пятница, апреля 11, 2008

İSLAMIN NOVRUZU

Bismilləhir-Rahmənir-Rahim

Artıq bir necə müddətdir ki, biz baharın, Novruzun günlərini arxada qoymuşuq. Hər olduğu kimi, bu il də Novruz vətənimizə yeni nəfəs, təravət və xüsusi ab-hava gətirib…
Hər bir mövcudatın zahiri əlamət və batini xüsusiyyətlərində sezilməkdədir bu yenilik və təzələnmə. Hər səhnəsində, hər calarında, hər nümunəsində bir cicəklənmə, saflıq və canlanma duyulmaqdadir həyatın. Təbiətdə olanlar da sanki bir -birilə bəhsə girib daha cox kimin gözəllik izhar etməsi uğrunda yarışırlar. Bəşər övladının özü ilə də bir ruhi və fitri bağlantısı vardır bu bahar fəslinin.
İstilahda Novruz sözü "yeni gün" mənasını ıfadə edir. Bu da insanda özünəqayıdışı, təmizlənməyi, ruhi aramlıq tapmanı, oyanan təbiət kimi qəlbinin qəsavətini, ruhunun durğunluğunu aradan aparmasını özündə təzahür etdirir. Bununla da sanki yeni gününə, yeni anına qədəm qoyur və yenidən həyata gəlirmiş kimi kəşf edir və tanış olur onu əhatə edən, onun üçün yaradılmış varlıq aləmi ilə. Özü ilə təbiətin bu qarşılıqlı həmahəngliyi - xəyalən ölü təbiətin dirildiyi kimi, özünün də ölüb QİYAMƏT günü yenidən diriləcəyi anları xatırladır ona. Zaman-zaman bu fəslin fəlsəfəsi daim anılmış, yaşadılmışdır və mənəvi tellərlə bağlanmışdır ona insanlar.
İslami nöqteyi-nəzərdən yanaşdıqda, ona təzad təşkil edə biləcək bir nöqsan yoxdur Novruzda. Dinimizin zatında, mənşəyindədir Novruz. Novruzun batini keyfiyyətləri də onu tərənnüm edir, onu vəsf edir. İslam hər yeni günün keçən günə bənzəməməsini və hər günə əvvəlkindən daha proqressiv, daha aktiv yanaşmanı təkid etməkdədir. Bu məntiqlə insanın hər günü onun üçün yeni, hər anı bir yenilik olmalidir. Əlbəttə zamanın axarı bir çox adət, ənənə və mərasimləri bu bayramda əks etdirsə də, onun mənəviyyatla bağlılığı heç vaxt öz dəyərini, qiymətini itirməmişdir.
Elə bu ərəfədə baharın isti nəfəsi ilə bahəm yaradılışa yeni nəfəs, yeni təravət bəxş edən əziz İslam Peygəmbərinin (s) mövlud günləri boyük şövq və sevinclə qeyd olundu. Təbiətin yeni günü onun baharında, yaradılışın yeni günü, yeni dönəmi onun Rəsulundadir (s) desək, yanılmarıq. Novruz hər il ötüb keçən fəslin yeni günüdürsə, Rəsulullahın (s) mövludu hər yeni günün başlanğıcı, hər yeni anın ilkidir. Günəş təki mövludu ilə, öz nuru ilə nurlandıra biləcəyi hər yanı öz şöləsinə, parıltısına qərq etdi Rəsuli-Əkrəm (s). Yaşami ilə ölü bəşərə dirilik, kin-küdurətli simalara eşq və məhəbbət, zülmlə, köləliklə dolu xislətləri rəhmət və izzətə çevirdi. Fəaliyyəti ilə sanki sirab etdi susuzluqdan qabar-qabar olmuş teşnə qəlbləri. Şəfa verdi tikanlıqdan başqa hec nə bitirməyən xəstə könüllərə və vücudu ilə laləzara çevirdi onları. Ulduzlar təki həqiqət yolunun sarbanı olub, qurtuluş karvanina nicat verdi. Hər baxışi, hər kəlamı, hər hərəkəti rəhmət oldu ümməti ücün. Bununla da ona qədər və ondan sonra bütün üstün əxlaqların fövqündə qərar tutdu.
Dünyadan getməsilə sanki doğulmamışdan qabaqkı zülmət, qaranlıq örpəyinə büründü bəşər. Yerdən göyə bütün varlıq aləmi batdı qəmə, matəmə. Amma bu kədərin və qəmin içərisindən bir ümid işıltısi, bir sevinc sədası duyulmaqda idi. Özündən sonra ümmətə elə bir ətirli güllər qoyub getdi ki, Qiyamətə qədər onun ətri, onun isti nəfəsi sevənlərinə əmanət oldu. Bu Rəsulullahın (s) pak Əhli-beyt (ə) xanədanıdır ki, bu xanədanın son ümidi, son əmanəti bizlərlədir. Bir vaxtlar zülmətləri nura qərq edənin pak davamcısı, indi bulud arxasında şölə saçması, aləmi haqqa-ədalətə qərq etməsi üçün intizardadır, gəzləri yolda qoymaqdadır. Bu intizarın sona yetməsinin həqiqi yardımçıları olmaq ümidi ilə. AMİN!

Bu İslamın Novruzu, Novruzun İslamıdır
Gəlişilə hər zaman yenilik nişanıdır
Rəsulullah doğulmuş bu vəhdət həftəsində
O cahanın solmayan bir gülü xəndanıdır.


Əli Ağayarov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: