среда, апреля 16, 2008

«Qlobal aclıq» haradan gəldi,

yaxud, «Gözünüz aydın, filin biri də gəlir…»

Yaxın günlərdə Azərbaycan teleməkanında bir sevindirici xəbər yayıldı. Məlum oldu ki, bir sıra hegemon dövlətlərdə yaşayış o qədər yaxşılaşıb ki, burada vətəndaşlar daha çox ət məhsulları yeməyə başlayıblar. Ət məhsullarına tələbatın artması heyvanlara verilən qidalara, dənli bitkilərə də ehtiyacı, tələbatı çoxaldıb. Bu amilin dünyada taxıl məhsullarının qlobal qıtlığına gətirib çıxaracağı vurğulanır.
Ölkəmizə gəldikdə isə, məmurlar bildirirlər ki, ölkəmizdə qıtlığın qarşısını almaq üçün tədbirlər görüləcəkdir və builki taxıl ehtiyatı bu hadisələrin ölkəmizdə aclıq kimi fəsadların yaranmasının qarşısını nisbətən alacaq.
Deyirəm hey, gözünüz aydın, neft ölkəsində yaşaya-yaşaya doyunca nə qazdan, nə işıqdan istifadə etdik. Bu azmış kimi, indi də deyəsən yeməkdən də bir qədər pəhriz edəsi olacağıq. Yoxsa, neftin dalınca, taxılın da gethagetidir? Necə bəyəm, bəs qoluguclu dövlətlərin heyvanlarına taxıl haradan getsin? Biz səbirli xalqıq, birtəhər dözərik. Təki tox millətlər aclığın nə olduğunu bilməsin…
Yadıma Molla Nəsrəddinlə bağlı bir lətifə düşür. Deyirlər Teymurləngin qoşununun filləri varmış. Hər fili də bir kəndə təhkim edərmişlər. Molla Nəsrəddingilin kəndini də bir fillə «bəxtəvərləşdirmişlər». Bu fil də taxıla-filana od qoyurmuş. İndi bir qrup kənd ağsaqqalı gedir Teymurləngin yanına xahişə ki, fili apar, yoxsa bizi acından öldürəcək. Amma Teymurun yanına girməmiş ağsaqqallar bir qədər ürəksizləşirlər və yavaş-yavaş aradan çıxırlar. Teymurun yanına girəndə, Molla Nəsrəddin görür ki, tək qalıb. Barmağını dişləyir ki, bəs deyəsən vəziyyət xarabdır. Teymur ondan gəlişinin səbəbini soruşanda, deyir «şah sağ olsun, bəs göndərdiyin fil kənddə təkdir, darıxır. Olmazmı ona bir dost göndərəsən?». Teymur bu «xahiş»dən xoşhallanır, göstəriş verir ki, bu kəndə bir zırpı fil göndərin. Molla kəndə qayıdanda, xəbər alırlar bəs nə oldu, o da cavabında: «Gözünüz aydın, filin biri də gəlir!» - deyə «cəsarətli» həmkəndlilərini müjdələyir.
İndi deyirəm, bu dəfəki «fil» keçdi, görəsən gələn dəfə bizi nə sürpriz gözləyir? Hansı qlobal şadlıq məmləkətimizə təşrif buyuracaq?

Rövşən Fərhadoğlu,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



Комментариев нет: