Ölüm - dünya yarandığı gündən bəri peyğəmbərlərlə irşad olunmalarına baxmayaraq, bəşəriyyəti məşğul edən ən ciddi və həyati bir məsələ olmuşdur. Zaman-zaman qorxunc və zəhərli bir ilan kimi zehinlərə çökən bu məsələ ölənlərin dodaqlarında düyünlənmiş və dərin sükutların sirrində gizlənmişdir.
Bu dünya rəngli xülyalarla dolu aldadıcı bir həvəs, ölüm isə qarşısında hər şeyi aciz qoyan bir həqiqətdir.
Əgər insan qəflət pərdəsini yırtaraq bir özünə və bir də ətrafına anlayıcı gözlərlə baxsa, dünya adlı imtahan səhnəsinin doğurdan da, aldadıcı olduğunu, ölüm adlı müəmmanın isə insanın həqiqi qiyamətinə keçidin olduğunun fərqinə varar.
Biz necə, ölümün nə olduğunu tam mənasıyla dərk edə bilmişikmi? Nədir ölüm, heç düşünmüşükmü? Elə isə gün batmadan, vaxt ötmədən, karvan keçmədən - bir düşünək! Düşünək, çünki hər insan öləcək yaşdadır. Ölüm üçün nə bir sıra, nə də bir növbə olmadığı kimi, hər hansı səbəb və bəhanə də şərt deyil. Xəlq edilən hər bir məxluqat kimi, hamımız ölümə bir namizədik.
Bəli, bu qaçınılmaz olan ilahi bir qanundur. Hər bir varlığın bir gün qarşılaşacağı bu qanun bizə də gələcək və biz də varlıq aləminin bir fərdi olaraq o qanundan yaxamızı qurtara bilməyəcəyik. O qanun bizdə də öz hökmünü icra edəcək. Yaradılmış hər canlı kimi bizim də həyatımızın labüd sonluğu ölüm olacaq. Qurani-Kərimin «Ənbiya» surəsinin 35-ci ayəsində buyurulduğu kimi: "Hər bir kəs ölümü dadacaqdır".
Unutmayaq! Bir gün ölüm mələyi bizim də qapımızı döyəcək. Qurani-Kərimin «Səcdə» surəsinin 11-ci ayəsində belə buyrulur: "De, sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır. Sonra da Rəbbinizin hüzuruna qaytarılacaqsınız".
Beləliklə, biz də canımızı ölüm mələyinə təslim edib bu fani dünyanı tərk edəcəyik. Ölüm əsnasında bənizimiz solacaq, bədənimiz zəifləyəcək, əzalarımız öz funksiyalarını icra etmək iqtidarında olmayacaq. Bu an bütün həyatımız gözlərimizin önündən gəlib keçəcək. Alışdığımız hər şey artıq bizim üçün geridə qalacaq. Sevdiyimiz hər şeydən əllərimiz üzüləcək. Yaxınlarımız, əzizlərimiz, ailəmiz... Biz artıq onlarla başqa-başqa dünyaları paylaşacağıq.
Söylədiklərim ola bilsin ki, kimisə qorxuya salsın. Amma unutmayaq, ölümdən yalnız mənəvi yoxluqda yaşayan, axirətə inamı olmayan və ölümü bir yoxolma şəklində tanıyan kəslər qorxar. Çünki onlara görə ölüm - hər şeyi itirmək və təməli yox olmaqdır. Bəli dünya malına, şan-şöhrətə, cəh-cəlala, məqama, vəzifəyə, övladına və s. sıx bağlanan və ömrünü onlara sərf edən kəslərin ən böyük qorxusu - elə onları itirməkdir. Bu kəslər ölümü bütün bunları itirməyə bir vəsilə bilərlər və ondan şiddətli qorxarlar.
Əslində isə ölüm qorxunc deyil. Onu qorxunc edən bizim əməllərimizdir, bizim hələ də qəflətdə olmağımızdır.
Elə isə xatırlayaq ölümü, daim xatırlayaq! Çünki, ölümü yad edib, xatırlamaq Məsum İmamlarımızın (ə) təkidlə buyurduğu tövsiyələrdəndir. İmam Cəfər Sadiq (ə) bu barədə belə buyurmuşdur: "Ölümü zikr edib onu həmişə yad etmək nəfsin şəhvətlərini öldürər, qəflətin kökünü kəsər, Allah vədləri ilə qəlbi qüvvətləndirər, insanın təbiətini nazikləşdirər, nəfsi istəklərin ucalmasının qarşısını alar, dünyaya hərislik odunu söndürər və dünyanı insanın nəzərində alçaldar".
Ölümü davamlı xatırlayan kəs, özünü bir heç bilər, heç bir zaman təkəbbür əhli olmaz. Fitrətinin aciz, zəif olduğunu ağlı ilə, elmi ilə, vicdanı ilə, qəlbi ilə idrak edərək "bütün gözəlliklərin Allahdan, günahların özündən" olduğunu anlayar. Allahın rizasını qazanmaq üçün qorxu və ümid arasında yaşayar, aqibətindən əmin olmaz, fəqət Allahın rəhmətindən də heç bir zaman ümidini kəsməz.
Ölümü düşünmək bizim üçün həyatın dəyərini artırar. Ölümü düşünmək bizə necə yaşayacağımızı və harada, necə davranacağımızı öncədən agah edər. Ölümü düşünən kəs bəlli prinsiplər çərçivəsində özünə sistemli bir qayda yaradar və attığı hər addımı bilərək, düşünərək atar. Dolayısıyla belə bir mömin həm özü islamı yaşamağa, Allaha layiq bəndə olmağa çalışar və həm də başqalarını əmr-be-məruf etməklə onları haqqa dəvət edər.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий