Ali məktəblərdən biri. Lövhədə belə bir cümlə var: Qurtuluşa 74 gün qaldı. Görəsən bu nə deməkdir? Ağla müxtəlif fikirlər gəlir. Bu cümləni belə həyacan doğuran şəkildə yazdıran səbəb nədir? Bəlkə torpaqlarımızın azadlığına, qurtuluşuna az qalıb? Bəlkə yad ünsürlərdən torpaqların təmizlənməsinə az qalıb? Bəlkə televiziyalardan tökülən əxlaqsızlıqlardan qurtulmağa az qalıb? Bəlkələr çoxdur. Ancaq cavabı çox asan və bəlkə də bizə məntiqsiz gələn bir cavabdır: universiteti qurtarırıq və bununla canımızı da qurtarırıq. Bəs məgər universitet təhsil, tərbiyə ocağı deyilmi?
Universitetlərin necə vəziyyətdə olmasına təhsil naziri "Ali məktəblərdə tələblər və zərurətlər" adlı konfransda belə cavab vermişdir: "Təəssüf ki, hələ də ali məktəblərdə Sovet idarəetmə strukturu yaşamaqdadır. Ən ciddi problemlərdən biri də təhsilin məzmunundadır. Ali məktəblərin çoxunda nə dərslik, nə vəsait, nə təlim texnologiyası, nə də müəllimlər müasir təlim texnologiyalarına cavab verir. Ali məktəblərin proqramlarında əhəmiyyəti olmayan çoxlu fənnlər var”
Həmçinin müəllimlərin tələbə üzərində psixoloji təzyiqi, müstəqil fikir yürütməyə mane olmaları, bürokratik ab-hava təəccüb doğurur. Əlbəttə, «bu hal bütün ali məktəblərə aiddir»- desək ədalətsizlik olar. Amma mütləq əksəriyyəti bu durumdadır.
Bu problemlər azmış kimi, hələ mahiyyətini tam olaraq bilmədiyimiz Boloniya adlı bir sistemə qoşulmuşuq. Nədir Boloniya sistemi? Boloniya sistemi yeganə Avropa Ali Təhsil Məkanı yaratmaq məqsədilə Avropa ölkələrinin təhsil sisteminə yaxınlaşma və onunla harmoniya təşkil etmə prosesidir. Boloniya sistemi 46 ölkəni birləşdirir. 41 Avropa ölkəsindən başqa, Azərbaycan, Gürcüstan, Türkiyə, Ermənistan və Rusiya da daxildir. Sistemin məqsədi 2010-cu ilə qədər milli təhsil sistemlərini Boloniya bəyannaməsinin əsas müddəalarına uyğun dəyişdirməkdir. Müddəalardan biri olan surətlilik sxeminin aparılmasına ciddi nəzarəti təmin etmək təhsil yükünü qısa vaxta sıxışdırır, tələbələr yuxarı kursun materiallarını mənimsəmək məcburiyyətində qalır və nəticədə təhsilin səviyyəsi aşağı düşür.
Yeni sistemə 1-ci keçən Sankt-Qallens universitetində professor və dosentlərin əksəriyyəti dəyişikliyin təhsil prosesinə mənfi təsir göstərdiyini gizlətmirlər. Təhsilin standartlaşdırılmasının və kredit bal sisteminə girişin nəticəsində daha çox humanitar sahəyə nəzərə çarpan zərbə vurulduğunu deyirlər. Belə olan halda biz bu sistemin ölkəmizdəki tətbiqindən nə gözləməliyik?
Bu səbəblərdən, «qurtuluşa az qalıb» deyən tələbə “zindandan”, ”buxovdan”qurtulurmuş kimi sevinir.
Əslində universiteti bitirən tələbə başqa şeyə sevinməlidir. Sevinməlidir ki, önünə yeni bir yol açılır, mütəxəssis ola bilər, vətəninə, xalqına xeyir verib çox şeylər edə bilər.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий