среда, марта 12, 2008

XAOS və DƏRƏBƏYLİK…

Məmuriyyətin effektiv fəaliyyətinin «ürəkaçan» yekunları

Arzular, arzular… Arzular yalnız bir xəyaldır, bir istəkdir, onların həyata keçməsi üçün mütləq gərək səy göstərilsin. Və «işləməyən dişləməz», «nə əkərsən, onu da biçərsən» kimi atalar sözləri günümüzdə də aktuallıqlarını itirməyib. Bunun məişətmizin hər addımında hiss olunduğunu desək, yanılmarıq. Arzuların, istəklərin, xəyalların reallaşmasına nail olmaq üçn iradə və şərait lazımdır. Məsələn, insanın ozünü idmançı kimi görmək arzusu o zaman çin olar ki, insanın özü buna can atsın. Amma, arzunun həyata keçməsi üçün, tək istəyin mövcudluğu kifayət deyil, mütləq şərait də olmalıdı, əks halda istəklər arzu olaraq qalar.
Deyilənlər vətəndaş cəmiyyəti quruculuğuna da aiddir. Hər birimiz vətəndaş cəmiyyətinin bərqərar olunmasını istəyirik. Amma bunun üçün mütləq şərait lazımdır. Şərait yoxdursa, gərək yaradılsın. Və bu şəraitin yaradılması üçün kimsə vəzifə məsuliyyəti daşıyırsa, digəri üçün bu - insaf mövzusudur. Misal üçün, kimsə rüşvət alırsa, digəri buna nəzarət üçün məsuliyyət daşıyırsa və bunların heç biri öz vəzifələrini icra etmirlərsə, burada vətəndaşın üzərinə vicdan məsuliyyəti düşür ki, rüşvət verməsin və rüşvət alanları biabır etsin. Əgər biri ədalətli iş görürsə, mütləq digəri onunla həmrəy olmadır. Əgər cəmiyyətdə hər hansı bir ədalətsizlik olursa, onda mütləq onun barəsində düzgün rəy verilməlidir, əks halda «bundan mənə nə?» kimi söz bir zaman öz evimizin qapısını döyər və yaxud bir zaman gələr ki, bizə toxunmasa belə, bizim övladlarımızdan yan keçməz. Bunu gündəlik hər birimiz hiss edirik.
Həyatımız çox şeyin yerində olmaması misalları ilə doludur. Küçəyə çıxıram. Bir az gedəndən sonra, oxuduğum məktəbi görürəm. Oxuduğum orta məktəbin qarşısında keçmiş SSRİ-nin vaxtında tikilmiş idman komleksi var idi. İndi bundan əsər-əlamət də qalmayıb. Satılan satılıb, dağılan dağılıb. Məktəbin yan-yörəsində elə uçuqlar var ki, sanki məktəb avio-bombardman olunub və o bombalardan biri də məktəbin divarına düşüb. Belə fikir yaranır ki, təhsil nazirliyinə ayrılan vəsaitlər ya bu məktəbə verilmir, ya təhsil sahəsinə ümumiyyətlə ayrılan vəsait azdır və yaxud vəsait verildikdə elə tez yeyilir ki, heç məktəbə çatmağa macalı belə olmur. Hər halda, aşkardır ki, məktəbə heç nə xərclənmir.
Məktəbdən ayrılıb küçə ilə gedirəm. Natəmizlik, küçədə kəsilən heyvanlar və s. digər «gözəlliklər»... Buranı bir üfünət bürüyüb ki, adam yolunu dəyişməyə məçbur olur. Bir az da irəli gedirsən, qarşına bir-birindən 1-2 metr məsafədə yerləşən 4 obyekt çıır. Obyektin biri - təndir çörəyi bişirən bir «pekarnı», hansının ki, üzərində «işçi tələb olunur» kimi lövhə atribut olaraq qalmaqdadır. Bu obyekt, çörək sexindən çox İkinçi Dünya Müharibəsindən qalan kremotiriyə oxşayır - qalın qara tüstü bütün bu «pekarnı»nı bürüyüb. Və bu məşhur «işçi tələb olunur» lövhəsinə hansı normal adam reaksiya verər? Buranın dəm qazını udmaq istəyən yoxdur, ona görə də «işçi tələb olunur» lövhəsi hələ çox qalacaq burada…
Yolun sağında isə heyvan kəsilmə «sexi» fəaliyyət göstərir. Camaatın gözü qabağında yazıq heyvanları qışqırda-qışqırda bıçağın altına salıb, qanlarını düz asfaltın üstünə axıdırlar, sonra «xala-xətrin qalmasın» bir-iki vedrə su töküb, gigiyenik prosedurları bununla bitirirlər.
Onların qonşusu isə maşın yuyucusudur. Maşınların yuyumasından axan su kanalizasiyaya deyil, yerə axır, böyük gölməçələr yaradır, adamlar da hoppana-hoppana bu gölməçələri dəf edərək, idman məharətlərini «artırırlar». Maşınlar isə su gölməçələrini piyadalrın üstünə sıçratmaqda sanki yarışırlar, əbi-əcdadlarının ünvanına bu qədər «xoş» söz eşitmək şansını əldən vermirlər.
Və nəhayət, dördüncü məşhur obyekt -«klinika»dır. Soyuq və «cındırından cin hürkən» bir otaqda nə vaxtsa ağ olan bir xalatı əyninə keçirmiş fərdin insanlara nə tibbi məsləhətlər verdiyi, nə kimi xidmətlər göstərdiyi böyük maraq doğurur. Amma daha çox maraq doğuran - bu fərdin məsləhətinə qulaq asan pasientlərdir.
Bütün bu obyektləri çox dəqiq və müəyyən vaxtlarda təftiş edirlər. Müvafiq qurumların əli çantalı, qovluqlu nümayəndələri «tez-bazar» obyektlərə baxış keçirir, «daşdankeçən» möhürlü-imzalı sənədləri portfeldən çıxarıb xozeyinlərə verir, onlar da «borclu qalmırlar».
Hə, bəlkə düşünürsünüz ki, bu yerlər gözə görünməyən yerdədir, ona görə Hacıbala Abutalıbovun gözündən yayınıb? Əsla! Düz metronun qabağındadır, insanların gur gediş-gəliş etdiyi yerdədir. Və belə yerlər Bakıda yüzlərlədir.
Gedək girək metronun içinə. Bəlkə burada qayda-qanun var?! Ay camaat, sizə nədən deyim, mayası 10 qəpik, satışı 2 manat olan kartlardan. Heç bir soruşan var ki, bu kartları kim satır, niyə satır, pulu haraya gedir? Niyə gül kimi jetonun yerinə mən gərək növbəyə durum, 2 manat verim və ona nə isə hələ bir yükləyim? Sonra da metro rəisindən minnətlə eşidim ki, bəs bu nəqliyyat vasitəsi mayasından aşağıdır, sərf eləmir, amma doğma hökumət camaata görə məcburdu «cibindən» dotasiya versin?!
Bütün bu sadaladığıma kimsə bir reaksiya verirmi? Yox! Hamı «təkcə mənə qalıb?» deyərək yaxasını kənara çəkir. Belə vəziyyət məmuriyyətə son dərəcə xoş gəlir. Nə tənqid edən var, nə haqın istəyən. Adda-budda nəsə etiraz etmək istəyən də əmələ gələndə, adını «demoqoq» qoyurlar ki, bunların işbirliyinə mane olan olmasın, haqqı deyən olmasın. Əcəb ağıllı üsuldur tapıblar camaatın ağzını bağlamağa…
Küçələri gəzməyə davam edirəm. Hər addımbaşı nə görürəm? «Avropadan əla paltar» - «ikinci əl». Neft ölkəsinin vətəndaşı çarəsizlikdən gedib hansısa avropalının rəngi solmuş paltarını alıb keçirir əyninə, məmurlarsa gündən-gündən rifahın yaxşılaşmasından ağız dolusu danışır…
Sözümə qüvvət, yağışdan sonra artan göbələk kimi hər yerdə bitən «Lombard»ların məsələsi də elə bu babdandır. İnsanların dərisini soyan, orta əsrlərin sələmçiləri kimi hər nə vasitə ilə deyirsən, borcludan öz faizini çıxaran bu iyrənc lombardlar. İnsanların irini, qanı, göz yaşı hesabına çiçəklənən lombardlar. Yəqin ki, məmurların nəzərində bu da rifahın və inkişafın göstəricisidir...
Belə «şən» fikirlərlə metrodan çıxıram. Küçəni keçmək istəyirdim ki, az qaldı maşın məni vursun. Yazıqda günah da yoxdur. Çünkü, döngəyə sürücünün görməsini məhdudlaşdıran böyük bir reklam qoyulub. Bu qədər də naşılıq olmaz axı! Belə bir döngədə sürüçünün dönməsi zamanı onun görmə bucağını azaldan hər bir amil nəinki qoyulmalıdır, əksinə, tezcə aradan qaldırılmalıdır. Amma kimə deyirsən…
Deyirəm görəsən, bu qədər problem ki, hər birimizin gözü önündədir, nədən irəli gəlir? Bisavadlığınmı məhsuludur, məsuliyyətsizliyinmi? Təkcəmi məmurların problemidir? Düşünürəm ki, yox. Laqeydlik kimi bir xəstəliyin nəticəsiir. Kimsə ona aid olan, məhəlləsində, küçəsində dolu olan bu qədər biabırçılığa qarşı bir kərə ağzını açıb nəsə dedimi, nəsə etdimi? Barı bir etiraz etdimi, narazılğını çatdırmı? Yazıb-pozdumu, problemi qabartdımı?
Paradoksdu. Hamı günümüzün bu pisgündəliyini görür, bəyənmir, narazıdır, amma heç kim bir etiraz etmir. Heç bir rüşvətxora «göz üstə qaş» deyən yoxdur, problemi ifşa edən yoxdur.
Neftin bareli 100 dolları həqləyib. Bu o deməkdir ki, 1 tonun qiyməti 600 dollardan artıqdır. Yəni, ildə 18 milyard dollar pul ancaq neftdən gəlir. Bu, hər ailəyə ildə 9-10 min dollar pul deməkdir. Demirəm, bölünsün. Bu - primitiv yoldur. Düzgünü odur ki, inkişafa xidmət etsin, artsın. Amma adambaşına bu qədər pul düşürsə, bu qədər kasıbçılıq, səfillik haradan? Zibillikdə eşələnib, şüşə butulkaları yığan təqaüdçülər haradan? Suallar qurtarmaq bilmir…
Dərdləri deməklə qurtarmır. Amma əsas dərd - problemləri həll etmək yolunun görünməməsidir. Sanki, məmuriyyətin başı ancaq özlərinə qarışıb, heç nəyi düşünmürlər, hətta öz övladlarının gələcəyi barədə də qayğılanmırlar. Yeri gəlmişkən, orta əsrlərin dahilərindən olan, sosiologiyanın banilərindən sayılan İbn Xaldunun, dövlətlərin tənəzzül etməməsi və normal inkişafı üçün hansı tövsiyələr verməsi diqqət doğurur. Onları təqribən belə təqdim etmək olar:

1) Şəxsi təşəbbüsün qanuni müdafiəsi və sahibkarlığın azadlığı;
2) Ədalətin qorunması üçün qanunun hökm etməsi və məhkəmənin müstəqil olması;
3) İçtimai təhlükəsizlik və iqtisadi əlaqələrin təhlükəsizliyi;
4) İstehsalatın, gəlirin və cəmiyyətdə vətandaşların normal işləməsi üçün vergi tariflərinin azaldılması, ədalətli olması;
5) Bürokratik aparatın azaldılması ilə bərabər onun keyfiyyətini artırılması;
6) Hökümətin ticarət və iqtisadiyyatın işlərinə, istehsalata, kommersiya fəaliyyətə müdaxilə edilməsinin məhdudlaşdırılması;
7) Hökumətin qiymət formalaşması prosesinə müdaxilə etməsinin istisna olunması;
8) Hökumətin inhisar, monopoliya yaratmasına qadağa qoyulması;
9) Hökumətin ardıcıl və müstəqil monetar siyasət həyata keçirməsi, pulun dəyəri, kursu üzərində spekulyasiyanın yolverilməzliyi;
10) Bazarın ixtisaslaşdırma səviyyəsinin artırılması;
11) Təhsildə keyfiyyətə, biliyə, qabiliyyətə, bacarığa imkan yaratmaq və sairə müstəqil düşünmə və inkişafa doğru aparan, stimullaşdıran amillərdən istifadə etmək; təhsili inkişafa, tərəqqiyə doğru aparan keyfiyyətli bir sistemə çevirmək;
12) Kollektiv məsuliyyət və daxili ədalət hiss etmə, vicdana yol verməklə, təşəbbüskarlığı, yaxşılığı öndə aparmaqla pisliyi aradan qaldıran ədalətli içtimai sistemin qurulması.

Bunlar yerinə yetirilərsə, təbii ki, günümüzdə mövcud olan problemlər olmazdı. Amma heç kəs gəlib bu problemləri bizim yerimizə həll etməyəcək. Cəmiyyətin hər bir üzvü buna görə məsuldur.

Ələsgər Rüstəmov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: