Bismillahir Rəhmanir Rəhim!
Zaman dövr etdikcə, bir məhərrəm-səfər əyyamı yaşadır bizlərə. Yenə çöhrələrdə qəm və matəm. İlbəil Əhli-beyt (ə) sevərlər əqidəsinə, İmamına (ə) rəğbəti olanlar təzələyirlər beyətlərini, kimin tərəfində olduqlarını bəyan edirlər. Yad edirlər Şəhidlər Sərvərini, onun silahdaşlarını. Zeynəb təki (s.ə.), İmam Səccad təki (ə) bürünürlər qara libasa, əza saxlayırlar hürr insanlara.
Faydalanırlar aşiqlər bu mərasimlərdən, öyrənırlər qəhrəmanlığı, dönməzliyi, əsl bəndəçiliyi və sadalanmasi, deyilməsi mümkünsüz olan bir çox keyfiyyətləri əxz edirlər özləri üçün. Bu ayların gəlişi ilə bir təzələnmə, hərarət və eşq ilə döyünməyə başlayır qəlblər. Zülmün, istibdadin, köləliyin zəncirləri qırılır və azadlıqsevər insanların özünəqayıdışının, oyanışının baş verdiyi aylardır bu aylar.
Zatən məhərrəm-səfər əyyamının fəlsəfəsində bir donuqluq, məhdudluq və son yoxdur. Damarlarda axan qan təki qoymur bir donuqluq, ölülük yaransın bəşər qəlbində. Sanki hər il QAN verir bəşərə və yaşaması üçün bir vasitəyə çevrilir. Zaman və məkan anlamının da fövqündə olub, onlarla məhdudlaşmır. Adətən, zamanla dəyişən ayların, illərin, məkanla dəyişən hadisələrin, hərəkatların xüsusiyyəti yoxdur bu aylarda. Elə zamanı zaman qədər, məkanı məkan qədər qiymətli edən bu hərəkatın, bu hadisənin özüdür.
Çox vaxt sonluq bitmiş, tükənmiş məvhumlara aid edilir. Bu aylar isə bir növ elə başlanğıcın özu, ilkinin əvvəli, sonu görünməyən sonsuzluqdur. Ona gorədir ki, əhatə dairəsinin genişliyi hər mühitin, hər toplumun ondan faydalanmasına, ibrət götürməsinə və həyatında tətbiq etməsinə zəminə yaradir. Bəziləri üçün məhərrəm-səfər əyyamı elə onun gündəlik həyatı, bəziləri üçün iki aylıq, bir aylıq özünütanıma, bəziləri üçün növbəti Aşura, bəziləri üçün isə sıradan bir təqvim ayı.
Bəli, zaman dövr edir və məhərrəm-səfər əyyamı yaşadır bizləri. Dövr edirmi bu zamanın ayları qəlbimizdə? Duyuruqmu, hiss edirikmi onun gəlişini, gedişatını? Fərd olaraq, toplum olaraq nə qədər təsir edib, nə qədər ətalətdən çıxarıb bizi bu aylar? Həqiqi hərəkətverici vasitə olubmu?
Durumumuz dəyişibmi, həqiqi HÜSEYNÇİ (ə) ola bilmişikmi?
İki ay "Hüseyn, Hüseyn" (ə) deyib on ay lənətlik yezidlərə uyğun həyat tərzi keçirməmişikmi?
Yaşada bilmişikmi Hüseyn (ə) ideyalarını, hansi ki, İmam (ə) öz ölümü ilə yaşatdi?!
Diri saxlamışıqmı o ruhiyyəni ki, Hüseyn (ə) və silahdaşları diri saxlamişlar?!
Həqiqi onlar təki azad nəfəs almışıqmı, zülmə qarşi vuruşmuşuqmu, məzluma dəstək olmuşuqmu və həyatın bütün səhnələrinin qəhrəmanı ola bilmişikmi görəsən?!
Və ən əsası daim təkrarlanan və qəlbi parçalayan bir sual ki, o dövrün müasiri olsaydıq əgər, yetmiş iki qəhrəmandan biri ola bilərdikmi? Toplayardıqmi bütün gözəllikləri özümüzdə?! Bir cağırışla "LƏBBEYK YA HÜSEYN" deyib fırtına yaradardıqmı Kərbəla səhrasında?! İmam (ə) bizə qucaq açıb bağrına basar, bizi döyüşə yola salar və başımızın üstünə gələrdi, yoxsa o pak dəstəyə qoşulmamağı, onu tərk etməyi bizə məsləhət görərdi?
Son anda son məqamda HÜRR olardıq, qayıdardıqmı, yoxsa əvvəldən axıra qədər laqeyid, etinasız və dunya qulu olardıq?!
Çətin sualların ağırlığından da ağırdır onun cavabları. Daim düşündürən, düşüməyə vadar edən cavablarda tələsməməyı anladandır bu suallar. Buna baxmayaraq cavab verməliyik bu suallara və ilk növbədə Hüseynnin (ə) kamillik məktəbinin həqiqi tələbələrindən olmalıyıq. Tarixin bu məktəbi, bu hərəkatı yaşadanların bərəkətidir ki, əməli olaraq bizlərə insanlıq dərsi keçmiş və bu hərəkatın təravətliliyini nəsillərdən-nəsillərə ötürmüşlər.
Dövründən asılı olmayaraq, hər dövrün Hüseyni də var, Zeynəbi də var, lənətlik yezidi də. Adlar müxtəlif olsa da, daşıdıqları anlam eynidir. Əgər bir Hüseyn (ə) tələbəsi ki, baxışlarında yeni üfüqlər yaratmır, düşüncələrində qaranlıqları aydınlatmır, ölü qəlbinə dirilik gətirmirsə, «mən HÜSEYNÇİYƏM» deməyə haqqı yoxdur. Ağlamağın da, qəm-qüssəyə batmağın da, yalnız onda əhəmiyyəti olur ki, əməllə həmahəngliyi olsun və düşmənin də axıtdığı göz yaşlara bənzəməsin.
Hər kəs öz daxilində bir AŞURA yaratmalı, bütləri sındırmalı, zülmətləri nura çevirməlidir. Yezidləri, ibn ziyadları qəlbindən silib atmalı, ruhunda bir Hüseyn (ə), Zeynəb (s.ə.), Səccad (ə) ruhiyyəsi yaratmalı, "yox" deməli nəfsani istəklərə - o böyük maneələrə ki, onu ayrı salıb fitrətindən, izzətindən, şərəfindən. Qaldırmalı o günah pərdələrini ki, səbəb olmuş İmamından (ə.f.), Peyğəmbərindən (s), ALLAHından ayri düşməsinə. Ruhunu boyütməli, cism olan bədənində zindan etməməli onu. Bununla da nicat gəmisinin sərnişini, hidayət çırağının ardıcılı olmalı. Dövrümüzün nicat gəmisini hərəkət etdirən, hidayət çırağını nurlandıran ZƏMANƏ SAHİBİnin (ə.f) həqiqi müntəziri olmağa tələsməli. Tələsməli ki, nicat tapsın, nicat tapmalı ki, hidayət olsun. Və nəhayət həqiqi əsgər olub Zəmanə Sahibi (ə.f) ilə Hüseyn (ə) intiqamını almaq üçün dua etməli.
Zaman dövr edib bitsin,
Bu intizar sona yetsin
Məhərrəm-səfər əyyamında
İmam Zaman (ə.f.) zühur etsin
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий