"Dünyadakı ən gözəl şey nədir?" sualına məşhur fransız kino aktiyoru Sacha Guitry "Sevmək, sonra da sevilmək" cavabını verdi. "Niyə sevmək sevilməkdən daha gözəldir?" deyə soruşulduqda isə cavabı: "İnsan sevdiyinə sevildiyindən daha əmindir" - oldu.
Sevilməkdən çox, sevə bilmək bir möcüzədir. Dünyaya gəldiyimiz an tanış olub məmnun olduğumuz ilk şey sevgidir. Valideyn sevgisi. Elə bu tanışlıqdan etibarən sevgi həyatımıza girir və ölənə qədər də bizimlə birlikdə olur. Çünki insan həyatının hər dövründə məhəbbətə acdır. Bu aclığı da məhəbbətdən başqa doyuracaq bir şey yox.
Bir çoxları sevgi məfhumunu eşq macəralarına aid edirlər. Halbuki övlad valideyninə, nəvə nənəsinə, yoldaş yoldaşa, hətta gəlin qayınanasına, qayınana gəlininə də bəsləməli bir şeydir bu. Artıq bu düsturu həyatımızdakı bütün sevdiklərimizə verək. Mən buna düstur deyirəm. Çünki, söylədiyiniz anda qarşınızdakı adamın üzünü qaraqabaqlıqdan gülümsəməyə çevirə bilir. Bunu təcrübədən görəcəksiniz. Özümüzü sevək, başqalarını da sevək. Bu hiss, hamımızın çətinliklərinin olmasına baxmayaraq, bizə güc verəcək, həyata qarşı dözümümüzü daha da sağlamlaşdıracaq. Ürəklərimizi açıb sevgimizi təqdim edək. Çünki hamımızın tək və bitmək bilməyən ehtiyacı sevgidir!
Doğulandan sahib olduğumuz Allahın bizə verdiyi ən gözəl nemətlərdən biri olan bu insani qabiliyyətimizi inkişaf etdirməyimiz lazımdır. Özümüzü nə qədər tanıyırıq? Özümüzə yaxşı və gözəl şeyləri layiq görürükmü? Görmürüksə, özümüzü sevmirik deməkdir. Özünü sevmək deyərkən eqoizmi nəzərdə tutmuram. Eqoist insan, özündən başqa heç kəsi sevməyəndir. Sevmək və sevilmək duyğusu hamımızda vardır. Birini sevdiyimizdə bu sevgini göstərə bilməyin, ya da gerçək olduğunu sübut edə bilməyin yolu səy göstərməkdir. Yəni, birisi və ya özümüz üçün bir addım çox atmaq ya da bir mil çox getməkdir.
Uşaq vaxtlarımda bir Əminə xalamız vardı. Əllərindən sevgi axdığına inanırdılar. O zamankı ağılımla nə demək istədiklərini çox anlamasam da, çiçəklər və Əminə xalam mənə digər gördüyüm insanlardan fərqli gəlirdi. Çiçəklərini uşaqları kimi sevərdi. Bəzən dükana gedərkən ona da dəyərdim. Əlimə şirni verib, çiçəklərini izah edərdi. "Su tökmək çiçək sulamaq demək deyil. Şirin dillə onları sevməliyik" deyərdi. Mən də sanki başa düşürmüş kimi dinləyərdim. Halbuki indi onu daha yaxşı anlaya bilirəm. Allah sevgini bütün canlılara həyat qaynağı olaraq yaratmış, heyvanlar, bitkilər belə sevgi, şəfqət və mərhəmətlə daha gözəl inkişaf edib gözəlləşirlər. Yediyim şirnilərin ləzzətini də unuda bilmərəm. Nə gözəl günlər idi...
Yaxşı, sizin çiçəkləriniz nə vəziyyətdədir? İndi bizlər isə quruyub gedən çiçəklərimizin dərdindəyik. Şüşəmizin kənarında, ya da iş masamızın üzərində dayanan bənövşəmizin suyunu hər gün verə bilərik. Qönçə vermirsə bunun səbəbini çiçəkdən bilməyək, bu bizim öz sevgisiz bağbanlığımızdan qaynaqlana bilər. Sevgimizi hiss etdirə və göstərə bilməyiriksə nə gözləyirik? Bir saatdan sonra yaşayacağımızın zəmanəti varmı? Dünyanı çevirən sevgi üçün hamımız əlimizdən gələni etməliyik. Sevgi könül cömərdliyi istər. Xəsis könüllərdə böyük sevgilər əsla sığına bilməz.
Bəzi insanlarda bizi çox sevir. Ola bilər ki, bunu necə göstərəcəyini bilmir. Bu tərz insanlar da bəzən bizimlə eyni fikiri paylaşaraq bizi sevdiklərini hiss etdirə bilərlər. Sevgini göstərməmək sağlam ünsiyyəti, səmimiliyi, yaxınlaşmağı, etibarı sual altına alar və nəticədə təklik olar. Halbuki sevgi şəfqəti, şəfqət mərhəməti, mərhəmət də səbr və xidməti çıxarar. Nə edək önümüzə gələnə "Səni sevirəm" deyə bilmirik. Heç olmasa küçəyə çıxdığımız zaman eyni səkidən getdiyimiz ton ton xalaya gülümsəyə bilərik. Gülümsəmək sevginin üz ifadəsidir. Əslində nə etdiyimiz o qədər də əhəmiyyətli deyil. Yalnız bir şey edək. Niyə sevdiklərimizə bu düsturu verməkdə gecikək? İnsanlara sevdiyimizi bildirmənin ən yaxşı zamanı indiki zamandır. Sonrakı peşmançılıq isə fayda verməz. Əgər sevdiyimizi söyləməyə çəkiniriksə o zaman onları qucaqlayaq. Qucaq dolusu sevgimizi onlara verək. Bax bu da sevginin bədən dilidir. Mən təcrübələrim sonunda bu reallığı anladım ki, sevildiyindən əmin olmayan bir insanı tibbin ən yaxşı dərmanları belə həyata bağlaya bilməz. Bütün xoşbəxtliklərin başı Sevgidir. Sevgidən nəsibini almış bir kimsəsiz uşağı, sevgidən məhrum qalmış bir hər hansısa bir şirkətdə işləyənin uşağından daha xoşbəxtdir. Sevməyi bilməyən insanlardan nə yaxşı ana, nə yaxşı ata, nə yaxşı idarəçi, nə də yaxşı bir pedaqoq olar. Hər şeyin başı sevgi, hər şeyin ortası sevgi yenə hər şeyin sonu sevgi... Özümüzə və sevdiklərimizə cömərd davranaq. İncikliklərimizi azaldıb ifadə etdiyim kimi sevgimizi çoxaldaq.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
1 комментарий:
niye mehz kucede de xala movzusuna toxunulub.burda dayi,telebeler ve s. personajlarda ola bilerdi.umumen yazi gozel movzudadir,son qeyd de cox gozel ve yerinde verilib.allah komeyi olsun hamimizin, allah amaninda
Отправить комментарий