суббота, апреля 12, 2008

80 YAŞLI SOYQIRIM

"Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssənin əzəməti ilə unudulmaz. 31 Mart ikinci günlərdən idi. Bu gün tarixin qeyd edə bildiyi "Aşura", "Vorfolomey gecəsi" kimi xainanə bir surətdə hazırlanmış siyasi faciələrdən birisi idi." Bu kəlmələri Məhəmməd Əmin Rəsulzadə 31 mart 1919-cu ildə soyqırımın birinci il dönümündə "Azərbaycan" qəzetində çap etdirdiyi məqaləsində yazırdı.
Bəli, 80 il bundan əvvəl bir faciə yaşandı Bakıda. Bakı küçələrini qanlarıyla al rəngə boyayan faciə qurbanlarının günahları bircə şeydə idi - milli-dini mənsubiyyətlərində. Faciə qurbanları müsəlman türklər, faciəni planlaşdırıb icra edənlər isə rus-bolşeviklər və erməni daşnaqlar idi.
Bolşeviklərin əsas niyyəti Azərbaycanın milli-mənəvi dəyərlərdən qaynaqlanan cümhuriyyətçi müstəqillik əzminin qarşısını almaq idi. Onlar hər vasitə ilə azərbaycanlıların hakimiyyətdə təmsilçiliyini də əngəlləyirdilər. Hələ soyqrımdan əvvəl Baksovetə seçkilərdə milli qüvvələr bolşeviklərdən faiz etibarı ilə daha çox səs toplamışdı. Bu da bolşevikləri çox narahat etmişdir. Çünki bu vaxta qədər rus imperatorlarının "caynaqlarında" tutub saxladıqları Zaqafqaziyada müsəlman əhalidən ibarət müstəqil dövlətin yaranacağı ehtimalı onların bütün planlarını alt-üst edirdi. Digər tərəfdən də erməni daşnaqlar yaranmış şəraiti fürsət bilib öz qondarma soyqrımlarının qisasını almaq həvəsində idilər.
1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqazın fövqaladə komissarı təyin edərək Bakıya göndərmişdi. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək niyətlərini erməni daşnaqların silahlı qüvvələrinin köməyi ilə həyata keçirmişlər. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6000 silahlı əsgəri, eyni zamanda "Daşnaqsütyun" partiyasının üç-dörd minlik silahlı dəstəsi iştirak etmişdir.
Bakıda 30 mart saat 17:00 radələrində başlayan hadisələr 3 gün davam etmişdir. 3 gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişlər.
Mart qırğını zamanı Bakı şəhərinin məhəllə və küçələrində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, min bir işgəncəyə məruz qalmış meyidlər qalaqlanmışdır. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə mart faciəsi barəsində bunları yazırdı: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilə. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər."
3 gün ərzində Bakıda qətlə yetirilənlərin sayı 12000-ə çatmışdır. Bütün bu baş verənləri Stepan Şaumyan Moskvaya raport verərkən "vətəndaş müharibəsi" kimi çatdırmışdır. O, bu raportunda öldürülənlərin sayını dəfələrlə azaltmışdır. Şaumyandan sonra erməni kilsəsinin yepiskopu Amerika generalı Qarborda hesabatında ölənlərin sayının minə yaxın olduğunun və bu hadisələrdə ermənilərin iştirak etmədiyini bildirmişdir.
Bakı hadisələri ilə planlaşdırılmış soyqırım lahiyəsi məhdudlaşmadı. Qısa müddətdə Qubada, Şamaxıda, İrəvanda, Zəngəzurda, Naxçıvanda, Qarsda da kütləvi qətliamlar törədildi.
Qubada 122 kənd məhv edildi, 2000 nəfər öldürüldü. 1918-ci ilin mart-aprel ayında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirildi. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırıldı və uçuruldu. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırıldı, əhalisi məhv edildi.
1918-ci ilin aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3000 nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir, Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasının 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135000 azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılmış, əhalisi məhv edilmişdir. (ADR hökuməti Fövqaladə İstintaq Komissiyasının materiallarından)
Bakıda soyqırım qurbanları dağüstü məzarlıqda dəfn edilmişdirlər. Onların tökülən nahaq qanları azadlıq toxumlarını cücərtdi. Məhəmməd Əmin Rəsulzadənin sözləri ilə desək: "Martda tökülən qanlar … Azərbaycan atəşi-müqəddəsini söndürə bilmədi! Bakı küçələrində tökülən nahaq qanlar bir "pisuz", yaxılan "İsmailiyə" isə bir "iplik" işini görərək ürəklərdə söndürülmək istənilən hürriyyət məşəlini daha ziyadə tutuşdurdu."

Aygün Kərim
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi






Комментариев нет: