пятница, апреля 04, 2008

İnsanın yaşam mübarizəsi və zamana qarşı avar çəkməsi

Ay Yerin, Yer Günəşin və o da nəyinsə, nələrinsə ətrafında fırlanmaqdadır. Özümüzə zaman meyarı kimi qəbul etdiyimiz yerin gunəş ətrafında, öz oxu ətrafında firlanmasından yaranan və özumüz üçün boş yerə sərf edib qızıldan qiymətli dediyimiz zaman sürətlə keçir. Kamil insan səviyyəsinə çatmaq üçün bizə lütf olunmuş cismimiz köhnəlib, oksidləşib, zəifləyib gücünü itirdikcə, o məqama çatmaq mümkünsüzləşməyə doğru gedir. Mümkünsüzlükdən doğulan peşmançılıq iki əli ilə vicdanı boğduqca, «onsuz da axırım yamandi, islanmışın yağışdan nə qorxusu?» deyib burada da məsuliyyətdən boyun qaçıraraq 1-2 addım qalmış uçuruma doğru bir addım da atır insan.
Əgər vaxtımızı boş, mənasız yerə keçirməkdən canımızı qurtara bilmiriksə və yaxud da iş-gücdən bir təhər vaxt tapıb evə yalnız yatmaq üçün gəliriksə, deməli zaman bizim işlərimizi öz axınına uyğun sürütdəyib aparır, nəinki biz işlərimizi zamanla ayaqlaşaraq özümüzə fayda verə biləcək sistemlə qururuq.
Bir də onda ayılırıq ki, dünən, srağagün dünyaya yenicə göz açmış, heç qığıltısı qulağımızdan getməmiş, heç oturub əməlli-başlı vaxt ayira bilmədiyimiz körpələrimiz ailə qurmağa hazırlaşır.
Orda-burda ürəklə deyirik ki, bəs uşağı fulan universitetdə oxutmuşam. Heç deyilmir ki, qaşıq-qaşıq ağzına yemək yedirtdiyimiz, ayaq açıb yeriməmiş həkimbəhəkim gəzdirdiyimiz, üstündə titrədiyimiz uşağımızı böyüdüb hansı alovlu toplumun ağuşuna atdıq? Hansı canavarların qıcanmış dişləri önünə atdıq?
Sonra da mövcud olan hər şeyini itirmiş kimi «gözümün yağını yedirdiyim, pul töküb oxutdurduğum övladım naxələf çıxdı» - deyirik.
Bir Çin alimi deyir “elm öyrənmək axına qarşı avar çəkməyə bənzər”. Avar çəkməni bir an dayandırsan, yəni elm öyrənməkdə bir az fasilə etsən, nəinki olduğun yerdə, səviyyədə qalırsan hətta axın səni geri aparar. Çinli alimin çəkdiyi misalı asanlıqla günümüzün yaşam funksiyalarına aid etmək olar.
Yəni səhər tezdən çörək pulu qazanmaq üçün evdən çıxıb istər min bir əziyyətlə, söz götürməklə, istər asanlıqla olsun - hər hansı bir variantda qazanıb nə isə tapıb yeyir insan. Və yeyir ona görə ki, sabah yenə nə isə tapıb yeyə bilsin. 24 saatların hamısını beləcə başa vurur. Burada ciddi bir durğunluq müşahidə olunur. Yəni, yenə qazanıb yemək üçün səhəri açıb axşamı beləcə başa vurmaqda heç bir yenilik, irəliləmə yoxdur.
Hələ yaşlandıqca insanın görmə, eşitmə, dadbilmə qabiliyyətlərini itirməsini və başqa itirdiklərini də nəzərə alsaq, axına qarşı avar çəkməyi dayandirmış insanın necə sürətlə gerilləməsi açıq-aydın görsənəcək.
Ona görə insan çalışıb çərçivədən çıxmalıdır. Belə ki, bir ağ siçanın dayanmadan çarxın içində hərəkət etdiyi kimi eyni hərəkətləri təkrarlamaq xüsusiyyətindan kənara çıxmalı, özü üçün nə isə bir yenilik etməli, daha çox faydalı və əbədi olan üçün bütün iradəsi ilə çalışmalıdır ki, gözəlliklər baxımından qazandıqları yaşlandıqca itirdiklərini görsənməz hala salsın. Çünki kamilliyə çatmaq üçün gözəlliklər hər bir şeyin zatında qoyulmuşdur. Ora çatmaq üçün insan sadəcə özündə olan iradə mexanizmini işə salsın və Allaha təvəkkül etsin. Belə edərsə sürətlə irəli doğru gedəcəyindən heç şübhəsi olmasın.
Bütün bu fikirlərimizi əziz İslam peyğəmbərinin (s) “Hər gün yaşamında, həyatında bir yenilik etməyən bizdən deyildir” kəlamı ilə yekunlaşdırmaqla özümüz üçün çərçivədən çıxmanın başlanğıcını qoymaq olar.
Allah hamımızı əbədi xeyir və faydalara doğru yenilik etməkdə iradə göstərənlərdən qərar versin. Amin.

Tural Ağamirzəzadə,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


Комментариев нет: