среда, марта 05, 2008

Hicrət

Bismilləhir-Rahmanir-Rahim!

"Onlar ki, hicrət etdilər, yurdlarından çıxarıldılar, Mənim yolumda əziyyətə qatlaşdılar, çarpışdılar və öldürüldülər, and olsun, Mən də onların pisliklərini örtəcəyəm və onları altlarından çaylar axan cənnətlərə daxil edəcəyəm. Bu mükafat, Allah tərəfindəndir. Allah; qarşılığın (əvəzin) gözəli Onun yanındadır".

(«Ali-İmran», 195.)

"Sonradan iman edən və hicrət edib cihad edənlər də sizlərdəndir».
(«Ənfal», 75.)

Hicrət sözünün dilimizdə "yerdəyişmə, köç, bir yerden başqa bir yerə daşınma, daimi və ya müvəqqəti köç" və s. mənalarda çalarları vardır. Yaradılmışlardan şüur və iradəlisi olan bəşər bu dunyada mövcudiyyət tapdıqdan ta ölümünədək və sonra fərqinə varsada, varmasa da iradəvi olsa da, olmasa da bir sira hicrətləri yaşayır. Bu hicrətləri şərti olaraq 3 yerə bölə bilərik: ixtiyari, qeyri-ixtiyari, eyni zamanda həm ixtiyari və həm də qeyri-ixtiyari olan hicrətlər.

Həm ixtiyari və həm də qeyri- ixtiyari hicrətlər
İnsanın daxili meylləri sırasında biri də vardır ki, onun vasitəsilə insan istənilən yerə hicrət edə bilir. Bu ən təsirli və çətin idarə olunan daxili meyllərdən olan xəyal qüvvvəsidir. Bu qüvvə vasitəsilə bəzən reallıqdan utopik aləmə, bəzən də maddidən mənəvi aləmə bəzən ixtiyari, bəzən də qeyri-ixtiyari fikri və ruhi hicrət edə bilir.
Hicrətin ikiləşməsi prizmasından digər mövzunu da ələ almaq olar. Kamil insanlar və bəzi kamillik yolunda yürüyənlər vardır ki, onlar maddi aləmdən mənəvi aləmə köçlə yanaşı, qəlblərə də ruhi hicrət etmişlər. Və bu hicrətləri ilə qəlbləri diri tutmaqla bərabər tarixi də ehia etmiş, zamanı yaşatmışlar.
Digər ixtiyari və qeyri-ixtiyari hicrətə insanın təbii yerdəyişməsi olan ölümü də göstərmək mümkündür. Insanlar yataraq bir daha durmamaq, müxtəlif qəza şəraitlərində, qəflətən və s. bu kimi hallarda ixtiyarsız vəfat edərək bu dünyadan köç edə bilirlər. Ixtiyari ölümlər sırasında isə özünə edilən qəsdləri, və yaxud əksinə, ölümü əngəlləyən əməllər sayəsində yubanan ölümləri nümunə göstərmək olar. Buna həm də ruhun ixtiyari və qeyri-ixtiyari hicrəti də deyə bilərik.

İxtiyari hicrətlər
İnsan oğlunun ilk hicrəti ana bətnindən bu dünyaya köçu ilə başlayır. Bu hicrət onun özünün iradəsi xaricində baş versə də mükəlləf olduqdan (buluğ həddinə çatdıqda) sonrakı bütün addımlarına məsuldur və onlar iradəvidir.
İxtiyari hicrətin özünü də 2 səpkidə ələ almaq mümkündür: FƏRDİ VƏ İCTİMAİ.
Fərdi ixtiyari hicrətlərə müxtəlif fərdlərin yaşayış standartları, elm əldə etmə, cinayət məsuliyyətindən yaxa qurtarmaq niyyətilə və digər bu qəbildən olan səbəblər üzündən bir şəhərdən digərinə, hətta bir ölkədən digərinə hicrət etmələrini göstərə bilərik. Burada kənar meyllərin təsiri də şübhəsizdir.
Ictimai hicrətlər. Tarix buna şahidliyi besətin 14-cü ilinin rəbiyyül-əvvəl ayında edir. Bu Islam Peyğəmbərinin (s) Məkkədən Yəsribə (şəhərin hicrətəqədərki adı) olan hicrəti idi. Bundan az müddət öncə tarix daha bir hicrətə şahidlik edir; bu Həzrət Əlinin (ə) qardaşı Cəfərin rəhbərliyindəki heyətin Həzrət Peyğəmbərin əmri üzrə Həbəşistana (Efiopiyaya) getmələri idi. Bu nəcib insanları İslamın ilk siyasi mühacirləri adlandırmaq da düzgün olardı.
2-4 sentyabr 622-ci il və 9 mart 2008-ci il. 1376 illik bir zaman məsafəsi, tarixin kamillik, kamil insan nümunələri üzərinə aydınlıq nuru çəkdiyi səhnələrin növbətisi. Nədir bu tarixlər? Nəyi ifadə edir bu zaman kəsimi insanlıq üçün?
Miladi 622-ci ilin 2 sentyabrında (hicri-qəməri ilə besətin 14-cü ilinin rəbiyyül-əvvəl ayının 12-si, bəzilərinə görə 14-ü) İslam Peyğəmbəri (s) Məkkəni tərk etdikdən 9 gün sonra Yəsrib yaxınlığındakı Quba məntəqəsinə yetişir. Burada İslam Peyğəmbərinin (s) ilk gördüyü iş camaatın mənəvi ehtiyaclarını ödəmək və müsəlmanların toplanacaq yeri olması üçün əlamətdar Quba məscidini tikdirir. Bu məscid tarixdə «İkiqibləli məscid» kimi də xatırlanlr. Inşaat işlərində Həzrət Peyğəmbərin (s) özünün də iştirak etdiyi bu məscidin tikintisində Yəsrib əhalisi böyük şövq və səy təzahür etdirir. Tikinti başa çatdıqdan sonra Peyğəmbərin iştirakı ilə ilk cümə namazı bu məsciddə qılınır və elə ilk xütbə də buradaca sevgili Peyğəmbərin (s) mübarək dilindən səslənir. Məkkədə öz yerində nümayəndə olaraq qoyduğu Əli (ə) və onunla birlikdə gəlməli olan Bəni-Haşim xanımlarının (Haşimi qəbiləsinin xanımları - onların arasında Həzrət Peyğəmbərin əziz qızı Fatimeyi-Zəhra da vardı) bu şəhərə yetişməsi üçün Həzrət Peyğəmbər (s) bir müddət Qubada qalmalı oldu.

Bəs görək Əlinin (ə) bu hadisələrdə iştirakı necə və nədən ibarət olmuşdur? Niyə Həzrət Peyğəmbər (s) məhz onu öz yerində nümayəndə olaraq seçir və hicrət edir?
Bütün bu və bu kimi suallara aydınlıq hasil etmək üçün ilk öncə: Həzrət Peyğəmbər (s) Məkkəni hansı şəraitdə tərk etdi? Hicrəti doğuran səbəblər nə idi? Nədən Həzrət Peyğəmbər (s) özündən sonra nümayəndə təyin edir və bu seçimində niyə məhz Əlini (ə) seçir? və s. bu kimi məqamlara aydınlıq gətirmək lazımdır.
Həzrət Peyğəmbər (s) vəhy mələyi vasitəsilə müşriklərin (Allaha şərik qərar verənlərin) planından xəbərdar olmuşdu. Bu Məkkədə islamın yayılmasının qarşısını heç ala bilməyən muşriklərin nəhayətdə İslam Peyğəmbərini gecəykən öz yatağında həlak etməyi əhatə edən plan idi. Yaradanın istəyi və əmrinə əsasən Həzrət Peyğəmbər (s) həmin gecə Məkkədən çıxdı ki, vəhyı kamil şəkildə çatdırmağa müvəffəq olsun. Elə bu gecədən də zaman bir çox həqiqətlərə aydınlıq gətirir və tarixin səhifəri Əlinin (ə) simasında kamil insan nuru ilə nuraniyyət qazanır. Kamil insan, kamil mübariz, kamil silahdaş, kamil məsləkdaş, kamil dost, kamil ər, kamil kişi, kamil əmanətar... Həzrət Əli (ə) simasında bu ardıcıllığı xətm etmək, sonlamaq sadəcə mümkün deyil, bu sadəcə mahaldır.
Amma Əlinin (ə) hicrət olayındakı yeri və roluna aydınlıq gətirmək lazimdir. Mövzudan yayınmadan muxtəsər də olsa az öncə sadaladığımız sualları cavablayaq.
Az əvvəl qeyd olunduğu kimi Allahın Elçisi Məkkəni elə bir şəraitdə tərk etmək məcburiyyətində qalmışdı ki, vəhyin arasının kəsilməsi (kimə ki, endirilirdi) və onun qəbul edicisinin cismani məhv edilməsi üçün çox ciddi və təhlükəli planlar düşünülmüşdü. Bütün bunları bilə-bilə niyə Əlini (ə) bu təhlükələrlə üz-üzə qoydu? Və niyə məhz Əlini (ə)?
Burada gələcək İslam ümmətinə çatdırılası bir sıra prioritetlər (mühüm mesajlar) var ki, sevgili Peyğəmbərimiz (s) bu addımı ilə də onların zehnlərdə yaşadılmasını istəmişdir. Bunları qısa olaraq aşağıdakılardan ibarətdir;
1. Bu hadisədə Əlinin (ə) üzərində dayanılmasındakı ən ümdə məqsəd heç şübhəsiz ki, Vilayət haqqının kimə aid olmasının insanlara bir daha çatdırılması idi. Təsadüfi deyildir ki, bu məsələni İslam Peyğəmbəri (s) hələ həyatda ikən üç yüz dəfədən artıq yerdə vurğulamışdır. Bu hadisə də bu vurğulamanın əməli təsdiqlərindən biri idi kı, müsəlmanlar sonradan bu məsələdə zənnə, gümana düşməsinlər.
2. Allah Rəsululu (s) bildirirdi ki, ondan sonra bu cur çətinliklərin öhdəsindən kim gələ bilər və gələcək, və necə çətinliklər meydana çıxa bilər.
3. Peyğəmbər (s) Məkkəni çox kritik bir dönəmdə qəflətən tərk etməli olmuşdu və bu səbəbdən bir sıra şəxsi işləri qalmışdi ki, bunların da tam olaraq həyata keçirilməsini ən əmin, sadiq, güvənilən bir şəxsə həvalə etməli idi ki, özündən sonra bir problem qalmasın. Tarix bu şəxsin Əli (ə) olduğunu açıq-aşkar sərgiləyir.
4. Allah Rəsulu (s) Əlini (ə) bu çətin və şərəfli imtahanlarla üzbəüz qoyaraq onun imani gücünü və Peyğəmbərin olmadığı bir halda onun hadisələrdəki yerini və rolunu onun gələcək muxaliflərinə çatdırıdı və s.
Həmin gecə (miladi 24-26 avqust 622- ci il) dini uğuruna, həqiqi və əsil dəyərlər naminə öz canından, ailəsindən, uşaqlarından və hər şeyindən belə keçməyə hazır olan Əli (ə) Həzrət Peyğəmbərin (s) yatağında uzanır. Nakam qatillər örtüyü qaldıraraq Allah elçisinə qılınc zərbəsi endirmək istərkən bir anda Əlini (ə) onun yerində görcək heyrətdən nə edəcəklərini belə unudurlar...
Bu nə rəşadət, bu nə cəsarət? Bu necə bir din, bu necə bir ardıcıl?
Planlarının puç olduğunu görən düşmənlər oranı tərk etdilər. Bu zaman artıq Allah Rəsulu (s) Məkkəni tərk etmişdi və müşriklər onu yerində tapmadıqdan sonra onun izinə düşüb onu təqib etmək istəsələr də bir nəticə hasil olmadı. Üç gün Məkkədə qalan Əli (ə), bu müddətdə əmanətlərini İslam peyğəmbərinə həvalə etmiş insanların əmanətlərini sahiblərinə təhvil verir, Həzrət Peyğəmbərin (s) borclarını sahiblərinə qaytarır, sonra əksəriyyəti qadınlardan ibarət bir heyətlə gecə yarı Mədinəyə yola düşür. Qubada Kulsum ibni Hədəmin evində Həzrət Peyğəmbərə (s) qoşuldu.
Həzrət Peyğəmbər (s), Həzrət Əli (ə) və xanımlardan ibarət heyət Yəsribə daxil oldular. Yəsrib əhalisi onları coşqun və həyəcanlı izdihamla qarşıladı. Hələ bu qarşılamada belə çoxları öz mənəvi-ruhi hicrətlərinə nail oldular. Onlardan birinin, daha dəqiq desək indiyədək kafir yəhudi qadını olmuş bir kəsin vaqeəsini şair-jurnalist N.Zöhrabi belə nəzmə düzmüzdür:

Hamını salmışdı marağa,
Çıxmışdı adamlar evdən qırağa.
Həm uşaq, həm cavan, həm qoca qarı
Durub gözləyirdi yolda sərdarı.
Sevincdən dəniztək şəhər coşurdu,
Uşaqlar Həzrətə nəğmə qoşurdu.
Gəlmişdi quşlar o gün həvəsə,
Cəh - cəh vurdular, verib səs - səsə.
Yerdən ucalırdı göyə bir nəşidə,
Mədinə qoymuşdu mat Günəşi də.
Bir yəhudi qadın əyib belini,
Qoymuşdu gözünün üstə əlini.
Sevinclə göstərdi Quba yolunu:
- Gəlir, ay camaat, gözünüz aydın, -
Deyərək ucadan qışqırdı qadın.
Sonra dizə çöküb səcdəyə getdi,
Allah dərgahına o, xitab etdi:
- Çoxdan var qəlbimdə bu arzu, niyyət,
Edirəm bu gündən mən ona beyət.
Məni Muhəmmədin qoş cərgəsinə,
Qat mənim səsimi onun səsinə.
Durub gözlərinin sildi yaşını,
- Atdım kafirliyin, - dedi, - daşını.

--------------------------------------

Həzrət Peyğəmbərin (s) hicrəti öz nəticələri ilə dövründən günümüzədək də hələ də aktualdır, baxmayaraq ki, bu mühüm tarixdən 1376 il keçir. Bu nətcələrə zamanından dövrümüzədək müxtəsər nəzər salaq;
1. Hicrətin ilk günlərində Həzrət Peyğəmbərin Mədinədə evi tikilir, az sonra isə təbliğ üçün bir məscid tikilir ki, sonradan Məscidün-Nəbi (Peyğəmbər (s) məscidi) adlanır. Hansi ki, günümüzdə də milyonlarla müsəlman, xüsusən də hacılarımız Həcc mərasimləri dönəmində buranı ziyarət edirlər.
2. Yəsrib şəhərinin adı dəyişərək əvvəllər Mədinətün-Nəbi, sonralar isə Mədinə olaraq tarixə keçir, məntəqə isə hələ o zaman meqapolisə çevrilir.
3. Həzrət Peyğəmbəri (s) Mədinəyə dəvət edən Ovs və Xəzrəc qəbilələri arasında yəhudilərin təhriki ilə yaranan 120 illik düşmənçiliyə Həzrət Peyğəmbər (s) tərəfindən son qoyulur.
4. İslamda ilk dəfə "muhacir" - «köçən» (Məkkədən Mədinəyə hicrət edən müsəlmanlar) və "ənsar" - «köməkçi» (Mədinədə İslamı qəbul edən müsəlmanlar) terminləri yaranır.
5. İlk kütləvi qardaşlıq mərasimi təşkil olunur."Sən dünyada və axirətdə mənim qardaşım olacaqsan", - deyən İslam Elçisi Həzrət Əlini (ə) özünə qardaş seçir.
6. Mədinə iqtisadiyyatının nəbzini əllərində saxlayan yəhudilər özlərini təhlükədə hiss edib müsəlmanlarla pis rəftar etməyə başladılar. Onlar müsəlmanların vəhdətini pozmağa və onları qarşı-qarşıya qoyub düşmən etməyə, nifaq toxumu səpməyə çalışırdılar. Çox təəssüf ki, bu tendensiya günümüzdə yenidən aktuallıq kəsb etməyə başlamışdır. Lakin o zaman isə dahi Peyğəmbərimiz onların bu planlarını da puça çıxırır.
7. İslamın ilk ana sənədi - dövrümüzün deyimi ilə ilk konstitutsiyası - "Mədinə müqaviləsi" Peyğəmbərimiz tərəfindən tərtib edildi və maraqlı tərəflər arasında imzalandı. İlk dəfə insanların hüqüqları kamil tərzdə müdafiə edən bir saziş təsbit olundu ki, bu qanun indi də bir ülgüdür. Bu sənəd eyni zamanda cəmiyyətdə sosial ədalət prinsipini prioritet mustəvisinə qaldıran ilk sənəd kimi də qəbul olunmuşdur.
8. Qiblənin dəyişdirilməsi - müsəlmanların ilk qibləsi olan Beytül-Müqəddəsin Məkkə ilə əvəzlənməsi. Qiblənin Məscidül-Əksadan Məkkəyə (Beytül - Hərəmeynə) tərəf yönəldilməsi Allahın əmrinə əsasən baş vermiş və bu hadisə hicrətin 17-ci ayında olmuşdur. Buna səbəb o vaxtkı yəhudilərin İslam Peyğəmbəri (s) və müsəlmanlarla düşmənçiliklərinin üzə çıxması, bir çoxlarının əmr-be-məruf və nəhy-əz-münkər (yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmə) imtahanına çəkilmələri, dost və düşmənin tanınması zərurəti olmuşdur.
Çox təəssüflər olsun ki, bizim dövrümüzdə də gerizəkalılığın bariz nümunəsi olan bu düşmənçilik yenidən vüsət almaqdadır. Siyonist vandalları İslamın mühüm bir parçası olan Məscidül-Əksanı ələ keçirərək onu yer üzündən silmək niyyətində bulunmaqdadırlar. Bu yöndə çeşidli planlar qurur və tədbirlər tökürlər. Məscidül-Əksa (Beytül - Müqəddəs) təməldən qazılaraq uçurulmaq, gah da yerində muzey tikmək kimi sərsəm planlarla üz-üzədir. Heç təsadufi deyildir ki, buranın yerli müsəlman əhalisi olan Fələstin xalqı öz dövlətindən məhrum edilərək tarixi torpaqlarından uzaq bir ərazilərə deportasiya edilmək kimi xəbis niyyətlərlə qarşı-qarşıyadırlar. Məhz hicrətin bu dönəmini unutmayaraq Fələstinin müdafiəsinə qalxmaq hər bir müsəlmanın bir nömrəli vəzifələrindəndir. Parodoksal bir haldır ki, zamanımızda da Məscidül-Əksa (Beytül - Müqəddəs) mövzusu dost və düşmənin müəyyənedicisidir.
9. Bu hicrətin nəticəsində ilk müsəlman təqvimi - Hicri-qəməri təqvimi meydana çıxmışdır. Bu gündən (hicrət günündən) İslam tarixi hesablanmağa başlamışdır. Ancaq ilin əvvəlini qəməri təqviminin ilk ayı olan Məhərrəm ayı ilə başlamışdır.
10. İlk Islam hökuməti qurulur; şəriət: alış-veriş hökmləri, nigah, vərəsəlik, cəza tədbirlərinin icrası və digər siyasi, iqtisadi, ictimai hökmlər icra olunmağa başladı.
11. İlk azan sədaları eşidilir. Azan müsəlmanlrin ibadətə çağırış şüarlarına çevrilir.

Son olaraq bildirmək istərdim ki, Allah üçün edilən hər hərəkət və sözün əvəzsiz qalmasi mümkün deyil. Allaha xatir, olduğu yeri min bir çətinlik altinda tərk edən və bununla Islama daha yaxşi yaxinlaşmanı, Allaha daha mükəmməl bir şəkildə qulluqda durmağı məqsədləyən bir kimsənin əlinin boş qaytarılması düşünülə bilməz. Bu haqda Allah oz kitabında belə buyurur:

"Həqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda öz malları və canları ilə cihad edənlər kəslərlə (Mədinə əhalisindən muhacirlərə) yer və pənah verən və yardım edənlər bir-birlərinin qəyyumudurlar".

(«Ənfal», 72).

"İman gətirən, hicrət edən və Allah yolunda cihad edən kəslər və (onlara) yer və pənah verən və kömək edənlər - onlardır həqiqi möminlər. Onlar üçün məğfirət (bağışlanma) və bol ruzi vardır".
(«Ənfal», 74).
Allah amaninda.

Mehdi Fərəc,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: