Doğulan andan mübarizəyə atılır insan. Mövcudiyyətini təmin etmək, ayaqda durmaq, özünü tapmaq üçün elə hey çalışır, daim nələrsə edir. Ömür belə təlatümlərlə, mübarizələrlə ötüb keçir. Stresslər, depressiyalar, bəzən də çıxılmaz görünən şəraitlər, onların özüylə gətirdiyi bəlalar-intiharlar, özünə qəsdlər, həyatdan küsmələr və s.- bütün bunlar bizi təqib edən ən aktual bəlalardır. Insan bu düyünləri açarkən nə edim?, necə edim? deyib çarə axtaranda qəlbinin dərinliyindən bir səs ona - “Sən tək deyilsən” deyir.
Günümüzün zərurətinə çevrilmiş stresslər- biz onlara öyrənmişik, onlar da bizə. Səhər işə gecikmək kimi kiçik streslərdən tutmuş, yaxınların ölümü, qəzada, təbii fəlakətlərdə bədəninin bir hissəsini itirmək kimi ağır psixoloji zədələr insan həyatını əsl «cəhənnəmə» çevirə bilər.
Bütün xəstəliklərə qarşı immun sistemi olan insan mənfi psixoloji hücumlara nə ilə qarşı dursun? Haradan qidalandırsın ruhunu və beynini? Qəlbi narahatlıq, ruhi sarsıntılar kimi xəstəlikləri necə müalicə etsin?
Xəstəliyi müalicə etmək üçün onun səbəblərini araşdiraq. Psixoloqlar stress, depressiya yaradan amillər siyahısına gündəlik kiçik problemlərdən başlayaraq, arzuların həyata keçməməsi, planlaşdırılan işlərin baş tutmaması, əzizlərini itirmək, tək qalmaq, ətrafdakılarla münasibətlərdəki anlaşılmamazlıqlar kimi səbəbləri daxil edirlər. Daimi olaraq mənfi psixoloji hucumlara məruz qalan insan güclü iradə, ümid və inamla silahlanmazsa, bu həyati mübarizədə məhv olub gedər. Belə iradə, umid və inamın da həqiqi, sabit və qüdrətli mənbəyi Allahdır.
«Qəlblər yalnız Allahı zikr etməklə aram tapar». (“Rəd”, 28).
Allahsız bir qəlbə sahib olan insan həyata keçməsinə ümid etdiyi bir işdə yalnız özünü icraçı bildiyindən baş tutmayan işdən sarsılar, hər şeyi ölçüb biçdiyini güman edərək gözlənilmədən qarşılaşdığı mənfi sürprizdən stress kecirər, əgər güc tapıb məsələni həll edə bilməsə, uzunmüddətli depressiya halını yaşayar.
Lakin eynilə bu cür problemlə qarşılaşan imanlı şəxs bir işin həyata keçməsində yalniz özunun deyil, Allahın da iradəsinin mütləq var olduğunu bildiyindən baş tutmayan arzularına “Bu - Allahin məsləhətidir”- deyə rahat reaksiya verər, problem qarşısında sınmaz. Eynilə üzünə bağlanan qapıların mütləq nə vaxtsa açılacağına da böyük ümid bəslədiyindən səbr edər, həyat eşqi sönməz və o, yoluna davam edər. Çünki, o, öz hesablamalarından da, götür-qoylarından da üstün olan bir qərarvericinin - Allahın var olduğuna inanır.
Ölümu yox olma kimi anlayan şəxslə, onu bir dünyadan başqa dünyaya köçmə kimi qavrayan insan arasında nə qədər böyük fərq var! Biri onu dəhşətlə qarşılayıb hər şeyin sonu kimi qəbul edir, digəri isə bunu həyatın zərurəti hesab edib, insanın gəldiyi yerə qayıdışı kimi başa düşür.
Övladlarını itirən analar, valideynlərini itirən övladlar, müharibədə, qəzada əllərini, ayaqlırını itirənlər də Allahı tanıyanlar və tanımayanlar kimi iki qismə bölünüb eyni bəlaya, müsibətə müxtəlif cür reaksiya verirlər. Biriləri həqiqi mənada heç nəyə sahib olmadıqlarını, hər şeyin - hətta bədən üzvlərinin belə onlara əmanət verildiyini bilir. Belə insanların bu nemətlərin onların əlindən istənilən vaxt alınmasına da psixoloji hazırlığı olur. Digərləri isə var olanın haradan qaynaqlandığını bilmədiyindən, yox olanın da hara getdiyini bilmir. Bu səbəbdən də itki qarşısında aciz və caş-baş qalırlar. Bir çoxları ruhən ölür, bəziləri isə daha betər - fiziki cəhətdən də özlərinə qəsd edirlər. Bununla da iztirablardan qurtaracaqlarına və xilas olacaqlarına inanırlar. Lakin əzab cəkən ruh əbədi olduğundan, öz halını o biri dunyada davam etdirir. Üstəlik onun üstünə intihar kimi böyük günahın cəzası da yüklənir…
Mömin isə bədənin ruhuna örtük olduğunu bilir və bu vasitədən - cisminin ona əmanət verildiyi vaxtdan səmərəli istifadə edərək ötəri kədərli hallarını tez həll edərək ruhi halını sabit saxlayır.
Allahsız dünyanın üzləşdiyi bir problem də tənhalıq hissidir. Hətta fiziki cəhətdən tək olmayan insanlar belə bu hissi yaşayırlar. Onlar başqaları tərəfindən başa düşülmədiyindən, dərdini bölüşməyə bir kimsə tapmadığından, üzləşdikləri problemləri təkbaşına həll edə bilmədiklərindən özlərini qaranlıq bir quyuda yalnız, heç kim tərəfindən səsi duyulmayan insanlar kimi hiss edirlər. Allaha bağlı olan imanlı insanlar isə ikilikdə olanda özlərini üç bilər, üç olanda üzlərini dörd bilər, tək olanda isə daim onlarla həmsöhbət olan, dərdlərindən, ehtiyaclarından agah olan, həmişə üz tutub kömək istəyə biləcək və mütləq yardıma gələcək bir Rəbbin - Allahın olduğunu əminliklə bilirlər. Bu səbəbdən də, istənilən həqiqi iman sahibi bütün çətin anlarında “mən tək deyiləm”- deyib Ona sığınır. İnsanı da yaşadan, güclü edən də elə bu ümid, həqiqi qüdrət mənbəyinə bağlılıq və etimadın olmasıdır.
Əngəllər, müşküllər çıxanda qarşına,
Sən qərq olma təlatümlü dəryalara
Tək deyilsən, tapın Ona, sığın Ona!
Puca çıxsa arzuların, ümidlərin,
Tərk etsə də yaxınların, sevdiklərin,
Yerdən-göydən üzülməsin qoy əllərin
Tək deyilsən, tapın Ona, sığın Ona!
Yalnız qalsan keşməkeşli bu yollarda,
Dərd əlindən zara gəlib boğulanda,
Tək bilsən də sən özünü bu meydanda
Tək deyilsən, tapın Ona, sığın Ona!
Qapansa da bütün qapılar üzünə,
Zülm hər yandan hücum çəksə üzərinə,
Elə bu an su çilənər ürəyinə -
“Bəndəm mənim, tək deyilsən, sığın Mənə”
Əbəs yerə «Quran dərdlərə dərmandır, ən gözəl təbibdir» - deyilməyib. Çünki, o, bizə Allahı tanıdir, çünki, O,
“…Harada olsanız, O, sizinlədir” («Hədid», 4) - deyə səslənir. Hər an Rəbbimizin himayəsində olduğumuzu bizə xatırladır, ruhumuzu qüvvətləndirir.
Allahı tanımaq heç də bəlalara, itkilərə laqeyd, bivec münasibət bəsləmək demək deyil. Insan yaradılarkən emosiyalarla - sevinc, kədər, qorxu kimi hisslərlə təchiz edilmişdir. Ona görə də bu hisslərin yaşanması onun üçün normal haldır. Vacib deyil ki, o enişli-yoxuşlu həyat yolunda büdrəməsin, əsas odur ki, büdrəyib yıxılarkən tez ayağa qalxmağı bacarsın.
Əgər özünü aciz bilib ayağa qalxmağa güc tapmırsansa, “əlbəttə ki, mənə çətin anlarımda hər an əl uzadan, nəzəri daim üstündə olan Rəbbim var” - deyib qalx və yoluna davam et! Çünki, SƏN TƏK DEYİLSƏN!
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий