понедельник, апреля 21, 2008

Dini Jurnalistika Məktəbinin yaz sessiyası yekunlaşdı

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyasının «Dəyərlər» Dini Jurnalistika Məktəbinin yaz sessiyası yekunlaşdı. Hacı İlqar İbrahimoğlunun verdiyi məlumata görə, sessiya ərzində bir çox seminar və mühazirələr keçirilmişdir. İlk seminarda, qış sessiyasından sonra ötən dövrün təhlili aparılmış, nəticələr müzakirə edilmişdir. Ümumilikdə vəziyyət qənaətbəxş qiymətləndirilmişdir. Xüsusilə müsbət hallar olaraq, yazarların artan yaradıcılıq fəallığı, verilən tövsiyələrə və məsləhətlərə diqqətlə yanaşılması qeyd olunmuşdu. Eyni zamanda, gündəmə uyğun yazıların və təhlillərin say və keyfiyyətinin artırılması yönündə görülməli işlər müzakirə edilmişdir.
Sessiya ərzində «İnformasiya qaynaqları ilə işləməyin optimal üsulları», «İctimai rəylə iş zamanı mətni təminatın həyata keçirilməsi», «Jurnalistika fəaliyyətində xəbərin və yazıların mövzu seçimində kreativ yanaşmanın rolu» kimi mövzular üzrə silsilə mühazirələr oxunmuş, seminarlar keçirilmişdir.
Yekun seminarda gələcək istiqamətlər üzrə atılacaq addımlar müəyyənləşdirildi, yay sessiyasına qədər dövr üçün Məktəbin dinləyicilərinə tapşırıqlar verildi. Müəyyənləşildi ki, yay sessiyasına qədər mütəmadi nəzəri-praktik məşğələlər keçiriləcəkdir.
Xatırladaq ki, 40-a yaxın dinləyicisi olan «Dəyərlər» Dini Jurnalistika Məktəbi DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) və İçəriəhər «Cümə» məscidinin dini icması tərəfindən 2007-ci ilin dekabrında fəaliyyətə başlamışdır. Məktəb ikiillik dövrü əhatə edən proqram əsasında fəaliyyət göstərir.

Xəbər xidməti

Комментариев нет: