İnsan və mənəviyyat - bu iki anlayışı bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür. İnsan digər yaradılmış canlılardan məhz bu keyfiyyətinə görə fərqlənir. Bu səbəbdən insanların maraqlarının və araşdırmalarının mərkəzində həmişəlik qərar tutmuş mövzulardan biri də mənəviyyat məsələsi olmuşdur.
İnsanın mənəviyyata meylli olması ona öyrədilməmişdir. Bu fitri məsələdir və əgər üzərinə qəflət və unutqanlıq tozu yığılmamışsa, insan təbiətində yaşayan bir mövzudur. O, insanın daxilində parıldayır və cilvələnir. Qafillik pərdələri ilə örtüldükdə şölələri bir qədər azalır, lakin heç vaxt sönmür. Kiçik bir özünəqayıdış ilə yenidən şölələnməyə başlayır.
Dünyada müxtəlif sahələrdə böhran vəziyyəti mümkündür və olur. Lakin müasir dövrün ən böyük böhranı mənəvi böhrandır ki, bunu biz ən inkişaf etmiş ölkələrdə belə müşahidə edirik. Sənəyeləşmə, texnologiya, elm, intelektuallıq və s. adlar ilə özündən və həqiqətdən uzaqlaşan insan böran keçirir.
Bugünkü insan elmin inkişafı nəticəsində bir çox mümkün olmayan şeyləri mümkün etsə də, nə elm, nə texnologiya, nə də bu inkişafın ardınca yaranan ideyalar onun susuz ruhuna sakitlik bəxş etmişdir. Həqiqətdə bugünkü dünya insana asayiş bəxş etmiş, lakin onun ruhunun rahatlığını əlindən almışdır. Sadaladığımız heç bir qazanılmış nailiyyət bugünkü insanın mənəvi boşluğunu doldura bilməmişdir.
İnsanın insanlığı o dərəcədə ayaq altına atılmışdır ki, o bir qul kimi ixtiyarını nəfsinin əlinə vermiş, öz istək və meyllərinə çatmaq üçün utanc gətirən işlərə girişir, o cümlədən ağir cinayətlər törədir. Sanki manqurta çevrilərək nə eşidir, nə görür, nə də dərk edir.
Müasir dövrün ən böyük bəlalarına ilk növbədə intihar, nihilizmin artması, səmimiliyin azalması, əsəb xəstəliklərinin artması, bekarçılığın artması və s. daxildir. İntihar faktı müsəlman ölkələrində nəzərə çarpmayacaq dərəcədə aşağı, inkişaf etmiş ölkələrdə isə yuxarıdır. 45 ölkənin siyahısında birinci yerdə olan ölkələr - Litva, Estoniya, Finlandiya, Fransa, Yaponiya, İsveçrə, İsveçdir. Yeganə müsəlman ölkəsi isə Qazaxıstandır. Dünya statistikasına əsasən, hər 40 saniyədə 1 nəfər özünə qəsd edir.
İntiharın əsəs səbəbi depressiyadır ki, bu da mənəvi böhranın göstəricisidir. Araşdırmalar göstərib ki, intihar normal həyat tərzi keçirənlərin arasında 7 dəfə azdır. Buradan belə bir sual ortaya çıxır: ”İnsan cəmiyyəti, sivilizasiyası düzgün istiqamətdəmi getmişdir?”.
Axı niyə müsəlman ölkələrində bu hal aşağı səviyyədədir? Çünki müsəlman insanın dini var. Dini onun mənəviyyatını tozlanmağa qoymur, özünü tanıtdırır. İnsanın özünə bağlılığı onun özünə yadlaşmasına, biganəliyinə, özündən xəbərsizliyinə səbəb olmur və insanın öz dəyərlərini unutmasını tələb etmir, insan hərəkətinin dayanması və ətalətdə qalması ilə nəticələnmir. İnsan Allaha bağlananda özünü unutmur. İslam fəlsəfəsində hər bir şeyin yaradıcısının yaratdığı şeyə onun özündən yaxın olması çox aydın dəlillərlə bəyan olunub.
Hamı özünün özünə hamıdan yaxın olmasını deyir, amma Quran deyir ki, Allah hər bir şeyə onun özündən də yaxındır. İnsanın Allaha tərəf getməsi, onun özünə doğru getməsidir ki, bu da mənəviyyatın zənginləşməsinə səbəb olur.
Bütün dinlərdə mənəviyyata diqqət vardır. Bugünkü insan bütün dinlərdə, hətta insanın təbiətində yaşayan bir ümumi mənəviyyata inanır. Lakin, hərtərəfli geniş texniki və texnoloji nailiyyətlər, onların ardinca isə elmi yüksəlişlər qərb insanının daxili aləmini hiss və təcrübə ilə o qədər qarışdırmışdır ki, hətta İlahi və vəyh köklərinə malik olan dini də dəyişdirməyə də cəhd göstərir.
Müasir insan hər şeyi ağıl və təcrübə tərəzisində ölçmək istəyir. Lakin artıq belə bir inam əldə etmişdir ki, dünyada ağıl və təcrübə ilə yoxlanılması mümkün olmayan məsələlər vardır. Bunlar işlərin daxili və son mahiyyəti, qeyri-maddi işlər kimi məsələlərdir ki, dünyaya müraciət etməklə onlara cavab tapmaq olmur. Erik Frumun fikrincə, ”din “nə üçün”lərə cavab tapmaq üçün gəlmişdir, ”necə”lərə bəşər ağlı və bəşər elmi cavab verir”. Nitşe isə deyir ki, “biz nə üçün”ləri bildikdə yaşaya bilirik”.
Bugünkü insan onun “nə üçün”lərinə cavab verə biləcək və ona düzgün həyat yolu öyrədə biləcək bir sığınacaq axtarışındadır. Elə buna görə də Avropa İslama üz tutur.
Biz inkişaf etmiş ölkələrin elmi-texniki tərəqqisinə həsəd aparib, özümüzü o səviyyədə olmamaqda qınamamalıyıq. Görünən yalnız aysberqin üst tərəfidir. Biz dünyanın inkişaf etmiş ölkələrinin elmi-texniki tərəqqisindən, texnoloji inkişafından faydalanmalıyıq, lakin buradan gələ bilən mənfi cəhətlərindən imtina etməliyik. Müxtəlif səviyyəsiz şou və aşağı standartlı «əyləncəvi» layihələrin pərdəsi altında mədəniyyətsizliyin mədəniyyət adı altında sırınma cəhdlərini görməliyik və bunlara qarşı immunitetimiz olmalıdır.
Biz əlimizdə olan nemətin - düzgün həyat yolu öyrədə biləcək bir dinimizin qiymətini bilsək və mənəviyyatımızı unutmasaq, inşəallah, hər şey yaxşı olacaq.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий