пятница, февраля 29, 2008

AZƏRBAYCAN RESPUBLİKASINDA ISLAM BANKÇILIĞININ UĞURLU İNKIŞAFI ÜÇÜN BÖYÜK POTENSIAL MÖVCUDDUR

Beynəlxalq seminarın müzakirələrindən çıxan nəticələr belə düşünməyə əsas verir.
Fevralın 27-28-də İslam İnkişaf Bankı və Azərbaycan Marketinq Cəmiyyətinin təşkilatçılığı və İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə “İslam maliyyəsi və onun Azərbaycan Respublikasında perspektivləri” mövzusunda beynəlxalq seminar keçirilmişdir. Seminarda ölkənin bir çox aparıcı bank və maliyyə qurumlarının nümayəndələri iştirak etmişlər. Seminarın I günündə “İslam və iqtisadiyyat”, “Iqtisadi inkişafa İslamın yanaşması”, “İslam maliyyəsi iqtisadi inkişafın vasitəsi kimi”, “Maliyyə sektorunun müasir problemləri və İslam alternativi” kimi mövzular müzakirə mövzusu olmuşdur. Seminarın II günü isə İslam maliyyə sisteminin spesifikasının, İslam bankçılığının, məxsusən, İslam İnkişaf Bankı misalında, dünya dövlətlərində təcrübəsinin, Azərbaycanda İslam bankçılığının tətbiqi imkanlarının, İslam maliyyəsinin perspektivləri və problemlərinin müzakirəsinə həsr olunmuşdur.
Seminarda İslam İnkişaf Bankını bankın eksperti Dr.Ausəf Əhməd təmsil etmişdir. Ekspert çıxışında İslam maliyyəsinin və bankçılığının tarixindən danışaraq, “İslam bankçılığı” termininin son 30-40 il ərzində meydana gəldiyini bildirdi. İslam maliyyə sisteminin dünya ölkələrində təcrübəsindən bəhs edərkən isə Dr. Əhməd qeyd etdi ki, hal-hazırda İslam maliyyə təsisatlarının 80%-dən çoxu Fars körfəzi ölkələrinin payına düşür, maliyyə fondlarının 42%-dən çoxu isə Fars körfəzi, Cənub və Cənub-Şərqi Asiya ölkələrində təmərküzləşmişdir.

Azərbaycan Beynəlxalq Bankının Marketinq üzrə departamentinin müdir müavini Behnam Qurbanzadə çıxışında bildirdi ki, bugünkü gün üçün Azərbaycanda İslami prinsiplər əsasında fəaliyyət göstərən maliyyə təsisatlarının fəaliyyəti üçün münasib baza var və eyni zamanda onu da qeyd etdi ki, Azərbaycan məkanında şəriət prinsipləri əsasında fəaliyyət göstərəcək maliyyə qurumlarına tələbat duyan istehlakçı sektoru artıq yetişmişdir. Islam ölkələrinin zəngin investisiya kapitalına malik olduğunu vurğulayan mütəxəssis Azərbaycan bazarının bu investisiyalara böyük tələbat olduğunu bildirmişdir. O, həmçinin qeyd etdi ki, Azərbaycan Beynəlxalq Bankı öz fəaliyyətinin müəyyən istiqamətlərində (məsələn, lizinq fəaliyyətini) artıq İslam bankçılığınin şərtlərinə riayət edir və bu növ fəaliyyət Azərbaycan Respublikasının bir çox başqa banklarında da tətbiqini tapmaqdadır. Eyni zamanda bir çox banklar, o cümlədən ABB İslam İnkişaf Bankı ilə artıq bir çox layihələrdə fəal əməkdaşlıq edir.

Azərbaycan Respublikasında İslam maliyyəsinin perspektivlərindən danışan Azərbaycan Marketinq Cəmiyyətinin İcraçı direktoru Fuad Əliyev isə İslam maliyyəsinin ölkəmizdə qarşılaşdığı problemlər sırasında sələmsiz maliyyə bazarlarının yoxluğu, yetərli tənzimləyici hüquqi-normativ bazanın olmaması, islami iqtisadi alətlər ilə terminoloji tanışlığın aşağı səviyyədə olması və s. göstərmışdir. İslam İnkişaf Bankının ölkədə fəaliyyət perspektivinə toxunaraq isə əlavə olaraq bildirdi ki, sələmsiz əməliyyatların daha riskli olması, İİB-nin maliyyə təsisatlarının inkişaf etmiş deyil, inkişaf etməkdə olan dövlətlərdə yerləşdirilməsi, xarici kapitalın iştirakı üçün kvotaların müəyyən edilmiş olması, İslama uyğun investisiyaların yoxluğu səbəbindən yerli bankların likvid vəsaitlərini daha risqli sahələrə investisiya yatırmaları və nəhayət, yerli biznes adamlarında İslam etikasının aşağı səviyyədə olması (“müftəxorluq siyasəti”) uğurlu fəaliyyətin maneə faktorları kimi çıxış edə bilər. Fəaliyyət taktikasının yolları qismində F.Əliyev aşağıdakıları göstərdi: 1 - Islami bankçılıq fəaliyyətini “partizan” üsulda aparmaqla (ənənəvi bankçılıq formaları altında fəaliyyət göstərməklə) status-kvonu saxlamaq; 2 - Bank adı ilə deyil, Investisiya Şirkəti və qeyri-neft kredit obyektləri kimi fəaliyyət göstərmək; 3 - yerli banklarda İslam pəncərələrini (“İslamic windows”) açmaq.

Sonda yenidən söz alan İİB eksperti Dr.Ausəf Əhməd seminar müzakirələrinə xülasə vuraraq, İİB-nin fəaliyyətinin əhalinin dövlət sektoruna etibarının artması, mikroiqtisadiyyatın inkişafı, habelə iqtisadi uğurlu təşkilatlara kapital axının güclənməsi kimi uğurlu nəticələr verə biləcəyini vurğuladı.

Abbasova Leyla,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: