четверг, марта 06, 2008

Qurd dəymiş alma?

Salam olsun sizlərə ey əməlində Rəbbinə təvəkkül edənlər.Söhbətimin əvvəlində sizə İmam Əli (ə) buyurduğu: «İmanın dörd sütunu var: Allaha təvəkkül, işləri Allaha tapşırmaq, Allahın təqdirinə razı olmaq və Allahın əmrinə təslim olmaq» kəlamını diqqətinizə çatdırmaqla bənədlik eşqinizi şölələndirib, dönürəm ötən günə.
Ötən günlərdə eşitdiyim olaylardan biri gənc yazar Aqil Xəlillə bağlı idi.Vaqeə zeytunluq bağı deyilən bir məkanda baş vermişdi.Müasir qəzəlxanların təhri ilə desək ilkin deyişmədə mövzu "ev tapşırığından"gedib. Növbəti "al gəldi" mərhələsində isə qafiyə dəyənəkdən çıxıb-"dappa-durup". Nəticədə isə yazarın barmağı qələmi tuta bilmir.
Və ən nəhayət insanları malları, mülkləri,övladları və canları ilə imtahan edən bizi Yaradan gənc yazara növbəti dəfə yazmaq və yaşamaq şansını verib.
Deyirəm ki, bu yazarlar da heç də dinc durmurlar. Hey arayırlar, axtarırlar və birdən məlum olur ki, bizim keçmiş müdafiə nazirimiz R.Qazıyev vaxtilə əskərlikdən yayınıb. İndi viran qalmış,o
zaman isə "qüdrətli sovet ordusundan"yayınmaq özü də böyük "şücaət"deyilmi?. Ancaq can sahibi deyib ki, onun bu müşkülü ikinci övladı dünyaya gələnə qədər olub. Bundan sonra isə "şanlı ordu"onu necə deyərlər xidmətə tam yararlı bilməyib.
Bu yerdə gənc çağırışçılarımızın diqqətinə çatdırım ki,dinin kamilləşməsi üçün evlənməyi tövsiyə edən Peğəmbərimiz (s) «Vətəni sevmək imandandır» deyə buyurub.
Əlqərəz, ötən gündə eşitdiklərim, gördüklərim və baxdıqlarımın içərisində hafizəmdə qalan "DAHA DOĞRUSU"oldu. ANS teleməkanında bu verlişin əsas mövzusu orta məktəblərdə islamın tədrisi ilə bağlı idi. Təbii ki, müzakirələr də bunun ətrafında idi. Mövzuya münasibət bildirən tərəflərdən biri DEVAMM -ın sədri Hacı İlqar İbrahimoglu "Haradan gəlməyiniz, harada olmağımız, hara gedəcəyimiz kimi fundamental suallar əgər digər fənlərdə özünə yer tapmırsa, bununla bağlı dünyagörüşü və mənəviyyatla bağlı məsələlər «Həyat bilgisi» fənni daxilində ayrıca və yaxud hansısa fənn daxilində daha çox yer verilməsi ilə bağlı ciddi iş getməlidir və müzakirə olunmalıdır" deyə qeyd etdi.
Qonaqlardan təhsil işçilərinin məsul nümayəndələri isə islam fənninin ayrıca tədris olunmasına ehtiyac görmədilər. Dedilər ki, onsuz da biz milli və mənəvi dəyərlərimizi eyni zamanda vətənpərvərlik ruhunu "Həyat bilgisi" şəklində şagirdlərimizə aşılayırıq. Hər halda ehtiyatlı mövqe hiss olunurdu. Düzdür ki, bu sahədə kadr və vəsait problemi var. Deyirəm ki, lap elə kadr da tapıldı vəsait də. Bu zaman yeni suallara kim cavab tapacaqdır? Halal-haramı dərk edən şagird müəllimindən sormazmı ki, ay müəllim şagirdlərdən yığılan pulla alınan süpürgələrə xums-zəkat düşür ya yox? Düşürsə əgər təhsil süpürgəsinin xums-zəkatı kimin boynundadır? Suala aydınlıq gətirmək deyəsən təkcə müəllimin işi olmayacaq.
Müzakirələrdən beynimdə qalan söhbətlərdən biri də Dini qurumlarla iş üzrə Komitədən Gündüz bəyin misalı idi. Gündüz bəy bu mövzuda nədənsə daha çox alma saplağı misalı üzərində dayanmışdı. "BİZƏ ALMA LAZIMDIR YOXSA SAPLAĞI?" - deyə her sorurdu.
Qənaətimcə, əgər söhbət nəhayi-kamaldan gedirsə, alma saplağı misalı çox uğursuz misaldır. Yox, əgər söhbət mədənin sinxiyyətindən gedirsə, bizim uşaqlar - "saplaqsız alma qurd dəymiş olar" - deyib ələ götürmürlər.

Təbiət Hüseynov,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


Комментариев нет: