пятница, апреля 18, 2008

İslamda qonşuya münasibət

İslam dinində qonşuluq barədə çoxsaylı buyuruq və göstərişlər var. İslam bizlərə qonşuya qayğı göstərməyi, onun namus və ləyaqətini qorumağı, eyiblərinin üstündən keçməyi, ehtiyaclarının təmin edilməsində yardım etməyi, inamsızlığını yarada və ona ziyan gətirə biləcək hər hərəkətdən çəkinməyi tövsiyə edir.
Allah Rəsulu (s) buyurmuşdur: “Cəbrayılın (ə) qonşu ilə gözəl davranma barədə nəsihətlərindən sonra, mən hətta fikirləşdim ki, o, qonşunu varislər siyahısına daxil edəcək”.
Bəli,bu bir daha sübut edir ki, islam dinində qonşulara münasibət çox yüksək məqama sahibdir.
Digər bir hədisdə Peyğəmbərimiz (s) buyurmuşdur: “Yaxınlıqda ac qonşusunun olduğunu bilib, özü tox yatan bir kəs mənə iman gətirməyib”.
Əsl müsəlman hər zaman əziz İslam Peyğəmbərinin (s) buyurduğu kimi, ictimai həmrəyliyi yaddan çıxartmamalıdır. Həmçinin hər bir insan qonşusunun ona etdiyi xirda yaxşılıqlara belə laqeydliklə yanaşmamalıdır və qonşusuna minnətdarlığını bildirməlidir. Çünki yaxşılığın müqabilində olunan minnətdarlıq qonşular arasında qarşılıqlı sevgi və həmrəyliyin yaranmasına səbəb olur və onları bir-birinə qarşı mərhəmət göstərməyə stimullaşdırır. Digər bir hədisdə Peyğəmbərimiz (s) buyurmuşdur: “Qiyamət günü ən birinci bir-birilə mübahisə edən qonşular sorğu-sual olunacaqlar”.
İnsanlığa yaraşmayan bu mübahisələr qonşu arasında kin yaradır və uzun sürən ədavətə gətirib çıxardır. Əsl müsəlman xeyirxahlığı sadəcə qohumluğu çatan qonşusuna etməklə kifayətlənməməlidir. O,eyni mehriban münasibəti qeyri-müsəlman qonşularına da göstərməlidir. Çünki, İslamın mərhəməti o qədər genişdir ki, o, hansı dinə mənsub olmağindan asılı olmayaraq, bütün insanları əhatə edir.
Həqiqətən də, pis qonşu Allahın mərhəmətindən məhrum olan bir insandır.
Qonşunun haqqı barədə Allah Kitabında birmənalı tövsiyələr var. Allah Təala Qurani-Kərimin «Nisa surəsi» 36-cı ayəsində belə buyurub: “Allaha ibadət edin və ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, həmçinin, qohum-əqrabaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşulara, yaxın dostlara, yolda qalana, sahib olduğunuz qul və kənizlərə layiqli bir yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri və lovğalıq edənləri sevməz!”
Gəlin bizlər də qonşularımızı bağışlamağı bacaraq və bununla da Allahın bizləri mükafatlandıracagina ümid bəsləyək!


Xəyalə Heydərova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



Комментариев нет: