanın kamilləşməsindən söz düşəndə əziz islam Peyğəmbərimizin: "İnsan evlənən
zaman dinimizin yarısını kamilləşdirmiş olur" kimi mübarək kəlamları
yada düşür. Təbii ki, bu pak hədisləri eşitdikdən sonra subaylar toy
tədarükünə başlayırlar. Və gündəmə toy gəlir. Ötən həftə ərzində ailə və toy haqqında eçitdiyim
xəbərləri gərək ki, sizinlə paylaşam.
Deyirlər söz vaxtına çəkər. Bu mart ayında MM-də "Məişət zorakılığı haqqında" qanun müzakirəyə çıxarılacaq.
Deməli bundan sonra ər, baldız, qaynana gəlinə güldən ağır söz deməyə cürət etməyəcək. Bu barədə millət vəkililərindən biri ərz edib ki, "Qadınlara qarşı zorakılıq probleminin olmasını etiraf etməkdən yox, ona göz yummaqdan utanmalıyıq".
Düzü mən heç hesab etmirəm ki, bu kimi qanunlar ailəyə xoşbəxtlik gətirsin. Yoxsa irağ olsun, məhkəmədə hakimin suallarını cavablandıran qaynana evdə gəlinin başına sığal çəkəcək. Ay-hay.
Nə isə, sizə deyim toy xəbərlərindən. Bu sırada millət vəkili Hadi Rəcəbli toylarımızın ab-havasından gileylənir. Azərbaycan toylarından bir az sonra eşit Şərqi Hindistanda qurulan mağardan. Toyun səbəbkarları Mani və Cumburi adlı cütlüklərdir. Ərz edim ki, bu cütlüklərin hər ikisi meymundur. Yer üzündə ilk meymun toyunun çox maraqlı görüntüləri olub. Toyda üç min qonaq olub. Hamı can deyib can eşidib.
Hörmətli ZOO "bəyin" toy süfrəsində çox ləziz təamlar düzülüb, düyü, mərci, banan və s. Söz yox ki, bizim toylardakı kimi süfrədə 60-70 adda menyu olmayıb.
Məclis əhlini Hindistan manısları öz şarkıları ilə feyziyab edib. Daha nə Cunqlidən priMadonna nə də Tayqadan Gursəs dəvət olunmayıb. Odur ki, toyda qudalar arasında oynamaq üstündə dava-dalaş da olmayıb. Toyun ibrətamiz görüntülərindən biri "meymunə gəlinin" uzun libası və əlində
gül dəstəsi tutması olub. Qeyri-rəsmi pıçha-pıça görə Cumburi meymunə gəlinlik libasını "müasir formada", yəni qərbsayağı yarıçılpaq sifariş etmək istəyib. Bu vaxt ZOO "bəy" Maninin əsəbləri gərilib və həyat yoldaşına acıqlanıb ki, özünü meymunluğa qoyma, məgər bilmirsən bu
görkəmdə olsan mağardakı qəlbi təmizlərin gözü kimə zillənəcək?!
Bax bu yerdə deyirəm ki, Mani meymun da olsa, "kişidir". Cumburinin sahibəsi Manila xanım göz yaşı axıdaraq deyib "mən sanki öz qızımı ərə verirəm. Onun daha bizimlə yaşamayacağını düşünəndə məni ağlamaq tutur".
Bu büsatın yer üzündə eyni zamanda dünyada ilk meymun toyu olduğuna və bəzi «qərbsayağı görünmək istəyən» gəlinlərə ibrət olsun deyə yazdım.
Azərbaycan toylarının eybəcərliklərini görən millət vəkilinin gileylənməsi də belə olub Azərbaycandakı şadlıq evlərində səs normaları insanları kontuziya həddinə çatdıracaq
səviyyədə pozulur... Bu gün şadlıq evlərinin fəaliyyətində özbaşınalıq, tərbiyəsizlik və mədəniyyətsizlik hökm sürür".
Bu gün şadlıq saraylarındakı bu eybəcərliklər kifayət qədər zəhlətökən səviyyədədir. Mən sizi çağırıram gəlin milli mədəniyyətimizə, adət-ənənəmizə sahib çıxaq. Yoxsa milləti bu minvalla
«müasirləşdirsələr» adımızı ÜRYAN MİLLƏT çağıracaqlar.

Təbiət Hüseynov,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Duanın əhəmiyyəti

"Ey insanlar, siz Allaha möhtacsınız, Allah isə (heç nəyə, o cümlədən, sizin ibadətinizə) möhtac deyildir və hər cür şükrə, tərifə layiqdir!" («Fatir», 15)

Həqiqətən də, insan zatən (fitrətən) ehtiyaclıdır, asılıdır, möhtacdır. Allah isə ehtiyacsızdır, asılılığa, ehtiyaca aparan bütün xüsusiyyətlərdən pak və münəzzəhdir. İnsan isə Allaha möhtacdır, öz Yaradanından asılıdır. İnsan təkcə maddi baxımdan Allahdan asılı deyil, həm də mənəvi cəhətdən Allaha möhtacdır. Çünki Allahla insan arasında olan "qəni" və "fəqirlik" münasibəti heç də maddiyyətlə xülasələnmir.
Diqqət yetirsək, görərik ki, hətta ən varlı insanlar belə Allaha möhtacdırlar. Çünki insan hər nəyə nail olubsa, bu nail olduqlarının hər biri Allahın lütf və ehsanı sayəsində, Allahın izni ilə, Onun bizə verdiyi güc-qüvvə, əql, istedad və bacarıqlar sayəsindədir. Bir halda ki, bu qədər nemətləri təmannasız olaraq bəxş edən Allahdırsa, heç nə özümüzün deyilsə, Allahdan bu dərəcədə asılıyıqsa və Ona bağlıyıqsa, necə özümüzü varlı, qəni, qüdrətli hesab edib, qürrələnə bilərik? Halbuki, insanın zahirdə malik olduğu qəniliyi də Allah Təalanın qəniliyi ilə müqayisə edilə bilməz. Yalnız zaman və məkan məhdudələrində mövcud olan və özünü maddi cəhətdən qəni hesab edən, təkəbbür libasına bürünən, varlığı ilə öyünən, qürrələnən insanlar belə Allahınkıdır və Onun mülkü, yaratdığı şeylərlə varlı olmuşlar.
Qur'ani-Kərimdə buyurulduğu kimi: "Yerdə və göydə hər nə varsa, Ona məxsusdur". («Bəqərə», 255).
Ey insan! Düşünsən əgər, görərsən ki, hətta öz varlığını, mövcudluğunu, yaşamağını, həyatını belə Allaha borclusan. Hər an çəkdiyin nəfəsin belə Onun ixtiyarındadır. Bu halda necə ola bilər ki, özün Allahın, var-dövlətin isə özününkü olsun?! Bax elə buradan başlayır, məxluqla Xaliqin, insanla Allahın əlaqəsi və insanın bəndəlik münasibəti... Deməli, insan hər cəhətdən ehtiyaclıdır və öz ehtiyaclarını ödəmək üçün yollar, vasitələr axtarır.
Xoş o insanın halına ki, bilir ehtiyac nədir. İnsan bilir ki, onun ehtiyac duyduğu şeylər Allahın əlindədir və buna görə də yalnız Ondan istəməli, Ona dua etməlidir. Təbii ki, insan öz ehtiyaclarını aradan qaldırmaq, istəklərinə çatmaq üçün özündə diləmək və istəmək hissi duyur. İnsanın bu halətinə yaxşı bələd olan, onu özündən də yaxşı tanıyan Allah insana yalnız Ondan diləməyə və yalnız Ona dua etməyə əmr edib. Lakin, bəzən insan özünü Allahdan ehtiyacsız hiss edərək qürurlanır və Allaha ibadət etməkdən boyun qaçırır. Allah dərgahına dua etməyi özünə yaraşdırmayan bir insanın bu halətə düşməsinə səbəb, əslində, onun qürur və təkəbbürlü olmasıdır. Belə şəxslər özlərini cəhənnəm əzabına düçar edirlər:
"Rəbbiniz buyurdu: Mənə dua edin. Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi qürurlarına sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər". («Ğafir», 60).
Səhabələrindən biri bu ayədə göstərilmiş «Mənə ibadət etməyi qürurlarına sığışdırmayanlar Cəhənnəmə zəlil olduqları halda girəcəklər» ifadəsi haqqında İmam Baqirdən (ə) soruşur: "İbadətin daha fəzilətlisi hansıdır?!" Buyurdu: "Allah dərgahında duadan daha fəzilətli ibadət yoxdur, ən mənfuru isə Ona qarşı təkəbbürlü olub, ehtiyacların Onun dərgahından istənilməməsidir".
Allah Təala Qur'ani-Kərimin bir çox ayələrində insanları dua etməyə dəvət edərək, özü də həmin duaları qəbul edəcəyini bildirir: “Məni çağırın, sizin duanızı qəbul edim". (Ğafir, 60). "Bəndələrim səndən, Məni soruşduqda, de: Mən (onlara) yaxınam, Məni çağıranın çağırışına cavab verirəm. (Belə isə) gərək Mənim dəvətimi qəbul edib, Mənə iman gətirsinlər ki, bəlkə düz yol tapalar ". (Bəqərə, 186).
Doğrudan da, insan enişli-yoxuşlu, keşməkeşli həyat cığırlarını addımladıqca bəzən elə çətinliklərlə rastlaşır ki, onların həlli yollarını tapa bilmir. Belə anlarda Allah qapısına üz tutmalı, Ondan yardım diləməli və kömək istəməliyik. Gerçəkdə Allah qapısına üz tutan, Allah dərgahına əl açıb dua edən, təvazökarlıqla öz istək və hacətlərini diləyən elə bir insan varmı ki, Allah qapısından əliboş qayıtsın?! Axı Allah bizim çətinliklərimizi və onların qurtuluş yollarını bizdən daha yaxşı bilir.
"Nə çox ola bilər ki, sizin bir şeydən xoşunuz gəlməsin, amma o, sizin xeyirinizə olsun, nə çox ola bilər ki, siz bir şeyi sevəsiniz, amma o, sizin zərərinizə olsun". (Bəqərə, 216)
Ey insan, sənə bu qədər yaxın olan Allaha dua et - o Allaha ki, səni yoxdan yaratdı, sənin vücudunu yoxluqdan varlığa gətirdi. O Allaha ki, hər an sənə vücud ötürür, hər an sənin varlığını ödəyir. O Allaha ki, yaradılış aləmi başdan-başa Onun qüdrətinin, əzəmətinin nişanələri ilə doludur.
Ey insan, dua et o Allaha ki, ən yüksək kamal sahibi və bütün kamalların, gözəlliklərin zirvəsidir və bəndəsi Onu çağıranda, istəyəndə, ilahi göstərişlərə əməl edib, ilahi sevgisini əməlində təzahür etdirəndə, bütün iradəsini şüurlu şəkildə kamala çatdırmaq, dəyərlərə sahib olmaq, İslamı olduğu kimi yaşatmaq, mənəvi məqamlara çatmaq istiqamətində tətbiq edəndə və layiq olanda Allah da onu öz tutumuna uyğun kamala çatdırır, istəklərini qəbul edir.
Peyğəmbər (s) və onun pak Əhli-beytindən (ə) dua etməyin fəziləti barədə bir neçə hədisləri qeyd etmək olar. Həzrət Peyğəmbər (s) buyurur: "Dua möminin silahı, dinin sütunu, yer və göylərin nurudur".
Həzrət Əli (ə) buyurur: "Allahın agah bəndələri o kəslərdir ki, Allaha çox dua etsinlər".
Duadır - insana çətin anlarda ümid verən, ona sevinc bəxş edən, qəlbinə aramlıq və rahatlıq gətirən! Duadır - ruhun qidası! Duadır - insana ehtiyaclı olduğu məqamlarda hər an Allah qarşısında aciz olduğunu xatırladan, Allaha möhtac olduğunu anladan, insanı təkəbbürdən qoruyan. Əgər belədirsə, Allah Özü bizi dua etməyə çağırırsa, ibadətə təşviq edirsə və dualarımızı qəbul edəcəyinə zəmanət verirsə, nə üçün Yaradanın bu mübarək çağırışına "Ləbbeyk" deməyək?!
İmam Hüseynin (ə) buyurduğu kimi: "Pərvərdigara! Sən, çağıranlar içərisində ən yaxın, çağırışı (duanı) ən tez qəbul edən, əfv edənlərin ən kəramətlisi (Kərimi), ən çox əta edən, sual olunanların ən yaxşı eşidənisən. Ey dünya və axirətdə rəhman, bağışlayan, bu iki dünyada rəhim (rəhməti geniş) Allah".
Allahım, bizə Öz razılığın olan şeyləri nəsib et!
İlahi, bizi təqva libasına bürünənlərdən, həqiqi mömin və möminələrdən qərar ver!

Nübar Lalayeva,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


среда, марта 12, 2008

XAOS və DƏRƏBƏYLİK…

Məmuriyyətin effektiv fəaliyyətinin «ürəkaçan» yekunları

Arzular, arzular… Arzular yalnız bir xəyaldır, bir istəkdir, onların həyata keçməsi üçün mütləq gərək səy göstərilsin. Və «işləməyən dişləməz», «nə əkərsən, onu da biçərsən» kimi atalar sözləri günümüzdə də aktuallıqlarını itirməyib. Bunun məişətmizin hər addımında hiss olunduğunu desək, yanılmarıq. Arzuların, istəklərin, xəyalların reallaşmasına nail olmaq üçn iradə və şərait lazımdır. Məsələn, insanın ozünü idmançı kimi görmək arzusu o zaman çin olar ki, insanın özü buna can atsın. Amma, arzunun həyata keçməsi üçün, tək istəyin mövcudluğu kifayət deyil, mütləq şərait də olmalıdı, əks halda istəklər arzu olaraq qalar.
Deyilənlər vətəndaş cəmiyyəti quruculuğuna da aiddir. Hər birimiz vətəndaş cəmiyyətinin bərqərar olunmasını istəyirik. Amma bunun üçün mütləq şərait lazımdır. Şərait yoxdursa, gərək yaradılsın. Və bu şəraitin yaradılması üçün kimsə vəzifə məsuliyyəti daşıyırsa, digəri üçün bu - insaf mövzusudur. Misal üçün, kimsə rüşvət alırsa, digəri buna nəzarət üçün məsuliyyət daşıyırsa və bunların heç biri öz vəzifələrini icra etmirlərsə, burada vətəndaşın üzərinə vicdan məsuliyyəti düşür ki, rüşvət verməsin və rüşvət alanları biabır etsin. Əgər biri ədalətli iş görürsə, mütləq digəri onunla həmrəy olmadır. Əgər cəmiyyətdə hər hansı bir ədalətsizlik olursa, onda mütləq onun barəsində düzgün rəy verilməlidir, əks halda «bundan mənə nə?» kimi söz bir zaman öz evimizin qapısını döyər və yaxud bir zaman gələr ki, bizə toxunmasa belə, bizim övladlarımızdan yan keçməz. Bunu gündəlik hər birimiz hiss edirik.
Həyatımız çox şeyin yerində olmaması misalları ilə doludur. Küçəyə çıxıram. Bir az gedəndən sonra, oxuduğum məktəbi görürəm. Oxuduğum orta məktəbin qarşısında keçmiş SSRİ-nin vaxtında tikilmiş idman komleksi var idi. İndi bundan əsər-əlamət də qalmayıb. Satılan satılıb, dağılan dağılıb. Məktəbin yan-yörəsində elə uçuqlar var ki, sanki məktəb avio-bombardman olunub və o bombalardan biri də məktəbin divarına düşüb. Belə fikir yaranır ki, təhsil nazirliyinə ayrılan vəsaitlər ya bu məktəbə verilmir, ya təhsil sahəsinə ümumiyyətlə ayrılan vəsait azdır və yaxud vəsait verildikdə elə tez yeyilir ki, heç məktəbə çatmağa macalı belə olmur. Hər halda, aşkardır ki, məktəbə heç nə xərclənmir.
Məktəbdən ayrılıb küçə ilə gedirəm. Natəmizlik, küçədə kəsilən heyvanlar və s. digər «gözəlliklər»... Buranı bir üfünət bürüyüb ki, adam yolunu dəyişməyə məçbur olur. Bir az da irəli gedirsən, qarşına bir-birindən 1-2 metr məsafədə yerləşən 4 obyekt çıır. Obyektin biri - təndir çörəyi bişirən bir «pekarnı», hansının ki, üzərində «işçi tələb olunur» kimi lövhə atribut olaraq qalmaqdadır. Bu obyekt, çörək sexindən çox İkinçi Dünya Müharibəsindən qalan kremotiriyə oxşayır - qalın qara tüstü bütün bu «pekarnı»nı bürüyüb. Və bu məşhur «işçi tələb olunur» lövhəsinə hansı normal adam reaksiya verər? Buranın dəm qazını udmaq istəyən yoxdur, ona görə də «işçi tələb olunur» lövhəsi hələ çox qalacaq burada…
Yolun sağında isə heyvan kəsilmə «sexi» fəaliyyət göstərir. Camaatın gözü qabağında yazıq heyvanları qışqırda-qışqırda bıçağın altına salıb, qanlarını düz asfaltın üstünə axıdırlar, sonra «xala-xətrin qalmasın» bir-iki vedrə su töküb, gigiyenik prosedurları bununla bitirirlər.
Onların qonşusu isə maşın yuyucusudur. Maşınların yuyumasından axan su kanalizasiyaya deyil, yerə axır, böyük gölməçələr yaradır, adamlar da hoppana-hoppana bu gölməçələri dəf edərək, idman məharətlərini «artırırlar». Maşınlar isə su gölməçələrini piyadalrın üstünə sıçratmaqda sanki yarışırlar, əbi-əcdadlarının ünvanına bu qədər «xoş» söz eşitmək şansını əldən vermirlər.
Və nəhayət, dördüncü məşhur obyekt -«klinika»dır. Soyuq və «cındırından cin hürkən» bir otaqda nə vaxtsa ağ olan bir xalatı əyninə keçirmiş fərdin insanlara nə tibbi məsləhətlər verdiyi, nə kimi xidmətlər göstərdiyi böyük maraq doğurur. Amma daha çox maraq doğuran - bu fərdin məsləhətinə qulaq asan pasientlərdir.
Bütün bu obyektləri çox dəqiq və müəyyən vaxtlarda təftiş edirlər. Müvafiq qurumların əli çantalı, qovluqlu nümayəndələri «tez-bazar» obyektlərə baxış keçirir, «daşdankeçən» möhürlü-imzalı sənədləri portfeldən çıxarıb xozeyinlərə verir, onlar da «borclu qalmırlar».
Hə, bəlkə düşünürsünüz ki, bu yerlər gözə görünməyən yerdədir, ona görə Hacıbala Abutalıbovun gözündən yayınıb? Əsla! Düz metronun qabağındadır, insanların gur gediş-gəliş etdiyi yerdədir. Və belə yerlər Bakıda yüzlərlədir.
Gedək girək metronun içinə. Bəlkə burada qayda-qanun var?! Ay camaat, sizə nədən deyim, mayası 10 qəpik, satışı 2 manat olan kartlardan. Heç bir soruşan var ki, bu kartları kim satır, niyə satır, pulu haraya gedir? Niyə gül kimi jetonun yerinə mən gərək növbəyə durum, 2 manat verim və ona nə isə hələ bir yükləyim? Sonra da metro rəisindən minnətlə eşidim ki, bəs bu nəqliyyat vasitəsi mayasından aşağıdır, sərf eləmir, amma doğma hökumət camaata görə məcburdu «cibindən» dotasiya versin?!
Bütün bu sadaladığıma kimsə bir reaksiya verirmi? Yox! Hamı «təkcə mənə qalıb?» deyərək yaxasını kənara çəkir. Belə vəziyyət məmuriyyətə son dərəcə xoş gəlir. Nə tənqid edən var, nə haqın istəyən. Adda-budda nəsə etiraz etmək istəyən də əmələ gələndə, adını «demoqoq» qoyurlar ki, bunların işbirliyinə mane olan olmasın, haqqı deyən olmasın. Əcəb ağıllı üsuldur tapıblar camaatın ağzını bağlamağa…
Küçələri gəzməyə davam edirəm. Hər addımbaşı nə görürəm? «Avropadan əla paltar» - «ikinci əl». Neft ölkəsinin vətəndaşı çarəsizlikdən gedib hansısa avropalının rəngi solmuş paltarını alıb keçirir əyninə, məmurlarsa gündən-gündən rifahın yaxşılaşmasından ağız dolusu danışır…
Sözümə qüvvət, yağışdan sonra artan göbələk kimi hər yerdə bitən «Lombard»ların məsələsi də elə bu babdandır. İnsanların dərisini soyan, orta əsrlərin sələmçiləri kimi hər nə vasitə ilə deyirsən, borcludan öz faizini çıxaran bu iyrənc lombardlar. İnsanların irini, qanı, göz yaşı hesabına çiçəklənən lombardlar. Yəqin ki, məmurların nəzərində bu da rifahın və inkişafın göstəricisidir...
Belə «şən» fikirlərlə metrodan çıxıram. Küçəni keçmək istəyirdim ki, az qaldı maşın məni vursun. Yazıqda günah da yoxdur. Çünkü, döngəyə sürücünün görməsini məhdudlaşdıran böyük bir reklam qoyulub. Bu qədər də naşılıq olmaz axı! Belə bir döngədə sürüçünün dönməsi zamanı onun görmə bucağını azaldan hər bir amil nəinki qoyulmalıdır, əksinə, tezcə aradan qaldırılmalıdır. Amma kimə deyirsən…
Deyirəm görəsən, bu qədər problem ki, hər birimizin gözü önündədir, nədən irəli gəlir? Bisavadlığınmı məhsuludur, məsuliyyətsizliyinmi? Təkcəmi məmurların problemidir? Düşünürəm ki, yox. Laqeydlik kimi bir xəstəliyin nəticəsiir. Kimsə ona aid olan, məhəlləsində, küçəsində dolu olan bu qədər biabırçılığa qarşı bir kərə ağzını açıb nəsə dedimi, nəsə etdimi? Barı bir etiraz etdimi, narazılğını çatdırmı? Yazıb-pozdumu, problemi qabartdımı?
Paradoksdu. Hamı günümüzün bu pisgündəliyini görür, bəyənmir, narazıdır, amma heç kim bir etiraz etmir. Heç bir rüşvətxora «göz üstə qaş» deyən yoxdur, problemi ifşa edən yoxdur.
Neftin bareli 100 dolları həqləyib. Bu o deməkdir ki, 1 tonun qiyməti 600 dollardan artıqdır. Yəni, ildə 18 milyard dollar pul ancaq neftdən gəlir. Bu, hər ailəyə ildə 9-10 min dollar pul deməkdir. Demirəm, bölünsün. Bu - primitiv yoldur. Düzgünü odur ki, inkişafa xidmət etsin, artsın. Amma adambaşına bu qədər pul düşürsə, bu qədər kasıbçılıq, səfillik haradan? Zibillikdə eşələnib, şüşə butulkaları yığan təqaüdçülər haradan? Suallar qurtarmaq bilmir…
Dərdləri deməklə qurtarmır. Amma əsas dərd - problemləri həll etmək yolunun görünməməsidir. Sanki, məmuriyyətin başı ancaq özlərinə qarışıb, heç nəyi düşünmürlər, hətta öz övladlarının gələcəyi barədə də qayğılanmırlar. Yeri gəlmişkən, orta əsrlərin dahilərindən olan, sosiologiyanın banilərindən sayılan İbn Xaldunun, dövlətlərin tənəzzül etməməsi və normal inkişafı üçün hansı tövsiyələr verməsi diqqət doğurur. Onları təqribən belə təqdim etmək olar:

1) Şəxsi təşəbbüsün qanuni müdafiəsi və sahibkarlığın azadlığı;
2) Ədalətin qorunması üçün qanunun hökm etməsi və məhkəmənin müstəqil olması;
3) İçtimai təhlükəsizlik və iqtisadi əlaqələrin təhlükəsizliyi;
4) İstehsalatın, gəlirin və cəmiyyətdə vətandaşların normal işləməsi üçün vergi tariflərinin azaldılması, ədalətli olması;
5) Bürokratik aparatın azaldılması ilə bərabər onun keyfiyyətini artırılması;
6) Hökümətin ticarət və iqtisadiyyatın işlərinə, istehsalata, kommersiya fəaliyyətə müdaxilə edilməsinin məhdudlaşdırılması;
7) Hökumətin qiymət formalaşması prosesinə müdaxilə etməsinin istisna olunması;
8) Hökumətin inhisar, monopoliya yaratmasına qadağa qoyulması;
9) Hökumətin ardıcıl və müstəqil monetar siyasət həyata keçirməsi, pulun dəyəri, kursu üzərində spekulyasiyanın yolverilməzliyi;
10) Bazarın ixtisaslaşdırma səviyyəsinin artırılması;
11) Təhsildə keyfiyyətə, biliyə, qabiliyyətə, bacarığa imkan yaratmaq və sairə müstəqil düşünmə və inkişafa doğru aparan, stimullaşdıran amillərdən istifadə etmək; təhsili inkişafa, tərəqqiyə doğru aparan keyfiyyətli bir sistemə çevirmək;
12) Kollektiv məsuliyyət və daxili ədalət hiss etmə, vicdana yol verməklə, təşəbbüskarlığı, yaxşılığı öndə aparmaqla pisliyi aradan qaldıran ədalətli içtimai sistemin qurulması.

Bunlar yerinə yetirilərsə, təbii ki, günümüzdə mövcud olan problemlər olmazdı. Amma heç kəs gəlib bu problemləri bizim yerimizə həll etməyəcək. Cəmiyyətin hər bir üzvü buna görə məsuldur.

Ələsgər Rüstəmov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi