четверг, марта 06, 2008

AXTARIR

Göstərir həddən ziyadə təkid, israr axtarır.
Zülm edənlər özləri, gör kim günahkar axtarır.

Zümreyi nadan bu gün danlaq vurur ariflərə
Öz gözündə tiri görmür, haqqı da var axtarır?!

Hamıya məlum olan mətləblərə don geydirir,
Sonradan da car çəkir ki, guya əsrar axtarır.

Bir səbəb yaxud bəhanə qan tökən, evlər yıxan.
Doldurub partlatmağa əvvəlcədən şar axtarır.

Harda Quranın sədasın duysa, əhvalın pozur,
“Birtəhər əcdadına” hər yerdə oxşar axtarır.

Altımış il bədxahın iştahına qurban gedən
Əl üzübdür hər ətəkdən, indi qəmxar axtarır.

İndi ümmət bir zaman “soysuzları” xar eyləyən
Xeybəri fəth etmişi təkrar və təkrar axtarır.

Sən ədəblə söyləyirsən biədəblər anlamır,
Yəni ki, öz təbiriylə ayrı rəftar axtarır.

Eşqidə qərq olmuşu cəzb eyləyən məna nədir?
Ta əzəl gündən bəri öz məşuqun yar axtarır.

Qəm, kədər, hicran içində aşiqin həsrət çəkir,
Hər Cümə haqqın bəyanın gözlər izhar axtarır.

Şahin Qurbanov,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


Комментариев нет: