Beynəlxalq Mətbuat Mərkəzində İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) tərəfindən Hollandiyanın Oxfam-N təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən "Ünvanlı sosial yardım mexanizminin effektivliyinə təsir edən faktorların qiymətləndirilməsi" layihəsinin ilkin nəticələrinin müzakirəsi təşkil edilib. Müzakirələrdə hökumət və qeyri-hökumət təşkilatlarının, mətbuat orqanlarının, beynəlxalq qurumların nümayəndələri və Milli Məclisin üzvləri iştirak ediblər.
Tədbiri açan İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu Mərkəzin ünvanlı sosial yardım mexanzimi ilə bağlı 2006-cı ildən tədqiqat aparmağa başladığını deyib. Layihə çərçivəsində görülən işlər barədə danışan İTM İdarə Heyətinin sədr müavini Vüsal Qasımlı Mingəçevir şəhərində 800 respondent arasında sorğu aparıldığını qeyd edib: "Sorğu aşağıdakı nəticələri ortaya qoyub: ÜSY alanlar orta hesabla 7 sənəd toplayıblar. Respondentlər ən çoxu 16, ən azı 1 sənəd təqdim etməklə ÜSY ala biliblər. ÜSY alan mingəçevirlilər bu yardımı almaq üçün orta hesabla 5,1 gün vaxt sərf ediblər. Rəyi soruşulanlardan 1 nəfər sənədləri 40 günə, 22 nəfər isə 1 günə toplayıb. Dövlətdən yardım almaq üçün respondentlərin 94-ü (49 faizi) 1 dəfə, 52-si (25,7 faiz) 2 dəfə, 38-i (18,8 faiz) 3 dəfə, 8-i (4 faiz) daha çox dəfə sənədləri qeydiyyata aldırmaq üçün cəhd ediblər". V.Qasımlı bildirib ki, ehtiyacı olmayıb ÜSY alanların xüsusi çəkisi 12,8 faiz olub. Respondentlərin 38,2 faizində "ehtiyaci olub ÜSY ala bilməyən insanlar" barədə məlumat olduğu aşkarlanıb. Statistik təhlil göstərib ki, ÜSY təyin edilməsindən imtina olunmasına rəğmən bu tip respondentlərin 79 faizinin adambaşına orta aylıq gəliri ehtiyac meyarından (40 manat) aşağı olub.
V.Qasımlının sözlərinə görə, layihə çərçivəsində aşağıdakı nəticələrə gəlinib:
· ÜSY üzrə 2008-ci il üçün proqnozların hazırlanması zamanı 2006-cı ilin məlumatlarına əsaslanılmış və əhalinin gəlirləri dəyişməz qəbul olunmuş, 2007-ci il üçün müşahidə olunan və 2008-ci il üçün proqnozlaşdırılan artımlar nəzərə alınmamışdır;
· Ehtiyac meyarının 2008-ci ildə nəzərdə tutulan kiçik artımı nəzərə alınmaqla qeyd etmək olar ki, proqnozlaşdırılan məbləğ kifayət qədər əsaslandırılmayıb;
· Adambaşına sosial təminat xərclərinin proqnozlaşdırılan məbləği bir sıra rayonlar üzrə əhalinin həyat səviyyəsi göstəriciləri ilə uyğunlaşmır;
· Əhalinin ÜSY barədə məlumatlılığının aşağı olması;
· ÜSY alınması üçün "ərizənin dəyəri"nin bahalığı;
· ÜSY alınması üçün tələb olunan sənədlərin çoxluğu;
· Ev təsərrüfatlarının gəlirlərinin hesablanmasında problemlər;
· ÜSY-ın yoxsul əhalinin cəmi 30 faizini əhatə etməsi;
· "Daxilolma" və "kənarda qalma" xətalarının mövcudluğu.
İTM ekspertləri tədqiqatın yekunu olaraq hökumətə aşağıdakı istiqamətlərdə tövsiyələr hazırlayıblar:
* Ehtiyac meyarı mərhələlərlə yaşayış minimumuna çatdırılmalıdır;
* Əhalinin yoxsul təbəqəsinə mümkün qədər geniş əhatədə ÜSY-ın verilməsi təmin olunmalıdır;
* ÜSY proqnozları ölkədə yoxsulluq səviyyəsi və regional xüsusiyyətlər nəzərə alınmaqla tərtib edilməlidir;
* ÜSY 1 illiyə verilməlidir;
* ÜSY verilməsi zamanı ev təsərrüfatlarının gəlirlərinin hesablanması daha çevik və real olmalıdır;
* ÜSY verilməsi zamanı ailənin əmlakının nəzərə alınması qaydaları yumşaldılmalıdır;
* ÜSY üçün müraciət "bir pəncərə" qaydasında həyata keçirilməlidir.
Təqdimatdan sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi İTM-in əvvəlki layihə üzrə hazırladığı tövsiyələri qəbul etdiklərini və onların bəzilərini nəzərə aldıqlarını deyib. Onun sözlərinə görə, ƏƏSMN İTM-lə bu sahədə əmkdaşlığın davam etdirilməsində maraqlıdır. B.Hüseynov ÜSY üçün müraciət edənlərdən cəmi 14 növ sənəd tələb olunduğunu, 2-ci, 3-cü və ya 4-cü dəfə müraciət ediləndə isə onların sayının 2-3-ə endiyini bildirib. Sorğuda respondentlərin SMM-lərdəki məmurların davranışından razılıq etmələri faktına toxunan nazirlik nümayəndəsi 2007-ci ildə yol verdikləri ciddi nöqsanlara görə həmin Mərkəzin rəhbəri və daha 5-6 nəfər əməkdaşının işdən azad edildiyini, sorğunun yeni rəhbərlik dövründə keçirildiyini qeyd edib. B.Hüseynovun dediyinə görə, ÜSY tətbiq edən ölkələr üzrə ünvanlılığı təminetmə səviyyəsi 70-80 faiz civarındadır: "Sorğuda isə Mingəçevirdə bu səviyyənin daha yüksək olduğu aşkarlanıb. Biz çalışırıq ki, ehtiyacı olmayanların ÜSY alması faktlarını minimuma endirək"
Milli Məclisin Sosial siyasət komissiyasının sədr müavini Musa Quliyev tədqiqatın obyektiv aparıldığını və irəli sürülən təkliflərin bir çoxu ilə razılaşdığını deyib: "Çox yaxşı olardı ki, növbəti mərhələdə kənd rayonlarından birində belə tədqiqat aparılsın. Çünki bu prosesdə ən çox çətinliklə məhz kənd əhalisi üzləşir. Fikrimcə, ünvanlı social yardım mexanizmində bir sıra təkmilləşmələrə ehtiyac var. Bura xüsusilə də mexanizmin avtomatlaşdırılması, yəni məmur-vətəndaş təmasının minimuma endirilməsi aiddir. Hesab edirəm ki, bunun üçün sizin irəli sürdüyünüz "bir pəncərə" sisteminin tətbiqi uğurlu olar. Daha bir mühüm məsələ yardım verilən ailələrin social reabilitasiyasının təşkili, onun əmək qabiliyyətli üzvlərinin işlə təminatıdır. Çünki bir ailənin ömür boyu sosail yardım hesabına yaşaması da mümkün deyil."
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev Azərbaycanın Avropa Sosial Xartiyasının yoxsulluqla bağlı olan 30-cu maddəsinə qoşulmadığını mənfi hal kimi qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycanda özünəməşğulluq səviyyəsi yüksəkdir.
Tədbir müzakirələrlə davam etdirilib.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий