среда, апреля 30, 2008

SƏN



Səni dərk etməyən könlüm duyuq düşdü hüzursuzdur.
Qəmindən qovrulan bikəs sevincsizdir, sürursuzdur.

Sən hər qəmli gözün nəmli olan halın görən kəssən
Sənin elmin hüdudsuzdur, sənin ismin qüsursusdur.

Sən hər tənha, sən hər məzlum - giriftarə ümidsən ki,
Əlin səndən üzən bəndə - bu yəqindir - şüursudur.

Sənə hər kim ola sadiq, ona təzim edər aləm
Önündə kim əyilməzsə o, cahildir, qürursuzdur.

Səni səslər, səni istər sənə müştaq olan bəndə
Bunun əksi olan halda həyatı cümlə nursuzdur.

Məni yoxdan edib mövcud, verib ruzi təmənnasız
Ona üsyan olan hər bir yolun xətmi uğursuzdur.



Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Nə qədərdir?

Olmuş, olur, həm də olacaq can nə qədərdir?
Məchul olar, qəlblərdəki iman nə qədərdir?
Hey zahiri tutduq, sevərək malı əzəldən
Batmış ləli-gövhər yerə yeksan nə qədərdir?
Qəflətdən oyan, sən namazı təxirə salma
Rəbbdən savayı kim bilir imkan nə qədərdir?
Taxta-taca nübuvvətliyə sahibdi Süleyman
Bu qismidə Sultan yaranışdan nə qədərdir?
Quranı qirayət edib, “Ad” qüvmə nəzər sal
Xarabə qalan yurdları viran nə qədərdir?
Zənnə qapılıb eyb eləmə hər kəsi gürcək
Əvvəl özünə sal nəzər, nöqsan nə qədərdir
Zühur gününün Qaimi, mütləq gələcəkdir
Məhvuzda yaradan bilir hicran nə qədərdir
Ey Qəmgüzar, yox qorxu hidayət gəmisində
Hifz eyləyər, Allah qopa tufan nə qədərdir?


Qiyas Qəmgüzar



Muhəmməd eşqinə



Pərvərim tapmış cahan, Muhəmməd eşqinə
Abu-kövsər, müntəha, cənnət Muhəmməd
eşqinə
Xəlq edib, Pərvərdigar əvvəl onun pak ruhunu
Yeddi dərya dirçəlib, hörmət Muhəmməd
eşqinə
Xətmi peyğənbər bəyan etmiş Xudanın hüccətin
Naibi olmuş Əli, Hüccət Muhəmməd
eşqinə
Firqələrdə, birləşibdir hümməti peyğənbərin
Bəs niyə birləşməyir, hümmət Muhəmməd
eşqinə
Beyət etdim mən Rəsuli- möhtərəmə rəmzidir
Şərt odur qəlb eyləsin beyət Muhəmmə
eşqinə
Bəxş olunmuş fitrətə həqqdən fəzilət çövhəri
Parlasın fitrətdə nur, hikmət Muhəmməd
eşqinə
Yoxdu Allahdan savayı, kimsədə qüdrət, elm
Çün yaranmışdır bəşər, xilqət Muhəmməd
eşqinə
Qəmgüzar, vəhdətdilə,Rəbbdə müsəlman xəlqinə
Məğfirət etsin Xuda, rəhmət Muhəmməd
eşqinə

Qiyas Qəmgüzar

Namaz və dualar veb saytdan izləniləcək

Məscid-i Haram və Məscid-i Nəbidəki namaz və dualar bütün dünyadan izlənilə biləcək

Məscid-i Haram və Məscid-i Nəbidə qılınan namaz və edilən duaların bütün dünyada izlənilə bilməsi üçün bir veb sayt qurulub. Yaradılmış veb saytda (www.gph.gov.sa) bundan başqa Qurani-Kərimin oxunuşu və İslam dərslərinin verilməsi nəzərdə tutulub. Bu barədə məlumatı “dunyabulteni” informasiya saytı yayıb.
Təşkilatçılar hazırda layihənin ikinci mərhələsinin üzərində işlərin getdiyini bildiriblər. İkinci mərhələdə elektron təhsil xidmətlərinin yaradılması nəzərdə tutulub. Hər iki məsciddə tapılan nadir kitablar və əlyazmalarının siyahısı da saytda yerləşdiriləcək ki, bu da tədqiqatçılar üçün bir əsaslı mənbə olacaq.
Bundan başqa veb saytda Həcc və Ümrənin necə ediləcəyi ilə əlaqədar məlumatlar ərəb, urdu və ingilis dillərində yayımlanacaq. Həmçinin, Məkkə və Mədinədə azan saatları, İki Məscid imamlarının səsindən Qurani-Kərim tilavətlərini və xütbələri dinləmək olacaq. Veb saytı ayrıca olaraq ərəb, İndoneziya və urdu dillərində radio proqramları təqdim edəcək. Gələcəkdə saytın dünyanın bir çox dillərində yayımlanacağı istisna edilmir.
Hər iki məscidin rəhbəri Saleh Əl Hüseyin “Khaleej Times” xəbər saytına etdiyi şərhdə "İctimaiyyəti xidmətlərimiz haqqında məlumatlandırmaq üçün bu veb saytını qurduq. Saytın İslam mesajının digər cəmiyyətlərə çatdırılmasında əvəzsiz rol oynayacağına inanırıq. Veb saytının və xidmətlərimizin daha da inkişafı üçün istifadəçilərin təkliflərini gözləyirik" - deyə bildirdi.


Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi











Hollivudun mərkəzində ayı dəhşəti

Ayı pedaqoqunu öldürdü

ABŞ-da, Hollivudun mərkəzində dəhşətli hadisə baş vermişdir. Belə ki, reklam çəkilişi zamanı Rocky adlı ayı qəflətən hamının gözləri önündə pedeqoqu Stefan Millərə hücum edərək boğazından dişləyərək onu öldürmüşdür.
Həmin ayını bir müddət bundan əvvəl Kaliforniyanın Böyük Ayı Gölü sahilində Randy Miller adlı bir işbaz tapmışdı. O, ayının əhəlləşdirilməsini özünün “Predators in Action” adlı heyvan təhsil mərkəzində əmisi oğlu Stefan Millərə tapşırmışdı. Elə bədbəxt hadisə də həmin təhsil mərkəzində baş verib.
Maraqlısı ondadır ki, Randy Millər 3 adamı yaralayan və öz əmisi oğlunu öldürən ayıya heç bir hirslilik əlaməti göstərməyib. Hadisəni şərh edərkən sadəcə olaraq “Nədənsə ayı birdən Stefanın üzərinə tullandı” dedi.
Xatırladaq ki, 5 yaşlı ayı sonuncu dəfə Will Ferrellin “Semi-Pro” adlı filmində çəkilib. Hal-hazırda 2 metr 30 santimetr boyunda və 317 kiloqram ağırlığındakı Rocky hadisədən sonra müşahidə altına alınıb.

Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi





Ünvanlı sosial yardımı kimlər alır?

Beynəlxalq Mətbuat Mərkəzində İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) tərəfindən Hollandiyanın Oxfam-N təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən "Ünvanlı sosial yardım mexanizminin effektivliyinə təsir edən faktorların qiymətləndirilməsi" layihəsinin ilkin nəticələrinin müzakirəsi təşkil edilib. Müzakirələrdə hökumət və qeyri-hökumət təşkilatlarının, mətbuat orqanlarının, beynəlxalq qurumların nümayəndələri və Milli Məclisin üzvləri iştirak ediblər.
Tədbiri açan İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu Mərkəzin ünvanlı sosial yardım mexanzimi ilə bağlı 2006-cı ildən tədqiqat aparmağa başladığını deyib. Layihə çərçivəsində görülən işlər barədə danışan İTM İdarə Heyətinin sədr müavini Vüsal Qasımlı Mingəçevir şəhərində 800 respondent arasında sorğu aparıldığını qeyd edib: "Sorğu aşağıdakı nəticələri ortaya qoyub: ÜSY alanlar orta hesabla 7 sənəd toplayıblar. Respondentlər ən çoxu 16, ən azı 1 sənəd təqdim etməklə ÜSY ala biliblər. ÜSY alan mingəçevirlilər bu yardımı almaq üçün orta hesabla 5,1 gün vaxt sərf ediblər. Rəyi soruşulanlardan 1 nəfər sənədləri 40 günə, 22 nəfər isə 1 günə toplayıb. Dövlətdən yardım almaq üçün respondentlərin 94-ü (49 faizi) 1 dəfə, 52-si (25,7 faiz) 2 dəfə, 38-i (18,8 faiz) 3 dəfə, 8-i (4 faiz) daha çox dəfə sənədləri qeydiyyata aldırmaq üçün cəhd ediblər". V.Qasımlı bildirib ki, ehtiyacı olmayıb ÜSY alanların xüsusi çəkisi 12,8 faiz olub. Respondentlərin 38,2 faizində "ehtiyaci olub ÜSY ala bilməyən insanlar" barədə məlumat olduğu aşkarlanıb. Statistik təhlil göstərib ki, ÜSY təyin edilməsindən imtina olunmasına rəğmən bu tip respondentlərin 79 faizinin adambaşına orta aylıq gəliri ehtiyac meyarından (40 manat) aşağı olub.

V.Qasımlının sözlərinə görə, layihə çərçivəsində aşağıdakı nəticələrə gəlinib:

· ÜSY üzrə 2008-ci il üçün proqnozların hazırlanması zamanı 2006-cı ilin məlumatlarına əsaslanılmış və əhalinin gəlirləri dəyişməz qəbul olunmuş, 2007-ci il üçün müşahidə olunan və 2008-ci il üçün proqnozlaşdırılan artımlar nəzərə alınmamışdır;
· Ehtiyac meyarının 2008-ci ildə nəzərdə tutulan kiçik artımı nəzərə alınmaqla qeyd etmək olar ki, proqnozlaşdırılan məbləğ kifayət qədər əsaslandırılmayıb;
· Adambaşına sosial təminat xərclərinin proqnozlaşdırılan məbləği bir sıra rayonlar üzrə əhalinin həyat səviyyəsi göstəriciləri ilə uyğunlaşmır;
· Əhalinin ÜSY barədə məlumatlılığının aşağı olması;
· ÜSY alınması üçün "ərizənin dəyəri"nin bahalığı;
· ÜSY alınması üçün tələb olunan sənədlərin çoxluğu;
· Ev təsərrüfatlarının gəlirlərinin hesablanmasında problemlər;
· ÜSY-ın yoxsul əhalinin cəmi 30 faizini əhatə etməsi;
· "Daxilolma" və "kənarda qalma" xətalarının mövcudluğu.

İTM ekspertləri tədqiqatın yekunu olaraq hökumətə aşağıdakı istiqamətlərdə tövsiyələr hazırlayıblar:

* Ehtiyac meyarı mərhələlərlə yaşayış minimumuna çatdırılmalıdır;
* Əhalinin yoxsul təbəqəsinə mümkün qədər geniş əhatədə ÜSY-ın verilməsi təmin olunmalıdır;
* ÜSY proqnozları ölkədə yoxsulluq səviyyəsi və regional xüsusiyyətlər nəzərə alınmaqla tərtib edilməlidir;
* ÜSY 1 illiyə verilməlidir;
* ÜSY verilməsi zamanı ev təsərrüfatlarının gəlirlərinin hesablanması daha çevik və real olmalıdır;
* ÜSY verilməsi zamanı ailənin əmlakının nəzərə alınması qaydaları yumşaldılmalıdır;
* ÜSY üçün müraciət "bir pəncərə" qaydasında həyata keçirilməlidir.



Təqdimatdan sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi İTM-in əvvəlki layihə üzrə hazırladığı tövsiyələri qəbul etdiklərini və onların bəzilərini nəzərə aldıqlarını deyib. Onun sözlərinə görə, ƏƏSMN İTM-lə bu sahədə əmkdaşlığın davam etdirilməsində maraqlıdır. B.Hüseynov ÜSY üçün müraciət edənlərdən cəmi 14 növ sənəd tələb olunduğunu, 2-ci, 3-cü və ya 4-cü dəfə müraciət ediləndə isə onların sayının 2-3-ə endiyini bildirib. Sorğuda respondentlərin SMM-lərdəki məmurların davranışından razılıq etmələri faktına toxunan nazirlik nümayəndəsi 2007-ci ildə yol verdikləri ciddi nöqsanlara görə həmin Mərkəzin rəhbəri və daha 5-6 nəfər əməkdaşının işdən azad edildiyini, sorğunun yeni rəhbərlik dövründə keçirildiyini qeyd edib. B.Hüseynovun dediyinə görə, ÜSY tətbiq edən ölkələr üzrə ünvanlılığı təminetmə səviyyəsi 70-80 faiz civarındadır: "Sorğuda isə Mingəçevirdə bu səviyyənin daha yüksək olduğu aşkarlanıb. Biz çalışırıq ki, ehtiyacı olmayanların ÜSY alması faktlarını minimuma endirək"
Milli Məclisin Sosial siyasət komissiyasının sədr müavini Musa Quliyev tədqiqatın obyektiv aparıldığını və irəli sürülən təkliflərin bir çoxu ilə razılaşdığını deyib: "Çox yaxşı olardı ki, növbəti mərhələdə kənd rayonlarından birində belə tədqiqat aparılsın. Çünki bu prosesdə ən çox çətinliklə məhz kənd əhalisi üzləşir. Fikrimcə, ünvanlı social yardım mexanizmində bir sıra təkmilləşmələrə ehtiyac var. Bura xüsusilə də mexanizmin avtomatlaşdırılması, yəni məmur-vətəndaş təmasının minimuma endirilməsi aiddir. Hesab edirəm ki, bunun üçün sizin irəli sürdüyünüz "bir pəncərə" sisteminin tətbiqi uğurlu olar. Daha bir mühüm məsələ yardım verilən ailələrin social reabilitasiyasının təşkili, onun əmək qabiliyyətli üzvlərinin işlə təminatıdır. Çünki bir ailənin ömür boyu sosail yardım hesabına yaşaması da mümkün deyil."
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev Azərbaycanın Avropa Sosial Xartiyasının yoxsulluqla bağlı olan 30-cu maddəsinə qoşulmadığını mənfi hal kimi qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycanda özünəməşğulluq səviyyəsi yüksəkdir.
Tədbir müzakirələrlə davam etdirilib.

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, апреля 24, 2008

ABŞ böhranla bacaracaqmı?

Türkiyənin Show TV-si xəbər verir ki, İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad ABŞ-ın siyasi və iqtisadi bir böhran içində olduğunu və onu bu böhrandan heç kəsin çıxara bilməyəcəyini bəyan etmişdir. Əhmədinejad, ölkənin qərbindəki Həmədan şəhərində etdiyi və dövlət televiziyası ilə canlı yayımlanan çıxışında, bu gün dünyadakı problemlərin təməlinin "inancsızlıq və ədalətsizlik" olduğunu ifadə edib

ABŞ prezidenti Corc Buşu tənqid edən Əhmədinejad deyib: "Rəyimcə, o böyük gücün sahibi hesab edilən Buş, əslində dünyanın bəlkə də ən çərasiz insanıdır. Çünkü onun həyatında Allahın və inancın yeri yoxdur" .

Dünya iqtisadiyyatının böyük bir iqtisadi böhranla qarşı-qarşıya qaldığını ve bunun səbəbinin də ədalətsizlik olduğunu söyləyən Əhmədinejad, daha sonra vurğulayıb: "Bu gün ABŞ-dakı bəzı banklar böhran kecirirlər. Bu böhran öz sərhədlərini də aşmış, bəzi ölkələrə də yayılmışdır. ABŞ-ın böhrana düşməsinin səbəbi - 50 ildir ki, davam edən dünyanın məzlum millətlərinin ehtiyatlarını talamaq siyasətidir. Ancaq 50 il davam edən bu durum artıq dəyişdi. Millətlər, artıq boyük güclərin təzyiqlərini qəbul etmir, dirənir ve imperializmə səbr etmir. Bu üzdən, dünyanın başına açdıqları oyunlar artıq özlərinə yönəlmişdir. Allahın lütfü ilə, bu problemlərlə qarşı-qarşıya qalacaqlar. Bu da onların boyüklüyünü sona catdıracaq".

ABŞ-ın bu gün bir çox problemlərlə qarşı-qarşıya olduğunu, bu problemlərin yaxın zamanlarda bəzı Asiya olkələrinə də sirayət edəcəyini. Hətta Avropaya qədər gedib çıxacağını iddia edən Əhmədinejad, "Belə olan halda ABŞ-ı bu siyasi və iqtisadi böhrandan heç kim qurtara bilməz" ifadəsini işlədib.

Əhmədinejad, ABŞ məsullarına mesajla, «Allaha və ədalətə dönmək» tövsiyəsi verib.


Mehdi Fərəc,

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, апреля 23, 2008

Xəstə yarımbeyin çıxdı

Gərginlik və halsızlıq şikayətiylə xəstəxanaya gedən qadının yarım beyinli olduğu məlum oldu.
Son zamanlar dünyada qeyri-adi hadisələr baş verməkdədir. Bu yaxınlarda əhalisinin sayı artıq 1,5 milyardı ötən Çindən dünyanı heyrətə salan bir məlumat da gəldi.
39 yaşlı bir cinli xanım gərginlik və halsızlıq şikayəti ilə xəstəxanaya müraciət edib. Onun müayinəsini aparan xəstəxananın nevroloji eksperti Zhang Linhong gördüyünə inana bilməyib. Müayinə zamanı məlum olub ki, xəstənin beyninin yalnız sağ yarım hissəsi mövcuddur.
Linhong, "Əslində sol yarım hissə danışma qabiliyyətini nizamlayır. Amma xəstəmizin ətrafıyla ünsiyyətində problem yoxdur. Anası qızının normal bir həyat sürdüyünü söyləyir. Xanım universiteti yaxşı qiymətlərlə bitirmişdir və yaddaşı qüvvətlidir. Telefon nömrələri və yoldaşlarının adını sürətlə xatırladığını da gördük" - dedi. (internethaber)


Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Nyu-Yorkda “Erməni Yalanlarıyla Mübarizə” mitinqi

ABŞ-ın Nyu-York şəhərində 1915-ci il hadisələri ilə bağlı erməni iddialarının doğru olmadığını amerikalılara izah etmək məqsədiylə mitinq keçirilir. Bunu Türkiyənin “haberler.com” portalı xəbər verir.
Türk Amerikan Dərnəkləri Federasiyası (TADF) himayəsində hər il ''Gənc Tüklər Dərnəyi'' tərəfindən təşkil edilən mitinq, bu il «Times» meydanına çox yaxın bir yerdə ''Erməni Soyqırım Yalanlarıyla Mübarizə və Şəhid Diplomatlarımızı Xatırlama'' adıyla təşkil ediləcək.
Mitinq, «Times» Meydanında toplanması gözlənilən ABŞ-dakı ERMƏNİ diasporunun mitinqindən 1 gün əvvəl keçiriləcək.


Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, апреля 22, 2008

Sevgi düsturu

"Dünyadakı ən gözəl şey nədir?" sualına məşhur fransız kino aktiyoru Sacha Guitry "Sevmək, sonra da sevilmək" cavabını verdi. "Niyə sevmək sevilməkdən daha gözəldir?" deyə soruşulduqda isə cavabı: "İnsan sevdiyinə sevildiyindən daha əmindir" - oldu.
Sevilməkdən çox, sevə bilmək bir möcüzədir. Dünyaya gəldiyimiz an tanış olub məmnun olduğumuz ilk şey sevgidir. Valideyn sevgisi. Elə bu tanışlıqdan etibarən sevgi həyatımıza girir və ölənə qədər də bizimlə birlikdə olur. Çünki insan həyatının hər dövründə məhəbbətə acdır. Bu aclığı da məhəbbətdən başqa doyuracaq bir şey yox.
Bir çoxları sevgi məfhumunu eşq macəralarına aid edirlər. Halbuki övlad valideyninə, nəvə nənəsinə, yoldaş yoldaşa, hətta gəlin qayınanasına, qayınana gəlininə də bəsləməli bir şeydir bu. Artıq bu düsturu həyatımızdakı bütün sevdiklərimizə verək. Mən buna düstur deyirəm. Çünki, söylədiyiniz anda qarşınızdakı adamın üzünü qaraqabaqlıqdan gülümsəməyə çevirə bilir. Bunu təcrübədən görəcəksiniz. Özümüzü sevək, başqalarını da sevək. Bu hiss, hamımızın çətinliklərinin olmasına baxmayaraq, bizə güc verəcək, həyata qarşı dözümümüzü daha da sağlamlaşdıracaq. Ürəklərimizi açıb sevgimizi təqdim edək. Çünki hamımızın tək və bitmək bilməyən ehtiyacı sevgidir!
Doğulandan sahib olduğumuz Allahın bizə verdiyi ən gözəl nemətlərdən biri olan bu insani qabiliyyətimizi inkişaf etdirməyimiz lazımdır. Özümüzü nə qədər tanıyırıq? Özümüzə yaxşı və gözəl şeyləri layiq görürükmü? Görmürüksə, özümüzü sevmirik deməkdir. Özünü sevmək deyərkən eqoizmi nəzərdə tutmuram. Eqoist insan, özündən başqa heç kəsi sevməyəndir. Sevmək və sevilmək duyğusu hamımızda vardır. Birini sevdiyimizdə bu sevgini göstərə bilməyin, ya da gerçək olduğunu sübut edə bilməyin yolu səy göstərməkdir. Yəni, birisi və ya özümüz üçün bir addım çox atmaq ya da bir mil çox getməkdir.
Uşaq vaxtlarımda bir Əminə xalamız vardı. Əllərindən sevgi axdığına inanırdılar. O zamankı ağılımla nə demək istədiklərini çox anlamasam da, çiçəklər və Əminə xalam mənə digər gördüyüm insanlardan fərqli gəlirdi. Çiçəklərini uşaqları kimi sevərdi. Bəzən dükana gedərkən ona da dəyərdim. Əlimə şirni verib, çiçəklərini izah edərdi. "Su tökmək çiçək sulamaq demək deyil. Şirin dillə onları sevməliyik" deyərdi. Mən də sanki başa düşürmüş kimi dinləyərdim. Halbuki indi onu daha yaxşı anlaya bilirəm. Allah sevgini bütün canlılara həyat qaynağı olaraq yaratmış, heyvanlar, bitkilər belə sevgi, şəfqət və mərhəmətlə daha gözəl inkişaf edib gözəlləşirlər. Yediyim şirnilərin ləzzətini də unuda bilmərəm. Nə gözəl günlər idi...
Yaxşı, sizin çiçəkləriniz nə vəziyyətdədir? İndi bizlər isə quruyub gedən çiçəklərimizin dərdindəyik. Şüşəmizin kənarında, ya da iş masamızın üzərində dayanan bənövşəmizin suyunu hər gün verə bilərik. Qönçə vermirsə bunun səbəbini çiçəkdən bilməyək, bu bizim öz sevgisiz bağbanlığımızdan qaynaqlana bilər. Sevgimizi hiss etdirə və göstərə bilməyiriksə nə gözləyirik? Bir saatdan sonra yaşayacağımızın zəmanəti varmı? Dünyanı çevirən sevgi üçün hamımız əlimizdən gələni etməliyik. Sevgi könül cömərdliyi istər. Xəsis könüllərdə böyük sevgilər əsla sığına bilməz.
Bəzi insanlarda bizi çox sevir. Ola bilər ki, bunu necə göstərəcəyini bilmir. Bu tərz insanlar da bəzən bizimlə eyni fikiri paylaşaraq bizi sevdiklərini hiss etdirə bilərlər. Sevgini göstərməmək sağlam ünsiyyəti, səmimiliyi, yaxınlaşmağı, etibarı sual altına alar və nəticədə təklik olar. Halbuki sevgi şəfqəti, şəfqət mərhəməti, mərhəmət də səbr və xidməti çıxarar. Nə edək önümüzə gələnə "Səni sevirəm" deyə bilmirik. Heç olmasa küçəyə çıxdığımız zaman eyni səkidən getdiyimiz ton ton xalaya gülümsəyə bilərik. Gülümsəmək sevginin üz ifadəsidir. Əslində nə etdiyimiz o qədər də əhəmiyyətli deyil. Yalnız bir şey edək. Niyə sevdiklərimizə bu düsturu verməkdə gecikək? İnsanlara sevdiyimizi bildirmənin ən yaxşı zamanı indiki zamandır. Sonrakı peşmançılıq isə fayda verməz. Əgər sevdiyimizi söyləməyə çəkiniriksə o zaman onları qucaqlayaq. Qucaq dolusu sevgimizi onlara verək. Bax bu da sevginin bədən dilidir. Mən təcrübələrim sonunda bu reallığı anladım ki, sevildiyindən əmin olmayan bir insanı tibbin ən yaxşı dərmanları belə həyata bağlaya bilməz. Bütün xoşbəxtliklərin başı Sevgidir. Sevgidən nəsibini almış bir kimsəsiz uşağı, sevgidən məhrum qalmış bir hər hansısa bir şirkətdə işləyənin uşağından daha xoşbəxtdir. Sevməyi bilməyən insanlardan nə yaxşı ana, nə yaxşı ata, nə yaxşı idarəçi, nə də yaxşı bir pedaqoq olar. Hər şeyin başı sevgi, hər şeyin ortası sevgi yenə hər şeyin sonu sevgi... Özümüzə və sevdiklərimizə cömərd davranaq. İncikliklərimizi azaldıb ifadə etdiyim kimi sevgimizi çoxaldaq.

İlahi sevgiyə ithafla...

Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



Boloniya sistemi bizə nə vəd edir?

Ali məktəblərdən biri. Lövhədə belə bir cümlə var: Qurtuluşa 74 gün qaldı. Görəsən bu nə deməkdir? Ağla müxtəlif fikirlər gəlir. Bu cümləni belə həyacan doğuran şəkildə yazdıran səbəb nədir? Bəlkə torpaqlarımızın azadlığına, qurtuluşuna az qalıb? Bəlkə yad ünsürlərdən torpaqların təmizlənməsinə az qalıb? Bəlkə televiziyalardan tökülən əxlaqsızlıqlardan qurtulmağa az qalıb? Bəlkələr çoxdur. Ancaq cavabı çox asan və bəlkə də bizə məntiqsiz gələn bir cavabdır: universiteti qurtarırıq və bununla canımızı da qurtarırıq. Bəs məgər universitet təhsil, tərbiyə ocağı deyilmi?
Universitetlərin necə vəziyyətdə olmasına təhsil naziri "Ali məktəblərdə tələblər və zərurətlər" adlı konfransda belə cavab vermişdir: "Təəssüf ki, hələ də ali məktəblərdə Sovet idarəetmə strukturu yaşamaqdadır. Ən ciddi problemlərdən biri də təhsilin məzmunundadır. Ali məktəblərin çoxunda nə dərslik, nə vəsait, nə təlim texnologiyası, nə də müəllimlər müasir təlim texnologiyalarına cavab verir. Ali məktəblərin proqramlarında əhəmiyyəti olmayan çoxlu fənnlər var”
Həmçinin müəllimlərin tələbə üzərində psixoloji təzyiqi, müstəqil fikir yürütməyə mane olmaları, bürokratik ab-hava təəccüb doğurur. Əlbəttə, «bu hal bütün ali məktəblərə aiddir»- desək ədalətsizlik olar. Amma mütləq əksəriyyəti bu durumdadır.
Bu problemlər azmış kimi, hələ mahiyyətini tam olaraq bilmədiyimiz Boloniya adlı bir sistemə qoşulmuşuq. Nədir Boloniya sistemi? Boloniya sistemi yeganə Avropa Ali Təhsil Məkanı yaratmaq məqsədilə Avropa ölkələrinin təhsil sisteminə yaxınlaşma və onunla harmoniya təşkil etmə prosesidir. Boloniya sistemi 46 ölkəni birləşdirir. 41 Avropa ölkəsindən başqa, Azərbaycan, Gürcüstan, Türkiyə, Ermənistan və Rusiya da daxildir. Sistemin məqsədi 2010-cu ilə qədər milli təhsil sistemlərini Boloniya bəyannaməsinin əsas müddəalarına uyğun dəyişdirməkdir. Müddəalardan biri olan surətlilik sxeminin aparılmasına ciddi nəzarəti təmin etmək təhsil yükünü qısa vaxta sıxışdırır, tələbələr yuxarı kursun materiallarını mənimsəmək məcburiyyətində qalır və nəticədə təhsilin səviyyəsi aşağı düşür.
Yeni sistemə 1-ci keçən Sankt-Qallens universitetində professor və dosentlərin əksəriyyəti dəyişikliyin təhsil prosesinə mənfi təsir göstərdiyini gizlətmirlər. Təhsilin standartlaşdırılmasının və kredit bal sisteminə girişin nəticəsində daha çox humanitar sahəyə nəzərə çarpan zərbə vurulduğunu deyirlər. Belə olan halda biz bu sistemin ölkəmizdəki tətbiqindən nə gözləməliyik?
Bu səbəblərdən, «qurtuluşa az qalıb» deyən tələbə “zindandan”, ”buxovdan”qurtulurmuş kimi sevinir.
Əslində universiteti bitirən tələbə başqa şeyə sevinməlidir. Sevinməlidir ki, önünə yeni bir yol açılır, mütəxəssis ola bilər, vətəninə, xalqına xeyir verib çox şeylər edə bilər.

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Ağır yol qəza hadisəsi

Son dövrlərdə çox nadir gün yol-nəqliyyat qəzası olmadan keçir. Böyük təəssüflər ki, bu qəza hadisələri çox zaman ağır nəticələrlə müşayiət olunur. Ötən gecə Sabunçu rayon icra hakimiyyətinin qarşısında baş verən qəza da kütləviliyi ilə mişdir. 10 UF 633 dövlət nişanlı «Hunday Santafel» markalı maşın yüksək sürətlə hərəkət edərək yolun kənarında duran 2 mersedes markalı və 2106 markalı «Jiquli» markalı 3 taksini əzərək, İcra hakimiyyətinin qarşısında çevrilib. Hadisədə ciddi xəsarət alan olmasa da, hər 4 maşın tamamilə yararsız vəziyyətə düşüb.
Şahidlərin bildirdiyinə görə, «Hunday» markalı maşının sürücüsü içkili vəziyyətdə olub.
Hadisənin necə baş verdiyini «Jiquli» markalı maşının sürücüsü belə xatırlayır: “Hadisənin günahkarı yüksək sürətlə hərəkət edən «Hunday» markalı maşının sürücüsüdür. Mən hər zaman olduğu kimi, öz yerimdə (icra hakimiyyətinin qarşısında) durub müştəri gözləyirdim. Elə bu an gördüm ki, yüksək sürətlə hərəkət edən «Hunday» markalı maşın mənə tərəf gəlir. Mən tez maşından çıxıb ondan aralandım”
Hadisə ilə bağlı Sabunçu rayonu 13-cü bölməsinin əməkdaşları araşdırmalar aparır.

Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



Höte və İslam

Aşikar ol, ey sevgili, göstər quluna zatını.
Rəbbim sənsən, Allahım!
Günəşi, ayı, ulduzları,
Yeri, göyü və məni yaradan sənsən,

deyən şair - İoqann Wolfgang Von Höte alman ədəbiyyatina ilk modern şeri gətirmişdir. Onun yaradıcılığı XVIII əsrin sonu XIX əsrin əvvəlində milli alman mədəniyyətində hakim mövqe tutur. Hötenin həyat fəaliyyətini və ədəbi irsini öyrənənlər etiraf edirlər ki, necə Şekspirin əsərləri ingilislər üçün və ya Puşkinin yaradıcılığı Rusiyanın mədəni irsi üçün rol oynamışdırsa, Hötenin də yaradıcılığı, onun fəlsəfi - ədəbi və elmi əsərləri almanlar üçün elə əhəmiyyətli rol oynayır. Hötenin həyati əqidəsinin əsas sübutu, onun dostlarına və yaxınlarına yazdığı çoxsaylı məktublar, həmçinin 1771-1772 -ci ildə oxuduğu Müqəddəs Quran və böyük şərq şairi və mütəfəkkiri Şəmsəddin Məmməd Hafiz Şirazinin “Divanı”nın bağışladığı güclü təəssüratın nəticəsində qələmə aldığı “Qərb - Şərq Divanı”nda olan silsilə şerləridir.
Baxmayaraq ki, Höte müsəlman olduğunu rəsmi olaraq bəyan etməmişdir, (yəqin ki, bu da kilsənin ciddi basqılarından ehtiyatlandığından irəli gəlirdi) böyük şairin bir çox əsərlərində müəllifin İslama, onun mənəvi-əxlaqi dəyərlərinə bəslədiyi münasibət dəqiq təsdiq edilir. Hötenin həyat əqidəsi, onun dünya, həyatın mahiyyəti, insan və Yaradan münasibətləri barəsindəki düşüncələri təəccüb doğuracaq dərəcədə islami baxışlarla üst - üstə düşür.
Müsəlman idimi Höte? Höte yaradıcılığı ilə tanış olan hər kəs bu suala «bəli» deyə cavab verər.
Höte yaradıcılığını incələdikdə, onun həyatinda iki şəxsiyyətin - Herder və Şillerin çox önəmli yer tutduğunun şahidi oluruq. İoqann İon Herder ilə olan dostluğu Höteni islamiyyətə bir az da yaxınlaşdırmışdır. Bir axşam xəstə dostunun yanına gedən Höteyə Herder Qurani-Kərimi oxumağı tövsiyə edərək, bunları demişdir: “Ərəblərin Qurani-Kərimə sahib olduqları kimi, almanların da belə bir kitabı olmuş olsaydı, çox irəlilərə gedərdik”. («Höte və islamiyyət». Dr. Bayram Yılmaz).
O sıralar Strasburqda hüquq məzunu olan Höte, bir neçə ay sonra Herderə yazdığı məktubunda bunları söyləmişdir: ”Qurani-Kərimdə Musanın (ə) dua etdiyi kimi dua etmək istəyirəm,”Ya Rəbbim, mənim dar olan köksümü genişlət!””.
Höte hər şeyin bütünlüklə Allaha, dünyanı xəlq edən Xaliqə tabe olduğunu hesab edirdi. Məhz belə itaətdə şair insanın mövcudluğunun mənasını anlayaraq, bu hissi Allaha İslamla itaətkarlıq və təslimiyyət adlandırmışdır. Şair dəfələrlə bu yönümdə özünün də müsəlman olduğunu söyləyirdi. Bu barədə o, özünün “Qərb - Şərq Divanı”nın şerlərindən birində belə deyir:

Çılğınlıqdır, hər kəsin hər xüsusda,
Şəxsi görüşlərini dilə gətirməsi!
Əgər, İslam təslim olmaq deməkdirsə Allaha,
Elə isə, biz hamımız yaşayıb, ölməliyik İslamda.

Bu konsepsiya bir sıra başqa tarixi sənədlərlə də təsdiqlənir. O, “Qərb - Şərq Divanı”na aid qeyd və oçerklərində yazırdı: ”Tək olan Allaha inam daim ruh yüksəkliyi yaradır, bu isə insanın daxili tamlığının kriterisi hesab edilir”. Höte Allaha təzimin və itaətin müqəddəsliyini şövqlə etiraf edərək deyirdi: ”Müsalmanlıq yönümündə Tanrının xasiyyətlərini tərənnüm edən Allahın 99 adını zikr etmək, artıq özü-özlüyündə möhtəşəm və tərifli bir ibadətdir. Eyni zamanda Xailqə xas təsdiq və inkaredici keyfiyyətləri anlamaq onun mövcudluğunun dərkedilməz olduğuna dəlalət edir. İbadət edən şəxs ona heyran və məftundur, onun buyurduqlarına təslim olaraq rahatlıq tapır”. Bu mövqedən çıxış edərək Höte, həyatdakı təsadüfləri inkar edirdi. Onun qənaitinə görə, həyatda bütün baş verənlər Allahın insanlara əta etdiyi nişanə və dərslərdən ibarətdir. Höte 1807-ci ilin noyabında Keimer’ə ünvanladığı məktubunda yazırdı:”İnsanlar özlərinə məlum olan, lakin dərk edə bilmədikləri və zəfər məqamında ən gozəl şəkildə onlara bəxş edilən quvvəni təsadüf kimi qiymətləndirirlər. Bu təsadüf deyil, Allahın qudrətinin ən bəsit şəkildə təzahür etməsidir.”
1813-cü ilin payızında Höte “Qərb-Şərq Divanı” üzərində işə başlamazdan əvvəl bir alman əsgəri ona İspaniyadan Müqəddəs Quranın sonuncu 114-cü - “Ən-Nas” surəsinin qədim ərəb əlyazmasını gətirmişdir. Höte öz müəllimlərinin köməyi ilə bu surənin özünü köçürdü və surənin mənasını dərk etməyə cəhd etdi. Höte həyatı boyu bu hadisəni ona Allah tərəfindən göndərilmiş xüsusi bir nişanə kimi qiymətləndirirdi.
Tanrıdan ona yetirilən növbəti nişanə 1814-cü ilin yanvarından baş vermiş hadisə oldu. O zaman ona rus ordusunda xidmət edən müsəlman türk başqırdların camaat namazında iştirak etmək nəsib olmuşdur. Başqırdların ibadət mərasimi Veymar şəhərindəki protestant gimnaziyasında keçmişdir. Höte 1814-cü ildə yanvarın 5-də Trebrə ünvanladığı məktubunda bu barədə yazır: ”Peyğəmbərlikdən danışdıqda, onu deməliyəm ki, bu gün elə hadisələr baş verir ki, halbuki, illər əvvəl bu barədə danışmaq belə yasaq idi. İllər əvvəl bizim protestant gimnaziyasında Allaha İslamda buyurulduğu kimi ibadət etmək, Qurandan surələr oxumaq kimi təkliflərə kim izn verərdi? Bununla belə, bu hadisə baş verdi və biz türk başqırdların ibadət mərasimində iştirak etdik, onların imamlarını gördük, rəislərini salamladıq. Xüsusi hörmət əlaməti olaraq mənə yadigar ox və yay hədiyyə etdilər. Və bu hədiyyəni mən kaminimin üzərindən asmışam. Bizim ruhani qadınlarının bir çoxu isə kitabxanadan Quranın tərcüməsini sifariş etdilər.”
Höte Allahın insanlarla peyğəmbərlər vasisəsilə ünsiyyətdə olduğuna inanırdı. O, 1819-cu ildə Blumentala ünvanladığı məktubunda “İbrahim” surəsinin 9-cu ayəsinə əsaslanaraq həzrət Muhəmmədin (s) peyğəmbərlik missiyasının həqiqiliyi barəsindəki əminliyini israr edərək yazırdı: “Biz hər bir peyğəmbəri yalnız öz millətinin dilində (danışan) göndərdik ki, (Allahın əmrlərini) ona izah edə bilsin.”
İllər əvvəl Höte “Qərb-Şərq Divanı”na aid oçerk və qeydlərində peyğəmbərlə şair arasındakı fərgi göstərərək, Həzrət Muhəmmədin (s) peyğəmbərlik missiyasının paklığını təsdiqləyir: “O, şair deyil, peyğəmbərdir və onun Quranı hər hansı bir insan tərəfindən elm artırmaq və ya əyləncə üçün yazılmış kitab deyil, Allahın qanunudur.”
Höte “Muhəmməd” şerində peyğəmbərlik missiyasının mahiyyəti haqqında öz anlayışını metaforada əks etdirərək Peyğəmbəri (s) böyük mənəvi güc əldə edərək, daim genişlənən, irəliləyərək əzəmətlə Tanrı qüdrətinin simvolu olan “okeana” axıb-tökülən bir çayla müqayisə edirdi. Peyğəmbər (s) zəkası daim öz axarına digər insanları - kiçik və dayaz çayları çəkib sövq edir. Höte 27 yanvar 1816-cı ildə “Paralipomena” əlyazmasında deyir: “Muhəmməd (s) xəlq edilmişlərin ən alisidir”.
Höte “Divanı”nın şerlərinin birində Həzrət İsanın (ə) Xristianlıq zəminində qəbul edilməsinin açıq surətdə əleyhinə çıxaraq, Allahın təkliyi haqqında təsəvvürü, Həzrət Muhəmməd (s) və İsanın (ə) peyğəmbərliyinin mahiyyətini bu fikrə qarşı qoyur.

Pakdır İsa və yalnız bir Tanrıya tabedir.
İsanı Allah tək ucaltmaq - Allaha şirkdir.
Qoy günəş tək parlasın,
Muhəmmədin (s) bizlərə gətirdiyi həqiqət.
Allahı tanımaqda bütün dünyanı,
Özünə tabe edən həqiqət.

Höte gənc yaşlarında Qurani - Kərimi öyrənərkən, Şərqi də öyrənmək istəyində idi. Halbuki atası onun hüquqşunas olmasına israr edir. Höte 16 yaşında universitetin hüquq fakultəsində təhsil almaq üçün Leibtsiq şəhərinə yola düşür. Lakin xəstəliyi ilə əlaqədar o, tezliklə evə dönür, təhsilini isə yalnız bir neçə ildən sonra Strasburq şəhərində yekunlaşdırır. Bütün bu illər ərzində Höte Şərqə, onun ədəbi və mədəni ənənələrinə marağını itirməmişdir. 1814-1815-ci illərdə Höte Cens şəhərində “Qərb-Şərq Divanı”nı yazarkən xüsusi olaraq Palus, Lorsbax, Kozerqarten kimi şərqşünas professorlarla ərəb dili ilə məşqul olurdu.
70 yaşı tamam olduğu ildə Höte, Peyğəmbərə (s) Quran endirilən gecəni - Qədr gecəsini lazımi səviyyədə qeyd edəcəyi barəsində yazırdı: “Heç kəs bu kitabın möhtəşəm gerçəkliyinə şübhə edə bilməz. Bu kitab əbədi olaraq əzm və qüdrət rəmzi olaraq qalacaq.(“Qərb-Şərq Divanı”na aid oçerk və qeydlər.”)

Yaradılmışdırmı əzəldən Quran?
Bu haqqda bir o qədər anlamım yoxdur.
Kitablar kitabıdır əzəldən Quran,
Mənsə müsəlmanam, həqiqət budur.

Bizim dövrümüzə qədər Höte və Şillerin Veymardakı arxivində 1771-1772-ci illərdə Müqəddəs Quranın öyrənilməsinə səbəb olan “Divan”ın yaradıcısının - Şirazinin əlyazmaları saxlanılmışdır. Schiller və onun həyat yoldaşı Hötenin Veymar hersoqunun ailəsi və qonaqları üçün İhammerin alman dilinə tərcümə etdiyi Quranı oxuduğuna şahiddirlər. (Şillerin Knebeluta məktubu, 22.02.1815).
Höte Müqəddəs Quranın gözəl və möhtəşəm mətninə, onun dərin mənəvi-fəlsəfi mənasına valeh idi. O, ilk növbədə Allahın təkliyinə və dünyaya Xaliqin yaradıcılığı kimi diqqət yetirirdi. Bu, şairin Müqəddəs Quranın xüsusi ayələrinin alman dilinə etdiyi ilk tərcümələrindən məlumdur. Höte ayələr seçəndə elələrini seçirdi ki, bu ayələr təbiətin, təbii varlıqların Tanrı qanununun nişanəsi olduğunu, bu varlıqlarda Allahın qüdrətinin əks olunduğunu insana öyrədə biləcək ayələr olsun. Höte yazırdı: “Biz hər kiçik şeydə belə Allahın var olduğunu görməliyik” və bu haqqda “Bəqərə” surəsinin həşəratlar barəsində 26-cı ayəsini misal gətirir: “Əlbəttə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəl ilə nə demək istəyir?” -deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir”.
Höte həmişə Müqəddəs Quranın latın, ingilis, alman, fransız dillərinə edilmiş tərcümələrində olan çatışmamazlıqları duyaraq, daim yeni tərcümələr axtarışında olmuşdur. O, ərəb dili dərsliklərini, soraq kitabçalarını, şer kitablarını, Ruminin, Caminin, Hafizin, Sədinin, Əttarın orijinal əlyazmalarını, fiqh suallarına aid mətnləri, Muhəmməd Peyğəmbər (s) haqqında yazılmış kitabları səylə oxuyurdu.
Hötenin “Qərb-Şərq Divan”ı, yaxın dostlarına Tomas Horlinə, Şillerə, Herderə yazdığı məktublar, bütün elmi işləri, xüsusilə “Morfologiya haqqında” əsərindəki faktlar yalnız bir fikrin yayılması amalına xidmıt etmişdir: “Dünya yalnız bir Xaliq tərəfindən xəlq olunmuşdur və heç bir qeyri varlıq bu Yaradanla müqayisə oluna bilməz”.
İmansızlar məkanında yaşayaraq Höte səmimi qəlbdən Allahın təkliyini qəbul etmiş və öz sadiqliyini Kəlmeyi - Şəhadətlə dilə gətirmişdir. Oruc, zəkat, xüms və həcc barəsində doğru təlimi olmasa da, bununla belə qurur və dərin ehtiram hissi ilə ona nəsib olan yeganə imkandan istifadə edərək, camaat namazında iştirak etmişdir. Bu və digər əməllərində o, İslamı öz dini olaraq qəbul etmişdir.
Buna əsaslanaraq belə nəticəyə gəlmək olar ki, Avropaya ilk modern şer gətirən, alman dilinin böyüklüyünü təcəssüm etdirən və intellektinə müvəffəq olan, insanların qəlblərində Allahı və onun Rəsulunu (s) tanımaq istəyini oyadan Avropanın böyük şair və mütəfəkkiri İoqann Volfqanq Von Höte - müasir Avropanın ilk müsəlmanlarından olmuşdur. Qoy Həzrət Muhəmmədin (s) peyğəmbərlik missiyasının gerçəkliyini qəbul və təsdiq edən şair müsəlmanlar arasında Mühəmməd İoqann Vofqanq Höte kimi tanınsın!

Aygün Kərim
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



Düşünəcəyimiz həqiqət - ölüm...

Ölüm - dünya yarandığı gündən bəri peyğəmbərlərlə irşad olunmalarına baxmayaraq, bəşəriyyəti məşğul edən ən ciddi və həyati bir məsələ olmuşdur. Zaman-zaman qorxunc və zəhərli bir ilan kimi zehinlərə çökən bu məsələ ölənlərin dodaqlarında düyünlənmiş və dərin sükutların sirrində gizlənmişdir.
Bu dünya rəngli xülyalarla dolu aldadıcı bir həvəs, ölüm isə qarşısında hər şeyi aciz qoyan bir həqiqətdir.
Əgər insan qəflət pərdəsini yırtaraq bir özünə və bir də ətrafına anlayıcı gözlərlə baxsa, dünya adlı imtahan səhnəsinin doğurdan da, aldadıcı olduğunu, ölüm adlı müəmmanın isə insanın həqiqi qiyamətinə keçidin olduğunun fərqinə varar.
Biz necə, ölümün nə olduğunu tam mənasıyla dərk edə bilmişikmi? Nədir ölüm, heç düşünmüşükmü? Elə isə gün batmadan, vaxt ötmədən, karvan keçmədən - bir düşünək! Düşünək, çünki hər insan öləcək yaşdadır. Ölüm üçün nə bir sıra, nə də bir növbə olmadığı kimi, hər hansı səbəb və bəhanə də şərt deyil. Xəlq edilən hər bir məxluqat kimi, hamımız ölümə bir namizədik.
Bəli, bu qaçınılmaz olan ilahi bir qanundur. Hər bir varlığın bir gün qarşılaşacağı bu qanun bizə də gələcək və biz də varlıq aləminin bir fərdi olaraq o qanundan yaxamızı qurtara bilməyəcəyik. O qanun bizdə də öz hökmünü icra edəcək. Yaradılmış hər canlı kimi bizim də həyatımızın labüd sonluğu ölüm olacaq. Qurani-Kərimin «Ənbiya» surəsinin 35-ci ayəsində buyurulduğu kimi: "Hər bir kəs ölümü dadacaqdır".
Unutmayaq! Bir gün ölüm mələyi bizim də qapımızı döyəcək. Qurani-Kərimin «Səcdə» surəsinin 11-ci ayəsində belə buyrulur: "De, sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır. Sonra da Rəbbinizin hüzuruna qaytarılacaqsınız".
Beləliklə, biz də canımızı ölüm mələyinə təslim edib bu fani dünyanı tərk edəcəyik. Ölüm əsnasında bənizimiz solacaq, bədənimiz zəifləyəcək, əzalarımız öz funksiyalarını icra etmək iqtidarında olmayacaq. Bu an bütün həyatımız gözlərimizin önündən gəlib keçəcək. Alışdığımız hər şey artıq bizim üçün geridə qalacaq. Sevdiyimiz hər şeydən əllərimiz üzüləcək. Yaxınlarımız, əzizlərimiz, ailəmiz... Biz artıq onlarla başqa-başqa dünyaları paylaşacağıq.
Söylədiklərim ola bilsin ki, kimisə qorxuya salsın. Amma unutmayaq, ölümdən yalnız mənəvi yoxluqda yaşayan, axirətə inamı olmayan və ölümü bir yoxolma şəklində tanıyan kəslər qorxar. Çünki onlara görə ölüm - hər şeyi itirmək və təməli yox olmaqdır. Bəli dünya malına, şan-şöhrətə, cəh-cəlala, məqama, vəzifəyə, övladına və s. sıx bağlanan və ömrünü onlara sərf edən kəslərin ən böyük qorxusu - elə onları itirməkdir. Bu kəslər ölümü bütün bunları itirməyə bir vəsilə bilərlər və ondan şiddətli qorxarlar.
Əslində isə ölüm qorxunc deyil. Onu qorxunc edən bizim əməllərimizdir, bizim hələ də qəflətdə olmağımızdır.
Elə isə xatırlayaq ölümü, daim xatırlayaq! Çünki, ölümü yad edib, xatırlamaq Məsum İmamlarımızın (ə) təkidlə buyurduğu tövsiyələrdəndir. İmam Cəfər Sadiq (ə) bu barədə belə buyurmuşdur: "Ölümü zikr edib onu həmişə yad etmək nəfsin şəhvətlərini öldürər, qəflətin kökünü kəsər, Allah vədləri ilə qəlbi qüvvətləndirər, insanın təbiətini nazikləşdirər, nəfsi istəklərin ucalmasının qarşısını alar, dünyaya hərislik odunu söndürər və dünyanı insanın nəzərində alçaldar".
Ölümü davamlı xatırlayan kəs, özünü bir heç bilər, heç bir zaman təkəbbür əhli olmaz. Fitrətinin aciz, zəif olduğunu ağlı ilə, elmi ilə, vicdanı ilə, qəlbi ilə idrak edərək "bütün gözəlliklərin Allahdan, günahların özündən" olduğunu anlayar. Allahın rizasını qazanmaq üçün qorxu və ümid arasında yaşayar, aqibətindən əmin olmaz, fəqət Allahın rəhmətindən də heç bir zaman ümidini kəsməz.
Ölümü düşünmək bizim üçün həyatın dəyərini artırar. Ölümü düşünmək bizə necə yaşayacağımızı və harada, necə davranacağımızı öncədən agah edər. Ölümü düşünən kəs bəlli prinsiplər çərçivəsində özünə sistemli bir qayda yaradar və attığı hər addımı bilərək, düşünərək atar. Dolayısıyla belə bir mömin həm özü islamı yaşamağa, Allaha layiq bəndə olmağa çalışar və həm də başqalarını əmr-be-məruf etməklə onları haqqa dəvət edər.

Aygün Kərim
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


понедельник, апреля 21, 2008

Müqəddəs Tur dağı

Bismilləhir-Rahmənir-Rahim!

Lap qədim zamanlarda gözlərdən-nəzərlərdən uzaq bir vadidə bir-birindən əzəmətli bir neçə dağ varmış. Bu dağlar buludlar uçun keçilməz sədd, qartalların qanad saldığı yer idi. Yaşları çox qədim idi. Çoxlu olaylara şahidlik etmişdilər. Amma bunları yaxınlığında kiçik təpəyə oxşayan bir yer də var idi. Adına Tur deyirdilər.
-Xoş sənin halına, ey Tur, - deyə buludlar başında ağ çalmaya oxşayan bir dağ dilləndi, - bizim kimi əzəmətli qonşuların var. Yoxsa çoxdan yağan yağışlar, əsən kuləklər səndən bir əsər qoymamışdı. Bizim kölgəmizdə yaşayırsan. Əlbəttə, əgər buna yaşamaq deyilərsə.
- Başa duşsə, yenə dərd yarı idi, -- bu dəfə qartallar oylağı olan dağ öyünməyə başladı, - bizim səxavətimizdən istifadə edır. Bax gör Allah bizdən heç nə əsirgəməyib. Əzəmət keçilməz qayalar, cürbəcür heyvanlar - sayıb qurtarmaq olmur. Sənin kimi boz ürəkdarıxdıran təpənin kimə xeyri olar ki, anlamıram?
- Siz Allahın QÜDRƏT nişanələrisiniz. Siz dünyanın tarazlıq sabitlik nişanələrisiniz. Bunu inkar etmək olmaz. Amma siz də qəbul edin ki bunlar qazandığınız üstünlüklər deyil. Heç fikirləşmisiniz ki, mən nə etmişəm ki, Allah bu üstünlükləri verib? Bütün bunlar imtahan vəsilələridir. Mən bu vəziyyətimlə, siz də o vəziyyətinizlə məsulsunuz. Üstünlüklərinizi saymaqdansa, məsuliyyətinizi dərk edib missiyanızı unutmayın, - deyə Tur daği ahəstə, amma ötkəm səsilə dilləndi.
- Bax, bircə bu qalmışdı ki, bizə moizə edəsən. O nəsihətli sözləri özünə saxla. Halətlərimizdən məlumdur ki, Allahın nəzəri kimdən yan olub. Bu boyda əzəməti bizə verən Allah yəqin ki, bunları layiq olana verər. Yoxsa Allahı HİKMƏT sahibi bilmirsən? Yoxsa özünü Allaha daha yaxın bilirsən? Mənim tək Allaha yaxın olaydın! - ağ çalmalı dağın təpəsindən alov qalxa-qalxa cavab verdi.
- Bəsdir! - deyə cox qədim olduğundan küləklərin aşındırdığı bir dağ qəzəblə dilləndi. Zirvəsindən böyük bir qaya parçası qopub aşağıya doğru yuvarlandı. Sonra bir az sakitləşərək sözünə davam etdi, - Xəbəriniz varmı? Bizim istiqamətə Allahın Ulul-əzm peyğəmbərlərindən biri gəlir. O tərəflərdən əsən küləklər onun xoş qoxusunu gətirir. Əcdadlarımızdan eşitmişdim ki, buralarda bir Ulul-əzm peyğəmbər məskunlaşacaq. Ətrafda yerləşən dağlardan birinin üzərindən Allahla müxatəb olacaq. Bu üzdən ona Kəlimullah deyiləcək.Əsl adı bu deyil. Əsl adı Musadır (ə).Xoş bizim halımıza ki, Kəlimullah Musa (ə) ilə eyni zəmanəni paylaşırq.
- Xoş mənim halıma ki, Musa (ə) belə mənim kimi əzəmətli dağa pənah gətirmişdir .Gördünüz, Musa (ə) özü belə Allahla kəlmə kəsmək üçün məni seçib, - az öncə alov püskürdüyündən ağ calmasi buludlar arasında görünməz olan dağ öyünməyə yeni mövzu tapmışdı.
- Başa düşmədim, - deyə həmsöhbəti olan dağ dilləndi, - Elə yəqinliklə danışırsan ki, elə bil vəhy Peyğəmbərə deyil, sənə gəlir. Ağıllı ol. Peyğəmbər kimi seçəcəyini gözəl bilir. Bircə nəzər salsaq, fikirləşməyə ehtiyac qalmayacaq, - deyən dağın titrəyişindən bütün qartallar havaya qalxdı.
Karvan artıq gəlib məskunlaşmışdı. Ətrafdakı dağlar hamsı intizarla bu şərəfin kimə nəsib olacağını gözləyirdilər. Artıq o an gəlmişdi. Həzrət Musa (ə) dağlardan birini seçməli idi. Qəbiləsindən ayrılaraq dağlar istiqamətinə gəlirdi. Amma getdikcə hamını heyrət bürüyürdü. Həzrət Musa (ə) Tur dağına tərəf istiqamət götürmüşdü. Dağların əzəmətindən əsər qalmamışdı. İlk dəfə olaraq onlar bu qədər əzəmətli olduqlarından peşiman idilər. Çünki utanclarından gizlənməyə yer tapa bilmirdilər.
- Bəlkə Musa (ə) səhv edir. Axı bu necə ola bilər ki, urəkdarıxdıran bir təpə bu şərəfə nail olsun?!
- Bax-bax, deyəsən Musa (ə) dayandı.
Bəli, Həzrət Musa (ə) Tur dağının ətəyində dayandı. Allahın Ulul-əzm Peyğəmbəri ayaqqabılarını çıxardaraq, ehtiramla, yavaş addimlarla Tur dağının zirvəsinə doğru yoluna davam etdi.
Bəli, əzizlərim, təvazö və şükranlıq Tur dağını müqəddəs bir məqama yüksəltdi.

Mətləb Həmzəyev
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Gecikmiş cavab…

Yəqin çoxlarınız təsdiq edərsiniz ki, zəmanəmizin möminləri hərdən çox qəribə hallarla rastlaşmalı olurlar. Dinlə dindarın fərqinə varmayan insanlar bəzən İslam dininə qarşı duyduqları rəğbəti biz möminlərə xüsusi hörmətləri ilə təzahür etdirir, bəzən isə əksinə, ömürləri boyu ateist ruhda tərbiyə almış, din haqqında tamamilə əksinə məlumatlandırılmış insanlar dinə qarşı olan böyük qıcıqlarını möminlərə tuşlayırlar. Elə mən də bu yaxınlarda bu tip insanlarla ünsiyyətdə olmuş, belə bir qəribə vəziyyətə düşmüşdüm. Bu adamların yersiz iradlarına zamanında tutarlı cavab verə bilmədiyim üçün hələ də özümü qınayıram...
Söhbət İslamda qadın hüquqlarından gedirdi. Əqidəsindən asılı olmayaraq, hər bir ailədə ola bilən çoxsaylı məişət problemlərinə qədər bütün çatışmamazlıqların mənşəyini İslamla əlaqələndirir, bütün bunları insanların dini bağlılığından irəli gələn faktorlar kimi dəyərləndirməyə çalışırdılar. Xırda təfərrüatlara qədər təsvir edə bilməsəm də, hər halda düşünürəm ki, söhbətin nədən getdiyini başa düşdünüz.
Elə isə gəlin görək bu problemlərin kökü haradan qaynaqlanır? Nəyə görə bu insanlarda dinə qarşı, dini həyat tərzinə qarşı bu qədər qıcıq var?
Mənə elə gəlir ki, bütün bu görüntülər illər öncə, hələ sovet dövründə formalaşmış stereotiplərdən qaynaqlanır və həmin dövrün insanların təhtəlşüurunda qoyduğu izlərinin nəticəsidir. Təbii, o dövrün ideologiyası bunu tələb edirdi ki, din dedikdə qaraguruhçu, insanları, xüsusən də qadınları əsarətdə saxlayan, əzən bir dünyagörüşü düşünülsün. Amma həmin dövrdən illər keçib. Bu günün sivil insanları artıq elm pillələri ilə qalxaraq İslama qovuşur və öz həqiqi səadətlərini dini həyat tərzində tapdıqlarını təsdiq edirlər. Əgər bu gün kimsə İslamda qadınların hüququnun pozulmasını iddia edirsə, həmin kəs ən azından iki məsələni bilmir. Birincisi - hüquq, qanun nədir, nəyə xidmət etməlidir. İkincisi isə qadın kimdir, necə bir varlıqdır, onun əsl dəyəri nədir və bu dəyər necə qorunmalıdır.
Ümumiyyətlə, belə demək olar ki, hüquq insanın həyatını tənzimləyən qanunlardan ibarətdir və bu qanunların hədəfi insan ləyaqətini qorumaqdır. Hal-hazırda müxtəlif hüquq sistemləri mövcuddur. Bu da ondan irəli gəlir ki, “insan ləyaqəti” anlayışının mənası tam dəqiqliyi ilə öz ifadəsini tapmamışdır. Yəni ləyaqətin radiusu hər bir qanunvericilikdə özünəməxsus fərqli ölçüdədir. Bu baxımdan İslam qanunlarını tam kamil qanunlar hesab etmək olar. Nəyə görə? Çünki, burada “ləyaqət” öz həqiqi radiusunu tapıb. Burada ləyaqət dedikdə insanın izzəti-nəfsi nəzərdə tutulur və islami qanunlar ona yönəlib ki, insanın həyatı boyu, hər an, hər bir vəziyyətdə izzəti-nəfsi qorunmuş olsun.
Sual oluna bilər, bəs izzəti-nəfs özü nədir? Nəfsin izzəti onun elə bir keyfiyyətidir ki, onu daim məğlub olmaqdan, zəlil olmaqdan qoruyur. İmam Sadiq (ə) buyurmuşdur: «İnsanlarla rəftarda orta həddi tut. Nə o cür ol ki, səndən qorxub çəkinsinlər, nə də o cür ol ki, sənə həqarət edib alçalda bilsinlər».
Həzrəti Əlidən (ə) nəql olunur: «Gərək eyni anda qəlbdə iki hiss ola - Mən insanlara ehtiyaclıyam və mən insanlardan ehtiyaclıyam» (Yəni mənim insanlara, insanların da mənə ehtiyacı vardır).
Hədislərdən də belə nəticə çıxarmaq olar ki, izzəti-nəfsi olan şəxs nə zalımdır, nə məzlum, nə təkəbbürlüdür, nə həqir. Buraqa insanın əsl azad durumu, əsl ədalət, qızıl orta hədd öz yerini alır. Böyük Yaradan insanı hansı keyfiyyətdə görmək istəyirsə, həmin halət onun azad, izzətli durumudur.
İslamda qadın hüquqlarına gəldikdə isə, burada da yuxarıda sadaladığımız bütün xüsusiyyətlər mövcuddur. Düzdür, islamda qadın və kişinin hüquqları fərqlənir. Amma bu fərq, müxtəliflik qeyri-bərabərlik anlamına gəlmir. Bu fərqlər ondan irəli gəlir ki, kişi və qadın yaranışdan fərqli varlıqlardır. Onlar ümumi və fərqli kamallara malikdirlər. Bu baxımdan onların hüquqları da buna uyğun olaraq bəzi məqamlarda fərqli, bəzi məqamlarda isə eynidir. Nəticə olaraq isə bərabərlik pozulmur. Əksinə, əsl ədalət üzə çıxır.
Burada kiçik bir haşiyə çıxıb məşhur filosof, mütəfəkkir Əflatunun ədalət haqqında söylədiyi fikirlərini nəzərinizə çatdırmaq istəyirəm. Əflatun ədaləti ictimai və fərdi hissələrə bölmüş və belə bir tərif vermişdir: «İctimai ədalət ona deyilir ki, cəmiyyətin hər bir fərdi o şey ki, onun haqqıdır - onu əldə edə, və o işlə məşğul ola ki, ona istedad və ləyaqəti vardır».
Fərdi ədalət haqqında isə demişdir: «O kəs ədalətlidir ki, onun insani hissəri, qüvvələri həmahənglik təşkil edir və bu hisslər, qüvvələr təvazö və tənasüb halındadırlar». Əflatun təvazö və tənasübü gözəlliklə, gözəlliyi isə ədalətlə bərabər qəbul etmişdir.
Biz bu haşiyəni əbəs yerə çıxmadıq. Çünki, islamda qadın hüquqlarının keyfiyyətini anlatmaq üçün bundan gözəl misal tapa bilməzdik. İslam qanunlarında ən yüksək təvazö və tənasüb, bu təvazö və tənasübdən doğan gözəllik, və bu gözəllikdən yaranan ən ali ədalət mövcuddur.
Günümüzdə şəriətdə qadına zülm olunmasını, onun azadlığının əlindən alınmasını, kölə halına salınmasını iddia edənlər bilməlidirlər ki, qadının bir varlıq kimi hansı keyfiyyətlərə malik olmasını, onun həqiqi kamalını, onun üçün nəyin xeyrli, nəyin isə ziyanlı olmasını onu Yaradandan gözəl heç kəs bilıə bilməz və qadının bir insan kimi əsl ləyaqətini - onun izzətini, əsl azadlığını heç bir qanun İslam qanunları qədər qoruya bilməz. Zənnimizcə, İslam kimi mütərəqqi bir dinə xor baxmaq, onun qanunlarında ədalətsizlik axtarmaq özü ən böyük ədalətsizlikdir.


Bikəxanım Əzimova,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi




Dini Jurnalistika Məktəbinin yaz sessiyası yekunlaşdı

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyasının «Dəyərlər» Dini Jurnalistika Məktəbinin yaz sessiyası yekunlaşdı. Hacı İlqar İbrahimoğlunun verdiyi məlumata görə, sessiya ərzində bir çox seminar və mühazirələr keçirilmişdir. İlk seminarda, qış sessiyasından sonra ötən dövrün təhlili aparılmış, nəticələr müzakirə edilmişdir. Ümumilikdə vəziyyət qənaətbəxş qiymətləndirilmişdir. Xüsusilə müsbət hallar olaraq, yazarların artan yaradıcılıq fəallığı, verilən tövsiyələrə və məsləhətlərə diqqətlə yanaşılması qeyd olunmuşdu. Eyni zamanda, gündəmə uyğun yazıların və təhlillərin say və keyfiyyətinin artırılması yönündə görülməli işlər müzakirə edilmişdir.
Sessiya ərzində «İnformasiya qaynaqları ilə işləməyin optimal üsulları», «İctimai rəylə iş zamanı mətni təminatın həyata keçirilməsi», «Jurnalistika fəaliyyətində xəbərin və yazıların mövzu seçimində kreativ yanaşmanın rolu» kimi mövzular üzrə silsilə mühazirələr oxunmuş, seminarlar keçirilmişdir.
Yekun seminarda gələcək istiqamətlər üzrə atılacaq addımlar müəyyənləşdirildi, yay sessiyasına qədər dövr üçün Məktəbin dinləyicilərinə tapşırıqlar verildi. Müəyyənləşildi ki, yay sessiyasına qədər mütəmadi nəzəri-praktik məşğələlər keçiriləcəkdir.
Xatırladaq ki, 40-a yaxın dinləyicisi olan «Dəyərlər» Dini Jurnalistika Məktəbi DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) və İçəriəhər «Cümə» məscidinin dini icması tərəfindən 2007-ci ilin dekabrında fəaliyyətə başlamışdır. Məktəb ikiillik dövrü əhatə edən proqram əsasında fəaliyyət göstərir.

Xəbər xidməti

"Biz Fələstini onlara verməyəcəyik"

Bir dəfə gözüm belə bir ifadəyə sataşdı: "Hamının bir anası var, o da vətəndir." Vətən mövzusunda çox danışmaq olar. Amma qələm götürməyimdə məqsəd vətən haqqında yox, ürək yanğısıyla xatırlanan, minlərlə insanın vətəni olan Fələstin haqqındadır. Bu barədə yazmağı mənə Fələstin haqqında baxdığım bir proqram məcbur etdi desəm, yanılmaram.
Əslində Fələstin də bir vətəndir. Amma bu vətəndə zülm icra edənlər bu vətənin sakinlərini vətənsiz qoymaq istəyirlər. Hər gün kiçiyindən tutmuş böyüyünə qədər insaniliyini itirmişlər tərəfindən zülmlərə məruz qalmaq necə də ağırdır.
Ən şox cəlbedici məqam budur ki, bu zülmlərə qarşı fələstinli uşaqlar layiqincə mübarizə aparırlar. Ən azından üzərlərinə düşən qədər. Buna sübut onların bu cür yaşamı həyat tərzlərinə çevirmiş zalımlara qarşı təpki göstərmələridir. Buna misal olaraq İsrail rejiminin qaniçən əsgərləri tərəfindən divarın tikilməsinə və ya onlara edilən digər zülmlərə görə etiraz aksiyalarının keçirilməsini göstərmək olar ki, bu cür aksiyalara getmələri çox təhlükəli olduğu halda, uşaqları durdurmaq mümkün olmur. Bu cür aksiyalarda uşaqlara qarşı gözyaşardıcı bombalardan istifadə edirlər. Uşaqlar isə "Bunu torpaqlarımızı qorumaq üçün edirik" deyirlər. Hətta məktəbdə uşaqlar əsgərləri daşa da tuturlar.
Uşaqlardan müsahibə alınan zaman onlardan biri böyüyərkən pilot olmaq istədiyini dedi. Səbəbini soruşduqda isə "Döyüşçü olub vətənimizi düşməndən azad etmək üçün" deyə bildirdi.
"Biz israillilərin torpaqlarımızı almalarına imkan verməyəcəyik", "Onlar bütün bu hərəkətlərilə istəyirlər ki, biz vətəni tərk edək, amma bizə nə etsələr, biz vətəni tərk etməyəcəyik." Bu cümlələr bir fələstinli uşağın dilindən yox, müsahibə alınan hər bir uşağın dilindən səsləndi. Bu da onlarda olan həm vətənpərvərlik, həm də ümid hissini göstərir.
İstədiyin vaxt istədiyin yerə gedə bilməmək, gecələr üzərlərinə işıq tutulması və atəş açılması, gözünün qabağında yaxınına vəhşi əsgərlər tərəfindən zülm verilməsi, insanların küçədə pasportla gəzməsi, istirahət məqsədilə uşaqların dənizə gedə bilməməsi, bir sözlə, HƏBSXANA KİMİ HƏYAT TƏRZİ. Bu cür vəziyyətdə pulsuzluq, bir gün yemək tapmaq, bir gün tapmamaq, amma bütün bunlara baxmayaraq, ümidini itirməmək - fələstinlilərin gündəlik durumudur. Sadalanan bu zülmlərə dözmək, sinə gərmək və hər şeyə rəğmən ümüdini itirməmək uşaq yox, "böyük insan" işidir. Bu gün düşmən "olmayan" gözlərilə baxsın ki, Fələstin torpağı qoynunda necə övladlar bəsləyir. Allah onlara yar olsun!

Zemfira Nəsrullayeva,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

ZİKRİN ƏHƏMİYYƏTİ

«Zikr» ərəb sözü olub «xatırlama», «anma», «yada salma» kimi mənaları ifadə edir. İslami bir məfhum olaraq isə Allahı zikr etmək, Allahı anmaq və hər an xatırlamaq deməkdir. O, bəndəlik yolunun yolçuları olan hər bir insanın mənəvi təkamül və inkişafını şərtləndirən amillərdən hesab olunur və ən gözəl, ən üstün ibadət kimi dəyərləndirilir.
Allah Təala Qur’ani-Kərimdə («Bəqərə», 152) buyurur: “Məni yada salın ki, mən də sizi yada salım”.
Ayədən məlum olur ki, Allah Təala Onu yada salanları, zikr edənləri yada salar. Peygəmbəri-Əkrəm (s) Əbuzərə tövsiyəsində elə bu məqamı bəyan edərək, buyurmuşdur: ”Qur’anı oxu və Allahı zikr et. Cunki zikr etməyin sənin asimanda yad olunmağına səbəb olar və yer üzündə sənin üçün nur olar”.
Müxtəlif Qur’an ayələrində zikr həm də Qur’anın adlarından biri kimi təqdim olunur. Ilahi zikr Allah Təalanın daha çox təkid etdiyi və Peyğəmbər (s) və Imamlar (ə) tərəfindən də daha çox tövsiyə və sifariş olunan bütün salihatlar içində ibadət əhlinə daha çox, yəni sonsuz dərəcədə fayda və xeyir bəxş edən, onu üstün məqamlara çatdira biləcək bir əməldir. Zikr insanı qəflətdən çıxarır. Allahdan, haqdan uzaq düşmüş, günah və haram girdabında çabalayaraq, yaradılışının hikmətini hələ də anlamayan, boş bir ömür sürən və həyatını zülmə çevirib həlak olmaq durumunda olan şəxsin nura, nicata və işıqlı bir gələcəyə - axirət səadətinə çatmasının təminatına çevrilir.
Zikr o deməkdir ki, bəndə zikr etdiyi dövrdə Allahla olur. Allahla olmaq isə şeytanın şərindən amanda olmaq, bütün günah və haramların səbəbi olan dünya məhəbbəti və nəfsi-əmmarədən uzaq olub, Allahın razılığını və onun dərgahına yaxınlığı qazanmaqdır. Bir ayədə “…ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırla!..” buyurulduğu kimi bu ibadət üçün zaman və məkan məhdudiyyəti, demək olar ki, yoxdur.
Allahı zikr etməyin faydaları kimi aşağıdakılar qeyd olunur:
1) Sheytanı qovur, onu əzir və sındırır;
2) Rəhman olan Allahı razı salır;
3) Qəlbdə olan sıxıntı və kədəri aparır;
4) Könüldə sevinc və fərəh oyadır;
5) Qəlbi və sifəti nurlandırır;
6) Ruzini artırır və s.
Bunların sayını bir qədər artırmaq da mümkündür. Lakin onu demək kifayətdir ki, zikrin müqabilində bəndənin savab, bəhrə, fəzilət və məqam qazanmaq imkanları olduqca genişdir.
Rəsuli-Əkrəmdən (s) nəql olunan hədislərdən birində buyurulur: “Qəlbləri nurlandıran şey Allahı yad etmək və Qur’an oxumaqdır”. Digər bir hədisdə: “Cəbrail mənə … zikr barədə o qədər tapşırdı ki, zikrdən başqa heç bir danışığın faydalı olmadığını zənn etdim”. Daha bir hədisdə isə zikr haqqında Allahın Rəsulu (s) buyurur ki, “Allah Təala mənə 9 şey tapşırıb, mən də onları sizə tövsiyyə edirəm… (o cümlədən) danışığımın zikr olmasını”.
Ən çox bəyənilən qəlb və dilin birgə zikridir. Yəni qəlbin zikrindən sonra bu zikr dil ilə təkrarlansın. Lakin dilin zikri də bəyənilən və qəbul olunandır. Belə zikrlər üçün də savablar muəyyən olunmuşdur. “Səhər-axşam yalvararaq, qorxaraq, səsini ucaltmadan qəlbində Rəbbini yad et və qafillərdən olma” ayəsindən məlum olur ki, qəlbi və gizli zikr daha üstün fəzilətlərə malikdir.
“Peyğəmbər (s) nəql etdiyi “Dua etmək istəyərkən əvvəl salavat göndərin. Allah böyük kərəm sahibidir. Allah belə deyil ki, iki istəyin birini qəbul edib, digərini qaytarsın. Çünki salavat qəbul edilən duadır” hədisinə diqqət etmək kifayətdir ki, zikrlərin nə qədər dəyərli və duaların qəbulu üçün təminat olduğu sübuta yetsin.
Eləcə də xanım Həzrət Fatimeyi-Zəhra (s.ə.) təsbihatının fəzilətlərini saymaqla qurtaran deyil. Təkcə onu deməklə kifayətlənirəm ki, əgər Peyğəmbər (s) zikrlər içərisində bundan üstününü bilsəydi, məhz bu zikri xanım Zəhra (s.ə.) bütün dünyadan daha qiymətli hədiyyə kimi öyrətməzdi. “Məkarimul-əxlaq” kitabında hekayət olub ki, Fatimeyi-Zəhranın (s.ə.) zikri möminin 5 əlamətindən biridir.
Allah Təala: ““La Ilahə Illəllah” kəlməsi mənim möhkəm qalamdır. Hər kəs ona daxil olsa, mənim əzabımdan amanda olar”, - buyurmuşdur. Və hər bir zikrin öz təyinatı və fəziləti vardır. Allah Təala bizlərə axirət azuqəsi üçün zikr etməyi əta və bərəkətli etsin! Inşəallah!

Şövkət Yusifkənan,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

NAMAZ

Rəbbinə həmd etməyə əvvəl - dəlalətdir namaz.
Qeyri yol axtarmayın, düz istiqamətdir namaz.

Haqq - Təala ehtiyacsızdır bizim taətlərə
Xeyrə dəvət eyləyən əmrə itaətdir namaz.

«Mən müsəlmanam» deyən şad eyləyər Peyğəmbəri
Çün əməllə göstərər vacib - ibadətdir namaz.

Binamaz ömrün verilsə qiyməti müsbət deyil
Qədri - qiymət, düz cəhət, həm ömrə zinətdir namaz.

Haqqa təslimolma məhşərdə böyük yardımçıdır
Haqq yol ilə getməyə məlum əlamətdir namaz.

Kim itirsə səmtini yəqin ki, yetməz kamına
Bir əvəzsiz lütfdür, bir ümdə nemətdir namaz.

Gün gələr ki, varu - dövlət zərrə yetməz dadına
Düşməmişdən müşkülə tədbirlə fürsətdir namaz.

Düş azanın mehrinə ruhun ucalsın göylərə
Haqqa doğru səsləyən xoş səsli dəvətdir namaz.

Həm Rəsulun, həm Əlinin naminə asan olan
Tay olan hər daşı min qəsrə imarətdir namaz.

Kim namazdan ayrılar, üz döndərər ondan Əli
Gəl namazdan bərk yapış, bir gün şəfaətdir namaz.

Zahir olsa sərvərim dünyanı gülzar eyləyər
Gül cəmalın güzləyənçün vəqti - beyətdir namaz.

Ey güzəllər Xaliqi, sevdim gözəl məxluqunu
Qəlbi aram eyləyən min sirli surətdir namaz.

Şahin Qurbanov,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi





пятница, апреля 18, 2008

İslamda qonşuya münasibət

İslam dinində qonşuluq barədə çoxsaylı buyuruq və göstərişlər var. İslam bizlərə qonşuya qayğı göstərməyi, onun namus və ləyaqətini qorumağı, eyiblərinin üstündən keçməyi, ehtiyaclarının təmin edilməsində yardım etməyi, inamsızlığını yarada və ona ziyan gətirə biləcək hər hərəkətdən çəkinməyi tövsiyə edir.
Allah Rəsulu (s) buyurmuşdur: “Cəbrayılın (ə) qonşu ilə gözəl davranma barədə nəsihətlərindən sonra, mən hətta fikirləşdim ki, o, qonşunu varislər siyahısına daxil edəcək”.
Bəli,bu bir daha sübut edir ki, islam dinində qonşulara münasibət çox yüksək məqama sahibdir.
Digər bir hədisdə Peyğəmbərimiz (s) buyurmuşdur: “Yaxınlıqda ac qonşusunun olduğunu bilib, özü tox yatan bir kəs mənə iman gətirməyib”.
Əsl müsəlman hər zaman əziz İslam Peyğəmbərinin (s) buyurduğu kimi, ictimai həmrəyliyi yaddan çıxartmamalıdır. Həmçinin hər bir insan qonşusunun ona etdiyi xirda yaxşılıqlara belə laqeydliklə yanaşmamalıdır və qonşusuna minnətdarlığını bildirməlidir. Çünki yaxşılığın müqabilində olunan minnətdarlıq qonşular arasında qarşılıqlı sevgi və həmrəyliyin yaranmasına səbəb olur və onları bir-birinə qarşı mərhəmət göstərməyə stimullaşdırır. Digər bir hədisdə Peyğəmbərimiz (s) buyurmuşdur: “Qiyamət günü ən birinci bir-birilə mübahisə edən qonşular sorğu-sual olunacaqlar”.
İnsanlığa yaraşmayan bu mübahisələr qonşu arasında kin yaradır və uzun sürən ədavətə gətirib çıxardır. Əsl müsəlman xeyirxahlığı sadəcə qohumluğu çatan qonşusuna etməklə kifayətlənməməlidir. O,eyni mehriban münasibəti qeyri-müsəlman qonşularına da göstərməlidir. Çünki, İslamın mərhəməti o qədər genişdir ki, o, hansı dinə mənsub olmağindan asılı olmayaraq, bütün insanları əhatə edir.
Həqiqətən də, pis qonşu Allahın mərhəmətindən məhrum olan bir insandır.
Qonşunun haqqı barədə Allah Kitabında birmənalı tövsiyələr var. Allah Təala Qurani-Kərimin «Nisa surəsi» 36-cı ayəsində belə buyurub: “Allaha ibadət edin və ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, həmçinin, qohum-əqrabaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşulara, yaxın dostlara, yolda qalana, sahib olduğunuz qul və kənizlərə layiqli bir yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri və lovğalıq edənləri sevməz!”
Gəlin bizlər də qonşularımızı bağışlamağı bacaraq və bununla da Allahın bizləri mükafatlandıracagina ümid bəsləyək!


Xəyalə Heydərova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



Xurafat

Dinimizin ilahi saflığını təhdid edən ən təhlükəli amillərindən biri xurafat və mövhumatlardır. Xurafat və bidətlər İslam dininə çox böyük zərbə vurmaqdadır. Təsadüfü deyil ki, dinimizi tənqid edib pisləyənlər özlərinə dəlil kimi məhz müsəlmanlar arasında geniş yayılmış xurafatları misal çəkir, bunu İslam adına çıxıb dinimizi gözdən salmağa çalışırlar. Dinə bundan daha böyük zərbə təsəvvür edilə bilməz.
Xurafatlar həqiqi dindən uzaq həyat sürən kütlələr içində çox geniş yayılıb. Gündəlik həyatımızda müsəlman əqidəsindən çox uzaq olan belə inanclarla hər birimiz dəfələrlə qarşılaşırıq. Bəzən hətta Allah Təalanın Quranda vacib buyurduqlarına heç xurafatlar qədər riayət edilmir. Xurafatlara inam bağlılığı həyatımızın bir çox sahələrində özünü göstərməkdədir. Misal olaraq aşağıdakı batil və dinlə heç bir bağlılığı olmayan inancları gətirmək olar: 13 rəqəmini nəsh bilmək, qapıda görüşməyi uğursuzluq əlaməti saymaq, axşam çağı ev süpürməmək, dirnaq tutmamaq , gözmuncuğunu nəzərdən qoruyan talisman hesab etmək, bəzi adamları «ayağı ağır» adlandırmaq və s.
Əlbəttə ki bu əməllərin heç birini əqidə və inanca çevirmək düzgün deyil. Bu - müsəlman əqidəsi ilə uzlaşmayan bir haldır və insanın həyatda normal, rahat yaşayışını məhdudlaşdırır. Mübaliğə olmasın, bəzən adam asqırmağa belə çəkinir ki, birdən «tək səbir gəldi» deyə yanindakılar onu qınayar...
İslam dininin maarifçiliyi, ilahiyyat elmlərinin təbliği, Qurani-Kərim və Peyğəmbərimizin (s) buyruqlarının tədrisi - xalqı İslam dininin əsasları ilə tanış edir və belə olduğu halda camaat nəyin dindən, nəyinsə xurafatdan ibarət olmasını öyrənir. İslam dininin olduğu kimi qorunması üçün insanlar arasında tədris və təbliğ işinin aparılması dini elmlərlə tanışlığı olan və dini qaydaları bilən bütün müsəlmanların ən başlıca vəzifələrindəndir.

Xəyalə Heydərova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


ABŞ-da «Erməni Soyqırımı müzeyi» tikilir

ABŞ paytaxtında uzun müddətdir ki, müxtəlif səbəblər üzündən həyata keçirilə bilməyən “Erməni müzeyi” üçün işlər başlayır.
Türkiyənin haberler.com informasiya portalının verdiyi məlumata əsasən, Ağ evin çox yaxınlığında yerləşən və 1925-ci ildə tikilən köhnə “National Bank” binası yenidən qurularaq “Erməni Soyqırım Muzeyi” adı ilə fəaliyyət göstərəcək. Müzeyin inşaat işlərinin 2010-cu ildə tamamlanması planlaşdırılır.
Amerika Erməni Asambleyası (AAA) nümayəndələri müzeyin “Yerevandakı kimi” olacağını və müxtəlif fotoşəkil və sənədlərə yer veriləcəyini ifadə etmişlər. Həmçinin Amerika Erməni Asambleyası rəsmiləri onu da qeyd etmişlər ki, müzeydə erməni tarix və mədəniyyətinin təqdimatı da nəzərdə tutulmuşdur.
Müzeyin maliyyə məsələləri müxtəlif təşkilatlar və fərdlər tərəfindən qarşılanır. Rəsmi Ankara isə məsələ ilə bağlı hüquqi müstəvidə işlərin getdiyini, amma indiyə qədər heç bir nəticə vermediyini bildirmişdir. Buna baxmayaraq, Ankara bütün imkanlardan istifadə olunacağını və belə bir qondarma müzeyin fəaliyyətinə yol verilməyəcəyini bildirmişdir.

Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


среда, апреля 16, 2008

«Qlobal aclıq» haradan gəldi,

yaxud, «Gözünüz aydın, filin biri də gəlir…»

Yaxın günlərdə Azərbaycan teleməkanında bir sevindirici xəbər yayıldı. Məlum oldu ki, bir sıra hegemon dövlətlərdə yaşayış o qədər yaxşılaşıb ki, burada vətəndaşlar daha çox ət məhsulları yeməyə başlayıblar. Ət məhsullarına tələbatın artması heyvanlara verilən qidalara, dənli bitkilərə də ehtiyacı, tələbatı çoxaldıb. Bu amilin dünyada taxıl məhsullarının qlobal qıtlığına gətirib çıxaracağı vurğulanır.
Ölkəmizə gəldikdə isə, məmurlar bildirirlər ki, ölkəmizdə qıtlığın qarşısını almaq üçün tədbirlər görüləcəkdir və builki taxıl ehtiyatı bu hadisələrin ölkəmizdə aclıq kimi fəsadların yaranmasının qarşısını nisbətən alacaq.
Deyirəm hey, gözünüz aydın, neft ölkəsində yaşaya-yaşaya doyunca nə qazdan, nə işıqdan istifadə etdik. Bu azmış kimi, indi də deyəsən yeməkdən də bir qədər pəhriz edəsi olacağıq. Yoxsa, neftin dalınca, taxılın da gethagetidir? Necə bəyəm, bəs qoluguclu dövlətlərin heyvanlarına taxıl haradan getsin? Biz səbirli xalqıq, birtəhər dözərik. Təki tox millətlər aclığın nə olduğunu bilməsin…
Yadıma Molla Nəsrəddinlə bağlı bir lətifə düşür. Deyirlər Teymurləngin qoşununun filləri varmış. Hər fili də bir kəndə təhkim edərmişlər. Molla Nəsrəddingilin kəndini də bir fillə «bəxtəvərləşdirmişlər». Bu fil də taxıla-filana od qoyurmuş. İndi bir qrup kənd ağsaqqalı gedir Teymurləngin yanına xahişə ki, fili apar, yoxsa bizi acından öldürəcək. Amma Teymurun yanına girməmiş ağsaqqallar bir qədər ürəksizləşirlər və yavaş-yavaş aradan çıxırlar. Teymurun yanına girəndə, Molla Nəsrəddin görür ki, tək qalıb. Barmağını dişləyir ki, bəs deyəsən vəziyyət xarabdır. Teymur ondan gəlişinin səbəbini soruşanda, deyir «şah sağ olsun, bəs göndərdiyin fil kənddə təkdir, darıxır. Olmazmı ona bir dost göndərəsən?». Teymur bu «xahiş»dən xoşhallanır, göstəriş verir ki, bu kəndə bir zırpı fil göndərin. Molla kəndə qayıdanda, xəbər alırlar bəs nə oldu, o da cavabında: «Gözünüz aydın, filin biri də gəlir!» - deyə «cəsarətli» həmkəndlilərini müjdələyir.
İndi deyirəm, bu dəfəki «fil» keçdi, görəsən gələn dəfə bizi nə sürpriz gözləyir? Hansı qlobal şadlıq məmləkətimizə təşrif buyuracaq?

Rövşən Fərhadoğlu,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



воскресенье, апреля 13, 2008

Qərbin Həzrət Muhəmməd (s) haqqında düşüncələri

Tarix bəşəriyyətin əli ilə, bəşər isə hər şeydən çox peyğəmbərlərin əli ilə tərbiyə olunur. Əgər quruculuq və yaradıcılıq sahəsində insanı əsas tutsaq, heç bir sənətkar peyğəmbərlə ayaqlaşa bilməz. Yaranış ənənəsi dünyanı insanın fərmanına, insanı iman qüvvəsinin fərmanına tabe, peyğəmbərləri isə bu qüvvənin rəhbəri və hərəkətvericisi etmişdir. (Ustad Şəhid Mürtəza Mütəhhəri)
Bu gün bəşər bütün elmi müvəffəqiyyitlərdən sonra dərdli-dərdli inləyir. Görəsən, niyə inləyir? Əksiklik, nöqsan, çatışmamazlıq nədədir?
Günümüzün insanı bu qədər ecazkar elmi və texniki tərəqqilərə baxmayaraq, insanlıq cəhətindən bir addım da olsun irəliləməmiş, əksinə, sanki tarixin ən qaranlıq dövrünə qayıtmışdır. Heç bir dövrdə yeni əsr qədər ədalət, azadlıq, qardaşlıq, insansevərlik, sülh, paklıq, doğruluq, sədaqət barəsində söz deyilməmiş və heç bir əsrdə də indiki qədər bu xüsusiyyətlərin ziddinə iş görülməmişdir.
Bəşəriyyət bu həqiqi dəyərləri özündə əks etdirən islamdan ayrı düşmüş və yalançı dəyərlər üzərində zorla formalaşdırılan insaniyyət, əxlaqiyyət barədə danışaraq özünün təbiətini dəyişməyə çalışmışdır.
İslamın qısa bir vaxtda yayılması heç bir əsr belə keçmədən Şimali Afrikaya, oradan Əndəlusa, daha sonra Avropanın içinə doğru irəliləməsi Qərb dünyasını çox sarsıtmışdı. Bu yayılmanın qarşısını almaq məqsədilə Qərb, özünün bədnam "xaç yürşlərinə" başladı. Təqribən 200 il sürən bu yürüşlər nəticəsiz qaldı. Amma əsrlər keçdikdən sonra, "mənəvi xaç yürüşləri"nə start verildi. Bu cür xaç yürüşlərinin hədəflərinin başında islam haqqında şübhələr yaratmaq, Həzrət Peyğəmbəri (s) gözdən salmaq, onun (nəuzubillah!) saxta bir peyğəmbər olduğu fikrini insanların beyinlərinə yeritmək prinsipi vardı. Missionerlik fəaliyyətlərilə müsəlmanları içdən çökdürüb, mənəvi güclərini qırmaq məqsədilə isə iftira kompaniyalarına başladılar. Həzrət Peyğəmbər (s) və Qurani-Kərimlə əlaqədar xurafat və batil inanclar yaydılar, yalan və iftiralarla dolu kitablar nəşr etdilər.
İslam aləmini ayağa qaldıran mənfur karikatura hadisələri və Qərbin bəzi qüvvələrinin islam və müsəlmanlara qarşı olan kin, nifrət və düşmənçiliyinin açıq bir şəkildə təzahürünün kuliminasiya nöqtəsi oldu.
Ancaq karikatura hadisələri ilə ortaya bir həqiqət çıxdı. Qərbin bəzi qüvvələrinin Həzrət Muhəmmədə (s) düşmənçiliyi nə qədər çoxdursa, müsəlmanların sevgisi də bir o qədər çoxdur. Hətta bizim sevgimiz onların düşmənçiliyindən də qat-qat çoxdur. Quran Həzrət Peyğəmbərdə (s) gözəl bir örnək («Əhzab», 21) olduğunu vurğulayır. Bunun mənası HəzrətPeyğəmbərin (s) həyatının bütün mərhələlərinin hər insan üçün bir model olmasıdır. Çünki o, bir insanın həyatında baş verə biləcək hər cür maddi və mənəvi halı şəxsən yaşamışdır. Yetim olmuş, kasıb olmuş, cəmiyyətin rəhbəri olmuş, imam olmuş, ordu rəhbəri olmuş, ata olmuş, övlad acısı yaşamış və s.
Həzrət Muhəmməd (s) insanın dəyər və şərəfini yüksəltmiş, dil, irq, məqam, mövqe, milli mənsubiyyətdən yaranan fərqlilikləri ortadan qaldırmış, insanların bərabər olduğu prinsipini çatdırmışdır.
Qadınlar onun gətirdiyi İslam dini ilə haqq və hüriyyətlərinə qovuşmuş, yoxsullar insan olmanın qürurunu hiss etmiş, yetimlər himayə altına girmənin zövqünü dadmış, uşaqlar nəvazişin fərahlığını duymuşdular. Allah Təala İslamın qayəsi olan "kamil insan" modelini Həzrət Muhəmmədin (s) timsalında ortaya qoymuş, onu bütün bəşəriyyət üçün misilsiz örnək götürüləcək şəxsiyyət qılmışdır.
Məhz bu kimi xüsusiyyətlərə görə məsələyə nisbətən obyektiv baxmağa çalışan Qərbin obyektiv yazıçı və tədqiqatçıları Allah Rəsulu ilə əlaqədar qismən də olsa haqqa, həqiqətə əsaslanan etiraflar etmişlər. Bu etiraflardan bəzilərini qeyd edirik.
İrland yazıçısı Corc Bernard Şounun etirafları: "Mən həmişə Muhəmmədin dininə, onun həyatiliyinə görə böyük hörmət hissi ilə yanaşmışam. Mənə elə gəlir ki, o, hər zaman və hər yerdə cazibəli ola bilən və həyatın ən müxtəlif sahələrində məişət üçün yararlı olan yeganə dindir. Orta əsrlər xristian ruhaniləri ya öz nadanlığı, ya da ki, təəssübkeşliyi üzündən islamı ən tutqun boyalarla təsvir etmişlər. Mən Muhəmmədi dahi bir şəxsiyyət kimi öyrəndim, əmin oldum ki, o Məsih İsa ilə düşmənçilikdən uzaqdır. Biz onu mütləq "Bəşəriyyətin xilaskarı" adlandırmayıq. Mən inanıram ki, onun kimi bir adam müasir dünyanın başında dursa, onda ən çox ehtiyacı olduğu sülh və səadət bərqərar etməklə onun bütün problemlərini uğurla həll edər! Mənim millətimin nümayəndələri olan avropalılar Muhəmmədin dinini qəbul edirlər, biz hətta deyə bilərik ki, Avropanın islama keçidi başlanmışdır. XXI əsr başa çatmamış Avropa öz problemlərinin həlli üçün islamdan kömək diləməyə başlayacaqdır."
Filosof Karl Layl (XIX əsr) yazır: "Dinləməyə və qəbul edilməyə ən layiqli sözlər Muhəmmədin sözləridir. Çünki yalnız onun dedikləri həqiqəti əks etdirir."
Vyana universitetinin dekanı professor Şepel 1927-ci ildə hüquqşünasların konfransında demişdir: "Bəşəriyyət Muhəmməd kimi bir adamın ona mənsubluğu ilə fəxr edir. Belə ki, neçə yüzillik qabaq o, elə bir şəriətlə gəlmişdir ki, biz avropalılar əgər min ildən sonra onun qiymətini dərk etsək, çox xoşbəxt olarıq."
Şahzadə Otto Von Bismark: "Mən iddia edirəm ki, Muhəmməd mümtaz bir qüvvədir. Yaradanın ikinci belə bir varlığı varlıq aləminə gətirməsi ehtimallardan çox uzaqdır. Sənə müasir bir vücud olmadığım üçün mütəəssirəm, ey Muhəmməd! Müəllimi və naşiri olduğun bu kitabın Allahdan olduğunu inkar etmək, müsbət elmlərin batil olduğunu iddia etmək qədər gülüncdür. Buna görə bəşəriyyət sənin kimi mümtaz bir qüdrəti görüb və bir daha da görməyəcəkdir."
Edvard Gibbon: "Muhəmməd kırallığın ehtişamını çox xor görürdü. Allahın elçisi ailəsində bir xidmətçi kimi davranır, ocağı qalayır, yer süpürür, qoyunları sağır, paltarları və ayyaqqabılarını özü təmir edirdi. Bir rahib, bir keşiş mənzərəsini də təsvir etmə ehtiyacını duymadan çox təbii bir zöhd həyatı yaşayırdı."
Alfonso de Lamarte: "Tarixdə kim Muhəmmədlə müqayisə oluna bilər ki? İnsan əzəmətinin təyini üçün lazım olan bütün meyarlar daxilində soruşuruq: Ondan daha böyüyü varmı?"
Burda həqiqəti görməyi bacaranların çox az bir qisminin adlarını verməklə kifayətləndik. Həqiqəti görməyərək və yaxud da görmək istəməyərək sənə iftira edənlərdən, Ya Rəsulallah, ancaq Rəbbimizə şikayət edir və deyirik: «Ya Allah!...Onlar bilmir! Bilmələrinə bizi vəsilə qıl! ... Üzərimizdəki bu tənbəlilyi qaldır! İslamın şəfqət və mərhəmətini bütün insanlığa çatdırmağı bizlərə nəsib et! Canımızı ancaq Sənin üçün yaşadıb, Sənin üçün fəda edə bilməyi lütf et və bu canlar can qatsın digər cansızlara! Bir dirilişin toxumları ola bilsin ürəklərimiz!»

Aysel Kərimova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Orucun faydaları

İslam dininin dəstəmaz, namaz, oruc və s. kimi göstərişlərinin insan orqanizminə faydaları tibbi baxımdan araşdırılır. Bu istiqamətdə bir sıra inkişaf etmiş ölkələrdə tibb elmi üzrə mütəxəssislərin elmi-tədqiqi mülahizələri vardır ki, dünya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır.
Almaniya və eləcə də Avropanın bir sıra böyük şəhərlərində yeni açılmış klinikalarda mədə xəstəliklərini, hətta alkohol və narko-asılılığı da orucla müalicə edirlər. Oruc və onun faydaları ilə bağlı geniş elmi araşdırmalar aparan doktor Bertholef “Oruc - bıçaqsız əməliyyatdır” demişdir. Professor Əl-Ravi qeyd edir ki, “Oruc bədənin xəstəliklərə qarşı müqavimətini artırır və müasir tibb elmi orucdan xəstəliklərə qarşı qoruyucu vasitə və bir dərman kimi istifadə etməkdədir”.
Müasir dövrdə ən məşhur Avropa alimləri öz xəstələrinə oruc tutmağı tövsiyə edirlər. Məs: dünya şöhrətli professor Vidfor Rayxetin fikirincə: “İlin müəyyən vaxtlarında müsəlmanlar kimi oruc tutun. Çox vaxt ac qalıb ərik suyu için ki, mədəniz dincəlsin”.
Alman həkimi Day Zayt deyir: “Bizim hələ yenicə “kəşf etdiklərimiz” hələ 1400 il əvvəl Qurani-Kərimdə orucla əlaqədar ayələrdə verilmişdir. Müqəddəs mətnlərdə düzgün olaraq buyurulmuşdur ki, çox yemək pisliklərin atasıdır. Mədəsini dolduran şəxs heç vaxt sağlam ola bilməz. Deyilənlər İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) “Oruc tutun ki, sağlam olasınız” hədisini bir daha təsdiqləyir.
Həkimlərin müəyyənləşdirdiyinə görə, orucun həzm sisteminə təsiri fövqəl dərəcədə böyükdür. Ağız, tüpürcək vəzləri, udlaq, qida borusu, mədə, 12 barmaq bağırsaq, qaraciyər, mədəaltı vəz kimi mühüm orqanlardan təşkil olunmuş həzm sistemi bir komputer kimi fəaliyyət göstərməkdədir. Avtomatik surətdə idarə olunan bu sistem gün ərzində uzunmüddətli iş rejiminin, əksər hallarda əsəbləşmənin və düzgün qidalanmamağın nəticəsində taqətdən düşür və öz həyati funksiyalarını lazımınca yerinə yetirə bilmir.
Oruc tutmaqla həzm sistemi ildə bir ay dincəlir. Əsl möcüzəli təsir isə qaraciyərlə bağlı müşahidə olunur. Maraqlısı bundadır ki, orucdan başqa digər pəhrizlər yuxarıda dediklərimiz baxımından kifayət deyil. Çünki hətta 10 qramlıq bir maddənin belə orqanizmə daxil olması həzm sistemini hərəkətə gətirir, bu mənada demək olar ki, məhz oruc sayəsində həzm sistemi dincəlir.
Müəyyən olunub ki, orucun qaraciyərə başqa bir təsiri qan vasitəsilədir. Qaraciyərin ən mühüm funksiyalarından biri qəbul edilən qida ilə ifraz olunan qida arasında müvazinət yaratmaqdır. Bu baxımdan oruc tutularkən gündüzlər qida qəbul olunmadığından qaraciyər istirahət edir və bu müddət ərzində immunitetin güclənməsinə səbəb olan həyati əhəmiyyətli qlobinlər hazırlayır.
Tibb elminin mütəxəssisləri orucun faydaları ilə bağlı araşdırmalar apararkən digər maraqlı bir fakt aşkar ediblər. Sən demə, başqa aclıq hallarından fərqli olaraq, Ramazan ayında niyyət etdikdən sonra iftara kimi gün ərzində mədə şirəsinin ifrazı da dayanır. Bu isə öz növbəsində mədənin dincəlməsinə və həzm sisteminin yaxşılaşmasına səbəb olur.
Oruc tutmağın bağırsaqların fəaliyyətində oynadığı müsbət rolu da qeyd etmək lazımdır. Çünki oruc tutarkən, bağırsaqlar şirə ifrazını dayandırır və bağırsaqların hərəkət edən əzələləri istirahət edir. Bağırsaqların daxili divarları altında mühafizə sisteminin bir hissəsi olan xovların yerləşdiyini bilirik. Oruc sayəsində həmin xovlarda sözün əsl mənasında bir təftiş (həyəcan) həyata keçirilir.
Bir sözlə, orucun tibbi baxımdan insan orqanizmi üçün nə qədər faydalı olduğu göz qabağındadır. Bütün bunları sadalamaqda məqsədimiz diqqətinizi ancaq orucun dünyəvi faydalarına yönəltməklə onun əsl mahiyyətindən, ilahi fəlsəfəsindən uzaqlaşdırmaq deyil, əslində ilahi hikmətə söykəndiyini vurğulamaqdır. Həqiqətən də, insanların əməllərinin necəliyi ilə bağlı İlahi göstərişlərdə bir hikmətlilik vardır. Ola bilər, biz bu hikməti anlayaq, ola bilər yox. Lakin biz müsəlmanlar ona arxayınıq ki, Allah-Təala namaz qılmaq, oruc tutmaq və s. kimi əməlləri əbəs yerə vacib buyurmayıb. Çünki bu yol insanı kamala və səadətə çatdıran yeganə yoldur. İlahi, bizi həqiqi oruc tutanlardan, təqvalılardan qərar ver! Amin!


Nübar Lalayeva,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

суббота, апреля 12, 2008

80 YAŞLI SOYQIRIM

"Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssənin əzəməti ilə unudulmaz. 31 Mart ikinci günlərdən idi. Bu gün tarixin qeyd edə bildiyi "Aşura", "Vorfolomey gecəsi" kimi xainanə bir surətdə hazırlanmış siyasi faciələrdən birisi idi." Bu kəlmələri Məhəmməd Əmin Rəsulzadə 31 mart 1919-cu ildə soyqırımın birinci il dönümündə "Azərbaycan" qəzetində çap etdirdiyi məqaləsində yazırdı.
Bəli, 80 il bundan əvvəl bir faciə yaşandı Bakıda. Bakı küçələrini qanlarıyla al rəngə boyayan faciə qurbanlarının günahları bircə şeydə idi - milli-dini mənsubiyyətlərində. Faciə qurbanları müsəlman türklər, faciəni planlaşdırıb icra edənlər isə rus-bolşeviklər və erməni daşnaqlar idi.
Bolşeviklərin əsas niyyəti Azərbaycanın milli-mənəvi dəyərlərdən qaynaqlanan cümhuriyyətçi müstəqillik əzminin qarşısını almaq idi. Onlar hər vasitə ilə azərbaycanlıların hakimiyyətdə təmsilçiliyini də əngəlləyirdilər. Hələ soyqrımdan əvvəl Baksovetə seçkilərdə milli qüvvələr bolşeviklərdən faiz etibarı ilə daha çox səs toplamışdı. Bu da bolşevikləri çox narahat etmişdir. Çünki bu vaxta qədər rus imperatorlarının "caynaqlarında" tutub saxladıqları Zaqafqaziyada müsəlman əhalidən ibarət müstəqil dövlətin yaranacağı ehtimalı onların bütün planlarını alt-üst edirdi. Digər tərəfdən də erməni daşnaqlar yaranmış şəraiti fürsət bilib öz qondarma soyqrımlarının qisasını almaq həvəsində idilər.
1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqazın fövqaladə komissarı təyin edərək Bakıya göndərmişdi. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək niyətlərini erməni daşnaqların silahlı qüvvələrinin köməyi ilə həyata keçirmişlər. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6000 silahlı əsgəri, eyni zamanda "Daşnaqsütyun" partiyasının üç-dörd minlik silahlı dəstəsi iştirak etmişdir.
Bakıda 30 mart saat 17:00 radələrində başlayan hadisələr 3 gün davam etmişdir. 3 gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişlər.
Mart qırğını zamanı Bakı şəhərinin məhəllə və küçələrində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, min bir işgəncəyə məruz qalmış meyidlər qalaqlanmışdır. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə mart faciəsi barəsində bunları yazırdı: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilə. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər."
3 gün ərzində Bakıda qətlə yetirilənlərin sayı 12000-ə çatmışdır. Bütün bu baş verənləri Stepan Şaumyan Moskvaya raport verərkən "vətəndaş müharibəsi" kimi çatdırmışdır. O, bu raportunda öldürülənlərin sayını dəfələrlə azaltmışdır. Şaumyandan sonra erməni kilsəsinin yepiskopu Amerika generalı Qarborda hesabatında ölənlərin sayının minə yaxın olduğunun və bu hadisələrdə ermənilərin iştirak etmədiyini bildirmişdir.
Bakı hadisələri ilə planlaşdırılmış soyqırım lahiyəsi məhdudlaşmadı. Qısa müddətdə Qubada, Şamaxıda, İrəvanda, Zəngəzurda, Naxçıvanda, Qarsda da kütləvi qətliamlar törədildi.
Qubada 122 kənd məhv edildi, 2000 nəfər öldürüldü. 1918-ci ilin mart-aprel ayında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirildi. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırıldı və uçuruldu. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırıldı, əhalisi məhv edildi.
1918-ci ilin aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3000 nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir, Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasının 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135000 azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılmış, əhalisi məhv edilmişdir. (ADR hökuməti Fövqaladə İstintaq Komissiyasının materiallarından)
Bakıda soyqırım qurbanları dağüstü məzarlıqda dəfn edilmişdirlər. Onların tökülən nahaq qanları azadlıq toxumlarını cücərtdi. Məhəmməd Əmin Rəsulzadənin sözləri ilə desək: "Martda tökülən qanlar … Azərbaycan atəşi-müqəddəsini söndürə bilmədi! Bakı küçələrində tökülən nahaq qanlar bir "pisuz", yaxılan "İsmailiyə" isə bir "iplik" işini görərək ürəklərdə söndürülmək istənilən hürriyyət məşəlini daha ziyadə tutuşdurdu."

Aygün Kərim
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi