пятница, марта 14, 2008

Çıxmadı

Üzdə it-bat oldu əsli, bu əsil üz - çıxmadı.

Nadürüstlər qarşısında çökdülər, diz çıxmadı.

Sən Xudanın əmrinə var olmusan ay naxələf,
Heç dilindən naşükürlükdən səva söz çıxmadı.

Yalquzaq iştahlıya yazıq deyib çəkdin sığal,
Gözdə aciz görsənib iştahda aciz çıxmadı.

Bir qədər pəhriz edərsən dərd də canından çıxar,
Ac-göz oğlu ac-gözə dərd oldu pəhriz, çıxmadı.

Hər şeyə qafil olub, hər çöhrəyə atmış ləkə,
Şəkk edib yəqinliyə, yəqində şəksiz çıxmadı.

Milli sərvətlər gətirdi çox bəlalər millətə,
Millətin sərvətlisi geç bircə faiz çıxmadı.

Çox ümidlər bəslədin yəqin edər haqqın difa,
Sən adın qoydun Mübariz, o mübariz çıxmadı.

Söylədik BİZ adətən, torpaq BİZİM, qeyrət BİZİM,
Getdi torpaq, getdi qeyrət, amma bir BİZ çıxmadı.

Sən qonaq gəldin, firəvan ömr edib lap bərkidin,
Fanilər mülkündə kimlər qaldı gec-tez çıxmadı?.

Harda gördün haqq gəlib meydanda haqla üz-üzə,
Orda heç qan axmadı, baş düşmədi, göz çıxmadı.

Ötdü illər, itmədi bir vaxt olan bir hadisə,
Axdı qanlar durmadan, qan üstə heç köz çıxmadı.

Şahin Qurbanov,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: