Hörmətli oxucu! Sizinlə bugünkü söhbətimiz hicab mövzusu ətrafındadır. Mövzumuzun obyekti isə tibb müəssisəsində çalışan hicablı qadındır (düzdür, mən özüm də tibb müəssisəsində işləyirəm, amma bu məqalədə söhbət məhz məndən getmir. Bu qadın bir çox yerlərdə rastlaşa biləcəyimiz ümumiləşdirilmiş bir obrazdır).
Bildiyimiz kimi, tibb işçilərinin standart geyim forması vardır. Hicablı qadın bu kollektivdə təbii ki, fərqlənir və istər-istəməz ətrafdakıların diqqəti ona tərəf yönəlir. Deyə bilərsiniz ki, burda dəhşətli, problemə çevrilə biləcək nə var ki? Əlbəttə, fərqlənən bir kəsin diqqəti cəlb etməsi böyük bir problem deyil. Əsl problem bundan sonra baş verir. Təsəvvür edin ki, hər hansı bir həkim (məs. cərrah-travmatoloq) - mollalığa başlamısan? - deyə kinayə ilə hicablı tibb işçisinə müraciət edir. Hədsiz təkəbbürlə, yuxarıdan aşağı, alçaldıcı nəzərlərlə həmin qadına baxır və bu baxışlar ətrafdakılara da sirayət edir.Təbii ki, bu qadın dini savadı olmayan, Qurandan bixəbər olan bu insanlara hicabın nə demək olduğunu anlatmaqda çətinlik çəkir və susmağa üstünlük verir. Amma susmağın da həddi var.
Hə, məqalənin əsl mövzusu da elə burdan başlanır (xahiş edirəm səbirli olasınız). Mən bu səhnəni analiz edib, elmi baxımdan kimin hansı səviyyədə olduğunu müəyyən etmək istəyirəm. Bunun üçün birinci növbədə təbabət elmi, onun növləri və İslam fəlsəfəsi ilə əlaqəsini araşdıraq. (Qeyd. Əslində nəticə baxımdan araşdırmaya hansı elm sahəsindən başlamağın heç bir fərqi yoxdur.Çünki, sonda bütün elmlər bir nöqtədə birləşir.)
Ümumiyyətlə, təbabət elminin iki əsas qolu var: 1.Qərb(Avropa) təbabəti; 2.Şərq təbabəti.
Müasir dövrümüzdə ən geniş istifadə olunan bunlardan birincisi - Avropa təbabətidir. Bunun da möhkəm fəlsəfi təməli demək olar ki, yoxdur. Elə burdan götürək ki, insanın hər orqanını bir mütəxəssis müalicə edir. Nəticədə sinir sistemini müalicə edən nevropatoloq xəstənin mədəsini daha pis vəziyyətə salır. Dar ixtisaslaşmalardan ibarət olan qərb təbabətində bütün bu orqanların vahid bədən üzərində yerləşdiyi və bu orqanlar arasında əlaqə olduğu sanki yaddan çıxarılır.
Şərq təbabəti isə, bundan fərqli olaraq, möhkəm təməl - Şərq fəlsəfəsi üzərində qurulmuşdur. Elə bunun nəticəsidir ki, bu təbabətin möcüzəvi nəticələri alınır. Özü də dərmansız. Şərq fəlsəfəsinin əsasını təbiətin 5 ilkin elementi təşkil edir. Yəni bu 5 ilkin element Şərq fəlsəfəsinin cövhərini - substansiyasını təşkil edir. Musiqinin 7 səsindən sonsuz sayda musiqi əsərləri yaradıldığı kimi, bu 5 ilkin elementin də müxtəlif cür qarşılıqlı münasibətindən sonsuz sayda fəlsəfi qanunlar yaradılıb. Hansı ki, elmin müxtəlif sahələrində - təbabətdə, idman sahəsində və s. inkaredilməz gözəl nəticələr alınmasında məhz bu qanunlar əsas hesab edilir.
Qədim Şərq mütəfəkkirlərinin təqdimatına görə, beş ilkin elementlərdən hər biri həyat proseslərinin simvoludur, hansı ki, həm təbiətdə, həm də insan orqanizmində aktiv (yan) və passiv (in) qüvvədən aslı olaraq dövr edir. Bu təqdimata əsasən, insan təbiətin mikromodeli kimi qəbul edilir və təbiətdə gedən proseslər insan orqanizminə də şamil edilir. Bu fikri hər bir kəs təsdiq edə bilər. Məsələn, hər bir sağlam insan təsdiq edə bilər ki, ilin fəslinə uyğun onun əhvali-ruhiyyəsi dəyişir. Yəni payızda nisbətən kədərli olur və yaxud əksinə, baharda elə bil ki, yenidən canlanır və s.
Bu ilkin elementlər hansılardır? Bunlar “su”; “torpaq”; “atəş”; “metal” və “ağac”dır. Bu təbiətdəki beşlikdir. İnsan orqanizmində də buna uyğun çox sayda beşliklər vardır. Məs, insanda beş hiss orqanı var: görmə, eşitmə, qoxu bilmə, dad bilmə, lamisə. İnsan beş əsas emosional vəziyyətdə olur: normal, sevincli, kədərli, qəzəbli, qorxmuş.
Bütün bunları sadalamaqda məqsədimiz Çin fəlsəfəsini təbliğ etmək də deyil. Sadəcə bütün bunların məqalənin əsas mövzusu ilə əlaqəsi var. Əslində burada təbliğ etməli bir şey də yoxdur. Çünki, bu fəlsəfənin özünün də bir qədər dərinliklərinə getdikdə başa düşürük ki, burda da nəsə çatmır. Axı hər oxuduğunun bütünlüklə düzgün olduğunu qəbul etməyə insanı heç kəs məcbur edə bilməz. Allah insana düşünmək, müqayisə etmək, seçmək qabiliyyəti verib. Belə ki, bu fəlsəfəyə də tənqidi nəzərlə baxdıqda görürük ki, bu sırf materiyaya xas olan qanunauyğunluqlar cəmidir. Lakin, bizə məlumdur ki, insan təkcə materiyadan ibarət deyil. İnsanda elm, həyat, qüdrət kimi xüsusiyyətlər var ki, bunlar sırf kamal xüsusiyyətlərdir. Yəni materiyaya aid deyil. İnsanı tam bir varlıq kimi - yəni, cismani və kamal xüsusiyyətlərin cəmi kimi qəbul edib, onu sözün həqiqi mənasında yer üzünün əşrəfi kimi qiymətləndirən həqiqi bir elm var ki, bu da İslam fəlsəfəsidir. Sual oluna bilər: - Nə üçün məhz İslam fəlsəfəsini həqiqi elm adlandırdıq? Çünki, bu elm başqalarından fərqli olaraq birbaşa Allahın bizə göndərdiyi Qurani-Kərimdən qaynaqlanır.
Söz bu məqama çatdıqda, mən yenidən Şərq fəlsəfəsinin beş ilkin elementinə qayıtmaq istəyirəm. Bu elementlərdən biri və ən əsası - ağacdır. Bildiyimiz kimi, bu materiyaya aid bir məfhum kimi qəbul edilib və Çin filosofları material nə varsa, hamısını bu məfhumla əlaqələndirib, bu quruluşda sistemləşdirib və kəşf etdikləri qanunlar da təcrübədə özünü doğruldub, müsbət nəticələr alınıb. Bəs nə üçün biz, necə deyərlər, bu hazır reseptdən qeyri-maddi aləmi, insanın kamal xüzusiyyətlərini öyrənmək üçün, onları sistemləşdirmək üçün istifadə etməyək? Dəqiqliklə olmasa da, az-çox mənə məlumdur ki, İslamda da “şəcərə” - «ağac» məfhumuna toxunulur.
İndi gəlin biz də insanda olan kamal xüsusiyyətlərdən biri sayılan “elm”i şəcərə strukturu üzrə qruplaşdıraq. Bunun üçün əvvəlcə bir balaca dəyişiklik aparmaq lazımdır və bu dəyişiklik zəruridir. Şərq fəlsəfəsinin istinad eydiyi “ağac” - elə gördüyümüz ağaclar kimidir. Yəni, kökü aşağıda, budaqları yuxarıda. Elm ağacının isə kökü yuxarıda, budaqları isə aşağıdadır (cisim və mücərrəd bir-birinin əksi olduğuna görə bu dəyişikliyi aparırıq). Əgər oxucu belə bir ağacı qəbul etmək istəmirsə, bunu cəfəngiyyat adlandırırsa, onda qoy bu quruluşda bir sxem təsəvvür etsin. Hər halda biz bu bölgünü ağac adlandırırıq. İndi isə gəlin elmləri bu ağacın budaqlarında elə paylaşdıraq ki, hərə öz yerini tutsun. Bunun üçün yenə təbabətə qayıdıram. Səbəbi də budur ki, həm bu sahə mənə başqa sahələrə nisbətən daha aydındır, və həm də axı biz məqalənin əvvəlindəki təkəbbürlü həkimə söz vermişdik ki, onun elm aləmindəki tutduğu yeri müəyyən edəcəyik.
Beləliklə, başlayırıq ortrologiya və ortopediyadan. Bunlar kamal ağacının ən nazik və ən aşağıda yerləşən budaqlarıdır. Bunlar travmatologiya adlı elmin budaqlarıdır. Yəni, travmatologiya nisbətən yuxarıda və təbii ki, nisbətən qalın budaq olacaq.Travmatologiya özü isə cərrahlıq adlı elmin budaqlarından biri sayılır. Cərrahlıq - Avropa təbabətinin, Avropa təbabəti - ümumi təbabətin, təbabət - təbiət elmlərinin budaqlarındandır. Təbiət elmləri fəlsəfələrdə, fəlsəfələr də səmavi kitablarda birləşir. Səmavi kitab kimi də zəmanəmizin bütün insanları üçün son hədd, son səmavi kitab sayılan “Qurani-Kərim”i götürürük.
Beləliklə, biz elmləri “ağac” rəmzi altında sistemləşdirdik. Kənardan bu sistemə baxanda biz nə görürük? Biz görürük ki, bütün fəlsəfələr Qurandan, bütün elmlər isə fəlsəfələrdən qidalanır. Düzdür, bəzi fəlsəfələrdə Qurandan kənar, səhv fikirlər də vardır və həmin fəlsəfələrdən qaynaqlanan elmlər bəşəriyyəti yanlış yola tərəf istiqamətləndirməkdədir. Fəlsəfələrdə Qurandan kənar, səhv fikirlərin olmasının səbəbi isə bizcə budur ki, Quran zatı ehtiyacsız, mütləq Alim olan Allah tərəfindən göndərilmişdir. Fəlsəfələr isə zatı ehtiyaclı mümkünəl-vücud olan insanlar tərəfindən yaradılmışdır. Elə ona görə də elm şəcərəsini Qurana uyğun olan, möhkəm və qalın kökü get-gedə, müasir elmlər səviyyəsinə çatana qədər incəlib nazik budaqlara çevrilib. Nazilib, amma qırılmayıb. Qirlsaydı, yaşamazdı o budaq. Yaşayırsa, deməli kökündən şirə çəkir.
Beləliklə, bütün yuxarıda deyilənlərə əsaslanıb deyə bilərik ki, məqalənin əvvəlində adı çəkilən təkəbbürlü həkim elm şəcərəsində yalnız iki pillə qalxıb və onun elminə uyğun gələn budaq çox nazikdir. Onun tənə eydiyi möminə qadın isə bu ağacın kökünə qədər qalxmışdır və həmin həkimin bu qadına yuxarıdan aşağı baxması çox gülüncdür. Çünki, bir insan Quranı, İslam elmini öyrənirsə, bu elm elmlərin elmi, həmin insan isə...
...Möminə qadının hicabına gülmək, isteza etmək isə cahillik və ağılsızlıqdır. Özü ilə həmin güldüyü adam arasında olan bu böyüklükdə təzadı görməyən adam da, əlbəttə ki, əqli geridəqalmışlığa iddialıdır əslində.
Sözlərim sizə çox kəskin görünə bilər. Hətta məni təkəbbürlü adlandıra bilərsiniz. Lakin bu belə deyil. Çünki, mən möminə qadın deyəndə özümü deyil, bütün əsl möminə xanımlarımızı nəzərdə tutmuşam.
Təkəbbürə gəldikdə isə, təkəbbür çox böyük bir günahdır. O qədər böyük günahdır ki, hətta deyirlər axirətdə cənnətin iyi də təkəbbürlü insanın burnuna dəyməyəcək. Hansı ki, 500 illik məsafədən cənnətin iyi hiss olunar. Elə burdan görünür ki, təkəbbür necə bir günahdır. Buna baxmayaraq bu məqaləni oxuduqdan sonra kiminsə qəlbində olan təkəbbür sınacaqsa, kimsə bu günahdan xilas olacaqsa, mövqesini tanıyıb təvazökar olacaqsa - şükürlər olsun! Mənsə “təkəbbür” adlı bu günahdan Rəbbimin rəhmətinə sığınıram. Qoy Qadir Allah bizə öz mövqemizi, dəyərimizi tanımaqda kömək olsun! Amin.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий