Bismilləhir Rəhmanir Rəhim!
İnsan yarandığı dövrdən müxtəlif problemlərlə üzləşməli olur. Bu problemlərin həllində nəinki kişilərin, eyni zamanda qadınların da böyük rolu olmuşdur. Ümumiyyətlə, bəşər tarixində qadınlara müxtəlif nöqteyi-nəzərlərdən yanaşılmışdır. Qadın yaşadığı cəmiyyətdə öz mövqeyi baxımından müzakirə mövzusu olub. Müxtəlif dövrlərdə qadına müxtəlif cür münasibətlər olmüşdür. Onun haqqında gah ziddiyyətli, gah da ifrat dərəcədə danışılıb.
Məsələn, cahiliyyət dövründə qadına çox mənfi münasibət vardı. Hətta onun varlığı belə həqarət sayılırdı. Belə ki, İslamdan öncəki qədim dövrlərdə Çində, Hindistanda, ərəb ölkələrində birmənalı olaraq qadına anormal münasibət olubdur. Bu münasibət insanların cahilliyindən irəli gəlsə də, təəssüflər olsun ki, hal-hazırda da inkişaf etmiş bir çox ölkələrdə hələ də bu adət davam etməkdədir. Belə ki, bir qrup qadına az imtiyaz verərək onun cəmiyyətdə fəaliyyətini məhdudlaşdırır, digər qrup isə onun mövqeyində ifrata varırlar. Bu qrup ümumiyyətlə qadını «azadlıq» bayrağı altında bir alətə çevirərək ona həqarətlə yanaşır. Bir növ alçaldıcı mövqeyə doğru sürükləyir.
Bu gün dünyada minlərlə qadın satılır, təhqir olunaraq əxlaqsızlığa doğru məcbur edilir. Eyni zamanda, "qadın azadlığı" altında minlərlə qadının fəaliyyətini elə hala salıblar ki, sanki bir məhsuldur. Budurmu azadlıq? Əlbəttə ki, yox. Əgər bəzi dövlətlərdə cahiliyyə dövrünün adət-ənənəsi yaşanırsa, bu həmin ölkənin mədəni, sivil, demokratik bir dövlət anlamına gəlmir.
Qadının əsl mövqeyi İslam dini yarandığı andan bəyan olundu. Bəli, qadının dəyəri İslam dinində verilir. Çünki İslam haqq dinidir. Qadına ədalətlə yanaşmağı, onu qiymətləndirməyi bu din bizə aşılayır. Necə ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Cənnət anaların ayaqları altındadır".
Bəli, bir halda ki, İlahi qadına qiymət verdi, Quranda onu dəyərləndirdi, Peyğəmbəri də bunu təsdiqlədi, elə isə cəmiyyət də qadına necə yanaşmağın aspektlərini bu yolla tənzimləməlidir.
Bəs qadının əsl azadlığı nədir? Bu sualın cavabı çox sadə və təbiidir. Çünki, İslamın qadına buyurduğu əsl azadlıq onun HİCABIdır. O hicab ki, onu vaxtilə Xanım Zəhra (s.ə.), Xanım Xədiceyi-Kubra (r.ə.), Xanım Zeynəb (s.ə.) kimi möhtəşəm xanımlar təcəssüm etdirib. O hicab ki, qadını hər bir cəmiyyətdə düzgün mövqe tutmağa, o hicab ki, qadını azadlıq bayrağı altında addımlamağa yönəldib. Təəssüflər olsun ki, bu nəcib mövzunu hələ də bir çox insanlar dərk etmir. Hicabın vacibliyini dərk etməyənlər Quranu-Kərimin - "Möminə qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar, öz-özlüyündə görünən əl, üz istisna olmaqla zinətlərini naməhrəmə göstərməsinlər, baş örtüklərini yaxalarının üstünə çəksinlər" («Nur» surəsi,31) ayəsini oxusalar Allahın əmrini çox aydın şəkildə görə bilərlər. Əgər bunu da inkar edərlərsə, əlbəttə ki, özlərini İlahi əzaba düçar edərlər.
Bəli, qadın əxlaqı özündə nümunəvi simvol daşıyır. İlahi də bizə nümunəvi qadınlar bəxş edib ki, məhz onların əxlaqı bir simvol, rəmz kimi bizə yol göstərsinlər. Gəlin Həzrət Zəhra (s.ə.), Xanım Zeynəb (s.ə.) əxlaqını öyrənək, dünya və axirətimiz üçün örnək alaq.
Bütün müsəlman xanımlarına "Həzrət Zəhra (s.ə.) əmanəti olan hicab"a sahib çıxmaq diləyilə!
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий