понедельник, апреля 21, 2008

Gecikmiş cavab…

Yəqin çoxlarınız təsdiq edərsiniz ki, zəmanəmizin möminləri hərdən çox qəribə hallarla rastlaşmalı olurlar. Dinlə dindarın fərqinə varmayan insanlar bəzən İslam dininə qarşı duyduqları rəğbəti biz möminlərə xüsusi hörmətləri ilə təzahür etdirir, bəzən isə əksinə, ömürləri boyu ateist ruhda tərbiyə almış, din haqqında tamamilə əksinə məlumatlandırılmış insanlar dinə qarşı olan böyük qıcıqlarını möminlərə tuşlayırlar. Elə mən də bu yaxınlarda bu tip insanlarla ünsiyyətdə olmuş, belə bir qəribə vəziyyətə düşmüşdüm. Bu adamların yersiz iradlarına zamanında tutarlı cavab verə bilmədiyim üçün hələ də özümü qınayıram...
Söhbət İslamda qadın hüquqlarından gedirdi. Əqidəsindən asılı olmayaraq, hər bir ailədə ola bilən çoxsaylı məişət problemlərinə qədər bütün çatışmamazlıqların mənşəyini İslamla əlaqələndirir, bütün bunları insanların dini bağlılığından irəli gələn faktorlar kimi dəyərləndirməyə çalışırdılar. Xırda təfərrüatlara qədər təsvir edə bilməsəm də, hər halda düşünürəm ki, söhbətin nədən getdiyini başa düşdünüz.
Elə isə gəlin görək bu problemlərin kökü haradan qaynaqlanır? Nəyə görə bu insanlarda dinə qarşı, dini həyat tərzinə qarşı bu qədər qıcıq var?
Mənə elə gəlir ki, bütün bu görüntülər illər öncə, hələ sovet dövründə formalaşmış stereotiplərdən qaynaqlanır və həmin dövrün insanların təhtəlşüurunda qoyduğu izlərinin nəticəsidir. Təbii, o dövrün ideologiyası bunu tələb edirdi ki, din dedikdə qaraguruhçu, insanları, xüsusən də qadınları əsarətdə saxlayan, əzən bir dünyagörüşü düşünülsün. Amma həmin dövrdən illər keçib. Bu günün sivil insanları artıq elm pillələri ilə qalxaraq İslama qovuşur və öz həqiqi səadətlərini dini həyat tərzində tapdıqlarını təsdiq edirlər. Əgər bu gün kimsə İslamda qadınların hüququnun pozulmasını iddia edirsə, həmin kəs ən azından iki məsələni bilmir. Birincisi - hüquq, qanun nədir, nəyə xidmət etməlidir. İkincisi isə qadın kimdir, necə bir varlıqdır, onun əsl dəyəri nədir və bu dəyər necə qorunmalıdır.
Ümumiyyətlə, belə demək olar ki, hüquq insanın həyatını tənzimləyən qanunlardan ibarətdir və bu qanunların hədəfi insan ləyaqətini qorumaqdır. Hal-hazırda müxtəlif hüquq sistemləri mövcuddur. Bu da ondan irəli gəlir ki, “insan ləyaqəti” anlayışının mənası tam dəqiqliyi ilə öz ifadəsini tapmamışdır. Yəni ləyaqətin radiusu hər bir qanunvericilikdə özünəməxsus fərqli ölçüdədir. Bu baxımdan İslam qanunlarını tam kamil qanunlar hesab etmək olar. Nəyə görə? Çünki, burada “ləyaqət” öz həqiqi radiusunu tapıb. Burada ləyaqət dedikdə insanın izzəti-nəfsi nəzərdə tutulur və islami qanunlar ona yönəlib ki, insanın həyatı boyu, hər an, hər bir vəziyyətdə izzəti-nəfsi qorunmuş olsun.
Sual oluna bilər, bəs izzəti-nəfs özü nədir? Nəfsin izzəti onun elə bir keyfiyyətidir ki, onu daim məğlub olmaqdan, zəlil olmaqdan qoruyur. İmam Sadiq (ə) buyurmuşdur: «İnsanlarla rəftarda orta həddi tut. Nə o cür ol ki, səndən qorxub çəkinsinlər, nə də o cür ol ki, sənə həqarət edib alçalda bilsinlər».
Həzrəti Əlidən (ə) nəql olunur: «Gərək eyni anda qəlbdə iki hiss ola - Mən insanlara ehtiyaclıyam və mən insanlardan ehtiyaclıyam» (Yəni mənim insanlara, insanların da mənə ehtiyacı vardır).
Hədislərdən də belə nəticə çıxarmaq olar ki, izzəti-nəfsi olan şəxs nə zalımdır, nə məzlum, nə təkəbbürlüdür, nə həqir. Buraqa insanın əsl azad durumu, əsl ədalət, qızıl orta hədd öz yerini alır. Böyük Yaradan insanı hansı keyfiyyətdə görmək istəyirsə, həmin halət onun azad, izzətli durumudur.
İslamda qadın hüquqlarına gəldikdə isə, burada da yuxarıda sadaladığımız bütün xüsusiyyətlər mövcuddur. Düzdür, islamda qadın və kişinin hüquqları fərqlənir. Amma bu fərq, müxtəliflik qeyri-bərabərlik anlamına gəlmir. Bu fərqlər ondan irəli gəlir ki, kişi və qadın yaranışdan fərqli varlıqlardır. Onlar ümumi və fərqli kamallara malikdirlər. Bu baxımdan onların hüquqları da buna uyğun olaraq bəzi məqamlarda fərqli, bəzi məqamlarda isə eynidir. Nəticə olaraq isə bərabərlik pozulmur. Əksinə, əsl ədalət üzə çıxır.
Burada kiçik bir haşiyə çıxıb məşhur filosof, mütəfəkkir Əflatunun ədalət haqqında söylədiyi fikirlərini nəzərinizə çatdırmaq istəyirəm. Əflatun ədaləti ictimai və fərdi hissələrə bölmüş və belə bir tərif vermişdir: «İctimai ədalət ona deyilir ki, cəmiyyətin hər bir fərdi o şey ki, onun haqqıdır - onu əldə edə, və o işlə məşğul ola ki, ona istedad və ləyaqəti vardır».
Fərdi ədalət haqqında isə demişdir: «O kəs ədalətlidir ki, onun insani hissəri, qüvvələri həmahənglik təşkil edir və bu hisslər, qüvvələr təvazö və tənasüb halındadırlar». Əflatun təvazö və tənasübü gözəlliklə, gözəlliyi isə ədalətlə bərabər qəbul etmişdir.
Biz bu haşiyəni əbəs yerə çıxmadıq. Çünki, islamda qadın hüquqlarının keyfiyyətini anlatmaq üçün bundan gözəl misal tapa bilməzdik. İslam qanunlarında ən yüksək təvazö və tənasüb, bu təvazö və tənasübdən doğan gözəllik, və bu gözəllikdən yaranan ən ali ədalət mövcuddur.
Günümüzdə şəriətdə qadına zülm olunmasını, onun azadlığının əlindən alınmasını, kölə halına salınmasını iddia edənlər bilməlidirlər ki, qadının bir varlıq kimi hansı keyfiyyətlərə malik olmasını, onun həqiqi kamalını, onun üçün nəyin xeyrli, nəyin isə ziyanlı olmasını onu Yaradandan gözəl heç kəs bilıə bilməz və qadının bir insan kimi əsl ləyaqətini - onun izzətini, əsl azadlığını heç bir qanun İslam qanunları qədər qoruya bilməz. Zənnimizcə, İslam kimi mütərəqqi bir dinə xor baxmaq, onun qanunlarında ədalətsizlik axtarmaq özü ən böyük ədalətsizlikdir.


Bikəxanım Əzimova,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi




Комментариев нет: