пятница, февраля 29, 2008

AZƏRBAYCAN RESPUBLİKASINDA ISLAM BANKÇILIĞININ UĞURLU İNKIŞAFI ÜÇÜN BÖYÜK POTENSIAL MÖVCUDDUR

Beynəlxalq seminarın müzakirələrindən çıxan nəticələr belə düşünməyə əsas verir.
Fevralın 27-28-də İslam İnkişaf Bankı və Azərbaycan Marketinq Cəmiyyətinin təşkilatçılığı və İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə “İslam maliyyəsi və onun Azərbaycan Respublikasında perspektivləri” mövzusunda beynəlxalq seminar keçirilmişdir. Seminarda ölkənin bir çox aparıcı bank və maliyyə qurumlarının nümayəndələri iştirak etmişlər. Seminarın I günündə “İslam və iqtisadiyyat”, “Iqtisadi inkişafa İslamın yanaşması”, “İslam maliyyəsi iqtisadi inkişafın vasitəsi kimi”, “Maliyyə sektorunun müasir problemləri və İslam alternativi” kimi mövzular müzakirə mövzusu olmuşdur. Seminarın II günü isə İslam maliyyə sisteminin spesifikasının, İslam bankçılığının, məxsusən, İslam İnkişaf Bankı misalında, dünya dövlətlərində təcrübəsinin, Azərbaycanda İslam bankçılığının tətbiqi imkanlarının, İslam maliyyəsinin perspektivləri və problemlərinin müzakirəsinə həsr olunmuşdur.
Seminarda İslam İnkişaf Bankını bankın eksperti Dr.Ausəf Əhməd təmsil etmişdir. Ekspert çıxışında İslam maliyyəsinin və bankçılığının tarixindən danışaraq, “İslam bankçılığı” termininin son 30-40 il ərzində meydana gəldiyini bildirdi. İslam maliyyə sisteminin dünya ölkələrində təcrübəsindən bəhs edərkən isə Dr. Əhməd qeyd etdi ki, hal-hazırda İslam maliyyə təsisatlarının 80%-dən çoxu Fars körfəzi ölkələrinin payına düşür, maliyyə fondlarının 42%-dən çoxu isə Fars körfəzi, Cənub və Cənub-Şərqi Asiya ölkələrində təmərküzləşmişdir.

Azərbaycan Beynəlxalq Bankının Marketinq üzrə departamentinin müdir müavini Behnam Qurbanzadə çıxışında bildirdi ki, bugünkü gün üçün Azərbaycanda İslami prinsiplər əsasında fəaliyyət göstərən maliyyə təsisatlarının fəaliyyəti üçün münasib baza var və eyni zamanda onu da qeyd etdi ki, Azərbaycan məkanında şəriət prinsipləri əsasında fəaliyyət göstərəcək maliyyə qurumlarına tələbat duyan istehlakçı sektoru artıq yetişmişdir. Islam ölkələrinin zəngin investisiya kapitalına malik olduğunu vurğulayan mütəxəssis Azərbaycan bazarının bu investisiyalara böyük tələbat olduğunu bildirmişdir. O, həmçinin qeyd etdi ki, Azərbaycan Beynəlxalq Bankı öz fəaliyyətinin müəyyən istiqamətlərində (məsələn, lizinq fəaliyyətini) artıq İslam bankçılığınin şərtlərinə riayət edir və bu növ fəaliyyət Azərbaycan Respublikasının bir çox başqa banklarında da tətbiqini tapmaqdadır. Eyni zamanda bir çox banklar, o cümlədən ABB İslam İnkişaf Bankı ilə artıq bir çox layihələrdə fəal əməkdaşlıq edir.

Azərbaycan Respublikasında İslam maliyyəsinin perspektivlərindən danışan Azərbaycan Marketinq Cəmiyyətinin İcraçı direktoru Fuad Əliyev isə İslam maliyyəsinin ölkəmizdə qarşılaşdığı problemlər sırasında sələmsiz maliyyə bazarlarının yoxluğu, yetərli tənzimləyici hüquqi-normativ bazanın olmaması, islami iqtisadi alətlər ilə terminoloji tanışlığın aşağı səviyyədə olması və s. göstərmışdir. İslam İnkişaf Bankının ölkədə fəaliyyət perspektivinə toxunaraq isə əlavə olaraq bildirdi ki, sələmsiz əməliyyatların daha riskli olması, İİB-nin maliyyə təsisatlarının inkişaf etmiş deyil, inkişaf etməkdə olan dövlətlərdə yerləşdirilməsi, xarici kapitalın iştirakı üçün kvotaların müəyyən edilmiş olması, İslama uyğun investisiyaların yoxluğu səbəbindən yerli bankların likvid vəsaitlərini daha risqli sahələrə investisiya yatırmaları və nəhayət, yerli biznes adamlarında İslam etikasının aşağı səviyyədə olması (“müftəxorluq siyasəti”) uğurlu fəaliyyətin maneə faktorları kimi çıxış edə bilər. Fəaliyyət taktikasının yolları qismində F.Əliyev aşağıdakıları göstərdi: 1 - Islami bankçılıq fəaliyyətini “partizan” üsulda aparmaqla (ənənəvi bankçılıq formaları altında fəaliyyət göstərməklə) status-kvonu saxlamaq; 2 - Bank adı ilə deyil, Investisiya Şirkəti və qeyri-neft kredit obyektləri kimi fəaliyyət göstərmək; 3 - yerli banklarda İslam pəncərələrini (“İslamic windows”) açmaq.

Sonda yenidən söz alan İİB eksperti Dr.Ausəf Əhməd seminar müzakirələrinə xülasə vuraraq, İİB-nin fəaliyyətinin əhalinin dövlət sektoruna etibarının artması, mikroiqtisadiyyatın inkişafı, habelə iqtisadi uğurlu təşkilatlara kapital axının güclənməsi kimi uğurlu nəticələr verə biləcəyini vurğuladı.

Abbasova Leyla,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, февраля 28, 2008

Səcdə - mənəvi yüksəliş

Səcdə - bəndənin Rəbbi qarşısında zəifliyini və acizliyini ifadə edir, Allahın əzəmət və əbədiliyinin müqabilində bütün varlıqların gücsüzlüyünü göstərir.
Məgər bütün yaranış Uca Allahın əzəməti və əmri qarşısında səcdə etmirmi? Bəs biz nə üçün kainatla birgə bizi yaradana səcdə etməyək?
Bəndəlik rəmzi sayılan səcdə məqamında insanın özünü kiçik sanması, təzim etməsi, nəfsini sındırması, təvazökarlığı, bütün vücudunu haqqa təslim etməsi gərəkdir. Bir anlıq da olsa dünyəvi hisslərdən ayrılıb Rəbbinə təzim etməsi - insan övladının Uca Yaradanı qarşısında mənəvi yüksəlişidir. Bütün varlığı ilə Rəbbinin qarşısında əyilməsi o mübarək nurun insanlığa verdiyi bir töhfədir.
Adəm xəlq edildikdən sonra bütün mələklər ona səcdə etdilər. Allah mələklərə Adəmə səcdə etməyi əmr etdiyi halda, Adəmə yalnız Onun Özü müqabilində səcdə etməsinə icazə verdi. Ancaq bəzən insan təbii halı olan səcdənin həqiqi ünvanını itirir. O, bəzən hisslərinə, tükənmək bilməyən ehtiraslarına, bəzənsə pula, məqama, şöhrətə səcdə edir.
İnsana lütf edilən bu şərəfli iş şeytan üçün ən çətin, ağır və dözülməz bir hal hesab olunur. Həmin şeytan ki, öz təkəbbür və qüruru üzündən Adəmə səcdə etməkdən imtina etdi, İlahinin dərgahından qovuldu və həmişəlik lənətə düçar oldu.
İmam Sadiq (ə) buyurur: "Hər kəs ömründə bir dəfə də olsa, səcdənin həqiqətini rədd edib ondan boyun qaçırıbsa, nə böyük ziyan çəkib! Amma o kəslər ki, səcdə halında nəfsin hiylələrinə uymadan öz Pərvərdigarı ilə xəlvət qalıb, Ondan qəflət etməyib, Allah Təala onlar üçün təcili müjdə və axirət rahatlığı hazırlayar. Hər kəs səcdə halında Allaha müqərrəb oldusa, əbədi olaraq Ondan uzaqlaşmaz. Lakin ədəbi pis olan və öz Pərvərdigarına hörmətsizlik edib səcdə halında qəlbi başqa şeylərlə məşğul olan kəs heç vaxt Allaha müqərrəb ola bilməz".
Səcdə edənlərin zinəti, abidlərin fəxri sayılan İmam Səccad (ə) səcdədə olarkən o qədər böyük diqqətlə Allahın adını təkrar edirdi ki, başını qaldırarkən mübarək bədəni tərə bürünmüş olardı. Səcdəsi zaman baxımından uzun çəkdiyinə görə səcdə yerləri qabar bağlayarmış.
Səcdə namazın mühüm hissələrindəndir və məzhəblər arasında səcdənin hansı qaydada yerinə yetirilməsi məsələsində fikir ayrılığı yoxdur. Bütün mənsəblər bədənin 7 üzvünün yerə qoyulmasını bildirmişlər. İxtilaf isə " Səcdə nəyin üzərinə edilməlidir?" sualı ətrafındadır.
Səcdə nəyin üzərinə edilməlidir barədə nəql olunan Peyğəmbər (s) hədisləri olduqca çoxdur. Burada mütəvatir olduğu barədə fikir ayrılığı olmayan " Yer mənim üçün səcdəgah və pak qərar verildi" hədisinin qısa şərhini verməklə nəticə çıxarmağa çalışacağıq.
Hədisdən göründüyü kimi, səcdə yalnız yer üzərinə edilməlidir. Digər tərəfdən də başa düşülür ki, islam şəriətinə görə toxunma şeylər üzərinə səcdə düzgün deyil. Çünki bu cür şeylər "yer" adlanmır. Deməli, " yer " adlanmayan əşyalar üzərinə edilən səcdəyə islam şəriəti icazə vermir.
Səcdə Allah Təala qarşısında kiçiklik, mütilik, itaətkarlıq əlamətidir. Allah əzəməti qarşısında olan bu mütilik və itaətkarlıq yalnız torpaq üzərinə edilən səcdə vasitəsilə tamamlanır. Bahalı döşəmə, qiymətli xalça üzərinə edilən səcdədə bu cür mütilik və kiçiklik yoxdur.
Bəs İmam Hüseyn (ə) türbəti üzərinə edilən səcdənin əhəmiyyəti niyə böyükdür?
Birincisi, Allah Təala Kərbəla torpağını yaradandan bəri onu müqəddəs və əzəmətli etmişdir. Peyğəmbər (s) buyurub: "Kərbəla torpağı yer kürəsinin bütün torpaqlarından pakdır, ona görə ki, o cənnət çəmənliklərindən biridir".

İkincisi, Kərbəla torpağının müqəddəsliyi və əzəməti ondadır ki, o İmam Hüseyn (ə) kimi Peyğəmbər (s) nəvəsinin mübarək vücudunu özündə saxlayır. İmam Hüseyn (ə) o kəsdir ki, Allah yolunda hər bir şeydən keçdi, ən əzizlərini, özünü qurban verdi və öz qanı ilə islamı dirçəltdi, aradan getməyə qoymadı. Ona görə də İmam Hüseyn (ə) kimi əzəmətli bir şəxsiyyətin vücudunu özündə saxlayan bir torpağın, əlbəttə ki, hörməti Allah dərgahında böyükdür.
Seyidəş-şühədanın pak türbəti azadlıq məktəbi, şəhadət rəmzidir. Bu müqəddəs torpağa səcdə etmək insanı Kərbəla, Aşura mədəniyyəti ilə tanış və yaxın edir.
Odur ki, ey bəndə, zəlil halda böyük təvazö ilə səcdə et və bil ki, O səni torpaqdan yaradıb, murdar nütfənin tərkibindən vücuda gətirib. Həm də bil ki, səcdənin mənası Allah Təalaya qəlblə və ruhla müqərrəb olmaqdır. Hər kəs Ona yaxın olsa, qeyri şeylərin hamısından uzaq olar.
Allah Təala bizləri daim Onun hüzurunda səcdə halında olanlardan qərar versin. Amin!!!

Aysel Kərimova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Elmin dəyəri

Müasir dünyada elm çox geniş bir məna kəsb edir. Elmlərin miqdarı o qədər artıb ki, onları sayıb qurtarmaq olmur. Lakin məna dərinliyinə getdikcə onlar bir-birinə yaxınlaşıb bir mərkəzə tərəf gedirlər. Rəsuli-Əkrəm (s) buyurub: “Elm bir nöqtədir, cahillər isə onu çoxaldıblar”.
Bəzi cəhalətpərəst, qəflətdə olanlar zaman-zaman elmləri iki yerə bölmüşlər: dini və dünyəvi. Bu elmlər arasına uçurum salmışlar. Dünyəvi elmlər tərəqqiyə aparan elmlər kimi təqdim edilmiş, dini elmlər isə əksinə. Amma əslində əgər dini elmlər insanları dünyanı dərk etməyə yönəldirsə, bu elə dünyəvi elmlərdir. Əslində tərəqqiyə aparan bütün elmlər İslami elmlər sayılır.
Elmin əhəmiyyəti haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Bəzi filosoflar belə güman edirlər ki, elm bütün kamilliklərin əsasıdır. Varlıq aləminin bütün sualları qarşısında elmi dəlillərə malik olan insan ən kamil insan hesab olunur. Digər bir qrup filosof isə bu qənaətdədir ki, insanın təhsil ilə öyrəndiyi elmin onun kamilliyinə heç bir dəxli yoxdur. Hətta elmi kamilləşmə yolunda maneə hesab edənlər də var. Bu qənaətlərin ən düzgünü budur ki, elm insan üçün kamillik sifətidir.
Elmi-hüsuli, başqa sözlə oxumaqla öyrənilən elm iki növdür: nəzəri və əməli. Nəzəri elmlərin insan xarakteri ilə əlaqəsi olmasa da, onlardan bəziləri son məqsədi tanımaqda insana kömək edir.
Təkamül yolunda insanın agah şəkildə kamilləşməsi əməli elmlərdən asılıdır.
Praqmatizm nəzəriyyəsinə görə, elm və sənət yalnız o zaman dəyərlidir ki, insan onun vasitəsilə özü üçün gözəl və rahat həyat qura bilsin. Ancaq nəinki elm və sənət, hətta dünya həyatının özü insan üçün əsl dəyər hesab oluna bilməz. Nə elmi təhsil, nə sənət, nə də fərdi və ictimai işlər mütləq dəyər deyil. Bütün bunlar yalnız Allaha yaxınlığa xidmət etdikdə dəyərli ola bilər. Elm öyrənməkdə kiminin məqsədi ad-san, kiminin məqsədi isə Allahın razılığını qazanmaqdır. Allaha yaxınlıq məqsədilə elm təhsili - ibadətdir.
«Bir saat elmlə məşğul olmaq altmış il ibadətdən üstündür» hədisini yanlış olaraq belə başa düşürlər ki, elm öyrənmək ibadət təklifini aradan götürür. Elmi xidmətlər və məşğuliyyətlər, camaata düzgün yolu göstərmək ən yaxşı ibadətlərdən sayılır, qürbət qəsdi yerinə yetirilərsə İlahi dərgaha doğru yaxınlıq və mənəvi təkamülə səbəb ola bilər. Lakin nə günahlara və əxlaqi rəzilliklərə bir dərman, nə də ki, İlahi təklif və vəzifələrin götürülməsinə səbəb olmalıdır.
Elm əhli də başqaları kimi, həlakətdən xilas olmaq, əbədi səadətə və kamala çatmaq üçün təqvaya, nəfsin saflaşdırılmasına, ibadətdə ciddiyətə ehtiyacı vardır.
İnsanın qəflət yuxusundan ayılmasına səbəb olacaq elm isə çox təəssüflər ki, bəzən qürura, cəhalətə səbəb olur.
Elm imanla rabitəli şəkildə əlaqəlidir. İman əqlin təsdiq etdiklərini qəbul etməsi və onun şərtlərinə əməl etmək qərarına gəlməsidir. Sabir elm və imanın əlaqəsini belə ifadə etmişdir.
Gər olsa nisada elmü-irfan
Övlada edər bu yolda iman
Azərbaycanın məşhur ədib və ziyalıları maarifi, elmi cəmiyyətin inkişafı üçün əsas meyar hesab etmiş, bu yolda mübarizə aparmışlar. Sabir:
Elm ilə olur hüsuli-izzət
Elm ilə olur nüfuzu-millət
Bu arada İslamı qəbul etmiş dünyanın bir sıra görkəmli elm xadimlərini qeyd etmək yerinə düşərdi.
Alman şairi, mütəfəkkir İohan Volfqanq Höte demişdir: «Uzun illər Allahdan xəbərsiz keşişlər bizi Quran həqiqətlərini dərk etməkdən uzaq saxlayıb. Ancaq elm aləmində bütün məchul və naməlumlar Qurandadır».
İngilis alimi ser Edvard Henri əl dərisi naxışlarının quruluşu ilə cinayətkarların axtarışı kəşfini Qurani-Kərimin «Qiyamət» surəsinin 3-4 cü ayələrindən götürmüş və 1891-ci ildən dünyanın kriminalistika sahəsində ilk dəfə olaraq tətbiq edilməyə başlamışdır.
Fransız filosofu, yazıçı Qüstav Lebon: «Quran vasitəsilə İslam dini dünyaya ən təmiz, həqiqi monoteizmi - təkallahlıq dinini çatdırır».
Jak İv Kusto Cəbəllutariq boğazında tədqiqat apararkən, elmin izah edə bilmədiyi təəccüblü faktla, bir-birinə qarışmayan iki su kütləsinin olması ilə üzləşir. Bütün bunların 1400 il bundan qabaq Quranda olmasını bilərkən heyrətlənir və deyir: "And içirəm ki, müasir elmi 1400 il geridə qoyan Quran insan sözü ola bilməz. Bu, həqiqətən Uca Allahın sözüdür”.
Bu siyahını daha da artırmaq olar. Sonda bu hədisi hər zaman yadda saxlamalıyıq: “Elminizi başqalarına öyrədin və başqalarının elmini öyrənin”.

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


Əlifbadan sonrakı addım

Hələ lap uşaq olanda çoxlarımız məktəbə getməyə can atmışıq. Heç fərqinə də varmadan alim olmağın ilk pillələrini çox sevmişik. Bəlkə də, o vaxtlar bizi ən çox maraqlandıran bizə yeni ”oyuncaqların” - dəftərlərin, rəngli qələmlərin, karandaşların alınması olub. Bilmirəm, bəlkə də, onda daha yaxşı fikirləşirmişik. Ən əsası odur ki, məktəbə getmək istəmişik.
Bu hiss bizdə böyüdükcə soyumağa başlayıb. Bir müddət sonra artıq məktəbdən gələn kimi həvəslə açıb etdiyimiz ev tapşırıqlarına biganələşmişik. Sonralar isə bir vaxtlar can atdığımız məktəbə belə getmək istəməmişik. Hətta məktəbdən o qədər soyumuşuq ki, oxuyan dostlarımıza da yuxarıdan aşağıya baxmışıq.
Bəs bunun səbəbi nədir? Nəyə görə insan hərfləri öyrəndikdən sonra oxumaq istəmir? Axı hərfləri öyrənməyin yeganə məqsədi oxumaq istəməkdi.
Bunun üç fundamental səbəbi var.

Birinci səbəb: “oxumağın vacibliyini bilməmək”
Çoxlarımız oxumağın bizim həyatımızın ayrılmaz hissəsi olduğunu bilmir. Daha doğrusu bilir, ancaq yaşaması üçün yeməyin lazım olduğunu bildiyi qədər, “insan” olması üçün də oxumağın gərəkli olduğunu anlamaq istəmir.
Kimdən soruşulsa ki, oxumaq lazimdı, ya yox? - cavabında yarızarafat deyər: “Lenin deyib: oxumaq, oxumaq, yenə də oxumaq” . Əslində misal tam olaraq bu cür deyil, ancaq hər şeyi olduğu kimi bunuda yarım-yarımçıq bilirik. Misalın arxasında bu “xoş“ sözləri puç edən bir söz dayanır. Sitat tam olaraq bu şəkildədir: “Oxumaq, oxumaq, yenə də oxumaq - kommunizm üçün”. Deməli o, ancaq kommunizmin xeyrinə olan oxumağı, yenə də oxunmağı istəyirdi.
Azərbaycanın ayrılmaz hissəsi olan İslam mədəniyyətinində oxumağa baxış bucağı çox aydındır. Elə insanları hidayət etməyə göndərilən rəhmət Peyğəmbərinə (s) gələn ilk vəhy sözü “Oxu”dur. İlk sözü “oxu” olan təlimin, deməli əsas hədəflərdən biri də insanları maarifləndirməkdir.
Bundan başqa İslam Peyğəmbərinin “Beşikdən qəbr evinədək elm öyrən” kəlamı Quranın «oxu!» əmrinin icrasının bariz nümunəsidir.
Aydın olur ki, anlamamığız oxumamağımıza səbəb ola bilməz.

İkinci səbəb: “Doğru hədəfə yönəltməyən oxumaq”.
Insan əsl məqsədindən sapdıran şeyləri oxumağa meyllidir. Ona görə də ömrünü “elmə” sərf etmiş adam ölənə yaxın (və ya ölən anında) həyatının puç olduğunu anlayır.
İnsanlığın əsl hədəfini bildirən Kitabın “oxu “ əmrindən dərhal sonra “Allahın adı ilə...” açar sözü gəlir. Sanki “oxu” əmri insanin qarşısında geniş torpaq sahəsi acır. Burada şoran torpaq da var, münbit torpaq da. Ancaq hansının münbit, hansının şoran olduğunu bilmirsən. “Allahın adı ilə...” açar sözü isə sənə münbit torpağı göstərən ox işarəsidir.
Bəs “Allahın adı ilə...” oxumaq nədir? Əlbəttə insanlığın əhəmiyyətinə, hədəfinə çatdıran hər şey. Hər nə ki, sənə insan olmağa kömək edir, nə ki, səni heyvaniliyə endirmir. Nə ki, səni mələkdən yuxarı qaldırır. Münbit torpaq odur. Qalanları sorandı. Şoran torpaqda isə əkilən bitki ya bitməz, ya da münbit torpaqda olduğu kimi təravətli olmaz.
Elə doğru hədəflərdən yayınmağımızın nəticəsidir ki, başqa sarvanların karvanlarına qoşulmuşuq. Elə bu hədəflərdən yayınmağımızın nəticəsidir ki, kiçik bir uşağa oxumağın vacibliyi haqqında danışarkən ilk əvvəl “beşikdən qəbr evinədək elm öyrən” kəlamının əvəzinə “oxumaq, oxumaq, yenə də oxumaq” misalını çəkirik....

Üçüncü səbəb: “Tənbəllik”
Bəzi adamlar var ki, onlar oxumağın vacibliyini anlayır və nələri oxumaq lazımdır bilir. Ancaq bütün bunlara baxmayaraq yenə də oxumur. Görəsən niyə? Cavab çox sadədir - tənbəllik. Tənbəllik bir “virus” kimi bizim qanımızda hərəkət edir. Zehnimizin bütün nöqtələrini tutur.
Biz «tənbəl» dedikdə yeyib-yatan adamı nəzərdə tuturuq. Əslində isə bu belə deyil. Tənbəl insan o insandır ki, əlindəki inkanlardan istifadə edə bilmir.Tənbəl insan o insandır ki, hərəkəti sevmir, inkişafı sevmir.
Tənbəlliyin yeganə dərmanı düsünməkdir. Insanın daima düşünməsi onun zehni və fiziki hərəkətə vadar edər. Beləliklə tənbəlliyin həmin insan üzərindəki hakimliyi sona yetər.
Ən maraqlısı da odur ki, insan bəzən düşünməyin lazim olduğunu belə düşünmək istəmir. Çünki tənbəllik onun “düşünmə qabiliyyəti”ni əlindən alır. “Düşünmə qabiliyyətinin” əlindən alınması çox dəhşətli vəziyyətdi. Axi insanı digər varlıqlardan fərqləndirən yeganə qabiliyyət düşünməkdi. İnsan düsünən biolji varliqdi . Düşünməsə ancaq bioloji varlıq olar...
Bioloji varlıq - yəni...
Bütün bunlara baxmayaraq Əlifbanı öyrəndikdən sonra oxumağı sevənlər də az deyil. Kimlərdi onlar? Oxumağın vacibliyin bilənlər, insanlığın hədəfini oxuyanlar və tənbəl olmayanlar.
Kimlərdi onlar ? - Sadə Allah bəndələri və ya Quranının “oxu!” əmrinə tabe olanlar...

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi




XOCALI SOYQIRIMI

VƏ YA ERMƏNİLƏRİN ÜZƏ ÇIXARDIĞI «QƏHRƏMANLIQ»

Həyat çox ikiüzlüdür, əslində. Gah yaxşı, gah da pis anlarla qalır yaddaşlarda. Möqeyini müəyyən etmək çox çətindir. Əslində mövqesizdir. Daha doğrusu güclünün və ya gücün tərəfindədir. Qoca tarixsə çox müdrikdir. Sakit, vüqarlı, yaxşı dinləyən, hadisələri aydın təhlil edən və yekunda hər bir şeyə lazımi qiymət verən və hər nəticəni yerli-yerində yerləşdirəndir. Bu düşüncəyə çox inanıram nədənsə. Belə bir fikirlərlə başlamağının səbəbi hər hanfsı fəlsəfi (burada düşünürlərdən üzr istəyirəm) bəhs açmaq deyildir. Sadəcə, çox sadə, sadə olduğu qədər ağrılı, ağrılı olduğu qədər məsuliyyətli, məsuliyyətli oldğu qədər vətəndaş mövqeyi tələb edən bir hadisədən danışmaq isətyirəm.

ÇOX SADƏ:
26.02.1992… Səkkiz rəqəm. Qeyd etdiyim kimi çox sadə, lakin sadə rəqəmlərin mürəkəb taleyindən söhbət açacağıq.

SADƏ OLDUĞU QƏDƏR AĞRILI…
26.02.1986-cı il. Bu tarixdə qədim dünyaya. Paradoksal həyat məni bu tarixdə bir anaya sevinc olaraq gətirdiyi halda bu tarixin başqa ilində anamın anasına - Ana Vətənə qara libas geydirdi. Dünyaya göz açar-açmaz, sanki, körpə məsumluğundan doğan hisslə düz altı il sonra baş verəcək hadisəni duyurmuş kimi ağladım. Xocalıda həmvətənlərimin İlahi qiyamətdən öncə qopmuş qiyaməti üçün ağladım. Bəlkə, Xocalıda olub soydaşlarımızın taleyini yaşamaq da keçmişdi qəlbimdən. İndi də o kadrlar yadıma düşəndə nələr hiss etdiyim, yəqin, azacıq insanlıq hissi olanlar yad deyildir. Təhqir olunmuş cəsədlər, qoca, cavan, uşaq, bətnində körpə gəzdirən ananın vəhşiliklə öldürülməsi heç birinizin yadından çıxacaq bir şey deyil ki! İnsanlıq bu vəhşilik üzüncən hələ çox utanacaq. Yer üzündəki bu vəhşiliyin ləkələrini, bu faciənin qan izini aparmaqda buludların ağlaması yetməyib və yetməyəcək. Bu ləkəni yalnız, sən - AZƏRBAYCAN VƏTƏNDAŞI, yalnız sən - DÜNYA VİCDANLISI, apara bilərsən! Və o zaman qoca tarix həyatın ikiüzlülüyünü bir daha faş edəcək və gələcəyə yeni bir ibrət dərisi verəcək.

AĞRILI OLDUĞU QƏDƏR MƏSULİYYƏTLİ
Erməni ideoloqlarından biri Zori Balayan «Ruhumuzun dirçəlməsi» kitabında yazır: «Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş ətini onun ağzına soxdu. Daha sonra 13 yaşlı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım: türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər erməni hərəkətlərimizlə fəxr duyacaq».
Bu yazılanları oxuyarkən nələr yaşadığınızı, hansı məsuliyyəti hiss etdiyinizi anlayıram. Elə bu şölənənən vətənpərvərlik, vicdan, qorxmazlıq duyğularınızdan cəsarət taparaq bütün dünyaya və özlərini «mütləq hakim» hesab edən firfonlara çatdırıram: «Bu millətin fərdlərini aradan aparmaq olar, lakin bu millətin ruhunu aradan arapmaq olmaz». Məhz bu millət öz rühünü şəhidlərindən alır.

VƏTƏNDAŞ MÖVQEYİ:
Mən Türkiyəli dindaş və dildaşlarımızın nə vaxtan bəridir ki, «erməni soyqırımı» məsələsi ilə nə qədər məşğul olduğunu gördükcə bu erməni ünsürlərinin həyasızlğına sadəcə təəccüb edirəm. Amma bizim MƏCLİSDƏ Xocalı qırğının soyqırım olması barədə rəsmi sənəd qəbul etdilməməsi məni bir vətəndaş kimi çox narahat edir. Doğrudur, hər şeyin dəqiq qiymətini Allah verəcək. Amma bizim də məsələlərə dair doğru qiymət verməyimiz lazımdır ki, həm Mütləq Haqq sahibinin qarşısına üzü ağ çıxaq həm də ŞƏHİDLƏRİMİZİN ruhunu şad edək.
Həyat öz siyətsizliyini davam etdirməkdədir. Fələstində, İraqda bu daha qabarıq görünür. Gözüyaşlı körpənin valideyinin soyuq cəsədi kənarında oturması, uşaqların əllərinə oyuncaq deyil, silah alması, hər xəbər bülletenində «İraqda bu gün partlayış nəticəsində 21 nəfər öldü …» deyilməsi və bü xəbərdən sonra şou tipli və ya hava məlumatı kimi məlumatın verilməsi və onu dinləyənlərin bu acı faciəyə və təzadlı xəbər düzümünə, hətta üzünün mimikasının belə azacıq dəyişməməsi həyatın paradoksal gerçəkləridir. Qoca tarixsə bir gün müdrik hakimlər kimi öz ədalətli hökmünü verəcək. Mən buna inanıram nədənsə. Bu çox uzaq və ya yaxın olsa da belə.

Eynal Qardaşov,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



TORPAQ

Bir səhər torpaq üzərində yalın ayaqlarla yüyürərkən xəyallar aram dənizin ləpələri tək fikirlərimi öz ağuşuna alıb məndən bir xeyli uzaqlara apardı. Fikrimdə düşünə-düşünə torpağa baxıb onun nə olduğunu anlamayırmış kimi hey gözlərimi zilləyib öz-özümə sual verdim. Torpaq - bu nədir? Bu haqda düşünərkən çoxşaxəli budaq kimi müxtəlif fikirlər beynimdə dolaşırdı. Üzərində gəzdiyim bu torpaq doğma bir nəyisə xatırladırdı. Bəlkə bu ona görə idi ki, bu doğma vətən torpağının bir parçası idi? Bəlkə gözüm bu torpağı seyr etməyə adət etmişdir? Bəlkə torpaqdan yaradılmağım, bəlkə başqa bir səbəb? Torpağa biz həyatımızla bağlıyıq. Torpaq həyatdır: ağaclar, çiçəklər, çəmənlər, çaylar, dənizlər - həyatla qaynayan dünya. Ən ali xəlq olunmuş insandan ən kiçik, mikroskop altında görünən canlı orqanizmlərə qədər torpağa bağlıdır.
İnsan torpağı əkir, becərir, öz xeyri üçün ondan istifadə edir. Öz yaşayışında evlərini onun üzərində tikir. Torpaq insanın ixtiyarına verilən bir nemətdir, bərəkətlidir, onda zəhmət çəkənə arxa çevirmir, zəhmətinə qiymət verir, nemətlər bitirir. Onu əkib-becərdiyi kimi də qorumalı, uğrunda mübarizəyə qalxmalı, lazım gəldikdə candan belə keçməli olur insan.
Torpağın üstündə və üzərində döyüşlər aparır insan. Torpaq işğal olur, yağı tapdağı altında qalır, qurbanlar bahasına qaytarılır. Torpaq da onun uğrunda canından keçənlərə bir xüsusi münasibət göstərir, onların vücudlarını olduğu kimi qoruyub saxlayır.
Əgər əvvəlimiz torpaqdandırsa, sonumuz da torpaqdadır. Dünyaya gəldiyimiz kimi dünyadan gedir, bir-birimizin yanında xəbərsiz qonşular kimi Qiyamət gününə qədər torpaqda uyuyuruq. Bu vəziyyətdə bir sual canlanır. İnsan bu torpağa həris olur, onu alır, satır - bəs sonu? Bir gün torpaq onu alıb-satanları öz ağuşuna alır. Həqiqətdə torpaq mənimdir, sənindir və ya başqasının? Həqiqətən mənim olsaydı mənə qalardı, sənin olsaydı sənə qalardı və heç bir halda əksi olmazdı. Məzar olan torpaq uca insanları da, zalım, düşgün insanları da udur, gizlədir, sanki olmayıblar. Onlardan xatirə yalnız sağ ikən gördükləri əməllər xəbər verir. Torpağın bu adətini düşünərkən səmaya istiqamətlənən sonsuz sayda pillələr inşa edib hey yüksəlsə də, insan qürurlana bilmir, təvazö göstərir və üzərində gəzdiyi torpaq altında aciz qalacağını dərk edir. Bəlkə buna görədir ki, dinimiz «bəndə Yaradanına səcdəni torpaq üzərində etməlidir» -deyə buyurur ki, əvvəlimizi və axırımızı unutmayaq?
Bu düşüncələr sonda ürək ağrıdan bir hədəfi - bu gün işğal altında olan müsəlman torpaqlarını xatırlatdı. Qarabağı, Qüdsü xatırlatdı... Bu məqamda Həzrət Peyğəmbərin (s) vətəni sevmək, torpaqları qorumaq haqda buyurduqları yadıma düşdü və bir müsəlman olaraq hələ də işğal altında torpaqlarımızın olması məni sarsıtdı... İntizar və həsrət bir gün Peyğəmbərin (s) buyurduqlarının həyata keçəcəyinə inamımı, ümidimi gücləndirərək öz yerini səbrlə əvəzlədi.
«Ümid sonuncu ölür» - deyirlər. Nə qədər nurlu sabaha ümidlə yüksək amallar uğrunda ölənlər olub. Ölənlər? Xeyr! Ölənlər yox, azad vətən torpaqları uğrunda canından keçənlər. Şəhidlər. O kəslər ki, Allah dərgahında diridirlər. Bizlər o kəslərə borcluyuq. Qiyamət günü onların qarşısında, onların sualları müqabilində cavabsız, aciz qalmamaq üçün gərək torpaqlar azad ola, gərək bu ağır borc ödənilə. Borc ona görə borcdur ki, qaytarılır. Hər bir işin əvvəlində sonuna ümid var ümid, ümid. Ümidlərin zirvəsi Allahdır. Sonsuz qüdrət sahibi Allaha ümid bəsləməklə arzulara çatmaq mümkündür. Arzuların sonu var. Son, nəhayi arzu olunan isə Allahdır. O isə əzəli və əbədidir.
Arzu və ümidlərimiz Allahla olsun!

Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi




SƏADƏT ÇIRAĞI - İMAMƏT

İnsan daim seçim qarşısındadi. İstər maddi, istər mənəvi məsələlərində özü üçün daha mənfəətli, xeyirli olanı seçir. Bu xeyri nədə görməsi fərdidi və özünü nə qədər tanımasindan, dünyagörüşündən, məlumatlılığından asılıdir. Bəs özü haqda, nə etməlisi haqda haradan bilgi alsın? Haradan bilsin ki, bu və ya digər məsələ pisdir ya yaxşıdır?
İnsan bəzi bədihi - yəni sübuta ehtiyacı olmayan, hamının qəbul etdiyi bilgilərə malikdir. Məsələn, yəqinlə bilir ki, özü var və özü kimi yaradılmışlar var. Və bilir ki, bu varlıqların yaradıcısının olması zəruridir, öz-özünə xəlq olmayıb onlar. Bu varlıqların ehtiyaclı olduqları varlıq digər mövcudiyyətdən, tərkib, zaman, məkan kimi amillərdən ehtiyacsızdır. Bu yaradıcı hər şeyi hikmət və nizam üzərində edəndir. Yaratdığı ilk insan ilk məlumat gətirən, ilk nəbi, yəni peyqəmbərdir.
Allah insani yaradır, onu nə etməlisi haqda məlumatlandırır. Malik olduğu məlumatlardan faydalanıb-faydalanmamasından asılı olaraq, insan əbədi həyatının müqəddəratını - səadətini və ya bədbəxtliyini özü seçir. Əgər insan həqiqi səadətinin nədə, harada olduğunu bilsə, əlbəttə ki, ona tərəf yönələr. Ona çatmaq üçün ötəri ləzzətlərdən imtina edər, vücudi araşdırmalar aparar.
Allah Təala Qurani-Kərimi insanlara çatdırmaq üçün Həzrət Muhəmmədi (s) vasitəçi seçmiş və ilk olaraq Peyqəmbər (s) özü ayələri şərh etmişdir. Muqəddəs kitabda insanın bütün nə etməli məsələləri acılmır. Bəs belə isə sonuncu peyqəmbər olan Həzrət Muhəmmədin (s) vəfatindan sonra ortaya cıxan məsələlərdə kimə müraciət etməli?
O Həzrət dəfələrlə özündən sonra Əli ibni Əbutalibi (ə) öz vəlisi və islam ümmətinin İmamı kimi təqdim etmişdir. Eyni zamanda əql də təsdiq edir ki, nübuvvətin (peyğəmbərliyin) xətmindən, yəni başa çatmasından sonra İlahi məlumatı əldə etmək, suallara cavab tapmaq üçün Allah tərəfindən müəyyən edilmiş məsum, yəni günahsiz olan bir rəhbərin - imamın olması zəruridir.
Qurani-Kərimin «Maidə» surəsinin 67-ci ayəsində buyrulur: “Ya peyqəmbər, Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər etməsən risalətini yerinə yetirmiş olmazsan. Allah Səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq”.
Təfsirçilərin nəzərincə, bu ayə Həzrət Əli (ə) haqqinda nazil olmuşdur. Belə ki, Peyqəmbər (s) sonuncu həcc ziyarətindən qayıdarkən Qədir-Xum adlanan məkanda İmam Əlinin (ə) əlini qaldırıb, “Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdir”. Deməsindən sonra «Maidə» surəsinin 3-cü ayəsi - “Bu gün dininizi Sizin üçün kamilləşdirdim, Sizə olan nemətimi tamamladım və Sizin üçün din olaraq İslamı bəyənib, seçdim” nazil olur. Beləliklə, Əli (ə) Peyqəmbərdən (s) sonra ilk rəhbər - imamdır.
Daha əvvəl qeyd etdik ki, yer üzündə insaniyyət mövcud olduqca belə - yəni, İlahi tərəfindən müəyyən edilmiş bir rəhbərin olmasi vacibdir. Qurani-Kərimin «Nisa» surəsinin 59-cu ayəsində “Ey iman gətirənlər! Allaha, Peyqəmbərə (s) və özünüzdən olan əmr sahiblərinə itaət edin” - deyə buyurulur. Bəs kimlərdir bu əmr sahibləri? Necə təyin etmək ki, kim olmalıdir İlahi rəhbər? Peyqəmbərimiz (s) ona verilən “ulul-əmr kimlərdir ki, onlara itaət Sizə itaət kimidir?” sualına “Onlar mənim canişinlərimdir və məndən sonra müsəlmanlarin imamlarıdır” kimi cavablandırmışdır. Bundan sonra Peyğəmbərimiz (s) on iki ad sadalayır ki, bunlardan birincisi Əli (ə) ibni Əbutalib, sonuncusu İmam Mehdi Sahib-əz-Zamandır.
Tarixə nəzər salarkən aydın olur ki, Peyqəmbərin (s) vəfatından sonra Həzrət Əlidən (ə) başlayaraq, arada fasilə olmadan, imamət Peyqəmbərimizin sadaladığı ardıcıllıqla bu mübarək insanların birindən digərinə keçmişdir.
Bəs bizim yaşadiğimiz dövrdə kimdir İmam? Hazırda Zəmanə sahibi - Peyqəmbərimiz (s) adini çəkdiyi, on birinci imam Həsən ibni Əlinin (ə) oğlu Həzrət Mehdidir (ə.f.). İmamətinin ilk illərini «kiçik qeyb dövrü»ndə ümmətə dörd naib vasitəsilə rəhbərlik etməklə keçirərək sanki insanları uzun müddətli ayrılığa, yəni özünün «böyük qeyb dövrü»nə hazırlaşdırır İmam (ə). Insanlara bu müddət ərzində nə etməliləri haqda bilgi almaq üçün keçməli olduqları yola işiq salır.
Daha bir sual çıxır ortaya. Bəs nə vaxt zühur edəcək Məhdi Sahib-əz-Zaman (ə.f.)? İslam dininə mənsub bütün məktəblərdə belə bir nəzər mövcuddur ki, Peyğəmbərimizin (s) qızı Fatimeyi-Zəhranın (s.ə.) nəslindən bir kişi Qiyamətə bir gün belə qalsa da, rəhbərliyə gələr və Yer üzünü zülmdən, haqsızlıqdan xilas edər. Bu haqda Qurani-Kərimin «Ənbiya» surəsinin 105, «Əraf» surəsinin 128, «Tövbə» surəsinin 33 və digər ayələrində gəlməsi ilə yanaş,ı istər əhli-təsənnü, istərsə də cəfəri məktəblərinin hədis kitablarında yer almiş Peyqəmbərimizdən (s) nəql olunan hədislərdə dolğun məlumat verilir.
İmamın (ə.f.) zühurunun, qayıdışı ilə Yer üzündə ədaləti bərqərar etməsinin nə zaman baş verəcəyi haqda bir çox amillər göstərilir ki, bunlardan biri də dünyada 313 kamil insanin olmasıdır. Biz bir çox möhtərəm alimlərin qeyd etdikləri digər işarələr haqqinda da həcmli yaza bilərik. Lakin, daha faydalı olmazmı Allahin bizə bəxş etdiyi, bu dünyada tükənən nemətlərdən biri olan zamanımızı necə olacaq haqda düşünmək əvəzinə, İlahi hikmətlə bizə çatdırılan bilgilərdən faydalanaraq özümüzün islahına, kamilliyə doqru yüksəlməyə sərf edək ki, İmamımızın (ə.f.) zühurunun tezləşməsinə səbəb olanlardan, Onun nuru ilə işıqlananlardan olaq???
Allah hamıya doğru yolda olmağı qismət etsin!

Günay Həsənova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

"SALAM OLSUN SƏNƏ, EY QARAGÜNƏ OĞLU QARAGÜNƏ"

Yəqin ki, bir çoxlarınız AŞPA-nın Azərbaycan üzrə məruzəçisi A.Herkelin dünya sivilizasiyası incilərindən olan Azərbaycanın zəngin tarixindən xəbər verən «Kitabi-Dədə Qorqud» əsərini eston dilinə tərcüməsindən xəbəriniz var. Yüz illər keçməsinə baxmayaraq, öz təravətini təzə-tər saxlayan bu tarixi əsər hələ yüz illərdən sonra da bir çox dillərə tərcümə olunacaq və milyonlarla insanlar «Kitabi-Dədə Qorqud» ibrətlərindən bəhrələnəcəkdir.
Doğma şəhərimizin tarixi abidələrinə əl gəzdirib bu abidələri "müasirləşdirənlər" (başıbəlalı İçərişəhər kimi) nədənsə «Kitabi-Dədə Qorqud» boylarını müasirləşdirməkdən vaz keçirlər. Və nəticədə böyük bir boşluq yaranır. Dədə Ozanın qopuzu nədənsə indi heç yada düşmür. Axı Dədə Ozan heç vaxt bu eldən-obadan ayrı olmayıb. Bütün el şənliklərində soy-soylayan, boy-boylayan elin gözü qarşısında qan töküb ad çıxaranlara "Qazan", "Buğac" adlarını verən Dədə Ozandan indi səs-səmir yoxdur.
Düzdür zəmanə dəyişib indi "ağ", "qırmızı", "qara" çadırlar sehirli qutuda EFİR deyilən meydanda qurulur. Və camaatın da gözü sehirli qutunun güzgüləndirdiyi bu meydana dikilir.
Meydanda isə Qalın Oğuz bəylərinin gözü qarşısında kəllə-kəlləyə gələn millət adından yumruqlarını işə salanlar tam adsız qalır. Bir çox "ulduzlar" adlarının olmamağından şikayətlənir.
Hansı ki, Dədə Ozan belə meydanlarda cəng edənlərə "Qazan", "Buğac" adlarını əsirgəmirdi.
Və ya illərlə övlad arzusunda olan ailəyə övlad sevinci nəsib olur. Ata bu sevinci paylaşmaqdan ötrü düşdüyü borcdan çıxmamış "İqtisadi və Sosial İnkişaf Mərkəzi"ndən Vüqar müəllim bəyan edir ki, körpənizin artıq 270 dollar borcu var.
İndi bu xəbəri məsum körpəyə kim və necə desin?
Valideyn isə əziz İslam Peyğəmbərinin buyruğu ilə körpəsinin qulağına ancaq və ancaq azan və iqamə deyə bilir. Uşağa borcunun olmasını deməyə isə ata cəsarət etmir.
Bəli bu vaxt Dədə Ozan yada düşür. Əgər o, bu gün aramızda olsaydı körpənin beşiyi başında durub qopuzu sinəsinə basardı və: "SALAM OLSUN SƏNƏ, AY QARAGÜNƏ OĞLU QARAGÜNƏ deməklə uzun bir boy boylardı.
İndi siz də mənim sözümü təsdiq edərsiniz ki, təzə boylar yarana bilər. Elə boylar ki, mütərcimlərin dilinə daha yatırımlı.
Diqqət edin görən Herkel qağa hansı boyu daha tez tərcümə edə bilər "Salur Qazanın evinin yağmalanması" boyunu, yoxsa azadlığı tələb olunan "Mətbuatın yağmalanması" boyunu.
Nə isə belə mətləblərə toxunsam, təvazökarlıqdan uzaq olmasın, yeni "Oğuznaməni" ərsəyə çatdıra bilərəm. Burada bir məsələyə diqqət edək. Təsəvvür et ki, bir həvəskar yazar əlinə qələm alır ki, cızmaqara etsin elə bu vaxt Dədə Ozan gəlir: "Oğul bu qələmlə haqqdan yazacaqsansa, Allah sənə yar olsun. Yox əgər haqqdan özgə yazacaqsansa...". - bu vaxt Dədə Ozan qələmi yazarın əlindən alır və əlavə edir: «Qoyma Qaraca Çobanın sapandını toz örtsün!».
Dediyim də elə budur ki, nə qədər ki, Dədə Ozan elin-obanın arasında idi, o zaman elin də alqışı-alqış, qarğışı-qarğış idi.

Təbiət Hüseynov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



Pəncərələrdən baxılan İslam

Dəniz kənarı. Küləyin dalğaları sahilə çırpması. Quşların uçuşu. Arabir balıqların sudan başını mənimlə oyun oynayırmışlar kimi çıxarması. Qarın narın-narın, həm də ruhumu oxşadacaq dərəcədə səssizcə yağması. İnsanların yanımdan yarışən, yarıqəmli ötüb keçməsi. Və bu gözəlliklər qarşısında ruhumun dincəlməsini sezən - mən.
Küləyin dalğaları təmənnasız, həm də məni dincəltmək üçün Xəzərin bu başından mənim indi görə bilmədiyim sahillərə - uzaqlara daşıması qəribə göründü mənə. Təbiət mənə təmannasız tamaşa verirdi sanki...
Görəsən, bu gözəlliklər ruhumun onları seyr edərək dincəlməsi üçünmü, yoxsa bu mənzərələr insan var olandan bəri hər gün gözünün qarşısında dikldiyinə görə insan da, əslində, gözəl olmayan bu mənzərələrdə gözəlliklər aramağa başlamış və onların gözəl olduğuna inanmağa başlamış məcburən. Mən də bu yalançı bilgiyə təqlid edirəm. Amma yox, bu ehtiyacın içimdən gəldiyini ən azı qarşımdakı mənzərələr qədər aydın sezirdim. İnsanların rahatlıq sevmələri fikri də yad deyildi mənə. "Bu bir fitri təmayüldür" - deyə dodaqaltı pıçıldandım. Bu gözəllikləri yaratdığına, onu duyma istedadını insana verdiyinə görə Allahıma bir şükranlıq duyğusu keçdi içimdən. Bunun özünə də daha bir şükür düşürdü ki, şükretmə imkanını da əsirgəməmişdi Allah.
Əslində, Xəzərin qərb sahilində olmama rəğmən, təbiətin ruhumu incəldərək məni duyğulandırması, bir yandan da insan oğlunu daban-dabana izləyən, bəzən heç özünün də müəyyənləşdirə bilmədiyi fikirlər məni ağuşuna alıb Xəzərin mənim indi görə bilmədiyim sahillərinə - uzaqlara götürmüşdü. Bu şükranlıq duyğusunu mənə öyrədən İslamla tanışdığıma görə çox sevincliydim.
Bu duyğuları keçirtdiyim zaman, hansısa kitabdan oxuduğum bir neçə cümlə yadıma düşdü: "İlahi dinlərin ən önəmli özəlliklərindən biri insanlara bir əxlaqi-yaşayış proqramı təklif edərək əxlaqi fəzilətlərə çatmalarını təmin etməkdir. Bu proqramda yaxşı və pis, gözəl və çirkin - bir sözlə, dəyərlər insanlara açıqlanır".
Görünür, bu gün dünyanın müəyyənləşdirə bilmədiyi dəyərlərin radiusu tikanlı məftillərlə insan yaranandan bəri müəyyənləşdirilb bu fəzilət proqramlarında. Bəs, o zaman, görəsən niyə bəzi təlimlər adam öldürmək, zina kimi ən çirkin əməlləri yalnız öz aralarında yasaqlayaraq başqalarına qarşı bir maneə görmür? Məgər bu fəzilətmi? Və bu yolla səadətə çatmaq düzgünmü?
Artıq bu suallar məni Xəzərin mənim indi görə bilmədiyim sahillərinə deyil, dünya okeanına çıxışının olmamasına rəğmən, Aralıq dənizi sahillərinə - Fələstin adlı torpaqlarda - sionistlərin bu maddəni necə iştahla həyata keçirtdiklərinin tamaşasına götürdü. Bu zaman «gözəlliyin» qüdrətlə yıxıb-dağıtmaq, yandırmaq, susuz, işıqsız qoymaq, öldürmək olduğunu gördüm. Fələstində gördüklərim üstündə filosofların baş sındırdığı dəyərlərin dünyada "qüdrət adlı subyekt"in kriteriyalarına əsaslandığını anladırdı insana. Dünya da buna susmasıyla öz imzasını atırdı. Əxlaqi tələblərin var oluşunun səbəbləri bu tələblərin bütün normal insanlarca yaşanmış olmasıdır fikrini dil-dil ötən dünyanın nəzərincə bu əməlləri törədənlər normal insan sərhədlərini aşmırlarmı?!
Qana susamış İsrail əsgərlərinə öz kiçik əlləriylə daş atmaqla, sanki Cavid Əfəndinin repressiya dönəmlərində dediyi kimi - "mənim Tanrım gözəllikdir, sevgidir" deyən balaca fələstinli oğlan uşağı isə adamı riqqətə gətirirdi. Sanki, bu balaca mücahid: «harda nahaqqa qarşı ucalan səs varsa, o, gözəldir və mənim Tanrım oradadır» - deyə hayqırırdı. Bu balaca mücahidin ruhunun göylərdə pərvazı əsgərləri daha da qıcıqlandırırdı. Və onlar bu balaca mücahidi dartıb yerə - öz yanlarına endirmək istəyirdilər. Amma o, yenə də, sanki, Cavidsayağı deyirdi:
Ona məxsus yoxsa bir məva,
Ərşə çıxmaqda varmı bir məna?

Onu öldürməyə qalxışan əsgərlərə dediyi - "məni indi öldürməyiniz də mənimçün gözəldir və burada da Allah vardır" cümləsi isə qaytardı məni Xəzərin qərb sahillərinə. Üzümdə acı bir təbəssümün yaranmasını başını sudan çıxararaq mənə tamaşa edən balığın hürküb dənizin dərinliyinə cummasından sezdim.
Artıq bayaqkı sevincimdən əsər-əlamət qalmamışdı. Bir tərəfdən Fələstində insanların çəkdiyi acının verdiyi iztirab, digər tərəfdən isə balaca mücahidin sözləri məni utandırırdı. Bu mücahid Kərbəla kimi faciədən sonra: "mən (Kərbəlada) gözəllikdən başqa bir şey görmədim" - deyən Xanım Zeynəb məktəbi keçmişdi. Utanırdım. Ona görə ki, mən yalnız təbiətin zahiri gözəlliyindən zövq aldığım halda, Xanım Zeynəb kimilər bütün gözəlliklərin səbəbi Allahın öz gözəlliyindən zövq alırlar. Və zatən Xanım Zeynəb kimilərçün mövcud olan hər şey gözəldir, çünki Ən Gözəldən - Allahdan gəldiyinə görə. Mənim İslama baxışım isə, otağının pəncərəsindən şəhərə boylanıb baxan insanın görə bildiyi "pəncərə şəhərə" bənzəyirdi. Utanırdım ki, hələ müsəlman olaraq İslamı kiçildib öz pəncərəmə sıxışdırmışamsa - bir sözlə, "pəncərə islam"ı etmişəmsə, məhz buna görə dünya üçün İslam pəncərəsiz qaranlıq bir otaq kimi qorxuludur.
«Bəlkə də mənim kimi milyonlarla "pəncərə islamçılar" dünyanı Xanım Zeynəb İslamından - gerçək İslamdan uzaq salıblar» fikri isə, yanımdan keçən insanlardan, sanki, içimdəkiləri duyurmuşlar kimi utandırdı məni. Və sanki dalğalarıyla dəniz, yağan qarıyla səma, yanımdan ötüb-keçən insanlar, hətta dənizin dərinliyinə hürküb cuman balıq da bir cümləni: «Əsl gözəllik Ən Gözəldə - Allahda qərq olub, Onun bəndələrini ən gözəl şəkildə nura çıxarmaq uğrunda mübarizə aparmaqdır» - cümləsini pıçıldayırdılar qulağıma.
Bir gün mənə də belə gözəlliyi duymaq nəsib olacaq ümidiylə ayrıldım bu "pəncərə gözəlliklərdən".

Azər Nəsirov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi





KƏRBƏLA ŞƏHİDLƏRİ

Böyük islam alimi Mühəmmədtəqi Cəfəri "Aşuranın təhlili" kitabinda yazir: İmam Hüseyn (ə) hər bir cəhətdən - nəsəb, dindarlıq, təqva, əxlaq və ədalət baxımından insaniyyətin ən yüksək zirvəsində idi. Məhz İmam Hüseyndə (ə) mövcud olan bu kimi səciyyələri, insani keyfiyyətləri nəzərə alaraq, hətta Muaviyə belə, öz oğluna belə tövsiyə etmişdi: "Nəbadə, Hüseynlə qarşı-qarşıya durasan!... Hüseyndə Əlinin qanı var. Sən Hüseyni ələ ala bilməzsən, əgər onunla mübarizəyə başlasan, Bəni-Üməyyənin adını ümumiyyətlə tarixdən siləcəksən".
Bəli bu haqq qəsbkarı məlun Müaviyənin, şərabxor, zinakar, bütün rəzil sifətləri özündə cəm etmiş oğlu Yezidə tapşırığı idi. Məlun Yezid isə bu hiyləgər tapşırığın nə demək olduğunu anlaya bilmədi. Onda hər rəzil sifət var idisə də, atasının tülkü hiyləgərliyi yox idi. Atasının qəsb etdiyi hakimiyyəti özününkü bilən Yezid bu dəfə özü "tapşırıqlar" verirdi.
Yezidin belə bir tapşırığından İmam Hüseyn (ə) hələ Məkkədə olarkən hali olmuşdu. Əmr ibni Səid Yeziddən aldığı tapşırığı: "İmamı ya tutmaq, ya da qətlə yetirmək" həyata keçirmək üçün Məkkəyə daxil olmuş idi.
... Ümumiyyətlə Kərbəla hadisəsinə Aşura gününə dək baş verən hadisələrə diqqət etdikdə görürsən ki, üz-üzə dayanan haqq keşikçiləri ilə batil qoşunları sanki MÜHÜM TAPŞIRIĞIN icrasındadırlar.
... İmam Hüseyn (ə) zalım nökəri Əmr ibni Səid ibni Asın niyyətindən agah olduqdan sonra möhtərəm evin hörmətin saxlamaq üçün Məkkədən çıxmağı qərar verir. Qardaşı Muhəmməd ibni Hənəfiyyənin: "Bəs belə tələsik Məkkədən çıxmağına nə səbəb olub" sualına İmam belə cavab verir:. . . Peyğəmbər (s) yuxuda mənim yanıma gəldi və buyurdu ki, "Hüseyn, Məkkədən çıx"...
İmam Hüseyn (ə) bu addımı atıb Məkkədən çıxarkən əziz babası islam Peyğəmbərinin buyurduğunu, tapşırığını icra edirdi. İmam hətta səfərə çıxdığı bu yolun nə kimi nəticələnəcəyini bilirdi. Və qardaşı Muhəmməd Hənəfiyyəyə bildirdi: "Peyğəmbər yuxuma gəlib buyurdu ki, ... Allah səni onun yolunda öldürdüyünü görmək istəyir».
İslamı aradan aparmaq istəyənlərin müaviyələrin, yezidlərin gözlərinə sanki bir ox batırırdı İmamın mübarək varlığı.
Muhəmməd ibni Hənəfiyyə İmamından soruşur ki, Ağa əgər şəhid olmaq məqsədilə gedirsənsə, bəs xanimanını niyə özünlə aparırsan?
İmam cavabında buyurur: «Allah onları əsir görmək istəyir».
Bəli, İmam Hüseyn (ə) bu səfərinin hər addımında bəyan edir ki, bunu Allah istəyib və Peyğəmbəri buyurub. İmam bununla bütün bəşərə bir dərs verir. Öyrədir ki, bəndə Rəbbinin buyruğu ilə Peyğəmbərinin tapşırığı ilə SƏADƏTLİ HƏYAT əldə edir. İmamın bu ZİLLƏTSİZ HƏYATdərsindən faydalananlar bütün dünyada KƏRBƏLA ŞƏHİDLƏRİ adı ilə tanınır və tanınacaq. O Kərbəla şəhidləri ki, susuz səhralarda qanları ilə mübarək cisimlərinə qüsl verdilər. Döyüş paltarlarını kəfən qərar verdilər.
Bəşər yaranandan bu günə qədər haqlı-haqsız qanlar axıdılır. Ancaq hər fədəkar qanına qəltan olan Kərbəla şəhidi olmayıb. Görən bəs bunun səbəbi nədədir?
Səbəb isə çox aydındır. 72 şəhidin hər biri döyüşdən əvvəl İmamının yanına gəlib döyüş üçün tapşırıq istəyir. Öncə ibn Ziyad ordusunun böyük sərkərdələrindən olan Hürr döyüşdən əvvəl bir anın içində qərar verir ki, məzlumlar tərəfində, zalımlara qarşı döyüşəcək. Və bu an Hürr atını İmamın düşərgəsinə tərəf sürür. İmam Hüseynin (ə) qarşısında atdan enən Hürr İmamından (ə) onun tərfəində vuruşmaq üçün icazə istəyir və döyüş üçün tapşırıq alır...
Bu qanlı səhnədə yüniyetmə Qasim: «Ölüm mənə baldan da şirindir» deməklə İmamından icazə istəyir və buyruq alır. Necə də ibrətamiz bir səhnə var burada, İlahi. İmamın buyruğunu yerinə yetirərkən, İmamın tapşırığını yerinə yetirərkən ölüm də bal dadır...
Qələm qollarına göz yaşı axıtdığımız Əbülfəzl Abbas imamın buyruğunu Necə Yerinə Yetirmək dərsini öyrədir aşiqlərinə.
... Ağam Kərbəlada BAYRAQDAR idi. İmam Hüseyn (ə) onu ələmdar təyin etmişdir. Lənətlik Yezid ordusu Əbülfəzl Abbası üzük qaşı kimi əhatə edir və xain zərbə... Bir qol Ələmdardan ayrılır. Ağam isə tək əli ilə bayrağı köksünə sıxır. Kəsilən qolda ağrımı yox? Niyə yarasını yox, ağam bayrağı qucaqlayır? Çünki buyruq Hüseyndəndir (ə), tapşırıq Hüseyndəndir (ə).
Lap kiçik yaşlarımdan Hüseyn (ə) əzadarlığı məclislərində bu sadaladığım səhnələri Seyid Zeynal rövzə və mərsiyələrində danışardı. Biz də «Hüseyn (ə) vay» deyə ağlardıq. Və bu ağlamaq daxilimdə o pak hissləri qoymuşdu. «... Kaş ki, Hüseynim (ə) mənə də bir buyruq verəydi"
İmam Hüseynin (ə) bu qiyamı bir çox alimlər tərəfindən araşdırılmış və təhlili yazılar yazılmışdır. Bu yazılardan biri Şəhid Mütəhhərinin "İmam Hüseynin (ə) qiyamına analitik bir baxış" kitabıdır. İmam Hüseyn (ə) qiyamını əmr-be-məruf, nəhy-əz-münkər müstəvisində təhlil edərkən dövrümüzün də bütün islami dərdlərini qabardaraq sonda belə bir sual qoyur. "Görəsən bu gün İmam Hüseyn (ə) nə buyurardı?»
Sual sanki Hüseyn (ə) əzadarlarına, Mehdi (ə.f.) intizarında olanlara ünvanlanır. Və Şəhid Mütəhhəri sualın cavabında buyurur: «Şübhəsiz o Həzrət (ə) buyurardı ki, sizin şüarınız FƏLƏSTİN olmalıdır... Öz zəmanənizin şimrini tanıyın...».
Allah Təala bizlərə həqiqi Hüseyn (ə) əzadarı olmağı nəsib etsin!

Təbiət Hüseynov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi




Dostoyevski və İslam

(Fyodor Mixayloviç Dostoyevskinin 175 illiyinə həsr olunur)

"Dostoyevski dünyası" və "İslam dünyası". Bu iki məhfumun qarşılaşdırılması ilk baxışda çoxları üçün qəribə görünə bilər. Xüsusilə də "Mütləq qurtuluş provaslavlıqdadır" fikri ilə Dostoyevskinin də həmfikir olduğunu hesab edənlər bu iki məhfumu iki təzad kimi dəyərləndirərlər.
Amma böyük yazar və mütəfəkkirin daxili dünyasına baş vurduqda tam bir başqa mənzərə, tam başqa halətlə qarşılaşmış oluruq.
Bəli, dövrünün mütəfəkkiri olan Dostoyevski ölkəsinin bu günü və sabahı üçün narahatçılıq keçirirdi. Rusiyanın gələcək durumu onu çox düşündürürdü. Lakin bununla yanaşı, onun üçün hələ uşaq ikən oxuduğu «Min bir gecə» nağıllarından təsəvvüründə canlandırdığı qədim və zəngin Şərq, islamiyyət, müsəlmanlarla ünsiyyət fövqəl dərəcədə əhəmiyyətli idi.
F.M.Dostoyevskinin Şərqə meylliyi onun mənsub olduğu soydan irəli gəlir və bu da onun yaradıcıllığında öz izini qoymuşdur.
N.P.Çulkovun araşdırmalarına görə, Dostoyevskinin əcdadlarını "Qızıl Orda" tatarları arasında axtarmaq lazımdır. Belə ki, 1389-cu ildə Dostoyevskiyə gedib çatan şaxənin təməlini qoyan Aslan Çələbi Moskva ətrafına köç etmişdir. Bu vaxt Moskva knyazı ona Kremensk obasını hədiyyə etmişdir. Sonrakı illərdə Aslan Çələbidən törəyən qollardan biri İrtış soyadını almışdır. 1506-cı ildə Danila İvanoviç İrtış - Dostoyeva kəndinin bir hissəsinin sahibinə çevrilir və beləliklə, ondan törəyənlər sonradan Dostoyevski soyadı ilə tanınmışlar.
Barəsində söz açdığımız yazar 1821-ci ildə yoxsul təbəqəyə pulsuz xidmət göstərilən bir xəstəxanada dünyaya göz açmışdır. Həyatının ilk illərini qardaşı ilə birgə Moskva xəstəxanasında keçirmişdir. O heç bir vaxt uşaqlığından söz açmamışdır. Dostoyevskinin həyat hekayəsində bu nöqtədə böyük bir boşluq vardır. Amma yaratdığı uşaq obrazlarına diqqətlə baxsaq onun uşaqlığı haqqında müəyyən bir təsəvvürümüz yaranar. Onun Netoçka Nezvanovaya və yaxud da yüzbaşı oğlu İlyuşkaya bənzərli olduğunu onun əsərlərini oxuduqda görə bilərik.
O, hələ 13 yaşında ikən İlahi kitabları oxumağa başlamışdır. 15 yaşında yeniyetmə Dostoyevski islam filosovlarının, Hötenin, Puşkinin kitablarına xüsusi meyl göstərmişdir.
Yaşadığı dövr - Çar Birinci Nikolayın hakimiyyətinə təsadüf edirdi. Elə bir dövr ki, zülm, əziyyət, səfalət bütün Rusiyanı cənginə almışdır. Dostoyevski də digər çağdaşları kimi ölkəsinin insanının əxlaqi çöküntüsünə biganə qala bilməmiş və səsini ucaltmışdır. Elə bu səbəbdən də 1845-ci ildə 23 aprel tarixində Moskvada həbs olunmuşdur. Barəsində ölüm hökmü çıxarılan yazar bu hökümdən canını qurtara bilmişsə də, 10 illik məhbusluq və sürgünlük həyatından qurtula bilməmişdir. Gələcəyin dahi yazarı olacaq şəxs 36 illik yazarlıq həyatının 10 ilini məhbus olaraq keçirmişdir. Belə ki, o, mənfi 40 dərəcə temperaturda Sibir çöllərində işləməyə məhkum olunmuş, daş qırmış, daş daşımış, damğalanmış, qamçılanmış, mənən əzilmiş, təhqirlərə məruz qalmışdır. Amma çəkdiyi bütün bu istirablar onun əzmini qırmamışdır. O, səbr etmiş və yenə də səbr etmişdir. Taleyinə boyun əyib, Tanrıya bağlılığını, onun qulu olduğunu və ilahi mesajın ucalığını anlamışdır Dostoyevski.
O, deyirdi: "İnsan üçün sonsuzluğun gücü olan Tanrı önündə əyilməkdən daha gərəkli bir şey yoxdur. Ömrüm boyunca Allahımdan acı zəncirlərimin yumuşaltmasını istədim. Fəqət O, mənə daha çox acı verməyə davam etdi. Axı mən bu acıların müqabilində Allahımın mənə sonsuz uğurların bəxş edəcəyini haradan bilə bilərdim?". Dostoyevski çəkdiyi istirab və bəlaları, sıxıntılarını qurtuluşa gedən yol olaraq dəyərləndirmişdir.
O, ömrünün sonuna qədər mübtəla olduğu xəstəlikdən məyus olmayaraq, əksinə bu halı bu cür ifadə etmişdir: "Sizlər, sağlam insanlar xəstə bir insanın tutmaları zamanı hiss etdiyi o həzz duyğusunu heç bir vaxt anlaya bilməzsiniz . Necə ki, Muhəmməd (s) Quranda cənnətə gediləcəyini anlatmaqdadır. Bütün bu sözlərinə görə çılğınlar onu bir yalançı, bir saxtakar adlandırmışlar. Amma bu heç də belə deyildir. Muhəmməd (s) … heç şübhəsiz cənnətdədir. Bu şiddətli həzz anı saatlarca davam edə bilərmi, bilmirəm. Amma inanın mənə bu həyatın bütün sevinclərini dəyişməzdim". (Stefan Tsveyq: «Üç böyük usta»)
Dostoyevskinin bu sözlərindən göründüyü kimi, o da çağdaşı Tolstoy kimi islamiyyətə olan meylini və islam peyğəmbərinə olan rəğbətini gizlətməmişdir. O bu rəğbəti həm öz dili ilə, həm də yazdığı "Cinayət və cəza" romanının baş qəhrəmanı Raskolnikovun dili ilə də bəyan etmişdir: "Ah, mən necə də əlində qılınc, at belində olan peyğəmbəri başa düşürəm".
Sürgündə olduğu illərdə Dostoyevski müsəlmanlarla daha yaxından kontaktda olmağa müvəffəq olmuşdur. "Ölü evdən xatirələr" romanında o, cəza çəkdiyi Omsk vilayətində yerləşən kazarmalarında Əli adlı müsəlmanla münasibətini vurğulayır. O, Əliyə rus dilində oxumağı və yazmağı öyrədir, Əli isə ona İsanın Allahın oğlu deyil, bir peyğəmbər olduğunu və bütün bunların Quranda yazıldığından bəhs edir.
Omsk vilayətindən sonra Dostoyevski məhbusluğunun qalan hissəsini çəkmək üçün Qazaxstana - Semipalatinskə göndərilir. Qazaxstanda olduğu müddətdə o, şərqşünas Çokan Çingizxan oğlu Vəlixanovla dostlaşır. Məhz Vəlixanov Dostoyevskiyə İslam mədəniyyəti barəsində dəyərli bilgilər verir və bu bilgilər "Ölü evdən xatirələr", "Cinayət və cəza" əsərlərində özünü göstərməkdədir.
Dostoyevskinin islamiyyətə çəkən İslam mütəfəkkirləri, onların əsərləri və əlbəttə ki, müqəddəs Qurani-Kərimin cazibəsi olmuşdur. Bunu Dostoyevskinin Parisdə yersiz-yurdsuz, ac-susuz qaldığı vaxt Moskvadakı bir yaxınına yazdığı məktubunda əyani olaraq görə bilərik: "Səndən rica edirəm, mənə bir miqdar pul və bir Quran göndərə bilərsənmi? " (Bayram Yılmaz. «Höte və islamiyyət», Dostoyevski bəhsi)
Dostoyevskinin həyatı ilə bağlı ən çox araşdırma aparan Stefan Tsveyq olmuşdur. O, Dostoyevskinin çəkdiklərini Həzrət Eyyubun (ə) acılarına, onun səbrini Hz. Eyyubun səbrinə bənzədərək demişdir: "Dostoyevskinin taleyi qəhrəmanlara yaraşan bir taledir. O, Hz. Eyyub kimi istirab çəkərək tanrının önündə özünü kiçik bilmişdir. Sevdiyi üçün imtahan edildiyinə inandığı Tanrının nəzərini hər zaman üzərində hiss etmişdir. Başqaları rahat bir şəkildə özlərini şəhvətin «həzlər»inə təslim edərkən, taleyi onu ümidin zirvəsinə dırmanmağa məcbur etmişdir. Başqaları sadəcə acı çəkərkən, taleyi onu ən dərin istirabların uçurumuna itələmişdir. Hz. Eyyub kimi xəstəliklərə tutulmuş, əzilmiş, xor görülmüşdür.
Bu çağımızda Dostoyevski son dərəcə böyük bir iztirabın və sevincin günümüzün dünyasında hələ var ola biləcəyini göstərən bir örnəkdir. Dostoyevski bu güclü iradəni hiss etmişdir, heç bir zaman taleyinə üsyan etməmişdir."
Uzun sürən məhbus həyatının ağırlığını üstündən atmaq üçün Dostoyevski 41 yaşında Avropa ölkələrinə səyahətə çıxmışdır. İstanbul, Berlin, Paris, London, Cenevrə, Vyananı bir-bir gəzmişdir. Rusiyaya geri dönərkən Avropanın məzarlıqdan başqa bir şey olmadığını söyləyərək, xatirələrinə aşağıdakıları yazmışdır: "Bəlkə də dəyərli məzarların olduğu, amma pis qoxulu bir çürümənin 4 bir yana yayıldığı bir məzarlıqdır Avropa. Fransızlar- özlərini bəyənmiş gülünc yaradılışlar, Almanlar- bayağı günahlardan meydana gəlmiş bir millət, İngilislər - rasionalizmin dəzgahları, yəhudilər pis - qoxulu, özlərini bəyənmiş insanlar, Katoliklər - İsa ilə alay edən - şeytani bir doktrina, Protestantlıq- rasionalist bir fitnə, Papa- başına papalıq tacını keçirmiş, həqiqətləri fərq etməyən bir şeytan, Avropa şəhərləri - o böyük əxlaqsızın - Babilin bir tayı. Bildiklərimiz boş bir aldanış.
Demokratiya- kövşək beyinlərin məhsulu.
Humanizm - həqiqi bir insan qətliamı".
(«Ruh və maddə». 5.1959)

"Bir yazarın xatirə dəftəri", "Cinlər, Dəliqanlı", "Qumarbaz", "Əzilənlər", "Bəyaz gecələr", "Yoxsul insanlar", "Namuslu oğru", "Ölü edən xatirələr", "Cinayət və cəza" və s. əsərlərin müəllifi dahi Dostoyevskinin 1881-ci ildə - dünyaya gözlərini əbədi yumarkən son sözləri İlahi kitablardan oxuduğu " Nəzərini əsirgəmə" kəlmələri olmuşdur....

Aygün Kərim
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



CƏNNƏTİN AÇARI - DUA

Siz heç dərsini pis hazırlayan azyaşlı şagirdin halıyla tanışsınızmı? Müəllim jurnaldakı adlara göz gəzdirdikcə “kaş məni cağırmasın”, “kaş mənim adımın üstündən keçsin”, “kaş zəng tez vurulsun” sözlərini dönə-dönə təkrar etməsi hissləri çoxumuza tanışdır yəqin ki. Bəlkə də o şagirddən “Sən bu gün dua etmisənmi?”- deyə soruşsalar düşünmədən “xeyr” deyə cavab verər. Həqiqətdə isə o, özü də fərqində olmadan çətinə, dara düşəndə dua etmək halətini yaşayıb.
Dua nədir ki, insanlar dinindən, etiqadından, irqindən, milliyyətindən asılı olmayaraq ömür boyu bunu icra edirlər? Dua etmək ehtiyacı hamıda var. Çünki, bu bir fitri tələbatdır ki, insan daim onu ödəməyə çalışır. Dua ehtiyaclının ehtiyacsıza, kiçiyin böyüyə, zəifin güclüyə üz tutması və ondan kömək istəməsidir. Bu baxımdan dua etmə bütün insanlara xasdır. Insan fitrətən tapınan, sığınan kimi yaradıldığından bu, onun yaradılışından qaynaqlanan bir hissdir. Ona görə də tapındığı varlığın kimliyindən və necəliyindən asılı olmayaraq, onda agah və ya naagah şəkildə bu yönəliş və rabitənin olması təbiidir. Dua çox zaman tək icra olunsa da, mütləq qarşı tərəfin olması zərurətini doğurur. Çünki bu ilahi prosesdə insanin yönəldiyi bir varlıq olmalıdır.

HARA YÖNƏLƏK? KIMDƏN ISTƏYƏK?
Dua ərəb sözü olub - dəvət etmək, çağırmaq mənasını verir. Buna görə də çağrılan varlığın zamandan, məkandan, məsafədən asılı olmayaraq mütləq eşitmə istedadı olmalıdır. İmdad istənilən varlıq hər zaman köməyə gəlmə, ehtiyacları ödəmə qüdrətinə malik olmalıdır. Həmçinin insan təşəkkür etdiyi, minnətdar olduğu varlığın duasının həyata keçməsində bütün vasitələrin fövqündə dayandığını və hətta o vasitələrin də var olmasının ona bağlı olduğunu yəqin bilməlidir.
Nazilolma səbəbi hidayət yolunu göstərmək və həqiqi yönəliş hədəfini tanıtmaq olan Qurani-Kərim bu məsələdə də bizə doğru yolu göstərmişdir.
“Bəndələrim Məni səndən soruşanda (söylə ki), “Mən onlara yaxınam, dua edib Məni çağıranın duasını qəbul edərəm, gərək onlar da Mənim cağırışıma əməl edib, Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar”. («Bəqərə»,186.)
Ayəni təhlil etsək, gorərik ki, burada mutləq eşitmə, zamanı, məkanı aşan mutləq yaxınlıq və istənilən halda ehtiyac ödəmə qüdrəti acıq-aşkar bəyan edilmişdir. Diqqət etsək görərik ki, Quranın bir çox ayələrində Özünü “Biz” deyə tanıtdıran Allah Təala bu ayədə bəndə ilə Özü arasında heç bir vasitə, fasilə, maneə göstərmədən bəndəsini “Mənim Bəndəm”, “Mən yaxınam”,”Məni çağırsınlar”, “Mən qəbul edərəm” - deyə rabitəyə, söhbətə dəvət edir.

DUA MƏDƏNIYYƏTI
İnsan öz mövcudiyyətinin səbəbinin fərqində olsa, əsl “dua etmə” halını tapar. Yəni vücudunu hər an yönəldiyi varlıqdan alan, var olmasının davamlılığını əl açıb üz tutduğu Rəbbinin daim ona vucud ötürməsini bilən bəndə, təbii ki, dualarında acizanə, yalvarışlı bir halda olacaqdır.
«Səhər-axşam yalvararaq, qorxaraq ürəyində səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma!». («Əraf», 205)
Insan təbiətən səbirsiz olduğundan duasının tez qəbul olmasını istər. Ona görə də gec həyata keçən və ya ümumiyyətlə heç həyata keçməyən arzularına görə “bəs niyə”, “istədim alınmadı”, bəlkə eşidilmədim” - deyə şəkkə düşərək daxilən üsyanlar edər. Burada da sevimli Peyğəmbərimizin dilindən soylənən bir hədis insana boyuk təsəlli verərək nəinki duaların eşidilməsində, hətta qəbul olunmasında belə əminlik və yəqinlik yaradır. Qiyamət günü qəbul olmayan dualar insana bəzəkli xonçalarda təqdim olunar. Insan təəccüblə, «bu nədir?» - deyə soruşanda, «bu sənin dunyada qəbul olmayan dualarının əvəzidir» -deyiləcək. Bu gözəllik qarşısında insan - “Ey kaş ki, dunyada heç duam qəbul olunmazdı” - deyəcək.
Buna görə də bəndə dualarında səmimi, israrlı və səbirli olmalıdır. Dar zaman cərcivəsində düşünən, gələcəkdən bixəbər olan insan onu yaradanın onun üçün nəyin həqiqi xeyir, nəyin ziyan olduğunu daha yaxşı bildiyini nəzərə alaraq arzularının yerinə yetməsini Allahın məsləhətinə buraxmalıdır.
Həzrət Peyğəmbərdən (s) nəql edirlər: «Allah Təala belə buyurur: «Hər kəs yalnız Mənim zərər və xeyir çatdırmağımı bildiyi halda, Məni çağırsa, duasını qəbul edərəm».

NƏ ISTƏYƏK?
Biz nə istədiyimizi təyin etdiyimiz kimi, nə istədiyimiz də bizim daxili dünyamızı təyin edir. Insan ardınca olduğu, hədəf bildiyi şeyləri əldə etmək üçün dua edir. Kimisi yalnızca mal, mülk, bu dunya ilə məhdudlaşan xoşluqlar, kimisi günahlarının bağışlanmasını, kimisi isə Allaha yaxınlaşmağı və istədiyi hər bir şeyin, hətta dünyəvi nemətlərin də Allaha yaxin olmağa xidmət etməsi üçün dua edir.
Deməli, insanın Rəbbindən nə istədiyini onun ruhi halını, mənəvi səviyyəsini təqribən təyin edən meyar kimi qəbul etmək olar.

Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
(Füzuli, «Leyli və Məcnun»)

Bu, ilahi eşqdən dəli olub Məcnun ləqəbini qazanmış Qeysin, atasının ona - “dua et, dua et ki, bu eşqdən qurtulasan” deməsinin muqabilində etdiyi duadir. Bu, Rəbbini sevməkdən ləzzət alan bir aşiqin duasidir.
Həzrət Əli (ə) «Mövlam» duasında deyir: «Mövlam, ey mövlam! Sən varlığımın sahibisən, mən isə sahib olunan, sahib olunana sahib olandan başqa kim mərhəmət edər? Mövlam, ey mövlam! Sən hidayət edənsən, mən isə sapan, sapana hidayət edəndən başqa kim mərhəmət edər? Mövlam, ey mövlam! Sən güç sahibisən, mən isə imtahan edilən, imtahan edilənə güç sahibindən başqa kim mərhəmət edər?».
Həzrət Əlidən gələn (ə) «Kumeyl» duasında belə bir yer var: «Axı bəndələrinə Sənə ibadət etmək hökmü vermisən, Sənə dua etməyi onlara buyurmusan, onların duasına cavab verməyi zəmanət vermisən. Ona görə də, ya Rəbb, üzümü Sənə tutmuşam.
Ey tez razılıq verən Allah! Duadan başqa əlində başqa bir şeyi olmayanı bağışla. Axı Sən istədiyini edə bilənsən».
Bu, Rəbbi qarşısında ən aciz, nəfsi qarsisinda çox hökmran, Rəbbi qarşısında ən zəif, insanlar arasinda ən qüvvətli cəngavər, dünyasını boşamiş, axirət azuqəsini toplamış, eşqindən ləzzət aldiğı məhbubunu gözəl adlarla səsləyən bir bəndənin - imamət günəşinin ilk nuru İmam Əlinin (ə) ümid, səbir, yalvarış, ixlas və sevgi dolu duasıdır.
Layiq olub-olmasan da sənə Rəbblik edən, sənə ruzi yetirən, fərqində olub-olmadığın nemətlər əta edən, sənin varlığını təmin edən Allahdan daha dəyərli, daha qalıcı, daha davamlı ləzzətlər istə. Çünki, istədiyin şeylərin dəyəri - sənin öz dəyər göstəricindir.

EY INSAN!

Ey bəndə, ta ruhlar aləmində Rəbbinə verdiyin sozu xatırla: “Mən sizin Rəbbinizəmmi” soruşan Rəbbinə “Bəli”- deyə cavab vermisən. Odur ki, Yaradanın, Rəbbin, Məbudun olan Allaha üz tut. Ondan istə - Odur ehtiyacları ödəyən. Onu cağır - Odur eşidən. Ona şükr et - Odur nemətləri əta edən. Ona şikayət et - Odur zalımları cəzalandıran. Dərdlərini, müşkullərini özün kimi acizlərə deyil, bir işi “Ol!” deməsilə vücuda gətirən sonsuz qüdrət sahibinə danış. Odur dualari müstəcəb edən, Odur gözləmədiyin, ummadığın yerdən qapılar açan.
Ibn Fədh nəql edir ki, Allah qədim vəhydə belə buyurur: «Dua etməkdən yorulmayın. Çünki Mən duaları qəbul etməkdən yorulmuram». «Hədisi-Qudsi», hədis 293
«De ki, əgər Mənim Rəbbim sizi dəvət etmək istəməsəydi, sizə nəzər salmazdı». (“Furqan”, 77)
Odur ki, dua et. Dua et ki, asimandakı mələklər səsini eşitdikdə bir-birilərinə «Bu səs bizə tanışdır, bu, bəla üz verəndə də, asayişdə də Rəbbinə üz tutub ondan kömək istəyən, ona şükr edən bəndənin səsidir» - deyə pıçıldasınlar. Rəbbini yad et ki, yad olunanlardan olasan. Çağır ki, eşidilənlərdən olasan.


Günel Hüseynli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

«Bismillah»ın hikməti nədir?

Evinə daxil olduqda «Bismilləhir-rahmənir-rahim» deməyənin iblislə qonşuluğu...

Məhərrəm ayı idi. Rusiyadan qonaqlarımız gəlmişdi. Əslən - etnik olaraq - müsəlman olsalar da, rus mentallığının əksər xüsusiyyətlərini mənimsəmiş adamlar idilər. Allaha dua etmişdim ki, səfərləri Məhərrəm ayına təsadüf etməsin, çünki bu əziz əyyamda vərdişlərindən həya edəcəklərinə heç əmin deyildim, amma hər şey sanki məhz Məhərrəmi, məxsusən də Aşuranı gözləyirdi. Səfərləri ləngiyib-ləngiyib düz Aşura gününə təsadüf etdi.
Nigarançılığım əbəs deyildi. Dəfələrcə mərifətli, nəzakətli tərzdə xəbərdarlıqlar etməyimizə rəğmən «Məni olduğum kimi qəbul etməyə borclusunuz, bir kimsə, hətta ev yiyəsi belə mənə adət, qayda-filan yeridə bilməz, yoxsa heç nə özüm gəlmərəm, nə də bir kimsələri (kimsələr də onsuz gələ bilməyən əzizlərimizdir) gətirmərəm!», - deyib hədələyən ərköyün və iddialı qohumumuz özü ilə rus masasının bütün «nemətlərini» də gətirmişdi. Və gəlişindən - eynən Aşuradan - 2 gün keçməmiş rus süfrəsinin yenilməz atributunu «süzmək» cəhdində bulundu. Təbii ki, etirazıma rast gəldi.
Çeşidli hadisələr baş verdi - nədəsə uğur qazana bildim, nədəsə dözməli oldum. Halal heyvanlardan olan «məhsullarla» vəziyyət lap gərgin oldu - burada «Bismillah»la kəsilmənin zəruriliyini nə qohumumuza, nə də yaxınlarıma çatdıra bilmədim və nə qədər «Bismillahsız kəsilirsə, heyvan özü istər halal olsun, istər yox, əti halal deyil» - deyə başa salmağa çalışdımsa da kara yetmədi. Bilirdilər ki, Qurani-Kərimdə buna dair əmr var, ancaq əmələ çatanda ayələrə ehtiram birmənalı olmadı. «O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir…» (Bəqərə, 173).
Bəlkə paradoksal, bəlkə də təhtəlşüurumun təbii bir reaksiyası olaraq, məhərrəmlikdə yaşadığım olaylar, məxsusən də halal yeməklər ətrafındakı söhbətlər mənim özümdə bir qıcığa, bir oyanışa səbəb oldu və «Heyvanın ətinin «Bismillah»la kəsilməsi nədən bu qədər zəruridir?», «Ümumiyyətlə, nədən biz - müsəlmanlar hər bir işimizin başında mütləq «Bismillah» (Bimilləhir-rahmənir-rahim») kəlməsini söyləyirik?», «Bismillah»ın hikməti nədir?» kimi sualların ətrafında daha dərin düşünməyə vadar etdi. Suallara öz məntiqim və məlumatlılığım səviyyəsində «hikməti» bir cavab düşündüm. Qohumumuzla bəhsin reallıqda mənasız olduğunu yəqin edib söhbəti xəyal müstəvisinə keçirtdim və başladım: «Allah hər bir şeyin sahibidir (bunu hamımız qəbul edirik, deyilmi?) və əlimizdə, ixtiyarımızda olan hər bir şey, əslində, onun mülkü-malıdır və bizlərə bir ehsan, bəlkə də borc və ya icarə olaraq, verilib. İndi təsəvvür elə ki, kimsə sənin malından bir şey götürdu və səndən icazə almadı. Səncə həmin mal həmin insana halal olarmı? Sən halal edərsənmi? Hələ bir də gözünün qabağında götürüb, saymazyanalıq etsə, sənin gördüyünü bilə-bilə bir kəlmə deməsə, bir icazə belə istəməsə?»…
Xasiyyətini bildiyim üçün yerinə tərəddüdsüz «Yox!» cavabını verdim. «O zaman Allahın gözü önündə malını götürüb, Onun hər yerdə olduğunu və «Sənin icazənlə, Ya Rəbbim!» deməyin icazə üçün kifayət olduğunu bilə-bilə, yenə icazə istəməsən düzgün olurmu? Hər işin Onun iznilə həyata keçir, ancaq Onun sayəsində uğur qazanırsan, hər addımın Onun hesabınadır, bəs nanəciblik etmək olarmı?»…
«Hələ bir Allahın heyvanını, ancaq Onun həyat verib yaşatdığı və özgə bir kimsənin buna qadir olmadığı bir təqdirdə həyatdan məhrum etməyin, «Sənin adını çəkib icazə verdiklərini və öyrətdiyin kimi kəsirəm, ya Allah» düşünməyib də öldürməyin, həyatdan bir heyvanı «yaşamaq haqqı var, canını əlindən alırmasa, heç olmasa, onu Yaradan necə öyrədib, elə alım, incitməyim», - fikirləşməyib almağın üçün, canı özünə əziz olan varlığın biri də sən - heç vicdan əzabı çəkməzsən?…».
Birdən öz düşüncələrim özümə də qəribə gəldi. Bir tərəfdən çox patetik, digər tərəfdən çox bəsit və ibtidai görünürdü. Bu ilahi kəlmənin mahiyyəti mənim düşüncələrim qədərində məhdud ola bilməzdi. Həm də düşünmürdüm ki, kiminləsə bəhsimdə sözlərim dəlil kimi yarayacaqdı. Odur ki, üzümü fərqli mənbələrə tutub axtarışlara başladım. Qurani-Kərimdə heyvanların «Bismillah»la kəsilməsinin zərurətini vurğulayan daha iki ayəyə rast gəldim - «Maidə», 3 və «Əl-Ənam», 145. Hədislərə baxdım. Nəhayət, mövzunu internetdə axtarışa verdim və təsadüfən mənim kimi axtarışda olmuş birisinin məqaləsinə rast gəldim O, məqalədə mərhum ustad Mütəhhərinin «Qurani-Kərimin şərhi» kitabından faydalanmışdı.
Məqalə çox xoşuma gəldi və hamısını deyil, ancaq məndə əsər qoymuş bəzi parçalarını gətirmək istədim.
Belə başlayırdı:
«Bismillah (Allahın adı ilə) - bütün xeyirlərin əvvəlidir və odur ki, biz hər bir işimizə onunla başlamalıyıq. Bu mübarək kəlmə - bütün məxluqatın hər biri öz dilində daim hallandırdığı bir İslami nişanədir. Onun tükənməz qüvvət və xeyrini duymaq istəyiriksə, aşağıdakı bənzətməyə bir nəzər salaq:
Ərəbistan səhralarında dolanan səyyahlar qəbilə başçısının adı və muhafizəsi altında hərəkət etməlidirlər, əks təqdirdə onlar quldurların həmləsinə tuş gələr və səyahətdən əliboş qayıdarlar. Və bunu bilən iki insan - birisi təvazökar, digəri isə təkəbbürlü yola düşür. Təvazökar qəbilə başçısının ismi altında səyahətə çıxır, təkəbbürlü isə yox. Birincisi hər yerdə əminliklə hərəkət edir və quldura rast gəldiyində: «Mən bu başçının adı altında səyahətdəyəm» deyib, rahat buraxılır. Getdiyi hər bir mağarda da hörmət, ehtiramla qarşılanır. Bunun ziddinə, təkəbbürlü olan daimi əzab və qorxuya qatlaşır və hər bir ehtiyacına görə mübarizə etməli, ya da mərhəmət diləməli olur. Nəticədə, o rəzil və alçaq günə qalır.
Ey təkəbbürlü nəfs! Sənin misalın həmin səyyahın misalına bənzəyir və bu dünya da bir səhra kimidir. Sənin zəifliyin və fəqirliyin sonsuz, qarşılaşdığın düşmən və məhrumiyyətlər isə misilsizdir. Elə isə bu dünyanın Əbədi Rəbbi və Hakiminin ismini çağır ki, yalnız bu səni bu fəqirlikdən və qorxudan xilas edə bilər.
Bismillah - xeyir xəzinəsidir. O sənin sonsuz zəiflik və fəqirliyini Qadir və Rəhim Allahın qüdrət və mərhəmətinə qovuşduraraq, Qiyamət günündə ən ali şəfaətə dönüşdürür. Sən «Bismillah» deyərkən Onun adı ilə yeriyirsən. Bu zaman sən dövlətinin adından hərəkət edən və bu üzdən heç kəsdən qorxusu olmayan, hər bir əməlini qanun və dövlət adından görüb, hər bir zülmə qarşı dəyanət göstərən bir əsgərə bənzəyirsən.
Bəs görəsən, bəşərə hər bir işi Allahın adı ilə başlamağın əmr edilməsində hikmət nədir? Kəlmənin mahiyyəti isimdədir, Allahın ismində. Biz hər hansı bir ismin himayəsi altında hərəkət edərkən, əslində, həmin adın sahibinin nüfuzu olan dairələrdə, cəmiyyətlərdə bir mövqe, bir məqam qazanmaq istəyirik. Və ya misal üçün, bir körpəyə ad seçəndə ona hörmət bəslədiyimiz, əziz tutduğumuz birisinin adını qoyuruq.
Mərhum Şəhid Murtəza Mütəhhərinin «Qurani-Kərimin şərhi» kitabında «Bismillah»la başlamanın səbəbi haqqında yazır (müəllif tərcüməsi ilə): «Məqsəd gördüyümüz işə Rəbbin müqəddəs bir toxunuşuna nail olmaq və onu xeyirli eləməkdir. Allahla hüzuri bir bağlantısı olan və Ona Kəramət və Rəhmət mənbəyi kimi baxan birisinin əməlinə Rəbbin ismi ilə başlaması o deməkdir ki, həmin bəndə Onun müqəddəs zatı, iltifatı və rəhməti ilə həmin əməli qüdsiyyət rənginə boyamaq istəyir…».
Çox təsirli bir sözdür. Həqiqətən də insan yalnız niyyətində xeyir olan bir işdə Allahın adını çəkir. Bir düşünək! Birisinə zülm edən və ya oğurluğa əl atan kimsə heç işə başlamazdan əvvəl Bismillah deyərmi?
Daha bir parça:
«…Bismillahdan danışarkən ağlımızda yarana biləcək daha bir sual Rəhman və Rəhim kəlmələri arasında fərqdir. Şəhid Murtəza Mütəhhəri qeyd edir: ««Rəhman» sözü rəhmətin ən üstün dərəcəsini, nəhayətsizliyini göstərir. «Rəhman» sözü Allahın rəhmətinin hər məkana aid olduğunu və hər şeyə sirayət etdiyi bildirir. Bu halda Allahın rəhməti müstəsnasızdır və bu ismində Allahın rəhməti bütün varlıq aləmini bürüyür. Bu zaman var olduqca, yaşadıqca hər bir şey İlahinin rəhmətindən bəhrələnir. Lakin bu dünya fanidir. Və Qiyamət günü artıq Allahın Rəhim sifəti təzahür edəsidir. «Rəhim» sözünün mənası isə sabitlik, dayanıqlıq deməkdir. Bu halda sabitlik və sonsuzluq anlamı yalnız Allahın yolunu tutaraq, iman gətirmiş və xeyir əməllər görmüş bəndələrinə sirayət edər. Demək ki, Allahın lütfü həm ümumi - hamıya aid, həm də xüsusi - yalnız mömin bəndələrinə aid olur».
Cənnətdən qovularkən Şeytan Allaha xitab etmişdi: «Mən harada yaşayacağam, yeyəcək, yatacaq yerim hara olacaq?».
Əvəzində Əzim Allah şeytana ərz etdi ki, o, hər kim ki, evinə daxil olduqda «Bismilləhir-rahmənir-rahim» deməyəcək, onun evində yaşayacaq; yeməyə başlarkən hər kim ki, «Bismilləhir-rəhmənir-rahim» deməyəcək, onun yeməyinə şərik olacaq; hər kim ki, yatmağa getdikdə «Bismilləhir-rəhmənir-rahim» deməyib yuxuya gedəcək, şeytan yatağı onunla böləcəkdir».
Və bir hədis gətirilir Həzrət Peyğəmbərdən (s): «Bir gün Həzrət Peyğəmbər (s) cavan uşaqlarla bir süfrədə oturub yemək yeyirdi. Birdən Peyğəmbər (s) təbəssüm eləməyə başladı. Uşaqlar ondan bu təbəssümün səbəbini soruşduqda, Həzrət (s) cavab verdi: «İndicə şeytan yeməyini sıfraq elədi».
Sonra Peyğəmbər (s) uşaqlara başa saldı ki, onların arasında bir uşaq süfrəyə əyləşərkən «Bismilləhir-rahmənir-rahim» deməyi unutmuşdu və lənətlik şeytan onunla bir oturub yeməyə hazırlaşırdı.
Birdən uşağın yadına «Bismillah» söyləməməsi yadına düşdü və o, yeməyin başından sonunadək niyyət edib: «Bismilləhir-rəhmənir-rahim», - dedi. Bunu eşitcək, şeytan yeməyinin hamısını sıfraq etdi və məhz bu Həzrəti Peyğəmbərdə (s) təbəssüm doğurmuşdu.
«Bismillah» həm də cəhənnəm odu qarşısında bir sipərdir.
Həzrəti Peyğəmbər (s) buyurur ki, Qiyamət günü insanların bir qismi bəd əməllərinə görə cəhənnəmə sürüklənəcəkdir. Bəziləri, hansılar ki, dünyada ikən hər işin başında və ya bir yerə ayaq basdıqlarında «Bismilləhir-rahmənir-rahim» deməyi adət etmişdilər, mələklər tərəfindən Cəhənnəmə götürülərkən çox hüznlü olacaq və adətləri üzrə «Bismilləhir-rəhmənir-rahim» söyləyəcəklər. Bu halda Allah Təbarək və Təala Cəhənnəmə «Dur!» əmri verəcək və «Bismilləhir-rahmənir-rahim» deyən, onu Rəhman və Rəhim adları ilə çağıranların cəhənnəmə getməklərinə yol verməyəcəyini ərz edəcəkdir…».
«Bismillahın» kəramətinə dair ustad Mütəhhərinin gətirdiyi misallar da heyrətamiz idi:
«Su üstündə yerimək. Çox illər öncə yaşamış Seyid Murtəda adlı bir alimdən nəql edirlər ki, həzrətin çoxlu tələbələri var idi. Siniflərindən birində də həmişə dərsə gecikən bir tələbə oxuyardu.
Bir gün alim ondan «Niyə həmişə gecikirsən?», - deyə sual etdi və tələbə bildirdi ki, çayın o biri üzündə yaşayır və hətta ən tez gələn bərəyə minsə belə dərsə gec çatası olur.
Seyil Mürtəda bir kağız parçasında bir şey yazaraq, onu bükür və tələbəyə uzadaraq: «Bunu özündə saxla, bununla çayın bu üzünə keçə biləcəksən» deyir: «Ancaq məbada vərəqi açasan!». Sonrakı bir neçə gün ərzində tələbə asanlıqla suyun üstü ilə keçərək dərsə vaxtında gəlib çatır.
Lakin bir gün maraq tələbəyə üstün gəlir və o, dözməyib, vərəqin içini açıb oxuyur. Vərəqdə «Bismilləhir-rahmənir-rahim» kəlməsi yazılmışdı. Tələbə qəlbində «Mənə suyun üstü ilə yeriməyə kömək edən elə bu idi?!» deyib düşünür və kağızı büküb cibinə qoyaraq, suya ayaq qoyur. Lakin bu dəfə o, suyun üzərində yeriyə bilmir və buna görə yenə əvvəlki qayda üzrə bərəni gözləyib dərsə çatası olur və gecikir. Dərsin sonunda Seyid Murtəda hazır-qayıb edəndə tələbəyə bildirir: «Mən ki sizə demişdim kağıza baxmayasınız, amma siz baxdınız!».
Allaha imanı və etibarı olan bəndə bir «Bismilləhir-rahmənir-rahim» ilə dağları belə yerindən tərpətməyə qadirdir.
Balığın qarnındakı üzük. Bir vaxtlar bir xanım yaşayarmış və o, hər hansı bir işə başlamazdan əvvəl həmişə «Bismilləhir-rahmənir-rahim» deyərmiş. O bilirdi ki, bu sözü deyəndən sonra Allahın nəzəri həmişə üzərində olacaq.
Bir gün xanım üzüyünü mətbəx dolabının içinə qoyur və onu gizlətməzdən öncə həmişəki adəti üzrə «Bismilləhir-rahmənir-rahim» deyir. Xanım bilir ki, bu sözdən sonra üzüyü amanlıqda olacaq.
Xanımın yoldaşı gizlincə üzüyü götürüb suya atır. O, yoldaşına isbat eləmək istəyirdi ki, bir «Bismilləhir-rahmənir-rahim» deməklə üzüyü salamat saxlamaq olmur. O əmin idi ki, axşam yoldaşından üzüyün yerini soruşanda xanımı üzüyü tapa bilməyəcək.
Səhər bir qədər sonra xanım bazara balıq almağa yollanır. Balığı alıb qayıdır və onu hazırlamağa başlayır. Balığı təmizləməyə başlayanda qarnında öz üzüyünü aşkar edir. Üzüyün balığın qarnına necə gedib çıxdığını düşünüb-daşınır və nəhayətdə üzüyü geriyə - dolabın içinə qoyur.
Yoldaşı axşam işdən qayıdanda üzüyün yerini soruşur və qadın üzüyü dolabdan çıxarıb ona göstərir.
Yoldaşı o qədər heyrətlənir ki, elədiyi işi etiraf edib xanımından üzr istəməli olur. Həmin andan etibarən o da hər bir işinin əvvəlində qəlb təvəkkülü ilə «Bismilləhir-rahmənir-rahim» söyləməyə başlayır…».
Misalları, əlbət ki, bu mövzulardan uzaq insanlara çəkəsi deyildim, onlar sırf mənim ürfüm üçün önəmli idi.
Çeşidli saytlardan daha bir maraqlı məlumat əldə etdim. Orada «Bismillah»ın kəramətindən bəhs olunurdu: ««Bismillah» bəsirəti aydınladan, günahları yuyan bir kəlmədir. O, göylərdə və Yerdə olan hər cür elmin, mərifətin açarıdır. Bu sözdə Allah Təala 3000 İsmini cəm edib: 1000 Adı mələklərə bəllidir, 1000 Adını Peyğəmbərlər (a) bilir, 999 Adı 4 müqəddəs kitabda hallandırılıb və nəhayət, İsmi-Əzəm - Ən üstün Adı. Bütün bu adlar bir Bismillahda… Və əgər bir kimsə bu kəlməni hər gün ən azı 100 dəfə, 40 gün ardıcıl olaraq, zikr etsə, bir qüdrət əldə edər, içində bir dəyişikliklər duyar, gün ərzində - gün çıxandan gün batana qədər 1000 kərə söyləsə, bəsirəti açılar, mələklər aləminin gözəllikləri açılar ona. Günahlarının göylər ilə özü arasında doğurduğu hicab pərdələri yarılar «Bismillah»dan…».
Bu imiş «Bismillah»…
«Bismillah»ın mənim üçün bu qədər açılması, hər hal ki, həyatımda bir şeyləri dəyişdirəcəkdi, buna əmin idim, çünki artıq hər bəhsimi, hər əməlimi hansı «Bismillahir-Rahmənir-Rahim» ilə başladığımı anlamağa başlamışdım…

Leyla Abbasova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


Fikir qanadlarında səyahət

Bu yazımızın mövzusu milliliyimiz və dinimiz haqqında olacaq. Məqsədimiz isə kompakt şəkildə olsa da xalqımızın dini və milli xüsusiyyətlərinin nə qədər üst-üstə düşməsini və nə qədər fərqlənməsini araşdırmaq və bir millət olaraq öz milli-mənəvi durumumuzu obyektiv şəkildə təhlil etməkdir. Əgər biz gözləsək ki, bu işi bizim əvəzimizə başqaları etsin, yəni kənardan bizə qiymət versinlər, düşünürəm ki, nəticə obyektiv olmayacaq. Ən azından ona görə ki, onların öz maraqları var və gördükləri iş də bu marağa xidmət edəcək. Elə bu səbəbdəndir ki, çox vaxt bizim özümüzü öz nəzərimizdə cılızlaşdırmış, özümüzü öz gözümüzdən salmışlar. Hətta bu məsələ o həddə çatmışdır ki, içərimizdən bəziləri “azərbaycanlı”, “müsəlman” ifadələrini özlərinə aid etməkdən utanc hissi duymuşlar.
Bəli, acınacaqlı olsa da bu - belədir. Və hamılıqla belə bir acınacaqlı vəziyyətə düşməmək üçün gəlin, özümüz özümüzə bir nəzər salaq, nöqsanlarımız varsa, onları düzəltməyə çalışaq.
Məşhur mütəfəkkirlərdən biri demişdir: “Mətnin içində olaraq həmin mətn haqqında kamil məlumat vermək mümkün deyil”. Bəs biz özümüz necə, mətnin içindən çıxdıq ki, məlumatımız obyektiv olsun? Bu mümkündürmü?
Əlbəttə ki, mümkündür. Əgər insan öz təxəyyülünün sonsuz imkanlarından istifadə etməyi bacarsa, hər şeyi əldə edə bilər. Ona görə də biz qərara aldıq ki, sizinlə fikir qanadlarında səyahətə çıxaq. Bir qədər ucalıqdan öz keçmişimizə, bu günümüzə, gələcəyimizə nəzər salaq. Səyahətimizin uğurlu keçməsi üçün “milli eqoizm”, “təəssüb” kimi bizə yük ola biləcək, fikirlərimizi tənəzzülə apara biləcək hissləri bir kənara qoyaq. (Çünki, yalnız bu yolla mətnin içindən çıxa bilərik).
Beləliklə, səyahətimizə davam edək. Gəlin əvvəlcə keçmişimizdən başlayaq. Dünənimizə nəzər salaq, görək dünən biz nələrə malik olmuşuq, və malik olduqlarımızdan nələri itirmiş, nələri qoruyub saxlamışıq?
Bəs hansı cəhətləri araşdırmalıyıq? Əlbəttə ki, milli xüsusiyyətlərimizi dəyərləndirmək istəyiriksə, millətləri bir-birindən fərqləndirən cəhətləri axtarmalıyıq. Belə olan surətdə deyə bilərik ki, hər bir millət digərindən öz dili, əxlaqı, adət-ənənəsi, folkloru, musiqisi, sənətkarlığı, geyimi və hətta kulinariyası ilə fərqlənir. Və Azərbaycan xalqının da bir millət olaraq bu sahələrdə özünəməxsusluğu danılmazdır. Bəs nədir bu özünəməxsusluq?
İlk öncə onu deməliyik ki, sadaladığımız bütün bu sahələr ayrı-ayrılıqda uzun-uzadı təhlil və müzakirə oluna bilən mövzulardır və biz bütün bunları etməli olsaq, səyahətimiz çox uzun çəkər. Çünki, bu məsələlər haqqında çox yazılmış və bunlar cildlərlə kitabların mövzularına çevrilmişlər.
Təkcə bunu demək kifayətdir ki, bu sahələrin hər birinin strukturunda bir harmoniya, mütənasiblik, gözəllik və ən nəhayət fəlsəfilik var. (Bu fikrimizi mütəxəssis alimlər təsdiq edə bilərlər). Və bu sahələr bir-birindən təcrid olunmuş şəkildə deyil, hər birindən digərinə keçidlər, rabitələr mövcuddur. Həmin keçidlər və rabitələr bir şəbəkə gözəlliyi, şəbəkə möhkəmliyi ilə bir-birini tamamlayırlar (məs, muğamla poeziyanın sintezində olduğu kimi). Məncə, milli özünəməxsusluğumuzu elə bu şəbəkə simvolizə edir. Bütün bu xüsusiyyətlər bizə əsas verir deyək ki, azərbaycan xalqı çox müdrik bir xalq olmuşdur və daha böyük hikmətləri qəbul edə bilmək üçün bir potensialı, zəmini olmuşdur. Bu səbəbdən İslam kimi mütərəqqi bir dini qəbul etmək bu xalq üçün heç də çətin olmamışdır. İslam dini xalqımızda əvvəlcədən mövcud olmuş bir çox əxlaqi xüsusiyyətləri bir qədər də cilalamış və ən əsası -mütləq hədəfə doğru istiqamətləndirərək daha da inkişaf etdirmişdir.
Bu baxımdan deyə bilərik ki, azərbaycan xalqının milli və dini dəyərləri heç də təzad təşkil etmir. Əksinə, bu iki keyfiyyət paralel istiqamətdədir və dini dəyərlərimiz milli xüsusiyyətlərimizin daha da inkişaf edib, kamil şəkil almasına səbəb olmuşdur. Məs. azərbaycan xanımlarının başörtüsünün tarixi hələ İslamdan öncəki dövrə təsadüf edir. Lakin, islamın təkid etdiyi hicab həmin milli geyimimizin bir elementi olan örpəyin daha kamil və məqsədyönlü bir şəkilidir ki, bu gün inanclı azərbaycan xanımları onu böyük bir fəxrlə daşıyırlar.
Ümumiyyətlə, İslam Azərbaycana gəlişi ilə bir çox sahələrdə, o cümlədən də elm sahəsində böyük sıçrayışlar etdi. Azərbaycanda Bəhmənyar, Şeyx Nizami, Tusi kimi dahilər yetişdi. Bu kimi misalların sayını artırmaq da olar.
...Keçmişə səyahət bu qədər. İndi isə gəlin, bu günümüzə nəzər salaq. Səthi baxışda ola bilər ki, hər şey qaydasında, və hətta inkişafda görünsün. Amma gəlin özümüzü aldatmayaq. Çox cüzi istisnaları çıxsaq, bu gün bizim nə milliliyimizin, nə də dinimizin təzahürü o qədər də hiss olunmur. Nə bir-birimizə münasibətdə, nə geyimimizdə, nə incəsənətimizdə. Hətta mətbəximizdə belə.
Bu gün biz dədə-babalarımızdan bizə miras qalmış böyük bir xəzinədən əl çəkmiş, kimlərinsə bizim üçün süni surətdə yaratdıqları hədəfi bilinməyən axına qoşulub bu yolla tərəqqi edəcəyimizə ümid edirik.
Söz bu məqama çatanda yolumuzu bir İçərişəhərdən də salsaq, məncə yerinə düşər. Keçmişə səyahət zamanı gördüyümüz o şəbəkə naxışlarını heç yerdə tapa bilməsək də, düşünürəm ki, İçərişəhərdə görə bilərik. Hə, bu da İçərişəhər. Həmin şəbəkə də buradadır. Amma nədənsə elə bil kimsə həmin şəbəkəni söküb yenidən qurmaq istəyib, lakin bacarmayıb. Bir-birindən qopmuş hissələr hərəsi bir tərəfdə qalıb. Sanki, keçmişimizdən gəlmiş başı qaragül papaqlı, əynində çərkəzi geyim olan üzü nurlu, pirani bir qocanın libasını dəyişib, başına “beysbolka”, əyninə idman modelli kostyum geyindiriblər (bütün bunlarda məqsəd isə «sivil qonşularımızdan geri qalmamaq», onlara müasir görünməkdir).
Bax bu gün İçərişəhərimizə də, milli-mənəvi dəyərlərimizə də münasibət bu cürdür.
Hə, səyahətimiz yavaş-yavaş başa çatmaq üzrədir. Qaldı bircə gələcəyə səyahətimiz. Bəlkə də çoxlarında belə bir fikir yarandı ki, bu günümüz belədirsə, gələcəyə getməyimizin bir anlamı yoxdur. Gəlin pessimizmə qapılmağa tələsməyək. Bir Məsum sözü var. İmam Sadiq (ə) deyib: ”Ağıl vasitəsilə dərinliklərdəki hikmət, hikmət vasitəsilə dərinliklərdəki ağıl üzə çıxarılır. (Bunlardan) yaxşı idarə üsulu ilə sağlam bir ədəb poeması yaranır.”
Vaxtilə azərbaycan xalqı da öz müdrikliyi, ağlı ilə dərinlliklərdəki hikmətə - İslama qovuşdu. Bu cün Azərbaycanda sayları o qədər çox olmasa da, milli adət-ənənələrə, islami qayda-qanunlara uyğun olaraq yaşayan ailələr vardır. Və bu ailələrdə balaca Mühəmmədlər, Əlilər, Fatimələr, Zeynəblər, Hüseynlər, Sadiqlər, Cavadlar böyüyürlər. Biz inanırıq ki, millətimizin ağlının, hikmətinin, dininin daşıyıcıları olan bu körpələr İmam Sadiqin (ə) dediyi “daha dərinlikdəki ağıl”ı üzə çıxaracaq, keçmişimizin Bəhmənyarlarının, Şeyx Nizamilərinin, Tusilərinin davamçıları olacaqlar. Və onların həyatından “sağlam bir ədəb poeması” - Azərbaycanın qədim şəbəkəsi canlanacaq.
Çün bir şəm ki, həqdən yana, heç bad ilə sönməz...

Bikəxanım Əzimova,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi




среда, февраля 27, 2008

Insan «Fatihə» işığında

Quran ilk olaraq rəhman və rəhim olan Allahın adı ilə başlayır. Öncə Allah. Zira, sən "mən"i artıq məhdudlaşdırırsan. Allahın insandan ilk istədiyi şey "mən"i boğaraq ona tərəf yönəlməsidir. Budur həqiqi mənəviyyat dərsi. Bir "mən" var, o da Allahdır. Öz "mən"ini boğ ki, Allahın rəhməti sənə şamil olsun. Hansı Allahın? Əvvələr öz səviyyənə saldığın Rəbbinmi? Yox. Əhəd olan, səməd olan, doğmayan, doğulmayan, bənzəri olmayan Allahdan danışılır. Sənə ilk öyrədilən şey bu vacib olan varlığa yönəlməndir.
Allah! Yəni həmd oluna bilən yeganə varliq. Allah! Yəni aləmlərin rəbbi Allah! Yəni rəhmət Allahı! Yəni cəza, mukafat, hesab gününün sahibi. Bütün varlıq yalnız Sənə yönəlmədikcə, yalnız Səndən kömək istəmədikcə zəlildir. Buna əməl etdinmi, indi istə. Nəyi? Mənəviyyatın yolunu. O necə bir yoldur? O müstəqim bir yoldur ki, o yolun kənarında qalanlar azanlar, o yolun içinə daxil olanlar isə - nemət sahibləridir. Budur «Fatihə» sürəsinin göstərdiyi yol. Müfəssirlik baxımından «Fatihə» insana kifayət edən sürədir. Çünki «Fatihə» Quranın özüdür.
Uzaq düşdük. Nədən? Qurandan. Biz Allahın varlığını kiminsə sözünə bağladıq. Aristotel, İbn Sina və digərləri - mən bunların gördüyü işi kiçiltmirəm. Demək istədiyim budur ki, niyə Allahı öz kəlamında axtarmırıq. Ey İnsan! Allah deyən Allaha yaxınlaş. Quranın ilk kəlməsi "be"dir. Ərəb dilində "be" hərf adlanan nitq hissəsidir. Amma hərf müstəqil olaraq məna ifadə etmiyən nitq hissəsidir. Bu "be" - sənsən.
Quran üslubu! Bu üslub o qədər dərindir ki, onu ən gözəl bilən Allah özüdür. Sən yalnız bildiyin qədəri demək qabiliyyətindəsən. Allah ilk olaraq səninlə başladı. Amma tək məna ifadə edə bilmiyən "be" ilə. Allah sənə nəyi öyrədir? Diqqət et! Allahsız sənin mənan yoxdur. Ey insan, ona görə Allaha yönəlmən labüddür. Məna daşımaq, mənəviyyat sahibi olmaq istiyrsənsə, dön Allaha.
Sonra ism kəlməsi gəlir. Niyə görə «billah» gəlmədi «bismillah» gəldi? Axı Allah ilk dərsləri keçir. Allahı vəsf edəcək görən bir ad var? Çətin. Amma Allahın ifadə etdiyi ad Allahdır. Ad varlığı vəsf edir. İnsan bu qüdrətdən xalidir. Allahı bir sözlə vəsf etmək. Bu yalnız Allaha aid bir qüdrətdir. Bəziləri dedilər ki, isimlə musəmma eynidir. Amma Allah ilk olaraq insana öyrətdiyi şeylərdən biri də isimlə musəmmanın eyni olmamasıdır. Ona görə bismillah buyurur Allah kəlməsi: bu kəlmə elə bir kəlmədir ki, bütün hədəfi göstərir. Məbud, ibadət oluna biləcək varlıq! Belə bir varlıq tanyırsanmı? Yox. Yalnız Allah belə bir vəsfə malikdir. O halda hələ səcdəyə qapılmamısansa, kifayət qədər bilmirsən.
Allah səni anlayır və buyurur. O Allah ki, rəhman və rəhim sifətinə malikdir. Bəs hansı halda insan onun rəhmətinə nail olar?! Diqqət et iki xususi ad bir-birinin ardınca gəlib. İstəsən də, istəməsən də o sənin Allahındır və sənə rəhman sifətini göstərir. Onu inkar etsən belə, sənə rəhmət tanıyır. Sənə nəfəs verir. Çünkü O - Rəhmandır.
Bəs niyə eyni anda iki rəhmət sifəti dalbadal gəldi? Çünkü rəhim sifəti xassa (xüsusiyə) aiddir. Sən Allahı Rəhman olaraq gör ki, xassa çevriləsən. Allahı Rəhman qəbul edəni, Allah rəhm qucağına alır. Səni Alahın qucağında böyüyməkdən kim məhrum edir? Budur sənə Allahın ilk öyrətdiyi cümlə. Xoş gəldin Allahın rəhmət süfrəsinə. Bu süfrədə nə istəyirsən var. Sənə bircə götürmək qalır.
Quran! Bəli, Quran Allahın süfrəsidir. İstəyən bəhrələnər istəməyən ac qalar. "Həmd olsun aləmlərin Rəbbinə". Sufrədə ilk şey həmddir. Yəni süfrənin sahibini tanımaq. Rəbb! Bu sufrənin sahibi. Eyni halda başqa bir sufrə sənə təqdim olunur. Bu da aləmdir. Birində məcbur, birində muxtar yaradıldın. Elə bilirsən səni yaradan səni başı-boşunamı buraxdı? Yox, çünkü O, Rəbbdir. Yəni tərbiyə edən.
Aləmdə fiziki olaraq onun tərbiyəsi altındasan - uşaqlıq, cavanlıq, qocalıq.. Əgər Allahın rəbbaniyyətini inkar edirsənsə, onda uşaq olma, uşaq olaraq qal, cavan olma, qocalma - amma, yox, bunlar mümkün deyil. Çünkü sən təkvini rübubiyyətə istəsən də, istəməsən də tabesən. Demək Allahın həm təkvini, həm də təşrii rübubiyyəti var. Quran, nübüvvət və imamət Allahın təşrii rübubiyyətidir. Allah səni burada faili-muxtar buraxdı. Niyəsini bir azdan görərsən.
Rəbb! Bu kəlməni bir qədər araşdıraq. Bu nəyi ifadə edir? Ərəb dilindən bu kəlmənin açıqlanması - ağa, bəsliyib baxan, tərbiyə edən, kamala çatdıran mənalarına gəlir. «Rəbb» kəlməsi Qurani-Kərimdə 979 dəfə keçmişdir. Niyə Allah Rəbb kəlməsindən bu qədər istifadə edir? Heç sənin üçün maraqlıdırmı? Çünkü sən tərbiyəyə möhtacsan. İnsan əgər tərbiyə almazsa, vəhşi heyvandan da vəhşi durumda olar. İndi bir düşünün nədir Allahın tərbiyəsi altında böyüymək? Bu necə mümkündür? «Mənim Allahla əlaqəm yoxdur» deyirsən? Əlaqə nəyə deyirsən, fiziki olaraq təmasamı? Əgər nəzərin budursa, səhv yoldasan.
Qeyd etdik ki, istəsən də, istəməsən də, fiziki inkşafda Allaha möhtacsan. Düşünsən, mənəvi dəyər sahibi olmaq üçün də Allahla rabitəyə möhtacsan. Bax budur rübubiyyətin əsl mənası. İnsan və Allah rabitəsi. Bu rabitə səni kamala aparır. Hansı kamala? Kamal nəyə deyilir? Kamal yüksək bir dəyərdir ki, o insanın insan olaraq yaşamasını əhatə edir.
Sən nə olmaq istəyirsən, çoxlu mal sahibimi? Bax budur dünyanın dərdi, mərəzi - "sahiblik". Halbuki, özünü sahibi saydığın şeyin əslində quluna çevrilirsən. Axı insan sahiblik xususiyyətinə zatən malik deyil. Dünyaya fail olan, dünyanın məfuluna çevilməz. Sənin Rəbbdən ayrılmağın səni zəlil edər. Zəlil olmaq istəmirsənsə, dön Allahın rübubiyyətinə.
Öncə toxunduğumuz nöqtəyə gəldik: sənin faili-muxtarlığın DİN GÜNÜNƏ görədir. Allah insanı cənnətdə və ya cəhənnəmdə də yarada bilərdi, niyə öncə dünya sonra hesab? Allahın işi hikmətə əsasəndir. Dünya rəzalət mənbəyi olduğu halda, həmin dünya şərafət mənbəyidir də. Hər şey sənin bu dünyada necə yaşamağından asılıdır.
Tarixin o tayında qalmış nəbilərə bax! İmanın oda qələbə çaldığı Həzrət İbrahim şücaətindən ta Həzrət Muhəmməd əxlaqına kimi. Səni ittiham edənə, sənə iftira yaxana qardaş deyə bilmək! Bunlar elə dəyərlərə yükləniblər ki!
Kaş mən də bu əməllərin ləzzətini ala biləydim! Amma bunu dünyada həyata keçirmək düşünulən qədər asan deyil. Əkinsiz biçim yoxdur. Biçim günü... Bu gündə kimi qurtuluşa, kimisə əzaba göndəriləcək. Diqqət et! Əslində göndərilməyəcək, özü-özünü göndərəcək. Dünyada özünün seçdiyin hal - sənin ünvanındır. Seçdiyin yer sənə göstəriləcək.
Kimdi həmin gün qurtuluşa çıxan? İbadətinin hədəfi Allah olan. Həyatının bütün səhnələrində Onunla olan, Ondan ayrılmağı bihudəlik sayan, hər an özünü Onun dərgahında hiss edən, bütün işlərində Onun rizayətini axtaran, "mən"dən Ona doğru irəliləyən, yalnız Onun köməyini gözləyən. Səsləyir səni Allahın: gəl mənim yoluma ki, o - mustəqim yoldur, ən düz və ən düzgün yoldur…

Elmin Ağayev,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Hüseyn əzadarı

Muhərrəmdə əza tutmaq ibadətdir əzadarə,
Həqiqət carçısı şaha itaətdir əzadarə.

Səni Zəhra sevib, canı bilib peyğəmbəri-xatəm,
Əli övladının zikri səadətdir əzadarə.

Bəşər üstün yaranmışdır, fəqət bundan da üstün var
Vəsiləndən vücud tapmaq şərafətdir əzadarə.

Olan müşkül, çətinliklər tapar həllin, olar asan
Bütün müşküllərin həlli inayətdir əzadarə.

«Hüseynim can!» deyən anda gözündən yaş süzülməzsə,
Dözülməz dərdə düşməzsə, xəcalətdir əzadarə.

Əgər qəlbində var eşqin, çəkər aləmlərin dərdin
Həmin günki döyüş hər cür dəyanətdir əzadarə.

İmamın ali-amalı həyat verməkdi İslamə
Bir an çıxsa əgər yaddan qəbahətdir əzadarə.

Hüseynin qanlı köynəkdə düşünsə şiə qan ağlar,
Gözündən hər düşən damla şəfaətdir əzadarə.

Hüseynin Kərbəlasıyla nicat tapmışsa yadlar da
Yaşatmaq Kərbəla şövqün əmanətdir əzadarə.

Həyatında «Hüseynim can» deməkdən başqa söz yoxdur
Dili lal olsa məhşərdə kifayətdir əzadarə.

Məni şah etmə Allahım, nökər et, şahların şahı
Hüseyn eşqində qərq olmaq nəhayətdir əzadarə.

Şahin Qurbanov,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, февраля 22, 2008

Müsəlman və cəmiyyət

İnsan və cəmiyyət bir-birindən ayrılmaz bir anlayışlardı. Cəmiyyəti təşkil edən insanlardı, onsuz bu anlayış olmaz. Əgər nəzərə alsaq ki, hər bir insan diridir və onun diriliyni onun daxili aləminin olması ilə izah etsək, onda təbii ki, nə qədər insan varsa, bir o qədər də daxili aləmlər mövcüddur.
Lakin bütün insanların həyatının mənasını dərk etməyə can atması, ətrafını dərk etməyə can atması, insanın özünün haradan gəlməsini, harada olmasını, haraya getməsini və nə etmək? suallarının cavabını axtarması onun yalnız Tanrı tərfindən yaranmasına tərəf aparar.
Bu baxımdan və insanların fərqli dünyagörüşünə malik olmalarına baxmayaraq müəyyən bir qrup yaranır ki, bunlar əqidəcə uyğundur və bu qrup insanlar adətən adları ilə seçilər. Belə bir anlayışlardan biri də müsəlman anlayışıdır. Müəyyən bir qrup var ki, onlara müsəlman deyilir və onlar kollektiv olaraq fərlqli dünyagörüşünə malikdirlər.
Kimin müsəlman adlandırılması hamıya bəllidir: Allahdan başqa ilahinin olmadığını və Onun elçisinin Həzrət Muhəmmədin (s) olduğunu qəbul edən - İslam dinini qəbul etmiş olur və bu kəsə müsəlman deyərlər. İslam dini həm tarixi zamanına görə, həm də ideoloji baxımından Tanrı barədə insanın suallarına məntiqi, dürüst, cavab verdiyindən bu din mükəmməl, kamil olaraq qalıb və qalmaqdadır.
İnsana, onu əhatə edən hər bir anlayış barədə dolğun cavablar vermək iqtidarındadır İslam. Müsəlman necə olmalıdır sualına, insan İslam dinini qəbul etdikdən sonra, onun həm özünə, həm də ətrafında olan hər bir anlayışa necə, hansı prinsipdən yanaşılmalı olduğu göstərilib dinimizdə. Bir çox məsələlərin vacibliyi vurğulanıb, bir çoxları isə - çərçivələr müəyyən edilməklə - insanın öz öhdəsinə buraxılıb.
Müsəlman deyildikdə, çox vaxt insanlar İslam barədə yanlış məlumat aldıqlarından, bu anlayış barədə təhrif olunmuş təsəvvürə malik olur olur. Blimək lazımdır ki, müsəlman ilk növbədə digərləri kimi bir insandır və səhv, hətta günah edə bilər. Bu qüsurları görməklə, İslam dini barədə mənfi gümanlar etmək, təbii ki, səhv və məntiqsiz olardı. Əgər zamanmızda etikaya uyğun hərəkət etməyən bir müsəlman görürüksə bu o demək deyil ki, İslam dini bunu belə öyrədib. Sadəcə, müəyyən səbəblərdən onun buna riayət etməməsi həmin o müsəlmana, konkret fərdə bağlıdır.
Bildiymiz kimi İslam dini insanın fitri suallarına cavab verməkdə kamildir və onun bu baxımdan tayı-bərabəri olan bir din yoxdur. Bu din insana aid bütün vacibi suallara cavab verirsə, təbii ki, məntiqcə insanın cəmiyyətdə bir faydalı insan olaraq mövcudiyyatından tutmuş, bütün digər məsələlərədək seçim insanın özünə bağlıdır. Hesab etmək olar ki, İslam dini hər bir müsəlmanı cəmiyyətdə faydalı olmağa çağırır, özünə və ətrafda olan hər bir fenomenlə ədalətli olmasına çağırır.
Ən sadə tələb ki, dinimiz müsəlman qarşısında qoyur - ailədə, işlədiyi yerdə daşıdığı yüksək ada layiq olsun. Müsəlman, işlədiyi bir müəssisədə faydalı olmaqla bərabər, ən aşağısı, öhdəsinə verilən səlahiyyətlərdən dəqiq, ədalətli, düzgün istifadə etməyi bacarmalıdır. Güman edirəm ki, cəmiyyətmizdə hər addımbaşı rüşvət, korrupsiya ilə üzləşdikdə insanlarımızın dindən nə qədər uzaq düşdüklərinin fərqinə varırlar. Çünki, vətandaşlarımızın dindən çox da böyük anlayışları olmasa da, rüşvətin alınmasının və verilməsinin günah olmasını bilməmiş deyillər. Məsələn hamıya bəllidir ki, faizə, sələmə pul götürməyə İslam dini qadağa qoyur və bunu günah hesab edir. Amma bu səhv addımı o insanlarmızı edər ki, özlərini dindən uzaq görmək istəyirlər, niyəsini də hamı bilir. O çür insanlar özlərini müsəlman bildikdə, ümumiyyətlə İslamdan uzaq gəzməkləri bir yana, başqaları dinə riayət etdikdə «düşmən» gözü ilə baxırlar, hicablı xanım gördükdə təkəbbürlüyə yol verərək sanki «buna bax, özünü təmiz bilir» kimi fikirlərə yol verirlər. Belələri özləri dinə riayət etməz və dinə riayət edənlərə «badalaq» qoyar. Başlayırlar onlarda sanki «qüsur» axtarmağa və Allah göstərməsin, bir eyib gördükdə əllərində əlac olsa, «canlı yayım»dan istifadə edib bütov ölkə boyu danışarlar, sanki «ətini yeməyə» hazırlığını bildirirlər.
Bir misal çəkmək istərdim. Hərdən mənim işsiz olduğum zamanlar yadımdan çıxmaz. Bir gün İnternet saytların birində yeni iş yeri barədə elan verilmişdi, mən sənədlərimi göndərdikdən sonra elə bir saat keçmədi ki, mənə zəng vuraraq yeni iş yerinə düzəlmək üçün «A» firmasında, tikinti sahəsində, rəhbərlikdə sınaq imtahanından keçmək üçün dəvət aldım. Mənə deyilən vaxt şirkətdə oldum və iş təcrübəmin kifayyət qədər bu işə cavab verməsini sübüt edə bildim. Məndən ingilis dilinin bilmə səviyyəsinin yüksək olmasını tələb etdilər, tərcüməçi gətirdilər və mən sınaqdan rahatlıqla keçdim. Belə təəssurat yarandı ki, sanki Avropa ölkəsində işə düzəlirəm və ingilis dilini bu qədər mükəmməl bilməsən, Vətəndə işə düzəlmək heç bir şans yoxdur. Halbuki, hər bir halda ingilis dilinə ehtiyac olduqda ixtisas sahibləri, tərcüməçilər var.
Testdən keçməyimə baxmayaraq, mənə gələcək məvacibim barədə deyilmədi və mən vaxtı itirməmək üçün gələcək maaşmı müzakirə etməli oldum. Müəyyən müzakirədən sonra, mənə müəyyən məbləğdə maaş təklif etdilər. Doğrusu, indiki vəziyyəti nəzərə alaraq, günmüzdə bu məvaçiblə şəhərdən uzaqda işləmək məni heç də qane etmirdi. Lakin işin 2 aylıq olması və maaşın sonradan artmasını nəzərə almaqla mən razılığmı bildirdim. Elə müqavilə imzalanırdı ki, burada hər bir şey nəzərə alınmışdı.
Şifahi olaraq isə mənə bildirildi ki, «A» şirkəti «B» şirkətinin subkontraktorudur və şirkət saat hesabı işləyir. Mənim onu bilməyim də faydalıdır ki, artıq saatlar yazıla bilir və buna göz yummaq lazımdır.
Təbii ki, mənim iş tərcübəm olduğundan subkontraktorların «yeyinti, rüşvət» anlayışlarından uzaq olmamasına əsaslanaraq «dedikləri predmeti əgər önəmli olarsa yuxarı səviyyədə müzakirə etmə hazırlığmı» bildirdim və cavab olaraq «əgər söhbət yeyintidən gedirsə mən müsəlmanam və belə hərəkətlərin nəinki müsəlmanlığa, heç ümumiyyətlə, insanlığa yaraşmadığnı» vurğuladım.
Bu an Şirkətin kadrlar şöbəsinin işçisi olan birisi, vəziyyətin ürək açmadığnı görərək və məni «A» şirəkətinin prezidenti ilə tanış edərək, eyni zamanda, onun xaricdə təsil almasını vurğuladı. Söhbət əsnasında şirkətin prezidenti «həmin» mövzunu vurğulayaraq işarə etdi ki, əgər sonradan tikinti materiallarının smetalarıda qiymətlərin artıq yazılmasını və «A» və «B» şirkətinin arasında sairə «əlavə gəlirverici» anlayışların mövcudluğunu görsəm, reaksiyam necə olacaq?
Təbii ki, mən bir müsəlman olaraq həyatımın hər bir anında olduğu kimi, bu məsələdə bir anlıq «daxili süzgəcdən» keçirdim. Təbii ki, mən o anda müsəlmanlığımı rəhbər tutdum və bu işə imza atmadım. Mədəni və diplomatik formada «A» şirkətinin prezidenti ilə sağollaşmalı odum.
Beləliklə, bu məqalədə məqsədim - müsəlmanın bizim cəmiyyətdə yeri və rolu barədə düşüncələrimi kokret misal əsasında açıqlamaq idi. Mənim belə mövqe tutmağıma mənim İslam dinidən götürdüyüm tərbiyə olub. Və bu - bizim hər birimizdən, hər bir an asılı olan, iradəvi olan bir məsələdir. Müsəlman, minimal da olsa öz dininə riayət edən insan öz vəzifələrin ədüzgün riayət etsə, işlərinin öhdəsindən gəlsə, onda ətrafmızda bu qədər nahaqqlıq, ədalətsizlik və sairə ilə görünməzdi, cəmiyyət inkişaf edərdi.

Ələsgər Rüstəmov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi