Qadir Allahın adı ilə!
İnsan varlıq aləmində yaranmışlar içərisində ən üstün və kamil bir mövcuddur. Bunu insanın digər canlılardan (bitki, heyvan) nitqi, şüuru, elmi və imanı sayəsində məxluqatın incisi kimi seçilməsi ilə səciyyələndirmək olar. İnsanın dini etiqadın mənbəyini öz fitrətindən alır. Yəni hər kəsin daxilində etiqada malik olmaq qabiliyyəti vardır.
Etiqad - əqidə sözündəndir. Əqidə isə dünyagörüşündən qaynaqlanır. Dünyagörüşü insanın maddi gözünə sanki bir eynəkdir. Bəzilərinin eynəyi ağ-qaradır, bəziləri isə dünyanı rəngarəng görür. Alimlər sübut ediblər ki, insanın imanı və etiqadı uğrunda səy göstərməsi, elm-texnika yolunda çalışmasından daha çətin və şərəflildir. Çünki, varlıq dünyasının həqiqətini, haqqı tanımaq, tapmaq başqa şeylərin sirrini öyrənməkdən qəlizdir. Müasir dövrümüz elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi bir zamandır. İnsan digər planetlərə belə yol tapa bilmək qüdrətinə malikdir. Tək Yaradanın sirrlərindən baş aça bilmir.
Dini etiqadı sadə bir misalla izah etmək istərdim. Əgər İslam dinini köklü, budaqlı bir sağlam ağaca bənzətsək, insanın etiqadı bü ağacın köklərinə oxşar. Ağacın kökü nə qədər torpaqdan qidalanıb, inkişaf etsə, gövdəsi və budaqları da o qədər möhkəm olar və heç bir küləyin, xarici amillərin təsirindən əyilməz, sınmaz. Güclü tufan belə onu kökündən, torpaqdan çıxara bilməz (əqaid dərsi dinin kökünü «üsuliddin» adlandırır). İnsanın əqidəsi də əgər mənəviyyatla zənginləşsə, imanı da çoxalar. Heç bir maddiyyatla onun etiqadı zəifləməz, əksinə əqidəsi sayəsində həyatın çətinlik və keşmə-keşlərinə səbrlə sinə gərər. İnsanın dünyaya baxışı çox mühüm amil kimi onun həyatına mənfi və ya müsbət təsir göstərə bilər. Sağlam dünyagörüşü sağlam əqidəyə xidmət edər. Əqidəsi düzgün formalaşan isə tək Yaradanın razılığı üçün öz dünya işlərini qura bilər.
İnsanın əməlləri isə o ağacın budaqları misalında kökə - əqidəyə çox bağlıdır. Bizim əqidəmiz 3 dinin ümumi kökünə, 2 dinin xüsusi kökünə aid olan köklərə bölünür. Yəni dinimiz və digər səmavi dinlər belə o 3 ümumi kökdə eyni əqidəyə malikdir: Tövhid (Allah təkdir), Nübuvvət (124 min peyqəmbər (s) haqqdır), Məad (axirət həyatı haqqdır). İki xüsusi kökümüz isə Ədalət bəhsi (Allah adildir) və İmamət (12 imam (ə) haqqdır). Əhli-Beyt məktəbi məhz bu 2 xüsusi kökə görə digər məktəblərdən fərqlənir.
Dini əqidəsi sağlam olan hər bir şəxs yaltaqlıq, qorxaqlıq, riyakarlıq, imansızlıq kimi rəzil sifətlərdən uzaq olar, etiqadı düzgün olan insan heç vaxt öz tutduğu müqəddəs, ilahi yoldan aza bilməz. İnsan dünya həyatını gözəl, rahat yaşamaq istəsə gərək öz maddi maraqlarına üstün gələn dərin elmi bilgilərə yiyələnsin. Çünki, dini - elm və İlahi əqidə insanı zülmətdən nura çıxaran müsbət əhəmiyyət daşıyan bir amildir («Bəqərə» surəsi, ayə 257). İnsanın əqidəsi formalaşıb dini çalar tapanda o, öz daxilində bir sakitlik, rahatlıq, arxayınlıq və ümidlə yaşamaq eşqi tapır. Qarşıya çıxan hər bir müsibət və bəla qarşısında özünü itirmir, dözür və bunu imtahan və ya günahlarına əvəz (kəffarə) bilir.
Əksinə, dini etiqadı olmayan insanın qəlbində isə həmişə bir qorxu, narahatlıq gələcəyə ümidsizlik yaranır. O, öz həyatını bu dünya ilə məhdudlaşdırır, ömrünü puç, mənasız hesab edir. Daim stress, depressiya təhlükəsi ilə üzləşir. Çünki, axirəti - əbədi həyatı qəbul etmir, öz yaranışını və bu dünyanı təsadüfi, məqsədsiz sayır. Ona görə də dünya onun üçün ’’son’’ mənzil olur. O, yalnız maddiyyatı üstün tutur və axirət dünyasını müvəqqəti, fani dünyaya satır, dəyişir.
Vilayət səmasının günəşi Həzrət Əli (ə) buyurur: «Bu dünya axirətin əkin tarlasıdı, burda nə əksəniz, orda onu biçəcəksiz».
İnsan öz yaradanını, haqqı tanıyıb, onun əmrlərinə sözsüz itaət etməklə həm özünü, həm də yaşadığı cəmiyyəti bütün eybəcərlik və çirkinliklərdən qoruya bilər. Bunun üçün böyük həqiqətləri dərk etmək məqsədini qarşısına qoymalıdı. Daim mütaliə etməli, məntiqlə davranış və ideyalarına düzgün istiqamət verməlidir. Ateist təfəkkürü bir kənara qoyub, özünü Xaliqinə təslim etməlidir. Bu dünyanı axirət həyatının başlanğıcı kimi qəbul etməlidir. Ölümü isə bərzəx dünyasına müvəqqəti keçid mənzili, yəni bu dünya ilə axirət dünyasının arasında bir körpü bilməlidir. Əks halda o, iki dünyanın bədbəxti sayılar. Din isə bizə iki dünyanın səadətini vəd edir.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Curnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий