Bismillahir rəhmanir rəhim!
Təlim və tərbiyə bir-birindən fərqli anlayışlardır. Təlim hər hansı bir elmi başqasına öyrətməkdir. Tərbiyə isə birmənalı olaraq yalnız şəxsiyyəti formalaşdırmaq məqsədini irəli sürür. Tərbiyə düzgün bir proqram üzrə aparılmalıdır ki, istənilən yaxşı nəticəni versin. Bunun üçün təkcə öyüd-nəsihətdən istifadə etmək kifayət etmir.
Tərbiyə etmək üçün ən yaxşı vaxt üşaqlıq dövrüdür ki, uşaq hələ formalaşmayıb. Bu həssas və əhəmiyyətli işin məsuliyyəti ilk növbədə ata və ananın öhdəsinə düşür. Tərbiyə etmək heç də asan iş deyil, əksinə çox həssas və çətindir. Düzgün tərbiyə etmək üçün kifayət qədər təlimat, bacarıq, təcrübə, dözümlülük və qətiyyət lazımdır. Təəssüflər olsun ki, ata və anaların əksəriyyəri tərbiyə etmək üsullarını bilmirlər. Bu səbəbdən uşaqların böyük əksəriyyəti valideyn tərbiyəsi almadan böyüyüb boya-başa çatırlar.
Şərq və Qərbin inkişaf etmiş ölkələrində tərbiyə məsələsinə geniş yer verilir, bu barədə çoxlu tədqiqat işləri aparılır. Həmin ölkələrdə tərbiyə haqqında çoxlu faydalı kitablar yazılmışdır və bu sahənin mütəxəssisləri çoxluq təşkil edir. Lakin bizim ölkəmizdə bu sahəyə yüksək maraq göstərilməmişdir və bunun sahəsində mütəxəssislərimiz və kitablarımız azlıq təşkil edir. Xaricdə çap olunan kitabların çoxu isə natamamdır. Belə ki, bu kitablarda təqdim olunan Qərbin tərbiyə üsullarının heç birində dini cəhəti yoxdur.
Uşaq dünyaya gəldiyi vaxt çox aciz bir mövcuddur. Ağlı var, amma çox şeyi anlamır, düşünə bilmir. Buna baxmayaraq kamilləşmə və dərk etmə qüvvəsinə malikdir. Tədriclə təcrübə edə-edə öyrənir. Qurani-Kərimdə belə buyurulur: "Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı. Sonra sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükr edəsiniz".
Yenicə dünyaya gəlmiş uşağın bir müddət gördüyü iş yalnız yeyib-içmək, yatmaq, ağlamaq və ifraz etməkdən ibarətdir. Uşağın bu yaşda gördüyü işlər, az da olsa, onların vasitəsilə başqaları ilə əlaqə yaradır, təcrübə edir, adət və biliyini artırır. Elə bu ilk təcrübələrin nəticəsində uşağın gələcək əxlaqi-ictimai şəxsiyyətinin təməli qoyulur.
Uşağın cismi sağlamlığı və yetişdirilməsi valideynlərin öhdəsində olduğu kimi, onun əxlaqi, ictimai, hətta dini cəhətdən tərbiyə alması və inkişaf etməsi də valideynlərin rəftarından alınır. Bilikli və məsuliyyətli ata-analar düzgün və hesablanmış rəftarları ilə uşağın ehtiyacını ödəyə bilərlər və həm cismi, həm ruhi baxımdan inkişaf etməsi üçün ən uyğun mühiti yarada, yaxşı adət və əxlaqın toxumunu onun həssasə ruhuna səpə bilərlər.
Aydındir ki, yenicə dünyaya gəlmiş uşaq kəlmələrin mənalarını anlamır və gördüyü şeylərin xüsusiyyətlərini dərk etmir. Lakin səsləri eşidir və onlardan təsirlənir. Dindar bir ailədə böyüyən uşaq yüz dəfələrlə Qurani-Kərim tilavətinin xoş ahəngini eşidir və gözəl Allah sözünü duyur. Həmçinin ata və anasının namaz qilmalarını müşahidə edir. O, dinsiz bir mühitdə böyüyən, qulağı fəsad nəğmələrinə, gözləri isə pis mənzərələrə öyrənmiş uşaq ilə tam fərqli bir şəraitdə böyüyür.
Məsuliyyətli və bilikli valideynlər uşaqlarına tərbiyə vermək üçün onları hətta gözəl səs və mənzərələrə öyrəşdirmək fürsətini də əldən verməzlər. İslam peyğəmbəri (s) də bu həssas tərbiyəvi nöqtəni vurğulamış və ardıcıllarına əmr etmişdir ki, uşaq dünyaya gələn kimi sağ qulağına əzan, sol qulağına isə iqamə deyilsin. Körpə bu kəlmələrin mənasını başa düşmür, lakin bu kəlmələrin onun ruhuna böyük təsiri vardır.
Uşağa tərbiyə verməkdə gecikməyək. Bəli, uşağın qəlbi münbit torpağa bənzəyir. Valideyn ona nə desə, hansi əməli qadağan etsə, o, bunu anlayıb dərk edəcək. Çünki övlad ata-anasını sevir və onların narahat olmasını istəmir. Əlbəttə, bu o demək deyildir ki, valideynlər buna etinasız yanaşmalıdırlar. Önlar öz növbəsində uşağa dediklərini əməllərində təsdiq etməlidirlər. Məsələn, əgər valideyn uşaqdan söyüş söyməməsini tələb edirsə, o zaman özü də bu əməli qəti surətdə tərk etməlidir. Eyni zamanda yalan danışmamaq, əhdə vəfa etmək və s. məsələlərdə valideynlər övlada ən yaxşı nümünə olmalıdırlar. Çünki üşaqlar valideynlərinin hər bir hərəkətini diqqətlə izləyirlər. Xüsusən də oğlan atası, qız anası kimi olmaq istəyir.
Ümumiyyətlə, övlad tərbiyəsində hər bir yaş dövrünün özünəməxsus xüsusiyyətləri vardır. Hədislərimizdə də bu barədə tövsiyyələr edilib. Peyğəmbər (s) bu haqqda belə buyurub; "Uşaq 7 il evin şahı, 7 il nökəri, 7 il isə vəziridir".
Doğrudur ki, bu hədisə əsasən uşaq 7 il şah rəftarı görməlidir, amma bu, uşağın tamamilə özbaşına buraxılması mənasına deyildir. Təbii ki, valideyn oyun əsnasında övladına bəzi tərbiyəvi, əxlaqi məsələləri aşılaya, onun üçün tərbiyəedici əhvalatlar oxuya, yaxud film və ya cizgi filminə tamaşa etdirə bilər, ona oyun vasitəsilə böyüklərə hörmət etməyi, kiçikləri vurmamağı, valideynə ehtiram göstərməyi öyrədə bilər.
Bəli, övladın tərbiyəsində insan özü düşünməli, mütaliələr etməli və bu sahənin mütəxəssisləri ilə məsləhətləşməlidir. Amma unutmaq lazım deyil ki, əsl təbiyəedici Allahdır. Onun izni və lütf-nəzəri olmasa, heç kəs nə özünün, nə də özgələrinin tərbiyəsində müvəffəq ola bilər. Buna görə də Yaradana etimad və imanı olan müsəlman bu işdə Allaha təvəkkülü və bu haqda gəlmiş duaları oxumağı da unutmamalıdır. Necə ki, İmam Sadiq (ə) öz dualarında "İlahi, məni övlad tərbiyə etməkdə özbaşına buraxma və mənə kömək ol",- deyə davamlı olaraq istəmişdir.
Həzrət Peyğəmbər (s) buyurub; "Hər bir ağacın meyvəsi var, qəlbim meyvəsi də övladdır".
Bütün valideynlərə bu qəlbin meyvəsini dadmaq diləyilə! Allah amanında!
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий