Tez-tez rastlaşdığımız bir cümlə. Bəlkə də dilimizdən heç düşməyən bir ifadə. Milyonlarla insanın ən azı hər gün dilində səslənən cümlə. Eyni zamanda ən çox repressiyaya uğratdığımız bir ifadə - ALLAHU ƏKBƏR. Bu gün dünya müsəlmanlarının demək olar ki, hamısının bildiyi və iradi ya qeyri-iradi tez-tez təkrarladığı bir cümlə. Bizi böhranlardan çıxarmaq naminə Allahın bizə öyrətdiyi bu cümləni repressiyaya uğratmağımızla əslində elə özümüzü böhrana salmışıq.
Dildə "Allah böyükdür" deyirik. Lakin nə fayda?! Əgər hər gün bir çox işlərdə Allah Təalanın buyruğunu deyil, ən dəyərsiz şeyləri, öz nəfsimizi belə daha üstün tuturuqsa… Əgər hər gün o böyük dediyimiz Allahın sözlərini mövqeyimizi, məqamımızı itirməyək deyə bu dünyadakı "böyük" hesab etdiyimiz şeylərə qurban veririksə! Əgər dinin sütunu, imanın gözü, ruhun meracı olan namazda belə «Alllah böyükdür» deyərkən, Allahdan başqa hər şey gəlirsə ağlımıza! Nə fayda əgər «Allah böyükdür» deyir, ancaq Onun böyüklüyünü öz şəxsi mənafeyimizdən kiçik görürüksə!
Bəs, hanı bizim Allaha böyük dediyimiz! Niyə bu gün Böyük Allahın buyruqlarını kiçik görürük? Niyə bu dünyanın aldadıcı ləzzətlərindən başımız ayılıb Allaha doğru yönəlmirik ki, bəlkə düşdüyümüz bu aşağı səviyyədən Mütləq Kamala, Həqiqi Böyüyə, İzzət Məcmuəsinə (Həqiqətən bütün izzət Allaha məxsusdur), Elm Dəryasına (O hər şeyi biləndir) yönələrək insanlıq mərtəbəsinə yüksələ bilək?!
Nə oldu?! Yoxsa bu sözlər bizdə ikrah hissimi yaratdı? Allahı nə qədər kiçik gördüyümüzün fərqinəmi vardıq? Yoxsa tanıya bilməyirik özümüzü? Baxaq! Diqqətlə baxaq özümüzə daxili gözümüzlə!
Ey insanlar, ey müsəlmanlar, nə olar, gələk, öz adımıza sahib çıxaq! Buna yalnız Allahı həqiqi zikr etməklə çata bilərik. Əgər biz Allahı yeganə, Ondan başqa böyük olmayan bir Böyük kimi tanısaq və bu bizim bütün həyatımıza sirayət etsə, nə xoş bizim halımıza. Əslində mərifət olaraq bunu bilirik də. Ancaq qəlblərimiz hələ də qəflətdədir. Hələ də «Allahu Əkbər» deyəndə tir-tir əsib yerə düşmürük bu sözün BÖYÜKlüyündən. Niyə dilimiz bəçəriyyətin ən yüksək məqamında olarkən, qəlbimiz ən aşağı, rəzil səviyyədə donub qalır?! Donub qalmaqla yetinmir, daha da aşağı pillələrə enməklə nə üçün yaranmış olduğunu, yaşama qayəsini belə unudur? Axi, Allah insanı Ona ibadət üçün yaratmışdır. İtaət və ibadətin mənası həyatın hər səhnəsində Allahla olmaqdır. Əsl təslim olmuş insan həyatının hər bir səhnəsində Allahı görürmüş kimi yaşasa, (necə ki, Həzrət Əli (ə) buyurub: «Kor olsun o gözlər ki, Səni qarşısında görmür»), əsl ibadət etmiş, zikr etmiş olur.
Lakin bizlər hələ də Əsl Dostumuza, Vəlimizə (Allah müttəqilərin vəlisidir) tam mənasıyla etibar etmir, hələ də Onun bizə söz verdiyi məsələlərdə süstlük edir və Böyük, hər şeydən Böyük Allaha təvəkkül etməyi bacarmırıq. Çünki, "Allahu Əkbər"in nə demək olduğunun hələ də fərqində deyilik. Allah bizə Öz Dostluğunu, Köməyini vəd etdiyi halda, biz hələ nədənsə kimin, nəyin - Mütləq İradə və Qüvvət sahibi Rəhimli Böyük Allahınmı, yoxsa yalançı vədlər verən fani insanın, ötəri dünya ləzzətlərinin, nəfsani istəklərimizinmi tərəfində duracağımızı düşünürük.
Görəsən niyə?! Çünki Allahın nə qədər böyük olduğunu bir çox hallarda qəbul edə bilmirik. Ola bilsin ki, Allahın hər şeydən böyük olduğunu sübut etməkçün uzun-uzadı elmi mübahisələr, diskussiyalar aparılsın, kitablar yazılsın, ancaq bu böyüklüyün qəlbə hopması üçün bu kifayət deyil. Bununçün bizə hər gördüyümüzü və oxuduğumuzu ürək gözüylə görmək və oxumaq lazımdır. Çünki bir hadisə qarşısında bir insan bütün ömrünü, nəinki ömrünü, axirətini belə dəyişə bilər, kamilliyə doğru ucalar. Kimisi isə heç bir şey görmürmüş kimi, sadəcə, zahiri gözlə tamaşa edər və yüksəkliyə doğru gedən yolun sərhədindən yan keçər.
"Gözlər kor deyil, lakin sinələrdəki qəlblər kordur". Uca Allahın bildirdiyi kimi, bizə şeylərin həqiqətini görə bilmək, hadisələri düzgün analiz edə bilmək, nəticə çıxarmaq üçün hər şeyə zahiri gözlə deyil, ürək gözüylə də baxmaq lazımdır.
Belə olduğu təqdirdə biz Allahı düzgün ana, zikr edə bilərik. Əks halda bizim riayət etdiyimiz «Allahu Əkbər» zikri bizi həqiqətən Böyük olan Allaha yönəldib ucaltmaq əvəzinə, ən rəzil Şeytana tərəf yönəldərək nəfsimizə əsir düşməyi davam etdirməyimizə səbəb olar. Allah bizi Onun Gözəl İsimlərini Onun şəninə yaraşan - ən gözəl şəkildə zikr edənlərdən qərar versin, inşəallah.
«Dəyərlər»in oxucusu
Комментариев нет:
Отправить комментарий